SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 7-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Misir Mərdanov öncə səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş münasibətlərə toxunan nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün olduqca geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Ölkəmizdə fəaliyyət göstərən Türk liseylərinin və Qafqaz Universitetinin fəaliyyətini yüksək dəyərləndirən nazir təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün münasibətlərin yeni müstəvidə inkişafı məsələsinə diqqət çəkib. Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini qeyd edib. Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımıza xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini qeyd edən təhsil naziri bu baxımdan qardaş Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Nazir Azərbaycanın daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlı olduğunu vurğulayıb. Daha sonra nazir Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərinin inkişafı yolunda birgə elmi araşdırmaların əhəmiyyətinə toxunan təhsil naziri müvafiq istiqamətdə müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu bildirib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun qardaş Azərbaycanda çalışmaqdan qürur hissi duyduğunu qeyd edib. Səfir Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması məsələlərindən söhbət açıb, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti barədə fikirlərini bildirib. Bu görüşün birgə əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən qonaq ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimizin qardaşlıq münasibətlərinin inkişafına xidmət edən təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı müvafiq təkliflər səsləndirilib.
08/07/2015 16:52
Noyabrın 8-də təhsil naziri Misir Mərdanov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aryen Peter Uyterlinde ilə görüşüb.
Təhsil naziri ölkəmizlə Niderland Krallığı arasındakı münasibətlərdən və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişaf istiqamətlərindən söz açıb. İki ölkə arasında təhsil sahəsində əlaqələrin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində inkişaf etdiyini söyləyən nazir müvafiq məqsədlə seçilmiş ali təhsil müəssisələrinin siyahısına Niderland Krallığının 14 nüfuzlu ali təhsil müəssisəsinin daxil edildiyini bildirib. Bu günədək Dövlət Proqramı çərçivəsində 53 nəfər azərbaycanlı gəncin Niderlandın müxtəlif ali məktəblərində təhsil almağa göndərildiyini vurğulayan Misir Mərdanov onlardan 27 nəfərin məzun olduğunu, 26-sının isə təhsilini davam etdirdiyini söyləyib. Təhsil naziri Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi vasitəsi ilə Maastrix İdarəçilik Məktəbi ilə Təhsil Nazirliyi arasında yaradılmış birbaşa əlaqələrdən söz açıb. Son illərdə ali məktəblərlə birbaşa əməkdaşlıq çərçivəsində atılan addımlara diqqət çəkən nazir Niderland Krallığı universitetlərində hüquq, iqtisadiyyat və fəlsəfə ixtisasları üzrə təhsil alan azərbaycanlı tələbələrin sayının artdığını qeyd edib. Azərbaycanla Niderland Krallığı arasında təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün elmi-tədqiqat sahələrinə diqqətin artırılmasını vurğulayan Misir Mərdanov, həmçinin peşə təhsili üzrə əlaqələrin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Niderland Krallığının Azərbaycanla münasibətlərdə təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən səfir səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Səfir Azərbaycanın ali təhsil müəssisələri ilə beynəlxalq proqramlar vasitəsilə və birbaşa əlaqələrin mövcud olduğunu, hər iki ölkənin universitetləri arasında elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın yaradılmasının mümkünlüyünü bildirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Niderland Krallığında təhsil alan gənclərin sayının artırılması, niderlandlı tələbələrin Azərbaycanın ali məktəblərinə cəlb olunması məsələlərinə toxunan qonaq təhsilin bütün sahələri üzrə qarşılıqlı əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib. Daha sonra görüşdə iki ölkə arasındakı təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
2012-ci ilin oktyabr ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (əlaqə telefonu: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 974 müraciət daxil olub.
Müraciətlərin 857-si telefonla, 117-si isə elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələrində, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, pullu təhsil xidmətləri üzrə ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərə toxunulub. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi və xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərə aid problemləri əhatə edib. Bir sıra müraciətlərdə ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 73 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 66 müraciət qəbul edilib. Ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 4 (Sumqayıtdan 2, Gəncə və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron, Goranboy, Ağdam və Cəlilabad rayonlarının hər birindən 3, Sabirabad, Şəmkir, Lənkəran, Şəki, Qəbələ və Xaçmaz rayonlarının hər birindən 2, Hacıqabul, Saatlı, Neftaçala, Kürdəmir, Göygöl, Şamaxı, Qazax, Ağsu və Yevlax rayonlarının hər birindən 1 müraciət daxil olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə qarşı müvafiq inzibati tədbirlər görülüb. Belə ki, Bakı şəhəri Qaradağ rayonundakı 274 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması nəticəsində təhsil müəssisəsində idarəetmə sahəsində nöqsanlar aşkarlanıb və məktəb rəhbərliyinə sonuncu xəbərdarlıq edilib. Sabirabad rayon Qaragüney kənd 1 nömrəli tam orta məktəbdən daxil olan şikayətin araşdırılması zamanı məktəbin idarə olunmasında yol verdiyi nöqsanlara görə məktəbin direktoru Ramiz Həsənov tutduğu vəzifədən azad olunub. Digər 7 müraciətdə isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin diplom və təqaüdlərinın gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərinə köçürülməsi, xaricdə təhsil alan tələbələrin təqaüdləri ilə bağlı yaranmış problemlərdən bəhs olunub. Bütün bu müraciətlər aidiyyəti struktur bölmələrə yönəldilib və qaldırılmış məsələlər vaxtında həllini tapıb.
08/07/2015 16:52
Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir.
Belə ki, 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır. Məlum olduğu kimi, ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanaraq təsdiq edilib. Artıq orta məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının tətbiqi uğurla həyata keçirilməkdədir. Onu da qeyd edək ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir. Qeyd olunan təlimlərin keçirilməsinə 2013-cü ilin iyunundan başlanacaqdır.
08/07/2015 16:52
Noyabrın 17-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiya iclasında “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri”, “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri”, «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr», «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzuları müzakirə edilib. Təhsil Nazirliyinin kollegiya üzvləri, ali məktəb rektorları, rayon təhsil şöbələri müdirlərinin və məktəb direktorlarının iştirak etdikləri iclası təhsil naziri Misir Mərdanov açaraq müzakirə olunan məsələlər haqqında məlumat verib. Öncə Misir Mərdanov Təhsil Nazirliyinin dəstəyi ilə çap olunmuş təhsil sahəsinə dair yeni nəşrləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Təhsil naziri “2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edib. Müvafiq müsabiqənin nəticələrinə toxunan nazir bildirib ki, 2010-2011-ci tədris ilindən etibarən müəllimlərin işə qəbulunda yeni qaydaların tətbiqinə başlanıb. Müəllimlərin işə qəbulu üzrə yeni qaydalara əsasən ərizələrin qəbulu və müsabiqənin aparılmasının elektron vasitələrin tətbiqi ilə həyata keçirildiyini, imtahanın sonunda isə hər bir müəllimin öz nəticəsini bilmək imkanının olduğunu nəzərə çatdıran Misir Mərdanov bütün bunların prosesin obyektiv və şəffaf təşkilinə zəmin yaratdığını qeyd edib. Təhsil naziri müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri haqqında məlumat verib və 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 3270, peşə liseyləri üzrə isə 48 vakant yerin müəyyənləşdirildiyini söyləyib. Nazir bildirib ki, vakant yerlərə elektron ərizə vermiş 16195 nəfərdən müvafiq təhlillər nəticəsində 15467 nəfərin ərizəsi təsdiqlənib. İmtahanların nəticələrinə görə 2797 nəfərin işə qəbul olunduğunu diqqətə çatdıran Misir Mərdanov daha sonra müsabiqənin keçirilməsi üçün görülmüş təşkilati işlər haqqında fikirlərini bildirib. Sonra təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilmiş təlim kurslarının nəticələri” haqqında geniş təqdimat edib. Təqdimatda fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili, təlimçilərin hazırlanması və təlimçi bacarıqlarının qiymətləndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, təlim kurslarının monitorinqinin nəticələri barədə ətraflı məlumat verilib. Nazir bildirib ki, ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatları-yeni fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim prosesində səmərəli istifadə pedaqoji kadrların ixtisasının artırılmasını, bu məqsədlə xüsusi təlimlərin keçirilməsini zərurətə çevirib. Bununla əlaqədar son dörd ildə görülmüş işlərə diqqət çəkən Misir Mərdanov respublikanın bütün ümumi təhsil məktəblərinin ibtidai sinif müəllimlərinin xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb olunduğunu vurğulayıb. Təhsil naziri fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçmiş ibtidai sinif müəllimlərinin sayının 2008-ci ildə 8, 2009-cu ildə 9 min nəfər təşkil etdiyini bildirib. Misir Mərdanov 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə keçidlə əlaqədar təlimlərin yeni modelə uyğun təşkil edilməyə başlandığını söyləyib. 2011-ci ildə 10417 nəfər ibtidai sinif müəlliminin 10 günlük (60 saat) təlim kursundan keçirildiyini qeyd edən nazir, ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai sinif müəlliminin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarında müvafiq bilik və bacarıqlara yiyələndiyini nəzərə çatdırıb. Təhsil naziri habelə 2012-2013-cü tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün keçirilən təlim kurslarının nəticələri barədə söz açaraq bildirib ki, 2012-ci ildə təlimlərdən keçmiş 37545 müəllimə müvafiq sertifikatlar verilib. Nazir 2012-2013-cü tədris ilində rayon təhsil şöbələrinin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlər keçiriləcəyini də diqqətə çatdırıb. Misir Mərdanov «Məktəbdaxili qiymətləndirmə: problemlər və vəzifələr» mövzusunda məruzə-təqdimatında 2003-cü ildə beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirmənin yeni nəzəriyyəsi və icra mexanizminin hazırlandığını, 2008-2009-cu dərs ilində isə ibtidai təhsil səviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlandığını qeyd edib. Yeni məktəbdaxili qiymətləndirmənin tərkib hissələri–diaqnostik, formativ və summativ qiymətləndirmə haqqında söhbət açan nazir ənənəvi və yeni qiymətləndirmənin səciyyəvi cəhətlərindən bəhs edib. Daha sonra yeni qiymətləndirmə sisteminin tarixinə toxunan təhsil naziri formativ qiymətləndirmənin nəzəri əsasları, beynəlxalq təcrübədə icra mexanizmi, formativ qiymətləndirmədə geniş istifadə olunan qiymətləndirmə üsul və vasitələri, nəticələrin ifadə formalarını nəzərə çatdırıb. 12 oktyabr 2012-ci il tarixində Təhsil Nazirliyində keçirilmiş «Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr» mövzusundakı müşavirənin qərarına uyğun olaraq məktəbdaxili qiymətləndirmə sahəsində görülən işlərdən də bəhs edən nazir ibtidai təhsil səviyyəsində və ümumi orta təhsil səviyyəsinin V siniflərində yeni qiymətləndirmənin tətbiqi vəziyyətini öyrənmək məqsədilə atılan addımlardan danışıb. Təhsil naziri, həmçinin məktəbdaxili qiymətləndirmə sahəsində görülən işlər, nəzərdə tutulan tədbirlər haqqında ətraflı məlumat verib, bununla bağlı bir sıra fikir və mülahizələrini söyləyib. Kollegiya iclasında daha sonra «Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin monitorinqi» mövzusunda məsələ müzakirə olunub. Təhsil naziri Misir Mərdanov bununla bağlı təqdimat-məruzəsində 2012-ci ilin yanvar-aprel ayları ərzində keçirilmiş monitorinq barədə məlumat verib, dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində ümumi təhsil məktəblərində görülmüş işlərdən söz açıb. Ümumi təhsil məktəblərində mövcud avadanlığın, lokal şəbəkənin, eyni zamanda məktəb rəhbərlərinin, müəllimlərin və şagirdlərin İKT-dən gündəlik istifadə vəziyyətini öyrənmək məqsədilə monitorinq aparıldığını bildirən nazir monitorinqin 53 rayon (şəhər) təhsil şöbəsi üzrə 130 təhsil müəssisəsini, 130 məktəb direktorunu və 492 müəllimi əhatə etdiyini vurğulayıb. Çıxışının sonunda Misir Mərdanov nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərlərinə və məktəb direktorlarına, rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə və məktəb direktorlarına müzakirə olunan məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib. Sonra məruzələr ətrafında müzakirələr aparılıb. Milli Məclisin Elm və təhsil məsələləri komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Bakıdakı 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova, Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, Təranə Hacıyeva və başqaları müzakirə olunan məsələlərlə bağlı fikir və mülahizələrini bildiriblər.
08/07/2015 16:52
Noyabrın 20-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində orta ixtisas musiqi məktəblərinin tələbələri arasında gənc ifaçıların respublika müsabiqəsinin təntənəli açılışı, püşkatma mərasimi və konsert keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 mart 2012-ci il tarixli 307 nömrəli əmri ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq təşkil edilmiş müsabiqə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunub. Müsabiqə zona və respublika mərhələləri olmaqla fortepiano, orkestr alətləri, xalq çalğı alətləri nominasiyaları üzrə keçirilir. 22 noyabr 2012-ci il tarixdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müsabiqənin yekun konsert keçiriləcəkdir. Müsabiqənin qalibləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Noyabrın 21-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Milli Aviasiya Akademiyası, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub. Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinin əhəmiyyətindən danışıb və müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Milli Aviasiya Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri Sübhan Namazov bu təhsil müəssisəsində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verərək bildirib ki, komissiya akademiyada müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin vəziyyətini araşdırıb və akademiyanın fəaliyyətini yüksək qiymətləndirib. S.Namazov təhsil müəssisəsinin fəaliyyətindən, tədris şəraitindən və maddi-texniki bazasından, məzunların işlə təmin edilməsi məsələlərinə də toxunub, komissiyanın bir sıra təklif və tövsiyələrini nəzərə çatdırıb. Əmək və Sosial Münasibətlər Akademiyası üzrə Akkreditasiya Komissiyasının sədri İlham Aslanzadə təhsil müəssisəsində mütəxəssis hazırlığının vəziyyəti haqqında fikirlərini bildirib, pedaqoji kollektivin tərkibi və digər göstəricilər barədə məlumat verib. İ.Aslanzadə akademiyanın ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətinin təhlili, maddi-texniki bazası, tədrisdə müasir texnologiyaların imkanlarından istifadə vəziyyəti və digər məsələlərdən söhbət açıb. Bakı Qızlar Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri Aydın Mirzəməmmədov bu təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verib. A.Mirzəməmmədov universitetdə tədrisin keyfiyyətini yüksəltmək üçün görülmüş işlər, pedaqoji kollektivin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsinin nəticələri barədə komissiyanın gəldiyi qənaəti nəzərə çatdırıb. Daha sonra qeyd olunan təhsil müəssisələri üzrə akkreditasiyanın nəticələrinə dair şura üzvlərini maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər səsləndirilib. Akkreditasiya Surasının iclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Milli Aviasiya Akademiyasının fəaliyyəti “yaxşı”, Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Qızlar Universitetinin fəaliyyəti isə “kafi” qiymətləndirilib.
08/07/2015 16:52
Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin təqdimatı və həmin mərkəzdə aparılmış təlimlərin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə ADPU-nun rektoru Yusif Məmmədov açaraq Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verib. Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzinin rəhbəri Fəxrəddin Yusifov mərkəzin kurikulum islahatlarının səmərəliliyinin artırılmasına dəstək məqsədilə yaradıldığını bildirib. Mərkəzdə müəllimlərin müasir təlim texnologiyaları ilə bağlı hərtərəfli biliklərə yiyələndiklərini söyləyən F.Yusifov artıq 137 nəfər müəllimin fəal təlim kurslarından keçdiyini vurğulayıb. Tədbirdə iştirak edən YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard yeni yaradılmış mərkəzin fəaliyyətini yüksək qiymətləndirib. O, YUNİSEF-in Resurs Mərkəzinin texniki təchizatına köməklik göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Təhsil naziri Misir Mərdanov öncə ADPU-da fəaliyyət göstərən Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzi ilə tanışlığından məmnunluğunu ifadə edib. Mərkəzdə yaradılmış şərait və imkanlar haqqında fikirlərini bildirən nazir Azərbaycanın müstəqillik illərində digər istiqamətlərdə olduğu kimi təhsil sahəsində də ciddi uğurlar qazandığını söyləyib. Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin işinin günün tələbləri səviyyəsində təşkili üçün həyata keçiriləcək zəruri tədbirlərə diqqət çəkən nazir bu təhsil ocaqlarında çalışan müəllimlərin orta məktəblərdə gedən proseslərlə daha yaxından tanış olmasının əhəmiyyətinə toxunub. Təhsil naziri ADPU-nun müəllim hazırlığı sahəsində zəngin təcrübəsi olduğunu bildirərək burada təhsil alan tələbələrin müəllim kimi hərtərəfli hazırlıq keçməsinin zəruriliyini qeyd edib. Misir Mərdanov, həmçinin digər ali məktəblərdə də müvafiq mərkəzlərin yaradılmasının əhəmiyyətindən bəhs edib. Daha sonra Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzində fəal təlim kurslarını bitirmiş müəllimlərə sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Hər il ənənəvi olaraq təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədi ilə müsabiqə keçirilir.
Qeyd edək ki, ölkəmizdə 2012-ci ilin “İdman ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 mart 2012-ci il tarixli sərəncamına əsasən Təhsil Nazirliyinin müvafiq əmri ilə bu il keçirilməsi nəzərdə tutulmuş müsabiqə 12 nominasiya üzrə təşkil olunub. Müsabiqə qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Noyabrın 26-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) «Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar» mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, Belarus və Uruqvayın bir sıra ali məktəblərinin rektorları, tanınmış pedaqoqlar və elm adamları iştirak ediblər. Konfransdan öncə təhsil naziri Misir Mərdanov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatları, ali məktəb rektorları, tanınmış alim və pedaqoqlar, müxtəlif ölkələrdən dəvət olunmuş qonaqlar, respublikamızda fəaliyyət göstərən bir sıra diplomatik korpusların nümayəndələri bu təhsil müəssisəsindəki Heydər Əliyev Mərkəzində olub və ulu öndərin büstü önünə əklil qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar mərkəzdə ümummilli lider Heydər Əliyevin və dövlət başçısı cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotostendlərlə tanış olublar. Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı konfransın həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb edən aktual problemlərə həsr olunduğunu bildirib və müasir dövrdə müəllim hazırlayan ali məktəblərin qarşısında duran ümdə vəzifələrdən söz açıb. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsində müəllim hazırlığı, əlavə təhsillə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı danışıb. Təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq tədbirdə müzakirə olunacaq mövzuların aktuallığı barədə fikirlərini bildirib. Nazir konfransda ilkin müəllim hazırlığı, əlavə təhsil və onun istiqamətlərindən biri olan ixtisasartırma problemlərinin müzakirə ediləcəyini söyləyib. Hər bir ölkənin gələcəyinin ilk növbədə, həmin ölkədə təhsilin inkişafından, məktəb və müəllimin fəaliyyətindən birbaşa asılı olduğunu deyən Misir Mərdanov dünyada tanınmış şəxsiyyətlərin müəllim haqqında söylədiyi dəyərli fikirləri diqqətə çatdırıb. Ölkəmizdə müəllim hazırlığı və pedaqoji təhsilin təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar barədə konfrans iştirakçılarına geniş məlumat verən nazir Azərbaycanda təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirildiyini, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunduğunu bildirib. Təhsil naziri müasir dövrdə müəllim hazırlığı və əlavə təhsilin qarşısında duran bir sıra mühüm vəzifələrə də toxunub. Nazir, həmçinin hazırda əlavə təhsilin istiqamətləri arasında daha çox diqqət yetirilən sahə olan ixtisasartırma təhsilindən, bununla bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb. Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərini və ənənəvi modeldən fərqli cəhətlərini diqqətə çatdırıb, təhsildə İKT-nin tətbiqi məsələlərindən bəhs edib. Respublikamızda müəllim hazırlığı və əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışan Misir Mərdanov konfransın müəllim hazırlığı, əlavə təhsil, ixtisasartırma təhsili və digər məsələlərlə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin müvafiq problemlərin təhlili baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. Tədbirdə Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası Təhsil Menecmenti Universitetinin rektoru Viktor Oleynik “Ukraynada diplomdansonrakı təhsil sistemi üçün elmi və elmi pedaqoji kadrların hazırlanması: yanaşmalar və perspektivlər” mövzusunda təqdimat edib. Sonra konfrans öz işini 6 bölmə üzrə davam etdirib. 3 gün davam edəcək beynəlxalq konfransda müasir şəraitdə müəllim hazırlığının aktual məsələlərindən, bu sahədə yeni təlim texnologiyalarının əhəmiyyətindən, əldə edilmiş uğurlardan söz açılacaq, çoxsaylı məruzələr dinləniləcək, müəllim hazırlığının inkişaf perspektivləri müəyyənləşdiriləcəkdir. Konfrans çərçivəsində, həmçinin ukraynalı elm adamlarının iştirakı ilə «Ukraynada diplomdansonrakı pedaqoji təhsilin modernləşdirilməsi» mövzusunda «dəyirmi masa»nın təşkil edilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı