SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 18-də «Avropa» otelinin «Bakı» zalında doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil naziri Misir Mərdanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, respublikanın tanınmış alimləri və pedaqoqları iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının əhəmiyyətindən söz açan nazir bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.
Təhsil naziri müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunduğunu, əsaslı işlərin aparıldığını və mühüm nailiyyətlərin əldə edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən Misir Mərdanov bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Azərbaycanda kifayət qədər elmi potensialın olduğunu önə çəkən nazir bundan bacarıqla istifadə etməyin vacibliyi məsələsinə toxunub. Misir Mərdanov bildirib ki, hazırda respublikamızdakı 30 mindən artıq elmi və elmi-pedaqoji işçinin 1918-i elmlər doktoru, 8976-sı isə fəlsəfə doktorudur. Son illər impakt faktoru olan jurnallarda dərc olunan elmi məqalələrin sayının artmasını təqdirəlayiq hal kimi dəyərləndirən təhsil naziri bunu bir sıra ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlərin nəticəsi kimi səciyyələndirib.
Daha sonra nazir doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdiriləcəyi haqda məlumat verib. Konfransın ayrı-ayrı bölmələrində 21 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 451 məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu söyləyən Misir Mərdanov müvafiq bölmələrə respublikanın görkəmli alim və pedaqoqlarının rəhbərlik edəcəyini bildirib.
Təhsil naziri çıxışının sonunda doktorantlara və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış edərək respublikamızda elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Keçirilən tədbirin əhəmiyyətinə toxunan rektor rəhbərlik etdiyi universitetin belə bir mötəbər elmi konfransa ev sahibliyi etməsindən məmnunluq duyduğunu söyləyib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov ölkəmizdə elmin və təhsilin uğurlu inkişafından söz açıblar. Azərbaycanda kifayət qədər istedadlı, yüksək bilik və bacarığı ilə fərqlənən gənclərin olduğu vurğulanıb, konfrans iştirakçılarına uğurlar arzulanıb.
Bakı Dövlət Universitetinin doktorantı Günel Məlikli, Milli Aviasiya Akademiyasının doktorantı Zafiq Xəlilov çıxış edərək gənclərin elmi potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərini müzakirəsinə xidmət edən belə konfransların keçirilməsini yüksək qiymətləndirib, gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantı Elşad Məhərrəmov «Bakı şəhəri məskunlaşma sistemində mədəniyyət mərkəzlərinin formalaşması» mövzusunda məruzə-təqdimatla çıxış edib.
Tədbirin sonunda Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova elmi konfransın təşkilati məsələləri ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, iki gün davam edəcək elmi konfransın sonunda elmi işindəki aktuallığı, mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən doktorantlara və gənc tədqiqatçılara bölmə sədrlərinin təqdimatlarına əsasən Təhsil Nazirliyinin sertifikatları təqdim olunacaqdır. Eyni zamanda hər il olduğu kimi, bu il də konfrans materiallarının kitab şəklində çap olunaraq iştirakçılara təqdim olunması nəzərdə tutulub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl