SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 10-da təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb.
Əmrdə qeyd olunub ki, ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlib, Azərbaycan xalqının yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalıb. Əbədiyaşarlıq zirvəsinə ucalmış ümummilli liderimiz Heydər Əliyev nəsillərə nümunə bir şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə zəngin fəaliyyəti bugünün və gələcəyin insanları, xüsusən də gənclər üçün əsl tərbiyə məktəbidir. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə, eləcə də Sovetlər Birliyində ali dövlət vəzifəsi daşıdığı illərdə ulu öndərin genişmiqyaslı fəaliyyətinə həsr edilmiş xeyli sayda sənədli filmlər, xronikalar çəkilib. Xüsusilə, ölkəmiz müstəqillik qazandıqdan sonra ayrı-ayrı telekanallar, habelə tanınmış kino xadimləri bu vacib məsələyə daha ciddi diqqət yetirməyə başlayıb, nəticədə ümummilli liderimizin möhtəşəm fəaliyyəti ilə bağlı indiyədək məlum olmayan tarixi məqamları əks etdirən qiymətli sənədli filmlər yaranıb. Belə filmlərin hazırlanmasında və ictimaiyyətə təqdim olunmasında görkəmli kinorejissor Vaqif Mustafayevin əməyi xüsusilə təqdirəlayiqdir. Əmrdə bildirilir ki, ulu öndər haqqında filmlər mühüm tarixi əhəmiyyətə malikdir və ümumi təhsil müəssisələri şagirdlərinin ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu ilə təkcə Azərbaycanda deyil, eləcə də keçmiş Sovetlər Birliyi hüdudlarında göstərdiyi böyük xidmətlərlə yaxından tanış olmalarında önəmli rol oynaya bilər. Görkəmli kinorejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumi təhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edildiyi üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə 1 həftə müddətinə bu işin təşkili üzrə təklif və tövsiyələr hazırlamaq barədə tapşırıq verilib. Həmçinin hər il mayın 10-da ümumi təhsil məktəblərində ilk dərslərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması, bütün ümumi orta və tam orta ümumi təhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın yaradılması, tanınmış alim və mütəxəssislərin iştirakı ilə ulu öndərin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların şərhinə həsr olunmuş tədbirlərin təşkili məsələləri də əmrdə əksini tapıb. Məktəb kitabxanalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması, bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin edilməsi, görkəmli şəxsiyyətlərin ulu öndər haqqında söylədiyi fikirlərin şagirdlərə çatdırılması, şagirdlər arasında “Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi və şagirdləri maraqlandıran digər tədbirlərin təşkili əmrdə ayrıca bəndlərlə verilib.
08/07/2015 16:52
27 aprel–7 may 2012-ci il tarixlərində Rumıniyanın Yası (İassi) şəhərində məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatı keçirilib.
İsveçrə sistemi ilə 6 yaş qrupu üzrə keçirilən çempionatda 36 ölkədən 284-ü oğlan, 369-u qız olmaqla 653 məktəbli iştirak edib. Azərbaycan bu yarışda Təhsil Nazirliyinin 24 şahmatçıdan ibarət komandası ilə təmsil olunub. Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin şagirdi Günay Məmmədzadə qızıl, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 212 nömrəli tam orta məktəbin şagirdi Nərmin Məmmədova, Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Şahəliyev, Ucar Rayon Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Ucar şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Xatın Bağırova gümüş medala layiq görülüblər. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat məktəbinin yetirməsi, Bakı şəhəri 136 nömrəli tam orta məktəbin şagirdi Aytən Əmrayeva və Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirməsi, Bakı şəhəri 13 nömrəli tam orta məktəbin şagirdi Nərmin Söyünlü isə bürünc medal qazanıblar. Çempionatda Bakı şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama məktəbinin yetirmələri Ümid Aslanov 5-ci yeri tutaraq kubok və medalla, Elxan Bayramov 7-ci, Abdulla Qədimbəyli isə 10-cu yeri tutaraq diplomla təltif olunublar.
08/07/2015 16:52
Mayın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin XVII Respublika fənn olimpiadasının II turunun açılış mərasimi olub.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq may ayının əlamətdar hadisələrlə və bayramlarla zəngin olduğunu qeyd edib. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün xalqımız tərəfindən təntənəli şəkildə qeyd olunduğunu deyən nazir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan dahi şəxsiyyətin ölkə təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Misir Mərdanov bildirib ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət yetirilir. Son illər ölkə gənclərinin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığını deyən nazir dövlət başçısının rəhbərliyi altında xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib. Olimpiadanın əhəmiyyətinə toxunan təhsil naziri bu bilik yarışının tələbələrin müxtəlif fənlərə marağının artmasına şərait yaratdığını, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirib. Nazir müvafiq statistik rəqəmləri nəzərinə çatdıraraq qeyd edib ki, 2 turdan ibarət olan olimpiadanın iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlar. Olimpiadanın cari ilin mart ayında ali təhsil müəssisələrində keçirilmiş I turunda 2000-ə yaxın tələbənin iştirak etdiyini bildirən nazir II tura 31 dövlət və 8 qeyri-dövlət ali təhsil müəssisəsindən 750 tələbənin qatıldığını nəzərə çatdırıb. Təhsil naziri II turda Bakı şəhərində yerləşən ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir və respublikamızın digər şəhərlərində fəaliyyət göstərən ali məktəblərin də təmsil olunduğunu söyləyib. Misir Mərdanov 2007-ci ildən etibarən ali məktəb tələbələrinin fənn olimpiadasının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirildiyini qeyd edib. Tələbələrin fənn olimpiadasının münsiflər heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu nəzərə çatdıran nazir, ümumilikdə bilik yarışının keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib və tələbələrə uğurlar arzulayıb. Mərasimdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov çıxış edərək ali məktəb tələbələrinin elmi-tədqiqat işinə cəlb olunması, onlarda elmə marağın artırılması baxımından olimpiadanın əhəmiyyətindən söz açıblar. Açılış mərasimindən sonra ali məktəb tələbələrinin XVII Respublika fənn olimpiadasının II turuna start verilib. Onu da qeyd edək ki, olimpiadanın qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunacaq.
08/07/2015 16:52
2012-ci ilin aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; faks: 496-37-61; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 1265 müraciət daxil olub.
Müraciətlərin 1167-si telefonla, 98-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Müraciətlərin əksər hissəsi ümumi təhsil məktəblərinə, digər bir qismi ali və orta ixtisas təhsili, texniki peşə təhsili müəssisələrinə, eləcə də xaricdə təhsil məsələlərinə aiddir. Sorğu xarakterli müraciətlər ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumi təhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları, dərs yükünün bölünməsi və digər məsələlərlə əlaqədar olub. Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçi əməkdaşları tərəfindən qəbul edilib, qeydə alınıb və cavablandırılıb. Aprel ayında daxil olmuş 65 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların çoxu yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumi təhsil məktəblərindən 21, digər şəhər ümumi təhsil məktəblərindən 6 (Gəncə və Mingəçevir şəhərlərinin hər birindən 1, Sumqayıtdan 4), Abşerondan 5, Şəki, Yevlax, Kəlbəcər və Biləsuvar rayonlarının hər birindən 2, Cəlilabad, Şamaxı, Göygöl, Ağsu, Kürdəmir, Sabirabad, Hacıqabul, Salyan, Gədəbəy, Lerik rayonlarının ümumi təhsil məktəblərinin hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub. Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqlarından qanunsuz tutulmalar ilə əlaqədar məsələlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Hesabat ayında internat məktəblərindən 1 şikayət qəbul edilib. Bu müraciət araşdırılaraq həllini tapıb. Texniki peşə təhsili müəssisələri ilə əlaqədar 2, dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 10, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə əsasən təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
08/07/2015 16:52
Mayın 14-də təhsil naziri Misir Mərdanov İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb.
İtaliya Respublikasının Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan nazir son illər ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söhbət açıb, bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra məsələlər haqqında danışıb. Əsasən universitetlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirən Misir Mərdanov təhsil sahəsində digər əlaqələrin genişləndirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb, Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunub və bu məsələlər üzrə qonağın fikrini öyrənmək istədiyini qeyd edib. Nazir, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyada 4 azərbaycanlı tələbənin təhsil aldığını bildirib. Bu göstəricinin aşağı olduğunu diqqətə çatdıran təhsil naziri qeyd olunan istiqamətdə işlər aparılmasının vacibliyini vurğulayıb. İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. Səfir ölkələrarası əlaqələrin son illər daha da inkişaf etdirilməsindən söz açıb və bu əlaqələrdə təhsil sahəsinə xüsusi yer ayrılmasının vacibliyi məsələsində Misir Mərdanovu dəstəklədiyini bildirib. Mario Baldi ölkəsinin təhsil sistemi barədə geniş məlumat verib, məktəbəqədər, ibtidai, orta, peşə təhsili sahələri üzrə aparılan islahatlar barədə ətraflı danışıb. İtaliyada qədim və nüfuzlu ali məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdıran qonaq ölkəsində memarlıq, arxeologiya, mədəni irs, tibb, hüquq, mühəndislik, dizayn, iqtisadiyyat və digər sahələrin xüsusi inkişaf etdiyini, əcnəbi tələbələrin burada təhsil almasını asanlaşdırmaq məqsədilə bir çox proqramların ingilis dilində tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycanda italyan dilinin tədrisi məsələsinə toxunan qonaq ilkin mərhələ kimi Azərbaycanın orta məktəblərində italyan dilinin tədrisinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda qonaq bundan sonra İtaliyada təhsil alan azərbaycanlı tələbələrə diqqətin daha da artırılacağını nəzərə çatdırıb. Qonağa təşəkkürünü bildirən təhsil naziri ilk olaraq Bakıdakı bir neçə məktəbdə italyan dilinin tədrisinə başlanmasının zəruri olduğunu deyib. İyunun 2-dən 9-dək İtaliya Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdıran Misir Mərdanov səfər zamanı bu məsələlərin geniş müzakirə olunacağını bildirib. Görüşdə tərəflər Azərbaycan ilə İtaliya universitetləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də qeyd olunan digər məsələlərlə bağlı müvafiq işlərin aparılması istiqamətində müzakirələr aparıblar.
08/07/2015 16:52
Mayın 15-də Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş ifa üzrə II Respublika müsabiqəsi qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ifa üzrə II Respublika müsabiqəsi Təhsil Nazirliyinin 24 oktyabr 2011-ci il tarixli 1696 və 1698 nömrəli əmrlərinə müvafiq olaraq təşkil edilib. Müsabiqənin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin və orta ixtisas təhsili müəssisələri tələbələrinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, milli rəqslərimizi yaşatmaq, xüsusi istedada malik gəncləri üzə çıxartmaqdan ibarətdir. Mərasimdə öncə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb, belə tədbirlərin keçirilməsinin gənc ifaçıların gələcək həyatına müsbət təsir edəcəyinə və onların bir peşəkar kimi yetişməsində yüksək rol oynayacağına ümidvar olduğunu bildirib. Regionlardan olan təhsil müəssisələrinin şagird və tələbələrinin müsabiqəyə xüsusi maraq göstərdiklərini vurğulayan nazir müavini müsabiqənin 4 mərhələdə keçirildiyini və münsiflər heyəti tərəfindən qaliblərin müəyyənləşdirildiyini qeyd edib. Qalibləri təbrik edən və onlara gələcək həyatlarında uğurlar arzulayan Qulu Novruzov müsabiqənin növbəti illərdə də keçiriləcəyini bildirib. Mərasimdə Milli Məclisin deputatları Jalə Əliyeva, Fuad Muradov, BSU-nun rektoru Kamal Abdullayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək qalibləri təbrik ediblər. Müsabiqənin respublika mərhələsində I, II, III yerləri tutan şagird və tələbələrə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
Mayın 17-də Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Həcər Babayeva bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələrlə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Fərrux Məmmədov bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb. Bakı Dövlət Sosial İqtisadi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Lətif İsmayılov iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti, müvafiq göstəriciləri və komissiyanın gəldiyi qənaətlə tanış edib. Hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib. İclasda təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin akkreditasiya prosesinin daha səmərəli təşkili məsələləri barədə fikirlərini bildirib. Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilmiş meyarlar üzrə tələblərə əsasən, cavab verdiyi nəzərə alınaraq, Azərbaycan Milli Konservatoriyanın nəzdində Musiqi Akademiyanın fəaliyyəti "yaxşı", digər iki müəssisənin fəaliyyəti isə "kafi" qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
08/07/2015 16:52
Mayın 23-də təhsil naziri Misir Mərdanov Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas ilə görüşüb.
Qonağı səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə “Qızıl çinar” mükafatı ilə təltif olunması münasibətilə təbrik edib. İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən bəhs edib. Azərbaycan və Litva universitetləri arasında tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını vurğulayan nazir, həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə maraqlanıb. Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasında təhsil əlaqələrinin son illər daha da inkişaf etməsindən söz açan səfir ölkəsinin ali məktəbləri haqqında məlumat verib. Qonaq Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunan Kestutis Kudzmanas Litvada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr, alimlərin təcrübə mübadiləsi barədə fikirlərini bildirən səfir ölkəsində peşə təhsilinin mövcud durumu barədə məlumat verib. Azərbaycanda təhsil sahəsinin sürətli inkişafının şahidi olduğunu bildirən Kestutis Kudzmanas səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və təhsil nazirini Litvaya dəvət edib. Qonağa təşəkkürünü bildirən təhsil naziri iyunun 15-dən 22-dək Litva Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb və səfər zamanı bir sıra məsələlərin geniş müzakirə olunacağını bildirib. Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
Mayın 23-də 20 nömrəli məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi və www.mesafedenmekteb.edu.az internet portalının təqdimatı olub.
Qeyd edək ki, «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilən «Elektron Təlimləndirən Sistemlər» layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. «Elektron Təlimləndirən Sistemlər» layihəsinin əsas məqsədi evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və elektron resurslardan istifadə bacarıqlarının artırılmasını təmin etməkdən ibarətdir. Layihə çərçivəsində 30 şagird və 7 müəllimə heyəti “Apple” şirkətinin istehsalı olan “Macbook” noutbukları verilib və şagirdlərin evlərdən Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması təmin olunub. Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə 20 nömrəli məktəb-liseyin seçilmiş sinif otaqları yüksək sürətli fiberoptik internet bağlantıları ilə təchiz olunub. Eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların Distant Təhsilinin icrasını təmin etmək məqsədilə müəllimlər, şagirdlər və valideynlər üçün informasiya-kommunikasiya texnologiyaları avadanlığından və texniki vasitələrdən istifadəyə dair metodik vəsait hazırlanıb. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, millət vəkili Kamilə Əliyeva, ali məktəb rektorları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, orta məktəb direktorları və digər qonaqlar iştirak ediblər. Öncə qonaqlar məktəbdə yaradılmış Distant Təhsil Mərkəzi ilə tanış olub və məsafədən tədris olunan dərs prosesini izləyiblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Açılışdan sonra «Nobel-T» şirkətinin direktoru Salam Əliyev layihə ilə bağlı hesabat xarakterli təqdimatla çıxış edib. Mərkəzin metodist-eksperti Roza Qasımovanın www.mesafedenmekteb.edu.az internet portalı haqqında təqdimatı dinlənilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq Azərbaycanın təhsil sistemində daha bir yeni və uğurlu addımın atılmasından məmnunluğunu bildirib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilə cəlb olunmasının çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən nazir bu layihənin müsbət cəhətlərindən söz açıb. Təhsil naziri layihənin həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək layihənin daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Layihənin uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə edən Misir Mərdanov bu istiqamətdə görüləsi işlərin çox olduğunu bildirib. Daha sonra çıxış edən 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov rəhbərlik etdiyi təhsil müəssisəsində tədris prosesində İKT-dən istifadə istiqamətində görülmüş işlərdən və bu sahədə qazanılmış uğurlardan söz açıb. Valideynlər adından çıxış edən Məlahət Şirinli xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarının yaxşılaşdırılması məqsədilə göstərilən qayğıya görə təşəkkürünü bildirib.
08/07/2015 16:52
Mayın 25-də təhsil naziri Misir Mərdanov “Ümumtəhsil məktəblərində “Son zəng” tədbirinin keçirilməsi haqqında” əmr imzalayıb.
Əmrə əsasən “Son zəng” tədbiri 31 may 2012-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı