SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin hər il olduğu kimi, bu il də ehtiramla anıldığını bildirib. Heydər Əliyevin əvəzsiz xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışan təhsil naziri ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət quruculuğu və ictimai-siyasi sabitliyin qorunması sahəsindəki yorulmaz fəaliyyətindən söz açıb. Cəmiyyətin inkişafında təhsilin mühüm rolunu diqqətə çatdıran təhsil naziri Mikayıl Cabbarov ümummilli liderin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdan bəhs edib. Nazir ulu öndər Heydər Əliyev ideyalarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi rəhbərlik etdiyi təhsil müəssisəsinin yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətlərini nəzərə çatdırıb. Sonra xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, Samir Cəfərov və digər tanınmış incəsənət ustaları ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi mahnıları ifa ediblər. Anım gecəsində Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər. Tədbirə həmçinin, ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar. Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi
08/07/2015 16:52
Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən təlimçilər üçün keçirilən ikinci təlim kursu başa çatıb.
İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun, həmçinin Təhsil Problemləri İnstitutunun əməkdaşları üçün “Təhsil müəssisələrində reproduktiv sağlamlığın tədrisi” mövzusunda təşkil olunmuş təlim kursu üç gün davam edib. Təlimin sonunda kursu uğurla başa vuran 25 nəfərə “təlimçilər üçün təlimçi” sertifikatı təqdim olunub. Xatırladaq ki, təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov, Afət Məmmədova və Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
08/07/2015 16:52
Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu
Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin müəllimi ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasında Azərbaycan müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə iştirakı və ciddi uğurlar qazanması çox təqdirəlayiq hadisə kimi təhsil sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər. Bu günlərdə isə Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin dünya müəllimlərinin mötəbər müsabiqəsinin final mərhələsinə çıxması barədə məlumat aldıq. Qeyd olunur ki, M.Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın ( Global Teacher Prize) 50 finalçısı arasında yer alıb. "Varkey GEMS" Fondunun yaydığı açıqlamada (www.globalteacherprize.org) bildirilir ki, mükafat fondu 1000000 ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib. Final mərhələyə isə Məhəmməd Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edir. Sevindirici haldır ki, bu müsabiqədə Azərbaycanı Məhəmməd Qarakişiyev (postsovet məkanı ölkələrindən yeganə namizəd!) təmsil edib. Gəlin, Məhəmməd Qarakişiyevi daha yaxından tanıyaq. Məhəmməd Qarakişiyev 1981-ci ildə anadan olub. 2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. Balakən rayonunda ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İngilis dilinin tədrisi üçün ilk dəfə təmənnasız olaraq "Danışıq klubu" (Conversation club) təşkil edib. Burada tələbələr müxtəlif mövzular əsasında ingilis dilində anlama, yazma və danışma qabiliyyətlərini artırmaq imkanı əldə ediblər. 2012-ci il sentyabr -noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International Research & Exchanges Board)-in müsabiqəsi əsasında ingilis dili müəllimləri üçün 6 həftəlik ixtisasartırma proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək müvəffəqiyyət sertifikatları ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar keçirib. "Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində M.Qarakişiyev müsabiqədə dünyanın 150-dən artıq ölkəsindən 5 min müəllimin iştirak etdiyini və öz fəaliyyətində yeni novator ideyalardan, təlim texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin əhatə olunduğunu bildirdi. Müsabiqənin hər il keçirildiyini bildirən müsahibimiz qeyd edib ki, "Dünya Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər üçün bir sınaqdır. - Bu müsabiqədə iştirak etməkdə məqsədim Azərbaycanı yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün dünyada qlobal müəllim müsabiqəsi hesab olunur. Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan şəxslərə verilir. Müsabiqənin qeydiyyat mərhələsində namizədlər "müəllim peşəsini niyə seçibsən, müəllimlik sizin üçün nədir "kimi suallara əsaslı cavab verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin öz şagirdlərinin həyatında və bütövlükdə cəmiyyətdə nə kimi mühüm rol oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət edir. Müsabiqədə iştirak etmək üçün müəllimin namizədliyi özü, şagirdləri, onların valideynləri və ya həmkarları tərəfindən irəli sürülə bilər. Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq. Biz də Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində uğurla təmsil edən Məhəmməd Qarakişiyevə "təhsil sahəsində Nobel mükafatı" almasını arzulayırıq. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Dekabrın 12-də Təhsil Nazirliyinin rəhbərliyi və təhsil ictimaiyyətinin nümayəndələri ulu öndərin anım günü ilə əlaqədar Fəxri xiyabana gələrək ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
08/07/2015 16:52
Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatları ictimaiyyətə təqdim etməyə başlayır.
2014-cü ildə məktəbəqədər və ümumi təhsil sahəsi üzrə həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər Məktəbəqədər təhsil Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fond yeni layihəyə-məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına start verib. Proqramda ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin: - genişmiqyaslı tikintisi; - yenidənqurulması; - əsaslı təmirinin dəstəklənməsi nəzərdə tutulur. Paytaxtın 89 ümumi təhsil müəssisəsində məktəbəqədər hazırlıq qrupları fəaliyyətə başlayıb. Qruplar uşaqların tədrisə hazırlıqlı başlaması və müəyyən bilikləri əldə etməsi məqsədlərinə xidmət edir. “Məktəbəqədər təhsilin proqramı (kurikulumu)”nın tətbiqi üzrə məktəbəqədər təhsil müəssisələrinin 3093 pedaqoji işçisi üçün öyrədici təlimlər keçirilıb. 2015-ci ildə təlimlər bütün məktəbəqədər təhsil müəssisələrinin pedaqoji işçiləri üçün təşkil olunacaqdır. Ümumi təhsil Ümumi təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetlərinə uyğun olaraq, sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəblərin idarəedilməsinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətlərində fəaliyyət 2014-cü il ərzində də uğurla davam etdirilib. 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbində 15 pilot “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir. Təhsil Nazirliyinin sifarişi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün “Oturaq həyat tərzi-sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilərək ümumi təhsil, ilk-peşə və orta ixtisas, eləcə də ali təhsil müəssisələrinə paylanılıb, ictimaiyyətə təqdim olunub. 10 000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji-pedaqoji monitorinqi keçirilir. Fizika-riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzi açılıb. Olimpiada Mərkəzinin yaradılmasının əsas məqsədi istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsi və şagirdlərin olimpiadalara mütəşəkkil və davamlı şəkildə hazırlanmasının təşkilindən ibarətdir. Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb. 2014-cü ildə il ilk dəfə olaraq, Azərbaycanda maksimum adda və sayda–271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb. Növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır. Həmçinin, növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumi təhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilindən istifadəyə veriləcək. Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub. “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib. Cari ildə kənd məktəblərində ciddi ehtiyac olan kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə işə qəbul olunanların sayında ciddi artım olub. Belə ki, coğrafiya fənni üzrə 230, fizika fənni üzrə 175, biologiya fənni üzrə 161, kimya fənni üzrə 89 nəfər işə qəbul olunub. Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. Artıq ümumi təhsil müəssisələrini əhatə edən ikinci müvafiq təlimə start verilib. Belə ki, ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün keçirilən müsabiqə davam etməkdədir. Ölkəmizdə ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan 28 758 müəllimin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin ölkəmizin bütün regionlarını əhatə etməsi nəzərdə tutulub. 2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlanılıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır. Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar. Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar təsdiq olunub. Yeni qaydalara əsasən, dörd və daha artıq fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılacaq. Üç fəndən illik “qeyri-kafi” qiymət alan V-VIII və X sinif şagirdlərinə isə həmin fənlərdən yay tapşırıqları veriləcək. Həmin şagirdlər avqustun 25-dən sentyabrın 10-dək təkrar imtahan verməklə növbəti sinfə keçə biləcəklər. Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən “qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılacaq. İbtidai sinif şagirdləri isə uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma səbəbindən təkrar sinifdə saxlanıla bilərlər. Bundan başqa, ikinci yarımildə bu və ya digər fəndən “qeyri-kafi” qiymət alan şagirdə həmin fəndən müsbət illik qiymət verilə bilməz. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi, nəğmə, rəsmxətt fənləri üzrə şagirdlərin biliyinin qiymətləndirilməməsi isə onların yuxarı sinfə keçməsinə təsir etməyəcək. 6 nömrəli məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramının (BBP) ilk buraxılışı olub. BBP dünyanın 130-dan çox ölkəsi və 2500 universitet (Oksford, Harvard, Kembric, Yel və digər universitetlər) tərəfindən tanınır. Təhsil Nazirliyinin dəstəyi ilə orta məktəblərdə mühəndisliyi təşviq edən seminarlar keçirilib. “BP-Azerbaijan” şirkətinin yeni təşəbbüsü Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın yuxarı sinif şagirdini əhatə edib. 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb. 2014-cü ilin fevral-may aylarında rayon və şəhərlərdəki ümumi təhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslər tədris olunub. Təhsil Nazirliyi “Məktəb qəhrəmanları ilə tanınır” adlı yeni layihəyə start verib. Layihənin məqsədi müasir təhsili milli-mənəvi dəyərlərimiz fonunda inkişaf etdirmək, şagirdlərə vətənpərvərlik ruhu aşılamaq, qəhrəmanlıq ənənələrini formalaşdırmaq və Milli Qəhrəmanlarımızı yaddaşlarda yaşatmaqdan ibarətdir. Təhsil Nazirliyinin təşəbbüsü ilə riyaziyyat və təbiət elmləri üzrə fənn müsabiqələrinə start verilib. Təhsil Nazirliyi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsi keçirilib. Müsabiqə təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, “peşəkar müəllim” obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsi məqsədilə təşkil olunub. Müsabiqənin nəticələrinə əsasən, qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Təhsil Nazirliyi şagirdlərdə mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi məqsədilə yeni layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas qayəsi təhsil müəssisələrinin nəzdində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanış olması üçün şəraitin yaradılmasından ibarətdir. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur. Həmçinin, şagirdlərdə müasir İKT vasitələrindən istifadə etməklə səmərəli axtarış və dəyərli paylaşma mədəniyyətinin formalaşdırılması və təbliğinə nail olunması layihənin əsas hədəfləri sırasındadır. Bakıda 52 ümumi təhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində internat məktəblərinin bir çoxu əsaslı tikinti və yenidənqurmadan sonra yeni görkəm alıb. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri aparılır, 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinin başlanılması nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə 7 ədəd “Hyundai County” markalı avtobus verilib. Həmin nəqliyyat vasitələri ilə uşaqların Bakı şəhərində, eləcə də bölgələrdə yerləşən tarixi abidə və muzeylərə ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur. İnternat məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb. Kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı: Təhsil müəssisələrinə: 6000 ədəd kompüter; 3000 ədəd notebook; 700 ədəd proyektor; 1377 ədəd elektron lövhə verilib. 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub. - 900 nəfər təhsil sisteminin inzibati idaretmə heyəti işçiləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlər keçirilib; - 650 nəfər “1 şagird : 1 kompüter” təhsil modelinin ümumi təhsil müəssisələrində reallaşdırılmasına yönəlmiş treninqlərə cəlb olunub; - 700 nəfər təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə treninqlərə cəlb olunub; - 450 nəfər müəllim və inzibati idarəetmə heyəti işçiləri İKT-nin tədrisə tətbiqi üzrə mentorluq treninqlərinə cəlb edilib; - 1200 nəfər ibtidai siniflərdə dərs deyəcək müəllim tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə treninqlərə cəlb olunub; - 375 nəfər üçün Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə treninqlər keçirilib. Elektron dərslik portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Portal təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradır. Məktəblilər portal vasitəsilə istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. Bu sistem təhsilalanların dərsliklərdən istifadəsində mobilliyi artıracaq, onların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaqdır. 2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib. 2015-ci ildə 92 təhsil müəssisəsi üçün yeni binanın tikintisi, 64 təhsil müəssisəsinin binasının əsaslı təmir olunması və 50 təhsil müəssisəsinin binasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulub.
08/07/2015 16:52
Dekabrın 15-də Təhsil Nazirliyinin elektron resurslarının təqdimatı keçirilib.
Təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, müvafiq dövlət qurumlarının rəsmiləri, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, informasiya texnologiyalarının yüksək inkişaf tempi və qloballaşma fonunda təhsilin informasiyalaşdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas məqsədlərdən biridir. Təhsil Nazirliyinin şəbəkə əsaslı təhsilin coğrafiyasını daha da genişləndirəcəyini qeyd edən nazir müxtəlif növ elektron təhsil resurslarının hazırlanması istiqamətində müvafiq layihələrin həyata keçirildiyini söyləyib. Təhsil naziri bu gün ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində uğurla icra olunan müasirləşmə siyasətinin təməlində ölkə Prezidentinin irəli sürdüyü aşağıdakı konsepsiyanın durduğunu vurğulayıb: “Ölkəmizi müasirləşdirməliyik, zənginləşdirməliyik. Çünki müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, burada tərəqqini müəyyən edən neft-qaz yox, məhz bilik, texnologiyalar, təhsildir. Ölkəmizin hərtərəfli və sürətli inkişafını təmin etmək üçün biz sərmayəni ilk növbədə təhsilə, biliyə, gənclərimizin maarifləndirilməsinə yönəltməliyik”. Elektron resursların böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirdiyini deyən nazir bildirib ki, qeyd olunan resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu tipli təhsil resurslarına çıxış əldə edə bilər. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin ötən ildən dərsliklər üzərində müəlliflik hüququnu əldə etməsi elektron resursların yaradılması işinə böyük təkan verib: “Müəlliflik hüququ bizə imkan verir ki, dərslikləri tam açıq şəkildə internetə yerləşdirək və hər bir istifadəçiyə pulsuz olaraq təqdim edək” . Milli Məclisin üzvü Bəxtiyar Əliyev elektron tədris resurslarının yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Millət vəkili yeni resursların ölkədə təhsilin müasir standartlara uyğunlaşdırılması işinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini vurğulayıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev elektron resursları təqdim edib. Böyük istifadəçi kütləsini əhatə edən www.e-derslik.edu.az portalında II, III, VI və VII siniflər üzrə dərsliklər yerləşdirilib. Bu günə qədər 25 000-dən artıq istifadəçi portalda qeydiyyatdan keçərək elektron dərsliklərdən istifadə edir. Elektron dərsliklər hər şagirdə təhsil prosesində fəal iştirak etməyə, onların öyrənmə prosesini fərdiləşdirməyə şərait yaradır. Elektron dərslikləri kompüter, planşet və ya mobil telefon üzərindən onlayn və oflayn formatlarda istifadə etmək mümkündür. Bu resurslar dərslərdə müəllimlər tərəfindən də istifadə oluna bilər. Mərasimdə təqdimatı keçirilən digər bir elektron resurs www.video.edu.az videodərslərdən ibarətdir. Tədris prosesini daha yaradıcı edən və şagirdlər tərəfindən məlumatın qavranılmasını asanlaşdıran video dərslər fizika, kimya, ədəbiyyat, Azərbaycan dili, həyat bilgisi, biologiya üzrə məktəb proqramını və ibtidai siniflərin seçilmiş mövzularını əhatə edir. Portala 100-ə qədər videodərs yüklənib. Digər bir yeni resurs “Elektron tapşırıqlar”dır. Burada dərsliklərə uyğun tərtib olunmuş interaktiv suallar və test tapşırıqları yerləşdirilib. Elektron tapşırıqlar əsasında onlayn formada şagirdlərin biliklərini qiymətləndirmək, nəticələrin monitorinqi aparmaq və müvafiq reytinqlər hazırlamaq mümkündür. Təhsil Nazirliyinin mütəxəssisləri tədbir iştirakçılarına “Xarici elektron resurslar”ı da təqdim ediblər. Bildirilib ki, müxtəlif xarici şirkətlərın hazırladığı resurslar Azərbaycan dilinə tərcümə edilib və “Xarici elektron resurslar”da toplanıb. Resurslar fizika, kimya, biologiya və riyaziyyat fənlərini əhatə edir.Bu il daha 30 xarici elektron resurs hazırlanaraq portala yüklənib və bununla, portaldakı xarici elektron resursların ümumi sayı 200-yə çatıb. Məktəblilərin bilik və bacarıqlarını artıran vasitələrindən biri də məqsədyönlü hazırlanmış elektron oyunlardır. Şagirdlərin fərdi və ya qrup şəklində əyləncəli formada biliklərinin artırılması üçün tarix və coğrafiya fənləri üzrə 50 oyun hazırlanıb. Tarix fənni üzrə hazırlanmış oyunlar Azıx mağarası, daş, tunc, dəmir dövrləri, eləcə də XIV - XVI əsrə aid döyüşləri, Səfəvilər dövləti kimi mövzuları, coğrafiya fənni üzrə hazırlanmış oyunlar Azərbaycan çaylarını, dağları, gölləri və digər mövzuları əhatə edir. Təhsil Nazirliyinin hazırladığı daha bir elektron resurs - www.e-sinif.edu.az yaradılıb. Portal hər bir vətəndaşa geniş öyrənmə imkanları verir. Müəllim kimi qeydiyyatdan keçənlər virtual dərslər yaratmaq imkanı əldə edir, ayrı-ayrı video, audio, təqdimat və mətn formatında olan resursları bölüşür, imtahanlar keçirir, öyrənənlərlə müzakirələr aparır və onların biliklərini qiymətləndirirlər. Şagird kimi qeydiyyatdan keçənlər isə müxtəlif elektron siniflərə daxil olmaqla dərslərdə iştirak edir, məhdudiyyətsiz öyrənmə imkanları qazanırlar. Tədbirdə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ təhsilin keyfiyyətinin yüksəldilməsi, modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıdır. Müasir texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların təhsildə uğurlu tətbiqi Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işlərin bir hissəsidir.
08/07/2015 16:52
Dekabrın 16-da Təhsil Nazirliyi “Mütaliə mədəniyyətinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsinin təqdimatını keçirib.
Bakı şəhəri Tahir Həsənov adına 23 saylı tam orta məktəbdə keçirilən təqdimatda təhsil naziri Mikayıl Cabbarov, Milli Məclisin üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, qeyri-hökumət təşkilatlarının rəhbərləri, yazıçılar, Bakı və Sumqayıtın orta məktəb direktorları iştirak edib. 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova qonaqları salamlayaraq layihənin təqdimatını edib. Təqdimatda təhsilalanlarda mütaliə mədəniyyətinin və oxuya marağın artırılmasının əhəmiyyəti vurğulanıb. Sonra müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri oxuduqları kitabları müzakirə ediblər. Müzakirə tədbir iştirakçıları tərəfindən maraqla izlənilib. Nazirin təklifi ilə qonaqlar da müzakirəyə qoşulublar və şagirdlərin mütaliə etdiyi kitablarla bağlı fikirlərini açıqlayıblar. Mütaliə klublarının müzakirələrinə qoşulduğu üçün yaradıcı insanlara təşəkkürünü bildirən nazir layihənin ümumtəhsil məktəb şagirdlərinin oxuya həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini qeyd edib. Nazirin fikrincə, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına müsbət təsir göstərəcək. Düzgün təşkil edilmiş və planlaşdırılmış mütaliə biliyi genişləndirməklə yanaşı, insana məmnunluq hissləri bəxş edir. Mikayıl Cabbarov yazıçılara müraciət edərək onları uşaq ədəbiyyatına aid yeni hekayələrin, müasir dövrlə səsləşən əsərlərin, ümumilikdə, yeni məzmunun yaradılmasında fəal iştirak etməyə çağırıb: “Biz bununla bağlı təşkilati məsələləri həll etməyə, yeni əsərləri bütün təhsilalanlara çatdırmağa, kitabxanalara yerləşdirməyə hazırıq. Bu məzmunu müvafiq şəkildə tədris proqramlarında, dərsliklərdə və ya dərsdənkənar oxu fəaliyyətində istifadə etmək niyyətindəyik”. Nazir şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsində valideynlərin də üzərinə böyük yük düşdüyünü qeyd edib. Övladının hər bir qayğısına qalan valideynlər onlarda kitab oxuma vərdişinin yaranmasına da diqqət yetirməldirlər. Bununla bağlı Mikayıl Cabbarov maraqlı statistika açıqlayıb. Amerika Birləşmiş Ştatlarında məktəb yaşı çatmamış uşaqları olan əhalinin 60 faizi hər gün onlara kitab oxuyurlar. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar və Birliyin katibi Çingiz Abdullayev layihənin əhəmiyyətini yüksək dəyərləndiriblər. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB rəsmiləri bu prosesə dəstək verəcəklərini bildiriblər. Qeyd edək ki, layihənin əsas məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir. Layihə çərçivəsində şagirdlər və müəllimlər arasında oxunan ədəbiyyatın, müxtəlif mətn növlərinin müzakirə yolu ilə dəyərləndirilməsi, mübadiləsi, şagirdlərdə reflektiv oxu vərdişlərinin yaradılması nəzərdə tutulur.
08/07/2015 16:52
Dekabrın 15-də Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə” özünüidarəetmə günü keçirilib.
Azərbaycanın ali təhsil ocaqları arasında ilk təcrübə olan bu layihə tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında və onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Layihə çərçivəsində bir gün universitetin rektor, prorektor və dekanlarını səsvermə yolu ilə seçilmiş tələbələr əvəz edib. Həmin gün tələbələr universitetdə tədris prosesi, inzibati və digər işlərlə bağlı tam hüquqi qüvvəyə malik qərarlar qəbul edə, təşəbbüslər irəli sürə bilərlər. Tələbələr özünüidarəetmə gününə ümummilli lider Heydər Əliyevin ali təhsil ocağının foyesindəki büstü önünə əklil və gül dəstələri qoymaqla başlayıblar. Sonra Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin iştirakı ilə ”Beynəlxalq münasibətlərin tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib. Növbəti tədbir ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzində baş tutub. Türkiyə səfirliyinin müşaviri Abdulqafar Böyükfırat tələbələrlə görüşüb. Görüş çərçivəsində “Bir millət, iki dövlət” adlı qısametrajlı film nümayiş olunub. Daha sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko BSU-nun Ukrayna Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb. Tədbirdə tələbələrdən ibarət “Slavyanoçka” rəqs qrupu müxtəlif rəqs nümunələri ilə çıxış edib. Həmçinin, Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, xanım Branislava Vaqnerova ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadiyyatı, mədəniyyəti və incəsənəti haqqında maraqlı söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso Maria Muchoya həsr olunmuş təqdimat keçirilib. Xəlifə günü çərçivəsində jurnalistika və Azərbaycan filologiyası ixtisasları üzrə təhsil alan tələbələr üçün tanınmış jurnalist Etibar Babayevin “Ustad dərsi” olub. “Dil problemi və verlişlərdə qaydaların pozulması” mövzusunda söhbət aparan E.Babayev tələbələrin çoxsaylı suallarını cavablandırıb. Belarus Dili və Mədəniyyəti Mərkəzində Belarusun Azərbaycandakı konsulu Alek Aleksandroviç tələbələrlə görüşüb. Görüşdə “Belarus ədəbiyyatının inkişafı” adlı təqdimat olub. Filologiya fakültəsində yazıçı Natella Osmanlı “Ədəbiyyat qadınların gözü ilə” mövzusunda “Açıq dərs” keçib. Həmçinin, həmin fakültənin III kurs tələbələri üçün cərrah Qail Qasımovun tibbi biliklər fənnindən mühazirəsi təşkil olunub. Magistratura şöbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və professor Fuad Məmmədovla “Pulla alına bilməyən dəyərlər” mövzusunda görüş keçirilib. “Bədən dilimiz nədən bəhs edir” psixoloji seminarında jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva magistrant və tələbələrlə maraqlı müzakirələr aparıblar. Oksford Universitetində təhsil alan azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü də maraqlı məqamlarla yadda qalıb. Tələbələrin “Bir günlük Xəlifə” özünüidarəetmə günündə universitetin iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə üzərinə düşən işi uğurla yerinə yetirməyə çalışıblar.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı