SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, universitet rektorları, elm və təhsil xadimləri, tanınmış ziyalılar, respublikamızın ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, eləcə də Türkiyənin, Şimali Kiprin nüfuzlu universitetlərinin nümayəndələri və universitetin müəllim-tələbə heyəti iştirak ediblər. İlk öncə universitetin tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycanda pedaqoji kadrların hazırlanmasında çox böyük xidmətləri olmuş ADPU-nun 90 illik yubileyi münasibətilə pedaqoji kollektivi və tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə universitetin bir qrup əməkdaşının fəxri adlar və mükafatlarla təltif olunduğunu nəzərə çatdırıb. Nazir həmin sərəncamların bütün kollektivə, müəllimlərə, alimlərə verilən qiymət kimi səciyyələndirib. Misir Mərdanov ölkə başçısının 18 aprel 2012-ci il tarixli sərəncamları ilə təltif olunanların adlarını oxuyaraq onlara gələcəkdə yeni-yeni uğurlar arzulayıb və universitetin kollektivi adından cənab İlham Əliyevə təşəkkürünü bildirib. Təhsil naziri qeyd edib ki, universitet yarandığı vaxtdan indiyədək bu tədris ocağında Azərbaycan təhsil sistemi üçün 150 mindən çox müəllim yetişdirilib. Daha sonra nazir təhsil müəssisəsinin məşhur məzunlarının adlarını diqqətə çatdırıb. Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov qonaqları salamlayaraq rəhbərlik etdiyi ali məktəbin bir qrup əməkdaşını yüksək dövlət mükafatlarına layiq gördüyü üçün ölkə Prezidenti cənab İlham Əliyevə kollektiv adından minnətdarlığını bildirib. Sonra rektor «ADPU-nun tarixi, bu günü, perspektivləri» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə universitetin yaranma tarixi, zəngin inkişaf yolunda qazandığı uğurlar, ölkəmizin təhsil müəssisələri üçün kadr hazırlığı ilə yanaşı, həm də xarici ölkələr üçün elmi-pedaqoji kadr hazırlığı sahəsində göstərdiyi mühüm xidmətlərdən bəhs olunub. Rektor universitetin son 40 ildə qazandığı böyük uğurların ümummilli liderimiz Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilə göstərdiyi qayğı sayəsində əldə edildiyini vurğulayıb. Ulu öndərin 5 dəfə bu ali məktəbdə olduğunu söyləyən Y.Məmmədov ADPU-nun bu gün də inkişaf etdiyini, yeni yüksəliş dövrünü yaşadığını bildirib. Sonra universitetin ulu öndər Heydər Əliyevin də iştirak etdiyi 60 illik yubiley mərasiminə həsr olunmuş film nümayiş etdirilib. Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Səbail RİH-in başçısı Asif Əsgərov, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla və başqaları ADPU-nun professor-müəllim heyətini və tələbələrini təbrik ediblər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub. Sonda xor kollektivinin ifasında universitetin himni səsləndirilib.
08/07/2015 16:52
Ümumi təhsil məktəblərinin şagirdləri arasında 28 May–Respublika günü münasibəti ilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçiriləcək.
Müsabiqə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 18 aprel 2012-ci il tarixli, 601 nömrəli əmrinə əsasən təşkil ediləcək. Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir. Üç nominasiya (xalq çalğı alətlərində ifa, mahnı, şeir nominasiyası) üzrə keçiriləcək müsabiqə 4 mərhələdən (məktəb, rayon (şəhər), zona və respublika mərhələsi) ibarət olacaq. Müsabiqənin respublika mərhələsinin seçim turu və qaliblərin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcəkdir. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
08/07/2015 16:52
Aprelin 25-də Təhsil Nazirliyində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə respublikanın ümumi təhsil məktəbləri şagirdləri arasında “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, inşa yazı müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” 1 iyun 2010-cu il tarixli sərəncamına əsasən keçirilib. Misir Mərdanov müvafiq sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun olaraq hazırlanmış geniş tədbirlər planında ölkənin təhsil orqanlarına, təhsil müəssisələrinin rəhbərlərinə M.Ə.Sabirin 150 illik yubileyi ilə bağlı elmi-nəzəri və praktik istiqamətli tədbirlərin təşkili barədə tapşırıqlar verildiyini diqqətə çatdırıb. Ötən müddət ərzində yubileylə əlaqədar təşkilati işlər görüldüyünü vurğulayan nazir respublikanın təhsil müəssisələrində böyük şairin yaradıcılığına həsr olunmuş konfrans, seminar və dəyirmi masalar, ədəbi-bədii gecələr, müsabiqələr keçirildiyindən bəhs edib. Nazir, həmçinin böyük şairin yubileyinin qeyd edilməsi ilə bağlı ən əhəmiyyətli tədbirin ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə 2 mərhələdə keçirilən inşa yazı müsabiqəsi olduğunu bildirib. Müsabiqənin rayon (şəhər) mərhələsində minlərlə şagirdin iştirak etdiyini deyən Misir Mərdanov 95 nəfərin inşa yazısının seçilərək Təhsil Nazirliyinə təqdim edildiyindən söz açıb. Nazir inşa yazılarının xüsusi komissiya tərəfindən yoxlanılaraq qaliblərin müəyyən olunduğunu, yoxlamanın nəticələrinə görə, 5 nəfərin I, 10 nəfərin II, 20 nəfərin III dərəcəli diploma, 21 nəfərin isə tərifnaməyə layiq görüldüyünü iştirakçıların nəzərinə çatdırıb. Sonra Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan ədəbiyyatının, incəsənət və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsinin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirildiyini bildirib. Misir Mərdanov ölkə Prezidentinin böyük Azərbaycan şairi “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını tarixi keçmişimizə, klassik söz sənətinin qüdrətli nümayəndələrinin xatirəsinə sonsuz hörmət və məhəbbətin növbəti təzahürü kimi səciyyələndirib. M.Ə.Sabirin XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur və nadir ədəbi simalarından biri olduğunu vurğulayan təhsil naziri böyük şairin həyat və yaradıcılığı, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş söz açıb. Çıxışının sonunda nazir inşa yazı müsabiqəsinin qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliyini bildirib. Mükafatlandırma mərasimində iştirak edən M.Ə.Sabirin yaxın qohumu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zemfira Tahirli ölkə Prezidentinin böyük şairin 150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamın yüksək əhəmiyyətə malik olduğunu qeyd edib, Sabir irsinin öyrənilməsinə xidmət edən bu müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirə qatılan millət vəkili Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, professor Zahid Xəlil, dosent Füzuli Əsgərli çıxış edərək M.Ə.Sabirin 150 illik yubileyi münasibətilə şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin böyük şairin yaradıcılığının təbliğ və öyrədilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, mahir satira ustasının Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini vurğulayıblar. Sonda müsabiqə qaliblərinə diplom, tərifnamə və hədiyyələr təqdim olunub
08/07/2015 16:52
Aprelin 27-də Bakının Şüvəlan qəsəbəsində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlı Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən həyata keçirilən “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində ailə əsaslı Kiçik qrup evinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyi tərəfindən inşa olunmuş ailə əsaslı Kiçik qrup evinin açılış mərasimində təhsil naziri Misir Mərdanov, “Avstriya Hilfsverk» beynəlxalq təşkilatının baş meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, YUNİSEF-in, Avropa Birliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. İlk öncə Kiçik qrup evinə baxış keçirilib. Qonaqlar Kiçik qrup evinin şəraiti və imkanları ilə yaxından tanış olublar. Mərasim iştirakçılarına məlumat verilib ki, Kiçik qrup evinin yaradılmasında məqsəd övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində fərdi, eləcə də inkişaf planında nəzərdə tutulmuş qaydada qayğı göstərməkdən ibarətdir. Qeyd olunub ki, dövlət uşaq müəssisələrindən Kiçik qrup evində yaşamaq üçün 8-13 yaş arasında 10 nəfər qız seçilib. Uşaqlar ailə mühiti yaradılmış Kiçik qrup evində yaşamaqla yanaşı, yaxın ərazidə yerləşən ümumi təhsil məktəbində təhsillərini davam etdirəcək və tərbiyəçilər 24 saat ərzində onların təlim-tərbiyəsi ilə məşğul olacaqlar. Dövlət uşaq müəssisəsindən fərqli olaraq, Kiçik qrup evində uşaqların ayrıca yataq otaqları, fərdi əşyaları, kompüter və yazı masaları vardır. Onu da qeyd edək ki, Kiçik qrup evinin saxlanması xərcləri bir il ərzində layihəyə ayrılmış vəsait hesabına həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra bu evin saxlanması xərclərinin dövlət büdcəsindən ayrılmış vəsait hesabına ödənilməsi nəzərdə tutulub. Bütün bu məsələlərin tənzimlənməsi üçün “Kiçik qrup evinin nümunəvi əsasnaməsi” hazırlanıb və sənəd təsdiq edilmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub. Kiçik qrup evi ilə tanışlıqdan sonra təəssüratlarını bölüşən təhsil naziri Misir Mərdanov Avstriyanın “Hilfsverk Avstriya» beynəlxalq təşkilatı ilə həyata keçirilən layihənin artıq müsbət nəticələr verdiyini söyləyib. Nazir valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün bu xidmətin yaradılmasında Təhsil Nazirliyinə dəstək verən Avropa Birliyi, Avstriya İnkişaf Agentliyi və “Hilfsverk Avstriya» beynəlxalq təşkilatına, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib. Tədbirdə iştirak edən “Avstriya Hilfsverk» beynəlxalq təşkilatının baş meneceri xanım Heidi Burkhart, Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç, YUNİSEF-in və Avropa Birliyinin nümayəndələri Kiçik qrup evində yaradılmış şəraitdən məmnun qaldıqlarını, Azərbaycan hökuməti, Təhsil Nazirliyi ilə əməkdaşlığın müsbət nəticələr verdiyini vurğulayıblar. Elə həmin gün təhsil naziri Misir Mərdanov Mərdəkan qəsəbəsində Ailə Təlim və Məsləhət Mərkəzinin açılışında da iştirak edib. Açılışın rəmzi olan qırmızı lent kəsildikdən sonra mərkəzə baxış olub. Bildirilib ki, mərkəzdə himayədar ailələr üçün peşəkar təlim kursları və valideynlər üçün xüsusi təlim kursları təşkil ediləcək, eləcə də himayədar ailələrlə maarifləndirici iş aparılacaq. Ailə Təlim və Məsləhət Mərkəzində yaradılmış şəraitlə tanış olan Misir Mərdanov yeni mərkəzin fəaliyyətinin uğurlu olacağına əminliyini ifadə edib.
08/07/2015 16:52
26-27 aprel 2012-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Bolonya prosesinə üzv ölkələrin təhsil nazirlərinin konfransı keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyini konfransda təhsil nazirinin müavini Qulu Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın ev sahibi olan Rumıniya ilə yanaşı, Azərbaycan və Danimarka Bolonya prosesinə həmsədrlik çərçivəsində iclaslara sədrlik ediblər. Qeyd edək ki, konfransın əsas məqsədi Avropa Vahid Ali Təhsil Məkanı çərçivəsində üzv ölkələrin təhsil sistemlərinin inkişafı və dünyanın digər regionları ilə ali təhsil sahəsində əməkdaşlığın genişləndirməsi məsələlərinin müzakirəsindən ibarət olub. Konfransın açılış mərasimində Rumıniya prezidenti Trayan Basesku da iştirak edib. Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Q.Novruzov çıxış edib. Təhsil nazirinin müavini tədbir çərçivəsində, həmçinin bir plenar iclasa və işçi qrupunun iki sessiyasına sədrlik edib. Konfransın yekununda bir neçə mühüm sənəd, o cümlədən Avropa Vahid Ali Təhsil Məkanına üzv ölkələrin təhsil nazirlərinin bəyannaməsi qəbul olunub. Bəyannamədə Avropa ölkələrinin təhsil sistemlərinin gələcək inkişaf istiqamətləri öz əksini tapıb. Bu sənəddə, həmçinin ali təhsil sahəsində diplomların qarşılıqlı tanınması mexanizmlərinin sadələşdirilməsi, təhsilin keyfiyyətinin artırılması, təhsilin maliyyələşdirilməsi və digər bir sıra mühüm məsələlərlə bağlı mövqe bildirilib. Tədbir zamanı Avropa Komissiyasının təşəbbüsü ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi aparılıb. Bu məqsədlə Azərbaycan nümayəndə heyəti ilə Avropa Komissiyasının rəhbərliyi arasında işçi görüşü keçirilib. Konfransın yekununda nazir muavini Qulu Novruzov yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün tədbirin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edib.
08/07/2015 16:52
Aprelin 30-da Şəki şəhərində "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi-praktik konfransı keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov, Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları və digər şəxslər iştirak ediblər. Konfransdan öncə Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra təhsil naziri Misir Mərdanov riyaziyyat müəllimləri Almaz Əsədovanın III, Səbuhi Qurbanovun IX siniflərdə apardıqları "açıq dərs"lərdə iştirak edib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Konfransı giriş sözü ilə açan Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq elmi-praktik konfransın Şəkidə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəkinin milli-mənəvi dəyərlərindən söz açan E.Usubov şəhərin qədim mədəniyyət mərkəzlərindən biri olduğunu, hələ XIX əsrdən burada qəza və rus məktəblərinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyev irsinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Şəkidə 20 yeni məktəb binasının tikildiyi, 3 məktəbin isə əsaslı təmir olunduğu barədə məlumat verib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə dinlədiyi "açıq dərs"lərin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Hər iki müəllimin peşəkarlığına diqqət çəkən nazir regionlarda təhsilin sürətlə inkişaf etdiyini söyləyib. Son illər Şəkidə müşahidə olunan dinamik inkişafdan söz açan təhsil naziri ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Misir Mərdanov regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə qəbul olunmuş Dövlət Proqramının əhəmiyyəti və proqram çərçivəsində görülmüş misilsiz işlər barədə fikirlərini bildirib. Bölgələrdə belə tədbirlərin keçirilməsinin vacibliyini önə çəkən nazir konfransın əhatə etdiyi 6 rayonun təhsil göstəriciləri haqqında müvafiq statistik məlumatları iştirakçıların nəzərinə çatdırıb.
08/07/2015 16:52
Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Anım mərasimində Təhsil Nazirliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikamızın hər yerində, bütün idarə və müəssisələrdə, dövlət qurumlarında, həmçinin təhsil ocaqlarında müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Azərbaycanın bugünkü möhtəşəm nailiyyətlərinin ulu öndərin adı ilə bağlı olduğunu vurğulayan nazir Heydər Əliyevin parlaq ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təsadüfi olmadığını önə çəkən təhsil naziri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətlər göstərdiyini nəzərə çatdırıb. Misir Mərdanov son illər dünyada baş verən tənəzzül və iqtisadi böhran şəraitində respublikamızın inkişaf ahənginin qorunub saxlanılmasını zəruri amil kimi səciyyələndirib və davamlı sosial-iqtisadi tərəqqinin Azərbaycanın bütün bölgələrində aydın şəkildə hiss olunduğunu bildirib. Ulu öndərin zəngin həyat və fəaliyyətinin gənc nəslə çatdırılmasının zəruriliyindən söz açan nazir bu baxımdan xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü irəli sürüb. Misir Mərdanov ümummilli liderin həyat yolunun, onun vətənpərvərliyinin, xalq yolunda göstərdiyi fədakarlıqların gənclərə əsl mənəviyyat dərsi olacağına əminliyini ifadə edib. Ulu öndər Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlər barədə ətraflı məlumat verən xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayev ümummilli liderin həyatının hamı tərəfindən olduqca maraqla qarşılanan cəhətlərinə toxunub. V.Mustafayev Heydər Əliyev haqqında çəkilmiş “Əsl məhəbbət haqqında” filminin sənədli filmlər tarixində ilk dəfə beynəlxalq mükafata layiq görüldüyünü vurğulayaraq bu uğurun əsasən, ulu öndərin həyatının zənginliyi və dərin fəlsəfəsi ilə bağlı olduğunu bildirib. Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü dəstəkləyən xalq artisti bunu gələcəyimiz olan uşaqların milli ruhda formalaşmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. V.Mustafayev Azərbaycan təhsilinin ulu öndər tərəfindən əsası qoyulmuş inkişaf yolunun uğurla davam etdirildiyini bildirərək xarici ölkələrin universitetlərində təhsil alan azərbaycanlı gənclərin yüksək nailiyyətlər qazandıqlarına və onların ölkəmizi layiqincə təmsil etdiklərinə diqqət çəkib. Sonra ulu öndər Heydər Əliyev haqqında çəkilmiş “Tale” və “Əsl məhəbbət haqqında” sənədli filmləri nümayiş olunub.
08/07/2015 16:52
Mayın 3-də “Hilton” otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə təhsil naziri, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının təqdimat mərasimi keçirilib.
Tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda yüksək təhsilli, müasir dünyanın fəal üzvünə çevrilmək iqtidarında olan gənc nəslin formalaşdığını qeyd edən icra katibi bunu ölkə təhsilinin ümümi inkişaf səviyyəsinin təzahürü kimi səciyyələndirib. Əli Əhmədov Azərbaycan təhsilinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş zəngin inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Gələcək nəsillərin müasir dövrümüzdə qazanılmış nailiyyətlərlə yanaşı, bu mərhələyə qədər keçilmiş yol haqqında da müfəssəl məlumatlar əldə etmək haqqının olduğunu nəzərə çatdıran millət vəkili təhsil naziri, professor Misir Mərdanovun müəllifliyi ilə hazırlanmış “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının təhsil tariximizin ciddi şəkildə öyrənilməsi ehtiyacından irəli gəldiyini bildirib. Kitabı yüksək qiymətləndirən Ə.Əhmədov deyib ki, bu toplu sadəcə dərin tədqiqat araşdırması deyil, həm də ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi töhfədir. “Azərbaycan təhsil tarixi” kitabının əhəmiyyəti, məzmun zənginliyi barədə fikirlərini bildirən Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Vaqif Abbasov, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, millət vəkili Sabir Rüstəmxanlı, professor Fərrux Rüstəmov və “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov bu toplunu tarixi proseslərə obyektiv münasibət baxımından mükəmməl elmi mənbə kimi dəyərləndiriblər. Qeyd edilib ki, kitab professor Misir Mərdanovun Azərbaycan təhsili ilə bağlı arzu və istəklərinin aynası olmaqla yanaşı, həm də keçmişə qiymətləndirməyə, müasir dövrün proseslərinə işıq salmağa və gələcəyi daha düzgün müəyyənləşdirməyə imkan verir. Təhsil naziri Misir Mərdanov “Azərbaycan təhsil tarixi” üçcildlik kitabının belə möhtəşəm təqdimat mərasiminin reallaşmasına verdiyi dəstəyə görə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib, müəllifi olduğu üçcildlik kitabın hazırlanması işinə ümummilli lider Heydər Əliyevin tövsiyəsi əsasında başlanıldığını nəzərə çatdırıb. Nazir kitabın üç cildinin ərsəyə gəlməsini ulu öndərin parlaq ideyalarından daha birinin də gerçəkləşməsi kimi səciyyələndirib və bu işin davam etdirildiyini, kitabın IV cildinin hazırlandığını qeyd edib. Kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Misir Mərdanov Azərbaycan təhsilinin keçdiyi zəngin və şərəfli inkişaf yolunun üçcildlikdə əksini tapdığını vurğulayıb. Nazir bildirib ki, kitabın I cildində 1920-ci ilədək, II cildində sovet dövrünün, III cildində isə Azərbaycanın müstəqillik illərinin təhsil tarixi ilə bağlı məlumatlar əks olunub və ölkə təhsilinin mövcud inkişaf səviyyəsinə çatması üçün görülmüş işlər barədə geniş məlumatlar verilib.
08/07/2015 16:52
Mayın 7-də “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə ümumi təhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.
Mərasimdə tanınmış ziyalılar, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin rəhbərləri, müəllim, şagird və valideynlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müasir dövlətçiliyimizin banisi, ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün ölkəmizin hər yerində, eləcə də xaricidə geniş qeyd olunduğunu bildirib. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə gerçəkləşdirdiyi müsabiqəyə ümumi təhsil məktəbi və peşə liseylərinin 700 minədək şagirdi qatılıb. Müsabiqənin 3 mərhələdə–məktəb, rayon (şəhər) və respublika (yekun) mərhələlərində keçirildiyini söyləyən Misir Mərdanov bu bilik yarışmasına şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə ehtiramın parlaq ifadəsi olduğunu bildirib. Təhsil naziri müsabiqədə 5 nəfərin I, 8 nəfərin II, 13 nəfərin III, 54 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyü haqda məlumat verib, bütün təşkilatçılara və bilik yarışmasının keçirilməsində zəhməti olanlara təşəkkür edib. Müsabiqənin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran nazir qaliblərin inşa yazılarından ibarət “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı kitabın çap olunduğunu qeyd edib. Bu il ilk dəfə olaraq müsabiqəyə Rusiya Federasiyasının Həştərxan vilayətindən də şagirdlərin qatıldığını bildirən Misir Mərdanov fərqlənən məktəbliləri səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb. Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Həştərxan şəhər 11 nömrəli orta məktəbin direktor müavini Tatyana Klenkova müsabiqənin əhəmiyyəti barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, ulu öndərin zəngin irsinin, ideyalarının gənc nəsil tərəfindən öyrənilməsi onların müsbət mənəvi keyfiyyətlərə yiyələnməsinə xidmət edir. Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Mayın 8-də T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş müsabiqə Təhsil Nazirliyinin 3 aprel 2012-ci il tarixli, 529 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib. Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan rəsm müsabiqəsi 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin Respublika mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan seçim əsasında müsabiqə iştirakçıları arasından 27 nəfər qalib müəyyənləşdirilib. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqəyə təqdim olunmuş rəsmləri yüksək qiymətləndirən Qulu Novruzov bütün bunları şagirdlərin ümummilli liderə sonsuz məhəbbətinin təzahürü kimi səciyyələndirib. Nazir müavini müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan Qulu Novruzov qaliblərə yeni-yeni uğurlar arzulayıb. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Kamilə Əliyeva, Fuad Muradov belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar ümummilli liderin ideyalarını rəsm işlərində əks etdirən kiçik rəssamların daha böyük uğurlara imza atacaqlarına ümidvar olduqlarını bildiriblər. Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı