SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 19-da S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında konfrans zalının açılışı olub.
Gimnaziyanın direktoru Novruz Dəmirov rəhbərlik etdiyi təhsil müəssisəsinin ümumi fəaliyyəti və qazandığı uğurlar haqqında məlumat verib. Qeyd olunub ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan gimnaziyanın 41 sinfində 1258 şagird təhsil alır və onların təhsili üçün hər cür şərait yaradılıb. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov konfrans zalının tərtibatından razı qaldığını bildirib, gimnaziya haqqında danışıb və pedaqoji kollektivin qarşısında duran vəzifələrdən söz açıb. Sonda Təhsil Nazirliyinin bir neçə struktur rəhbəri çıxış edib, gimnaziyanın gələcək fəaliyyəti ilə əlaqədar təkliflər səslənib.
08/07/2015 16:52
8-9 iyul 2014-cü il tarixlərində Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycanda kvalifikasiyaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib.
Seminarda Milli İxtisas Çərçivəsində (MİÇ) kvalifikasiyalar, kvalifikasiya standartları ilə bağlı yeni anlayışlar və müxtəlif kvalifikasiya növlərinə dair ümumi məlumat verilib. Eləcə də, tədbirdə kvalifikasiya standartları və kurikulumların strukturu, məzmunu və MİÇ ilə uyğunluğu ümumi, ilk peşə-ixtisas, ali və əlavə təhsil üzrə təhlillər aparılıb və təkmilləşdirici tövsiyələr verilib. Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri, eləcə də müxtəlif təhsil müəssisələrinin, QHT və özəl sektorun təmsilçiləri iştirak ediblər. Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, Azərbaycanda kvalifikasiya sistemində islahatlara dair bir sıra təşəbbüslər irəli sürülüb. Bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əksini tapıb. Milli İxtisas Çərçivəsi sənədinin ilkin variantı beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb və təsdiqlənmək üçün hökümətə təqdim olunub. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franka Krestani, kvalifikasiya sistemləri üzrə baş mütəxəssis Arjen Deyj çıxış edərək peşə və kvalifikasiya standartlarının hazırlanmasında biznes-təhsil əməkdaşlığının gücləndirilməsinin, digər qurumların, sosial partnyorların iştirakının zəruriliyini vurğulayıblar. Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində təhsilin hər bir pilləsi üzrə mövcud vəziyyəti, kvalifikasiya standartları, kurikulumlar üzrə çatışmazlıqları müzakirə edib, mövcud problemlər və perspektivlərlə bağlı müvafiq təkliflər səsləndiriblər.
08/07/2015 16:52
SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb.
Müsabiqənin bu mərhələsi 06.07.2014-cü il tarixində Bakı şəhəri və Naxçıvan MR-də keçirilib. İmtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib. Bu mərhələdə namizədlərin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib. II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən aşağıdakı ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılırlar: 1. 050103- Xarici dil müəllimliyi 2. 050104- Fizika müəllimliyi* 3. 050105- Riyaziyyat və informatika müəllimliyi 4. 050106- Riyaziyyat müəllimliyi* 5. 050111- Kimya müəllimliyi 6. 050212- Hüquqşünaslıq 7. 050213- Beynəlxalq münasibətlər 8. 050401- Dünya iqtisadiyyatı 9. 050402- Mühasibat uçotu və audit 10. 050403- Maliyyə 11. 050404- İqtisadiyyat 12. 050407- Menecment** 13. 050409- Biznesin idarə edilməsi** 14. 050504- Kimya 15. 050509- Kompüter elmləri 16. 050606- Neft-qaz mühəndisliyi 17. 050607- Neft-qaz qurğuları mühəndisliyi 18. 050608- Elektroenergetika mühəndisliyi 19. 050631- Kompüter mühəndisliyi 20.050632- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi 21. 050633- Memarlıq 22.050634- İnşaat mühəndisliyi 23.050636- Nəqliyyat tikintisi mühəndisliyi 24. 050641- Kimya mühəndisliyi “Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib. * “Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər. ** “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər. Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcəkdir. Müsabiqənin II mərhələsində iştirak etmiş bütün namizədlərin imtahan nəticələri
08/07/2015 16:52
İyulun 14-də təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edib.
Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, xaricdə təhsil və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 57 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi, IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi çərçivəsində Masallı rayonunda “Bəbirləri qoruyaq!” devizi altında ekoloji yay düşərgəsi təşkil olunub.
Astara, Lənkəran və Lerik rayonlarının dağ kəndlərinin ümumtəhsil məktəblərinin VII-IX sinif şagirdlərindən ibarət 30 məktəblinin iştirak etdiyi düşərgənin təşkilinin əsas məqsədi Azərbaycanın nadir növlərindən biri olan Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəbliləri bu növ haqqında məlumatlandırmaq və onun mühafizəsini təbliğ etmək olub. Düşərgənin açılışında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin əməkdaşları Elşad Əsgərov, Sevinc Saruxanova, Heydər Əliyev Mərkəzinin şöbə müdiri Məhəbbət Mehdiyeva, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin əməkdaşı Nəzakət Heydərova, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) direktor müavini Lalə Dadaşova, Hirkan Milli Parkının, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək, məktəblilərə ətraf mühitin və nadir növlərin qorunmasına dair tövsiyələrini veriblər. RETTM-in əməkdaşları tərəfindən tərtib olunmuş xüsusi proqram üzrə düşərgə iştirakçıları 3 gün müddətində bəbirlərin həyat tərzi, yayıldığı ərazilər, bioloji xüsusiyyətləri, təbiətdə əhəmiyyəti və tükənmə səbəbləri barədə ətraflı məlumatlandırılıblar. Şəlaləyə ekskursiya zamanı gənc ekoloqlar Vudvissin bioindeks metodu vasitəsilə suyun təmizliyini təyin etmək üçün hidrobioloji tədqiqatlar aparıb və çirklənmə dərəcəsini müəyyən ediblər. Düşərgə iştirakçıları “Bəbir harada yaşayır?” mövzusunda ekoloji viktorinada biliklərini sınayaraq, rəsm müsabiqəsində və ekoloji oyunlarda fəal iştirak ediblər. Düşərgənin yekununda iştirakçılara Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin, IDEA İctimai Birliyinin, Heydər Əliyev Mərkəzinin, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təsis etdiyi sertifikat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, Qafqaz bəbirinin qorunmasına yönəlmiş layihəyə 2002-ci ildən WWF tərəfindən başlanılıb. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verməkdədir. Bu istiqamətdə görülən işlər sırasında 7 may 2014-cü il tarixində IDEA İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində keçirilən pişikkimilər fəsiləsinə aid olan növlərə həsr olunmuş Qafqaz Biomüxtəlifliyi Sammiti xüsusi qeyd edilməlidir. Dünyanın qabaqcıl ekspertlərinin iştirakı ilə keçirilən Sammit Qafqazda məskunlaşan bəbirlərin qorunması istiqamətində atılan böyük addımlardan biri olub. Bildirilib ki, konfransda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva gənclərin dəstəyi olmadan ətraf mühitin qorunmasına ümid bəsləməyin çətin olduğunu vurğulayıb.
08/07/2015 16:52
Noyabrın 21-də Təhsil Nazirliyində Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki fəaliyyətinin 5 illiyi münasibətilə proqramın bir qrup təmsilçisi ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov çıxış edərək görüşün məqsədinin proqram çərçivəsində görülmüş işlərin vəziyyəti ilə tanışlıq, bu barədə ictimaiyyətə daha geniş məlumat vermək olduğunu qeyd edib. Nazir Akademik Təqaüdçülər Proqramının ölkəmiz üçün faydalı cəhətlərindən danışaraq bildirib ki, bu proqram çərçivəsində Bakı Dövlət Universitetində bir sıra ixtisaslar üzrə iş aparılır və müvafiq istiqamətdə böyük uğurlar əldə edilib. Nazir əlavə edib ki, son 5 ildə BDU ilə əməkdaşlıq çərçivəsində xaricdə təhsil almış 26 azərbaycanlı gənc, 6 əcnəbi professor bu proqramın maliyyə dəstəyini alaraq universitetin müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun dərslər tədris edib və təhsildə gedən islahatların birbaşa iştirakçıları olublar. Misir Mərdanov proqramın təmsilçilərinə gördükləri faydalı işə görə təşəkkür edib, onun əhatə dairəsini daha da genişləndirilərək digər ali məktəblərin bu işə qoşulmasını məqsədəuyğun sayıb və layihənin həyata keçirilməsinə Təhsil Nazirliyinin hər zaman lazımi dəstək verəcəyini söyləyib. Görüşdə söz alan Akademik Təqaüdçülər Proqramının region üzrə meneceri Magda Magradze səmimi qəbula və proqramın Azərbaycanda həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Xanım Magradze çıxışında Akademik Təqaüdçülər Proqramı haqqında məlumat verib, onun üstünlüklərindən danışıb. Proqramın ölkə üzrə koordinatoru Raziyə İsayeva, Bakı Dövlət Universitetindən olan iştirakçıları görüşdə çıxış edərək Akademik Təqaüdçülər Proqramının ölkəmizdəki 5 illik fəaliyyətindən, nailiyyətlərindən, cəlb olunmuş müəllimlər tərəfindən proqramın necə dəyərləndirilməsindən söz açıblar. Çıxışlardan aydın olub ki, Akademik Təqaüdçülər Proqramı 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun Ali Təhsilə Dəstək Proqramı tərəfindən Şərqi Avropada, keçmiş Sovetlər Birliyi ölkələrində ali təhsildə aparılan islahatlara dəstək məqsədilə yaradılıb. Proqram fəaliyyət göstərdiyi ölkələrdə ali təhsildə gedən islahatlarda yaxından iştirak edir, akademik şəbəkəsinin yerli, regional və qlobal şəkildə qurulmasına yardımçı olur. Bu proqram həm universitet rəhbərlikləri, həm də gənc müəllimlərlə iş aparır, seçilmiş universitetlərin kafedralarında yenilik və islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsilini başa vurub vətənlərinə geri dönmüş gənc müəllimləri ali təhsil müəssisələrində işə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin Akademik Təqaüdçülər Proqramına cəlb edilməsi istiqamətində müəyyən işlər aparıldığı qeyd olunub.
08/07/2015 16:52
İyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb.
15 gün ərzində ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 2975 vakant yerə 17962 nəfər ərizə verib. Müraciət edənlər arasında ibtidai sinif (4996), ingilis dili (2578), Azərbaycan dili və ədəbiyyat (2190), riyaziyyat (1477), tarix (1156) və informatika (1113) müəllimi ixtisaslarını seçənlərin sayı daha çox olub. İlkin təhlil göstərir ki, Bakı şəhərində olan vakant yerlər digərlərinə nisbətən çox seçilib. Belə ki, Bakı şəhərinin bəzi məktəbləri üzrə bir ingilis dili müəllimi yerinə 1200-dən, bir ibtidai sinif müəllimi yerinə 800-dən artıq ərizə qeydə alınıb. Ərizələrin təsdiqlənməsi prosesi 17 iyul 2014-cü il tarixində başa çatdıqdan sonra 18 iyul 2014-cü il tarixində imtahan qrupları formalaşdırılacaq. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun 2-ci mərhələsi - test imtahanları iyul ayının 21-də başlanacaq və bir həftə davam edəcəkdir. Test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndəriləcəkdir. Test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçiriləcəkdir. İmtahanın gedişinə video-nəzarət ediləcəkdir. Test imtahanının nəticəsinə görə seçdiyi vakant yerə işə qəbul olunmaq hüququnu qazananlar üçün 30 iyul 2014-cü il tarixindən müsahibələr təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcəkdir. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytının “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdiriləcəkdir.
08/07/2015 16:52
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki kurort-sağlamlıq kompleksində MDB ölkələrinin “Birliyin uşaqları” beynəlxalq illik mədəni-təhsil forumu keçirilib.
Forum MDB Parlamentlərarası Assambleyasının fəaliyyət planına uyğun olaraq ikinci ildir ki, təşkil olunur. Tədbirin keçirilməsində əsas məqsəd mədəni-mənəvi ənənələri qoruyub saxlamaq, məktəbli və gənclərin nailiyyətlərini artırmaqla MDB-nin iştirakçı dövlətlərinin təmsilçiləri üçün yeni ünsiyyət mühitini formalaşdırmaq olub. Beynəlxalq tədbirdə ölkəmizi Bakıdakı 160 nömrəli klassik gimnaziyanın müəllimi Larisa Doroşenko və bu təhsil müəssisəsinin 6 şagirdi təmsil edib. Azərbaycanlı şagirdlər gimnaziyaları haqqında təqdimat edib, virtual xalça-təyyarədə Azərbaycan üzrə səyahətə yollanıblar. “Ekoloji mədəniyyət və mədəniyyətlərarası dialoqun ekologiyası” devizi altında təşkil olunan forumda Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Rusiyadan olan şagirdlər də iştirak edib. Forumda interaktiv ekoloji layihələr həyata keçirilib, oyun-treninqlər, Qırğızıstanın görməli yerlərinə yürüş və ekskursiyalar təşkil olunub. Sonda iştirakçılara sertifikat və xatirə hədiyyələri təqdim edilib.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyinin internet saytının (http://www.edu.gov.az) yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib.
Dizayn, quruluş və məzmun baxımından müvafiq tələblərə cavab verən yeni sayt Nazirliyin fəaliyyətinin ayrı – ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, təhsil sahəsinə dair normativ – hüquqi bazanın vahid mənbədə cəmləşdirilməsini təmin edir. Saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar yerləşdirilib, əldə olunan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyalar verilib. Təhsilin bütün pillələrinə ayrıca yer verilən saytda davamlı olaraq keçirilən olimpiadalar, müsabiqələr barədə ətraflı məlumatlar və onların nəticələri əksini tapıb. Struktur, funksionallıq və zəngin məlumat bazası baxımından fərqlənən saytda orta ixtisas və ali məktəblərin siyahısı, onların əlaqə telefonları, internet və e-mail ünvanları verilib. Saytda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul qaydaları, müvafiq elanlar, ali məktəblər, ixtisaslar, təhsil pilləsi və məzunlar haqqında dolğun məlumatlar yer alıb. Orta ümumi təhsilin məzmunu, texniki peşə təhsili müəssisələri və ixtisasları, dərslik siyasəti, təhsil sistemində elm, xarici ölkələrin ali təhsil sahəsində verdiyi ixtisasların tanınması və xarici dövlətdə alınan təhsilin Azərbaycanda qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi prosedurunun həyata keçirilməsi qaydaları, ümumtəhsil məktəblərindəki vakansiyalar, yeni qiymətləndirmə sistemi, məktəbdənkənar tərbiyə, təhsilin iqtisadiyyatı, dövlət proqramları, layihələr, təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS), məktəbəqədər təhsil və digər bölmələr saytın istifadəçilərinin təhsil sahəsinə aid bütün gərəkli məlumatları ala biləcəklərini deməyə əsas verir. Onu da qeyd edək ki, saytda istifadə rahatlığı üçün ən çox müraciət olunan bölmələr ana səhifədə cəmləşdirilib. Mükəmməl axtarış sistemi və zəngin arxiv sayəsində istifadəçilər hər hansı bir məlumatı asanlıqla əldə edə biləcəklər. Qanunvericilik bölməsində yerləşdirilən Azərbaycan Respublikasının Konstitusiyası, qanunlar, fərman və sərəncamlar, Nazirlər Kabinetinin qərarları, əsasnamələr, əmrlər, təlimatlar, qaydalar, təhsil standartları, lisenziyanın verilmə qaydası və təhsil sahəsinə aid digər çoxsaylı normativ – hüquqi sənədlər də geniş ictimaiyyətin marağına səbəb olacaqdır. Saytda rəhbərliyin qəbul günləri yer alıb, nazirliyin bütün şöbə və struktur rəhbərlərinin əlaqə telefonları, e-mail ünvanları ayrıca bölmədə verilib, “Qaynar xətt” xidməti, press-reliz, çıxışlar, təhsil KİV-ləri bölmələri yaradılıb. Dinamik inkişaf proseslərini əks etdirən fotoqalereya saytın istifadəçilərinə ölkəmizin təhsil həyatında baş verən əlamətdar hadisələrin və yeniliklərin çatdırılmasını təmin edir. Saytda yerləşdirilən banerlər isə istifadəçilərə ölkə həyatına və təhsilin müxtəlif sahələrinə aid ətraflı məlumatlar almaq imkanı verir. Onu da qeyd edək ki, Azərbaycanda təşəkkül tapan açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Təhsil sahəsində aparılan islahatlar, əldə olunan uğurlar, ölkənin təhsil həyatında baş verən yeniliklər operativ şəkildə ictimaiyyətə çatdırılır, təhsilin bütün pillələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi baxımından ciddi addımlar atılır, elektron dərsliklər hazırlanır, məktəblər kompüterləşdirilir, müəllimlər informasiya-kommunikasiya texnologiyaları üzrə davamlı treninqlərə cəlb olunur və digər müvafiq tədbirlər uğurla həyata keçirilir.
08/07/2015 16:52
İyulun 17-dən başlayaraq SABAH qruplarına qəbul olmaq istəyən namizədlər üçün Bakıdakı 202 nömrəli tam orta məktəbdə müsahibə keçirilir.
Müsahibə 3 gün davam edəcək. Müsahibə mərhələsinə II mərhələnin yekunlarına əsasən yetərli bal toplayan 24 ixtisas üzrə 750-yə yaxın tələbə buraxılıb. SABAH qrupunun tam tərkibi tələbələrin akademik göstəriciləri, test imtahanından topladığı ballar, müsahibənin nəticələri təhlil olunduqdan sonra müəyyən ediləcək. Qeyd edək ki, SABAH qruplarına ərizələrin qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Müsabiqənin II mərhələsində - imtahanlarda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib. İyulun 6-da keçirilən imtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı