SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da Təhsil Nazirliyində cari ilin 13-18 may tarixlərində ABŞ-ın Pensilvaniya Ştatının Pitsburq şəhərində keçirilmiş İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi və azərbaycanlı məktəblilərin sərgidə iştirakına həsr olunmuş seminar keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan məktəbliləri ABŞ-da keçirilmiş nüfuzlu İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində ilk dəfə olaraq iştirak ediblər. Nazir şagird elmi-tədqiqat layihələrinin müsabiqəsi olan beynəlxalq sərgi barədə məlumat verərək qeyd edib ki, müsabiqənin əsas təşkilatçısı və sponsoru İntel korporasiyasıdır. 1950-ci ildən başlayaraq keçirilən müsabiqənin şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsinə xidmət etdiyini vurğulayan təhsil naziri Beynəlxalq Elm və Mühəndislik Sərgisinin, eyni zamanda «məktəb – ali təhsil müəssisəsi – doktorantura» üçlüyü çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə zəmin yaratdığını bildirib. Misir Mərdanov final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 500-ə yaxın müsabiqə qalibinin qatıldığını söyləyib, eləcə də son illər müsabiqədə elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayının xeyli artdığını və bunun da elmtutumlu tədqiqatlara marağın yüksəlməsinin təzahürü olduğunu nəzərə çatdırıb. Nazir iştirakçı ölkələrin sayının getdikcə artmasına diqqət çəkərək bildirib ki, bu müsabiqəyə 2006-cı ildə 47, 2009-cu ildə 51 ölkə qatılmışdısa, 2011-ci ildə onların sayı 67-yə, 2012-ci ildə isə 70-ə yüksəlib. İntel İSEF müsabiqəsində şagirdlərin dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə olduğunu, apardıqları tədqiqatların perspektivləri barədə daha geniş məlumat əldə etmək fürsəti qazandıqlarını önə çəkən Misir Mərdanov müsabiqənin 20-dən çox qalibinin sonralar Nobel mükafatı laureatı, 3 qalibinin isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olduğunu qeyd edib. Cari ilin 23-24 fevral tarixlərində ölkəmizdə İntel İSEF-ə milli seçim turu olan «Sabahın alimləri» Respublika müsabiqəsinin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini bildirən nazir ölkəmizi beynəlxalq müsabiqədə 5 nəfər şagirdin təmsil etdiyini nəzərə çatdırıb. Azərbaycan məktəblilərinin nüfuzlu beynəlxalq müsabiqədə iştirakını mühüm hadisə kimi dəyərləndirən Misir Mərdanov bu işdə əməyi olanlara təşəkkür edib, gələcəkdə müsabiqəyə daha yaxşı hazırlaşmaq üçün bir sıra tövsiyə və tapşırıqlarını verib. Yarışlara xüsusi hazırlığın əhəmiyyətinə toxunan təhsil naziri bu məqsədlə müvafiq mərkəzlərin yaradılması, müsabiqəyə daxil olan elm sahələri üzrə tanınmış alimlərin bu işə cəlb olunması, müvafiq sahədə xarici tərcübənin nəzərə alınması məsələləri barədə fikirlərini söyləyib. Daha sonra Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisinin keçirilməsi və Azərbaycan şagirdlərinin bu müsabiqədə iştirakı barədə geniş təqdimatla çıxış edib. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov, Sumqayıt Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professoru Cavanşir Məmmədov, akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Bakı Dövlət Universitetinin dosenti İsmət Əhmədov və başqaları çıxış edərək Azərbaycan məktəblilərinin Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirakını yüksək qiymətləndirib, müsabiqəyə hazırlıqla bağlı fikir və təkliflərini nəzərə çatdırıblar. Qeyd edək ki, tədbirdə müsabiqənin həmtəşkilatçıları – Gənclər və İdman Nazirliyinin və “Mədəd” təşkilatının nümayəndələri də iştirak ediblər.
08/07/2015 16:52
2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən il 97653 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda, bu il onların sayının 786 nəfər olacağı gözlənilir. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagirdin bitirəcəyi gözlənilir. 2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. Bu göstərici 2010-2011-ci tədris ilində 120420 nəfər təşkil edib. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 99924 tələbə təhsil alır. Onlardan 91652 nəfərini bakalavr, 8272 nəfərini isə magistrantlar təşkil edir. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 24795 nəfər tələbə təhsil alır ki, onların da 21779 nəfəri bakalavr, 3016 nəfəri isə magistrantdır. Özəl ali təhsil müəssisələrində bakalavriatura səviyyəsi üzrə 18689, magistratura səviyyəsində isə 926 nəfər olmaqla, cəmi 19615 tələbə təhsil alır.
08/07/2015 16:52
Mayın 31-də təhsil naziri Misir Mərdanov MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Ənvər Şeyxov iştirak ediblər. Qonaqları salamlayan təhsil naziri Azərbaycanla Rusiya arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, xüsusi ilə təhsil sahəsində sürətlə inkişaf etdiyini bildirib. Son zamanlar ölkəmizin orta ümumi təhsil məktəblərində rus dilinə marağın artdığını qeyd edən nazir ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq hazırda rus dilinin öyrənilməsinə diqqətin gücləndiyini vurğulayıb. Ali məktəblərdə rus dili ilə bağlı problem olmadığını, eləcə də Bakı şəhərindəki məktəblərdə rus dilinin tədrisinin yüksək səviyyədə aparılmasını diqqətə çatdıran Misir Mərdanov rayonlarda fəaliyyət göstərən rus dilli məktəblərdə tədris səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görməyin zəruriliyini vurğulayıb. Təhsil naziri gələn tədris ili üçün rus dilinin tədrisi proqramının hazırlanmasını, eyni zamanda Bakıda rus liseyinin yaradılmasını təklif edib və bu məsələyə dair qonaqların fikri ilə maraqlanıb. MDB məsələləri üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçev səmimi qəbula görə Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanda rus dilinin tədrisi vəziyyətindən razı olduğunu deyən qonaq hər hansı bir ölkədə rus dilinin inkişafı üçün praktiki iş və peşəkar mütəxəssislərin tələb olunduğunu qeyd edib. Qonaq rus dilinin inkişafı üçün Rusiyanın maliyyə dəstəyi göstərməsi və müvafiq əməkdaşlığın hüquqi cəhətdən əsaslandırılması məsələlərinə də toxunub. K.Kosaçev Azərbaycanda rus dilinin tədrisi üçün əlverişli şəraitin yaradılması istiqamətində görülən işləri yüksək dəyərləndirib. Misir Mərdanovun müvafiq təkliflərini qəbul etdiyini söyləyən qonaq yaxın vaxtlarda qeyd olunan məsələlərlə əlaqədar işə başlanacağını nəzərə çatdırıb. Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
İyunun 5-də “Avropa” otelində “Milli kvalifikasiyalar çərçivəsinin tətbiqi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar işə başlayıb.
Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer, Avropa Təhsil Fondunun eksperti Aryen Deij, Dünya Bankının eksperti Olav Aarna, Avropa Şurasının, Avropa Təhsil Fondunun və digər beynəlxalq qurumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov seminarın Azərbaycanın Avropa təhsil məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir müavini bildirib ki, Azərbaycan müstəqil dövlət kimi bütün istiqamətlər üzrə, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunur. Milli kvalifikasiyalar çərçivəsinin tətbiqinin də zəruri islahatlardan biri olduğunu vurğulayan Q.Novruzov seminarda müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini nəzərə catdırıb. Sonra Avropa Şurasının nümayəndəsi Katia Dolqova-Dreyer, Dünya Bankının eksperti Olav Aarna və başqalarının təqdimat-məruzələri dinlənilib. Çıxışlardan sonra seminar işçi qruplarında işini davam etdirib, müvafiq müzakirələr aparılıb. Beynəlxalq seminar işini iyunun 6-da davam edəcək.
08/07/2015 16:52
İyunun 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İnnovasiya, təhsilin keyfiyyəti və inkişafı” mövzusunda II beynəlxalq elmi konfrans işə başlayıb.
Azərbaycan, Belarus, Böyük Britaniya, Qazaxıstan, Ukrayna və Rusiyanın müvafiq ali məktəblərinin təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda ali məktəblərin rektorları, mütəxəssisləri, nazirliklərin və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin məsul əməkdaşları iştirak ediblər. Konfransdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər Xiyabanını da ziyarət ediblər. Daha sonra konfrans iştirakçıları Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziya ilə yaxından tanış olublar. Konfrans iştirakçıları Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutundakı Heydər Əliyev muzey-lektoriyasında da olublar. İştirakçılara institutun fəaliyyəti barədə ətraflı məlumat verilib. Konfransın plenar iclasında və elmi bölmələrdə məruzələr dinlənilib, müzakirələr aparılıb. Konfransın proqramına mütəxəssislərin 130-dan artıq məruzəsi daxil edilib. Konfransı giriş sözü ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov açaraq iştirakçıları salamlayıb, bu tədbirin əhəmiyyətindən bəhs edib. A.Zamanov “İnnovasiyalar keyfiyyətin yüksəlməsinə xidmət etməlidir” adlı məruzə ilə çıxış edib. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək təhsil naziri Misir Mərdanovun təbriklərini konfrans iştirakçılarına çatdırıb. Nazir müavini Azərbaycanın müstəqil dövlət kimi bütün istiqamətlər üzrə inkişaf etdiyini, o cümlədən də təhsil sahəsində beynəlxalq aləmə uğurla inteqrasiya olunduğu qeyd edib. Bu sahədə respublikamızda görülən işlərdən, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan ətraflı danışan Q.Novruzov konfrans iştirakçılarına uğurlar arzulayıb. Daha sonra konfransda Ukraynanın İnformasiya Texnologiyaları və Təlim Vasitələri İnstitutunun direktoru Valeri Bıkov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, Ukrayna Təhsil Menecmenti Universitetinin rektoru Viktor Olenik, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Kiyev Vilayət Pedaqoji Kadrların Diplomdansonrakı Təhsil İnstitutunun rektoru Nataliya Kolokar və digərləri geniş məruzə ediblər. Müzakirələrdən sonra konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
İyunun 1-dən 8-dək Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada səfərdə olub.
Nümayəndə heyəti iyunun 4-də 140 min tələbəsi ilə Avropanın ən qədim və ən böyük ali təhsil ocaqlarından biri olan La Sapienza Universitetində olub, rektor Luici Frati ilə görüşüb. Sonra universitetdə rektor və fakültə dekanlarının iştirakı ilə görüş keçirilib. Görüşdə ötən ilin oktyabrında Azərbaycan universitetləri ilə tanışlıq məqsədi ilə La Sapienza Universitetindən Bakıya gəlmiş nümayəndə heyətinin üzvləri də iştirak edib. Onlar Azərbaycan universitetlərində keçirdikləri görüşlərdən məmnun qaldıqlarını və əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildiriblər. La Sapienza Universitetinin rektoru Luici Frati rəhbərlik etdiyi universitetdə biotexnologiya, baytarlıq, kimya, nanotexnologiya, arxeologiya, iqtisadiyyat və hüquq sahələrinə geniş yer verildiyini deyib. Rektor hazırda Rusiya və Cənubi Koreyada vətəndaşlıq hüququ mövzusunda geniş elmi araşdırmaların aparıldığını bildirib. Universitetdə iqtisadiyyatın idarəolunmasının daha çox diqqət mərkəzində saxlanıldığını qeyd edib. Daha sonra Luici Frati Azərbaycan universitetləri ilə əməkdaşlıq sazişinin imzalanmasının ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağını nəzərə çatdırıb. Cari ildən başlayaraq xarici ölkələrdən gələn tələbələrin sayını artırmaq məqsədilə La Sapienza Universitetinin tibb və iqtisadiyyat fakültələrində ingilis dilində bölmənin fəaliyyət göstərəcəyi barədə məlumat verən universitet rəhbəri qeyd olunan iki fakültədə Azərbaycandan olan tələbələrin də təhsil almasından məmnun olacağını bildirib. Rektor məsafədən (distant) təhsil məsələsinə toxunaraq qeyd edib ki, əgər rəsmi saziş mövcud olarsa, azərbaycanlı gənclər İtaliyaya gəlmədən də internet vasitəsi ilə təhsil ala, eyni zamanda doktorluq dərəcəsi və ixtisasartırma üzrə italiyalı həmkarlari ilə birgə elmi araşdırmalar apara bilərlər. Eyni zamanda bu universitetdə hazırda 4000 tədqiqatçının doktorluq dərəcəsi üzrə elmi araşdırmalar apardığı nəzərə çatdırılıb. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov 1919-cu ildə İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu məmnunluqla qeyd edib, ölkələrimiz arasında bütün sahələrdə geniş əməkdaşlığın mövcud olduğunu bildirib. Nazir İtaliyanın ticarət üzrə Azərbaycanla tərəfdaşlıqda birinci yerdə olması haqqında da məlumat verib. Misir Mərdanov təhsil sahəsində mövcud olan potensialdan tərəflərin hələ tam şəkildə istifadə edə bilmədiyini və hazırkı şəraitdə bunun ücün geniş imkanların olduğunu söyləyib. Nazir Azərbaycan Tibb Universiteti ilə İtaliyanın Genuya Universiteti arasında Avropa İttifaqının Tempus, Erasmus-Mundus və digər proqramları üzrə uğurlu əməkdaşlığın mövcud olduğu və müvafiq çərçivədə yeni sahələr üzrə birgə proqramların davam etdirildiyi barədə məlumat verib. Təhsil naziri, həmçinin Azərbaycanın 3 universiteti ilə əməkdaşlıq müqavilələrinin artıq imzalandığını və yaxın müddətdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə əlaqələrin rəsmiləşdirilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib. Azərbaycan Dillər Universitetində İtalyanşünaslıq kafedrasının fəaliyyət göstərdiyini italiyalı rektorun diqqətinə çatdıran təhsil naziri Azərbaycanda italyan dilinə və mədəniyyətinə marağın olduğunu söyləyib. Misir Mərdanov İtaliyaya səfərdən öncə bu ölkənin Azərbaycandakı səfiri ilə görüşdüyünü və yaxın vaxtlarda İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bir neçə Azərbaycan məktəbində bu dilin geniş tədris olunması üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb. Sonra Misir Mərdanov 2005-ci ildən Boloniya sisteminə qoşulmuş Azərbaycanın təhsil sahəsində əldə etdiyi yeniliklərdən, bu proses çərçivəsində görüləcək işlərdən danışıb və La Sapienza Universitetinin azərbaycanlı gənclərin xaricdə təhsil aldığı prioritet universitetlər siyahısına düşməsi ücün bütün tələblərə uyğun olduğunu qeyd edib. Nümayəndə heyəti üzvlərinin təhsil sistemində idarəçilik üzrə qısamüddətli kurslar keçirilməsi təklifi də müzakirə edilib və La Sapienza Universitetinin rektoru tərəfindən əlaqədar şəxslərə əsas ixtisasların siyahısının tezliklə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə göndərilməsi tapşırığı verilib. Daha sonra nazir iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafının yüksək nəticəsi kimi La Sapienza Universitetində Azərbaycanşünaslıq kafedrasının yaradılmasının vacibliyindən danışıb. Nazir belə bir kafedranın yaradılması, eləcə də inkişafı üçün hərtərəfli dəstək göstəriləcəyini bildirib. Təhsil naziri Misir Mərdanov La Sapienza Universitetinin rektoru Luici Fratini cari ilin sentyabr ayında Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya dəvət edib. Rektor Luici Frati Bakıya bu dəvətdən məmnun olduğunu bildirib. Luici Frati Azərbaycan universitetləri ilə daha yaxından tanışlıq və əməkdaşlığın inkişafı baxımından belə bir səfərin səmərəli olacağına inamını ifadə edib. Sonda rektor Luici Frati azərbaycanlıların İtaliya universitetlərinə və italyan dilinə marağının artmasına göstərdiyi dəstək və yardıma görə təhsil naziri Misir Mərdanova dərin təşəkkürünü bildirib. Məlumat üçün bildirək ki, La Sapienza Universiteti ilə Azərbaycanın bir necə ali məktəbi arasında əməkdaşlıq sazişi imzalanıb. Bu işdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov və səfirliyin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir. Hazırda isə Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə rəsmi əməkdaşlıq sazişinin imzalanması üzrə hazırlıq işləri aparılır. İyunun 5-də İtaliyanın təhsil naziri Françesko Profumo ilə görüş keçirilib. Misir Mərdanov İtaliya ilə bütün sahələrdə mövcud olan geniş əməkdaşlıqdan danışıb, xalqımızın bu ölkəyə və onun vətəndaşlarına olan hörmətinin təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsinə zəmin yaratdığını qeyd edib. Universitetlər arasında mövcud olan əlaqələrdən və əməkdaşlığın inkişafı üçün görüləcək işlərdən bəhs edən Misir Mərdanov La Sapienza Universitetində yaradılacaq Azərbaycanşünaslıq kafedrasının gələcəkdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin mərkəzinə çevrilə biləcəyini söyləyib. La Sapienza Universitetində keçirilən görüşdən razı qaldığını bildirən nazir xaricdə təhsil üzrə Dövlət Proqramı barədə italiyalı həmkarına məlumat verib. Misir Mərdanov İtaliya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasının vacibliyini vurğulayıb, bunun üçün Azərbaycan hökuməti tərəfindən təqaüd ayrılmasının mümkünlüyünü qeyd edib. Təhsil naziri iki ölkənin alimləri arasında birbaşa əlaqələrin genişləndirilməsinin və yay tətili müddətində hər iki ölkə tələbələrinin səfərlərinin təşkil olunmasının mühüm əhəmiyyətini vurğulayıb. Misir Mərdanov yaxın gələcəkdə Azərbaycan orta məktəblərində italyan dilinin tədris olunması ilə bağlı İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə müzakirələr aparıldığını söyləyib. İtaliyanın təhsil naziri Françesko Profumo italyan dili və mədəniyyətinə göstərilən diqqətə görə təşəkkür edib və Azərbaycan barədə İtaliya ictimaiyyətinin məlumatlandırmasının vacibliyini nəzərə çatdırıb. Eyni zamanda La Sapienza Universitetində Azərbaycan dili və tarixinin yüksək səviyyədə öyrənilməsinin təşkili məsələsinə toxunan nazir təhsilin digər istiqamətləri üzrə əlaqələrin yaradılması işinə hərtərəfli dəstək veriləcəyini bildirib. Daha sonra iki ölkənin təhsil nazirləri arasında elm, təhsil, mədəniyyət və texnologiya üzrə 2005-ci ildəki sazişdə nəzərdə tutulan məsələlər (tələbə mübadiləsi, birgə elmi araşdırmalar, elmi konfrans və simpoziumların keçirilməsi və s.) ətrafında müzakirələr aparılıb. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə Florensiya Arxiv İnstitutu arasında qurulmuş əlaqələrin tənzimlənməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ilə İtaliya universitetlərinin arasında əlaqələrin yaradılması məsələləri müzakirə edilib. Misir Mərdanov Azərbaycanla İtaliya arasında təhsil sahəsi üzrə işçi qrupunun yaradılması təklifi ilə çıxış edib. Görüşdə Azərbaycanla İtaliya arasında təhsil sənədlərinin tanınması məsələsi müzakirə edilib. Sonda Misir Mərdanov italiyalı həmkarı Françesko Profumonu cari ilin sentyabrında keçiriləcək Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün Bakıya dəvət edib. İtaliyalı nazir dəvəti məmnuniyyətlə qəbul edərək təşəkkürünü bildirib. İyunun 5-də İtaliyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Nazir tələbələrlə söhbət edərək onların təhsili ilə maraqlanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində onların üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Həmin gün İtaliyanın Dante Aligyeri İnstitunun prezidenti Bruno Bottai və baş direktoru Alessandro Mazi ilə görüş keçirilib. İyunun 6-da İtaliya Senatının təhsil, elm və mədəniyyət komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa ilə görüş keçirilib. Təhsil naziri Misir Mərdanov İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin uğurla davam etdiyini nəzərə çatdırıb. Nazir gəlişinin əsas məqsədinin İtaliyanın təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi olduğunu diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin tədrisi məsələlərinə, bu işin daha ciddi və geniş şəkildə aparılması üçün görüləcək işlərə toxunan təhsil naziri eyni zamanda Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyindən söz açıb. Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Senator Quido Possa iki ölkə arasında mövcud olan əlaqələrin yüksək səviyyədə davam etdirilməsi üçün göstərilən səylərə görə təşəkkürünü bildirib. Senator 7-ci təhsil, mədəniyyət, incəsənət və idman daimi komitəsinin sədri olaraq Azərbaycanı bütün sahələrdə dəstəkləyəcəyini nəzərə çatdırıb və təhsil üzrə əməkdaşlığın inkişafında universitetlərarası əlaqələrin inkişafı üçün səy göstərəcəyini və bunun üçün bütün imkanların mövcud olduğunu qeyd edib. Şərq tərəfdaşlığı iştirakçı ölkələri arasında iqtisadi və siyasi baxımdan Azərbaycanın regionda ən güclü dövlət olduğunu qeyd edən senator İtaliya- Azərbaycan dostluq qrupunun yaranmasına ehtiyac olduğunu vurğulayıb. Azərbaycanın gənclər ölkəsi olduğunu və gələcəyə doğru inamla addımladığını söyləyən senator Quido Possa Azərbaycan dilinin tədrisi üçün layihələr həyata keçirilməsinin mümkünlüyünü də nəzərə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov görüşün yüksək səviyyədə təşkilinə görə senator Quido Possaya və Senat üzvlərinə təşəkkürünü bildirib.
08/07/2015 16:52
2012-ci ilin may ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1055 müraciət daxil olub.
Müraciətlərin 966-sı telefonla, 89-u elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi sorğu və məlumat xarakterlidir. Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, xaricdə təhsil, əlavə təhsil, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədar olub. Bütün sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılmaqla həllini tapıb. May ayında baxılmış 45 şikayət məzmunlu müraciətlərin təhlili göstərir ki, Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 31, digər şəhər məktəblərindən 3 (Sumqayıtdan 2, Gəncədən 1), Abşeron rayonundan 3, Şahbuz, Qəbələ, Xaçmaz, Balakən, Sabirabad, Qusar, Gədəbəy, Samux rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi məsələləri təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Ötən ay “Qaynar xətt” xidmətinə dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 11, özəl ali təhsil müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, struktur bölmə rəhbərlərinin vəzifə səlahiyyətlərini yerinə yetirməsində yol verdiyi nöqsanlar öz əksini tapıb. Bütün bu məsələlər müvafiq qaydada araşdırılıb və həll edilib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyusun dəvəti ilə həmin ölkədə səfərdədir.
İyunun 19-da nümayəndə heyəti Vilnüs Edukologiya Universitetində olub, rektor Algirdas Gaijutis ilə görüşüb. Sonra universitetdə “dəyirmi masa” keçirilib. Müzakirələrdə bu universitetin Azərbaycanın müvafiq ali məktəbləri ilə qarşılıqlı əlaqələrinin inkişafı məsələlərindən söhbət açılıb. Təhsil naziri Misir Mərdanov Vilnüs Edukologiya Universitetində yaxın vaxtlarda açılışı nəzərdə tutulan Nizami Gəncəvi adına Azərbaycan auditoriyası ilə tanış olub, rəy və təkliflərini verib. Misir Mərdanov ölkəmizə göstərilən yüksək diqqətə görə təşəkkürünü bildirib. Sonra təhsil naziri Vilnüs Universitetinin rektoru Benediktas Yuodka ilə görüşüb. Universitetin rektoru rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında nazirə ətraflı məlumat verib. 400 ildən artıq tarixi olan ali məktəbin uğurlarından söz açan rektor bu universitetin dünyanın ali təhsil müəssisələri ilə bağlı reytinq siyahılarında ön cərgədə dayandığını vurğulayıb. Benediktas Yuodka rəhbərlik etdiyi təhsil müəssisəsinin adının Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edildiyinə görə ölkəmizin Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadəyə və təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Daha sonra Misir Mərdanov universitetin zəngin auditoriya və laboratoriyaları ilə tanış olub. Elə həmin gün nazir Litva Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Məlumat üçün bildirək ki, hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Görüş zamanı Misir Mərdanov azərbaycanlı tələbələrin qayğı və problemləri ilə maraqlanıb. Nazir bildirib ki, artıq Litvanın iki nüfuzlu ali məktəbi xaricdə təhsil üzrə Dövlət Proqramına uyğun olaraq müəyyənləşdirilmiş universitetlərin siyahısına daxil edilib və həmin təhsil müəssisələrinə müvafiq proqram üzrə qəbul olunacaq tələbələrin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən ödəniləcək. Azərbaycanı layiqincə təmsil etməyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində daha fəal olmağı tövsiyə edən Misir Mərdanov azərbaycanlı tələbələrə Təhsil Nazirliyinin müvafiq qurumları ilə mütəmadi əlaqə saxlamağın zəruriliyini bildirib. Sonra Litvada təhsil alan azərbaycanlı tələbələr Misir Mərdanovla xatirə şəkli çəkdiriblər. Keçirilmiş bütün görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
08/07/2015 16:52
İyunun 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri Gintaras Stepanoviçiyus ilə görüşüb.
Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında Gintaras Stepanoviçiyusa məlumat verib. Nazir hər iki ölkənin təhsil əlaqələrinin inkişafında bu görüşlərin mühüm əhəmiyyəti olacağını qeyd edib. Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdıran nazir hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib və bu rəqəmin daha da artırılması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib. Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyus Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirib və bu istiqamətdə göstərilən səylərin artırılacağını vurğulayıb. Elm və təhsil naziri Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələlərin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib. Gintaras Stepanoviçiyus Litva Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətindən söhbət açıb, öz ölkəsinin təhsil sistemi və həyata keçirilən layihələr barədə məlumat verib. Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub. Elə həmin gün Misir Mərdanov Vilnüs şəhərində yerləşən “Litvalılar evi” gimnaziyasında olub, təhsil müəssisəsinin fəaliyyəti haqqında nazirə məlumat verilib. Qeyd edilib ki, Litvanın ən nüfuzlu orta məktəblərindən biri olan bu təhsil müəssisəsində 241 şagirdin təlim-tərbiyəsi ilə 47 pedaqoq məşğul olur. Nəzərə çatdırılıb ki, məktəbin maliyyə təminatı adambaşına maliyyələşmə prinsipi əsasında məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Təhsil müəssisəsi bütünlükdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub və internetə çıxış imkanları yaradılıb. Məktəbdə yekun buraxılış imtahanları təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil edilir. Ümumilikdə 6 fəndən imtahan verən buraxılış sinif şagirdlərinin hər biri Litva dilindən imtahana məcburi cəlb edilsə də, digər 5 fənni ixtisas istiqamətlərinə uyğun olaraq seçmək hüququna malikdir. İmtahanlar test və yazılı olmaqla iki üsulla keçirilir. Test sualları imtahan suallarının 20 faizini təşkil edir və imtahan ixtisas istiqamətlərindən asılı olaraq 3-6 saat davam edir. Pedaqoji kollektivlə görüş zamanı “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində bu təhsil müəssisəsinin Azərbaycanın ümumi təhsil məktəblərindən biri ilə əlaqələrinin yaradılması qərara alınıb. Təhsil naziri Misir Mərdanov “Litvalılar evi” gimnaziyasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və məktəbə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından xatirə hədiyyəsi təqdim edib. Keçirilmiş görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.
08/07/2015 16:52
İyunun 20-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində Təhsil Sisteminin Mübadiləsinə Dəstək Fondunda olub.
Fondun direktoru xanım Daiva Şutinite rəhbərlik etdiyi qurum haqqında Misir Mərdanova ətraflı məlumat verib. 2007-ci ildən fəaliyyət göstərən fondun təhsillə bağlı çoxsaylı layihələr həyata keçirdiyini bildirən direktor qeyd edib ki, ötən il Avropanın müxtəlif ölkələrindən təşkilata daxil olan 1800 müraciət əsasında 800 qrant layihəsi imzalanıb. 46 əməkdaşın çalışdığı fondun ötən ilki büdcəsinin 21 milyon avro olduğunu vurğulayan D.Şutinite bu vəsaitin 14 milyonunun Avropa İttifaqı tərəfindən, 7 milyonunun isə dövlət büdcəsindən ayrıldığını bildirib. Direktor 2014-2020-ci illərdə təşkilatın büdcəsinin 19 milyard avro civarında olmasının təxmin edildiyini nəzərə çatdırıb. Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə 2012-ci ildə fond tərəfindən 375 avro təqaüd verildiyini söyləyən D.Şutinite ölkələrimiz arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən bəhs edib. Görüşdə Azərbaycanla birgə həyata keçirilən layihələrdən söhbət açılıb və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sonda Litva-Azərbaycan təhsil əlaqələrinin inkişafı, tələbə və müəllim mübadiləsi, eləcə də tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı