SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlərin işə qəbulu ilə bağlı suallar və onların cavabları
İyunun 4-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesinə başlanılıb. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər. Bunun üçün namizədlər elektron ərizələrində “Təhsil haqqında sənədin nümunəsi” bölməsinə “Arayış” sözünü yazmaqla qeydiyyatdan keçə bilərlər. Müsabiqənin növbəti mərhələlərində həmin namizədlərdən müvafiq təhsil haqqında sənəd tələb olunacaq. Qeyd edək ki, test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz. Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
04/06/2021 14:12
Mühəndislik ixtisasları üzrə ikili diplom proqramına növbəti qəbula başlanılır
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində mühəndislik ixtisasları istiqaməti üzrə beynəlxalq ikili diplom proqramına növbəti qəbula start verilir. İkili diplom proqramı Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İnha Universiteti tərəfindən həyata keçirilir. 2021-2022-ci tədris ili üzrə ingilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavr proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektronika mühəndisliyi və elektrik mühəndisliyi ixtisasları üzrə hər biri 25 nəfər olmaqla 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın məzunlarının əldə etdiyi bilik və bacarıqlar qeyd olunan 4 ixtisas üzrə mühəndislik sahələri, tədqiqat, beynəlxalq təhsil, təhlil və inkişaf sahəsində əhatə edəcək. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır. Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavr) nəticələri və İnha Universitetinin seçimi əsasında aparılır. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.
04/06/2021 12:50
Kimya, biologiya və informatika fənləri üzrə final turu
İyunun 4-də kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kimya və biologiya fənləri üzrə, ADA universitetində isə informatika fənni üzrə final turu baş tutub. Final turunda müvafiq olaraq kimya fənni üzrə 75, biologiya fənni üzrə 73, informatika fənni üzrə isə 77 şagird iştirak edib. İnformatika fənni üzrə final turunda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın şagirdlərə sağlam rəqabət prinsipləri əsasında bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratdığını xatırladıb və iştirakçılara uğurlar arzulayıb. Respublika fənn olimpiadalarının final turunun nəticələri yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq. Respublika fənn olimpiadalarının təşkilat komitəsi bütün şagirdlərə uğurlar arzulayır. Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.
04/06/2021 11:45
May ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən may ayı üçün tanınma üzrə edilən müraciətlərin statistikası açıqlanıb. Belə ki, may ayında icrası 16 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 70, Türkiyədən 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb. Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.
04/06/2021 10:48
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə başlanılır
İyunun 4-dən 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu prosesinə başlanılır. Elektron sənəd qəbulu prosesi 4-11 iyun tarixlərini əhatə edəcək. Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir. Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
04/06/2021 09:00
Təhsil naziri Milli Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşüb
İyunun 3-də təhsil naziri Emin Əmrullayev Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. Görüş zamanı tərəflər arasında son illər daha da aktivləşən əməkdaşlığın davam etdirilməsi xüsusilə vurğulanıb. Emin Əmrullayev uğurlu əməkdaşlığın nəticəsi olaraq birgə layihələrin hazırlanması və icrasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib və əlavə edib ki, görülən işlərə dəstək olmaq nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi ilə 2010-cu ildən başlayan aktiv əməkdaşlığın 2019-cu ildə nəinki ölkə, hətta Avropa səviyyəli Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ilə başa çatması ölkə əhəmiyyətli uğur oldu. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıqdan irəli gələn bir sıra vacib məsələləri müzakirə ediblər.
03/06/2021 20:00
Yubiley tədbiri keçirilib
İyunun 3-də Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev Ənvər Abbasovun təhsilin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda təhsil islahatları, xüsusilə kurikulum sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb. Nazir Ənvər Abbasovu təbrik edərək fəaliyyətində uğurlar arzulayıb. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində Ənvər Abbasovun Azərbaycan pedaqoji fikrinin formalaşmasında və təhsil islahatlarının həyata keçirilməsində əvəzsiz xidmətləri haqqında çıxış edib. Sonda çıxış edən Ənvər Abbasov tədbirin təşkilatçılığına görə təşəkkürünü ifadə edib.
03/06/2021 17:55
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin müsahibələrinə başlanılıb
İyunun 3-dən etibarən peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə ümumilikdə 77 namizəd iştirak hüququ əldə edib. Müsahibəyə qatılacaq namizədlərə müraciət formasında qeyd edilən əlaqə nömrəsi vasitəsilə müsahibə zamanı və məkanı barədə məlumatlar əvvəlcədən təqdim edilir. Namizədlər tələb olunan tarixdə şəxsi işlərini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə və şəxsiyyət vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər. Qeyd edək ki, iyunun 15-dək davam edəcək müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndiriləcək.
03/06/2021 15:50
Melburn Universitetinin professoru "Yeni çağırışlar"da
4 iyun saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Melburn Universitetinin təhsildə liderlik üzrə professoru, Miçiqan Dövlət Universitetinin Təlim və Texnologiya Mərkəzinin qurucu direktoru Yonq Jao olacaq. Yonq Jao ilə uğurlu təhsil təcrübələri barədə danışılacaq. Dünyada nüfuzlu alimlərdən biri kimi tanınan, Kanzas Universitetinin qabaqcıl professoru Yonq Jao Oregon Universitetinin Təhsil Kollecində sədr, Qlobal və Onlayn Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb. Daha əvvəl Miçiqan Dövlət Universitetinin Təhsil Kollecində professor kimi fəaliyyət göstərib. Burada Öyrənmə və Texnologiya Mərkəzinin qurucu direktoru, Konfutsi İnstitutunun və eyni zamanda ABŞ-Çin Təhsil Mükəmməlliyi üzrə Tədqiqat Mərkəzinin icraçı direktoru olub. Bir sıra qlobal mükafatlar laureatı Yonq Jao Milli Təhsil Akademiyasının və Beynəlxalq Təhsil Akademiyasının görkəmli üzvüdür. Tədqiqatları qloballaşma və texnologiyanın təhsil sahəsindəki təsirlərinə yönələn professor 30-dan çox kitabın müəllifidir. Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
03/06/2021 15:00
Riyaziyyat və fizika fənləri üzrə final nəticələri
Riyaziyyat və fizika fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub. Qaliblər və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz. Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
03/06/2021 12:55
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı