SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
7-14 aprel 2013-cü il tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində İngilis Dili Müəllimlərinin Beynəlxalq Assosiasiyasının (IATEFL) “IATEFL – 2013” konfransı keçirilib.
Britaniya Şurasının dəstəyi ilə keçirilən konfransda bu təşkilatın ingilis dili və imtahanlar şöbəsinin direktoru Mark Robson, Avropa regionu üzrə ingilis dili proqramlarının direktoru Eylid Hamilton, marketinq və ictimaiyyətlə əlaqə üzrə direktoru Kleyr Sirs, ingilis dili proqramlarının meneceri Maya Mandekic iştirak ediblər. Konfransda ölkəmizi Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təmsil edib. Konfransa 100 ölkədən 2500-dən artıq nümayəndə qatılıb, 70 min nəfər isə tədbiri onlayn izləyib. Konfrans çərçivəsində 500 təqdimat və sessiya keçirilib. Qeyd edək ki, IATEFL 1967-ci ildə Böyük Britaniyada xeyriyyə təşkilatı kimi yaradılıb. 4 mindən artıq üzvü olan təşkilatın əsas məqsədi bütün dünyada ingilis dilinin tədrisinə və ingilis dili müəllimlərinin inkişafına dəstək verməkdir. 100-dən çox ölkənin ingilis dili müəllimləri assosiasiyaları, o cümlədən AzETA da IATEFL təşkilatının üzvüdür. Konfransı IATEFL təşkilatının prezidenti Erik Baber açıb. İlk plenar iclasda linqvistika üzrə mütəxəssis David Kristalın təqdimatı dinlənilib. Sonra ingilis dilinin tədrisi və öyrənilməsi ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb. İkinci plenar iclasda müəllim motivasiyasının inkişafı, ilkin müəllim hazırlığı, xarici dil təlimində humanistləşdirmə, animasiya vasitəsilə kiçik yaşlı uşaqlara ingilis dilinin tədrisi, müəllimlərin ixtisasının onlayn artırılması və digər məsələlər müzakirəyə təqdim edilib. Üçüncü plenar iclasda akademik idarəetmə üçün müəllimə tövsiyələr, akademik tədqiqatın planlaşdırılması, dil vərdişlərinin inteqrasiyası, yuxarı siniflərdə dilin tədrisində smart lövhədən istifadə və başqa mövzular üzrə müzakirələrə yer verilib. Dördüncü plenar iclasda isə kreativ pedaqogika və dil təlimi, dil öyrənilməsində kompüter oyunlarından istifadə, vizual nitq texnologiyalarından istifadə etməklə təqdimat qabiliyyətinin inkişafı və bir sıra başqa məsələlər müzakirəyə çıxarılıb. Plenar iclaslarda müzakirə olunan məsələlər üzrə Azərbaycan təcrübəsi də konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Son illərdə ölkəmizdə ingilis dilinin tədrisi, yeni kurikulumların, qiymətləndirmə sisteminin, dərsliklərin tətbiqi sahəsində əldə olunmuş təcrübə maraqla qarşılanıb. Eyni zamanda 20 məktəbdə ingilis dilinin intensiv tədrisi, əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasına imkan verən yeni ixtisasartırma sisteminə keçid sahəsində Azərbaycanda əldə olunmuş nəticələr də konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Konfrans zamanı Azərbaycan Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov ilə Britaniya Şurasının və IATEFL təşkilatının rəhbərliyi arasında görüş keçirilib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. Onu da qeyd edək ki, konfrans çərçivəsində təşkil olunmuş təhsil sərgilərinə universitetlər, kolleclər, dil kursları və digər təhsil qurumları olmaqla 60-dək müəssisə və təşkilat qatılıb. Konfransda Azərbaycanla IATEFL təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi, ölkəmizdə ingilis dilinin tədrisi sahəsində təşkilatın təcrübəsindən səmərəli istifadə üzrə Britaniya Şurası ilə birgə tədbirlərin müəyyənləşdirilməsi istiqamətində irəli sürülmüş təkliflərin nəzərə alınması məqsədəmüvafiq hesab edilib.
08/07/2015 16:52
Aprelin 17-də Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir. Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə 8-18 yaşlı məktəblilər arasında rayon, şəhər və respublika mərhələləri olmaqla 7 zona üzrə keçirilib. Texniki yaradıcılığın aviamodel, kosmik raket, avtomodel, gəmi modeli, radiotexnika növləri üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsinə 179 iş təqdim edilib. Münsiflər heyəti tərəfindən seçim aparıldıqdan sonra 45 nəfər qalib olaraq müəyyənləşdirilib. Öncə tədbir iştirakçıları liseyin qarşısında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra respublikada fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov texniki yaradıcılıq mərkəzlərinin dərnək üzvlərinin əl işlərindən ibarət modelləri yüksək qiymətləndirib, hər bir şagirdin təhsillə yanaşı maraq və istəklərinə uyğun müxtəlif idman növləri və yaradıcılıqla məşğul olmasının vacibliyini bildirib. Respublikamızın günbəgün sürətlə inkişaf etdiyini söyləyən nazir müavini bu inkişaf ahənginin qorunub saxlanması üçün hər bir sahədə yüksək ixtisaslı kadrların hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Son illər texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin genişlənməsi və dərnək üzvlərinin sayının artmasını təqdirəlayiq hal kimi dəyərləndirən Qulu Novruzov ölkənin təhsil siyasətində yüksək ixtisaslı mühəndislərin hazırlanması işinin də prioritet məsələlərdən biri olduğunu deyib. Nazir müavini dərnək üzvlərinin hərbi texnika modellərinə daha çox maraq göstərmələrinin onların yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasından irəli gəldiyini söyləyib. Qalibləri və dərnək rəhbərlərini təbrik edən Qulu Novruzov iştirakçı şagirdlər arasından gələcəyin mühəndis və mütəxəssislərinin yetişəcəyinə ümidvar olduğunu bildirib. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev belə tədbirlərin keçirilməsinin şagirdlərin layiqli vətəndaş kimi yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İntiqam Babayev müsabiqədə nümayiş olunan modelləri hazırlayan şagirdlərin gələcəkdə dünya miqyasında tanınmış bir ixtiraçı və ya alim kimi yetişəcəklərinə əminliyini ifadə edib. O, qalibləri təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri Şahvələd Əliyev şagirdlərin əl işlərində müşahidə edilən hərbi vətənpərvərlik ruhunu yüksək qiymətləndirib. Müsabiqənin əhəmiyyətindən danışan şura sədri belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Daha sonra müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
08/07/2015 16:52
Aprelin 17-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq konfrans işə başlayıb.
Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilən konfransda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç, İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri də iştirak edirlər. Beynəlxalq konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni layihələrin həyata keçirilməsi, müasir kimya texnologiyalarının öyrənilməsi və tətbiq edilməsi məsələləri ətrafında müzakirələr aparılacaqdır. Tədbirdə neft kimyasının nəzəri və praktik məsələləri, fiziki və analitik kimyanın aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və digər aktual məsələlərlə bağlı çıxış və məruzələr dinləniləcək, diskussiyalar təşkil olunacaqdır. Beş gün davam edəcək beynəlxalq konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, bu tədbir xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan mütəxəssislər arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına imkan verəcək. Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak etdiyini söyləyən nazir Azərbaycan elminin inkişafı baxımından konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. Təhsil naziri, həmçinin bu konfransın kimya elminin və kimya mühəndisliyinin inkişafına çox böyük təkan verəcəyini nəzərə çatdırıb. Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev, Qafqaz Universitetinin rektoru Əhməd Saniç, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə, “Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev və başqaları bildiriblər ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü tərəqqisi, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacib əhəmiyyət kəsb edir.
08/07/2015 16:52
Aprelin 10-dan 14-dək Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilərin Respublika şahmat turniri keçirilib.
Qeyd edək ki, turnir üç yaş qrupu üzrə – 10, 11-12 və 13-14 yaşadək oğlanlar və qızlar arasında təşkil olunub. Yarışa respublikanın 37 şəhər və rayonundan 50 oğlan, 48 qız olmaqla, ümumilikdə 98 məktəbli qatılıb. Turnirin qalibi adına layiq görülmüş məktəblilər müvafiq dərəcəli diplom və hədiyyələrlə mükafatlandırılıblar.
08/07/2015 16:52
Aprelin 18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda sərgi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə adıçəkilən nazirliklərin rəsmiləri, tanınmış alim və ziyalılar, təhsil ictimaiyyətinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, dərslik müəllifləri, ekspertlər, kitabxananın əməkdaşları və KİV təmsilçiləri iştirak ediblər. Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq qonaqları salamlayıb və ümummilli lider Heydər Əliyevin təhsilə, dərsliklərin nəşrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Sonra çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq tədbir iştirakçılarını bu müqəddəs məkanda görməkdən məmnunluğunu bildirib. Çıxışında ulu öndər Heydər Əliyevin dərslik siyasətindən, ümummilli liderin bu sahədəki çox önəmli xidmətlərindən söz açan Misir Mərdanov bir sıra müvafiq tarixi faktları nəzərə çatdırıb. Nazir qeyd edib ki, hələ Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1978-ci ildə dərsliklərin şagirdlərə pulsuz çatdırılması barədə qərar qəbul olunub. Müstəqilliyin ilk illərində dərsliklərin hazırlanması və şagirdlərə çatdırılması sahəsindəki çətin duruma toxunan Misir Mərdanov həmin dövrdə yaranmış ağır vəziyyətdən söhbət açıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra şagirdlərin dərsliklərlə təminatı məsələsinə ən prioritet sahələrdən biri kimi xüsusi diqqət yetirildiyini söyləyən təhsil naziri ilk növbədə məcburi köçkün və qaçqın uşaqlarının, sonrakı illərdə isə mərhələlərlə bütün şagirdlərin dərsliklərlə pulsuz təmin olunduğunu nəzərə çatdırıb. Nazir Azərbaycanın MDB məkanında şagirdləri dərsliklərlə pulsuz təmin edən ilk ölkə olduğunu vurğulayıb. Daha sonra təhsil naziri ölkəmizdə dərsliklərin, əlavə oxu vəsaitlərinin hazırlanması istiqamətində həyata keçirilmiş davamlı tədbirlərdən və mühüm layihələrdən bəhs edib. Misir Mərdanov bildirib ki, bütün bu nailiyyətlərə zəmin yaradan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dərslik siyasəti hər zaman təhsil sahəsinə xüsusi qayğı göstərən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nazir çıxışının sonunda bu tədbirin keçirilməsinə şərait yaradan və sərginin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə keçirilən bu sərginin əhəmiyyətinə toxunaraq qeyd edib ki, dərsliklər Azərbaycan xalqının gələcəyi, azərbaycanlı uşaqların hərtərəfli təhsilinin əsas mənbəyidir. Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin ölkəmizə və xalqımıza misilsiz xidmətlər üzərində qurulduğunu vurğulayan mədəniyyət və turizm naziri ümummilli liderin daim təhsil sahəsinə xüsusi qayğı ilə yanaşdığını nəzərə çatdırıb. Əbülfəs Qarayev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğı nəticəsində dövlət vəsaiti hesabına kitabxanalar hər il Azərbaycan, eləcə də dünya ədəbiyyatının nümunələri ilə daha da zənginləşir. Bütün bunların ümummilli lider Heydər Əliyevin təhsilə, biliyə, dərsliyə göstərdiyi diqqətin məntiqi davamı olduğunu söyləyən nazir bildirib ki, Azərbaycan dövlətinin, xalqımızın inkişafının ana xətti olan təhsil və mədəniyyət sahələrinin tərəqqisi üçün hər kəs üzərinə düşən vəzifələri uğurla yerinə yetirməlidir. Sonra çıxış edən Akademik Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, Heydər Əliyev adına liseyin direktoru Fikrət Xəlilov, akademik Zərifə Əliyeva adına liseyin müəllimi Samirə Bəktaşi, 72 nömrəli məktəb-liseyin müəllimi Aydın Allahverdiyev və Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov ölkəmizdə həyata keçirilən dərslik siyasətindən, bu sahədə ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. Daha sonra tədbir iştirakçıları 1993-2012-ci illərdə ümumi təhsil məktəbləri üçün, eləcə də ali, orta ixtisas və peşə təhsili ixtisasları üzrə çap olunmuş 1500 adda dərslik nümunələrindən ibarət sərgi ilə tanış olublar.
08/07/2015 16:52
Təhsil Nazirliyində “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası çərçivəsində hazırlanmış xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) sistemi (www.nostrifikasiya.edu.az) nazirliyin saytının “Elektron xidmətlər” bölməsinə daxil edilib.
Qeyd edək ki, yeni sistem nostrifikasiya prosesinin müasir tələblərə uyğun təşkili baxımından bir sıra üstün cəhətlərə malikdir. Belə ki, xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi sistemi vətəndaşlar üçün geniş müraciət imkanları açır, şəffaflığa, subyektiv amillərin aradan qaldırılmasına xidmət edir. Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası 1997-ci ilin aprelindən “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Lissabon Konvensiyası”na imza atıb və 2000-ci ildən bu prosesin həyata keçirilməsi işi Təhsil Nazirliyinə həvalə olunub.
08/07/2015 16:52
Aprelin 22-də təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirmişdir. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırmışdır. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilk öncə təhsil naziri Mikayıl Cabbarova yeni işində uğurlar arzulamışdır. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə toxunan səfir təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnac səmimi qəbula görə təhsil naziri Mikayıl Cabbarova təşəkkürünü bildirmişdir. Rəhbərlik etdiyi qurumun 2010-cu ildən fəaliyyət göstərdiyini söyləyən komitə sədri Azərbaycanla təhsil əlaqələrinin inkişafında maraqlı olduqlarını nəzərə çatdırmışdır. Türkiyənin ali təhsil sahəsində əldə etdiyi təcrübənin Azərbaycanla bölüşməsinin zəruriliyini vurğulayan qonaq qarşılıqlı əməkdaşlıqda tələbə mübadiləsinin əhəmiyyətindən bəhs etmişdir. Kamal Yurtnac Türkiyə universitetlərində oxuyan əcnəbi tələbələrin təhsil göstəriciləri ilə yaxından tanış olduqlarını, ayrı-ayrı ölkələrdən olan tələbələrin təhsildəki uğurları əsasında təhlillər apardıqlarını bildirmişdir. Kamal Yurtnac bu il Türkiyə universitetlərində oxumaq istəyən 150 azərbaycanlı tələbə üçün təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu söyləmişdir. Komitə sədri aparılacaq seçimlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanların nəticələrinə və müvafiq mütəxəssislərdən ibarət komissiyanın rəyinə əsasən müəyyənləşdiriləcəyini qeyd etmişdir. Qonaq, həmçinin azərbaycanlı tələbələrə Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq və müvafiq ixtisaslar üzrə seçim etmək imkanı yaradılacağını nəzərə çatdırmışdır. Təhsil naziri Mikayıl Cabbarov azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, ölkələrimiz arasında təhsil əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı ilə bağlı müvafiq təkliflər səsləndirilmişdir. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova da iştirak etmişdir.
08/07/2015 16:52
14-21 aprel 2013-cü il tarixində Azərbaycanın peşə təhsili sahəsini təmsil edən nümayəndə heyəti Sloveniya və Almaniya Federativ Respublikasında təlim səfərində olmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Almaniya Federal Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin birgə həyata keçirdiyi Tvininq layihəsi çərçivəsində reallaşdırılmış təlim səfəri bu ölkələrdə peşə təhsili sistemi ilə tanışlıq, layihə çərçivəsində hazırlanmış yeni konsepsiyanın tətbiqi imkanlarının müzakirəsi məqsədi daşımışdır. Nümayəndə heyətinin tərkibində Təhsil Nazirliyinin peşə təhsili üzrə rəhbər işçiləri, peşə təhsili müəssisələrinin direktorları, müəllim və istehsalat təlimi ustaları təmsil olunmuşlar. Nümayəndə heyəti səfərin ilk hissəsində Sloveniyanın mühüm kənd təsərrüfatı bölgəsi kimi tanınmış Pomurska regionundakı Rakican Biotexnika Peşə Məktəbi ilə tanış olmuşdur. Azərbaycanlı mütəxəssislərə məktəbdə tədrisin təşkili, Sloveniyada peşə təhsili sistemi, haqqında məlumat verilmişdir. Onu da nəzərə çatdıraq ki, Rakican Biotexnika Peşə Məktəbi Tvininq layihəsinin Almaniya tərəfdən tərəfdaşı olan Ansbax Peşə Tədris Mərkəzi ilə sıx əməkdaşlığa malikdir. Regional Kənd Təsərrüfatı Cəmiyyətindəki görüşdə isə bölgənin kənd təsərrüfatı strukturu haqqında məlumat verilmişdir. Səfərin ikinci hissəsində Almaniyanın Bavariya Federal Vilayətində mövcud olan müxtəlif peşə tədris müəssisələri və təşkilatları ilə tanışlıq olmuşdur. Münhen şəhərindəki peşə təhsili sahəsi üzrə kurikulum hazırlığı, keyfiyyət menecmentinin təşkili ilə məşğul olan Məktəb Keyfiyyəti və Təhsil Tədqiqatları Dövlət İnstitutunun direktoru Tomas Sachsenröde ilə görüş keçirilmişdir. Direktor institut və rəhbərlik etdiyi qurumun fəaliyyət sahələri, eləcə də strukturu haqqında məlumat vermişdir. Daha sonra İnstitutun Peşə məktəbləri şöbəsinin müdiri Qeorq Renner “Peşə məktəbləri üçün kurikulumların hazırlanması” mövzusunda təqdimat etmişdir. Günün ikinci yarısında institutun direktor müavini Arnulf Zöllerin keyfiyyət menecmenti mövzusunda təqdimatı dinlənilmiş və müvafiq müzakirələr aparılmışdır. Nümayəndə heyəti Şimalı Bavariyada kənd təsərrüfatı üzrə mühüm tədris mərkəzi olan Trisdorf Təhsil Mərkəzində də olmuşdur. Kənd təsərrüfatı sahəsində təhsilin bütün pillələri üzrə tədris imkanlarına malik olan mərkəzdə regionun peşə təhsili sistemi, Almaniyada müəllim hazırlığı, imtahanların təşkili ilə bağlı təqdimatlar dinlənilmiş və müzakirələr aparılmışdır. Azərbaycanlı mütəxəssislər, həmçinin mərkəzin nəzdində fəaliyyət göstərən xüsusi təlim mərkəzlərindəki imkanları və istehsalat təcrübəsinin təşkili vəziyyəti ilə ətraflı tanış olmuş, təcrübəçi şagirdlər və təsərrüfat rəhbəri ilə görüşmüşlər. Səfər zamanı, həmçinin Ansbax Peşə Tədris Mərkəzi və Regensburq Peşə Tədris Mərkəzinə səfərlər olmuşdur. Regensburg Peşə Tədris Mərkəzi sosial ixtisaslar ilə yanaşı, həm də bağçılıq üzrə ixtisaslaşmış bir təhsil müəssisəsidir. Səfərin zamanı Almaniyadan olan ekspertlər Azərbaycan nümayəndə heyəti arasında müvafiq təhsil konsepsiyasının pilot məktəblərdə tətbiqi yolları və imkanları, müəllim hazırlığı, ixtisasartırma kurslarının təşkili məsələləri haqqında müzakirələr aparılmış və bəzi konkret təkliflər irəli sürülmüşdür.
08/07/2015 16:52
22-24 aprel 2013-cü il tarixlərində Bakıda Azərbaycan Respublikası ilə İSESKO arasında əməkdaşlıq proqramı çərçivəsində “Ali təhsil müəssisələri üçün tədris planları və kurikulumların hazırlanması, insan ehtiyatları və universitetlərin idarə olunması” mövzusu üzrə milli seminar keçirilmişdir.
Qeyd edək ki, tədbirin əsas məqsədi ali təhsil müəssisələri üçün fənn kurikulumlarının hazırlanması, təhsilin keyfiyyətinin planlaşdırılması, ali təhsil müəssisələrinin idarə olunmasında yeni tendensiyaların tətbiqi, universitetlərlə iş adamları arasında əməkdaşlıq, elmi-tədqiqat işlərinin planlaşdırılması, doktorantura təhsilində islahatlar və digər məsələlərin müzakirəsindən ibarət olmuşdur. Seminarda Təhsil Nazirliyinin əməkdaşları və İSESKO-nun nümayəndəsi Məhəmməd Həlal iştirak etmişlər. Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynovanın rəhbərlik etdiyi seminarda yerli mütəxəssislər və Malayziyadan gəlmiş ekspertin – Nik Ahmad Hişam İsmailin iştirakı ilə ali təhsilin müqayisəli təhlili aparılmışdır. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.
08/07/2015 16:52
Kütləvi informasiya vasitələri nümayəndələrinin nəzərinə!
Təhsil Nazirliyi KİV-lə daha səmərəli münasibətlərin qurulması üçün yeni siyasət formalaşdırır. Bu siyasət nazirliyin media ilə əlaqələrinin daha açıq, şəffaf və operativ qurulmasına xidmət edəcək. Bütün bunlar Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın yaradılması imkanlarını artıracaq. Odur ki, media təmsilçilərindən yeni əməkdaşlıq siyasəti formalaşdırılana qədər Təhsil Nazirliyinə edilən müraciətlərin yazılı olaraq göndərilməsi xahiş olunur. Eyni zamanda bildiririk ki, KİV-dən daxil olan bütün müraciətlər həftənin şənbə və bazar günləri istisna olmaqla, Təhsil Nazirliyinə daxil olduğu müddətdən 24-48 saat ərzində araşdırılıb cavablandırılacaq. Müraciətlər Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin press@edu.gov.az elektron poçt ünvanına və ya 012-496-37-76 nömrəli faksına göndərilə bilər. İctimaiyyətlə əlaqə şöbəsi
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı