SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 21-də Azərbaycan Müəllimlər İnstitutunda doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransının açılış mərasimi olub.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Azərbaycan Müəllimlər İnstitutunun Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar. Sonra qonaqlar mərkəzdə ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən xüsusi fotostendlərə tamaşa ediblər.
Təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransını giriş sözü ilə açaraq bu tədbirin əhəmiyyətindən danışıb. Nazir konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib.
Müstəqillik illərində respublikamızın keçdiyi tarixi inkişaf yolundan söhbət açan Misir Mərdanov bu illərdə bütün istiqamətlərdə olduğu kimi təhsil və elm sahəsində də bir sıra yeniliklərin tətbiq olunduğunu, əsaslı işlərin aparıldığını və mühüm nailiyyətlərin əldə edildiyini bildirib. Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil naziri bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.
Nazir dünyanın nüfuzlu ali məktəblərində oxuyan həmvətənlərimizin Azərbaycanı təhsil aldıqları ölkələrdə layiqincə təmsil etdiklərini vurğulayıb. Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin 10000 nəfəri keçdiyini bildirən təhsil naziri Azərbaycanda oxuyan əcnəbilərin sayının isə 7 min civarında olduğunu söyləyib.
Sonra təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVI Respublika elmi konfransı barədə məlumat verərək gənclərin bu konfransa ildən-ilə marağının artdığını bildirib. Respublikamızda nəşr olunan 400-ə yaxın elmi jurnal və məcmuənin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edildiyini vurğulayan nazir onlardan 37-sinin Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin nəşrləri olduğunu qeyd edib. Təhsil naziri elmi əsərlərin nüfuzlu jurnallarda çap edilməsinə diqqətin artırıldığını söyləyib və bəzi ali təhsil müəssisələrində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində impakt faktoru olan jurnallarda dərc olunan məqalələrin sayının son 3 il ərzində 3 dəfə artdığına diqqət çəkib.
Konfransın müxtəlif elm sahələri əhatə olunmaqla 19 bölmədə davam etdiriləcəyini söyləyən Misir Mərdanov deyib ki, bölmələrdə 17 ali təhsil müəssisəsindən və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarından daxil olmuş 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub. Nazir elmi konfransın bölmələrinə respublikanın tanınmış alim və pedaqoqlarının rəhbərlik edəcəyi haqda məlumat verib və tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib.
Çıxışının sonunda nazir doktorant və gənc tədqiqatçılara bir sıra dəyərli tövsiyələr verərək onlara uğurlar arzulayıb.
Mərasimdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Rektor keçirilən tədbirin əhəmiyyətinə toxunaraq belə bir nüfuzlu elmi konfransa ev sahibliyi etdiklərindən məmnunluğunu ifadə edib.
Bakı Dövlət Universitetinin doktorantı Rəşad Sadıqov gənclərin elmi potensialının üzə çıxarılmasına, həmçinin tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsinə, elmi nailiyyətlərini birlikdə müzakirə edilməsinə xidmət edən belə konfransların təqdirəlayiq olduğunu bildirib, gənclər üçün yaradılan hərtərəfli imkan və şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, iki gün davam edəcək elmi konfransın sonunda elmi işindəki aktuallığı, yeniliyi və mövzunun məzmununu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənən məruzəçilərə Təhsil Nazirliyinin sertifikatları təqdim olunacaqdır. Eyni zamanda hər il olduğu kimi, bu il də konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara veriləcəkdir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl