SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sentyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil ocağının "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adları ilə təltif olunmuş bir qrup əməkdaşına mükafatların təqdimetmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ilk öncə mərasim iştirakçılarını salamlayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşının fəxri adlarla təltif olunmasını ölkə başçısının təhsil işçilərinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib. Misir Mərdanov universitetin təltif olunmuş əməkdaşlarına "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar müəllim" fəxri adı vəsiqələrini təqdim edib. Daha sonra nazir yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və universitetin 80 illik yubileyi münasibətilə bu ali məktəbin bir qrup digər əməkdaşına Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanını, həmçinin fəxri fərmanlar verib. Təhsil naziri çıxışının sonunda ölkəmizin bütün təhsil işçiləri adından Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibətilə universitetin professor-müəllim heyətini təbrik edib və gələcək fəaliyyətlərində onlara daha böyük uğurlar arzulayıb.
08/07/2015 16:52
Sentyabrın 30-da təhsil naziri Misir Mərdanov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və proqram koordinatoru Fidan Ağacanova ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamladıqdan sonra Azərbaycanla Koreya arasında mövcud olan əlaqələrdən və bu əlaqələrin son illər daha da inkişaf etdiyindən söz açıb. Nazir Koreya ilə əməkdaşlıq çərçivəsində təhsil sahəsi üzrə səmərəli əlaqələri, ali və peşə təhsili istiqamətində birgə aparılan layihələrdə Koreya tərəfinin göstərdiyi dəstəyi xüsusi qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin gördüyü işlərdən danışan Misir Mərdanov bu əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb. Təhsil naziri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Azərbaycan Texniki Universitetində həyata keçiriləcək “Təhsil informasiya sisteminin yaradılması” layihəsindən bəhs edib və əsas məqsədi elektron təhsil sisteminin yaradılması olan bu layihənin dövlət başçısının mövcud istiqamətdə yeritdiyi siyasətə uyğun olduğunu vurğulayıb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Öncə Kim Eun Suk təmsil olunduğu agentliyin ölkəmizdə reallaşdırdığı layihələrin əhəmiyyətli nəticələrini qeyd edib. Azərbaycana bir ay öncə gəldiyini nəzərə çatdıran qonaq təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından yeni layihələrin reallaşdırılmasının önəmli olduğunu vurğulayıb. Kim Eun Suk eyni zamanda təhsil sahəsi üzrə prioritet layihələrin qısa müddətdə müəyyənləşdirilməsinin məqsədəuyğunluğunu bildirib. Qonaq onu da əlavə edib ki, həmin layihələr öz təsdiqini tapdıqdan sonra müvafiq istiqamətdə iş aparılacaq. Misir Mərdanov Təhsil Nazirliyində elektron sənəd dövriyyəsinin təşkili işində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyinin əhəmiyyətini qeyd edib, yaxın günlərdə isə yeni layihələrin müəyyənləşdiriləcəyini nəzərə çatdırıb.
08/07/2015 16:52
Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim gününə həsr olunmuş mərasim keçirilib.
Mərasimdən öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar. Mərasim iştirakçıları daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüblər. Beynəlxalq Müəllim gününə həsr olunmuş tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Nazir ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısı haqqında danışıb, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil siyasətinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Azərbaycanda 2004-cü ildən Beynəlxalq Müəllim gününün qeyd olunduğunu vurğulayan Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində qazanılmış uğurlardan söz açaraq bildirib ki, 1998-ci ildən ötən dövrdə 2200-dən çox müəllim ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir, həmçinin Heydər Əliyev Fondunun Azərbaycan təhsilinin inkişafı baxımından həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən də ətraflı bəhs edib. Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən təltif olunmuş təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, oktyabrın 3-də 128 nəfər “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medallarına layiq görülüb. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 4 ildir ki, keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin əhəmiyyətinə toxunan nazir bu müsabiqələrin Azərbaycan təhsilinin inkişafına xüsusi təkan verdiyini nəzərə çatdırıb. Misir Mərdanov qeyd edib ki, ümumtəhsil məktəbləri və müəllimlər arasında sağlam rəqabət mühiti yaradan bu müsabiqələr, eyni zamanda pedaqoji sahədə çalışanların təşəbbüskarlığına geniş meydan açır. Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub. Eyni zamanda 2010-2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinə müvafiq vəsiqələr verilib. Tədbirdə təltif olunmuş təhsil işçiləri adından müəllimlərin əməyinə verilən belə yüksək qiymətə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub. Mərasimdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev də iştirak edib.
08/07/2015 16:52
Oktyabrın 7-də Təhsil Nazirliyində Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ölkəmizin monitorinq və qiymətləndirmə sahəsində təcrübəsi, məktəbdaxili və beynəlxalq qiymətləndirmə istiqamətində həyata keçirilən tədbirlər ətrafında müzakirələr aparılıb. Təhsil nazirinin müavini Qulu Novruzov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlardan söz açan nazir müavini ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasətinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Dövlət büdcəsindən təhsilə ayırılan vəsaitlərin ilbəil artdığını nəzərə çatdıran Qulu Novruzov müstəqillik illərində təhsillə bağlı 16 Dövlət Proqramının həyata keçirildiyini söyləyib. Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində görülmüş işlərə toxunan nazir müavini bu baxımdan Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Q.Novruzov bildirib ki, Dünya Bankı ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Təhsil Nazirliyində 2004-cü ildən Monitorinq və qiymətləndirmə şöbəsi fəaliyyətə başlayıb. Monitorinq və qiymətləndirmə şöbəsinin fəaliyyəti haqqında söhbət açan nazir müavini müvafiq istiqamətdə qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirildiyini vurğulayıb. Tacikistan Respublikası Prezident Aparatının Təhsil və elm şöbəsinin müdiri Əbdülhəmid Nazimov bu görüşdən məmnunluq duyduğunu bildirib, səfər proqramı çərçivəsində Şəki şəhərində və ölkəmizin bir neçə ali təhsil müəssisəsində olduqlarını nəzərə çatdırıb. Keçirilən digər görüşlərdən də razılığını ifadə edən qonaq Azərbaycanın ali məktəblərə qəbul, məktəbdaxili və beynəlxalq qiymətləndirmə təcrübəsi ilə yaxından maraqlandıqlarını söyləyib. Rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva son illər Azərbaycanda milli və beynəlxalq qiymətləndirmə sahələrində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini önə çəkən şöbə müdiri müvafiq beynəlxalq təcrübənin ölkəmizdə uğurla tətbiq edildiyini bildirib. Milli və beynəlxalq qiymətləndirmə prosesinin mahiyyəti və təşkili qaydalarına toxunan T.Hacıyeva rəhbərlik etdiyi şöbənin potensialı və texniki imkanları barədə qonaqları məlumatlandırıb. İlbəil milli və beynəlxalq qiymətləndirmə prosesinin təkmilləşdirildiyini nəzərə çatdıran şöbə müdiri müvafiq sahədə həyata keçirilən tədbirlərin təhsilin səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Görüşdə Tacikistan Respublikasından gəlmiş nümayəndə heyətinin digər üzvləri də müzakirə olunan məsələlərə dair fikirlərini bildirib, onları maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Oktyabrın 10-da Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib.
İclası təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən artıq 4 ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Nazir diqqətə çatdırıb ki, ötən dövrdə Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib, üzvlərin sayı 28 nəfərə çatdırılıb. Yeni üzvlərin adlarını açıqlayan təhsil naziri Təşkilat Komitəsinin balanslaşdırılmış bir qurum olduğunu söyləyib. Sonra nazir 2008-2011-ci illərdə «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin nəticələri haqqında geniş təqdimat edib. Nazir ilk öncə müsabiqənin keçirilməsini təmin edən hüquqi sənədlərdən söhbət açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyində bir sıra təşkilati tədbirlər həyata keçirilib. Misir Mərdanov deyib ki, qısa müddət ərzində «Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri», «Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi qaydaları» hazırlanıb və dövlət başçısının 2008-ci il 25 fevral tarixli fərmanı ilə təsdiq olunub. Müsabiqələrin mütəşəkkil keçirilməsi və kollegial qərarların qəbul olunması məsələlərinə toxunan təhsil naziri qeyd edib ki, ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsinin tərkibi 2008-2009-cu tədris ilində 25 nəfər olduğu halda, 2010-cu ildə 26, 2011-ci ildə isə 28 nəfərə yüksəlib. Təhsil naziri Misir Mərdanov müsabiqələrin mərhələləri haqqında məlumat verib və təqdim olunmuş sənədlərin təhlili, göstəricilərin qiymətləndirilməsi üzrə ekspert qruplarının fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, 3 mərhələdən ibarət olan müsabiqələrin iştirakçıları hər bir mərhələ üzrə 10 ballıq şkala üzrə qiymətləndirilir və qaliblər 3 mərhələ üzrə topladıqları balların yekununa görə müəyyən olunur. Təhsil naziri «Ən yaxşı ümumtəhsil məktəbi» üzrə müsabiqəyə 2008-ci ildə 126, 2009-cu ildə 139, 2010-cu ildə 113 və 2011-ci ildə 145 olmaqla, cəmi 533 məktəbin sənəd təqdim etdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, müsabiqədə iştirak etmək istəyən məktəblərin sayı çox olduqca, seçim imkanı daha da artır. Daha sonra Misir Mərdanov müsabiqələrin şərtlərində edilmiş dəyişikliklərin məzmunu ilə yığıncaq iştirakçılarını tanış edib. İclasda müsabiqələrin şərtlərinə təklif edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
Oktyabrın 11-də Təhsil Nazirliyinin sifarişi əsasında 2011-2012-ci dərs ilində Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib. Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib. İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib. Ayrı-ayrı mövzuların tədqiqi ilə bağlı konkret layihələrin hazırlandığını söyləyən A.Mehrabov xüsusi olaraq şagird nailiyyətlərinin qiymətləndirilməsi, ilkin pedaqoji kadr hazırlığı, ibtidai təhsil, fənn kurikulumları, peşə-ixtisas təhsili, beş yaşlıların məktəbə hazırlığı və digər məsələlərin əhatə olunduğunu vurğulayıb. Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının siyahısına müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini nəzərə çatdıran təhsil naziri Misir Mərdanov tədqiqatlar aparılarkən dünya təcrübəsinin nəzərə alınmasının səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Nazir institut tərəfindən təlim texnologiyaları, dərslik, rasionallaşdırma və digər mövzularla bağlı tədqiqatların aparılmasını təhsildə keyfiyyətin yüksəldilməsi baxımından daha əhəmiyyətli hesab etdiyini bildirib. İclasda tədqiqat mövzuları ilə bağlı suallar cavablandırılıb və bir sıra müvafiq təkliflər irəli sürülüb.
08/07/2015 16:52
Oktyabrın 11-də təhsil naziri Misir Mərdanov YUNESKO Baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Yanis Karklinş və bu təşkilatın Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçla görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, YUNESKO Azərbaycan Respublikası Təhsil Nazirliyinin ən yaxın tərəfdaşı və geniş əlaqəsi olan bir təşkilatdır. Nazir Azərbaycanın bu təşkilatla yüksək əlaqələrinin qurulmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğunu diqqətə çatdırıb. YUNESKO ilə əməkdaşlığın əsasən 8 istiqamət üzrə aparıldığını vurğulayan təhsil naziri bu istiqamətlərin hər biri üzrə geniş məlumat verib. Öncə YUNESKO-nun Assosiativ Məktəblər Layihəsi üzrə Azərbaycanın 18 təhsil müəssisəsinin dünyanın 35 ölkəsinin təhsil müəssisəsi ilə əməkdaşlıq etdiyindən söz açan nazir hazırda bu təşkilatla əməkdaşlıq çərçivəsində ölkəmizin 2 ali təhsil müəssisəsində YUNESKO kafedralarının açıldığını deyib. Misir Mərdanov həmin kafedraların Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dillər Universitetində fəaliyyət göstərdiyini qeyd edib. YUNESKO-nun ən irimiqyaslı layihələrindən biri olan “Təhsil hamı üçün” Proqramında Azərbaycanın fəal iştirak etdiyini vurğulayan Misir Mərdanov ölkəmizin 1998-ci ildən qoşulduğu həmin proqramın səmərəli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda nazir YUNESKO-nun ekspert və maliyyə dəstəyi ilə Təhsildə İslahatlara Yardım Mərkəzi qeyri-hökumət təşkilatının yaradıldığını və inklüziv təhsil üzrə layihə həyata keçirildiyini bildirib. Daha sonra nazir 2005-ci ildə Bakıda “YUNESKO-Azərbaycan: gələcəyə körpü” mövzusunda beynəlxalq konfrans keçirildiyini, həmin konfransda təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandığnı nəzərə çatdırıb. Misir Mərdanov, həmçinin 2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda YUNESKO-nun Dünyada Savadlılığın Dəstəklənməsi üzrə regional konfransının keçirildiyini və dünyada tanınmış şəxslərin, təhsil üzrə ekspertlərin bu tədbirə qatıldığını vurğulayıb. Misir Mərdanov əlavə edib ki, hazırda Təhsil Nazirliyi və YUNESKO “Azərbaycanda peşə təhsilinin inkişafı“ layihəsini həyata keçirir. Nazir layihənin əsas məqsədinin iki peşə-ixtisas təhsili üzrə müasir standartlara cavab verən kurikulum, dərs vəsaitləri və dərsliklərin hazırlanması olduğunu qeyd edib. Təhsil naziri qeyd olunan tədbir və layihələrin Azərbaycanda uğurla həyata keçirilməsində YUNESKO-nun Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçın, eləcə də Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Eleonora Hüseynovanın fəal və səmərəli fəaliyyətinin mühüm rol oynadığını nəzərə çatdırıb. Görüşdə bir sıra təkliflərlə çıxış edən nazir onu da bildirib ki, təhsil sisteminin informasiyalaşdırılmasının ölkə başçısının diqqətdə saxladığı məsələlərdən biri olduğunu nəzərə alaraq, ikitərəfli əməkdaşlıqda İKT sahəsinə də geniş yer verilməlidir. İKT-nin təhsildə rolunu və əhəmiyyətini vurğulayan Misir Mərdanov orta məktəblərdə müəllimlərin dərs prosesində müasir informasiya və kompüter texnologiyalarından istifadəsinin ən mühüm məsələlərindən biri olduğunu qeyd edib. Nazir müəllimlərin kompüter və informasiya texnologiyalarından istifadə bacarıqlarının təkmilləşdirilməsi sahəsində YUNESKO ilə birgə layihənin və Bakıda müvafiq treninqlərin həyata keçirilməsinin, Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi üzrə YUNESKO tərəfindən ekspert yardımı göstərilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Eyni zamanda Misir Mərdanov YUNESKO ilə əməkdaşlığın davamlı və daha da səmərəli olacağına əminliyini ifadə edib. Səmimi qəbul və görülmüş işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Yanis Karklinş öncə təmsil olunduğu təşkilatda üzərinə düşən vəzifə barədə məlumat verib. YUNESKO-nun öz fəaliyyətində diqqət yetirdiyi sahələrdən birinin informasiya və kommunikasiya texnologiyaları olduğunu qeyd edən qonaq Azərbaycana bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Yanis Karklinş müəllimlərin İKT bacarıqlarının təkmilləşdirilməsini başlıca məsələlərdən biri kimi dəyərləndirib və bu təşkilatın qeyd olunan istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi və nəzərdə tutduğu layihələrdən söz açıb. İKT-nin bilik cəmiyyətinin qurulmasında əhəmiyyətini diqqətə çatdıran qonaq bu sahənin sürətlə inkişaf etməsi, onun təhsildə rolu və əldə olunan nailiyyətlər barədə fikirlərini bildirib. Görüşdə daha sonra qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Oktyabrın 12-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişinin imzalanması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq Koreya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən və bu əlaqələr çərçivəsində təhsil sahəsində yaradılmış əməkdaşlıqdan söz açıb. Nazir son illər təhsil əlaqələrinin daha geniş vüsət aldığını, birgə aparılan işlərdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) mühüm rolu olduğunu diqqətə çatdırıb, habelə təşkilatın rəhbərliyinə həyata keçirilən layihələrlə bağlı təşəkkürünü bildirib. Sonra Misir Mərdanov imzalanacaq Qrant Sazişi barədə məlumat verərək qeyd edib ki, bu ilin mayında KOICA-nın işçi qrupu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti arasında “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradılması” layihəsi üzrə Müzakirə Protokolu imzalanıb. Nazir KOICA tərəfindən “Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişi” layihəsinin təqdim olunduğunu və layihə üzrə müvafiq razılaşdırma prosedurlarının başa çatdırıldığını bildirib. Layihənin əsas məqsədinin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsi olduğunu qeyd edən Misir Mərdanov layihə üzrə işlərin 3 il ərzində həyata keçiriləcəyini vurğulayıb. Eyni zamanda nazir layihədə KOICA-nın Azərbaycan Texniki Universitetini zəruri avadanlıqlarla təmin etməsi, koreyalı mütəxəssislərin Azərbaycana ezam olunması, Azərbaycan Texniki Universitetinin işçi və mühəndisləri üçün Koreyada təlimlərin təşkili və digər bu kimi mühüm məsələlərin əks olunduğunu deyib. Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha Koreya ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan, təhsil sahəsi üzrə həyata keçirilən tədbirlərdən söz açıb. Səfir iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin Koreya ilə Azərbaycan arasındakı əməkdaşlığa uğurlu töhfələr verdiyini vurğulayıb. KOİCA-nın məqsədlərindən, dünyanın 26 ölkəsi, o cümlədən keçmiş sovetlər birliyinə daxil olan respublikalardan yalnız Azərbaycan və Özbəkistanla əlaqələr yaratdığından danışan Li Ci Ha iki ölkənin universitetləri arasında birbaşa əməkdaşlığın mövcud olduğunu da qeyd edib. Səfir bildirib ki, hazırda 76 azərbaycanlı gənc Koreya universitetlərində, 22 koreyalı isə ölkəmizin ali məktəblərində təhsil alırlar. Öz ölkəsinin tarixi və qısa müddətdə iqtisadi inkişafa nail olunması barədə məlumat verən Li Ci Ha bütün bu uğurların yalnız təhsillə əldə olunduğunu nəzərə çatdırıb. Səfir, həmçinin imzalanacaq Qrant Sazişi üzrə işlərin uğurla həyata keçirilməsində öz dəstəyini əsirgəməyəcəyini deyib. Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Azərbaycan Texniki Universitetinin Təhsil İnformasiya Sisteminin yaradılması üzrə Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan Hökuməti adından təhsil naziri Misir Mərdanov, Koreya tərəfindən isə bu ölkənin Azərbaycandakı səfiri Li Ci Ha imzalayıb. İmzalanma mərasimində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov iştirak ediblər.
08/07/2015 16:52
Oktyabrın 12-də təhsil naziri Misir Mərdanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha və KAİST Universitetinin Planlaşdırma və idarəetmə departamentinin direktoru Konq Pak ilə görüşüb.
Qonaqları səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreyanın son illər inkişaf edən əlaqələrindən, təhsil sahəsində əməkdaşlığın əsas istiqamətlərindən söz açıb, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən nazir əlavə edib ki, 16 azərbaycanlı gənc KAİST universitetində təhsil alır. Mövcud əməkdaşlığın son hədd olmadığını söyləyən təhsil naziri Azərbaycanda da KAİST tipli ali məktəbin yaradılacağına ümidvar olduğunu söyləyib. KAİST Universitetinin Planlaşdırma və idarəetmə departamentinin direktoru Konq Pak səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. Azərbaycanın sürətli inkişafının bütün sahələrdə özünü büruzə verdiyini bildirən qonaq KAİST Universitetində oxuyan azərbaycanlı tələbələrin təhsillərini uğurla davam etdirdiklərini vurğulayıb. KAİST Universitetinin rəhbərliyinin qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu nəzərə çatdıran Konq Pak bundan sonra da təmsil etdiyi ali məktəbdə azərbaycanlı tələbələrin oxuması üçün köməklik göstəriləcəyinə inandığını bildirib. Dünyanın ən yaxşı 100 ali məktəbi arasında KAİST Universitetinin layiqli yer tutduğunu söyləyən təhsil naziri Misir Mərdanov bunu yüksək nailiyyət kimi dəyərləndirib. Nazir Azərbaycanlı tələbələrin belə yüksək reytinqli ali məktəbdə təhsil almasından məmnunluğunu ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin inkişafında səfir Li Ci Hanın mühüm rolu olduğunu vurğulayıb. Daha sonra mövcud istiqamətlər üzrə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi imkanları müzakirə olunub.
08/07/2015 16:52
Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil edilmiş VI Respublika Spartakiadasının final mərhələsinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, şagirdlər 2011-ci ilin fevral-oktyabr aylarında keçirilmiş spartakiadada 8 idman növü üzrə (futbol, həndbol, basketbol, voleybol, stolüstü tennis, atletika, Yunan-Roma güləşi və boks) 3 mərhələdə mübarizə apararaq IV – final mərhələsində iştirak etmək hüququ qazanıblar. Spartakiadanın I mərhələsi məktəbdaxili, II mərhələsi rayon və şəhər, III mərhələsi zona yarışlarından ibarət olub. Yalnız Yunan-Roma güləşi və boks üzrə yarışlar birbaşa final mərhələsində keçirilir. Spartakiadanın final mərhələsinin oyunlarına oktyabrın 18-də – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü günü yekun vurulacaq. Final mərhələsində müxtəlif idman növləri üzrə şəxsi və komanda yarışları qaliblərinin 3 qrup üzrə (şəhərlər, rayonlar və ilk peşə-ixtisas məktəbləri) mükafatlandırılması nəzərdə tutulub. İki ildən bir təşkil edilən Respublika Spartakiadası ölkəmizdə keçirilən ən kütləvi idman tədbirlərindən biridir. Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birgə qərarına əsasən keçirilən spartakiada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub. Spartakiadanın keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə, daim müxtəlif idman növləri ilə məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu, gənclərin idman ustalıqlarını artırmaqdır. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Mirkamil Rəhimov, sektor müdiri Aydın Məmmədov, Təhsil Nazirliyinin baş məsləhətçiləri Arzu Qarayev, Elnur Əlizadə, pedaqoji və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı