• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Oktyabrın 19-da Gədəbəy rayonunda təhsil naziri Misir Mərdanovun iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış pedaqoq, professor Qoşqar Əhmədovun 95 illik yubileyi ilə əlaqədar mərasim keçirilib.

Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, alimin həmkarları, yaxınları, tələbələri və ziyalılar iştirak ediblər. Öncə tədbir iştirakçıları alimin adını daşıyan Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli orta məktəbin qarşısında ucaldılmış Qoşqar Əhmədovun büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.  Sonra təhsil naziri Misir Mərdanov və iştirakçılar məktəbdə alimin həyatını, yaradıcılığını əks etdirən guşə ilə tanış olublar.  Daha sonra tədbir iştirakçıları rayon mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri qoyublar. Yubiley tədbirini giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov professor Qoşqar Əhmədovun həyat və yaradıcılığı haqqında qısa məlumat verib. R.Yediyarov qeyd edib ki, Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub, 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə Dzerjinski adına Hərbi Akademiyanı bitirib. Sonra icra başçısı Qoşqar Əhmədovun Bakı Dövlət Universitetində elmi yaradıcılıqla məşğul olduğunu, 1950-ci ildə namizədlik dissertasiyasını müdafiə etdiyini söyləyib. O, Qoşqar Əhmədovun 1956-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasına daxil olduğunu, 1961-ci ildə isə professor elmi adına layiq görüldüyünü, görkəmli alimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunduğunu bildirib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq müəllimi olmuş Qoşqar Əhmədovun 95 illik yubileyində iştirak etməkdən məmnunluq duyduğunu bildirib. Riyaziyyat elminə əvəzsiz töhfələr verən alimin sadə insani keyfiyyətləri, öz  tələbələrinə daim yaradıcılıq keyfiyyətləri  aşılaması barədə danışan Misir Mərdanov Qoşqar Əhmədovun tanınmış şəxsiyyət və böyük insan olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Qoşqar Əhmədov müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal proseslərin riyazi nəzəriyyəsi üzrə elmi fəaliyyət göstərib və bir çox gənc alimləri bu istiqamətdə tədqiqatlar aparmağa cəlb edib. Görkəmli alimin yetirmələrinin fəaliyyət coğrafiyasının çox geniş olduğunu bildirən təhsil naziri əlavə edib ki, hazırda onun tələbələri Azərbaycanla yanaşı MDB, eləcə də dünyanın bir sıra başqa ölkələrində çalışırlar. Tədbirdə çıxış edən alimin yetirməsi professor Telman Məlikov, bacıları – dosent Gülnaz Əhmədli, dosent Gülarə Əhmədova və başqaları Qoşqar Əhmədov haqqında xatirələrini bölüşüblər.

Oktyabrın 19-da Gədəbəy rayonunda Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Daşkəsən və Şəmkir rayonları təhsil işçilərinin iştirakı ilə zona müşavirəsi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy rayon İcra Hakimiyyətini başçısı Ramiz Yediyarov, adıçəkilən rayonların təhsil şöbə müdirləri, məktəb direktorları və digər şəxslər iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil sistemində aparılan islahatlardan, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin inkişafı üçün həyata keçirdiyi tədbirlər nəticəsində qazanılan uğurlardan danışıb. Misir Mərdanov 6 rayonun təhsil göstəriciləri haqqında statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb, mövcud problemlərin həlli istiqamətində görüləcək işlərə toxunub. Təhsil naziri müəllimlərin yaş senzi ilə əlaqədar yaranan problemlərə həssas yanaşılmasını, gənc kadrlara şərait yaradılmasını, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini tövsiyə edib. Şagird-müəllim nisbəti məsələsinə toxunan təhsil naziri bu problemin ciddi xarakter daşıdığını və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da rasionallaşdırmaya ehtiyac duyulduğunu bildirib. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasının vacibliyini vurğulayan Misir Mərdanov həmin təhsil müəssisələrinə ən yaxşı müəllimlərin və xüsusi istedada malik olan şagirdlərin cəlb edilməsinin əhəmiyyətli olacağına inamını bildirib. Müşavirənin sonunda təhsil naziri Misir Mərdanov mövcud problemlərin aradan qaldırılması və qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün daha ciddi çalışmağın zəruriliyini önə çəkib və bir sıra tapşırıqlar verib.

Oktyabrın 23-də Bakının Sabunçu rayonundakı 252 nömrəli məktəb-liseydə «Müasir təhsil proqramlarının (kurikulumun) tətbiqi: reallıqlar və perspektivlər» mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi konfransda təhsil naziri Misir Mərdanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Təhsil Nazirliyinin struktur-bölmə rəhbərləri, Təhsil Problemlər İnstitutunun, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, tanınmış pedaqoqlar, alimlər, dərslik müəllifləri, Təhsil Nazirliyinə birbaşa tabe olan ümumi təhsil məktəblərinin direktorları, Sabunçu rayonundakı məktəblərin rəhbərləri və qabaqcıl müəllimlər iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə yüksək səviyyədə təmir olunmuş məktəbi gəzib, laboratoriyalara, fənn kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olublar. Sonra konfrans çərçivəsində keçirilən «açıq dərs»lər dinlənilib. 2 saat ərzində həm konfransın keçirdiyi 252 nömrəli məktəb-liseyin, həm də onun yaxınlığında yerləşən 94, 96 və 213 nömrəli tam orta məktəblərin müəllimlərinin müxtəlif siniflərdə apardıqları 28 nümunəvi dərs dinlənilib. Təhsil naziri Misir Mərdanov 252 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Emilya İbrahimovanın I sinifdə riyaziyyatdan və riyaziyyat müəllimi Təranə Kənaninin XI sinifdə cəbr və analizin başlanğıcı fənnindən apardıqları dərslərdə iştirak edib. Dərslərin dinlənilməsi başa çatdıqdan sonra məktəb-liseyin akt zalında «dəyirmi masa» ətrafında dinlənilmiş dərslər və mövzu ilə bağlı müzakirələr aparılıb. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov tədbirin yeni fənn proqramlarının (kurikulumların) tətbiqi vəziyyəti ilə tanış olmaq, aparılan islahatların nəticələrinin konkret bir məktəbin təcrübəsində müəyyənləşdirmək məqsədi ilə keçirildiyini bildirib. Bununla əlaqədar 2 saat ərzində müxtəlif fənlər üzrə dərslərin dinləndiyini deyən nazir iştirak etdiyi dərslərdən razılığını ifadə edib. Misir Mərdanov, həmçinin dərslərdə onu razı salmayan bəzi cəhətlərin də olduğunu diqqətə çatdırıb. Təhsil naziri yeni təlim üsullarının səmərəli olmasını müəyyənləşdirmək üçün müvafiq tədqiqatların aparılmasını və yalnız bundan sonra onların geniş tətbiq olunmasını zəruri saydığını vurğulayıb. Sonra təhsil naziri Misir Mərdanov paytaxt məktəblərinin son iki tədris ili üzrə fəaliyyətinin müqayisəli nəticələrini əks etdirən təqdimatla konfrans iştirakçılarını tanış edib. Təqdimata əsasən, Sabunçu rayonu ilə paytaxtın digər rayonları arasında təhsilin müxtəlif parametrləri, o cümlədən məktəb, müəllim və şagirdlərin sayı, müəllim-şagird nisbəti, buraxılış və ali məktəblərə qəbul imtahanlarının, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin nəticələri, fənn olimpiadalarında iştirak, pedaqoji kadrlarla təminat, məktəb tikintisi və digər göstəriciləri üzrə müqayisələr aparılıb. Təqdimatda son 3 ildə Sabunçu rayonundakı təhsil müəssisələrinin 3 məzununun qəbul imtahanlarında 700 bal toplaması, müəllim-şagird nisbətinin ölkə üzrə orta göstəricidən yüksək olması və digər nəticələr müsbət hal kimi qiymətləndirilib, bəzi göstəricilərin isə digər rayonlara nisbətən aşağı olduğu qeyd edilib. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev elmi-praktik konfransda çıxış edərək belə mühüm tədbirin keçirilməsinə görə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib. Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən söz açan A.Vəliyev mövcud problemlərə də toxunub, onların aradan qaldırılması üçün Təhsil Nazirliyinin dəstəyinə ehtiyac duyduqlarını söyləyib, dinlədiyi dərslərlə bağlı fikirlərini bölüşüb.    Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov, bəstəkar Oqtay Rəcəbov, professor Fərrux Rüstəmov, dərslik müəllifi Rafiq İsmayılov, 96 nömrəli tam orta məktəbin direktoru Əminə Hüseynova və başqaları dinlədikləri dərslərə qiymət verib, mövzu ilə bağlı fikir və mülahizələrini bildirib, müvafiq təkliflərini nəzərə çatdırıblar. Çıxışlarda yeni fənn proqramlarının uğurla tətbiq olunduğu, müəllimlərin dərslərinə yaradıcı yanaşdığı, müasir təlim forma və üsullarından, İKT-dən bacarıqla istifadə etdikləri, habelə qruplarla iş forması seçilərkən dərsin mövzu və məqsədlərinin nəzərə alınmasının, valideynlərlə işə daha çox diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Oktyabrın 24-də Təhsil Nazirliyində tələbələrin XVII Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə iştirakçıları salamlayıb və onları qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə həmişə yüksək diqqət və qayğı ilə yanaşdığını qeyd edən təhsil naziri, həmçinin dövlət başçımızın uğurlu daxili və xarici siyasətindən danışıb. Daha sonra nazir əlavə edib ki, tələbələrin XVII Respublika fənn olimpiadası cari ilin mayında Azərbaycan Dövlət Pedaqoji Universitetin bazasında Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Olimpiadanın 12 fənn (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə keçirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirib ki, yekun turda 39 ali məktəbdə təhsil alan 655 tələbə iştirak edib. Nazir həmin tələbələrin Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərlərində yerləşən 32 dövlət, 7 qeyri-dövlət ali təhsil müəssisəsi və onların filiallarında keçirilən olimpiadaların qalibləri sırasından seçilərək respublika turuna vəsiqə qazandıqlarını deyib. Olimpiadada ölkəmizin bölgələrində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin təmsil olunduğunu vurğulayan təhsil naziri qaliblərin Təşkilat Komitəsi və Münsiflər Heyəti tərəfindən müəyyən edildiyini və I yerə 10, II yerə 23, III yerə 36, həvəsləndirici yerə isə 51 tələbənin layiq görüldüyünü bildirib. Misir Mərdanov əlavə edib ki, olimpiadada iştirak edən 39 ali təhsil müəssisəsindən 24-nün tələbələri müvəffəqiyyət qazanıb, habelə 16 ali məktəbin tələbələri I, II və III yerlərə layiq görülüb, 8 ali məktəbin tələbələri isə yalnız həvəsləndirici yerlər tutublar.  Ali məktəblər üzrə qaliblərin sayını açıqlayan Misir Mərdanov daha sonra tələbələrin fənn olimpiadasının keçdiyi yola nəzər salıb və olimpiadanın ilk dəfə 1994-cü ildə 4 fənn üzrə təşkil olunduğu qeyd edib. Nazir, həmçinin bu sahə üzrə perspektiv fəaliyyət istiqamətlərindən də söz açıb. Çıxışının sonunda təhsil naziri Misir Mərdanov qalibləri qazandıqları uğur münasibətilə təbrik edib və olimpiadanın keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev olimpiada qaliblərini təbrik edib, ölkə Prezidentinin təhsilə, xüsusilə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar. Sonda tələbələrin XVII Respublika fənn olimpiadasının qaliblərinə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və pul mükafatları təqdim olunub. Mərasimdə, həmçinin Münsiflər Heyətinin üzvlərinə səmərəli və məhsuldar fəaliyyətlərinə görə Fəxri fərman, sədrlərinə isə Fəxri fərmanla birgə pul mükafatları verilib.

Oktyabrın 29-da Təhsil Nazirliyində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin icrasına dair tədbir keçirilib.

Tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan alternativ xidmətlərin maliyyələşdirmə mexanizmləri ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, bu layihə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən reallaşdırılır. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, müvafiq Dövlət Proqramı çərçivəsində reallaşdırılan “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının səmərəli əməkdaşlığı sayəsində uğurlu nəticələr verib. Misir Mərdanov layihə çərçivəsində 10 nəfər uşaq üçün ailə tipli kiçik qrup evinin tikilərək istifadəyə verildiyini, himayədar ailələrə veriləcək 50 nəfər uşağın seçildiyini, Xəzər rayonunda yaradılmış Ailə təlim və məsləhət mərkəzində himayədar ailə olmaq istəyən şəxslərə müvafiq proqramlar üzrə təlimlərin keçirildiyini nəzərə çatdırıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərə toxunan təhsil naziri əldə olunmuş nailiyyətlərdə digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində istifadəyə verilmiş kiçik qrup evinin saxlanması xərclərinin layihəyə ayrılmış vəsait hesabına həyata keçirildiyinə diqqət çəkən nazir layihə başa çatdıqdan sonra kiçik qrup evinin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsinin nəzərdə tutulduğunu söyləyib. Mərasimdə iştirak edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer-Kaybiç, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva, Maliyyə məsələləri üzrə beynəlxalq ekspert Yelena Andreyeva, “Hilfsverk Avstriya Beynəlxalq” təşkilatının maliyyə məsələləri üzrə meneceri Ştefan Fritz və Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov öz çıxışlarında bu layihənin əhəmiyyətinə toxunub, birgə əməkdaşlıq sayəsində əldə olunmuş uğurların davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Maliyyə naziri Samir Şərifov “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin reallaşdırılması istiqamətində görülmüş işləri yüksək dəyərləndirib. Layihənin və kiçik qrup evinin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi barədə fikirlərini bildirən nazir bu məsələnin həlli üçün müvafiq normativ-hüquqi əsasların hazırlanmasının zəruriliyini önə çəkib. Tədbir iştirakçılarına təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində həyata keçirilən bu layihənin davam etdirilməsi üçün bundan sonra da qabaqcıl dünya təcrübəsinin əsas götürülməsinin zəruriliyini vurğulayıb.

Oktyabrın 31-də “Avropa” otelində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin məsul əməkdaşları, hər iki ölkənin təhsil müəssisələrinin rəhbərləri və bir sıra dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər. Məlumat üçün bildiririk ki, iki ölkə arasında təhsil sahəsində əlaqələr 1 iyun 2002-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra genişlənməyə başlayıb. Qeyd olunan sazişdə universitetlərarası birbaşa əməkdaşlıq, professor və tədqiqatçıların mübadiləsi, iki ölkənin dil və ədəbiyyatının öyrənilməsi məqsədi ilə universitetlərdə, həmçinin digər ümumi təhsil məktəblərində kafedraların açılması, mühazirələrin təşkili, tədris metodları, vasitələri, materialları və proqramlarının mübadiləsi, həmçinin bir sıra digər məsələlər öz əksini tapıb. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. Nazir 1-8 iyun 2012-ci il tarixlərində İtaliyanın təhsil, universitet və tədqiqatlar nazirinin dəvəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin ali təhsil təcrübəsi ilə tanışlıq, əməkdaşlığın genişləndirilməsi və birgə layihələr üzrə təkliflərin müzakirə olunması məqsədi ilə İtaliyada rəsmi səfərdə olduğunu söyləyib. Səfər çərçivəsində İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyində, La Sapienza Universitetində keçirilmiş görüşlərdən söz açan Misir Mərdanov aparılan müzakirələrdə ikitərəfli əməkdaşlıq istiqamətləri, Azərbaycanla İtaliya arasında təhsil üzrə birgə işçi qrupunun yaradılması və təhsil sənədlərinin qarşılıqlı tanınması məsələlərinin yer aldığını nəzərə çatdırıb. Azərbaycanla İtaliyanın tarixi, siyasi, iqtisadi əlaqələrinə toxunan təhsil naziri ölkələrimiz arasındakı illik ticarət dövriyyəsinin 10 milyard dollar civarında olduğunu müsbət hal kimi dəyərləndirib. Misir Mərdanov buna uyğun olaraq digər istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini və bunun üçün hərtərəfli potensialın mövcud olduğunu vurğulayıb. Nazir Azərbaycan Respublikası Prezidentinin 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kadr hazırlığını nəzərdə tutan ali təhsil müəssisələri siyahısına İtaliyanın 24 ali təhsil müəssisəsinin adının daxil edildiyini bildirib. Dövlət Proqramı çərçivəsində 3 nəfər azərbaycanlı gəncin İtaliyanın ali təhsil müəssisələrini uğurla başa vurduğunu söyləyən Misir Mərdanov 4 nəfərin isə magistratura səviyyəsi üzrə bu ölkədə təhsil aldığını qeyd edib. Hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafına toxunan nazir bildirib ki, İtaliyanın Perucia Əcnəbilər Universiteti və Siena Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında bakalavr və magistr pillələri üzrə tələbə mübadiləsini nəzərdə tutan saziş çərçivəsində ADU-nun tələbələri İtaliya universitetlərinə göndərilir və həmin universitetlərdən ADU-ya mütəxəssislər dəvət edilir. Təhsil naziri onu da qeyd edib ki, TEMPUS proqramı çərçivəsində Milan Tərcüməçilik İnstitutu “Yazılı və şifahi tərcümənin tədrisində islahatlar” layihəsi üzrə ADU ilə sıx əməkdaşlıq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universitetinin də İtaliyanın ali məktəbləri ilə əlaqələrini genişləndirdiyini önə çəkən Misir Mərdanov birgə elmi konfransların təşkilinin və müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Ali təhsil müəssisələri arasındakı əlaqələrin inkişafında İtaliyanın La Sapienza Universitetinin xüsusi rolunu qeyd edən nazir bu ali məktəbdə Azərbaycanşünaslıq kafedrasının yaradıldığına, ölkəmizin tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 3 kitabın hazırlanaraq tədris edildiyinə diqqət çəkib. Misir Mərdanov bildirib ki, məhz bu kimi amillər ölkələrimiz arasındakı münasibətlərin dərin etimad və qarşılıqlı anlaşma ruhunda inkişaf etdiyini deməyə əsas verir. La Sapienza Universitetinin rektoru Luici Frati konfransın təşkilinə görə təşəkkürünü bildirib. Avropanın ən böyük ali təhsil müəssisələrindən biri olan La Sapienza Universitetində 140000 tələbənin təhsil aldığını söyləyən L.Frati rəhbərlik etdiyi ali məktəb haqqında ətraflı məlumat verib. Rektor universitetdə 11 fakültə, 2 xəstəxana, muzey və zəngin kitabxananın mövcud olduğunu, bir sıra ixtisaslar üzrə tədrisin ingilis dilində aparıldığını, elmi-tədqiqatlara geniş yer verildiyini nəzərə çatdırıb. Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən qonaq bu konfransın ikitərəfli əlaqələrin uğurla davam etdirilməsi baxımından əhəmiyyətli olacağına inamını ifadə edib. Konfransda çıxış edən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin təmsilçisi Ezio Sina, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi İqtisadi Əməkdaşlıq və İnkişaf İdarəsinin rəisi Əşrəf Şıxəliyev, Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi qarşılıqlı əməkdaşlığın inkişafı üçün görülmüş işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar. Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində mövcud potensialdan səmərəli istifadə edilməli və təhsilin bütün pillələri üzrə əməkdaşlıq genişləndirilməlidir. Sonra konfrans öz işini sessiyalar üzrə davam etdirib.

Noyabrın 1-də Təhsil Nazirliyində “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfrans çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, o cümlədən İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin məsul əməkdaşları və hər iki ölkənin təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 20 illik yubileyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edərək müvafiq görüşlərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına, eləcə də qarşılıqlı təhsil əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib. Nazir təqdimat-məruzəsində ölkəmizin inkişaf yolu, üzləşdiyi problemlər və Azərbaycanın təhsil sistemi haqqında qonaqlara ətraflı məlumat verib. Ölkə təhsilinin müasir tələblər səviyyəsinə yüksəldilməsi üçün həyata keçirilən islahatlar və ayrı-ayrı təhsil pillələri üzrə qazanılmış uğurlar barədə söhbət açan Misir Mərdanov İtaliya ilə təhsil sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb. Nazir Azərbaycan Respublikası Prezidentinin 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində kadr hazırlığını nəzərdə tutan ali təhsil müəssisələri siyahısına İtaliyanın 24 ali təhsil müəssisəsinin adının daxil edildiyini bildirib. Dövlət Proqramı çərçivəsində 3 nəfər azərbaycanlı gəncin İtaliyanın ali təhsil müəssisələrini uğurla başa vurduğunu söyləyən Misir Mərdanov 4 nəfərin isə magistratura səviyyəsi üzrə bu ölkədə təhsil aldığını qeyd edib. Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin perspektivləri müzakirə olunub. İtaliyanın Təhsil, Universitet və Tədqiqatlar Nazirliyinin təmsilçisi Ezio Sina, La Sapienza Universitetinin professoru Angelo Filippini, “Dante Alegheri” italyan dili və mədəniyyəti mərkəzinin baş katibinin müavini Rafaella Fiorani, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva və başqaları Azərbaycanla İtaliya arasındakı qarşılıqlı təhsil əlaqələrinin möhkəmləndirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edib, bu istiqamətdə müvafiq səylərin artırılmasının zəruriliyini nəzərə çatdırıblar.

Cari ilin avqustundan «Peşə təhsili müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılır. Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluğunun təmin edilməsinə nail olmaqdan ibarətdir. Layihə çərçivəsində Bakı, Gəncə, İsmayıllı və Qaxdakı 5 peşə təhsili müəssisəsindən seçilmiş 100 nəfər şagirdin məzun olduqdan sonra məşğulluq məsələsinin həllinə dəstək vermək, işlə təmin olunmuş gənclərə hüquqi yardım etmək və iş adamları ilə gənclər arasında əlaqələr qurmaq istiqamətində müvafiq addımlar atılır. Onu da qeyd edək ki, cari ilin sonunadək seçilmiş peşə təhsili müəssisələrində gələcək məzunlar üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb. Daha sonra isə təlim keçmiş gənclərin biznes strukturları, dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub. Hazırda Bakının 12 və 13 saylı peşə liseylərində müvafiq təlimlər keçirilir. Həmçinin 3 saylı Gəncə Peşə Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyində təlimlər təşkil ediləcək. Qeyd etmək lazımdır ki, layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Macarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora ilə görüşüb.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı əlaqələrin son illərdə daha da inkişaf etdiyini, qarşılıqlı münasibətlərdə təhsil sahəsinin xüsusi yeri tutduğunu qeyd edib. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Macarıstanın ali məktəblərində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin bir universitetinin müvafiq siyahıya daxil edildiyini nəzərə çatdırıb. Dövlət Proqramı üzrə müvafiq siyahıya Macarıstanın daha çox seçilmiş universitetinin əlavə olunmasının mümkünlüyünü önə çəkən təhsil naziri bu istiqamətdə iş aparılmasının zəruriliyini vurğulayıb. Nazir Azərbaycanla Macarıstanın münasibətlərinin hazırkı səviyyəsinin iki ölkə arasında təhsil sahəsində daha səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını nəzərə çatdırıb. Misir Mərdanov istər təhsil müəssisələri arasındakı əlaqələrin, istərsə də tələbə mübadiləsinin qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən Jolt Çutora ölkəsində Azərbaycanın yaxından tanındığını, xalqımıza dost münasibətin olduğunu söyləyib. Səfir bildirib ki, Macarıstanın ali məktəblərində oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasında və ümumilikdə təhsil sahəsi üzrə əlaqələrin genişləndirilməsinə təmsil etdiyi ölkə ciddi maraq göstərir. Xüsusilə tələbə mübadiləsinin artırılması üçün geniş potensialın mövcudluğunu vurğulayan qonaq Macarıstanın ali məktəblərində ingilis və rus dillərində tədris aparıldığını nəzərə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təhsil sahəsindəki əməkdaşlığın ölkələrimiz arasındakı hərtərəfli və yüksək səviyyəli əlaqələrin inkişafına layiqli töhfə verəcəyinə əminlik ifadə olunub.

Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

Misir Mərdanov qonağı səmimi salamlayaraq son illər Azərbaycanla Fransa arasındakı əlaqələrin inkişafı istiqamətində atılmış addımlardan söz açıb. Nazir ölkələrarası əlaqələrin genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğulayıb və onun Azərbaycanla Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına mühüm töhfələr verdiyini qeyd edib. İki ölkə arasında digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışan təhsil naziri bu istiqamətdə bir sıra məsələlərə toxunub. Daha sonra Misir Mərdanov ikitərəfli əlaqələrin yalnız ali təhsil müəssisələri çərçivəsində deyil, təhsilin digər pillələri üzrə də genişləndirilməsinin önəmini vurğulayıb. Nazir Fransanın KNOUS təşkilatı ilə imzalanan müqavilə çərçivəsində görülən işlərə və bu baxımdan müəyyən problemlərin mövcud olduğuna da diqqət çəkib. Sonra Misir Mərdanov Fransanın Azərbaycandakı səfirliyi ilə birgə ölkələrimiz arasında təhsil sahəsi üzrə birgə əməkdaşlığın inkişafına, orta məktəblərimizdə fransız dilinin tədrisinə dəstək göstərməyə hazır olduğunu bildirib. Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Paskal Mönye öncə bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycan-Fransa təhsil əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması baxımından bir sıra təkliflər irəli sürən Paskal Mönye səfirliyin müvafiq sahə üzrə nəzərdə tutduğu işlərdən danışıb. Səfir bu məqsədlə birgə işçi qrupunun yaradılmasını və 3 illik proqram hazırlanmasını təklif edib. Əməkdaşlığın inkişafı üçün yüksək potensialın mövcudluğundan söz açan səfir, həmçinin görülən işlərdən də bəhs edib, eləcə də hər ilin yayında “Fransız kəndi” layihəsi çərçivəsində fransız dili müəllimləri üçün seminarlar keçirildiyini diqqətə çatdırıb.  Bu görüşün iki ölkənin təhsil əlaqələrinə layiqli töhfələr verəcəyinə əminliyi vurğulayan Misir Mərdanov səfirin fikirləri ilə həmrəy olduğunu açıqlayıb və yaradılacaq işçi qrupuna müvafiq qurumların əməkdaşlarının daxil edilməsinin əhəmiyyətini qeyd edib. Görüşdə təhsil sahəsində səmərəli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı