• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 19-da təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak ilə görüşüb.

Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da iştirak edib. Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Təhsil naziri Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, təhsil işçilərindən ibarət nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb. Birgə əlaqələrin inkişafında orta məktəblər arasındakı münasibətlərin də əhəmiyyətli olacağına inamını ifadə edən Misir Mərdanov iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılmasının mümkünlüyünə diqqət çəkib. Azərbaycanda ali məktəb rəhbərləri ilə keçirdiyi görüşlər haqqında söz açan Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak rəhbəri olduğu ali təhsil ocağı barədə ətraflı məlumat verib. Qonaq qeyd edib ki, Doğu Akdəniz Universitetində təhsil alan azərbaycanlı tələbələr tədris uğurları ilə fərqlənir. A.Öztoprak Doğu Akdəniz Universitetinin tarixi, tədris olunan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Müəllim və tələbə mübadiləsində maraqlı olduqlarını bildirən rektor universitetin beynəlxalq səviyyədə tanınan ixtisaslarının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üzrə müvafiq siyahıya əlavə edilməsi məsələsinə toxunub. Təhsil naziri Misir Mərdanov ikitərəfli əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, Şimali Kipr Türk Respublikasında 1000-ə yaxın azərbaycanlı tələbənin müxtəlif ixtisaslara yiyələnməsini müsbət hal kimi dəyərləndirib. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün atılacaq addımları diqqətə çatdıran nazir yaxın gələcəkdə təhsil sahəsindəki əməkdaşlığın öz bəhrələrini verəcəyini bildirib.  Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin noyabrında 2225 müraciət daxil olub.

Müraciətlərdən 1971-i telefonla, 254-ü isə elektron poçt vasitəsilə qəbul edil­ib. Müraciətlərin çoxu sorğu xarakterlidir. Daxil olan sorğular məktəbəqədər, ümumi təhsil, texniki peşə, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi, təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub. Müraciətlərin digər qismi isə müəllimlərin dərs bölgüsü, dərs yükünün həcmi, əmək haqqının hesablanması, dövlət sifarişi ilə və xaricdə dövlət proqramı çərçivəsində ali təhsil alan tələbələrin təhisil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və başqa məsələlərə aid problemləri əhatə edib.  Bir sıra müraciətlərdə məktəbəqədər, ümumi təhsil, ilk peşə-ixtisas təhsili müəssisələri, orta-ixtisas və ali məktəb­­lə­­rdəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 76 müraciət əsasında araşdırmalar apa­rıl­ıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Ötən ay Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrindən 6 şikayət daxil olub. Müraciətlərdə yeməklərin keyfiyyəti, uşaqların bağçaya qəbulu və bu kimi digər məsələlərə toxunulub. Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı 63 müraciət edilib. Şikayət məzmunlu bu müraciətlərin Bakıdan 23, Mingəçevir, Gəncə və Sumqayıt şəhərlərinin hər birindən 1, Abşerondan 7, Şəkidən 4, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 3, Cəlilabad, Masallı və Xaçmaz rayonlarının hər birindən 2, Füzuli, Ordubad, Yardımlı, Hacıqabul, Saatlı, Qubadlı, Quba, Zaqatala, Xocalı, Qazax, Tovuz, Daşkəsən, Şabran və Qəbələ rayonlarının hər birindən 1 müraciət daxil olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan aşkarlanan təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra məktəb direktorlarına rəhbərlik etdikləri təhsil müəssisəsində mənəvi psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. Digər 7 müraciət isə ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri tələbələrinin təqaüdlərinin gecikdirilməsi, diplomların verilməməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin təqaüdlərinin müvafiq xarici ölkələrin təhsil müəssisələrinə köçürülməsi məsələləri ilə bağlı olub. “Qaynar xətt”ə daxil olan şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib, bütün bu məsələlər vaxtında öz həllini tapıb.

Dekabrın 21-də Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının açılış mərasimi olub.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar. Sonra qonaqlar mərkəzdə  ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən xüsusi fotostendlərə tamaşa ediblər. Təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransını giriş sözü ilə açaraq bu tədbirin əhəmiyyətindən danışıb. Nazir konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Müstəqillik illərində respublikamızın keçdiyi tarixi inkişaf yolundan söhbət açan Misir Mərdanov bu illərdə bütün istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunduğunu, əsaslı işlərin aparıldığını və mühüm nailiyyətlərin əldə edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil naziri bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir dünyanın nüfuzlu ali məktəblərində oxuyan həmvətənlərimizin Azərbaycanı təhsil aldıqları ölkələrdə layiqincə təmsil etdiklərini vurğulayıb. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin 10000 nəfəri keçdiyini bildirən təhsil naziri Azərbaycanda oxuyan əcnəbilərin sayının isə 7 min civarında olduğunu söyləyib. Sonra təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı barədə məlumat verərək gənclərin bu konfransa ildən-ilə marağının artdığını bildirib. Respublikamızda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edildiyini vurğulayan nazir onlardan 37-sinin Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin nəşrləri olduğunu qeyd edib. Təhsil naziri elmi əsərlərin nüfuzlu jurnallarda çap edilməsinə diqqətin artırıldığını söyləyib və bəzi ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində impakt faktoru olan jurnallarda dərc olunan məqalələrin sayının son 3 il ərzində 3 dəfə artdığına diqqət çəkib. Konfransın müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdiriləcəyini söyləyən Misir Mərdanov deyib ki, bölmələrdə 17 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub. Nazir elmi konfransın bölmələrinə respublikanın tanınmış alim və pedaqoqlarının rəhbərlik edəcəyi haqda məlumat verib və tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Çıxışının sonunda nazir doktorant və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara uğurlar arzulayıb. Mərasimdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Rektor keçirilən tədbirin əhəmiyyətinə toxunaraq belə bir nüfuzlu elmi konfransa ev sahibliyi etdiklərindən məmnunluğunu ifadə edib. Bakı Dövlət Universitetinin doktorantı Rəşad Sadıqov gənclərin elmi potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərini birlikdə müzakirə edilməsinə xidmət edən belə konfransların təqdirəlayiq olduğunu bildirib, gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib. Qeyd edək ki, iki gün davam edəcək elmi konfransın sonunda elmi işindəki aktuallığı, yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçilərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunacaqdır. Eyni zamanda hər il olduğu kimi, bu il də konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara veriləcəkdir.  

Dekabrın 26-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə nazirlər, millət vəkilləri, rektorlar, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, musiqi təmayüllü təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan xalqının böyük oğlu Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının 90 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini təbrik edib. Bu gün Azərbaycan musiqisinin və incəsənətinin bayramı olduğunu vurğulayan təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin yubileylə bağlı imzaladığı xüsusi sərəncamları təhsilə, mədəniyyətə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirib. Yubiley ərəfəsində ölkə Prezidentinin sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Bakı Musiqi Akademiyasının 46 əməkdaşının müxtəlif fəxri adlar və «Tərəqqi» medalı ilə təltif olunduğunu, 2 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü nəzərə çatdıran Misir Mərdanov bütün təhsil ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirib. Nazir çıxışının sonunda akademiyanın əməkdaşlarına yeni-yeni nailiyyətlər arzulayaraq tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, hər zaman bu təhsil ocağına çox böyük diqqət və qayğı ilə yanaşılıb. Bakı Musiqi Akademiyasının yetirmələrinin mədəniyyətimizin, incəsənətimizin inkişafındakı rolundan söz açan nazir bu ali məktəbin daha böyük uğurlar qazanmağa qadir olduğunu vurğulayıb. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli tədbir iştirakçılarını salamlayıb, rəhbərlik etdiyi təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə ölkə Prezidentinə akademiyanın professor-müəllim heyəti və tələbələri adından dərin minnətdarlığını bildirib. F.Bədəlbəyli qeyd edib ki, Bakı Musiqi Akademiyası Azərbaycanın musiqi sənətinə dahi bəstəkarlar, ifaçılar bəxş edib, görkəmli musiqişünas alimlər yetişdirib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə akademiyanın əməkdaşlarına verilmiş fəxri adların və medalların təqdimatı olub. Mərasim Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Kamera Orkestrinin konsert proqramı ilə başa çatıb.

Avqustun 17-dən 24-dək Zağulbada Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı ümumtəhsil məktəblərinin X-XI siniflərində “İqtisadiyyata giriş” fənninin tədrisi proqramı çərçivəsində müəllimlər üçün təlimlər keçirilib.

Təlimin məqsədi təhsil islahatları proqramına uyğun olaraq ümumtəhsil məktəblərinin X-XI siniflərində “İqtisadiyyata giriş” fənninin tədris keyfiyyətinin artırılmasını təmin etməkdən ibarətdir. Onu da qeyd edək ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatı 2005-ci ildən bu proqram çərçivəsində respublikamızın 260 məktəbinə tədris-metodiki və texniki köməklik göstərib, 300-dən çox müəllimə “İqtisadiyyta giriş” fənni üzrə təlimlər keçib, həmin fənn üzrə 30.000-dən artıq dərs vəsaiti çap etdirərək məktəblilərə pulsuz paylayıb. Təlimlərdə Bakı məktəblərinin pedaqoji kollektivlərinin üzvləri ilə yanaşı, Ağdaş, Kürdəmir, Yevlax və Goranboy məktəblərinin müəllimləri də iştirak ediblər. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Dekabrın 27-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri ADNA-nın rektoru Siyavuş Qarayev açaraq rəhbərlik etdiyi ali məktəbdə 50 il öncə əcnəbi vətəndaşlar üçün yaradılmış hazırlıq fakültəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. S.Qarayev bildirib ki, adıçəkilən fakültə keçmiş SSRİ məkanında əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuş ikinci tədris mərkəzi olub. Rektor qeyd edib ki, 50 il ərzində 13 min məzunu olan fakültə dünyanın 103 ölkəsi üçün dövlət və aparıcı elm xadimləri, istehsalat rəhbərləri, neft və neft-kimya mütəxəssisləri yetişdirib. Fakültənin məzunları arasında dünyada tanınmış bir sıra şəxslərin olduğunu nəzərə çatdıran S.Qarayev yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsində fakültə müəllimlərinin xüsusi əməyi olduğunu vurğulayıb. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə ilk texniki ali təhsil ocağı olan, çağdaş elm və təhsil tarixində özünəməxsus yer tutan, respublikamızda sənaye və iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsinə sanballı töhfələr verən Azərbaycan Dövlət Neft Akademiyasının fəaliyyətinin əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi 91 il ərzində təkcə Azərbaycan üçün deyil, keçmiş ittifaqın müxtəlif respublikaları, eləcə də digər xarici ölkələr üçün peşəkar kadr hazırlığına layiqli töhfələr verib. Ali təhsil müəssisəsinin əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin fəaliyyət göstərdiyi müddətdə böyük inkişaf yolu keçdiyini söyləyən təhsil naziri fakültənin fəaliyyətinin əhəmiyyətindən danışıb. Təhsil naziri 2011-ci ilin bir sıra əlamətdar tarixi hadisələrlə, o cümlədən bir çox ali təhsil müəssisələrinin yubileylərinin keçirilməsi ilə yadda qaldığını nəzərə çatdırıb. Nazir cari ildə respublikamızın həyatında baş vermiş ən önəmli hadisənin–Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsi olduğunu vurğulayıb.          Misir Mərdanov əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin müəllim və tələbələrini yubiley münasibəti ilə ölkəmizin təhsil işçiləri adından təbrik edərək onlara ən xoş arzularını çatdırıb. Təhsil naziri yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və akademiyanın əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin 50 illiyi münasibəti ilə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanını və Fəxri fərmanları akademiyanın təltif olunmuş əməkdaşlarına təqdim edib. Sonra əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin dekanı Rafiq Kazımov, fakültənin əcnəbi dillər kafedrasının müdiri Aida Yakovleva çalışdıqları ali təhsil müəssisəsində əcnəbi tələbələrlə aparılan işlərdən söz açıb, bundan sonra da yüksək ixtisaslı kadrların hazırlanması işində var qüvvələrini əsirgəməyəcəklərini bildiriblər. Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsinin məzunu, doktorant, Suriya vətəndaşı Moaoe Daas, qaz-neft mədən fakültəsinin tələbələri, Çin Xalq Respublikasının vətəndaşı Şanq Lei, Vyetnam vətəndaşı Nguyen Xuan Quy çıxış edərək Azərbaycan Dövlət Neft Akademiyasında onların yüksək bilik və savad almaları üçün yaradılan şəraitdən razılıq hissi ilə söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə ADNA-nın rəhbərliyinə, professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildiriblər.

Dekabrın 28-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin akkreditasiyasının nəticələri müzakirə olunub.  Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinin əhəmiyyətini qeyd edib və təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin mühüm rol oynadığını nəzərə çatdırıb. Xaçmaz Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, 14 nömrəli Bakı Peşə Liseyinin direktoru Vidadi Quliyev bu təhsil müəssisəsinin ümumi fəaliyyəti barədə fikirlərini bildirib. V.Quliyev Xaçmaz Peşə Liseyində müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması, liseyin şagird kontingenti, məzunların işlə təminatı, akkreditasiya zamanı keçirilmiş sorğunun nəticələri və digər bu kimi məsələlərdən söz açıb. Gədəbəy Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri, İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzinin koordinatoru Elxan Cəfərov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. E.Cəfərov Gədəbəy Peşə Liseyinin fəaliyyət istiqamətləri, mütəxəssis hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji heyəti, maddi-texniki bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Daha sonra Salyan Peşə Liseyi üzrə Akkreditasiya Komissiyasının sədri, 17 nömrəli Bakı Peşə Liseyinin direktor müavini Azad Qədirov çıxış edib. A.Qədirov təqdimat-məruzəsində liseyin fəaliyyətindən, test sorğusu üzrə göstəricilərdən, ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs edib. 1 nömrəli Sumqayıt Peşə Liseyində aparılmış araşdırmaya dair geniş məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının müəllimi  Şahrza Ağayev  akkreditasiyaya təqdim olunmuş ixtisaslar üzrə mövcud vəziyyət, liseyin məzunlarının son 5 ildə işlə təminatı və digər məsələlərdən danışıb. Sonra qeyd olunan peşə məktəbləri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra təklif və tövsiyələr səsləndirilib.  Təhsil naziri Misir Mərdanov peşə təhsili müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. İclasda Xaçmaz Peşə Liseyi, Gədəbəy Peşə Liseyi, Salyan Peşə Liseyi və 1 nömrəli Sumqayıt Peşə Liseyinin fəaliyyətinin “kafi” qiymətləndirilməsi və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.

Dekabrın 29-da Təhsil Nazirliyində ötən ilin yekunlarına əsasən uşaq-gənclər idman və şahmat məktəbləri, idmançılar, məşqçi-müəllimlər arasında keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq bədən tərbiyəsi və idmanın inkişafını dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi səciyyələndirib, qazanılan möhtəşəm uğurların ölkəmizdə idmançılara göstərilən qayğının nəticəsi olduğunu bildirib. Nazir ümummilli lider Heydər Əliyevin idman sahəsinin inkişafına həmişə diqqət və qayğı ilə yanaşdığını, bu ənənənin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 2011-ci ilin Azərbaycanın idman həyatında bir çox uğurlarla yadda qaldığını qeyd edən Misir Mərdanov bu nailiyyətlərin qazanılmasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəbləri yetirmələrinin xüsusi rolu olduğunu bildirib. Nazir idmanın şahmat və futbol növlərinin daha da inkişaf etdirilməsi üçün ölkə Prezidentinin sərəncamları ilə təsdiq olunmuş Dövlət Proqramlarının icrası istiqamətində görülmüş işlərdən söhbət açaraq 2011-ci ildə Ağcabədi, Quba, Xaçmaz və Ucarda şahmat məktəbləri üçün yeni binaların istifadəyə verildiyini nəzərə çatdırıb. Cari ildə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəblərinin müxtəlif mebel dəstləri, kompüter, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıqlar və əyani vəsaitlərlə təmin edildiyini söyləyən nazir ümumtəhsil məktəblərində şahmatın tədris olunması istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov bildirib ki, 2011-ci ildə də şahmat məktəblərinin yetirmələri respublika birincilik və çempionatlarında 14-ü qızıl, 11-i gümüş və 13-ü bürünc olmaqla 38 medal, Avropa, dünya birinciliklərində və çempionatlarında isə 5- i qızıl, 3-ü gümüş, 2- i bürünc olmaqla 10 medal qazanıblar. Təhsil naziri respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərən idmançıların, onların təmsil etdikləri məktəblərin adlarını sadalayıb və bu uğurların davamlı olacağına inamını ifadə edib. Təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin, həmin məktəblərdə çalışan məşqçi-müəllimlərin fəaliyyətlərini qiymətləndirmək, istedadlı idmançıları aşkar etmək və onları rəğbətləndirmək məqsədilə ənənəvi olaraq hər il keçirilən respublika müsabiqəsində 159 idman məktəbinin iştirak etdiyini nəzərə çatdıran nazir qalibləri təbrik edib və onlara uğurlar arzulayıb. Sonra 12 nominasiya üzrə keçirilmiş respublika müsabiqəsi qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, millət vəkili Rauf Əliyev, millət vəkili Ülvi Quliyev, təhsil sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin rəhbərləri, məşqçi-müəllimlər və idmançılar iştirak ediblər.

2011-ci ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 30124 müraciət daxil olub.

Müraciətlərin 27135-i telefonla, 2989-u elektron poçt vasitəsilə qəbul edilib. Daxil olmuş müraciətlərin böyük əksəriyyəti, 28893-ü (95,9 faiz) sorğu, 1231-i isə (4,09 faiz) şikayət xarakterlidir. “Qaynar xətt” xidmətində yanvarda 910, fevralda 2107, martda 1707, apreldə 1824, mayda 2102, iyunda 4781, iyulda 4153, avqustda 2479, sentyabrda 3956, oktyabrda 2256, noyabrda 2225, dekabrda isə 1624 müraciət qeydə alınıb. 2010-cu illə müqayisədə 2011-ci il ərzində “Qaynar xətt” xidmətinə 2,3 dəfədən çox müraciət daxil olub. Bu, vətəndaşların Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə etimadının artdığını deməyə əsas verir. “Qaynar xətt” xidmətinin fəaliyyəti barədə kütləvi informasiya vasitələrində vaxtaşırı hesabatların verilməsi, nazirliyin nəşrlərində müvafiq məlumatların dərc olunması, eyni zamanda xidmətin fəaliyyətinin korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərlə əməkdaşlıq şəraitində təşkili də müraciətlərin artmasına təsir edən amillər sırasındadır. “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla valideynlər, müəllimlər, şagirdlər, tələbələr və geniş ictimaiyyət daha yaxından maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizi ümumi təhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar olub. Şagirdlərin biliyinin qiymətləndirilməsi, IX və XI siniflərin sınaq və buraxılış imtahanlarının təşkili, keçirilməsi, nəticələrin öyrənilməsi ilə bağlı sorğular da çoxluq təşkil edib. Digər sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin yaş senzi, dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün sorğular diqqətlə dinlənilərək cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə Nazirliyin müvafiq şöbələri və aidiyyati struktur bölmələri tərəfindən araşdırılıb. Qeyd olunduğu kimi, ötən il “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 1231-i şikayət məzmunlu olub. Həmin şikayətlər məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələri ilə əlaqədardır. Müraciətlərin əksər hissəsini Bakı, bir qismini isə Sumqayıt və Şirvan şəhərlərindən daxil olan müraciətlər təşkil edir. Eyni zamanda Yardımlı, Goranboy, Abşeron, Gədəbəy, Şəki, Qəbələ, Saatlı, Şamaxı, Lerik, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəbdaxili idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərdə, əsasən uşaqların qəbulu, verilən ərzağın keyfiyyəti, sanitar normaların gözlənilməməsi, uşaq bağçalarının binalarının təmiri, qızdırılması və digər problemlərdən bəhs olunur. Bu müraciətlərin çoxu Bakı, Gəncə və Sumqayıt şəhərlərindən edilib. Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əmək haqqının gecikdirilməsi və digər məsələlərdən bəhs olunur. Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar “Qaynar xətt” xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 2011-ci ilin yanvar və iyun aylarında daxil olan müraciətlər nazirliyin əməkdaşları, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının könüllüləri tərəfindən araşdırılıb. Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış və yay imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılmış özəl ali təhsil müəssisələri tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ilində də bir sıra şikayət xarakterli müraciətlər qəbul edilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı olanlar tənbeh edilib, töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji iqlimin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə əsasən Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər işdən azad ediliblər. Eləcə də digər müraciətlər əsasında Bakı şəhərindəki 37 nömrəli məktəbin direktoruna xəbərdarlıq olunub, həmin məktəbin direktor müavininə və 153 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Digər müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində qaldırılmış məsələlər də həllini tapıb. Belə ki, İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəlliminin şagirdlərin biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və təhsil müəssisənin rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbin sinif rəhbərinə ciddi xəbərdarlıq edilib. Sumqayıt şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi şagirdin biliyinin qiymətləndirilməsində səhvə yol verdiyi üçün ona töhmət verilib. İşdə yol verdikləri nöqsanlara görə bir neçə nəfərə inzibati cəza tətbiq edilib. Belə ki, Bakı şəhərindəki 74 nömrəli orta  məktəbin müəlliminə töhmət, işə üzrsüz səbəbdən gəlmədiyinə görə 249 nömrəli orta məktəbin müəllimi ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib və digər inzibati cəza tədbirləri görülüb. Şikayət daxil olan digər təhsil müəssisələrinin rəhbərlərinə nöqsanların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.  Qeyd etmək lazımdır ki, araşdırmalar zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, başqa bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. 2011-ci il ərzində “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər və aparılan araşdırmaların nəticələri barədə məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin internet saytında, “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində, digər mətbu orqanlarda dərc olunub. Televiziya və radio kanallarında il ərzində "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə əlaqədar 20-dən çox xəbər verilib, maarifləndirici çıxışlar təşkil edilib.

Yanvarın 10-da Təhsil Nazirliyində “Meşələri qoruyaq” adlı gənc meşəçilərin Respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Qeyd edək ki, 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə təşkil olunmuş müsabiqənin Respublika mərhələsinə 53 rayon və şəhərdən 300-ə qədər yaradıcılıq işi təqdim olunub. Məktəblilərin yaradıcılıq işlərində meşələrin əhəmiyyəti, fauna və florası, nadir bitki və heyvan növləri, meşənin ekoloji vəziyyətinə dair ekoloji tədqiqatların nəticələri, təbii sərvətlərə və canlılara qayğıkeş münasibətin zəruriliyi təsvir edilib. Təqdim olunmuş referatlarda, ekoloji layihələrdə meşədə ekoloji cığırın yaradılması, turistlərin ekoloji maarifləndirilməsi, meşələrə antropogen təsirin öyrənilməsi və qiymətləndirilməsi, meşənin qırılmasının qarşısının alınması, yeni meşə zolaqlarının salınması, meşə ehtiyatlarının davamlı istifadəsi və bərpa olunması, meşə bitkilərinin tədris-təcrübə sahəsində artırılması üçün məktəblilər tərəfindən görülən işlər şərh olunub. Respublika üzrə fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, uşaq yaradıcılıq mərkəzlərinin ekoloji dərnək üzvlərinin, həmçinin “gənc meşəçilər” dəstələrinin həyata keçirdikləri yaşıllaşdırma və abadlaşdırma işlərinə aid yazılarda məktəblilərin bu sahədə ekoloji fəaliyyəti geniş əksini tapıb. Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Qulu Novruzov ekoloji problemlərin həlli məsələsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanda ətraf mühitin qorunması istiqamətində həyata keçirilmiş tədbirlərə diqqət çəkən nazir müavini hələ ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə çoxsaylı meşə massivlərinin və yaşıllıq zolaqlarının salındığını nəzərə çatdırıb. Q.Novruzov hazırda ekologiyanın qorunması və ətraf mühitin daha etibarlı mühafizəsi istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin parlaq nəticələr verdiyini vurğulayıb. Bütün cəmiyyətin bu işdə fəallıq göstərməsinin vacibliyini qeyd edən nazir müavini son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi ekoloji layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib.  Təhsil nazirinin müavini gənc meşəçilərin Respublika müsabiqəsinin 3 nominasiya və 3 mərhələ üzrə respublikanın orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, “gənc meşəçilər” dəstələrinin üzvləri arasında keçirildiyini diqqətə çatdırıb. Q.Novruzov bildirib ki, müsabiqə meşələrin qorunması və davamlı istifadəsi sahəsində məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən təşkil olunub. Müsabiqənin respublika mərhələsində Naxçıvan MR, Bakı, Şamaxı, Lənkəran, Qax, Şirvan, İsmayıllı, Göyçay, Tərtər, Şabran, Tovuz, Xaçmaz, digər şəhər və rayon məktəblilərinin yaradıcılıq işlərinin münsiflər heyəti tərəfindən qiymətləndirilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüldüyünü söyləyən nazir müavini qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi İxtisasartırma və İxtisaslaşdırma İnstitutunun Meşəçilik şöbəsinin müdiri Allahverdi Doluxanov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təmsilçisi Natiq İsmayılov və başqaları məktəblilərin ekoloji maarifləndirilməsinin əhəmiyyətindən bəhs edib, bu baxımdan Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildiriblər. Sonda müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı