SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 30-da "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" adlı tədbir keçirilib.
İyunun 30-da "Buta" sarayında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq "Məzun - 2011" adlı tədbir keçirilib. Tədbirdə Bakı şəhəri ümumtəhsil orta məktəblərinin 11-ci siniflərini bu il bitirmiş ən nümunəvi, müxtəlif sahələr üzrə yarış və müsabiqələrin qalibləri olan 650 məzun iştirak edib. Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq on bir illik məktəb mühitindən müstəqil həyata ilk addımlarını atan gəncləri təbrik edib. Ölkəmizin tərəqqisinin məhz cəmiyyətin gələcək qurucuları olan gənclərdən asılı olduğunu diqqətə çatdıran N.Rzaquliyeva ulu öndərimiz Heydər Əliyevin Azərbaycan gəncləri ilə həmişə fəxr etdiyini və onlara xüsusi diqqətlə yanaşdığını bildirib. Bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan N.Rzaquliyeva dövlət başçısının təhsilə verdiyi önəmdən, gənclərin savadlı, milli-mənəvi dəyərlərimizi qiymətləndirməyi və qorumağı bacaran vətəndaşlar kimi yetişməsində təhsil işçilərinin qarşısına qoyulan əsas vəzifələrdən söz açıb. N.Rzaquliyeva Bakı təhsilinin uğurlarından danışaraq bildirib ki, son 4 ilin nəticələrinin müqayisəsi ali məktəblərə tələbə qəbulunda paytaxt məktəblərindən olan abituriyentlərin qəbul faizinin yüksəldiyini göstərir. N.Rzaquliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını da xüsusi vurğulayaraq bütün bunların təhsil işçilərini daha böyük uğurlar qazanmağa ruhlandırdığını söyləyib. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək müstəqil həyata qədəm qoyan məzunları təbrik edib, onlara Azərbaycanın layiqli vətəndaşları kimi yetişmələri yolunda uğurlar arzulayıb. Sonra ümummilli lider Heydər Əliyevin və ulu öndərin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdikləri diqqət və qayğını əks etdirən viteomaterial nümayiş olunub. Tədbirdə YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın məzunlara təbrik məktubu oxunub. Daha sonra istedadlı uşaq və gənclər maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbirdə bu il Bakı şəhərinin orta məktəblərini əla təhsillə və nümunəvi davranışla bitirən 29 məzuna qızıl və gümüş medallar təqdim olunub. Buraxılış gecəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək, müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə qızıl və gümüş medallara layiq görülən məzunları təbrik edib, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıblar. Sonda məzunlar onların əməyinə verilən böyük qiymətə görə təşəkkürlərini bildirib və göstərilən etimadı doğruldacaqlarını vurğulayıblar.
08/07/2015 16:52
İyulun 1-də Novxanıdakı “Aqua-Park” İstirahət Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) IV Konqresi öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov konqresdə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna və Gürcüstandan, ümumilikdə 20 ölkədən riyaziyyatçı alimlərin iştirak etdiyini qeyd edib. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin beynəlxalq təşkilat olduğunu vurğulayan təhsil naziri bu qurumun əsas məqsədini, onun yaranma tarixini və öz sıralarında riyaziyyatçı alimləri birləşdirdiyini nəzərə çatdırıb. Nazir bildirib ki, 1999-cu ildə təsis olunmuş təşkilatın bu günədək 3 konqresi keçirilib, sonuncu tədbirdə isə IV konqresin Bakıda keçirilməsi qərara alınıb. Bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə sədr seçildiyini qeyd edən Misir Mərdanov onu da əlavə edib ki, konqresə xarici ölkələrdən qatılan 300-dək iştirakçı arasında Qazaxıstan Respublikasının elm və təhsil naziri Bakıtcan Cumaqulov, Qazaxıstan Respublikası Milli Məclisinin deputatı, professor Kılışbay Bisenov, Qazaxıstan Respublikası MEA-nın prezidenti Murat Jurinov, İspaniya Krallığının Riyaziyyat Cəmiyyətinin nümayəndəsi Pedro A.Guil və başqaları var. Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəaliyyətində ona rəhbərlik edən Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulovun xidmətlərini xüsusi qeyd edən nazir IV Konqresə də bütövlükdə bu ölkənin daha çox, təxminən 100 nəfərlik nümayəndə heyəti ilə qatıldığını diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov IV Konqresin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinin daha bir sübutu kimi dəyərləndirib. Konqresdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin sədri, Qazaxıstan Respublikasının elm və təhsil naziri B.Cumaqulov rəhbəri olduğu qurumun fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Elm və təhsil naziri öz çıxışında ayrı-ayrı ölkə alimlərinin inteqrasiyasını müasir dövrün uğuru kimi qiymətləndirib, bildirib ki, çağdaş dünyada meydana gələn geniş və dərin problemləri yalnız çoxsaylı ölkə alimlərinin birgə səyi ilə həll etmək mümkündür. B.Cumaqulov qarşılıqlı elmi fəaliyyətlər, ən geniş miqyaslı təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli məkan yaradılmasının vacibliyini vurğulayıb. B.Cumaqulov çıxışının sonunda konqresin yüksək səviyyədə təşkili və keçirilməsinə yaradılan şəraitə görə minnətdarlığını bildirib, habelə bir sıra təkliflər irəli sürüb. Konqresin plenar iclasında TDRC-nin fəxri prezidenti Hilmi Hacı Salihoğlu, Özbəkistan Respublikası Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun direktoru Şavkat Ayupov, Türkiyə Respublikası Fırat Universitetinin rektoru Feyzi Bingöl, Latviya Respublikasının Liepaya Universitetinin rektoru Yanis Rimşans və başqaları çıxış edərək konqresin işinə uğurlar arzulayıblar. İyulun 3-dək davam edəcək konqresdə 8 bölmə üzrə riyaziyyatın aktual məsələlərinə dair məruzələrin dinlənilməsi nəzərdə tutulur.
08/07/2015 16:52
Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi başa çatdı
Bakıda keçirilən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC, Turkic World Mathematical Society) IV konqresi başa çatdı. AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın 20 ölkəsindən, o cümlədən Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Fransa, ABŞ, Rusiya, Böyük Britaniya və digər ölkələrdən olan alimlər iştirak ediblər. Çıxış edən alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulayıb, müasir dünyada bu sahələrin mühüm rolundan, TDRC-nin fəaliyyətinin əhəmiyyətindən danışdılar. Konqresin bölmə iclaslarında riyaziyyatın nəzəri və tətbiqi problemlərinə, bu elmin tədrisi metodikası məsələlərinə həsr edilmiş 314 məruzə dinlənildi və geniş müzakirə olundu. Konqresdə həmçinin Türk Dünyası Riyaziyyat Cəmiyyəti idarə heyətinin üzvləri seçildi. Azərbaycanın təhsil naziri Misir Mərdanov növbəti üç il müddətinə TDRC-nin prezidenti, akademik Fikrət Əliyev (Azərbaycan), professor Etibar Pənahov (Türkiyə), akademik Amanbek Jaynakov (Qırğızıstan), professor Narqozu Danayev (Qazaxıstan) vitse-prezident seçildilər. Qazaxıstanın elm və təhsil naziri, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin sabiq prezidenti akademik Baxıtcan Cumaqulov TDRC-nin Fəxri prezidenti seçildi. TDRC-nin fondu yaradıldı və prezidenti akademik Fikrət Əliyev oldu. Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib. Təşkilatın məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri türk dilli ölkələrin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin iyun ayında 4781 müraciət daxil olub.
Müraciətlərin 4097-si telefonla, 684-ü elektron poçt vasitəsilə qəbul edilib. Onların böyük əksəriyyəti sorğu xarakterli olub. Sorğuların 4000-dən çoxu 9 və 11-ci siniflərdə buraxılış imtahanlarının təşkili və keçirilmə qaydaları, ümumtəhsil məktəblərində imtahana buraxılış vərəqələrinin paylanması, imtahan nəticələrinin öyrənilməsi, ümumi orta təhsil və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi, imtahan nəticələri ilə əlaqədar apelyasiya şikayətlərinin qəbulu və onların nəticələrinin öyrənilməsi, eksternat qaydada keçirilən imtahanlar və onların nəticələri ilə bağlı olub. Digər sorğularda müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, növbəti dərs ilindən müəllimlərin dərs yükü normaları, onların yaş senzi, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, ümumtəhsil məktəb müəllimlərinin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, ümumtəhsil məktəb məzunlarının təhsildə qazandıqları uğurlara görə medallarla təltifi qaydaları ilə əlaqədar məsələlər öz əksini tapıb. Bütün bu sorğular “Qaynar xətt” xidməti tərəfindən qeydə alınaraq cavablandırılıb. Bir sıra müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. 84 belə müraciət əsasında araşdırmalar aparılıb və problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ötən ay “Qaynar xətt” xidmətinə daxil olan şikayət məzmunlu müraciətlərin 15-i Bakı, 4-ü Gəncə, 1-i Sumqayıt şəhərlərindən, 5-i Abşeron, 3-ü Cəlilabad, hər birindən 1 müraciət olmaqla Yardımlı, Biləsuvar, Qubadlı, Daşkəsən, Salyan və Ağcabədi rayon ümumtəhsil məktəbləri ilə əlaqədar olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsində çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb. “Qaynar xətt” xidmətinə texniki-peşə təhsili müəssisələri ilə əlaqədar 3 müraciət daxil olub. Bakıdakı 3, 7,15 nömrəli və Gəncədəki 3 nömrəli peşə liseylərindən daxil olan müraciətlərdə bir sıra nöqsanlara, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərə toxunulub. Bununla əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. İyun ayında məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 11 şikayət məzmunlu müraciət daxil olub. Həmin müraciətlərdə Bakı (8 müraciət) və Gəncə şəhərindəki (2 müraciət), habelə Şabran rayonundakı (1 müraciət) uşaq bağçalarında bu müəssisələrə uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri və digər problemlərdən bəhs olunur. “Qaynar xətt” xidmətinə daxil olan bu müraciətlər araşdırılıb. Həmin müraciətlərdən birində valideynləri gözdən əlil olan 3 yaşlı sağlam uşağın bağçaya qəbulu ilə əlaqədar qohumları tərəfindən qaldırılmış məsələ əlavə şərait və imkan yaradılmaqla müsbət həllini tapıb. Qeyd olunan digər müraciətlər əsasında uşaq bağçalarında ərzağın keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər görülüb, müraciət müəllifləri əsaslı təmirə ehtiyacı olan bağçalarda aparılacaq tikinti-təmir işləri üzrə müvafiq proqram barədə məlumatlandırılıb. Təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 19 may 2011-ci il tarixli, 856 nömrəli əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2010-2011-ci dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 46 müraciət qəbul edilib. Onlardan 19-u dövlət, 9-u özəl ali təhsil, 3-ü xarici ölkələrin ali məktəbləri, 14-ü orta ixtisas təhsili müəssisələri ilə əlaqədar olub. Belə müraciətlər ali məktəblərdə Boloniya sisteminin tətbiqi, semestr imtahanlarının test üsulu ilə aparılması, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər mövzuları əhatə edib. İmtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala, Şəki, Quba, Gəncə filialları, Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Turizm Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirilməsi təmin olunub. Özəl ali təhsil müəssisələrindən daxil olan müraciətlər Təfəkkür Universiteti (2), Odlar Yurdu Universiteti (2), Qafqaz Universiteti (1), İctimai-Siyasi Universitet(1), Avrasiya Universiteti (1) və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti (2) ilə əlaqədar olub. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsində yaranmış problemlərlə əlaqədar şikayətlər öz əksini tapıb. Orta ixtisas təhsil müəssisələri ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Kolleci, Şəki Pedaqoji Kolleci, Bakı Qida Sənayesi Kolleci, Bakı Humanitar Kolleci, Şuşa Humanitar Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kolleci, Qazax Dövlət Sosial İqtisadi Kolleci və Gəncə Musiqi Kollecindən müraciətlər daxil olub. Müraciətlərdə tələbələrin təqaüdlərinin gecikdirilməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin - diplomların gecikdirilməsi barədə şikayətlər əks olunub. Həmin müraciətlər araşdırılıb və müraciət müəllifləri məlumatlandırılıb.
08/07/2015 16:52
İyulun 8-də təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ) Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin Daxili bazar, istehsal və istehlak bölməsinin rəhbəri Brayan Kassidi, Brüsseldə fəaliyyət göstərən Avropa Siyasəti Mərkəzinin müstəqil siyasi analitiki, “Aİ qonşuluğu forumu”nun əlaqələndiricisi Amanda Paul Akçakoça, cəmiyyətdə və sosial-iqtisadi inkişafda gənclər və qadınların rolu sahəsində Fondun tədqiqatçısı Feliçiya Skoartsa iştirak ediblər. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Nazir ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələr və qəbul edilən proqramlar haqqında qonaqlara geniş məlumat verib. Təhsil naziri təhsildə İKT-nin tətbiqi, müəllim hazırlığı və bu çərçivədə Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq, müəlimlərin işə qəbulu, təhsilin inkişafı istiqamətində Dünya Bankı ilə birgə bir sıra layihələrin həyata keçirilməsi və digər məsələlər üzrə görülən işlər haqqında danışıb. Avropa İttifaqının Avropa İqtisadi və Sosial Komitəsinin üzvü Marius Opra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Qonaq “Qardaşlaşmış məktəblər" layihəsi, “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Avropa İttifaqında insanların peşə yönümlülüyünün dəyişdirilməsi, ittifaq ölkələrinin Təhsil nazirlikləri nəzdində fəaliyyət göstərən Müəllimlərin Peşəkarlığının Artırılması Mərkəzləri üçün tenderlər elan olunduğunu və Azərbaycanın da bu imkanlardan yararlana biləcəyini qeyd edib. Qonaq şagirdlərin kompüter biliklərinin artırılmasında diqqəti təkcə kompüterdən istifadəyə deyil, onları bu sahə üzrə proqramlar hazırlamağa yönəltməyin vacib olduğunu nəzərə çatdırıb. Eyni zamanda Marius Opra Avropa İttifaqı üzvlərinin Azərbaycanın təhsili, mədəniyyəti, tarixi və s. haqqında məlumatlandırılması, bu məqsədlə Avropa İttifaqında müxtəlif təhsil sərgilərinin, tədbirlərin təşkil olunmasının məqsədəuyğunluğunu bildirib. Görüşdə tərəflər Avropa İttifaqının ali təhsil müəssisələri arasında əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Tempus, Erasmus Mundus və s. proqramlarda Azərbaycanın daha fəal iştirakı, birgə elmi-tədqiqatların aparılması, texniki-peşə təhsilinin inkişafı, Azərbaycanın ucqar kənd rayonlarındakı məktəblərin vəziyyəti və həmin məktəblərə müəllimlərin cəlb olunması məsələlərini müzakirə edib, qarşıda duran problemlərin həlli yolunda görüləcək işlər barədə rəy və təkliflərini bildiriblər.
08/07/2015 16:52
İyulun 12-də təhsil naziri Misir Mərdanov “British Council” təşkilatının regional direktoru Maykl Börd, Azərbaycan üzrə direktoru Pol Klementson və bu təşkilatın proqramlar üzrə meneceri Gülşən Hüseynova ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq, onları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu ifadə edib. “British Council”ın ölkəmizdə həyata keçirdiyi çoxsaylı uğurlu layihələrdən söz açan nazir bu layihələr çərçivəsində əldə olunmuş nəticələri xüsusi qeyd edib. Təhsil naziri Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən danışıb və bu təşəbbüsün növbəti tədris ilində 20 məktəbdə davam etdiriləcəyini önə çəkib. Azərbaycanda ingilis dilinə böyük maraq olduğunu bildirən Misir Mərdanov onu da əlavə edib ki, bu gün “British Council” Təhsil Nazirliyinin yüksək əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardandır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzaladığını və bu sərəncama uyğun olaraq təhsil sahəsi üzrə qısa müddət ərzində yeni strategiyanın hazırlanacağını qonağın diqqətinə çatdırıb. Misir Mərdanov bu sənədin hazırlanmasında ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, xüsusilə “British Council”ın imkanlarından istifadə olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Nazir, həmçinin son illər Azərbaycanda təhsil sahəsi üzrə atılan mühüm addımlar, həyata keçirilən yeniliklər barədə də məlumat verib. Daha sonra Misir Mərdanov Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında yaradılmış əlaqələrin genişləndirilməsi istiqamətlərinə toxunub. Təhsil naziri Azərbaycanda təlim tam ingilis dilində və yaxud hər iki dildə aparılan məktəbin yaradılması, ingilis dilinin tədrisi vəziyyətinin monitorinqinin keçirilməsi, ümumtəhsil məktəbləri üçün ingilis dili dərslik və dərs vəsaitlərinin birgə hazırlanması təklifini irəli sürüb. “British Council” təşkilatının regional direktoru Maykl Börd səmimi qəbul və verilən məlumat üçün təşəkkürünü bildirib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə uğurlu əməkdaşlığın mövcudluğunu qeyd edən qonaq bu tərəfdaşlıqdan razı qaldıqlarını ifadə edib. Maykl Börd “British Council” təşkilatının 16 ölkəsi üzrə məsul şəxs olduğunu vurğulayıb, həmin ölkələr içərisində Azərbaycanın xüsusi yerini nəzərə çatdırıb. Birgə layihələrin önəmli nəticələrindən danışan qonaq bu əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib. Qonaq eyni zamanda hazırda Azərbaycanın təhsil sistemi üzrə prioritet sahələrlə maraqlanıb. Misir Mərdanov öz növbəsində müəllim nüfuzunun qaldırılmasının, onların ixtisasının artırılması və yenidən hazırlanmasının, təhsilin idarəolunmasının, dərsliklərin, kurikulumların hazırlanmasının və digər məsələlərin ölkə təhsili üçün prioritet istiqamətlər olduğunu qeyd edib. Görüşdə Böyük Britaniya universitetləri ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, orta və peşə təhsili sahəsi üzrə əməkdaşlığın yaradılması, azərbaycanlı gənclərin Böyük Britaniya universitetlərində təhsili, məktəblərdə ingilis dilinin tədrisi, müəllim-tələbə mübadiləsinin təşkili və digər bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecinin akkreditasiyası məsələsi müzakirə olunub. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərdən söz açıb və bu işin təhsil sahəsinin daha da inkişafına xidmət etdiyini qeyd edib. Misir Mərdanov eyni zamanda şuranın üzvlərinə öz tövsiyə və tapşırıqlarını da verib. Sonra iclas iştirakçıları Akkreditasiya Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə dair dinlənilmiş arayışa və həmin vaxtdan keçmiş dövr ərzində qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib. İclasda Bakı Texniki Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin dosenti Həmidulla Məmmədov Bakı Texniki Kollecinin akkreditasiyadan keçirilməsinə dair müvafiq hesabat hazırlandığını və Təhsil Nazirliyinə təqdim edildiyini bildirib. H.Məmmədov qeyd edib ki, həmin hesabatı təhlil etmək, Akkreditasiya Şurasının müzakirəsinə çıxarmaq məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarından və ixtisaslar üzrə ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılıb. H.Məmmədov kollecdə tədrisin təşkili vəziyyətinin təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanıldığını diqqətə çatdırıb. Daha sonra çıxışında iclas iştirakçılarını bu yoxlamanın nəticələri ilə tanış edən komissiya sədri kollecdə təhsil alan tələbələr, müvafiq ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, müəllimlərin sayı və yaş tərkibi, habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaət barədə məlumat verib. Sumqayıt Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Hicran Hacızadə çıxış edərək bu tədris ocağında müvafiq araşdırmalar aparıldığından, ixtisaslar üzrə hazırlığın vəziyyətindən söz açıb. H.Hacızadə kollecin tədris şəraitindən, maddi-texniki bazasından və burada çalışan pedaqoji heyətdən də bəhs edib. O, Akkreditasiya Komissiyasının Sumqayıt Musiqi Kollecində akkreditasiyaya təqdim olunmuş 7 ixtisas üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsini yoxlamaq məqsədilə test tapşırıqlarından istifadə etdiyini bildirib, tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə iştirakçıları tanış edib. H.Hacızadə, həmçinin bu tədris ocağının 2006-cı ildə yaradılmış Ağcabədi şöbəsi barədə də məlumat verib. Sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib. İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsini də tövsiyə edib. Sonda Akkreditasiya Şurası Bakı Texniki Kollecinin akkreditasiyadan keçməsi barədə müsbət qərar qəbul edib. Sumqayıt Musiqi Kolleci ilə bağlı isə vurğulanıb ki, kollecin maddi-texniki bazasında mövcud olan problemlər həll edildikdən sonra onun akkreditə olunması barədə konkret qərar qəbul etmək olar. İclasda Akkreditasiya Şurasının üzvü, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov da iştirak edib.
08/07/2015 16:52
İyulun 14-də Təhsil Nazirliyində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun və təhsil işçilərindən ibarət nümayəndə heyətlərinin son vaxtlar bir sıra xarici ölkələrə etdikləri səfərlərin nəticələrinə həsr olunmuş yığıncaq keçirilib.
Təhsil Nazirliyinin rəhbərliyi və şöbə müdirlərinin, birbaşa Təhsil Nazirliyinə tabe olan lisey və gimnaziyaların direktorlarının iştirak etdikləri yığıncaqda üç səfərlə bağlı təqdimatlar dinlənildi. Yığıncağı açaraq zala toplaşanları salamlayan təhsil naziri Misir Mərdanov özünün rəhbərlik etdiyi nümayəndə heyətinin bu il iyunun 20-dən 29-dək İsveç Krallığına və Finlandiyaya həyata keçirdikləri təlim səfəri barədə məlumat verdi. Öncə İsveç səfərindən hazırlanan təqdimat diqqətə çatdırıldı. İsveç Krallığının dünyanın ən demokratik və inkişaf etmiş ölkələrdən biri olduğunu deyən nazir bu ölkə haqqında bəzi statistik rəqəmlərlə iclas iştirakçılarını tanış etdikdən sonra İsveçin təhsil sistemi barədə məlumat verdi. Qeyd olundu ki, İsveç Krallığının maraqlı struktura malik olan təhsil sisteminin ilk pilləsini məktəbəqədər təhsil təşkil edir. Təhsilin bu pilləsi dörd il davam etməklə 1-5 yaşlı uşaqları əhatə edir. Ölkədə 20732 uşaq bağçası fəaliyyət göstərir ki, onlarda da 800000-dən artıq uşaq məktəbəqədər təhsillə əhatə olunub. 6 yaşlı uşaqlar üçün birillik məktəbəqədər hazırlıq sinifləri mövcuddur. Ölkə üzrə 3843 məktəbəqədər hazırlıq sinfi fəaliyyət göstərir. İsveç Krallığında 1-6 yaşlı uşaqların 95 faizi məktəbəqədər təhsilə cəlb olunub. Bundan başqa, ölkədə məktəbəqədər yaşlı uşaqlar üçün bağçalarla yanaşı, gündəlik qayğı və asudə vaxt təşkili mərkəzləri də fəaliyyət göstərir. Məktəbəqədər təhsildən sonra gələn icbari təhsil pilləsi 7-16 yaşlı uşaqları əhatə edərək 9 il davam edir. Ölkə üzrə icbari təhsil müəssisələrində 960000 şagird oxuyur. İsveçdə tam orta təhsil 3 il davam etməklə 16-19 yaşlı uşaqları əhatə edir. İcbari təhsili başa vuran şagirdlərin demək olar ki, hamısı orta təhsilin yuxarı pilləsində təhsilini davam etdirir. Təhsil naziri diqqəti təhsilin bu pilləsindəki müəssisələrə cəlb edərək İsveçdə iki cür gimnaziyanın - həm tam orta təhsil, həm də peşə təhsili verən gimnaziyaların olduğunu bildirdi. Qeyd etdi ki, İsveçdə tam orta məktəblər bizdəkindən fərqli olaraq ayrı fəaliyyət göstərir və hazırda ölkədə 1015 gimnaziya mövcuddur. Orta təhsilin yuxarı pilləsi 17 milli proqramdan ibarətdir ki, onların da 13 peşə təhsili (xüsusi təyinatlı proqramlar), 4-ü isə ali təhsilə hazırlıq proqramıdır. Gimnaziyalarda 390 min şagird təhsil alır. Onlarla 38500 nəfərlik pedaqoji heyət məşğuldur. Müəllim-şagird nisbəti 1:10-dur. Bir orta məktəb şagirdinə düşən illik xərc 9-10 min avrodur. Sonra təhsil naziri İsveç Krallığının ali təhsil sistemi barədə qısa məlumat verərək onun üçillik bakalavr, ikiillik magistr və dörd il PhD pillələrindən ibarət olduğunu söylədi, ali təhsil müəssisələrinin və orada təhsil alan tələbələrin sayı haqqında rəqəmləri diqqətə çatdırdı. Qeyd olundu ki, İsveçdə ali təhsil pulsuzdur. Ölkədə 17 dövlət və 3 özəl universitet, 11 dövlət və 8 özəl universitet kolleci, 6 dövlət, 2 özəl incəsənət kolleci fəaliyyət göstərir. Ali məktəblərdə 433000 tələbə təhsil alır. Doktoranturada təhsil alanların sayı isə 17200 nəfərdir. Ölkənin ali məktəblərində təxminən 37-40 min xarici tələbənin təhsil aldığını, xaricdə oxuyanların isə 24-25 min nəfər təşkil etdiyini deyən nazir həmin göstəricilərin əhalisi bizim ölkənin əhalisinin sayına bərabər olan İsveçdə ölkəmizə nisbətən çox-çox yüksək olduğunu vurğuladı. Təqdimatda daha sonra İsveç Krallığının təhsil sisteminin idarə olunması, maliyyələşdirilməsi məsələlərindən söz açıldı, Milli Təhsil Agentliyi, peşə sahələri, işə qəbul proqramı, təhsildən sonra işə düzəlmənin vəziyyəti barədə məlumatlar diqqətə çatdırıldı, ölkəmizin təhsil sistemi ilə müqayisələr aparıldı. Daha sonra təhsil naziri Finlandiyaya səfərləri barədə məlumat verdi. Qeyd etdi ki, təhsil sistemi və təhsilin strukturuna görə təxminən İsveç Krallığı ilə eyni olan Finlandiyada təhsil siyasətini icra edən ali icraedici orqan Finlandiya Mədəniyyət və Təhsil Nazirliyidir. Ölkədə müəllimlik ən nüfuzlu peşədir. Ali məktəblərə qəbulda ən böyük müsabiqə də məhz müəllimlik ixtisaslarında olur. Yeni işə başlayan müəllimlərin əməkhaqqı 2000 avro olur. Sonralar dərəcələr qalxdıqca bu göstərici 4000-4500 avroya çatır. Ölkədə məktəbəqədər yaşlı uşaqların 100 faizi məktəbəqədər təhsillə əhatə olunub. Səfər zamanı iki məktəbdə və bir bağçada olduqlarını deyən təhsil naziri həmin müəssisələrin yüksək maddi-texniki bazaya malik olduqlarını, məktəblərdə gündə üç dəfə şagirdlərə isti yemək verildiyini, hər iki ölkədə bizim ölkəmizlə əməkdaşlıq etməyə meyil göstərildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Finlandiyada da məktəbəqədər hazırlıq sinifləri pulsuzdur, məktəblərdə orta sıxlıq 13 nəfərdir, ölkənin ümumtəhsil məktəblərində 600 minə yaxın şagird təhsil alır. Təqdimatda Finlandiyanın peşə təhsili, ali təhsil sistemləri barədə ətraflı məlumatlar verildi, bu pillələrdəki təhsil müəssisələrinin, onlarda təhsil alanların sayını göstərən rəqəmlər misal gətirildi. Diqqətə çatdırıldı ki, əhalisi bizim ölkəmizin əhalisindən təxminən iki dəfə az olan Finlandiyada peşə təhsili müəssisələrində bizdəkindən təxminən on dəfə çox - 146 min uşaq təhsil alır. Təhsil naziri təqdimatının sonunda hər iki ölkə ilə təhsil sahəsində əməkdaşlıq imkanlarının mövcud olduğunu söyləyib, bununla bağlı irəli sürülən təklifləri diqqətə çatdırdı. *** İclasda növbəti təqdimatla təhsil nazirinin müavini, tarix elmləri doktoru, professor İradə Hüseynova çıxış edərək Böyük Britaniyaya səfəri barədə məlumat verdi. Nazir müavini bildirdi ki, 2011-ci il iyunun 19-dan 21-dək Avropanın ən məşhur elm mərkəzlərindən biri olan Oksford Universitetində (Böyük Britaniya) Avropa "Liderlər sammiti" keçirilib və o, sammitdə Azərbaycanı təmsil edib. Nazir müavini İradə Hüseynova öncə sammitin əhəmiyyətini qeyd edib, onun bizim ölkə üçün çox əhəmiyyətli olduğunu, Azərbaycan Respublikasının həyati əhəmiyyətli bütün sahələrdə öz mötəbərliyi və nüfuzunu, ilk növbədə, intellektual və elmi potensialını bütün dünyaya nümayiş etdirmək imkanı əldə etdiyini bildirdi. Qeyd etdi ki, sammitin keçirilməsi üçün kifayət qədər zəngin, maraqlı və çoxsahəli proqram hazırlanmışdı. İştirakçıların yüksək təmsilçilik səviyyəsini isə xüsusi qeyd etmək lazımdır. Belə ki, sammitdə Oksford şəhərinin meri Ledi Ellis Bencamin, Avropa Parlamentinin üzvü Derek Klark, Avropa Biznes Assambleyasının baş direktoru Con Nettin, Avropa Rektorlar Klubunun prezidenti Vil Qudheyer, Beynəlxalq Liderlər Klubunun prezidenti Pol Briqqs, Samsun (Türkiyə) şəhərinin meri Yusuf Zif Yılmaz, sammitdə iştirak edən ölkələrin Böyük Britaniyadakı diplomatik missiyalarının, eyni zamanda dünyanın 37 ölkəsindən elm-təhsil, biznes elitasının nümayəndələri iştirak edirdilər. Avropa rektorlarının bir araya gəldiyi görüşdə ilk olaraq ona söz verildiyini deyən nazir müavini elm və təhsildə innovasiya proseslərinin həyata keçirilməsi vacibliyi problemlərinə, Azərbaycan Respublikasında elm və təhsilin inkişafına dair məruzə ilə çıxış etdiyini bildirdi. Qeyd etdi ki, görüşdə daha sonra Böyük Britaniyanın İmmiqrasiya xidmətinin rəhbəri Qevin Cons, Oksforddan olan kollec rektorları Endi Tomson və Salli Diketts, Kipr, Nigeriya, Makedoniya universitetlərinin rektorları və başqaları çıxış ediblər. Liderlər sammitinin keçirilməsi proqramına Oksford Şəhər Şurasında şəhərin meri ledi Ellis Bencamin ilə işgüzar görüş də daxil idi. Görüşdə elmin və ali təhsilin strategiya və siyasəti məsələləri müzakirə olundu, fikir mübadiləsi aparıldı. Sammitdə 2011-ci il üçün Beynəlxalq Sokrat mükafatının 48-ci təqdimolunma mərasiminin keçirildiyini deyən İ.Hüseynova özünün "Müasir cəmiyyətin intellektual inkişafındakı xidmətlərinə görə" bu mötəbər beynəlxalq mükafata layiq görüldüyünü söylədi və bunu təkcə özünün xidmətlərinə deyil, bütövlükdə Azərbaycan elm və təhsilinə verilən böyük dəyər olduğunu vurğuladı. Sonra mükafatın İ.Hüseynovaya təqdim olunması mərasimindən bəhs edən videoçarx nümayiş olundu. Təhsil naziri Misir Mərdanov və iclas iştirakçıları yüksək mükafata layiq görülməsi münasibətilə İ.Hüseynovanı təbrik etdilər. Təqdimatda daha sonra sammit çərçivəsində keçirilən görüşlərdən söz açıldı. *** 2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF Beynəlxalq Müsabiqəsində iştirak etmək üçün ABŞ-da səfərdə olmuş təhsil işçilərindən ibarət nümayəndə heyətinin rəhbəri, Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın da yığıncaqda təqdimatı dinlənildi. G.Hüseynova təqdimatında öncə müsabiqə haqqında ümumi məlumat verdi. Bildirdi ki, Intel ISEF (Intel International Science and Engineerıng Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. 60 ildən çoxdur ki, keçirilən müsabiqənin nüfuzundan danışan G.Hüseynova onun 20-dən çox qalibinin sonralar Nobel mükafatı laureatı olduğunu, 3 qalibinin isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı aldığını diqqətə çatdırdı. G.Hüseynova bildirdi ki, növbəti 62-ci müsabiqə bu il mayın 9-dan 13-dək Kaliforniya ştatının Los-Anceles şəhərində təşkil olunmuşdur. Finalda 65 ölkədə keçirilmiş 443 seçim müsabiqəsinin qalibləri olan 1500-dən çox şagird iştirak edirdi. O, diqqətə çatdırdı ki, bu mötəbər yarışmanın açılış mərasiminə finalçı şagirdlər, Intel-in əməkdaşları, müxtəlif ölkələrdən gəlmiş alimlərlə yanaşı, 7 nəfər Nobel mükafatı laureatı da qatılmışdı. Sonra G.Hüseynova müsabiqə proqramına uyğun olaraq mayın 12-də "Los Anceles Convention Center"də keçirilən "Açıq qapı" günü haqqında məlumat verdi. Layihələrin qiymətləndirilməsinin 17 kateqoriya üzrə aparıldığını deyən təqdimatçı bu işə hakim qismində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 1000-ə yaxın alimin cəlb edildiyini söylədi. Təqdimatda müsabiqənin şərtləri, mükafatları haqqında da ətraflı söz açıldı. Sonra G.Hüseynova təqdimatında hər il müsabiqə zamanı fəaliyyət göstərən Intel Təlim Akademiyası haqqında danışıb, akademiyaya ilk dəfə dəvət olunan ölkələrin nümayəndələrinə milli müsabiqələrin hazırlanması və keçirilməsinə dair tövsiyələr verildiyini və həmin tövsiyələrə istinad olunaraq Azərbaycan üçün fəaliyyət planının hazırlandığını diqqətə çatdırdı və həmin planın bəzi maddələri ilə yığıncaq iştirakçılarını tanış etdi.
08/07/2015 16:52
İyulun 22-dən 29-dək Taylandın Pattaya şəhərində məktəblilərin XXIII Beynəlxalq İnformatika Olimpiadası keçirilib.
Olimpiadada Azərbaycan komandasının üzvü Azad Salahlı bürünc medala layiq görülüb. İlk dəfə 1989-cu ildə keçirilmiş Beynəlxalq İnformatika Olimpiadası dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır. Azərbaycan 1993-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmək üçün dəvət alsa da, 1994-cü ildən başlayaraq hər il bu olimpiadaya qatılır. 1996, 1997, 2004-cü illərdə Azərbaycan məktəbliləri bürünc, 2003-cü ildə isə gümüş medal qazanıblar. XXIII Beynəlxalq İnformatika Olimpiadasında dünyanın 77 ölkəsindən 304 məktəbli iştirak edib. İştirakçı ölkələrin sayına görə Beynəlxalq İnformatika Olimpiadasını yalnız Riyaziyyat Olimpiadası ilə müqayisə etmək olar. Hazırda YUNESKO-nun himayəsi altında məktəblilər arasında informatika ilə yanaşı 12 elm sahəsi üzrə beynəlxalq olimpiadalar keçirilir. Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadasının qaydalarına görə, hər bir komandanın tərkibində dörd məktəbli ola bilər. Əvvəlki illərdə olduğu kimi, bu il də komandamızın tərkibi müəyyənləşdirilərkən, informatika üzrə respublika olimpiadasının, proqramlaşdırma üzrə tələbələr arasında keçirilmiş olimpiadanın, beynəlxalq səviyyəli onlayn olimpiadaların nəticələri, o cümlədən şagirdlərin yaşı nəzərə alınıb. Sonuncu meyarın mahiyyəti təxminən eyni göstəriciləri olan iki məktəblidən, daha aşağı sinifdə təhsil alan şagirdə üstünlük verilməsindən ibarətdir. Beləliklə, Tayland olimpiadasında ölkəmizi VIII-XI sinif şagirdlərindən ibarət komanda təmsil edib. Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılıb. Olimpiadaya hazırlıq dərsləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Təhsil Nazirliyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və “İnfomas” ictimai birliyinin elmi-metodiki və təşkilati, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə İnformasiya Texnologiyaları İnstitutunun, Bakı Dövlət Universitetinin və digər ali təhsil müəssisələrinin aparıcı alim və mütəxəssisləri tərəfindən aparılıb. Komanda üzvlərinə “Kombinatorika”, “Ehtimal nəzəriyyəsi”, “Qraflar nəzəriyyəsi” və riyaziyyatın digər sahələri üzrə mühazirə və məşğələlər keçirilib. İyunun 1-dən iyulun 17-dək davam etmiş treninqlər Bakı Dövlət Universitetinin dosenti, Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin rəhbərliyi altında aparılıb. Hazırda 2015-ci il də daxil olmaqla növbəti olimpiadaların keçiriləcəyi ölkələr, o cümlədən XXIV Beynəlxalq İnformatika Olimpiadasının 22-29 sentyabr 2012-ci il tarixində İtaliyada keçiriləcəyi müəyyənləşdirilib. Məlumat üçün onu da bildiririk ki, ölkəmizin Beynəlxalq İnformatika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil Nazirliyinin olimpiada tədbirləri sisteminə daxil edilib. Cari ilin sentyabrından Ramin Mahmudzadənin rəhbərliyi ilə istedadlı şagirdlərin seçiminə başlanılacaq, oktyabr ayından isə həmin şagirdlərlə hazırlıq işləri aparılacaq.
08/07/2015 16:52
Bu il Təhsil Nazirliyi sistemindəki ümumi təhsil müəssisələrindəki vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir.
İyulun 1-dən 15-dək davam edən I mərhələdə ölkə üzrə 2177 vakant yerə 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar. Onu da qeyd edək ki, ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub. Hazırda namizədlər müsabiqənin II mərhələsi üzrə test imtahanında iştirak edirlər. İyulun 26-dan başlayan bu mərhələ üzrə namizədlər Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin Təlim Mərkəzində xüsusi qrafik əsasında ixtisaslar üzrə elektron imtahan verirlər. İbtidai sinif müəllimi ixtisası üzrə iyulun 26-dan iyulun 30-dək davam edən imtahanlarda 1244 iddiaçı iştirak edib. Müsabiqənin nəticələrinə əsasən 77 nəfər işə qəbul olunub. Vakant qalmış 33 yer keçid balı toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif edilib. Növbəti həftə Azərbaycan dili və ədəbiyyat, daha sonra isə kimya, tarix, biologiya, fizika, riyaziyyat, informatika, coğrafiya, musiqi və nəğmə, təsviri incəsənət, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı və fiziki tərbiyə fənləri üzrə imtahanlar keçiriləcək. Məlumat üçün qeyd edək ki, indiyədək 3 min nəfərə yaxın müəllim müsabiqənin II mərhələsində imtahan verib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı