• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 14-də Təhsil Nazirliyində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirə iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2010-2011-ci tədris ilinin uğurla başa çatdığını bildirib. Birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziyaların fəaliyyətindən razılığını ifadə edən nazir həmin təhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu söyləyib. Misir Mərdanov "Ən yaxşı müəllim" və "Ən yaxşı məktəb" müsabiqələrində birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin fəal iştirak etdiyini nəzərə çatdırıb. Bu tədris ocaqlarında çalışan müəllimlərin builki "Ən yaxşı müəllim" müsabiqəsində göstərdiyi nəticələrdən söz açan təhsil naziri qazanılmış uğurların həmin məktəblərdə tədrisin keyfiyyətinin bariz nümunəsi olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə təhsilinin inkişafına xüsusi qayğı göstərildiyini bildirən nazir son illərdə orta təhsil müəssisələrində işin müasir tələblər səviyyəsində qurulması üçün həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığını vurğulayıb. Birbaşa nazirliyin tabeliyində olan orta təhsil müəssisələrinin bütün ehtiyaclarının vaxtında ödənilməsinin vacibliyini qeyd edən təhsil naziri bununla bağlı müvafiq tapşırıqlarını verib. Bu təhsil müəssisələrinin fəaliyyətinin daha səmərəli təşkili baxımından bir sıra digər məsələlərə toxunan nazir I siniflərə qəbul, yuxarı sinif şagirdlərinin yerdəyişməsi, müəllim-şagird nisbəti və siniflərdə şagirdlərin sıxlığı ilə bağlı fikirlərini bildirib. Sonra birbaşa nazirliyin tabeliyində olan lisey və gimnaziya direktorları rəhbərlik etdikləri təhsil müəssisələrinin mövcud vəziyyəti, görüləcək işlər barədə məlumat verib, onları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

Sentyabrın 25-də Avropa Liseyində Təhsil Nazirliyinin və “İntel” Korporasiyasının birgə həyata keçirdiyi “1 şagird – 1 kompüter” layihəsi çərçivəsində məktəblilərə 100 noutbukun verilməsi mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov iştirak edib. Nazir layihənin ölkəmizin təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, aşağı sinif şagirdlərinə noutbukların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə daha effektiv təhsil almalarına yaxından kömək edəcək. Sonra nazir liseydə “Elektron məktəb” layihəsi çərçivəsində yaradılmış və artıq istifadə edilən elektron jurnallar ilə yaxından tanış olub. Mərasimdə liseyin 5-6-cı sinif şagirdlərinin bu noutbuklardan həm məktəbdə, həm də evdə istifadə edə biləcəkləri barədə məlumat verilib. Onu da qeyd edək ki, “1 şagird-1 kompüter” layihəsi “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Cari ildə mövcud layihəyə uyğun olaraq, Elitar Gimnaziyaya, Avropa Liseyinə, 23 və 6 saylı orta məktəblərə 400 noutbukun verilməsi planlaşdırılır. Noutbukların 300-ü Təhsil Nazirliyi, 100-ü isə “İntel” Korporasiyası tərəfindən veriləcək. Artıq Elitar Gimnaziya şagirdlərinə yeni noutbuklar verilib. 2010-cü ilin sonunadək bu layihə çərçivəsində Azərbaycan məktəblilərinə Təhsil Nazirliyi 3000, “İntel” 1000 noutbuk təqdim edəcək.

İyunun 16-da Təhsil Nazirliyində «İngilis dilinin intensiv tədrisi» layihəsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrə dair tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin «British Council» beynəlxalq təşkilatı ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb, birgə layihələrin uğurla həyata keçirildiyini bildirib və görülmüş işlər haqqında məlumat verib. Təhsil naziri «İngilis dilinin intensiv tədrisi» layihəsi barədə danışaraq qeyd edib ki, layihənin əsas məqsədi ingilis dili müəllimləri üçün tədris sahəsində ən son nailiyyətləri əks etdirən müasir ixtisasartırma-təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqindən ibarətdir. Nazir onu da bildirib ki, 2003-cü ildən «British Council»un təşəbbüsü ilə Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası (AzETA) yaradılıb və təşkilatın Bakıda baş ofisi, 8 regionda isə filialı fəaliyyət göstərir. Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xarici dillərin tədrisi işinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunan təhsil naziri beynəlxalq təcrübədə uğurla istifadə olunan metodikaların ölkəmizdə də tətbiqinin səmərəli nəticələr verdiyini bildirib. Misir Mərdanov ölkəmizin ümumtəhsil məktəblərində xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər və onların həlli üçün görülmüş işlərdən bəhs edib, 2008-2009-cu dərs ilindən Bakı şəhərində 7 pilot məktəbdə «İngilis dilinin intensiv tədrisi» layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb. Nazir layihənin 189 sinifi və 5352 şagirdi əhatə etdiyi, məktəblərdə ingilis dilinin intensiv tədrisi üçün hazırlanmış yeni tədris planları, proqramları və müəyyənləşdirilmiş dərsliklər barədə məlumat verib. İngilis dilini intensiv tədris edəcək müəllimlərin hazırlığı məqsədi ilə «British Council»un təlimçiləri tərəfindən keçirilmiş təlim seminarlarında 7 pilot məktəbdən 120 nəfər müəllimin peşəkarlıq səviyyəsi və metodik bacarıqlarının artırıldığını bildirən təhsil naziri ingilis dili tədris edilən bütün ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsinin zəruriliyini önə çəkib. Məhz bu amili nəzərə alaraq növbəti tədris ilindən ingilis dili intensiv tədris edilən məktəblərin sayının 20-yə çatdırılmasının nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov bununla əlaqədar qarşıda duran vəzifələri diqqətə çatdırıb, bir sıra təklif və tövsiyələrini verib. «British Council»un Azərbaycan üzrə direktoru Pol Klementson «İngilis dilinin intensiv tədrisi» layihəsinin uğurla həyata keçirildiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Təhsil Nazirliyinin birgə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan P.Klementson rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən söhbət açıb və birgə layihələrin xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət etdiyini nəzərə çatdırıb. Beynəlxalq aləmdə təhsil və biznes sahələrində uğur qazanmaq üçün ingilis dilini bilməyin əhəmiyyəti, dünyada ingilis dilindən istifadə edənlərin sayının sürətlə artması haqda fikirlərini bildirən «British Council»un Azərbaycan üzrə direktoru Azərbaycanda da ingilis dilinin intensiv tədrisi istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini söyləyib.  «İngilis dilinin intensiv tədrisi» layihəsi çərçivəsində həyata keçirilmiş tədbirləri nəzərə çatdıran «British Council»un proqramlar üzrə meneceri Gülşən Hüseynova görülmüş işlərin nəticələrinə dair faktları sadalayıb, milli dərsliklərlə yanaşı, Kembric Universitetinin nəşr etdiyi və Azərbaycan üçün məqbul olan dərslik komplektlərindən (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait, CD, audio vəsait və didaktik materiallar) istifadə olunduğunu bildirib. Gülşən Hüseynova ötən il pilot məktəblərin 85 müəlliminin I və VII siniflərdə dərslərinin «British Council» əməkdaşları tərəfindən müşahidə edildiyini vurğulayıb. 2011-ci ildə layihənin 4 aparıcı təlimçisinin Böyük Britaniyanın Vorvik Universitetində intensiv təlimlərdə iştirak etdiyini söyləyən «British Council»un proqramlar üzrə meneceri layihənin ümumi monitorinqinin yekun nəticələrini diqqətə çatdırıb. Gülşən Hüseynova Azərbaycanda ingilis dilinin tədrisinə ayrılmış saatların həcmini digər ölkələrdəki uyğun göstəricilərlə müqayisə edib,  layihənin səmərəliliyini artırmaq üçün bir sıra müvafiq təkliflərini bildirib.

Bu gün Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 25367 nəfər XI sinif şagirdi imtahan verir.

Ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan 2017 məzunla isə 4 imtahan mərkəzində imtahan aparılır. Qaydalara müvafiq olaraq, tam orta təhsil səviyyəsi üzrə 3 saat ərzində 120 suala cavab verilməlidir. XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında sualların ümumi sayı dəyişməsə də, ayrı-ayrı fənlər üzrə dəyişikliklər edilib. Belə ki, ana dili və riyaziyyat fənləri üzrə suallar 25-dən 21-ə qədər azaldılıb, təbiət fənləri üzrə (kimya, biologiya, fizika, coğrafiya) suallar 10-dan 12-yə qədər artırılıb. Tarix və xarici dil fənləri üzrə sualların sayı isə (15) dəyişilməz qalıb. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 18 variantda hazırlanıb ki, bu da sinifdə hər şagirdə bir variant deməkdir. İyunun 18-də isə Bakı şəhərinin IX siniflərində ümumi orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Həmin gün 75 imtahan mərkəzində 35026 nəfərlə imtahan aparılacaq. Şagirdlər 90 dəqiqə ərzində ana dili və riyaziyyat fənlərinin hərəsindən 25 sual olmaqla 50 suala cavab verməlidirlər. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında istifadə olunacaq test kitabçaları 12 variantda hazırlanıb. Hər bir fənn üzrə sualların 20 faizdən 50 faizə qədərinə düzgün cavab verən şagird "3", 50 faizdən 80 faizə qədərinə düzgün cavab verən şagird "4", 80 faizdən yuxarı düzgün cavab verən şagird isə "5" ilə qiymətləndiriləcək.

Sentyabrın 25-də «Landmark» otelinin Rotunda zalında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) 5 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimi açan MTTYM-in idarə heyətinin sədri, Bakıdakı Britaniya Məktəbinin direktoru David Draper qonaqları səmimi salamlayıb. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ilk növbədə mərkəzin bütün əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə təbrik edib, onlara öz işlərində yeni-yeni uğurlar arzulayıb. Misir Mərdanov öz çıxışında qeyri-hökumət təşkilatlarının fəaliyyətinin ölkənin inkişafındakı əhəmiyyətindən bəhs edib. Artıq ölkəmizdə təhsillə bağlı bir neçə belə qurumun olduğunu bildirən nazir onların bütün layihələrinin Təhsil Nazirliyi ilə birgə həyata keçirildiyini vurğulayıb. Təhsil naziri Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin ölkədə dərslik siyasətinin formalaşması, inklüziv təhsil, xüsusən də məktəb liderlərinin hazırlanması üzrə çoxsaylı layihələr həyata keçirdiyini və bu fəaliyyətin nəticələrinin həmin sahələrin inkişafında böyük əhəmiyyət kəsb edəcəyinə inandığını qeyd edib. Tədbirdə Misir Mərdanov təşkilatın bir qrup əməkdaşının Təhsil Nazirliyinin «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanı və fəxri fərmanları ilə təltif edildiyini bildirərək Müasir Təhsil və Tədrisə Yardım Mərkəzində çalışanlara gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmağı arzulayıb. Mərasimdə mərkəzin 5 illik fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və MTTYM-in icraçı direktoru Ülviyyə Mikayılovanın bununla bağlı təqdimatı olub. Sonra tədbir iştirakçılarına uşaq xorunun ifasında konsert proqramı təqdim olunub. Tədbirin sonunda canlı debat keçirilib və müzakirə olunan məsələnin nəticələri səsvermə yolu ilə müəyyən edilib.

İyunun 17-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Azərbaycan və gürcü xalqlarının dostluğundan, iki ölkə arasındakı əlaqələrdən söz açan nazir təhsil sahəsində mövcud olan əməkdaşlığın inkişaf istiqamətlərindən bəhs edib. Təhsil naziri Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəbləri üçün Azərbaycan dilində dərsliklərin hazırlanması məsələsinə toxunub və azərbaycanlı mütəxəssislərin bu işdə yaxından iştirak etməsi təklifini irəli sürüb. Eyni zamanda Misir Mərdanov Gürcüstandakı Azərbaycan məktəblərində aparılan əsaslı təmir və tikinti işlərinə köməklik göstərilməsinin lazim olduğunu qeyd edib. Nazir qonaqların bir neçə təhsil müəssisəsinə baş çəkməsini tövsiyə edib, onların ölkəmizin təhsil sistemi ilə yaxından tanış olmasının əhəmiyyətini vurğulayıb. Gürcüstan Respublikasının elm və təhsil naziri Dmitri Şaşkin Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasındakı dostluq əlaqələrindən və səmərəli əməkdaşlıqdan söz açan qonaq Gürcüstandakı Azərbaycan məktəblərinin maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədilə görülən işlərdən danışıb. Qonaq Gürcüstanda bu il I-VI, gələn tədris ilində isə VII-XI siniflər üçün Azərbaycan dilində dərsliklərin hazırlanmasının nəzərə tutulduğunu qeyd edib. Elm və təhsil naziri ölkəsindəki Azərbaycan məktəblərini bitirmiş məzunların Gürcüstanın ali məktəblərində təhsil alması üçün yaradılmış şəraitdən, müəyyən kvota və imtiyazlardan söz açıb. Dmitri Şaşkin, həmçinin Gürcüstanın təhsil sistemi, orta təhsilin inkişafı üzrə aparılan islahatlar haqqında məlumat verib və qarşıda duran məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. Görüşdə Gürcüstanda yerləşən Azərbaycan məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, gələcəkdə birgə fənn olimpiadalarının təşkil olunması, ölkəmizdə gürcü dilinin, Gürcüstanda isə Azərbaycan dilinin tədrisi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov Gürcüstanda Azərbaycan, Azərbaycanda isə gürcü tarixi və coğrafiyasına dair vəsaitin hazırlanması, orta məktəblərdə fakültativ kursların təşkil olunması ilə bağlı təkliflərini irəli sürüb. Gürcüstanın elm və təhsil naziri isə öz növbəsində verilən təkliflərə münasibətini açıqlayıb, bu məsələlərə dair lazımi addımlar atmağa hazır olduqlarını və bununla bağlı komissiya yaradılacağını bildirib. Görüşdə Gürcüstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

İyunun 18-də Təhsil Nazirliyində «Elektron təhsil» Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilib.

İlk öncə «Elektron təhsil» müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirilib. Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil edilən müsabiqəyə aprelin 11-də start verilib. «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən müsabiqə Microsoft Azərbaycan, İntel korporasiyasının «Gələcək üçün təhsil» proqramı, AzEduNet, Ultra, HP, Azerfon-Vodafone və Mədət təşkilatı tərəfindən dəstəklənib. Müsabiqə «Elektron tədris resursları» və «Təhsildə internet texnologiyaları» istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron resurslardan və internet texnologiyalarından tədris proseslərində istifadə imkanlarını daha da genişləndirmək, bu sahədəki yeniliklər barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, o cümlədən tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov müsabiqənin keçirilməsində əməyi olanlara, bu işdə yaxından iştirak edən bütün təşkilat və şirkətlərə Azərbaycanın təhsil ictimaiyyəti adından təşəkkürünü bildirib. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən informasiya-kommunikasiya texnologiyaları ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlilərindən biri olduğunu vurğulayıb. «Elektron təhsil» Respublika müsabiqəsinin əhəmiyyətindən söz açan təhsil naziri müsabiqənin qaydaları barədə məlumat verib. Nazir deyib ki, müsabiqədə 5 nominasiya üzrə 601 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 98-i nominant seçilib. Misir Mərdanov çıxışının sonunda ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, ölkədə informasiya cəmiyyətinin formalaşmasının əsas istiqamətlərindən biri də təhsilin informasiyalaşdırılmasıdır. Fikrini konkret misallarla əsaslandıran R.Əliquliyev təhsilin informasiyalaşdırılmasının zəruri tərəflərinə toxunub, bu prosesin müasir dövrün başlıca tələblərindən biri olduğunu nəzərə çatdırıb. Daha sonra müsabiqə qaliblərinə diplom, noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunub.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin may ayında 2102 müraciət daxil olub.

Müraciətlərin 1922-si telefonla, 180-i elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi (1875 müraciət) sorğu və məlumat, 227-si isə şikayət xarakterlidir. Şikayət xarakterli müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərindən, bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki-peşə təhsili müəssisələrindən daxil olub. Sorğu xarakterli müraciətlər ölkədaxili və beynəlxalq olimpiadalar, xaricdə təhsil, əlavə təhsil, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədardır. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə alınıb və cavablandırılmaqla həllini tapıb. Ötən ay ümumtəhsil məktəbləri üzrə Bakıdan 66, Sumqayıtdan 8, Gəncədən 2, Mingəçevirdən 1, Abşerondan 12, Füzulidən 6, Goranboy, Qəbələ, Şəki və Lerik rayonlarının hər birindən 5, Qazax, Tovuz, Gədəbəy və Zaqatala rayonlarının hər birindən 4, Siyəzən, Daşkəsən, Tərtər, Şəmkir, Ağcabədi, İsmayıllı, Masallı, Yevlax rayonlarının hər birindən 3, İmişli, Xaçmaz, Cəlilabad, Kəlbəcər, Şəmkir, Ağcabədi, Biləsuvar, Zəngilan, Yardımlı, Xızı, Laçın, Qusar rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqlarından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi ilə əlaqədar məsələlər təşkil edib. Müvafiq araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq olduğu aşkarlanıb, müraciətlərin böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar “Qaynar xətt”ə edilmiş 12 müraciətin 6-sı Bakı, 2-si Sumqayıt şəhərlərindən, 3-ü Abşeron, 1-i Şabran rayonlarından olub. Bu müraciətlərdə uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, bağçadan-bağçaya köçürülmə və digər mövzularda valideynləri narahat edən məsələlər əksini tapıb. May ayında məktəbdənkənar tərbiyə müəssisələrindən 1 şikayət məzmunlu müraciət qəbul edilib və müvafiq qaydada araşdırılıb. “Qaynar xətt” xidmətinə texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 9, internat məktəbləri ilə bağlı 3 müraciət daxil olub. Müraciətlərdə şagirdlərin təqaüdünün gecikdirilməsi, şagird qəbulu, internat məktəblərində təhsilin səviyyəsinin aşağı olması, dərsliklərin verilməməsi və digər məsələlərə toxunulub.  Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 19, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, diplomun gecikdirilməsi və başqa məsələlərlə bağlı problemlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş hər 2 müraciət Odlar Yurdu Universitetində diplom üçün rüsum tələb olunması barədədir.

Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq Çul ilə görüşüb.

Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub. Qonağı səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreya arasında son illər inkişaf edən əlaqələrdən, təhsil sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini bildirən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 23, ümumilikdə isə 60-dan artıq azərbaycanlı gəncin hazırda Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb. Nazir həmçinin Cənubi Koreyanın “DAEWOO” Şirkətinin Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində atdığı addımlardan da söz açıb və bu sahədə konkret nəticəyə nail olunacağına inamını ifadə edib. Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq Çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib. Lyu Kvanq Çul səmimi qəbula görə nazirə minnətdarlıq edib. Ölkələr arasında elm və təhsil sahəsində sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayan səfir koreyalı gənclərin Azərbaycan universitetlərində təhsil almaq marağından və tələbə mübadiləsi aparılmasının ikitərəfli əlaqələrin daha da inkişafında müsbət rolundan danışıb. Sonra qonaq Koreyanın Hankuk Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili kafedrasında yeni açılan Azərbaycan dili bölməsi və bu dilin tədrisi barədə nazirə məlumat verib. Görüşdə tərəflər mövcud istiqamət üzrə əməkdaşlığın davam etdirilməsinin labüdlüyünü qeyd ediblər.

İyunun 30-da Təhsil Nazirliyində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresi ilə bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev də iştirak edib. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 1-3 iyul 2011-ci il tarixlərində Bakıda keçiriləcək Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən təşkil edildiyini bildirib. Nazir deyib ki, konqresdə 20-dən çox ölkədən, o cümlədən, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, İran, ABŞ, Fransa, Malayziya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan riyaziyyatçı alimlər iştirak edəcək. Konqresin saytında 700 nəfərdən çox iştirakçının qeydiyyatdan keçdiyini nəzərə çatdıran təhsil naziri konqresə xarici ölkələrdən 300-dək iştirakçının qatılacağını vurğulayıb. Misir Mərdanov Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) (Turkic World Mathematical Society (TWMS)) 1999-cu ildə Türkiyənin Elazığ şəhərində əsası qoyulmuş beynəlxalq təşkilat olduğu haqda məlumat verib, bu qurumun öz sıralarında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanla yanaşı, Rusiya, Çin, ABŞ, Fransa, İsveç və digər ölkələrdən olan riyaziyyatçı alimləri birləşdirdiyini söyləyib. Təşkilatın əsas məqsədinin türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələrin ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək vermək olduğunu nəzərə çatdıran nazir 1999-cu ildən etibarən bu cəmiyyətin üç konqresinin keçirildiyini bildirib. Azərbaycanda fundamental elmlərin inkişafı istiqamətində son illər ərzində görülmüş işlərin müsbət nəticələr verdiyini qeyd edən təhsil naziri Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV Konqresinin Bakıda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Konqresin proqramının və tezislərinin ingilis dilində çap olunduğunu bildirən nazir bu tədbirin Azərbaycan alimlərinin beynəlxalq əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradacağına inamını ifadə edib. Sonda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı