SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 22-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Türkiyənin Hacəttəpə Universiteti arasında elmi əməkdaşlıq və mübadilə protokollarının imzalanması mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Qulu Novruzov, Hacəttəpə Universitetinin rektoru, professor Murat Tuncerin rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycanın 20 illik müstəqillik tarixində ilk dəfə qardaş Türkiyənin bir ali məktəbi ilə Azərbaycanın aparıcı universitetləri arasında müvafiq protokolların eyni vaxtda imzalandığını bildirib. Q.Novruzov təhsil naziri Misir Mərdanovun salamlarını qonaqlara çatdıraraq Azərbaycanda həyata keçirilən təhsil islahatlarından söz açıb, ali təhsil sahəsinin inkişafı istiqamətində görülmüş işlərə toxunub. Nazir müavini ali təhsilin müasir tələblər səviyyəsinə qaldırılması üçün dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Türkiyə ali məktəblərinin də təcrübəsindən yararlanmağın, universitetlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramının uğurla həyata keçirildiyini bildirən nazir müavini qarşıdakı müddətdə minlərlə azərbaycanlı tələbənin dünyanın nüfuzlu universitetlərinə göndəriləcəyini nəzərə çatdırıb. Artıq azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu universitetlərində oxumaq imkanlarının daha da genişləndiyini söyləyən Q.Novruzov bununla bərabər, ölkəmizdə qardaş Türkiyənin ali məktəblərinə kifayət qədər maraq olduğunu vurğulayıb. Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Hacəttəpə Universitetinin rektoru Murat Tuncer ölkələrimiz arasındakı münasibətlərin təhsil sahəsindəki əlaqələrin inkişafına təkan verdiyini qeyd edib. Azərbaycanın bir sıra aparıcı universitetləri ilə Hacəttəpə Universiteti arasında imzalanacaq elmi əməkdaşlıq və mübadilə protokollarını yüksək dəyərləndirən rektor rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib, əməkdaşlığın gələcək inkişafına hərtərəfli dəstək göstərəcəklərini nəzərə çatdırıb. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, təhsil müəssisələrinin qarşılıqlı əlaqələrindən söhbət açan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ölkələrimizin ümumi mənafeyi naminə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd ediblər. Mərasimin sonunda Hacəttəpə Universiteti ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında elmi əməkdaşlıq və mübadilə protokolları imzalanıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Bu münasibətlə iyunun 25-də Təhsil Nazirliyində tədbir keçirilib. Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq Azərbaycanla Dağıstan arasında mövcud olan tarixi və mədəni əlaqələrdən danışıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayan Misir Mərdanov bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyinə də toxunub. Tədbirdə iştirak edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından, son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan söz açıb. Qonaq hər iki xalqın dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olduğunu, dövlətimizin başçısı tərəfindən göstərilən yüksək diqqəti xüsusi vurğulayıb. Daha sonra Maqomed Qurbanov Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni Misir Mərdanova təqdim edib. Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.
08/07/2015 16:52
İyunun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovla görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da genişləndiyini bildirən nazir iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Misir Mərdanov Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin Azərbaycan-Almaniya təhsil əlaqələrinin səmərəliliyinin artırılmasında böyük xidmətləri olduğunu diqqətə çatdırıb və onun bu istiqamətdə gördüyü işləri xüsusi qeyd edib. Nazir iki ölkənin təhsil əlaqələri çərçivəsində artıq peşə təhsili üzrə əməkdaşlığın yaradıldığını və bu sahədə müəyyən addımlar atıldığını deyib. Təhsil naziri hazırda uğurla həyata keçirilən “Kənd təsərrüfatı üzrə peşə təhsili sisteminin təkmilləşdirilməsi” (TVİNNİNQ) layihəsini Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın müsbət nümunəsi kimi nəzərə çatdırıb. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov iki ölkənin təhsil sahəsindəki uğurlu əlaqələrindən və onun daha da möhkəmləndirilməsi istiqamətlərindən söz açıb. Səfir bu görüşün təhsil sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyəti olacağını inamla vurğulayıb. Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Almaniya-Azərbaycan təhsil əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirən fəxri konsul ölkəmizdə peşə təhsili sahəsi üzrə yeni layihənin həyata keçirilməsi təklifi ilə çıxış edib. Otto Hauzer Azərbaycanda Almaniya modeli əsasında pilot peşə təhsili müəssisəsinin yaradılması istiqamətlərindən bəhs edib və müvafiq layihənin Sumqayıt şəhərində reallaşdırılacağını açıqlayıb. Qonaq pilot peşə təhsili müəssisəsində təhsil müddətinin 3 il olmasının və burada iqtisadiyyatın kimya, tikinti, mexatronika sahələri üzrə kadr hazırlığının aparılmasının nəzərdə tutulduğunu bildirib. Yeni yaradılacaq müəssisənin mövcud region üçün əhəmiyyətli olacağını vurğulayan qonaq müvafiq binanın tikintisi, tədris vəsaitlərinin, kurikulumların hazırlığı, müəllim heyətinin ixtisaslaşması, onların Almaniyada təlim kurslarında iştirakı məsələlərinə toxunub. Otto Hauzer, həmçinin alman dilində mövcud olan tədris materiallarının Azərbaycan dilinə tərcümə edilməsinin zəruriliyindən də söz açıb. Çıxışının sonunda Otto Hauzer göstərilən yüksək dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Nazir Almaniyada peşə təhsili sisteminin inkişafından bəhs edərək bu ölkənin qeyd olunan sahədəki mövcud təcrübəsindən bəhrələnməyin vacib olduğunu önə çəkib. Təhsil naziri ölkəmizdə reallaşdırılması nəzərdə tutulan layihəni müsbət dəyərləndirdiyini və müvafiq təşəbbüsü dəstəklədiyini deyib. Peşə təhsili müəssisəsinin məhz Sumqayıtda istifadəyə verilməsinə xüsusi önəm verdiyini açıqlayan nazir bildirib ki, yeni yaradılacaq müəssisə bu şəhərdəki iri sənaye obyektlərinin, texnoparkların ixtisaslı kadrlara olan tələbatının ödənilməsində və onların fəaliyyətinin genişləndirilməsində böyük rol oynaya bilər. Misir Mərdanov layihənin daha səmərəli həyata keçirilməsi və idarəolunması üzrə işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb, bununla bağlı müəyyən addımlar atılmasının önəminə diqqət çəkib. Görüşdə peşə təhsili müəssisəsinin yaradılması üzrə müvafiq qurumlarla birgə iş aparılması, bu müəssisə tərəfindən məzunlara veriləcək diplomun Almaniyada tanınması, treninq kurslarının təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Avqustun 19-da Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş növbəti tədbir keçirilib.
“Təhsilin əsasları” fənninin mütəxəssislərin iştirakı ilə ilk müzakirəsindən ötən müddətdə bir çox təklif və tövsiyələrin nəzərə alındığını qeyd edən təhsil naziri Misir Mərdanov dərsliyin məzmun xətləri və dərs saatlarının bölgüsü barədə fikirlərini bildirib. İlk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini söyləyən nazir ayrı-ayrı dərs materiallarının daha da təkmilləşdirilməsinin, ali məktəb müəllimləri üçün nəzərdə tutulan 10 günlük treninqlərə ciddi yanaşılmasının zəruri olduğunu vurğulayıb. Təhsil naziri deyib ki, “Təhsilin əsasları”nı tədris edəcək müəllimlər üçün keçiriləcək treninqlər fənnin məzmununun əsas istiqamətlərinin və müasir təlim texnologiyalarından istifadə vərdişlərinin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sonra dərs vəsaitinin məzmun xətlərinin praktik xarakter alması üçün müvafiq işçi qrupunun apardığı dəyişikliklərdən bəhs edən təqdimat məruzəsi ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislərin dərs vəsaitinin müxtəlif cəhətləri haqqında təklif və tövsiyələri dinlənilib.
08/07/2015 16:52
İyunun 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Dövlət Aqrar Universiteti, Ağdaş Dövlət Humanitar Kolleci, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci və Bakı Humanitar Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda Azərbaycan Dövlət Aqrar Universitetində aparılmış akkreditasiyanın nəticələri haqqında Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. Şöbə müdiri bu təhsil ocağının ümumi fəaliyyətindən, təhsil proqramları üzrə hazırlığın məzmunundan, kadr təminatından bəhs edib. H.Zərbəliyev qeyd olunan təhsil müəssisəsi üzrə yaradılmış Akkreditasiya Komissiyasının universitetdə tədrisin təşkili vəziyyətini ətraflı təhlil etdiyini bildirib və komissiyanın gəldiyi qənaətlə şura üzvlərini tanış edib. Ağdaş Dövlət Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Texniki Kollecinin tədris işləri üzrə direktor müavini Fərrux Məmmədov təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğundan söz açaraq son 5 ildə məzunların ümumi göstəriciləri, aparılmış test sorğusunun nəticələri barədə məlumatları təqdim edib. O, kollecin fəaliyyətinin daha səmərəli təşkili üçün Akkreditasiya Komissiyanın təklif və tövsiyələrini nəzərə çatdırıb. Daha sonra Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə aparılmış araşdırma barədə çıxış etmək üçün söz Akkreditasiya Komissiyanın sədri, Bakı Sosial İqtisad Kollecinin tədris hissə müdiri İbad Əsədova verilib. İ.Əsədov kollecdə mütəxəssis hazırlığının keyfiyyəti və digər göstəricilər üzrə komissiyanın gəldiyi qənaəti iştirakçıların diqqətinə çatdırıb. Bakı Humanitar Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının dosenti Xatirə Həsənzadə bu təhsil müəssisəsinin fəaliyyət istiqamətlərindən, tədris şəraitindən, maddi-texniki bazasından bəhs edib, həmçinin kollecin pedaqoji heyətinin fəaliyyəti haqqında məlumat verib. Təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin ölkəmizdə təhsilin keyfiyyətinin daha da artırılmasına xidmət etdiyini vurğulayıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib. Akkreditasiya Şurasının iclasında müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti “yaxşı”, digər üç kollecin fəaliyyəti isə “kafi” qiymətləndirilib və bu təhsil müəssisələrinin müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
08/07/2015 16:52
İyunun 28-də təhsil naziri Misir Mərdanov YUNESKO-nun İnformasiya- kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust və İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri Farida Allaqhi ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib. Ölkəmizin təhsil sistemi haqqında geniş məlumat verən nazir Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu sahə üzrə həyata keçirilən irimiqyaslı layihələr, aparılan islahatlar barədə danışıb. Misir Mərdanov ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi diqqəti xüsusi qeyd edib və dövlət başçısının neft kapitalının ölkədə insan potensialının inkişafına yönəldilməsi strategiyasının yerinə yetirilməsi üzrə atılan addımlardan bəhs edib. Nazir ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqinin prioritet sahə olduğunu vurğulayıb. Son illər Azərbaycanda ümumi təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması istiqamətində mühüm işlər görüldüyünü nəzərə çatdıran təhsil naziri müəllimlərin müvafiq texnologiyalardan istifadəsi üzrə treninqlərdən keçirildiyindən bəhs edib. Daha sonra Misir Mərdanov Təhsil Nazirliyinin YUNİSEF və YUNESKO ilə sıx əməkdaşlıq etdiyini bildirib və birgə reallaşdırılan tədbirlərdən danışıb. Nazir təhsil sahəsinin inkişafı istiqamətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti haqqında məlumat verib. İnsan hüquqları müdafiəçisi, vətəndaş cəmiyyətinin dəstəyi üzrə Liviya forumunun rəhbəri xanım Farida Allaqhi səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, eləcə də Liviyada və digər ərəb ölkələrində təhsilin vəziyyətindən söz açıb. YUNESKO-nun İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust İsveçrənin orta məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vəziyyəti, bu sahədə əldə olunan uğurlar barədə nazirə məlumat verib. Qonaq, həmçinin İsveçrənin müvafiq istiqamətdəki təcrübəsindən danışıb, birgə əməkdaşlığın yaradılması üzrə təkliflərlə çıxış edib. Görüşdə tərəflər qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
08/07/2015 16:52
İyunun 29-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək “Elektron təhsil” Respublika müsabiqəsinin mühüm əhəmiyyətini qeyd edib. Nazir müsabiqənin keçirilməsinin əsas məqsədinin tədris prosesində elektron tədris resurslarından, internet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarət olduğunu açıqlayıb. Müsabiqənin “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunduğunu qeyd edən nazir onu da əlavə edib ki, bu işə “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AzEduNet, Ultra, “Nar Mobile”, HP və Mədəd təşkilatları tərəfindən dəstək göstərilib. Sonra Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə, müvafiq sahədə çalışanlara göstərdiyi diqqət və qayğısından danışıb. Nazir qeyd edib ki, dövlət başçısının bu günlərdə imzaladığı “2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” və “Ən yaxşı müəllim” müsabiqələri qaliblərinin mükafatlandırılması haqqında” sərəncamları bu diqqətin daha bir bariz nümunəsidir. “Elektron təhsil” müsabiqəsini qeyd olunan müsabiqələrin davamı kimi qiymətləndirən təhsil naziri ümumilikdə görülən işlərin innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb. Nazir “Elektron təhsil” Respublika müsabiqəsinin “Elektron tədris resursları” və “Təhsildə internet texnologiyaları” istiqamətləri üzrə müəyyənləşdirilmiş nominasiyalara əsasən təşkil olunduğundan söz açıb. Nazir onu da əlavə edib ki, respublika üzrə üçüncü dəfə keçirilən müsabiqədə 817 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 112-si nominant seçilib, 16 nəfər isə qalib adına layiq görülüb. Misir Mərdanov müsabiqə üzrə “Ən fəal region məktəbi”nin seçildiyini də qeyd edib. Müsabiqə iştirakçılarının statistikasını nəzərə çatdıran təhsil naziri bildirib ki, yarışmaya Bakı şəhəri üzrə 235, Gəncədən 229, İsmayıllıdan 109, Sumqayıtdan 71, digər rayonlardan isə 173 layihə təqdim olunub. Təhsil naziri, həmçinin müsabiqədə ən fəal iştirak edən regionların Gəncə, İsmayıllı, Zaqatala, Qax, Ağdaş, Xaçmaz, Ucar və Şəki olduğunu deyib. Çıxışının sonunda Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanlara, bu işdə yaxından iştirak edən bütün təşkilat və şirkətlərə təşəkkürünü bildirib, qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər mükafatlar təqdim olunub.
08/07/2015 16:52
İyulun 2-də Mədəniyyət və Turizm Nazirliyində bu qurumla Təhsil Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair sazişin imzalanması mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq qarşılıqlı əməkdaşlığa dair sazişin prioritet istiqamətləri barədə məlumat verib, bu sənədin mədəniyyət və turizm sənayesi üçün peşəkar kadr hazırlığı sahəsində əməkdaşlığı nəzərdə tutduğunu qeyd edib. Nazir onu əlavə edib ki, sazişdə ümumi təhsil müəssisələri, uşaq yaradıcılıq mərkəzləri, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin ölkəmizin qoruq və muzeylərində tarix, diyarşünaslıq, bədii təhsil üzrə səyyar dərslərinin təşkili və keçirilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafından danışıb və qeyd edib ki, mövcud sahənin inkişafı peşəkar kadrlara tələbatı artırıb. İmzalanacaq sazişin müvafiq istiqamətdə təhsilin daha da yüksəldilməsinə şərait yaradacağını qeyd edən təhsil naziri bu sənədin mühüm əhəmiyyətini vurğulayıb. Nazir, həmçinin sazişdə göstərilən bəndlərin həyata keçirilməsinin vacibliyinə diqqət çəkib. Misir Mərdanov bir sıra fənlərin, o cümlədən Azərbaycan tarixi fənninin müxtəlif mədəniyyət ocaqlarında tədrisinin şagirdlər üçün önəmli olduğunu vurğulayıb. Məlumat üçün qeyd edək ki, qarşılıqlı əməkdaşlığa dair sazişdə aidiyyəti ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üzrə dövlət sifarişinin hazırlanmasının tənzimlənməsi, bu müəssisələrdə kadr hazırlığının təkmilləşdirilməsi, turizm elminin inkişaf etdirilməsi, həmçinin birgə konfrans, seminar və dəyirmi masaların təşkili və digər məsələlər öz əksini tapıb. Gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması, mövcud olan müxtəlif tipli tədris müəssisələrinin fəaliyyətlərinin geniş inteqrasiya üzrə qurulması da sazişdə nəzərdə tutulan vacib məsələlərdəndir. Mərasimdə Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycanda musiqi təhsilinin inkişafı sahəsində əməkdaşlığının daha da genişləndirilməsinin təmin edilməsi məqsədilə birgə işçi qrupunun yaradılması qərara alınıb. Həmin qrupa hər iki dövlət qurumunun əməkdaşlarının, ali və orta ixtisas təhsili müəssisələrinin və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mütəxəssislərinin daxil ediləcəyi qeyd olunub. Sonra Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair saziş imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıb. Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, mədəniyyət və turizm nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.
08/07/2015 16:52
İyulun 4-də Təhsil Nazirliyində azərbaycanlı gənclərin xaricdə, əcnəbi tələbələrin isə ölkəmizdə təhsilinə dair tədbir keçirilib.
Tədbirdə, həmçinin təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin İtaliya və Litva respublikalarına səfərlərinin nəticələri barədə təqdimat dinlənilib. Misir Mərdanov iştirakçıları salamlayaraq son illər təhsil sahəsində aparılan uğurlu layihələrdən, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Son illər xarici ölkələrə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclərin sayının artdığını qeyd edən nazir iştirakçıları statistik rəqəmlərlə tanış edib. Misir Mərdanov bildirib ki, 2007-2008-ci tədris ilində müvafiq proqram çərçivəsində 66, 2008-2009-cu tədris ilində 134, 2009-2010-cu tədris ilində 308, 2010-2011-ci tədris ilində 275, 2011-2012-ci tədris ilində 421, ümumilikdə isə 1204 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Nazir gənclərin çoxunun Türkiyə, Almaniya, Böyük Britaniya, Kanada, Rusiya və digər ölkələrdə oxuduğunu bildirib. Təhsil naziri 2011-2012-ci tədris ilində qeyd olunan Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ölkələr üzrə statistikasını açıqlayıb. Nazir bu proqram üzrə dünyanın 23 ölkəsinin 200-dək universitetində 825 nəfər azərbaycanlı gəncin təhsil aldığı barədə məlumat verib. Misir Mərdanov xaricdə təhsil alan azərbaycanlı tələbələrin ixtisas sahələri üzrə göstəricilərini nəzərə çatdırıb və tibb ixtisasına daha çox üstünlük verildiyindən bəhs edib. Tədbirdə nazir əcnəbilərin Azərbaycanda təhsilinin önəmli məsələlərdən olduğunu xatırladaraq qeyd edib ki, hər bir əcnəbi tələbə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin dünyada tanıdılmasında mühüm rola malikdir. Misir Mərdanov 2011-2012-ci tədris ilində Azərbaycanda 5598 əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Müvafiq proqram üzrə bir sıra məsələlərə toxunan nazir, habelə ölkəmizdə daha çox əcnəbi tələbələrin təhsil almasının önəminə diqqət çəkib. Təhsil naziri Misir Mərdanov cari ilin iyununda nümayəndə heyəti ilə birgə İtaliya və Litva respublikalarına səfəri barəsində təqdimatla çıxış edib. Nazir səfərin əsas məqsədinin İtaliya və Litvanın təhsil sistemi, hər iki ölkənin bu sahədə təcrübələri ilə tanışlıq, əməkdaşlıq əlaqələrini genişləndirmək və birgə layihələr həyata keçirmək olduğunu qeyd edib. İtaliya və Litvanın bir neçə ali və orta təhsil ocaqlarında olduqlarını bildirən təhsil naziri bu ölkələrin elm və təhsil nazirləri ilə keçirilmiş görüşlərdə müzakirə olunan məsələlərdən bəhs edib. Misir Mərdanov universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıldığı, hər iki ölkədə təhsil alan azərbaycanlı gənclərlə görüşlər keçirildiyi haqqında da məlumat verib. Daha sonra ilk nömrəsi çapdan çıxmış “Ali təhsil və cəmiyyət” jurnalını iclas iştirakçılarına təqdim edən nazir bu nəşrin ölkənin ali təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb. Misir Mərdanov jurnalda ali təhsilin inkişafına xidmət göstərən elmi-metodik məqalələrin dərc edildiyini, bu sahədə aparılan islahatlarla bağlı məlumatlara geniş yer ayrıldığını diqqətə çatdırıb. İclasda Misir Mərdanov 2009-cu ildən aparılan araşdırmaların nəticəsi olaraq “Dünyanın 100 ən yaxşı universiteti” kitabının bu günlərdə işıq üzü gördüyünü vurğulayıb. Nazir bildirib ki, kitabda Böyük Britaniyanın “Times Higher Education − QS World University Rankings” jurnalının 2009-cu il üzrə reytinq cədvəlindəki 100 universitet haqqında dolğun və ətraflı məlumat öz əksini tapıb. Nazir hər iki nəşrin pedaqoji ictimaiyyət üçün əhəmiyyətini vurğulayıb və lazımi vəsait kimi istifadə olunmasını tövsiyə edib.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məlumatı
Son günlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müxalifət mətbuatında (xüsusilə, “Azadlıq” və “Yeni müsavat” qəzetlərində) dərc olunmuş müsahibələrində göstərdiyi məlumatlarla bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin müraciətlərdə ölkənin təhsil ictimaiyyəti, ziyalılar bu “şok” açıqlamaların nə dərəcədə həqiqətə uyğun olub-olmaması ilə maraqlanırlar. Bununla əlaqədar aşağıdakıları bildiririk. Son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilmişdir. Faktlara müraciət edək. Komissiya sədri iddia edir ki, ötən dərs ilində ölkənin ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirən 22 min şagirdin aqibəti məlum deyil və bu Təhsil Nazirliyinin “dəhşətli pripiskası” kimi təqdim edilir. Reallıq isə bundan ibarətdir ki, IX və XI sinifləri bitirən 220 min şagirddən imtahanda iştirak etmədiyi güman edilən 22 min şagird imtahandan azad edilən, illik qeyri-müvəffəq qiymətlər aldığına görə imtahanlara buraxılmayan və az hissəsi isə müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyənlərdir. Onu da diqqətə çatdırırıq ki, təhsil sahəsində qiymətləndirmə məsələlərinə az-çox bələd olan mütəxəssislər yaxşı bilirlər ki, belə hallar hər tədris ilində olur və heç bir “dəhşətli pripiska”dan söhbət belə gedə bilməz. Təhsil ictimaiyyətinin fikrincə, M.Abbaszadənin son illərdə müntəzəm olaraq kütləvi informasiya vasitələrində təhsil, məktəb, müəllim haqqında söylədikləri əsassız, qərəzli fikirlər ölkədə təhsili və məktəbi nüfuzdan salmağa yönəlmiş cəhddən başqa bir şey deyildir. M.Abbaszadənin Təhsil Nazirliyinin indiyə kimi keçirdiyi imtahanların gözdən pərdə asmaq məqsədi daşıması barədə fikrinə gəldikdə isə bildiririk ki, son illərdə Təhsil Nazirliyinin apardığı qiymətləndirmə islahatları, o cümlədən buraxılış imtahanları beynəlxalq təcrübəyə əsaslanmış və Azərbaycan Hökumətinin təsdiq etdiyi Konsepsiyaya uyğun həyata keçirilib. Bu mənada TQDK sədrinin fikirləri qeyri-ciddidir və hansı arqumentlərə əsaslandığı məlum deyildir. Halbuki, kifayət qədər əsaslı arqumentlər var ki, TQDK-nın həyata keçirdiyi imtahanların heç bir elmi, metodiki və pedaqoji əsası yoxdur və dünyanın heç bir ölkəsində bu üsulla ali məktəblərə qəbul imtahanları keçirilmir. Sonda onu da qeyd etməyi vacib hesab edirik ki, yaxşı olar ki, hər bir dövlət qurumu ona tapşırılmış işlə məşğul olsun və başqa dövlət qurumunun işinə əsassız müdaxilələr etməsin. Təhsillə bağlı bu və ya digər fikirlər yürüdən insanlara, mətbuat orqanlarına məsləhət bilirik ki, bu işə mümkün qədər həssas, məsuliyyətlə yanaşsınlar, çünki onların hər biri Azərbaycan məktəbinin yetirməsidir. Təhsil Nazirliyi
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı