SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 17-də təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ilə görüşüb.
Öncə Riçard Morninqstarı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edən təhsil naziri ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Səfiri Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib. Misir Mərdanov bu günlərdə ABŞ-ın Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə ilə əlaqədar səfirə başsağlığı verib. Nazir uğurla həyata keçirilən təhsil və mübadilə proqramlarının əhəmiyyətinə toxunub, bu istiqamətdə əldə olunmuş müsbət nəticələrdən danışıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələri siyahısına 82 ABŞ universitetinin daxil olunduğunu nəzərə çatdıran Misir Mərdanov, həmçinin orta təhsil üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin mümkünlüyünü söyləyib. Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Riçard Morninqstar ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Azərbaycan-ABŞ münasibətlərində təhsil sahəsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində seçilmiş ali təhsil müəssisələri siyahısına digər tanınmış ABŞ universitetlərinin də əlavə edilməsinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib. Təhsilin digər pillələri üzrə əlaqələrin inkişafı yönündə atılacaq addımlara diqqət çəkən qonaq bu baxımdan Misir Mərdanovun təklifi ilə razı olduğunu nəzərə çatdırıb. Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən təhsil naziri ABŞ-la elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü məsələlərinə toxunub. Nazir, həmçinin birgə elmi simpozium və konfransların təşkil olunması təklifini irəli sürüb. Misir Mərdanov qeyd edib ki, ölkələrimiz arasındakı təhsil əlaqələrinin inkişafı istiqamətində görülmüş işlər və müvafiq əməkdaşlığın mümkün tərəfləri haqqında ictimaiyyətə daha geniş məlumatlar verilməlidir. Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin noyabr ayında 613 müraciət daxil olub.
Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi ilə və dövlət proqramı çərçivəsində xaricdə ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərlə bağlıdır. Bir sıra müraciətlərdə ümumi təhsil, orta-ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 53 müraciət qəbul edilib. Bakı şəhərindəki ümumi təhsil məktəblərindən 24, digər şəhər məktəblərindən 5 (Gəncə şəhəri 4, Şirvan şəhəri 1), Abşeron, Goranboy, Tovuz, Qazax, Qəbələ və Biləsuvar rayonlarının hər birindən 2, Astara, İmişli, Xaçmaz, Ağdam, Hacıqabul, Bərdə, Balakən, Tərtər, Saatlı, Ağcabədi, Lənkəran və Füzuli rayonlarının hər birindən 1 müraciət daxil olub. Məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlardan, təhsil prosesinin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi və digər məsələlərdən bəhs edən bütün müraciətlərə baxılıb, mövcud problemlər həll edilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsanlar aşkarlanmış təhsil müəssisələri rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i dövlət, 2-si özəl ali məktəblərdən) diplomların verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub. Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib və vaxtında öz həllini tapıb.
08/07/2015 16:52
Dekabrın 18-də «Avropa» otelinin «Bakı» zalında doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, respublikanın tanınmış alimləri və pedaqoqları iştirak ediblər. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının əhəmiyyətindən söz açan nazir bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Təhsil naziri müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunduğunu, əsaslı işlərin aparıldığını və mühüm nailiyyətlərin əldə edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən Misir Mərdanov bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Azərbaycanda kifayət qədər elmi potensialın olduğunu önə çəkən nazir bundan bacarıqla istifadə etməyin vacibliyi məsələsinə toxunub. Misir Mərdanov bildirib ki, hazırda respublikamızdakı 30 mindən artıq elmi və elmi-pedaqoji işçinin 1918-i elmlər doktoru, 8976-sı isə fəlsəfə doktorudur. Son illər impakt faktoru olan jurnallarda dərc olunan elmi məqalələrin sayının artmasını təqdirəlayiq hal kimi dəyərləndirən təhsil naziri bunu bir sıra ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlərin nəticəsi kimi səciyyələndirib. Daha sonra nazir doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdiriləcəyi haqda məlumat verib. Konfransın ayrı-ayrı bölmələrində 21 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 451 məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov müvafiq bölmələrə respublikanın görkəmli alim və pedaqoqlarının rəhbərlik edəcəyini bildirib. Təhsil naziri çıxışının sonunda doktorantlara və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək respublikamızda elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Keçirilən tədbirin əhəmiyyətinə toxunan rektor rəhbərlik etdiyi universitetin belə bir mötəbər elmi konfransa ev sahibliyi etməsindən məmnunluq duyduğunu söyləyib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov ölkəmizdə elmin və təhsilin uğurlu inkişafından söz açıblar. Azərbaycanda kifayət qədər istedadlı, yüksək bilik və bacarığı ilə fərqlənən gənclərin olduğu vurğulanıb, konfrans iştirakçılarına uğurlar arzulanıb. Bakı Dövlət Universitetinin doktorantı Günel Məlikli, Milli Aviasiya Akademiyasının doktorantı Zafiq Xəlilov çıxış edərək gənclərin elmi potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərini müzakirəsinə xidmət edən belə konfransların keçirilməsini yüksək qiymətləndirib, gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı Elşad Məhərrəmov «Bakı şəhəri məskunlaşma sistemində mədəniyyət mərkəzlərinin formalaşması» mövzusunda məruzə-təqdimatla çıxış edib. Tədbirin sonunda Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova elmi konfransın təşkilati məsələləri ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, iki gün davam edəcək elmi konfransın sonunda elmi işindəki aktuallığı, mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlara və gənc tədqiqatçılara bölmə sədrlərinin təqdimatlarına əsasən Təhsil Nazirliyinin sertifikatları təqdim olunacaqdır. Eyni zamanda hər il olduğu kimi, bu il də konfrans materiallarının kitab şəklində çap olunaraq iştirakçılara təqdim olunması nəzərdə tutulub.
08/07/2015 16:52
Dekabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali təhsil müəssisəsinin kafedra müdiri, əməkdar elm xadimi Əbdül Əlizadənin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, ADPU-nun rektoru Yusif Məmmədov, universitetin professor-müəllim heyəti, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Nizami Cəfərov və digər tanınmış ziyalılar, elm xadimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru Yusif Məmmədov yubilyarı təbrik edərək alimin həyat və fəaliyyətindən, Azərbaycanda psixologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Rektor bildirib ki, səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən Ə.Əlizadə 1976-cı ildən bu günədək fasiləsiz olaraq universitetdə kafedra müdiri vəzifəsində çalışır. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Ə.Əlizadənin Azərbaycan psixologiya elminə verdiyi töhvələrdən və elmin bu sahəsinin inkişafındakı xidmətlərindən söz açıb. Alimin Azərbaycan psixologiya elmini ləyaqətlə təmsil və təbliğ etdiyini bildirən nazir yubilyarın nəinki respublikamızda, eləcə də xarici ölkələrdə tanındığını nəzərə çatdırıb. Görkəmli alimin gənc nəslə örnək olan, yüksək mənəvi keyfiyyətlərə malik ziyalılarımızdan olduğunu vurğulayan Misir Mərdanov yubilyarı təbrik edərək ona gələcək həyat və fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə digər çıxış edənlər də yubilyarı təbrik edərək ona elmi fəaliyyətində uğurlar diləyiblər. Sonra Ə.Əlizadəyə universitetin Fəxri fərmanı və mükafat təqdim olunub.
08/07/2015 16:52
Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Rusiya Federasiyası Həştərxan vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla Rusiya Federasiyası, eləcə də Həştərxan vilayəti arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də uğurla inkişaf etdiyini bildirib. Misir Mərdanov Azərbaycanın və Həştərxan vilayətinin orta məktəbləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunub, təhsil sahəsində gələcək əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırıb. Rusiya Federasiyası Həştərxan Vilayətinin təhsil və elm naziri Qutman Vitaliy Aleksandroviç Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını nəzərə çatdırıb. Qonaq orta təhsil sahəsində əlaqələrin inkişafı üçün əsası qoyulmuş zəmin üzərində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. Həştərxan Vilayətində orta məktəb şagirdlərinin Azərbaycan dilini öyrənməsi məsələsinə toxunan Q.V.Aleksandroviç bununla bağlı müvafiq işlərin görülməsinin nəzərdə tutulduğunu söyləyib. Hər zaman Azərbaycana dost münasibət bəslədiklərini vurğulayan qonaq təhsilin digər pillələri üzrə də əlaqələrin inkişafının mümkünlüyünü bildirib. Misir Mərdanov irəli sürülən təkliflərin həyata keçirilməsi üçün lazımi köməklik göstəriləcəyini qeyd edib. Azərbaycan ilə Həştərxan vilayəti arasında təhsil sahəsində əməkdaşlığın daha səmərəli inkişafı üçün işçi qrupunun yaradılmasının məqsədəuyğun olduğunu nəzərə çatdıran nazir qarşılıqlı əlaqələrin möhkəmlənməsi yönündə atılacaq addımların dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə diqqət çəkib. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Dekabrın 20-də “Avropa” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Nazir Dövlət Proqramının icrası ilə bağlı hər ilin sonunda ənənəvi olaraq keçirilən hesabat-konfransın əhəmiyyətindən bəhs edib. Azərbaycanda davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi təhsil sahəsinə yetirilən diqqətdən söz açan Misir Mərdanov bildirib ki, hər bir uşağın fərdi qabiliyyətlərini, potensial imkanlarını inkişaf etdirmək üçün ona əlverişli iqtisadi, sosial, mədəni mühit yaradılmalıdır. Ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsi, uşaqların rifahının yaxşılaşması üçün həyata keçirilən tədbirlərə toxunan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın uşaqların etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyəti olduğunu nəzərə çatdırıb. Təhsil Nazirliyinin Dövlət Proqramının həyata keçirilməsində Maliyyə, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq etdiyini bildirən Misir Mərdanov, həmçinin müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatlarının bu işə yaxından dəstək verdiklərini söyləyib. Təhsil naziri qeyd edib ki, Dövlət Proqramının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uşaq evləri və internat məktəblərinə göstərdiyi xüsusi qayğı mühüm rol oynayır. Misir Mərdanov Dövlət Proqramı çərçivəsində “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” və “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” pilot layihələrinin həyata keçirilməsi haqqında məlumat verib. Nazir qeyd edib ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsinin icrası ilə bağlı imzalanmış Anlaşma Memorandumu ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunub. Uşaqların müdafiəsinə dair mövcud qanunvericiliyin ətraflı təhlil olunduğunu söyləyən təhsil naziri “Kiçik qrup evi haqqında Nümunəvi Nizamnamə”nin və “Himayədar (foster) ailə haqqında Nümunəvi Əsasnamə”nin hazırlanaraq təsdiq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edildiyini nəzərə çatdırıb. Dövlət Proqramının icrası ilə bağlı 2012-ci ildə həyata keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr haqqında fikirlərini bildirən Misir Mərdanov görülmüş işlər nəticəsində bir sıra dövlət uşaq müəssisələrinin transformasiyası istiqamətində atılmış addımları ciddi uğur kimi dəyərləndirib. Dövlət uşaq müəssisələrinin transformasiyası baxımından günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin üzərinə düşən vəzifələrə toxunan nazir cari ilin ötən dövrü ərzində 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alındığını nəzərə çatdırıb. Təhsil naziri qeyd edib ki, uşaqlar verilən himayədar (foster) ailələrə maliyyə dəstəyinin göstərilməsi də de-institutlaşma prosesinin həyata keçirilməsində həlli vacib vəzifələrdəndir. Misir Mərdanov dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan uşaqlar və ailələr arasında aparılan sistemli preventiv tədbirlərə diqqət çəkib, bu istiqamətdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edildiyini söyləyib. 2012-ci ildə ölkə üzrə 42 dövlət uşaq müəssisəsində 8336 uşağın təlim-tərbiyə aldığını bildirən nazir onlardan yalnız 3671 nəfərinin müəssisələrdə gecələdiyini vurğulayıb. Son illərdə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların ilbəil azaldığını vurğulayan təhsil naziri onların sayının 2006-cı ildə 21000, 2007-ci ildə 18400, 2008-ci ildə 14389, 2009-cu ildə 10055, 2010-cu ildə 9827, 2011-ci ildə isə 9776 nəfər olduğunu diqqətə çatdırıb. Dövlət uşaq müəssisələrindən məzun olan uşaqların sonrakı həyatı haqqında fikirlərini söyləyən nazir sağlamlıq imkanları məhdud uşaqların bütün təhsil pillələri üzrə digər uşaqlarla birgə keyfiyyətli təhsillə (inkluziv təhsillə) təmin olunması üçün YUNİSEF-lə birgə həyata keçirilən tədbirlərdən bəhs edib. Ölkəmizdə de-institutlaşma və uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini nəzərə çatdıran Misir Mərdanov bu sahədə görülən işlərə hər zaman dəstək verən YUNİSEF-ə və digər müvafiq qurumlara təşəkkürünü bildirib. Konfransda çıxış edən YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, millət vəkilləri Qənirə Paşayeva, Hadı Rəcəbli, Ceyhun Osmanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Türkiyə Böyük Millət Məclisinin təmsilçiləri və digər şəxslər de-institutlaşma prosesi, uşaqlar üçün sosial xidmətlərin təşkili ilə bağlı fikirlərini bildirib, bu istiqamətdə Azərbaycanda həyata keçirilən davamlı tədbirləri yüksək dəyərləndiriblər. Konfransda dövlət uşaq müəssisələrində olan uşaqlara həsr olunmuş sənədli film nümayiş olunub. Konfransın sonunda Dövlət Proqramının həyata keçirilməsinə dəstək verən hər kəsə təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov bununla bağlı qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib.
08/07/2015 16:52
Avqustun 12-də Təhsil Nazirliyində “Təhsilin əsasları” dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib
Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq “Təhsilin əsasları” fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır. “Təhsilin əsasları” fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, “Təhsilin əsasları” fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar. Daha sonra “Təhsilin əsasları” fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti bir daha müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən bir daha dəyərləndirilsin.
08/07/2015 16:52
Dekabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) bu ali təhsil ocağının yaranmasının 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SDU-nun rektoru Nadir Qəhrəmanov, Milli Məclisin deputatları, universitet rektorları, alimlər, ziyalılar və digər şəxslər iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov universitetin kollektivini yubiley münasibətilə təbrik edib. Ali təhsil müəssisəsinin fəaliyyətindən söz açan E.Əzizov universitetin 50 illik yubileyinin şəhərin tarixində mühüm bir hadisə olduğunu bildirib. Sumqayıtın ictimai-siyasi həyatında bu ali təhsil müəssisəsinin mühüm yer tutduğunu söyləyən icra başçısı sənaye şəhərinin inkişafında, zavod və fabriklər üçün ixtisaslı kadr hazırlığında SDU-nun xüsusi xidmətləri olduğunu diqqətə çatdırıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq universitetin 50 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevin təbrikini kollektivə çatdırıb. Ölkə Prezidentinin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışan nazir SDU-nun Azərbaycanın təhsil sistemində xüsusi yeri olduğunu və universitetin uğurlarının ilbəil artdığını bildirib. Misir Mərdanov universitetin Azərbaycan elminə, təhsilinə bir çox alimlər və elm adamları bəxş etdiyini və bu ənənənin bu gün də qorunub saxlanıldığını söyləyib. Universitetin Avropa təhsil sisteminə inteqrasiya yolunda uğurlu addımlar atdığını vurğulayan təhsil naziri SDU-nun fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısının sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafındakı xüsusi xidmətlərinə görə fəxri adlar verilmiş universitet əməkdaşlarını təbrik edən nazir onlara diplom və hədiyyələr təqdim edib. Sonra universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən digər şəxslər də yubiley münasibəti ilə SDU-nun kollektivinə təbriklərini çatdırıb, ali təhsil müəssisəsinin uğurlarının bundan sonra da davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.
08/07/2015 16:52
Dekabrın 25-də təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə AMVMA-nın illik hesabatı dinlənilib, müvafiq istiqamətdə görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın valideyn-məktəb əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. AMVMA-nın son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkili baxımından gördüyü işlərə toxunan Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində tədris ocaqlarında fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova bu görüş və göstərilən dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Son illər AMVMA üzvlərinin sayının artdığını deyən T.Şərifova rəhbəri olduğu qurumun həyata keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər barədə məlumat verib. Daha sonra icraçı direktor VMA-nın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mexanizmin hazırlanması və orta məktəblərdə bu baxımdan həyata keçirilən tədbirlərə diqqət çəkib. Təhsil islahatlarının müəllimlərin və valideynlərin üzərinə qoyduğu ümdə vəzifələrin düzgün təbliğində VMA-nın qarşısında duran məsələlərin əhəmiyyətindən bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin yayılmasının zəruriliyinə toxunub. T.Şərifova, həmçinin qarşılaşdıqları bəzi problem və çətinlikləri diqqətə çatdırıb, bir sıra təkliflərini nəzərə çatdırıb. Görüşdə iştirak edən Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvlərindən Bakı şəhəri 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru Vəfa Məmmədova, Təhsil Nazirliyinin şöbə müdirləri Fərzəli Qədirov, Aydın Əhmədov, Şahrza Əliyev və başqaları valideynlərlə müəllim və məktəbin daha səmərəli əlaqəsinin təşkili, valideynlər arasında maarifləndirmə işinin aparılması, müəllimin cəmiyyətdə nüfuzunun artırılması, habelə bu kimi digər məsələlərlə bağlı təkliflərini bildiriblər. Valideyn-Müəllim Assosiasiyasının mətbuat orqanının yaradılması, ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha səmərəli təşkil olunmasının önəminə diqqət çəkib və bununla bağlı görüləcək işlərin dəqiq müəyyənləşdirilməsinin əhəmiyyətli olduğunu bildirib. VMA-nın fəaliyyətinin genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək göstəriləcəyini vurğulayaraq müvafiq tövsiyə və tapşırıqlarını verib.
08/07/2015 16:52
Dekabrın 26-da Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə təşkil olunmuş Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə iştirakçıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir ümummilli lider Heydər Əliyevin idman sahəsinin inkişafına həmişə yüksək diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bu günlərdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsinin əhəmiyyətinə toxunan Misir Mərdanov bu mühüm hadisəni son illər ölkəmizin bütün sahələrdə, eləcə də idman sahəsindəki uğurları ilə əlaqələndirib. Təhsil naziri 2012-ci ilin Azərbaycanın həyatında bir çox müvafiq uğurlarla yadda qaldığını, XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri qələbəni xüsusi qeyd edib. Ölkə Prezidentinin sərəncamına əsasən 2012-ci ilin “İdman ili” elan edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planının təsdiq olunduğunu nəzərə çatdıran Misir Mərdanov bu müsabiqənin də həmin plana və nazirliyin müvafiq əmrinə əsasən keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, müsabiqə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə keçirilib. Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq plana uyğun olaraq keçirilən tədbirlər barədə danışan nazir bildirib ki, il ərzində uşaq-gənclər idman və uşaq-gənclər şahmat məktəbləri arasında 39 çempionat, birincilik, zona və seçmə yarışları, 11 respublika turniri, eləcə də beynəlxalq və respublika yarışlarına hazırlıqla əlaqədar 70 təlim-məşq toplanışı təşkil olunub. Cari ildə Respublika birincilik, çempionat və kubok yarışlarında idman növləri üzrə 557 medal, o cümlədən, 219 qızıl, 172 gümüş, 166 bürünc medal qazanıldığını yüksək nailiyyət kimi dəyərləndirən Misir Mərdanov Avropa, Dünya birinciliyi və çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə də idmançılarımızın ümumilikdə 97 medal, o cümlədən, 55 qızıl, 17 gümüş, 25 bürünc medal əldə etdiyini nəzərə çatdırıb. Nazir 2012-ci ildə idmanın növləri üzrə 2108 nəfər yüksək dərəcəli idmançının hazırlanması, şahmat və futbolun daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlər, ümumi təhsil məktəblərində şahmatın tədrisi istiqamətində atılmış addımlar barədə ətraflı məlumat verib. Çıxışının sonunda Misir Mərdanov qalibləri təbrik edərək onlara uğurlar arzulayıb, bu nailiyyətlərin davamlı olacağına inamını ifadə edib. Daha sonra Uşaq-Gənclər İdman və Şahmat məktəbləri, məşqçi müəllim və idmançılar arasında 12 nominasiya üzrə təşkil olunmuş Respublika müsabiqəsi qaliblərinin adları açıqlanıb, onlara Təhsil Nazirliyinin diplomu və hədiyyələr təqdim olunub. Mərasimdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Adil Əliyev, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edərək ölkə Prezidentinin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb, son illər bu sahədə əldə olunmuş nailiyyətlərdən danışıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik ediblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı