• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 26-da təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnun olduğunu bildirib. Yaxın günlərdə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfəri barədə söhbət açan nazir ölkələrimiz arasında inkişaf edən əlaqələrdə təhsil sahəsinin mühüm yer tutduğunu nəzərə çatdırıb. Misir Mərdanov İsveçrədə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayaraq bu təcrübə ilə tanışlığın əhəmiyyətli olacağına əminliyini ifadə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirib. İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə, həmçinin təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdıran qonaq bu baxımdan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfərinin əhəmiyyətinə toxunub. İsveçrədə əcnəbi tələbələr üçün yeni təqaüd proqramının həyata keçirildiyini bildirən xanım Sabine Ulmann Şaban azərbaycanlı tələbələrin də bu proqramdan istifadə imkanlarının olduğunu söyləyib. Ali məktəb tələbələrinin bu proqram haqqında məlumatlandırılması üçün universitetlərdə görüşlər keçirmək istədiyini qeyd edən səfir, həmçinin   İsveçrənin təhsilin bütün pillələri üzrə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. Misir Mərdanov Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin aparılması işinə isveçrəli mütəxəssislərin rəhbərlik etdiyini nəzərə çatdırıb, bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını deyib. Ölkələrimizin təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaradılmasının zəruriliyini bildirən nazir elmi-tədqiqat sahəsində də birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü nəzərə çatdırıb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı müxalifət mətbuatında dərc olunmuş yanlış və heç bir əsası olmayan fikirlərinə cavab Son günlər müxalifət qəzetlərinin səhifələrində ölkə Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən keçirilən “İlin ən yaxşı məktəbi” və “İlin ən yaxşı müəllimi” müsabiqələri ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin yanlış, heç bir əsası olmayan və böhtan dolu fikirləri əks olunur. Komissiya sədri bu müsabiqələrin düzgün keçirilmədiyini bildirir və bunu ali məktəblərə qəbul imtahanlarında məzunları yüksək bal toplayan orta məktəblərin  “İlin ən yaxşı məktəbi” müsabiqəsində  yer tutmaması ilə əlaqələndirir. Məlumat üçün bildiririk ki, ölkənin təhsil mütəxəssisləri, eləcə də, beynəlxalq təhsil ekspertləri orta məktəbin məqsədinin təkcə ali məktəblərə tələbə hazırlamaq olmadığını birmənalı şəkildə təsdiq edirlər. Ancaq buna baxmayaraq TQDK-nın ali məktəblərə qəbul zamanı məzunları yüksək bal toplayan orta məktəblərin siyahısı ilə Təhsil Nazirliyinin keçirdiyi  “İlin ən yaxşı məktəbi” müsabiqəsinin nəticələri Məleykə Abbaszadənin dediklərindən fərqli olaraq,  üst-üstə düşür. TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində 2011-ci ildə ölkə üzrə ən yüksək bal toplayan 35 məktəbin siyahısı verilib.  Bu məktəblərin 14-ü (türk liseyləri) qaydalara uyğun olaraq, dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığı üçün müsabiqədə iştirak etməyib. 20 məktəbin 2-si (Bərdə şəhər 5 saylı  orta məktəb, Naxçıvan şəhəri 3 saylı orta məktəb) müsabiqədə iştirak üçün sənəd verməyib. Qalan 18 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir. 2012-ci ilin nəticələrinə gəldikdə isə, TQDK-nın rəsmi saytının statistik təhlil bölməsində ölkə üzrə ən yüksək bal toplayan 36 məktəbin siyahısı verilib. Bu məktəblərin 13-ü (türk liseyləri) dövlətin maliyyələşdirdiyi müəssisələr olmadığı üçün müsabiqədə iştirak etməyib. 1 məktəb  (Bakı şəhəri akademik Z.Əliyeva adına orta məktəb) yeni yarandığı və 3 il məzun buraxılışı olmadığına görə qaydalara əsasən müsabiqədə iştirak etməyib. 22 məktəbin 5-i müsabiqədə iştirak üçün sənəd verməyib, 2 məktəb (Bakı şəhəri 30 və 48 saylı orta məktəblər) müsabiqədə aşağı nəticə göstərdiyi üçün yer tuta bilməyib. Qalan 15 məktəb isə Təhsil Nazirliyinin keçirdiyi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibidir. Məleykə Abbaszadənin sözləri ilə desək, onun fikirlərinin heç bir elmi əsası yoxdur. Qeyd olunan məlumatlardan göründüyü kimi, TQDK-nın müvafiq siyahısı Təhsil Nazirliyinin keçirdiyi müsabiqənin nəticələri ilə 2011-ci ildə 100 faiz, 2012-ci ildə isə 94,5 faiz  üst-üstə düşür. Bu nəticələr əvvəlki illərdə də, demək olar ki, eynidir. Əlbəttə, bu nəticələr tam olaraq üst-üstə düşməyə də bilər. Çünki Təhsil Nazirliyi bu müsabiqəni müəyyən olunmuş qaydalara əsasən, məktəblərin fəaliyyətinin göstəricisi olan 30-a yaxın meyar əsasında aparır. Ali məktəblərə tələbə qəbulunun nəticələri bu meyarlardan  yalnız biridir. Təəssüf hissi ilə bildiririk ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası belə məlumatları jurnalistlərə verməzdən əvvəl bir dövlət qurumu olaraq, Təhsil Nazirliyinə müraciət edib dəqiqləşdirsəydi, ölkə Prezidentinin sərəncamı ilə yekunlaşdırılan bu mühüm müsabiqənin nəticələri ilə bağlı mətbuatda əsassız müzakirələrin aparılmasına səbəb olmazdı.

Noyabrın 27-də «XXI əsrdə yeni təhsil yanaşması» mövzusunda konfrans keçirilib.

Tədbirdə qeyd olunub ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə bağlanmış müqaviləyə əsasən «Edumedia-Azərbaycan» təşkilatı «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində 1 ildir ki, pilot layihə həyata keçirir. Bu qurum respublika üzrə 48 təhsil müəssisəsində 100 ədəd interaktiv lövhə quraşdırıb. Bununla əlaqədar həmin məktəblərdə interaktiv lövhələrin istifadə qaydaları ilə bağlı müəllimlərə təlimlər keçirilib. Sonra «Prometean» şirkətinin Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə direktoru Hendrik Brons ««Prometean»» şirkəti: təhsilə baxış», təhsil üzrə rəhbəri Devid Feyrbarn-Day «XXI əsrdə tədris və bu günün təhsili qarşısındakı çətinliklər», Mərkəzi Asiya və Sərgi Avropa üzrə satış meneceri Con Makdermot «Həllə əsaslanan yanaşma» mövzularında təqdimatlarla çıxış ediblər. Konfransda interaktiv–rəqəmsal dərs nümayiş etdirilib, XXI əsr təhsilinin əsas hədəfləri, elektron təhsilin məzmunu, qiymətləndirmə, şagirdyönümlü təhsil, interaktiv sinif texnologiyaları və digər məsələlərdən bəhs olunub. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq müasir təhsil sistemində İKT-nin əhəmiyyətindən söz açıb. Nazir bildirib ki, bu gün bütün digər sahələrdə olduğu kimi, təhsil prosesini də İKT-nin tətbiqi olmadan təsəvvür etmək qeyri-mümkündür. Son illər təhsildə İKT-nin tətbiqi ilə bağlı mühüm işlər görüldüyünü nəzərə çatdıran Misir Mərdanov bu baxımdan qarşıda duran ümdə vəzifələrə toxunub. Təhsil naziri müasir informasiya texnologiyalarının inkişaf sürətinin yüksək olduğunu söyləyib və müəllimləri daim təkmilləşməyə can atmağa, beynəlxalq təcrübədən yararlanmaqla bu sahədə peşəkarlıq səviyyələrini yüksəltməyə səsləyib. Təhsil müəssisələrinin rəhbərlərinə, müəllimlərə müzakirələrdə fəal iştirak etməyi, şirkətin əməkdaşları ilə sıx əlaqə saxlamağı tövsiyə edən nazir çıxışının sonunda «Prometean» şirkətinin təmsilçilərinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb. Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb və təhsil müəssisələri nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Noyabrın 27-də “Peşə təhsili və təlimində islahatlar – hazırlıq mərhələsi” adlı seminar keçirilib.

Qeyd edək ki, 2010-cu ildə Avropa Birliyi və tərəfdaş ölkələrin iştirakı ilə peşə təhsili və təlimi sahəsində üzv və tərəfdaş ölkələrdə həyata keçirilən islahatlara dəstək olmaq, həmçinin işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında səmərəli əməkdaşlıq modelinin inkişaf etdirilməsi məqsədilə Avropa Təhsil Fondu tərəfindən “Turin Prosesi” adlı sənəd qəbul edilib. “Turin Prosesi”nin əsas məqsədi peşə təhsili və təlimi sahəsində son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini aparmaqla uğur və çatışmazlıqları müəyyənləşdirmək, ümumi inkişaf strategiyasının formalaşmasına yardımçı olmaqdır. Avropa Təhsil Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunmuş seminarda Azərbaycanda həyata keçirilən peşə təhsili islahatının nəticələri müzakirə edilib. Seminarda çıxış edən Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov ölkəmizdə texniki peşə təhsili sahəsində həyata keçirilən islahatlar barədə danışıb, “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər və əldə edilən nəticələr barədə məlumat verib. Avropa Təhsil Fondunun eksperti Arien Dey “Turin Prosesi” çərçivəsində Azərbaycan və digər ölkələrdə peşə təhsili sahəsində həyata keçirilən islahatların müqayisəli təhlilinə toxunub. O, respublikamızda bu sahənin inkişaf etdirilməsinə təsir göstərəcək işlərin əhəmiyyəti barədə fikirlərini bildirib. Avropa Təhsil Fondunun Peşə Təhsili və Təlimi Sistemi üzrə baş məsləhətçisi Manfred Vallenborn “Turin Prosesi”nin əhəmiyyəti və mahiyyəti haqqında söz açıb. Seminarda, peşə təhsili və təlimi sahəsində islahatın gücləndirilməsi məqsədilə işəgötürənlər və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, sosial əməkdaşlığın inkişaf etdirilməsi üzrə strategiyanın hazırlanması, istehsal müəssisələri ilə təhsil sistemi arasında əlaqələri tənzimləmək üçün dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət əlaqələndirmə şurasının yaradılması məsələləri müzakirə edilib. Tədbirdə, həmçinin işçi qüvvəsinin əmək bazarının tələbatlarına uyğun olaraq ixtisasının artırılması, müvafiq ixtisaslaşdırılmış institutların qurulması, ixtisasların akkreditasiyası və sertifikatlaşdırılması üçün Milli İxtisas Çərçivəsinin hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.

Noyabrın 29-da təhsil naziri Misir Mərdanov Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna, Hərtərəfli İnstitusional Quruculuq Proqramının əlaqələndiricisi Serena Vitale, Aİ-nin Azərbaycan üzrə əlaqələndiricisi Federiko Birokki, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Rza Zülfüqarzadə iştirak ediblər. Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana gəlişindən məmnun olduğunu ifadə edib. Nazir Azərbaycanın Aİ ilə mövcud əməkdaşlığının daha da genişləndirilməsi məqsədi ilə 2009-cu ildə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində təsis edilmiş Alt komitənin Bakıda keçirilmiş ilk iclası barədə məlumat verib. Azərbaycanla Avropa İttifaqı arasında Tempus, Erasmus-Mundus, Jan Mone, TAİEX, Tvininq və Siqma proqramları çərçivəsində əməkdaşlıq aparıldığını söyləyən Misir Mərdanov bu istiqamətdə nəzərdə tutulmuş işlərin uğurla davam etdirildiyini bildirib. Qeyd olunan proqramlar çərçivəsində inklüziv təhsil, peşə təhsili və təlimi, ali təhsil, doktorantura sahələrində həyata keçirilən tədbirlərə diqqət çəkən nazir əməkdaşlığın perspektiv inkişafına dair bir sıra təklifləri nəzərə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Federiko Berna Azərbaycanla Avropa İttifaqının əməkdaşlığında təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. F.Berna gələcək əlaqələrin inkişafı üçün hədəflərin dəqiq müəyyənləşdirilməsinin vacibliyinə toxunub və bununla bağlı fikirlərini bildirib. Aİ-nin Azərbaycan üzrə coğrafi əlaqələndiricisi Yurgen Kettner təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Avropa İttifaqının Azərbaycanda digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də bir çox uğurlu layihələr həyata keçirdiyini təqdirəlayiq hal kimi dəyərləndirən qonaq növbəti illərdə bu əlaqələrin səmərəliliyinin daha da artacağına əminliyini ifadə edib. Yurgen Kettner təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün irəli sürülən təkliflərin əhəmiyyətli olacağını vurğulayıb. Daha sonra görüşdə birgə elmi-tədqiqat layihələrinin aparılması, orta təhsil  üzrə əməkdaşlıq, müəllim hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil Nazirliyinin tabeliyində olan texniki yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi keçirilib.

Qeyd edək ki, müsabiqə 2 mərhələdə - rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar, dekorativ-tətbiqi sənət və təbii materiallardan hazırlanmış işlər nominasiyaları üzrə 10-13 yaşlı uşaqlar arasında təşkil olunub. Respublika Texniki Yaradıcılıq Mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Qorxmaz Əliyev bildirib ki, müsabiqədə 48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak edib və respublika mərhələsinə 289 iş təqdim olunub. Q.Əliyev məktəblilərin yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi baxımından müsabiqənin əhəmiyyətinə toxunub və dərnəklərə cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinə yol açdığını nəzərə çatdırıb. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov iştirakçıları təhsil naziri Misir Mərdanovun adından salamlayaraq bildirib ki, artıq altıncı ildir keçirilən müsabiqəyə təqdim olunan işlər ildən-ilə təkmilləşir. Belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov müsabiqənin şagirdlərin yaradıcılıq potensialının inkişafına təkan verəcəyinə inandığını söyləyib. Şöbə müdiri son illər respublikamızda xüsusi istedada malik şagirdlərin potensialının üzə çıxarılması istiqamətində görülən işlərə diqqət çəkərək indiyə qədər keçirilmiş müsabiqələrə təqdim olunmuş ən yaxşı işlərdən ibarət kataloqun nəşrinin nəzərdə tutulduğunu deyib. Fərdi bacarıq və istedadına görə ən yaxşı işlərin müəllifi olan müsabiqə qaliblərini təbrik edən A.İbrahimov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Dekabrın 1-də Təhsil Nazirliyində ali məktəb rektorlarının iştirakı ilə müşavirə keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və başa çatmaqda olan təqvim ilinin Azərbaycan üçün çox uğurlu olduğunu vurğulayıb. Nazir bu il elm və təhsil sahəsində həyata keçirilən yüksək əhəmiyyətli beynəlxalq layihələrdən də söz açıb. Sonra təhsil naziri ali təhsil sahəsi ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Ali təhsil sahəsində görülmüş işlərdən söhbət açan nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrinin maddi-texniki bazası əsaslı şəkildə yeniləşdirilib, yeni kampuslar istifadəyə verilib və bu təhsil ocaqlarının akkreditasiyası mexanizmi daha da təkmilləşdirilib. Misir Mərdanov 2010-2012-ci illərdə 20 universitetin akkreditasiyadan keçirildiyinə diqqət çəkərək, ali məktəblərdə tədrisin kredit sistemi ilə təşkili istiqamətində əhəmiyyətli addımların atıldığını bildirib. Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqinin əsas məqsədləri, bu sahədə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bildirən Misir Mərdanov Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası istiqamətində atılan addımlar və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Nazir ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərcləri barədə danışıb, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbulun tənzimlənməsi, ali məktəblərdə təhsilalanların yekun attestasiyasının və müəllim hazırlığının təkmilləşdirilməsi, professor-müəllim heyətinin peşəkarlığının artırılması ilə əlaqədar məsələlərə toxunub. Təhsil naziri ali təhsil müəssisələrinin Avropa İttifaqı ilə birgə çoxsaylı əməkdaşlıq proqramları həyata keçirdiyini nəzərə çatdırıb. Müvafiq əməkdaşlıq proqramları sayəsində görülmüş işlərdən bəhs edən nazir nəzərdə tutulan perspektiv tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təhsil nazirinin təqdimat-məruzəsində toxunduğu məsələlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov,  Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digərləri ali təhsillə bağlı bir sıra məsələlər barədə fikirlərini bildirib və təkliflərini veriblər. Sonda ali təhsil sahəsində həlli vacib olan müəyyən məsələlərin müvafiq qurumların nümayəndələrinin iştirakı ilə yenidən müzakirə olunması qərara alınıb.

2013-cü ilin 11-20 fevral tarixlərində Bakı şəhərində Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xidmət edən III respublika muğam müsabiqəsi keçiriləcək.

Artıq üçüncü ildir ki, keçirilən müsabiqə ölkə üzrə muğam ifaçılarının Beynəlxalq Muğam Festivalında iştirakını təmin etmək, istedadlı muğam ifaçılarını üzə çıxarmaq məqsədilə təşkil olunur. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq müsabiqə iştirakçıları xanəndə və instrumental musiqi nominasiyaları üzrə özlərini sınayacaqlar.

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 3-dən 11-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub.

Dekabrın 4-də təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyində olub. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı təhsil naziri Misir Mərdanovla görüşdə İsveçrə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görülmüş işlərdən söhbət açıb. Səfir bildirib ki, İsveçrə ali məktəblərində 100-ə yaxın azərbaycanlı tələbə təhsil alır.  Təhsil naziri Misir Mərdanov Azərbaycan ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrin inkişafı və təhsil sahəsindəki əməkdaşlığın genişlənməsində ölkəmizin İsveçrədəki səfirliyinin rolunu xüsusi olaraq qeyd edib. Səfirə təşəkkürünü bildirən nazir İsveçrə ilə təhsil sahəsində əlaqələrin əhəmiyyətinə toxunub, bu istiqamətdə münasibətlərin inkişafı üçün daha geniş imkanların mövcud olduğunu vurğulayıb.   ***   Dekabrın 5-də təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lozanna Federal Politexnik Məktəbində olub və təhsil müəssisəsinin rəhbərliyi ilə görüş keçirilib. Ali məktəb rəhbərliyinin təqdimatından məlum olub ki, 9305 nəfər tələbənin təhsil aldığı tədris ocağında 355 professor, 2809 müəllim çalışır. Lozanna Federal Politexnik Məktəbinin illik büdcəsinin 570 milyonunun (İsveçrə frankı) dövlət vəsaiti, 223 milyonunun isə elmi-tədqiqat fəaliyyəti və digər xidmət sahələrindən əldə olunan gəlir hesabına formalaşdığı nəzərə çatdırılıb. Qeyd edilib ki, İsveçrə Konfederasiyasında orta məktəb məzunları müvafiq təhsil sənədlərini təqdim etməklə istənilən ali məktəbə imtahansız qəbul oluna bilərlər. Bakalavr, magistr və PhD proqramları üzrə mütəxəssis hazırlanan Lozanna Federal Politexnik Məktəbində tələbələrin təhsil xərcləri tədris ocağı tərəfindən ödənilir. Tələbələrdən isə ildə cəmi 1200 İsveçrə frankı ödəmək tələb olunur. Birinci kursun sonunda tələbələr arasında seçim aparılır ki, bunun nəticəsində də onların yalnız 50-60 faizi növbəti kursa keçə bilirlər. Dünyanın ən məşhur professorlarının ali məktəbə dəvət olunduğu haqda Azərbaycan nümayəndə heyətinə məlumat verilib. Bildirilib ki, Lozanna Federal Politexnik Məktəbində təşəkkül tapmış əlverişli elmi mühit sayəsində tələbələr bir sıra unikal tədqiqat layihələrini uğurla həyata keçirirlər. Təqdimatda İsveçrə Konfederasiyasında orta məktəb şagirdlərinin 11-12 yaşdan etibarən peşələr üzrə maraq və istedadlarının nəzərə alındığı, X sinifdən sonra şagirdlərin peşə, yaxud tam orta təhsilə cəlb edildiyi vurğulanıb. Həmçinin, nəzərə çatdırılıb ki, orta təhsil pilləsi X sinifə qədər yerli icra strukturları (kanton–inzibati ərazi bölgüsü, ölkə üzrə 26 kanton var) tərəfindən maliyyələşdirilir. Qeyd olunub ki, ali məktəbə qəbul olmaq istəyən şagirdlər müvafiq təmayüllər üzrə 3 il təhsil alırlar. Gimnaziya və peşə məktəblərində isə təhsil müddəti 4 il davam edir. Orta məktəb məzunlarının 20 faizi ali, 80 faizi isə peşə təhsili müəssisələrində oxumağa maraq göstərirlər. Təhsil naziri Misir Mərdanov Lozanna Federal Politexnik Məktəbinin əməkdaşlarını Azərbaycan ali məktəbləri ilə tanış olmaq üçün ölkəmizə dəvət edib. Nazir bildirib ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyirlər. Sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   ***   Dekabrın 6-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qlion Ali Təhsil İnstitutunda olub. Əvvəlcə universitetlə tanış olan nazir bu tədris ocağında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb. Təhsil naziri Misir Mərdanov Qlion Ali Təhsil İnstitutunun baş direktoru Arye van der Spek ilə görüşüb. Arye van der Spek rəhbərlik etdiyi təhsil müəssisəsinin turizm sahəsində dünya üzrə aparıcı ali məktəblərdən biri olduğunu bildirib. Qlion Ali Təhsil İnstitutunda 20-dən çox azərbaycanlı tələbənin təhsil aldığını nəzərə çatdıran baş direktor onların təhsil göstəricilərindən razılığını ifadə edib. Təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2015-ci ilədək 5000 nəfər azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini nəzərdə tutan müvafiq proqramın qəbul edildiyini bildirib. Qlion Ali Təhsil İnstitutu da daxil olmaqla, İsveçrənin 12 ali məktəbinin bu proqram üzrə müvafiq siyahıya daxil edildiyini söyləyən Misir Mərdanov Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdırıb. Nazir yüksək səviyyəli mütəxəssis hazırlayan bu ali təhsil müəssisəsində daha çox azərbaycanlı tələbənin təhsil almasında ölkəmizin maraqlı olduğunu vurğulayıb. Sonra Qlion Ali Təhsil İnstitutu ilə bağlı təqdimat dinlənilib. Təqdimatda bildirilib ki, 1962-ci ildən fəaliyyət göstərən bu ali məktəb eyni zamanda, dünyanın 100-dən çox nəhəng şirkəti üçün müqavilə əsasında mütəxəssis hazırlayır. Dünyanın tanınmış şirkətlərinin bu ali məktəbdə təhsil alan hər bir tələbəyə, hələ universiteti bitirməmiş yüksək maaşlı iş təklifi göndərdikləri haqda məlumat verilib. Qeyd olunub ki, xüsusilə turizm, otel idarəçiliyi, menecment, biznes, marketinq sahələri üzrə təhsil almış məzunlar dünyanın məşhur şirkətləri tərəfindən yüksək maaşlı işlərlə təmin olunurlar. Sonra təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.   ***   Dekabrın 7-də təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda olub. İnstitutun rektoru Hans-Rudolf Şerer bildirib ki, bu tədris ocağı ölkədə müəllim hazırlığı ilə məşğul olan 15 ali məktəb arasında öncül mövqedə qərarlaşıb. 2003-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsində 1500 tələbənin oxuduğunu söyləyən rektor, eyni zamanda institutda ildə 6 min müəllimin ixtisasartırmadan keçdiyini nəzərə çatdırıb. 450 müəllimin çalışdığı ali məktəbin beynəlxalq əlaqələrindən bəhs edən Hans-Rudolf Şerer institutun Avropada 36, dünyada 100-ə yaxın universitetlə əməkdaşlıq etdiyini, tələbə, müəllim və təcrübə mübadiləsi apardığını vurğulayıb. Hans-Rudolf Şerer İsveçrədə müəllimlərin statusu, işə qəbul qaydaları, müəllimlərin ixtisasının artırılması, ali məktəblərə qəbul qaydaları və maraq doğuran digər məsələlər barədə məlumat verib. Müəllimlərin işə qəbulu prosesinin ölkənin hər bir kantonunda ümumi təhsil məktəblərindən vakansiyalarla bağlı daxil olan məlumatlar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini söyləyən rektor bildirib ki, İsveçrədə müəllimlər dövlət qulluqçusu hesab edilirlər. İnstitutun rektoru ali məktəblərin bakalavr pilləsini bitirən məzunların ümumi təhsil müəssisələrinin yalnız ibtidai siniflərində, magistr pilləsini bitirənlərin isə yuxarı siniflərdə dərs demək hüququ qazandıqlarını nəzərə çatdırıb. İsveçrənin orta ümumi təhsil məktəblərində çalışan hər müəllimin məcburi olaraq, ildə bir dəfə 100 saatlıq ixtisasartırma kursundan keçməsinin tələb olunduğunu deyən Hans-Rudolf Şerer bu kursların müəllimlərin arzusuna uyğun olaraq, məktəbdə tədris olmayan günlərdə və ya dərsdən sonra təşkil edildiyini bildirib. Bu kurslarda tədris olunacaq proqramların orta məktəb direktorlarının rəy və təklifləri əsasında müəyyənləşdirildiyinə diqqət çəkən rektor qeyd edib ki, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi həm məktəb, həm də Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. İsveçrənin ali məktəblərində oxumaq üçün qəbul imtahanı tələb olunmadığını bildirən institut rektoru orta məktəbi bitirmək haqqında təhsil sənədini təqdim etməklə məzunların ali məktəblərə qəbul edildiyini nəzərə çatdırıb. O qeyd edib ki, orta məktəb şagirdlərinin 20 faizi attestat alaraq ali məktəblərə, 80 faizi isə X sinifdən sonra istedadlarına uyğun olaraq peşə məktəblərinə istiqamətlənirlər. Təhsil naziri Misir Mərdanov səmimi qəbula və maraqlı məlumatlara görə ali məktəbin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.   ***   Elə həmin gün Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə olub. Orta təhsildə tətbiq olunan son yeniliklər, həyata keçirilən islahatlar haqqında nazirə məlumat verilib. Mütəxəssislər arasında fikir mübadiləsi aparılıb. Sonda nazir məktəbə xatirə hədiyyəsi təqdim edib.   ***   Dekabrın 8-də təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib. Təhsil naziri Misir Mərdanov hazırda 10000-dən cox azərbaycanlının dünyanın müxtəlif ali məktəblərində, 100-ə yaxın soydaşımızın isə İsveçrənin nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən işlər barədə tələbələrə məlumat verib, təhsil sahəsində reallaşdırılan layihələrdən söz acıb. Növbəti illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində daha çox azərbaycanlı gəncin xaricdə təhsil almasına imkan yaranacağını söyləyən Misir Mərdanov bu görüşün təşkilinə görə Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallıya təşəkkürünü bildirib. Sonra nazir tələbələrin problemləri ilə maraqlanıb, onları düşündürən çoxsaylı suallara cavab verib. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı İsveçrədə təhsil alan tələbələrin ölkəmizi daha yaxşı təmsil etmələri, mövcud problemlərin operativ aradan qaldırılması üçün vahid tələbə təşkilatında birləşməsinin zəruri olduğunu bildirib. Görüşün sonunda nazir tələbələrlə xatirə şəkli çəkdirib.   ***   Dekabrın 10-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb. Mauro Del Ambroco qonaqları salamlayaraq belə yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirib. Dövlət katibi Azərbaycanla İsveçrənin ikitərəfli təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib, xeyli sayda azərbaycanlı gəncin İsveçrə Konfederasiyasının nüfuzlu ali məktəblərində təhsil almasını müsbət hal kimi dəyərləndirib. Təhsil naziri Misir Mərdanov səmimi sözlərə və Azərbaycanla təhsil sahəsindəki əlaqələrə verdiyi önəmə görə Mauro Del Ambrocoya təşəkkürünü bildirib. Azərbaycanın təhsil sistemi, xaricdə təhsil üzrə Dövlət Proqramı və ölkəmizdə həyata keçirilən təhsil proqramları haqqında ətraflı məlumat verən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş imkanların olduğunu diqqətə çatdırıb. Ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunan təhsil naziri bununla əlaqədar təkliflərini söyləyib. Misir Mərdanov İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroconu Azərbaycana dəvət edərək təhsil sahəsində təşəkkül tapmış əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco Misir Mərdanovun fikirlərini yüksək qiymətləndirib və yaxın vaxtlarda nüfuzlu universitet rektorları, təhsil mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini bildirib. Sonra Təhsil və Tədqiqat Məsələləri üzrə Dövlət Katibliyinin Təhsil və Tədqiqat Departamentinin direktoru Stefan Volter İsveçrə Konfederasiyasının təhsil sistemi haqqında ətraflı məlumat verib. Daha sonra tərəflər arasında təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.   ***   Dekabrın 10-da təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Bern Universitetində olub. Görüşdə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Rektorlar Şurasının baş katibi Tonas Baxoter rəhbərlik etdiyi qurum haqqında geniş təqdimat-məruzə ilə çıxış edib. Rektorlar Şurasına üzv olan ali məktəblərin fəaliyyəti barədə ətraflı məlumat verən T.Baxoter ali təhsil üzrə beynəlxalq reytinq təşkilatlarının siyahılarında İsveçrə universitetlərinin tutduğu yüksək yerlərdən söhbət açıb. Baş katib bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas qayəsi İsveçrənin ali məktəbləri arasında koordinasiya işinin təşkilindən ibarətdir. Bern Universitetinin prorektoru Kristian Loiman universitet haqqında təqdimat-məruzə ilə çıxış edib. 1528-ci ildə əsası qoyulmuş ali məktəbin inkişaf yoluna nəzər salan K.Loiman universitetin tərkibində 8 fakültə, 160 elmi-tədqiqat institutunun fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, 1500 müəllimin, 340 professorun çalışdığı universitetdə 16000 tələbə təhsil alır ki, onların da 3 nəfəri azərbaycanlıdır. Təhsil müəssisəsinin illik büdcəsinin 1 milyard avro olduğunu söyləyən prorektor bu vəsaitin 65 faizinin müəllimlərin əmək haqqına sərf olunduğunu nəzərə çatdırıb. Təhsil naziri Misir Mərdanov görüşə görə minnətdarlığını bildirib, keçirilən müzakirələrin gələcək əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib. Sonra hər iki tərəfdən olan mütəxəssislər arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Keçirilmiş bütün görüşlərdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı da iştirak edib.

2013-cü ilin 8-9 fevral tarixlərində Bakı şəhərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi keçiriləcək.

Müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirmək və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə–İNTEL ISEF-ə göndərilməsini təmin etmək məqsədi ilə təşkil olunur. Qeyd edək ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı