SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 27-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq məqsədilə görüş keçirilib.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Təhsil nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunub. Qeyd edək ki, noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçiriləcək. Azərbaycanın ev sahibliyi ilə keçiriləcək görüşdə Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türk Şurasının Baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışının noyabr ayı üzrə birinciliyinin dördüncü iştirakçısı məlum olub.
Noyabr ayı üzrə dördüncü seçim oyunu əvvəlkilərdən fərqli şəkildə, xüsusi qaydada keçirilib. Belə ki, əvvəlki seçim oyunlarının hərəsi iki seçim və iki final görüşündən ibarət olurdusa və 4 komanda arasında keçirilirdisə, bu dəfəki oyunda dördüncü seçim oyunu “uduzan çıxır” prinsipi ilə təşkil olunub və oyunda 11 komanda mübarizə aparıb. Komandalar sentyabrın 7-dən başlayaraq keçirilən yarışmada daha az iştirak etmiş (hərəyə bir oyun) 16 komanda arasından seçilib. Oyunun digər bir fərqi komandalar arasında görüşlərin onlardan birinin 3 xal toplayanadək davam etməsi olub. Oyun “Qafqaz Universitet” və “Mərdəkan” komandalarının görüşü ilə başlayıb. Qalib gələn “Qafqaz Universiteti” “Şəki”, daha sonra “Siyəzən” komandasına üstün gəlsə də, “Xızı”ya məğlub olub. “Xızı” növbəti görüşə “Qəbələ”ni dəvət edib və 3:2 hesabı ilə qalib gəlib. Altıncı görüş “Xızı” və “Lənkəran” komandaları arasında keçirilib. Bu dəfə lənkəranlılar üstün (3:0) olublar. “Lənkəran” və “Bakı Dövlət Universiteti” komandaları arasında baş tutan növbəti görüş sonuncunun qələbəsi ilə başa çatıb. Səkkizinci görüşdə “Bakı Dövlət Universiteti” ”Milli Aviasiya Akademiyası” ilə oynayıb və 2:3 hesabı ilə uduzub. Doqquzuncu görüşdə ”Milli Aviasiya Akademiyası” və “Azərbaycan” komandaları qarşılaşıblar. Bu oyunda “Azərbaycan” üstün olub. Seçim oyununun son görüşü “Azərbaycan” və “Orion” komandaları arasında baş tutub. Rəqibinə 4:1 hesabı ilə üstün gələn “Azərbaycan” noyabr ayının birinciliyinə vəsiqə qazanıb. Bu komanda noyabrın final oyununda “Bakı Ali Neft Məktəbi”, “Sumqayıt” və “NUR” komandaları ilə oynayacaq.
08/07/2015 16:52
Noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.
Azərbaycanın ev sahibliyi ilə keçirilən görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Türk Şurasının Baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların təmsilçiləri iştirak ediblər. Öncə tədbir iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanında olan ziyarətçilər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların qəbri üzərinə gül dəstələri qoyublar. Görüşün açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıyır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən coxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi-mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Prezident İlham Əliyev əsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu qeyd edərək, bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirib. Daha sonra Türk Şurasının baş katibi Ramil Həsənov çıxış edərək bu konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib. Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib. Nazir türkdilli ölkələrin nümayəndələri arasında müntəzəm görüşlərin münasibətlərimizin daha da genişlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Türk universitetləri birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və digər birgə layihələr əməkdaşlığı yeni mərhələyə qaldırıb. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndələri təhsil sahəsində əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər. Əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlərlə bağlı konkret təkliflər nəzərdən keçirilib. Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında görüşün yekunlarına dair sənədlər imzalanıb.
08/07/2015 16:52
“Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimləri komandasının üzvləri tələbələrlə görüşüb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Müəllimlər İnstitutunun tələbə gənclər təşkilatının birgə keçirdiyi təqdimatda italiyalı mütəxəssis, mərasimlər komandasının kastinq meneceri Nikoletta Korradin “Bakı-2015” Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak qaydaları ilə bağlı geniş məlumat verib. Bildirilib ki, baku2015.com səhifəsinə daxil olaraq “Bizə qoşulun” menyusunu seçməklə ərizə formasını dolduraraq kastinq sessiyasını sifariş etmək mümkündür. N.Korradin qeyd edib ki, kastinqlər 2014-cü ilin noyabr-dekabr aylarında keçiriləcək, məşqlər isə 2015-ci ilin martında başlayacaq. Vurğulanıb ki, arzusu, enerjisi, komanda ruhu olan hər kəs mərasim iştirakçısı ola bilər. İştirak etmək arzusunda olan tələbələr qeydiyyat vərəqini doldurublar. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Ali məktəblərdə elmin vəziyyəti ilə bağlı araşdırmalarımız nə göstərdi?
Dünyanın yüksək reytinqli universitetlərinin əksəriyyəti həm də nəhəng elm mərkəzləri kimi tanınır. Bu müəssisələrdə geniş elmi-tədqiqat işləri aparılır, dünya elminə töhfələr verən böyük layihələr həyata keçirilir. Elmin müxtəlif sahələri üzrə tədqiqatlar əsasən universitetlərin bazasında yerləşən elmi-tədqiqat mərkəzlərində və laboratoriyalarda aparılır. Bu tədqiqatlar və araşdırmalar həmin universitetlərin reytinq cədvəlinin yuxarı sıralarında olmasına da mühüm təsir göstərir. Dünyada, bir qayda olaraq, ali məktəblərdə elmin inkişaf səviyyəsi universitetlərin reytinqini formalaşdıran əsas parametrlərdən biri hesab edilir. Məhz buna görə də dünyanın ali təhsillə məşğul olan tanınmış reytinq şirkətləri universitetlərin fəaliyyətinin qiymətləndirilməsində elmin inkişafı ilə bağlı nailiyyətləri əsas meyar kimi dəyərləndirirlər. Times Higher Education və QS kimi şirkətlərin qiymətləndirmə meyarlarında universitetlərin elmi nailiyyətləri əsas göstəricilərin təxminən 40 faizini təşkil edir. Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərində alimlərlə yanaşı orada təhsil alan tələbə və mütəxəssislər də yaxından iştirak edirlər ki, bu da onların gələcək karyeralarına çox müsbət təsir göstərir. Universitetlərdə elmin inkişafı həm də bu müəssisələrə böyük miqdarda pül vəsaitlərinin daxil olması deməkdir. Müxtəlif dövlət qurumları və özəl şirkətlər tərəfindən verilən sifarişlər əsasında universitetlərdə nəhəng elmi layihələr həyata keçirilir. Kaliforniya Texnologiya İnstitutu Amerika Birləşmiş Ştatlarının Kosmik tədqiqatlar üzrə dünya nəhəngi hesab edilən NASA-nın Reaktiv Hərəkətlər Laboratoriyasını idarə edir. Sifarişli tədqiqatlara istehsalçı şirkətlər xüsusi maraq göstərirlər. Həmin şirkətlər təqdim etdikləri məhsulların əksəriyyətini, demək olar ki, bu universitetlərin laboratoriyalarında hazırlayır və ya sınaqdan keçirirlər. Eyni zamanda, dünyanın ən yüksək reytinqli universitetlərinə nəzər saldıqda görürük ki, bu müəssisələrdə elmi layihələrin həyata keçirilməsi üçün hər il böyük miqdarda maliyyə vəsaiti xərclənir. ABŞ-ın təkcə Harvard Universitetində elmi tədqiqatlara hər il təxminən 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılır. Tədqiqatlar universitetin məktəblərində, Redklif Qabaqcıl Tədqiqatlar İnstitutunda, 100-dən artıq elmi-tədqiqat mərkəzlərində, kampuslarda, həmçinin dünyanın müxtəlif ölkələrindəki institutlarında həyata keçirilir. Böyük Britaniyanın Kembric Universitetinə nəzər saldıqda isə görürük ki, bu universitet il ərzində elmi-tədqiqat işlərinə təxminən 650 milyon funt-sterlinq sərf edir. Universitetin tərkibində Onkologiya, Afrika Araşdırmaları, Tətbiqi Tibbi Statistika, Beyin Bərpası və sair mərkəzlər, Aviasiya və Ətraf Mühit, Astronomiya, Dil Tədqiqatı institutları fəaliyyət göstərir. Nəzərə çatdıraq ki, belə universitetlərin sayı çoxdur və dünyanın ən yaxşı universitetləri bu nailiyyətlər əsasında yüksək reytinq və nüfuz qazanıblar. Massaçusets Texnologiya İnstitutu çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Azad proqram təminatı hərəkəti və GNU layihəsi, nüvənin maqnit yaddaşı, radar, bir elektron tranzistoru, dizayn nəzəriyyəsinin rəqəmsal sxemi və sair kimi kəşflər bu universitetin alimləri tərəfindən həyata keçirilib. Massaçusets Texnologiya İnstitutunun alimləri kibernetika, kompüterin dili, robot texnikası, açıq açarlı kriptoqrafiya sahələri üzrə böyük nailiyyətlər əldə ediblər. Subatom və kvant nəzəriyyəsinə əlavələrinə görə institutun fizika fakültəsinin 8 alimi Nobel mükafatına layiq görülüb. Yuxarıda adlarını çəkdiklərimiz universitetlərin alimləri dünya elminə məlum olmayan bir çox kəşflər ediblər. Nobel mükafatına layiq görülənlərin də əksəriyyəti məhz bu kimi universitetlərdə çalışan alimlərdir. Təkcə Kembric Universitetində dünya elminə böyük töhfələr vermiş 80-dən çox Nobel mükafatçısı var. Keçmiş postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da bu gün elmin inkişafı ilə əsasən dövlətin bir çox elmi-tədqiqat institutlarını özündə birləşdirən Azərbaycan Milli Elmlər Akademiyası məşğul olur. Bu təşkilat istər sovetlər birliyi dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan elminə dəyərli töhfələr verib. Ancaq bununla yanaşı, Azərbaycanda elmi-tədqiqatlar paralel olaraq universitetlərdə də aparılır. Ali təhsil müəssisələrində elmin inkişafı ilə bağlı hər il dövlət büdcəsindən müəyyən məbləğdə vəsait də ayrılır. Qeyd olunan nümunələrdən də göründüyü kimi, Azərbaycanda elm strateji olaraq ayrı-ayrı strukturlarda həyata keçirilsə də, bu gün universitetlərimizdə bu sahənin inkişafına mane olan heç bir baryer mövcud deyil. Yəni, konkret desək, dövlət elm və tədqiqatların həm də alternativ olaraq ali məktəblərdə inkişaf etdirilməsində maraqlıdır. Bizi maraqlandıran məsələ isə ondan ibarətdir ki, bəs ölkəmizin ali təhsil müəssisələrində elmin inkişafı ilə bağlı hansı addımlar atılır? Hansı tədqiqatlar aparılır? Bunun üçün lazımi şərait varmı? Bu məqsədlə paytaxtda yerləşən bir sıra universitetlərdə olduq. Aydın KAZIMZADƏ, Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Universitetimizdə elmi strukturlar mövcuddur. Hazırda universitetin tərkibində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu və Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir. Bundan başqa, universitetin struktur bölmələri arasında 3 elmi-tədqiqat mərkəzi və 24 elmi-tədqiqat laboratoriyası var. Bu laboratoriyaları həm də uyğun fakültələrdəki kafedralara təhkim etmişik. Məqsədimiz elmi işlərin elmi-tədqiqat mərkəzləri ilə yanaşı kafedralarda da aparılmasını təmin etməkdir. Təxminən 300 nəfərə yaxın əməkdaşımız elmi strukturlarda çalışır. Bundan başqa, 1200 nəfər professor-müəllim heyəti də elmi işlərdə yaxından iştirak edir, tədqiqatlar aparırlar. Bununla yanaşı tələbələr də bu işlərə cəlb olunur. Universitetdə 90-a yaxın qrant və proqram üzərində işləyirik. Bunun 65-i beynəlxalq proqram və qrantdır. Bu qrantlarda iştirak etməklə həm universitetə gəlir gətiririk, həm də elmi potensialımızı artırırıq. Bütün bunların nəticəsidir ki, universitet bir il müddətində təxminən 5-7 milyon dollar gəlir əldə edir. Məsələn, nanotexnologiyanın neftçıxarmada tətbiqi ilə bağlı 1 milyon dollar dəyərində beynəlxalq qrant udmuşuq. Bundan başqa, Elmin İnkişafı Fondunun verdiyi elanlarda da yaxından iştirak edir və qrantlar qazanırıq. Yüksək reytinqli impakt-faktorlu jurnallarda son zamanlar respublikamızdan təxminən 600-650 məqələ dərc olunub. Təkcə 2013-cü ildə universitetimizin alimlərinin 165 məqaləsi yüksək reytinqli impakt-faktorlu jurnallarda dərc olunub. Bu məqalələr universitetimizin dünya ali təhsil müəssisələri arasında reytinqinin yüksəlməsinə səbəb olur. Nəzərə çatdırım ki, artıq 3 ildir Küest İnformasiya Agentliyinin reytinq cədvəlində universitetimiz 20 min universitet arasında Elitar Universitetlər adlanan ilk 700-lüyə daxildir. 2005-ci ildən universitetimizdə nanotexnologiya laboratoriyası fəaliyyət göstərir. 2011-ci ildə universitet alimləri tərəfindən nanotexnologiya sahəsində əldə olunan uğurlar UNESCO-nun illik hesabatında kitabça şəklində təxminən 17 səhifə həcmində dərc olunub. 2012-ci ildə isə BDU bu istiqamətdə gördüyü işlərə görə İSESCO-nun xüsusi mükafatına layiq görülüb. Arif ŞƏRİFOV, Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və texnika işləri üzrə prorektoru, professor Universitetimizdə əsasən memarlıq, inşaat və digər elm sahələrini əhatə edən müasir problemlərə həsr olunan müxtəlif elmi-tədqiqat işləri aparılır. Bu tədqiqat işləri bütün kafedralarda həyata keçirilir. Biz artıq 2014-2018-ci illəri əhatə edən elmi-tədqiqat işlərinin planını təsdiq etmişik. Hazırda bu plan üzrə tədqiqat işlərimiz davam etdirilir. Universitetimizdəki kafedralarda tədris və tədqiqat işləri ilə bağlı çoxlu sayda laboratoriyalar mövcuddur. Kafedralardakı laboratoriyalardan əlavə sırf elmi-tədqiqat işləri aparılan 6 laboratoriyamız fəaliyyət göstərir. Aparılan bütün elmi işlər elmi-tədqiqat şöbə tərəfindən əlaqələndirilir. 4 elmi jurnal nəşr olunur. Sevindirici haldır ki, son illər müəllimlərimizin elmi məqalələri nüfuzlu jurnallarda dərc olunur. Təkcə 2013-cü ildə universitet alimlərinin 123 məqaləsi xarici elmi jurnallarda işıq üzü görüb. Həmin məqalələrdən 8-i isə yüksək reytinqli impakt-faktorlu jurnallarda dərc olunub. Bundan başqa, son vaxtlar abidələrin bərpası və mühafizəsi laboratoriyasında çox mühüm elmi-tədqiqat işi aparılmışdır. Həmin laboratoriyaya rəhbərlik edən rektorumuz Gülçöhrə Məmmədovanın elmi-tədqiqat işi nəticəsində Şəkinin Kiş kəndində yerləşən Kiş abidəsi fərqli üsullarla yenidən bərpa edildi. Universitet alimləri elmi-tədqiqat işlərini artırmaqla bu sahədə daha böyük uğurlar əldə edir. Bu işlərə tələbələr xüsusi ilə cəlb olunur. Əvvəlki illərdən fərqli olaraq indi tələbələr tədqiqat işlərinə daha çox maraqlıdırlar. Düşünürəm ki, elm sahəsi ölkəmizdə inkişaf mərhələsindədir. Eldar ŞAHGƏLDİYEV, Xəzər Universiteti magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri, fəlsəfə doktoru Azərbaycanda ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universitetinin 200 nəfərə yaxın müəllim heyətindən təqribən 30 nəfəri elmi-tədqiqat işi ilə məşğul olur. Bu günə qədər universitet üzrə 6 elmi işə patent alınmışdır. Universitet xarici təşkilatlar tərəfindən maliyyələşdirilən qrant layihələrində də fəal iştirak edir. Son 2 ildə bu layihələrdən 533.000 manat qazanc əldə olunmuşdur. Elmi-tədqiqat işlərini yüksək səviyyədə aparmaq üçün universitetimizdə lazımi baza şəraiti və elmi mühit mövcuddur. Elmi-tədqiqatlar əsasən 4 elmi-tədqiqat müəssisəsində aparılır. Bunlar Təhsil Siyasəti İnstitutu, Qafqaz Araşdırmaları Tədqiqat Mərkəzi, Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi, Lüğət və Ensiklopediya Mərkəzidir. Universitetdə tədris laboratoriyaları ilə yanaşı iki tədqiqat laboratoriyası da fəaliyyət göstərir. Həm inşaat materiallarının sıxlığının ölçülməsi laboratoriyası, həm də neft yataqlarında aparılan tədqiqatlar üçün nəzərdə tutulan kompüter simulyasiyası laboratoriyası müasir qurğu və avadanlıqlarla təchiz olunmuşdur. Son illər universitetimizdə 6 nəfər tədqiqatçı əməkdaş tərəfindən yazılmış məqalələr nüfuzlu beynəlxalq impakt-faktorlu elmi jurnallarda dərc olunub. Qrantlar əsasında yerinə yetirilən elmi-tədqiqat işləri də universitetin araşdırma fəaliyyəttində xüsusi yer tutur və hazırda qrantlar əsasında 7 tədqiqat layihəsi yerinə yetirilir. Universitetdə çalışan əməkdaşlar müxtəlif nüfuzlu beynəlxalq institutların tədqiqatçıları ilə birgə araşdırmalar aparırlar. Bu yaxınlarda İtaliyanın Milan şəhərində "Egea" nəşriyyatı tərəfindən "Xəzər dənizi şahmat taxtası: geosiyasi, geostrateji və geoiqtisadi təhlil" adlı kitab nəşr edilmişdir. Kitabın həmmüəllifləri SAM-ın (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi) əməkdaşı, Xəzər Universitetinin müəllimi və doktorantı Azad Qəribov və İSPİ-nin (İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu) əməkdaşı Karlo Frappidir. Rahim HÜSEYNOV, Təfəkkür Universitetinin prorektoru, professor Universitetimizdə elmə xüsusi diqqət yetiririk. Düzdür, bizim universitetin dövlət ali təhsil müəssisələri ilə müqayisədə çoxlu sayda elmi-tədqiqat laboratoriyaları yoxdur. Laboratoriyalarımız əsasən tədris laboratoriyalarıdır. Lakin buna baxmayaraq müxtəlif elmi-tədqiqat institutlarının laboratoriyalarında universitetin professor-müəllim heyəti araşdırmalar aparır. Bundan başqa, alimlərimizin elmi məqalələri istər respublikamızda, istərsə də xaricdə nəşr olunan elmi jurnallarda dərc olunur. Təkcə xarici jurnallarda çıxan məqalələrin sayı 49-a çatır. Onlardan 4-ü yüksək reytinqli impakt-faktorlu jurnallardır. Universitetimiz dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində Təfəkkür Universiteti Hollandiyanın Van Holl Universiteti ilə bağlanmış müqaviləyə əsasən TASİS-TEMPUS proqramı üzrə ekologiya sahəsində 250 (iki yüz əlli) min avro dəyərində qrant udmuş və həmin qrantın hesabına müasir tələblərə cavab verən laboratoriya yaradılmışdır. Elmi-tədqiqat işlərində fəal iştirak edən universitetin nəqliyyat və tətbiqi mexanika kafedrasının professoru İlyas Əliyev 2013-cü ildə qırma daş-mastikalı asfalt-beton üçün stabilləşdirici əlavə ixtirasına İ 20130027 saylı patent almışdır. Patentin istehsalatda tətbiqi asfalt-beton qarışığının keyfiyyətini yüksəldir, nəticədə onun işləmə qabiliyyətini 1,5 dəfə çoxaldır və asfalt-betonun işləmə müddəti uzadılır. Həmçinin yol inşaat materiallarının keyfiyyətli istifadəsinə imkan yaradır, iqtisadi səmərəliyini artırır. ”Azərbaycan müəllimi” qəzeti
08/07/2015 16:52
Yüksək reytinqli elmi jurnallarda alimlərimizin 294 məqaləsi nəşr olunub
Ali təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqatlar ölkəmizdə aparılan elmi-tədqiqatların mühüm hissəsini təşkil edir. Burada fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işləri aparılır, elmi-pedaqoji kadrların hazırlanması həyata keçirilir. Ali təhsil müəssisələrində elmi-tədqiqatlar həm kafedralarda, həm də elmi-tədqiqat müəssisələrində aparılır. Hazırda Təhsil Nazirliyinə tabe olan 20 dövlət ali təhsil müəssisəsində 131 fakültə, 659 kafedra, dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat institutu, 4 elmi mərkəz, 92 elmi-tədqiqat laboratoriyası, eləcə də bir təsərrüfat hesablı elmi-tədqiqat institutu fəaliyyət göstərir. Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində 9263 elmi-pedaqoji kadr, o cümlədən 897 elmlər doktoru, 4089 fəlsəfə doktoru, 49 nəfər AMEA-nın həqiqi üzvü və müxbir üzvü çalışır. Ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün əsas maliyyələşmə mənbəyi olan dövlət büdcəsi ilə yanaşı, digər mənbələrdən də istifadə edilmişdir. Bunlardan istehsalat müəssisələri ilə bağlanan təsərrüfat müqavilələri əsasında aparılan tədqiqatlar, müxtəlif beynəlxalq fondların və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ayrılan qrantları qeyd etmək olar. Təhsil müəssisələri ilə istehsalat arasında elmi əlaqələr get-gedə möhkəmlənir, ali məktəblər tərəfindən istehsalat müəssisələri üçün yerinə yetirilən təsərrüfat müqaviləli elmi-tədqiqat işlərinin sayı və həcmi artır. Lakin elmi nəticələrin istehsalata tətbiqində olan çətinliklər hələ də qalmaqdadır. Ali təhsil müəssisələri ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələr inkişaf edir: Akademiya sistemində işləyən alimlər ali məktəblərdə tədris prosesinə cəlb olunur, buraxılış işlərinə, dissertasiyalara rəhbərlik edirlər. Ali məktəblərdə aparılan elmi işlərin mühüm nəticələri AMEA-nın koordinasiya şuralarında və Rəyasət Heyətinin iclaslarında müzakirə edilir. Son illər ali təhsil müəssisələrində elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elmi nəticələrin istehsalatda tətbiq edilməsi, innovasiya, ixtiraçılıq və patent-lisenziya fəaliyyəti, elmi jurnalların, dissertasiyaların, elmi məqalələrin, dərsliklərin, tədris-metodik vəsaitlərin hazırlanması və nəşri sahəsində əhəmiyyətli işlər görülür. Yalnız 2013-cü ildə ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən 269 monoqrafiya, 246 dərslik, 502 dərs vəsaiti, 1598 adda proqram və metodik ədəbiyyat nəşr etdirilib. Alimlərimiz Azərbaycan elmini müxtəlif beynəlxalq elmi konfranslarda təmsil edir, onların məqalələri xarici ölkələrin elmi jurnallarında dərc olunur. Xarici jurnallarda alimlərimizin 2324 məqaləsi, beynəlxalq konfransların materiallarında 1148 məruzə tezisi nəşr edilib. Son 6 il ərzində Azərbaycan alimləri tərəfindən xarici jurnallarda nəşr olunmuş məqalələrin sayı 2,6 dəfə, beynəlxalq konfransların materiallarında dərc edilmiş tezislərin sayı isə 2,2 dəfə artıb. Elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində dünyanın ən nüfuzlu jurnallarında, xüsusilə də "Thomson Reuters" Agentliyinin bazasına daxil olan impakt-faktorlu jurnallarda 294 məqalə nəşr olunub. Ali məktəblərdə yerinə yetirilən işlərin nəticələrini elmi ictimaiyyətə çatdırmaqda elmi nəşrlərin rolunu nəzərə alaraq onların təsis edilməsinə və müntəzəm nəşrinə xüsusi fikir verilir, yeni elmi-tədqiqat nəşrlərinin sayı artırılır. Təhsil Nazirliyi sistemindəki ali məktəblərdə Ali Attestasiya Komissiyası tərəfindən tanınan 37 adda elmi məcmuə və jurnal nəşr edilir. Ölkəmizdə çalışan yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların 32,1%-i, elmlər doktorlarının və elmlər namizədlərinin təxminən 50%-i Təhsil Nazirliyi sistemində cəmləşib. Odur ki, mövcüd elmi potensialın qorunub saxlanılması və gənc kadrların hazırlanması ali təhsil müəssisələri qarşısında duran əsas vəzifələrdən biridir. Hər il ənənəvi olaraq Təhsil Nazirliyi doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirələrinin təşkili məqsədilə bütün elm sahələri üzrə doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransını təşkil edir. Azərbaycanda elmin inkişafı və elmi-pedaqoji kadrların hazırlanması sahəsində müəyyən işlər görülsə, bir çox tədbirlər həyata keçirilsə də, bu sahədə həll olunmamış işlər və çatışmazlıqlar da az deyil. Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 4 may 2009-cu il tarixli 255 nömrəli Sərəncam imzalayıb. Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya elmi-tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi-tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksək ixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur. Strategiyanın müddəalarına uyğun tədbirlər "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"na əsasən həyata keçiriləcəkdir. ”Azərbaycan müəllimi” qəzeti
08/07/2015 16:52
“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası Rusiya Federasiyasının Lipetsk şəhərində Lev Larikovun xatirəsinə həsr olunmuş beynəlxalq cüdo turnirində iştirak edib.
Turnirdə 197 cüdoçudan ibarət 24 komanda birincilik uğrunda mübarizə aparıb. İdmançılarımız yarışda uğurla iştirak ediblər. 16 yaşlı Əliş Yusifov 50 kq, 14 yaşlı Süleyman Yaqubov 90 kq və 16 yaşlı Ayxan Cəfərov 90 kq-dan ağır çəki dərəcəsində turnirin qalibi olublar. 50 kq dərəcəsində Ədilxan Musayev, 55 kq çəki dərəcəsində Pərviz Baxışəliyev ikinci yeri tutublar. 46 kq çəki dərəcəsində isə Ələsgər Əskərov üçüncü yerə layiq görülüb. Azərbaycan idmançıları beynəlxalq cüdo turnirinin yekunlarına görə, ümumi komanda hesabında ikinci yerə çıxıblar.
08/07/2015 16:52
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü çərçivəsində ADA Universitetində bu ali təhsil ocağının və SABAH layihəsi çərçivəsində digər ali təhsil müəssisələrində təhsil alan bir qrup tələbə ilə görüş keçirilib.
Görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Qırğızıstanın təhsil və elm naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və digər qonaqlar iştirak ediblər. Qonaqları ADA Universitetinin yerli və əcnəbi tələbələri, professor-müəllim və inzibati heyəti qarşılayıb. ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqlara bu ali təhsil müəssisəsinin yaradılması, əldə edilmiş nailiyyətlər və gələcək planlara dair məlumat verib. Tədbirdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin görüşü, onun əhəmiyyəti və qəbul olunan qərarların vacibliyi barədə fikirlər açıqlanıb. Görüşdə tələbələrin türkdilli dövlətlərlə mümkün mübadilə və təhsil proqramları, eləcə də digər məsələlərlə bağlı sualları cavablandırılıb.
08/07/2015 16:52
Gəncə Dövlət Universitetində yeni üzvi və bioloji kimya laboratoriyası istifadəyə verilib.
Bununla bağlı keçirilən tədbirdə universitetin rektoru Yusif Yusibov ali təhsil müəssisəsində həyata keçirilən işlər və mövcud yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, universitetin tədris korpusları əsaslı təmir olunub, texniki baza müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib, “ağıllı lövhə”lər quraşdırılıb, daxili şəbəkə yenidən qurularaq yüksək sürətli internetlə təmin olunub. Tədbirdə nəzərə çatdırılıb ki, yeni laboratoriyada fənlər əyani vasitələrdən istifadə etməklə tədris olunacaq və tədqiqat işləri aparılacaq. Geniş texniki imkanlara malik olan laboratoriyada, həmçinin üzvi və ya bioloji maddələrin fiziki parametrlərini müəyyənləşdirmək mümkündür.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı