SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeni tədris ilindən etibarən ölkə üzrə ümumtəhsil məktəblərinin akkreditasiyasına başlanacaq.
Bu proses ilkin olaraq təhsil müəssisələrinin akkreditasiya qaydaları, ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu və statusunu müəyyənləşdirən meyarlar əsasında 11 pilot məktəbi əhatə edəcək. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin akkreditasiyası keçirilir. Bu tədris ocaqlarının akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin də akkreditasiyadan keçirilmə qaydaları hazırlanır.
08/07/2015 16:52
Ötən dərs ilində qızıl və gümüş medalla təltif olunmuş 53 şagirdin (37 nəfər qızıl, 16 nəfər gümüş medala layiq görülüb) hamısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib.
Məlum olduğu kimi, 2010-2011-ci tədris ilində ilk dəfə olaraq, təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış tam orta təhsil üzrə məzunlar qızıl və gümüş medalla təltif ediliblər. Məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. Qızıl və gümüş medallar verilərkən Təhsil Nazirliyinin keçirdiyi yoxlama və buraxılış imtahanlarının, həmçinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarının nəticələri də nəzərə alınır. Qızıl və gümüş medalla təltif olunmuş şagirdlərin hamısı ən yüksək balla ölkəmizin aparıcı universitetlərinə və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar. Həmçinin, ölkədə keçirilən fənn olimpiadalarının qalibləri və orta məktəbi əla qiymətlərlə bitirən şagirdlər də qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyul ayında 4153, avqust ayında isə 2479 müraciət daxil olub.
İyulda daxil olan müraciətlərin əksər hissəsi sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, müəllimlərin yaş senzi, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri ilə əlaqədar appelyasiya, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, eksternat qaydada keçirilən imtahanlar, onların nəticələri ilə bağlıdır. Digər sorğularda isə xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması və digər məsələlərdən bəhs olunur. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 2590, xaricdə təhsil üzrə 123, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri üzrə 310, vaxtından əvvəl I sinfə qəbul üzrə 112, Tələbə Qəbulu üzrə Dövlət Kommissiyasına aid məsələlər üzrə 267, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 36, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 50, müəllimlərin əmək haqqının hesablanması ilə bağlı 35 sorğu cavablandırılıb. Digər müraciətlərdə isə müxtəlif mövzular üzrə məlumat almaq istəyi əks olunub. Cari ilin avqustunda daxil olan müraciətlərin hamısı sorğu xarakterlidir. Belə ki, məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 35, ümumtəhsil məktəbləri ilə bağlı 255 (bir məktəbdən digərinə köçürülmə, məktəbli forması, ümumtəhsil məktəblərində dərs ilinin başlanması və s.), I sinifə vaxtından əvvəl şagird qəbulu üzrə 328, müəllimlərin işə qəbulu məsələləri ilə əlaqədar 837, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə əlaqədar 175, xaricdə təhsillə bağlı 263, subbakalavr, bakalavr və magistr təhsili ilə əlaqədar 66 müraciət daxil olub. Qalan müraciətlər isə digər müxtəlif mövzuları əhatə edir. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydə alınaraq cavablandırılıb.
08/07/2015 16:52
Sentyabrın 20-də “Buta” sarayında Heydər Əliyev Fondunun, Azərbaycan hökumətinin və YUNİSEF-in birgə layihəsi çərçivəsində “Təcriddən inteqrasiyaya doğru” mövzusunda beynəlxalq konfrans keçirilmışdır.
Almaniya, Rusiya, Gürcüstan, Qırğızıstan, Türkmənistan və ümumiyyətlə 20 ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdiyi konfransda əlilliyi olan uşaqların inklyuziyasını həyata keçirmək, bu sahədə aparılan islahatlara dəstək vermək və s. məsələlər müzakirə olunmuşdur. Baş nazirin müavini Elçin Əfəndiyev konfransda çıxış edərək bildirmişdir ki, dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı ölkələrin onilliklər boyu qazandığı tarixi nailiyyətləri qısa müddətdə əldə etmiş, əhalinin sosial müdafiəsinin təminatı istiqamətində mühüm uğurlara nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna çıxmış və özünü beynəlxalq hüququn müstəqil subyekti kimi yüksək səviyyədə təsdiq etmişdir. Qeyd olunmuşdur ki, hazırda Azərbaycanda əlilliyi olan 419 min 598, o cümlədən məhdud fiziki imkanlı 18 yaşınadək 59 min 207 uşaq vardır. Bu gün onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahələrində ardıcıl tədbirlər görülür. Bərpa mərkəzlərində hər il əlilliyi olan 8 mindən çox insana xidmət göstərilir. Ölkəmizin 2008-ci ilin oktyabrında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasını və Fakultativ Protokolunu ratifikasiya etməsi və onların 2009-cu ildən respublikamızda qüvvəyə minməsi, eləcə də Avropa Şurasının Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq əlaqələri qurması bu sаhədə müasir beynəlxalq təcrübəni öyrənmək və ondan bəhrələnmək məramını ifadə edir. Baş nazirin müavini əlilliyi olan istedadlı insanlara yüksək diqqət və qayğının göstərilməsi, onların yaradıcılığının hərtərəfli dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə iştirakının təmin olunması sahəsində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirmişdir. Sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın tədbir iştirakçılarına müraciətini oxumuşdur. Müraciətdə qeyd olunmuşdur ki, fiziki qüsurlu şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox səbəbləri vardır. İnsanlarla təmasın məhdudluğu, yaradıcılıq və idmandan, öz bacarıqlarını reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və tibbi xidmətdən məhrum olmaq bu insanların cəmiyyətə inteqrasiyasına mane olan əsas amillərdir. Məhdud fiziki imkanlı insanların problemlərinə təkcə tibbi nöqteyi-nəzərdən yanaşmaq kifayət deyildir. Bu gün onların üzləşdiyi problemlər sosial amil kimi qiymətləndirilməlidir. Çünki bu insanların sağlamlığı və fiziki inkişafı onların şəxsiyyət kimi formalaşmasını və gələcək ictimai mövqeyini şərtləndirir. Azərbaycanın birinci xanımı müraciətində vurğulamışdır ki, biz fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına, onların özlərini ölkənin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrində maneəsiz istifadə imkanlarına malik olmalarına yardımçı olmalıyıq. Mehriban xanım Əliyeva bu baxımdan fiziki qüsurlu şəxslərin müdafiəsi sahəsində problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir və təcrübələrin mübadiləsinə imkan yaradan bugünkü konfransın keçirilməsini təqdirəlayiq hesab etmişdir. Sonra Heydər Əliyev Fondunun məhdud fiziki imkanlı insanlar ilə bağlı fəaliyyətindən bəhs edən film göstərilmişdir. Filmdən sonra BMT-nin Uşaq Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard çıxış edərək bildirmişdir ki, fiziki cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin edilməsində həm Azərbaycan hökuməti, həm də Heydər Əliyev Fondu mühüm işlər görmüşlər. YUNİSEF-in rəsmisi bildirmişdir ki, BMT-nin digər qurumları Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə gördüyü işləri təhlil etmişdir. Həmin təhlildən sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın əsasını təşkil edə bilər. Çünki bu sahədə görüləsi işlər hələ çoxdur. Biz Azərbaycan hökuməti və Heydər Əliyev Fondu ilə birgə iş aparırıq ki, heç bir uşaq diqqətdən kənarda qalmasın. Sonra Berlin Filarmonik Orkestrinin dirijoru Ser Simon Ratlın konfrans iştirakçılarına videomüraciəti təqdim olunmuşdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov konfransda “Əlilliyi olan şəxslərin hüquqları: Azərbaycan hökumətinin üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üzrə səyləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Nazir bildirmişdir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirdiyi siyasəti uğurla davam etdirir. Heydər Əliyev Fondunun dəstəyi ilə isə bir çox internat evlərində əsaslı təmir və yenidənqurma işləri aparılmış, əlil uşaqların bacarıqlarının inkişafı istiqamətində mühüm işlər görülmüşdür. YUNİSEF-in əlilliyi olan uşaqlar üzrə baş müşaviri xanım Rosanqela Berman Bieller də çıxış edərək vurğulamışdır ki, fiziki qüsurlu şəxslərə yardım etmək hər bir vətəndaşın borcudur. YUNİSEF-in rəsmisi Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyası sahəsində görülmüş işləri yüksək qiymətləndirmişdir. “Azərbaycanda inklyuziv təhsil və deinstitutlaşdırma siyasəti” mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, fiziki qüsurlu şəxslərin keyfiyyətli təhsil almaları üçün bərabər imkanların yaradılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda inklyuziv təhsilin təşkili istiqamətində nazirlik tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, Heydər Əliyev Fondu tərəfindən məhdud fiziki imkanlı, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların təhsilinin təşkili istiqamətində məqsədyönlü işlər görülür. “Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti: aparılmış ən son tədqiqat çərçivəsində əldə edilmiş əsas məlumatlar və tövsiyələr” mövzusunda çıxış edən YUNİSEF-in əlillik məsələsi üzrə eksperti Şantel Makkabe hər bir cəmiyyətdə məhdud fiziki imkanlı insanlarla münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin vacibliyini vurğulamışdır. Ekspert Heydər Əliyev Fondunun əlil uşaqlara olan diqqət və qayğısını yüksək qiymətləndirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda əlilliyi olan uşaqların hüquqlarından danışaraq demişdir ki, ölkəmizdə bu sahəyə böyük diqqət yetirilir. Məhz bu sahədə dövlət siyasəti ilə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş 2009-cu il “Uşaq ili” çərçivəsində məhdud fiziki imkanlı uşaqlarla bağlı bir sıra əhəmiyyətli aksiyaların keçirildiyini qeyd edən komitə sədri respublikamızda yeni uşaq inkişafı sistemi və bu sahədə standartların qəbul olunması məqsədilə inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənildiyini vurğulamışdır. H.Hüseynova komitənin bu ilin noyabrında II Uşaq Forumunu keçirməyi planlaşdırdığını da qeyd etmişdir. Sonra konfrans müxtəlif mövzular üzrə sessiyalarla öz işini davam etdirmişdir. İlk sessiyaya sədrlik edən Milli Məclis sədrinin müavini Bahar Muradova əlillik məsələləri ilə bağlı müzakirə mövzularından danışmışdır. B.Muradova parlamentin bu istiqamətdə beynəlxalq qurumlarla əməkdaşlığının davam etdiriləcəyini bildirmişdir. “Heydər Əliyev Fondunun məhdud imkanlı insanlar üçün infrastrukturunun inkişafı sahəsində fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev bildirmişdir ki, Fond yarandığı gündən humanitar layihələri həyata keçirir, mədəni irsimizin təbliği, əlil uşaqlara qayğı göstərilməsi sahəsində mühüm addımlar atır. Bundan əlavə, Fond ölkəmizin bir çox bölgələrində görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların internet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaratmışdır. İ.Mustafayev vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətdə yüksək humanizm prinsiplərinin bərqərar olunmasında müstəsna xidmətləri vardır. Onun sosial cəhətdən həssas əhali qrupları ilə bağlı həyata keçirdiyi qayğıkeşlik missiyası məhdud fiziki imkanlı uşaqları da əhatə edir. Konfransda, həmçinin “Əlillik sahəsində çalışan təşkilatların cəmiyyətin əlilliyi olan şəxslər üçün münasib olmasının təmin edilməsi prosesində iştirakı”, “Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik və damğalanma halları insan hüquqlarının pozulması deməkdir”, “İnklyuziv təhsil vasitəsilə inklyuziv cəmiyyət”, “Əlillik hallarının erkən aşkarlanması və profilaktikası: beynəlxalq standartlar və səmərəli təcrübələr”, “Əlilliyi olan gənclərin sosial həyatda iştirakının dəstəklənməsi”, “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyası və onun əqli əlilliyi olan şəxslərə təsiri” və digər mövzularda məruzələr dinlənilmişdir. AzərTAc
08/07/2015 16:52
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Təhsil Nazirliyinin və AMEA-nın rəhbərliyi, nazirliyin əməkdaşları, ali məktəb rektorları və ziyalılar iştirak ediblər. AMEA və Təhsil Nazirliyi tərəfindən birgə təşkil olunmuş konfransın iştirakçıları öncə «Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol» mövzusundakı sərgiyə baxıblar. «Müstəqil Azərbaycan Respublikasında yeni təhsil sisteminin formalaşması və inkişafı» mövzusunda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov Azərbaycanın tanınmış ziyalıları ilə görüşməyindən çox məmnun olduğunu bildirib və çoxminli təhsil işçiləri adından konfrans iştirakçılarını salamlayıb. Bugünkü tədbirin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında» sərəncama uyğun olaraq keçirildiyini xatırladan Misir Mərdanov müstəqillik illərində təhsil sisteminin inkişafı istiqamətində əldə olunmuş nailiyyətlərdən bəhs edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra təhsil sahəsində islahatların aparılmasına şərait yarandığını vurğulayan təhsil naziri ulu öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən də milli təhsil quruculuğu sahəsindəki misilsiz fəaliyyəti haqqında ətraflı söhbət açıb. Son 20 ildə təhsilə göstərilən dövlət qayğısından danışan nazir deyib ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 dövlət proqramı imzalanıb və hazırda nəzərdə tutulan bütün tədbirlər uğurla həyata keçirilməkdədir. Misir Mərdanov təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə mövcud vəziyyətin təhlili əsasında hazırlanmış bu proqramların reallaşması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu önə çəkib. Nazir, həmçinin təhsilin məzmunun yeniləşdirilməsi, yeni dərslik siyasətinin həyata keçirilməsi, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunduğunu nəzərə çatdırıb. Konfransda AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov «Azərbaycanda təbiət elmləri son 20 ildə mövcud elmi potensial və inkişaf perspektivləri», AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı «Müstəqillik illərində Azərbaycanda ictimai-humanitar elmlər», Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva «Müstəqillik illərində Azərbaycanın ali təhsil müəssisələrində elmi tədqiqatların inkişaf yolu» və AMEA-nın Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev «Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında akademik elmin inkişafı» mövzularda çıxışlar ediblər. Sonda «Elm məbədi müstəqillik illərində» filmi nümayiş olunub.
08/07/2015 16:52
Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinin professoru, “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya tərəfdən meneceri Herbert Strobelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb. Bu işin uğurla davam etdirildiyini nəzərə çatdıran Misir Mərdanov “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”ni yüksək dəyərləndirərək, bununla bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq dəstək göstəriləcəyini bildirib. Avropa İttifaqı və Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihənin uğurla reallaşdırılacağına ümidvar olduğunu söyləyən təhsil naziri birgə işin ölkəmizdə kənd təsərrüfatı sahəsində kadr hazırlığı məsələsinin təkmilləşdirilməsinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Misir Mərdanov bildirib ki, layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçilməli, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə lazımi şərait yaradılmalıdır. Təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün təşəkkür edən “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı layihəsi”nin Almaniya tərəfdən meneceri Herbert Strobel layihə üzrə birgə görüləcək işləri nəzərə çatdırıb. Qonaq bildirib ki, kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığı sisteminin təkmilləşdirilməsi, müəllim hazırlığının təmin edilməsi və əmək bazarının tələbatının öyrənilməsi bu layihədə nəzərdə tutulan əsas müddəalardandır. Herbert Strobel layihənin həyata keçirilməsi üçün müvafiq müəssisə seçimi, həmin müəssisədə nəzərdə tutulan işlərin reallaşdırılması məqsədilə görüləcək işlər haqqında söhbət açıb, layihə çərçivəsində çalışacaq ekspertlər üçün səmərəli iş şəraitinin yaradılması və digər məsələlərlə bağlı fikirlərini bildirib. Görüşdə peşə təhsilinin vəziyyəti ilə yaxından tanışlıq məqsədilə Almaniyaya təlim səfərlərinin təşkili və layihənin uğurla həyata keçirilməsi üçün nəzərdə tutulmuş bir sıra digər məsələlər ətrafında da müzakirələr aparılıb.
08/07/2015 16:52
Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr, Dünya Bankının nümayəndələri Saçiko Kataoka və Meskerem Mulatu ilə görüşüb.
Azərbaycanda ali təhsildə keyfiyyətin təminatı istiqamətində həyata keçirilmiş tədbirlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin uğurla reallaşdırıldığını qeyd edib. Nazir əlaqələrin inkişafı üçün zəruri olan tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd edən Misir Mərdanov Azərbaycan təhsilində baş verən yeniliklər haqda beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb. Nazir son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Təhsil naziri Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu qeyd edib. Ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq ekspert Mariya Xose Limatr səmimi qəbul və təhsil sahəsində görülən işlərlə bağlı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyadan keçirilməsi və bu istiqamətdə Azərbaycanda mövcud olan təcrübə haqqında fikirlərini bildirib. Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın istiqamətləri, ali təhsildə keyfiyyətin təminatı, təhsil müəssisələrinin lisenziyalaşdırılması, akkreditasiyası sahəsindəki müasir dünya təcrübəsi və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
08/07/2015 16:52
Sentyabrın 26-da təhsil naziri Misir Mərdanov İspaniya Krallığı Sahibkarlıq İnstitutunun (İnstituto de Empresa) Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell, Avropa və MDB ölkələri üzrə əlaqələrin inkişafı departamentinin direktoru Lyudmila İşçenko ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq Azərbaycan-İspaniya əlaqələrindən danışıb, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Son illər ölkəmizdə aparılan davamlı islahatlar, təhsilə göstərilən dövlət qayğısından söz açan nazir dövlət başçısının “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında” sərəncam imzaladığını vurğulayıb. Nazir Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırıb. Hazırda 2 azərbaycanlı gəncin bu təhsil müəssisəsində biznesin idarə edilməsi ixtisası üzrə magistratura səviyyəsində təhsil aldığını bildirən Misir Mərdanov daha 2 nəfərin isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində məzun olduğunu diqqətə çatdırıb. Təhsil naziri bu təhsil ocağının dünya miqyasında biznes sahəsində mütəxəssislər yetişdirdiyini vurğulayıb və Sahibkarlıq İnstitutunun Biznes Məktəbi ilə əlaqələrin yaradılmasına önəm verdiyini açıqlayıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Sahibkarlıq İnstitutunun Biznes Məktəbinin maliyyə yardımı üzrə direktoru Coel MakKonnell öncə təmsil etdiyi təhsil müəssisəsi barədə məlumat verib. Qeyd olunan ali məktəbin dünyanın ilk 10 Biznes Məktəbi siyahısına daxil edildiyini vurğulayan qonaq burada 80-dən artıq ölkədən tələbələrin təhsil aldığını açıqlayıb. Qonaq bildirib ki, görüşün əsas məqsədi azərbaycanlı gənclərin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində, eləcə də təmsil olunduğu ali məktəbin ayırdığı təqaüdlər hesabına müxtəlif təhsil proqramları üzrə təhsil almasını təmin etməkdir. Coel MakKonnell bu məqsədlə ölkəmizdə müvafiq istiqamətlər üzrə kadr hazırlayan ali təhsil müəssisələrində və bir sıra dövlət qurumlarında görüşlər keçirmək niyyətində olduqlarını vurğulayıb. Təhsil naziri Misir Mərdanov öz növbəsində qeyd edilən təklifi yüksək dəyərləndirib və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Görüşdə qonaqların Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və Qafqaz Universitetində olması məqsədəuyğun hesab edilib.
08/07/2015 16:52
Sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, Rusiya, Türkiyə, Şimali Kipr, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən olan universitet rektorları, ölkəmizin aparıcı ali təhsil müəssisələrinin, elm mərkəzlərinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yubiley mərasimindən öncə universitetin əsas korpusunun girişində ümummilli liderimiz Heydər Əliyevin 1952-1957-ci illərdə bu binada təhsil almasına dair xatirə lövhəsinin açılışı olub. Sonra mərasim iştirakçıları ulu öndərin universitetin foyesindəki abidəsini ziyarət edib, abidənin önünə tər çiçək dəstələri düzüblər. Təntənəli yubiley mərasimini təhsil naziri Misir Mərdanov açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2011-ci il tarixli sərəncamları ilə Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup əməkdaşının «Şöhrət» ordeni, «Tərəqqi» medalı və «Əməkdar müəllim» fəxri adı ilə təltif olunduğunu bildirib. Nazir həmin sərəncamları iclas iştirakçılarının diqqətinə çatdırıb və təltif olunanları təbrik edib. Misir Mərdanov Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi və yubiley ərəfəsində universitetin bir qrup əməkdaşının təltif olunmasını ölkə başçısının təhsilə, təhsil işçilərinə diqqət və qayğısının daha bir bariz nümunəsi kimi dəyərləndirib, çoxminli təhsil işçiləri adından cənab İlham Əliyevə minnətdarlığını bildirib. ADİU-nun 80 illik yubileyinin Azərbaycanın təhsil tarixində əlamətdar hadisələrdən biri olduğunu söyləyən nazir mərasimə qatılmış bütün qonaqlara, əksəriyyəti universitetin məzunları olan dövlət orqanlarının təmsilçilərinə və millət vəkillərinə dəvəti qəbul edib gəldikləri üçün təşəkkür edib. Təhsil naziri yubiley mərasimində dünyanın bir çox tanınmış alimlərinin, xüsusən də iqtisadiyyat üzrə üç Nobel mükafatçısının, habelə Nobelin nəticəsinin iştirak etməsinin sevindirici hal olduğunu bildirib, bunu Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlara göstərilən diqqətin təzahürü kimi səciyyələndirib. Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycan Dövlət İqtisad Universitetinin vaxtilə ulu öndər Heydər Əliyevin də təhsil aldığı bu tarixi binası son bir ildə ölkə Prezidentinin tapşırığı ilə əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və burada tələbələr üçün yüksək şərait yaradılıb. Çıxışında ölkəmizdə ali təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunan Misir Mərdanov möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində ali təhsil müəssisələrinin, demək olar ki, hamısının maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulduğunu bildirib. Təhsil naziri qeyd edib ki, bu gün Azərbaycanın ali məktəblərində 7 mindən çox xarici ölkə vətəndaşı təhsil alır. Bunu Azərbaycan təhsilinə dünyada olan hörmətin göstəricisi kimi qiymətləndirən nazir, eyni zamanda 10 mindən çox Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirdiyini nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda Azərbaycanın bütün təhsil işçiləri adından Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyi münasibəti ilə ali təhsil müəssisəsinin kollektivini təbrik edib, onlara ölkəmizdə iqtisad elminin inkişafında daha böyük uğurlar arzulayıb. Yubiley mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev yubilyar ali məktəbin keçdiyi 80 illik tarixi inkişaf yolu, tədris ocağının ölkəmizin iqtisad elminə və təhsilinə verdiyi töhfələr, son illər universitetdə aparılan islahatyönümlü işlər barədə geniş məruzə edib. Sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatları Erik Maskin, Finn Kidland, Kristofer Pissarides, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov, Azərbaycanın Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Haşımov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış edərək yubiley münasibəti ilə ADİU-nun çoxminli kollektivinə təbriklərini çatdırıb, ölkəmizdə iqtisad elminin inkişafında universitetin mühüm rolundan söz açıblar.
08/07/2015 16:52
Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov ABŞ-ın Corciya Dövlət Universitetinin prezidenti Mark Beker, universitetin Robinson Biznes Kollecinin dekanı Fenvik Hass, universitetin professoru, Keçid İqtisadiyyatında Biznesin İnkişafı Mərkəzinin direktoru Bijan Fəzlullahi ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Dünyanın ən nüfuzlu universitetlərindən olan Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycana gəlişini yüksək qiymətləndirən nazir bu səfəri ölkəmizin təhsil tarixində önəmli hadisə adlandırıb. Misir Mərdanov qonaqların Azərbaycana səfərinin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini nəzərə çatdıraraq nümayəndə heyətinə ötən müddətdə Azərbaycanın əldə etdiyi uğurlar, respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası, milli təhsil sisteminin qurulması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə atılmış addımlar və digər nailiyyətlər barədə məlumat verib. Eyni zamanda nazir ölkəmizdə ali təhsil sahəsinin inkişafı, ali məktəblərin müxtəlif beynəlxalq proqramlara qoşulması haqqında danışıb. 20 il öncə Azərbaycanda özəl ali təhsil müəssisəsinin mövcud olmadığını diqqətə çatdıran nazir bildirib ki, bu gün ölkəmizdə 15 özəl universitet fəaliyyət göstərir. Təhsil naziri, həmçinin Corciya Dövlət Universiteti rəhbərliyinin Azərbaycan Universitetinin dəvəti ilə ölkəmizə səfərini ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığı baxımından yüksək dəyərləndirib. Misir Mərdanov Corciya Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti və Odlar Yurdu Universiteti arasında əlaqələrin yaradıldığını bildirib. Təhsil naziri Azərbaycan Universiteti ilə Corciya Dövlət Universitetinin daha sıx və səmərəli əməkdaşlığından bəhs edib və ikitərəfli əlaqələrin yaradılmasında Corciya Dövlət Universitetinin professoru Bijan Fəzlullahinin böyük xidmətləri olduğunu vurğulayıb. Daha sonra təhsil naziri Misir Mərdanov qonaqların ölkəmizə səfərinin və keçiriləcək görüşlərin Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişlənməsinə, onların inkişafına təkan verəcəyinə inamını ifadə edib. Nazir ümidvar olduğunu bildirib ki, bundan sonra da Corciya Dövlət Universiteti ilə əlaqələr daha da genişlənəcək, ölkəmizin ali məktəbləri bu universitetin təcrübəsindən bəhrələnəcəklər. Misir Mərdanov qonaqlara səfər proqramından irəli gələn məsələlərlə bağlı lazımi dəstək göstərməyə hazır olduğunu vurğulayıb və bu görüşün ölkələrarası təhsil əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib. Səmimi qəbul və verilən məlumatlar üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Corciya Dövlət Universitetinin prezidenti Mark Beker öncə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təbriklərini çatdırıb və 20 il ərzində irəliyə doğru atılmış addımları, təhsil sahəsində qazanılmış uğurları müsbət dəyərləndirib. Corciya Dövlət Universiteti ilə Azərbaycanın 3 ali təhsil müəssisəsi arasındakı əlaqələrin əhəmiyyətini qeyd edən universitet prezidenti birgə əməkdaşlığın inkişafına və daha böyük nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu deyib. Qonaq Azərbaycan Universiteti ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən bəhs edib. ABŞ-ın Corciya ştatının Atlanta şəhərində yerləşən və aparıcı tədqiqat universitetlərindən olan Corciya Dövlət Universitetinin dünya universitetləri ilə əlaqələrindən danışan Mark Beker rəhbərlik etdiyi ali məktəbdə azərbaycanlı gənclərin ali təhsilin bütün səviyyələrində təhsil alması arzusunda olduğunu bildirib. Sonra Corciya Dövlət Universitetinin professoru Bijan Fəzlullahi universitetlərarası əlaqələrin uğurla davam etdirildiyini qeyd edib. B.Fəzlullahi Azərbaycan Universitetində birgə reallaşdırılan təhsil proqramları üzrə təhsil alan tələbələrin cari ilin dekabrında məzun olacağını deyib və bu işi əməkdaşlığın əhəmiyyətli nəticəsi kimi dəyərləndirib. Eyni zamanda qonaq qeyd olunan proqramlar üzrə qarşıya çıxan müəyyən çətinliklərdən danışıb. Təhsil naziri Misir Mərdanov öz növbəsində Azərbaycan Universitetində birgə həyata keçirilən proqramlarla bağlı lazımi dəstək göstəriləcəyini bildirib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı