SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən məktəblərarası riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinin ikinci mərhələsi yekunlaşıb.
Şagirdlərin riyaziyyat, fizika, kimya və biologiya fənlərinə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, məktəblilərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, eləcə də şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə təşkil olunmuş müsabiqələrdə Bakı və Sumqayıt şəhərlərinin ümumi təhsil məktəblərindən 501 şagird iştirak edib. Hər bir məktəb VI, VII, VIII və IX siniflər üzrə cəmi 9 şagirddən ibarət komanda ilə təmsil olunub. Təbiət elmləri üzrə fənn müsabiqələrinin II mərhələsində komanda hesabında Sumqayıt şəhəri humanitar və riyaziyyat təmayüllü "İstedad liseyi", təbiət elmləri təmayüllü gimnaziya, N.Gəncəvi adına texniki-təbiət elmləri liseyi, paytaxtın 287 nömrəli "Zəkalar" və Bakı Avropa liseyləri ən yüksək nəticə göstəriblər. Riyaziyyat üzrə fənn müsabiqəsinin II mərhələsinin nəticələrinə əsasən, komanda hesabında Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, Bakıdakı 220 nömrəli məktəb-lisey, 62 nömrəli tam orta məktəb, akademik Zərifə Əliyeva adına lisey və 160 nömrəli klassik gimnaziya ən yüksək nəticə əldə ediblər. Qeyd edək ki, fənn müsabiqələrinin dekabrın 20-də keçiriləcək III mərhələsində fərdi və komanda hesabında fərqlənən şagirdlər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Bir məktəbliyə qurban gedən müəllim ömrü
Sabirabad şəhərinin Nizami Gəncəvi adına 5 nömrəli orta məktəbinin texnologiya müəllimi 1957-ci il təvəllüdlü Əhliman Hüseynovun əfsanələşən fədakarlığının gerçəklərini zaman təhriflərə uğratmasın deyə qələmə almaq, tarixin yaddaşına yazmaq üçün hərtərəfli araşdırmağa qərar verdik. İnternet saytlarından başlayaraq yerli əhalinin danışdığı söhbətlərə ehtimallar, gümanlar da qarışdığını nəzərə alıb, hadisə yerində olmağı, mərhum müəllimin ailəsi, yaxın dostları, iş yoldaşları, şagirdləri ilə görüşməyə tələsdik. Bütün söhbətlərin içindən yalnız təsdiqini tapmış faktlara əsaslanmaqla, üçüncü sinif şagirdi Güldəstə Faiq qızı Hüseynovanı xilas etmək naminə öz həyatını qurban verən Əhliman Hüseynovun adını bir müəllim kimi əbədiyyətə qovuşduran son hekayətini oxuculara olduğu kimi təqdim edirik. Hər gün keçilən yolda son iz... Sabirabad rayonunda Kür üzərində tikilən yeni körpüdə bir müəllim ömrünün son addımları maşın təkərinin asfalta çəkdiyi dərin bir iz kimi qaldı... Şahidi olduq alacalanmış gözlərimizlə. Yaddaşımıza yazıldı o iz, elə körpünün üzərində qalmış dərinliyi ilə. 5 dekabr 2014-cü il tarixində Nizami Gəncəvi adına 5 nömrəli məktəbin direktoru Bilal Əhmədova zəng olundu: “Sizin məktəbdə Əhliman müəllim işləyirmi?” “Bəli” cavabını verən direktor belə bir acı, sarsıdıcı xəbər aldı: “Əhliman müəllimin maşını Kürə düşüb, yanındakı uşağı xilas edib, özü həlak olub”. Həyatını Kür qırağında keçirən Əhliman müəllimin iş yoldaşları buna inanmaq istəmədilər. Bunu yenə bir zarafat kimi qəbul etdilər. Məktəbin texnologiya müəllimi, Əhliman müəllimin uşaqlıq dostu, qohumu, həmkarı Balaxan Rəsulov uzun illərdən qalma bir zarafatı bir gün əcəl kimi qəbul etmək məcburiyyətində qalacağını ağlına da gətirməzdi: “O, həmişə balıqçılıqla məşğul idi. Zarafat edərdik ki, düşərsən suya. Bəzən dərsə gecikəndə zarafat edərdik ki, yəqin suya düşüb. Həmin gün Bilal müəllim Əhliman müəllimin suya düşüb həlak olduğunu deyəndə yenə zarafat kimi qəbul etdik. Amma təəssüf ki, artıq bu, zarafat deyildi...” Məktəbin bütün müəllimləri, şagirdləri dərin yasa batıb, amma ailəsində hələ hüzür məclisi qurulmayıb Əhliman müəllimin. Çünki cəsədi hələ də tapılmayıb. Kürdə dörd kater gecə-gündüz müəllimin cəsədinin axtarışı ilə məşğuldur. Oğulları, qohumları və kəndin digər kişiləri 12 gündür ki, soyuq havada Kürün sahilində dolaşmaqdan əldən düşüblər. Görmüşük, insanın sağ qayıtmasına qurban deyərlər, amma Əhliman müəllimin artıq üç övladını da itirmiş qoca anası oğlunun cəsədinin tapılmasına qurban deyib... Mərhum müəllimin anasının, həyat yoldaşının, qızlarının göz yaşlarına şahid olmaq unudulmaz acı xatirədir. Əhliman müəllimin xilas etdiyi üçüncü sinif şagirdi Güldəstə Hüseynovanın nənəsini də mərhum müəllimin evində gördük. Uşaqla görüşmək istəyimizi biləndə həkimlərin icazə vermədiyini söylədi. Amma özü hadisə haqqında bizə məlumat verdi. Əhliman müəllim 5 nömrəli məktəbdə işlədiyi müddətdə 20 il Cavad kəndindən təxminən 5-6 kilometrlik yolu hər gün piyada gedib. Son dövrdə övladlarının köməyi ilə “07” markalı maşın alan müəllim qonşuluqda yaşayan qohumunun iki övladını da özü ilə götürüb Mirzə Ələkbər Sabir adına 1 nömrəli məktəbə aparırdı. Təsadüfdənmi, qismətdənmi həmin gün Hüseynovların kiçik oğlu xəstə olduğu üçün məktəbə gedəsi olmayıb. Əhliman müəllim yalnız Güldəstəni özü ilə götürməli olub. Kürün üzərindəki yeni salınmış körpüdən keçəndə qəza baş verir və avtomobil dəmir məhəcəri aşaraq suya düşür. Hadisənin hansı səbəbdən baş verdiyini heç kim dəqiq bilmir. Yalnız hamının təsdiq etdiyi bir gerçək odur ki, həmin gün körpünü üstü nazik bir buz təbəqəsi ilə örtülmüşdü. Yol sürüşkən idi. Güldəstənin nənəsinin dediyinə görə, uşaq yalnız onu xatırlayır ki, çaya düşəndən sonra maşında Əhliman müəllim ona deyib: “Qızım, düşdük suya, çantanı çıxar kürəyindən.” Maşının qapısını açıb uşaqla bərabər atılıb suya. Uşağı boynuna alıb 500 metrə qədər üzərək sahilə yan almağa çalışıb. Amma Kürün suyu gur və çox soyuq olduğundan heç cür sahilə yaxınlaşa bilməyib Əhliman müəllim. Fəryad edərək səsini yoldan keçənlərə duyurmaq istəyib. Yoldan ötən maşınlar dayanıb, adamlar axışıb Kürün sahilinə, lakin onu xilas etmək hamıya mümkünsüz görünüb. Hamı bir-birindən kömək istəsə də, kimsə cürət edib suya girə bilməyib. Yalnız iyirmi iki yaşlı bir gənc oğlandan başqa... Adını doğruldan bu gənc kimdir? Son nəfəsinə qədər uşağı xilas etməyə çalışan müəllimin səyini davam etdirən gənc oğlanı soraqlayıb tapmaq istədik. Həmin gənc yubanmadan görüşümüzə gəldi. Hündürboy, yaraşıqlı bir oğlan durdu önümüzdə. Adı Dəyanət olan bu gənc ədəbi, təmkini, yetkin ədaları ilə də diqqətimizi çəkdi. Haqqında eşitdiklərimizdən və ilk görünüşdə yaratdığı təəssüratdan düşündüyümüz bu oldu: Haqlı olaraq deyirlər ki, ad insanın xarakterinin formalaşmasında mühüm rol oynayır. Şıxəliyev Dəyanət Maqsud oğlu 1993-cü ildə Sabirabadın Türkədi kəndində anadan olub. Ailənin beş övladının ikincisidir. Orta təhsillidir. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. Uşaqlıqdan Kürdə üzməyi öyrənib. Sonra Sabirabad Olimpiya Kompleksində üzgüçülük və cüdo ilə məşğul olub. Hazırda Sabirabad şəhərində ticarətlə məşğuldur. Dəyanət: “O anda xilas etməkdən başqa heç nə düşünmədim...” Dəyanət hadisənin gerçəklərinin ən yaxın şahididir. Buna görə də, həqiqətləri onun özündən eşitmək istədik: “Adətən, mən işə tezdən getmirəm. Amma həmin gün düşündüm ki, işim çoxdur. Evdən tez çıxdım. Səkkizə qalmışdı, maşında termometrə baxdım, gördüm mənfi doqquz dərəcə soyuq var. Körpüyə çıxmağıma az qalmış gördüm ki, dəmir məhəccər düşdü suya. Maşının suya düşdüyünü bilmədim. Yaxınlaşanda gördüm ki, iki maşın dayandı körpüdə. Mən də dayandım. Gördüm ki, suya maşın düşüb. Gözümüz önündə yavaş-yavaş batmağa başladı. Bu anda iki nəfər çölə çıxdı. Sahildə hamı bir-birinə qışqırırdı ki, gəlin kömək edin. Amma bilmirdilər ki, necə kömək etsinlər, Kürün ortası..., soyuq... Gördüm ki, kömək edən yoxdur, səki ilə qaçdım üzü aşağı. Yüz metr gedəndən sonra gördüm ki, sudakı kişinin son nəfəsidir. Çağırır ki, kömək edin! Gödəkcəmi, köynəyimi çıxarıb atdım özümü suya. Bilmirəm, necə üzüb çatdım onlara. Yaxınlaşanda gördüm, artıq kişi donub. Uşaq yarım metr ondan arxada qalıb. Uşaq “Əmi, mənə kömək elə” deyib yapışdı boynumdan. Onu boynuma alıb, başladım sahilə doğru üzməyə. Sahilə yaxınlaşanda bir az qorxdum. Gördüm, soyuq kəsir məni. Çünki suyun axını istiqamətində yüz əlli metr axmışdıq. Suyun axını ilə çox axmayaq deyə, arada bir az dayandığım üçün su məni dondururdu. Otuz metr qalmış qışqırdım ki, köməyə gəlin! Nə qədər qışqırdım, gələn olmadı. Gördüm onlardan bir kömək olmayacaq, yenə özümdə güc toplayıb üzməyə başladım. Sahilə iki metr qalmış mənə ip atdılar. Birincidə tuta bilmədim. İkinci dəfə ipin ucundan tutub çıxdım sahilə. Uşağı verdim camaata, apardılar xəstəxanaya. Mən isə oturub maşına getdim evə”. “Suya atılan zaman nə düşünürdünüz, qorxu keçirmədiniz ki?” - sualımıza Dəyanət cavab verdi ki: “Həmin an xilas etməkdən başqa heç nə düşünmürdüm. Qorxsaydım, atılmazdım ki...” Bu hadisə mənə Abdulla Şaiqin “Daşqın” hekayəsini xatırlatdı. Sabirabadda biz də bədii əsərlərdə təsvirini gördüyümüz ürəkli, qorxmaz həyat qəhrəmanlarından biri haqqında şahidlərdən eşitdik, digəri ilə yaxından tanış olduq: Əhliman müəllim və Dəyanət! Yəqin ki, bu hadisə Azərbaycan müəlliminin və Azərbaycan gəncliyinin ruhunu, fədakarlığını, mənəviyyatını və saflığını əks etdirən kövrək duyğulu bir salnamə kimi hələ çox danışılacaqdır... Könül Nəhmətova, “Azərbaycan müəllimi” qəzeti.
08/07/2015 16:52
Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyinə həsr olunmuş müsabiqə keçirir.
Müsabiqədə məktəblilər bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə iştirak edirlər. Müsabiqənin məqsədi XIX əsrin dahi rus şairi və dramaturqu olan Mixail Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarətdir. Müsabiqə 2 mərhələdə, ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilir. Dekabrın 19-dək Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Bədii qiraət” və “Teatrlaşdırılmış səhnəciklər” nominasiyaları üzrə qaliblərin seçim prosesi həyata keçiriləcək. Burada müsabiqənin Təşkilat Komitəsi tərəfindən təsdiq edilmiş Münsiflər Heyəti məktəblilərin dahi rus ədibinin yaradıcılığı ilə bağlı biliyini qiymətləndirəcək. Eyni zamanda məktəblilərin M.Lermontovun əsərləri əsasında hazırlanmış teatr səhnələrini ifa qabiliyyəti də dəyərləndiriləcək. Müsabiqənin Respublika mərhələsinin hər nominasiya üzrə I, II və III yerin qalibləri, eyni zamanda fəal iştirakçılar Təhsil Nazirliyinin diplomu ilə təltif olunacaq.
08/07/2015 16:52
Dekabrın 19-da Təhsil Nazirliyində “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda konfrans keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək, bu qurumun yaranma tarixindən, həyata keçirdikləri mühüm işlərdən və onun fəaliyyətinin əhəmiyyətli olduğundan söz açıb. Nazir bildirib ki, Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının məqsədi uşağın təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək, onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və məktəblərin inkişafına yönəltməkdir. Misir Mərdanov əlavə edib ki, valideyn və müəllimlərin könüllü birləşməsi nəticəsində yaranan bu ictimai qurum “Ümidli Gələcək” gənclər təşkilatı və YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə birgə ölkəmizin orta məktəblərində bir sıra layihələr üzrə iş aparır. Hazırda 1000-dən çox məktəbdə yaradılmış valideyn-müəllim birliklərinin gördükləri işləri xüsusi qeyd edən nazir bu işə dəstək göstərən şəxslərə təşəkkür edib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard bu tədbirin keçirilməsinin VMA-nın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyəti olacağına inamını ifadə edib və həyata keçirilən layihələrə göstərilən dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü çatdırıb. Konfransda çıxış edən Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının icraçı direktoru Təranə Şərifova, “Ümidli Gələcək” gənclər təşkilatının rəhbəri Nabil Seyidov və başqaları Milli VMA-nın fəaliyyətinin məqsəd və məramından, qurum tərəfindən həyata keçirilən və gələcəkdə reallaşdırılacaq tədbirlərdən, valideyn-müəllim əməkdaşlığının inkişaf etdirilməsi ilə şagirdlərin daha yaxşı oxumaları üçün şəraitin yaradılmasından bəhs ediblər. Tədbirdə “Azərbaycan Milli Validеyn-Müəllim Assоsiasiyasının stratеji inkişafı” mövzusunda iştirakçılara ətraflı məlumat verilib. Konfransda VMA-nın fəal üzvlərinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanlar təqdim olunub. Sonda Təhsil Nazirliyi ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının birgə fəaliyyəti barədə memorandum imzalanıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” və “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, 100 nəfər “Ən yaxşı müəllim”, 50 təhsil müəssisəsi isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi adına layiq görülüb. Müsabiqədə müvəffəqiyyət qazanmış müəllimlər 5000 manat, ümumtəhsil məktəbləri isə 10 000 manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıblar. Qeyd edək ki, “Ən yaxşı müəllim” müsabiqəsində Bakı ilə yanaşı, Sumqayıt şəhəri (4 nəfər), İsmayıllı (6 nəfər) və Bərdə (5 nəfər) rayonlarının ümumtəhsil məktəblərində çalışan müəllimlər daha çox fərqləniblər. “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08/07/2015 16:52
Naxçıvan Dövlət Universitetində “Tədris prosesinin təkmilləşdirilməsi və müasir təhsil konsepsiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkil etdiyi konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Ali Məclisin sədri adından konfrans iştirakçılarını salamlayıb. Şöbə müdiri çıxışında bildirib ki, Naxçıvanda təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. “Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu sahədə işləri sürətləndirib. Muxtar Respublikada elektron təhsilin tətbiqi, təhsil müssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması məqsədilə Ali Məclis sədrinin imzaladığı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı mövzuların tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin genişlənməsinə zəmin yaradıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında Bilik Fondu yaradılıb, həmçinin, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə mükafatlar təsis edilib. Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası və təhsil sisteminin qarşısında duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyasının uğurlu davamından, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Dövlət Strategiyasının təhsilin tərəqqisinə verəcəyi töhfələrdən söhbət açıb. Nazir müavini qeyd edib ki, milli təhsilin insan kapitalına olan təlabatı ödəyəcək və dünya standartlarına cavab verəcək səviyyəyə çatdırılması istiqamətində görülən işlər, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı müasir məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərin tikilib istifadəyə verilməsi mühüm əhəmiyyətə malikdir. Dövlət Strategiyasının reallaşdırılması haqqında fikirlərini bildirən F.Qurbanov nəzərə çatdırıb ki, strategiya təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun formalaşdırılmasına zəmin yaradır. Bu sənəd, həmçinin təhsil infrastrukturunun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünə imkan yaradır. Təhsil Nazirliyi Dövlət Strategiyasının icrası istiqamətində nəzərdə tutulan hədəflərə cəmiyyətin bütün təbəqələri ilə əməkdaşlıq çərçivəsində nail olmağa üstünlük verir. Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov “Bolonya prosesi: Naxçıvan Dövlət Universiteti qarşısında duran vəzifələr” mövzusunda məruzə edib. O, bildirib ki, universitet Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində işlər aparmaqla yanaşı, Muxtar Respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin də Bolonya sisteminə keçməsinə dəstək göstərir. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov “Təhsildə yeni hədəflərə yol – müasir məktəb və innovativ müəllim” mövzusundakı məruzəsində ölkəmizdə təhsil sahəsində aparılan islahatların qarşıya qoyduğu prioritet vəzifələrdən, tədris prosesində, pedaqoji kadr hazırlığında məzmun dəyişikliyi, ənənəvi metodlardan müasir tədris üsullarına keçid, beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqinin əhəmiyyəti barədə məlumat verib. AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında elm və təhsilin qarşılıqlı əlaqələrindən və paralel inkişaf istiqamətlərindən, regionda elmi kadr hazırlığı prosesində ali təhsil müəssisələrinin müstəsna rolundan danışıb. Plenar iclasda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli “Təfəkküryönümlü kurikulum və gələcəyə baxış”, İstanbul Əsənyurd Universitetinin əməkdaşı Davud İbrahimoğlu “Pozitiv düşüncə və beynin uyğun öyrənilməsi”, Bakı Biznes Universitetinin professoru Fərahim Sadıqov “Pedaqoji elmin banisi Y.A.Komenskinin vətəni Çexiyada təhsil” mövzusunda məruzələr ediblər. İkigünlük beynəlxalq elmi konfransda 8 bölmə iclası keçirilib.
08/07/2015 16:52
Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirir.
2014-cü ildə ilk peşə və orta ixtisas təhsili sahəsi üzrə həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər İlk peşə-ixtisas təhsili Peşə təhsilinin inkişafının əsas prioritet olduğunu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq, əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib. İlk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönəlmiş və dövlət-biznes partnyorluğuna əsaslanan “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində pilot ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında müasir resurs mərkəzlərinin yaradılması prosesi davam etdirilir. Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib. Belə ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalı yığan kombayn, 3 dərmançiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib. Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi verilib. Ölkəmizin müstəqillik tarixində ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib. Bütün bunlar müvafiq sahədə fəaliyyət göstərən ilk-peşə ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, mütəxəssis hazırlığı işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb. Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir. Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Təhsil Nazirliyi ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum sahibkarlarla Təhsil Nazirliyi arasında əlaqələrin daha da inkişaf etdirilməsi, özəl sektorda çalışan sahibkarlarla sosial partnyorluğun yaradılması, iqtisadiyyatın sürətli inkişafı şəraitində yeni texnologiyaları mənimsəmiş kadrların hazırlanmasında birgə fəaliyyəti nəzərdə tutur. Təhsil Nazirliyi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr potensialının gücləndirilməsinə və inkişafına nail olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması kimi strateji vəzifələrin həyata keçirilməsinə təkan verməyə xidmət edir. İlk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirmək məqsədilə “Liderlik və idarəetmə” təliminə başlanılıb. Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil edilən ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün təlimin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib. Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edir. Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda “Uğur sertifikatı” əldə edən və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınır. Orta ixtisas təhsili Orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15 667 yerdən 11 266 yerə endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə Masallı Dövlət Regional Kolleci, eləcə də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb. Texniki istiqamətli kolleclərdə müəllimlik ixtisasları tələbə qəbulu planından çıxarılıb.
08/07/2015 16:52
Dekabrın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, dünyanın müxtəlif ölkələrinin ali məktəb rəhbərləri, alimlər və mütəxəssislər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları universitetin təsis olunmasını əks etdirən rəsm tablosu və BDU-nun 95 illiyi ilə bağlı sərgiyə baxıblar. Mərasim iştirakçılarını salamlayan BDU-nun rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib, təhsil müəssisəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb. Rektor bildirib ki, BDU elmin, təhsilin və milli şüurun inkişafında mühüm rol oynayıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qocaman jurnalist, BDU-nun professoru Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif olunduğunu bildirib. Sonra nazir ali dövlət mükafatını yubilyara təqdim edib. Təhsil naziri zəngin tarixi ənənələrə malik BDU-nun yaranma tarixindən, tədris ocağının 95 illik səmərəli fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. BDU-nun keçdiyi inkişaf yoluna nəzər salan nazir qeyd edib ki, bu gün bu təhsil müəssisəsinin məzunları Azərbaycan elminin çiçəklənməsinə dəyərli töhfələrini verirlər. Ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu xatırladan nazir ulu öndərin daim Azərbaycan elminin və təhsilinin inkişafına xüsusi qayğı göstərdiyini, onun bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycanda ali təhsil sisteminin proritetlərini sadalayan təhsil naziri ölkəmizin müasir dünyaya inteqrasiyası baxımından yüksək səviyyəli kadr hazırlığının zəruriliyini önə çəkib. Elmlə təhsilin vəhdətinin təşkilində ali məktəblərin üzərinə düşən vəzifələrə diqqət çəkən nazir universitetlərlə biznes dünyası arasındakı əməkdaşlığın genişləndirilməsinin zəruriliyi haqqında fikirlərini bildirib. Yubiley münasibətilə ali məktəbin professor-müəllim heyətini, tələbələrini təbrik edən təhsil naziri zəngin ənənələr və yüksək potensial sayəsində BDU-nun bundan sonra da ölkə təhsilində aparıcı rolunu qoruyub saxlaya biləcəyinə inandığını söyləyib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Türkiyənin Ərdahan Universitetinin rektoru Ramazan Qorxmaz, eləcə də İran, Albaniya, Gürcüstan, Dağıstan və digər ölkələrin ali məktəb rektorları təbriklərini çatdırıb, müsəlman şərqində ilk dünyəvi ali məktəb olan BDU-ya uğurlar arzulayıblar.
08/07/2015 16:52
Dekabrın 19-da Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənləri üzrə “Açıq dərs”lər keçirilib.
“Açıq dərs”lərdə Təhsil Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Təhsil Problemləri İnstitutunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinin, Daxili Qoşunların N saylı hərbi hissəsinin, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” ictimai birliyinin nümayəndələri, məktəb direktorları, hərbi hazırlıq rəhbərləri, fiziki tərbiyə müəllimləri iştirak ediblər. Qeyd edək ki, son illər Sumqayıtda məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müntəzəm xarakter alıb. Bu baxımdan “Məktəblilərin hərbi keçidi”, “Şahin” hərbi-idman oyunlarının keçirilməsi, Heydər Əliyev Mərkəzinə, Milli Azərbaycan Tarixi Muzeyinə, Respublika Hərbi Prokrorluğu yanında Soyqırımı Muzeyinə və digər yerlərə ekskursiyalar xüsusi yer tutur. Sumqayıtda yeni tədris ili ərəfəsində gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi keyfiyyətini yaxşılaşdırmaq məqsədilə xüsusi komissiya tərəfindən bütün məktəblərdə hərbi kabinetlərə baxış keçirilib və kabinetlərin tərtibatı, tədris-maddi bazası daha da yaxşılaşdırılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışı başa çatıb.
Üç ay yarım davam edən yarışmanın final oyununda iki seçim və iki final görüşü keçirilib. İlk seçim görüşündə sentyabr ayının qalibi “Kapital bank” komandası ilə oktyabr ayının qalibi “Nar Mobile” komandası qarşılaşıblar. Maraqlı və gərgin keçən mübarizədə “Nar Mobile” qalib gəlib. Sonra “Nar Mobile” komandası öz seçiminə əsasən, “Azərbaycan klubu” ilə oynayıb və qələbə qazanıb. Final görüşlərində “Nar Mobile” və “Romantik qüvvələrini sınayıblar. “Romantik” komandası hər iki görüşün və ikinci mövsümün qalibi, eləcə də “Bilik kuboku”nun sahibi olub. Qalib komandaya Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu, sponsorlar tərəfindən 3 min manat mükafat təqdim edilib. Xatırladaq ki, “Bilik kuboku” uğrunda yarışın oyunları “Baku Crystal Hall”da keçirilib və AzTV kanalı ilə yayımlanıb. Yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı