SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ali məktəblərin yığma komandaları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə 2014-cü il üçün Azərbaycan çempionatı keçirilib.
Azərbaycan və rus dillərində keçirilən oyunlarda 52 komanda iştirak edib. Yarış Təhsil Nazirliyinin təşkilati və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi iləAzərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunub. Çempionatın keçirilməsində məqsəd gənclərin yaradıcı və intellektual inkişafına təkan verilməsi, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtının səmərəli təşkilinin təmin olunmasıdır. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, Gənclər Fondunun və Azərbaycan İntelektual Klublar Assosiasiyasının rəsmiləri iştirak ediblər. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov tədbir barədə məlumat verərək bu layihənin gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcəyinə, tələbələrin əldə edə biləcəkləri nailiyyət onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bildirib. Yarışda Azərbaycan bölməsi üzrə 28 komanda, rus bölməsi üzrə 24 komanda iştirak edib. 6 nəfərdən ibarət komandalar 4 turdan ibarət turnirin qalibi olmaq uğrunda mübarizə aparıblar. Komandalar sualları yazılı qaydada cavablandırdıqdan sonra qaliblər müəyyənləşdirilib. Azərbaycan dili bölməsində ilk yerin sahibi HİT olub, rus dili bölməsi üzrə qalibl isə İçərişəhər komandası olub. Qalib komandalar kubok və medallarla mükafatlandırılıb.
08/07/2015 16:52
Barak Obama azərbaycanlı məktəbli ilə görüşəcək
Məhəmməd Uğur "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir. Amerikada yaşayan 15 yaşlı azərbaycanlı məktəbli Məhəmməd Uğur ölkə üzrə keçirilən milli "Broadcom Masters" elm və mühəndislik müsabiqəsinin qaliblərindən biridir. Bu yaxınlarda müsabiqənin qalibi olmuş 30 məktəblinin adları açıqlanıb. Yarışmanın final mərhələsi oktyabrın 24-29-da Vaşinqtonda keçiriləcək. Qalibi 75 min ABŞ dolları həcmində mükafat gözləyir. Məktəblilər Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşəcək və öz işləri barədə təqdimat edəcəklər. Məhəmməd Uğur Florida ştatının Melburn şəhərində IX sinifdə oxuyur. Onun atası Uğur Abdulla Florida Texnologiya Universitetində riyaziyyat kafedrasının müdiri, professordur. O, Bakı Dövlət Universitetinin məzunudur. Məhəmmədin biotibb mühəndisliyi, deterministik və statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş tədqiqat işi riyaziyyatın tibdə tətbiqi ilə bağlıdır. O, riyazi metodlardan istifadə etməklə ürək-damar xəstəliklərinin dəqiq diaqnozunu hazırlayıb. Məhəmməd təhsillə yanaşı idmanda da böyük uğurlar qazanıb. O, Amerika futbolu ilə də maraqlanır. "Broadcom Masters" Amerikada orta məktəb şagirdləri üçün ən nüfuzlu elm müsabiqəsi hesab olunur. Orta məktəb şagirdlərinin elm, texnologiya, mühəndislik və riyaziyyat sahəsində təqdim etdikləri novator tədqiqat işləri ən nüfuzlu alimlər tərəfindən qiymətləndirilir. "Broadcom Fond"u tərəfindən maliyyələşdirilən müsabiqə 2010-cu ildən keçirilir. Orta məktəb şagirdlərinin elm və mühəndislik sahəsində qabiliyyətlərinin stimullaşdırılması üçün fond 6 milyon dollar vəsait ayırıb. Finalçılar (12 qız, 18 oğlan) ölkənin 13 ştatından olan 29 məktəbi təmsil edirlər. Onlar 300 yarımfinalçı arasından seçiliblər. Müsabiqədə ümumilikdə 2054 şagird iştirak edib. ”Azərbaycan müəllimi” qəzeti
08/07/2015 16:52
Məktəb direktorunun bir iş həftəsi
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova ilə söhbət Onunla şəxsi tanışlığım olmasa da təhsillə bağlı mətbuatda çıxışları, söylədiyi fikirləri, verdiyi müsahibələri ilə açığını desək diqqətimi cəlb etmişdi. Gənc olmasına baxmayaraq kreativ düşüncəsi ilə digər həmkarlarından fərqlənən bu direktorla tanış olmaq istəyi məndə xeyli vaxt idi ki, yaranmışdı.Təsadüf elə gətirdi ki, qəzetimizin növbəti nömrəsi üçün direktorun bir iş həftəsi mövzusunda yazı hazırlamaq tapşırılanda məhz bu direktorla görüşməyi qərara aldım. Bu xanım direktorla görüşüb məqsədimizi bildirəndə təbəssümlə ilk sözü bu oldu: "Elə mən də siz gəlməmişdən qabaq həftə ərzində gördüyüm işlərin özlüyümdə təhlilini aparırdım, sanki ürəyimi oxudunuz". Söhbət Bakının tanınmış təhsil müəssisələrindən biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimovadan gedir. - Yuliya xanım, sizinlə daha yaxından tanış olmaq istərdik... - Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışam. Həmin fakültənin 1998-ci ildə bakalavriat, 2000-ci ildə isə magistratura pillələrini bitirmişəm. Bir müddət Avropa Azərbaycan Cəmiyyətinin təsisçiliyi ilə fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbi özəl ümumtəhsil müəssisəsində Kurikulum və təlim mərkəzinin rəhbəri olmuşam, eyni zamanda Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının müəllimi vəzifəsində çalışmışam. 2006-2007-ci illərdə ABŞ-ın Ohayo ştatının Kent Universitetinin təhsil fakültəsində kurikulum və təlim araşdırmaları üzrə magistr səviyyəli proqramı bitirərək ikinci magistr dərəcəsi almışam. 2012-ci ildən Bakı Dövlət Universitetinin pedaqogika kafedrasının doktorantıyam. 2014-cü il martın 31-də paytaxtın sayılıb-seçilən məktəblərindən biri olan Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam. - Sizin üçün məktəb direktorluğu nədir və bu vəzifəyə təyin olunduqdan sonra ilk diqqət yetirdiyiniz hansı məsələ olub? - Mənim üçün direktorluq yeni, heç də asan olmayan, eyni zamanda isə çox maraqlı və yaradıcı bir işdir. Fikrimcə, bu günün məktəb direktoru kreativ düşüncəyə malik, yeni təşəbbüslərin reallaşdırılmasında önəmli rol oynamaqla yanaşı, ətrafına peşəkar, yaradıcı müəllimlərdən ibarət bir komanda toplayaraq müasir təhsilimizin inkişafına öz töhfələrini verməyi bacarmalıdır. Məhz mən işimə bu cür yanaşıram. 6 aydan çoxdur ki, məktəb direktoruyam. Direktor kimi fəalliyətə başladığım ilk gündən nəzarətimə götürdüyüm ən vacib məsələ məktəbdə nizam-intizamın gücləndirilməsi, hər bir kəs tərəfindən bu qaydalara ciddi əməl edilməsi, məsuliyyət hissinin artırılması oldu. Artıq bununla bağlı müəyyən irəliləyişlər hiss olunmaqdadır. Direktor olaraq məktəbin inkişafında əsas məqsədləri 3 prioritet istiqamətdə qruplaşdırmışam. Bunlar məktəbdə müasir, informasiya cəmiyyəti üçün mühüm olan keyfiyyət göstəricilərinə cavab verən təhsil prosesinin qurulması, tədrisin keyfiyyətinin yüksəldilməsi; müəllimlər və şagirdlər arasında işgüzar, şagirdyönümlülük prinsipinə əsaslanan münasibətlərin qurulması və ictimaiyyətdə məktəbin yüksək peşəkarlıq səviyyəsinə malik olan müəssisə kimi obrazının formalaşmasıdır. - Direktor kimi iş həftənizi, rejimini necə qurursunuz? - Məktəb direktorunun "həftəsini" və iş rejimini təsvir etmək üçün biznes sahəsində daha çox rast gəlinən bu metaforanı işlətmək olar: 24/7. Yəni sən istirahət günləri olmadan, məzuniyyət bilmədən həftənin 7 gününün 24 saatını çalışmalısan. Düşünürəm ki, təhsil işçiləri tərəfindən də təhsilə belə yanaşılmalıdır. Bu o deməkdir ki, sən birbaşa məktəbdə, şagird və müəllimlər ilə əhatə olunmasan da belə, məktəbdəki işlər daim fikrindədir və nəzarətin altındadır. Beynində planlarını qurursan, daxilən özünlə söhbət edirsən, bəzən artıq virtual olaraq bir sıra məsələləri həll edirsən, yeniləri barədə düşünür, onun həlli yollarını axtarırsan və s. Bu normal bir haldır. Məktəb direktoru olmaq, onu idarə etmək çox məsuliyyətli işdir. Yeni iş həftəsinə bazar günü axşamdan başlayır, ötən həftəni özlüyümdə ətraflı təhlil edirəm. Görülən işlərlə bağlı dəyərləndirmə aparır, gündəliyimi açıb, həftə ərzində apardığım qeydlərə baxır, həll olunmuş məsələləri özüm üçün yenidən bir xatırlatma edir, həllini tapmayan, yenidən baxılmasını tələb edən məsələləri isə yeni həftənin 1-cü günü üçün qeyd edirəm və prioritetə görə həftənin günləri üzrə paylayıram. Təhsil müəssisəsində dərslər saat 8.00-da başlayır. Mən 7.30-da işə gəlirəm, 1-ci dərsin zəngi vurulmadan, məktəbə gələn şagirdləri və müəlllimləri qarşılayır, onlara xoş əhvali-ruhiyyə arzulayıram, zərurət yaranarsa onlara məktəbdaxili qaydaları yenidən xatırladıram, bir sıra vacib göstərişləri yerindəcə verirəm. - Direktorun məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi üçün diqqət yetirməli olduğu məsələlərdən biri də metodiki işə düzgün rəhbərlik və mütəmadi olaraq buna nəzarət etməsidir. Sizin tərəfinizdən bu iş necə həyata keçirilir? -Mən bu işi hər bir müəllimin dərsini dinləməklə və onu ətraflı şəkildə müzakirə etməklə həyata keçirməyə çalışıram. Belə ki, həftənin 5 günü 10 müxtəlif sinifdə dərsləri izləməklə yanaşı, təlim prosesini müşahidə edirəm. Bu mənim üçün ən vacib işlərdən biridir: dərsləri mütəmadi olaraq izləmək, şagirdlərin dərslərdə iştirakı, onların dərsə hazırlıqları, bilik və bacarıqlarının hansı səviyyədə olması, bu uşaqların hər birini şəxsən tanımağımda, eyni zamanda müəllimlərin hazırlığı və öz işlərinə necə münasibət göstərmələri barədə kifayət qədər məlumatlı olmağımda əhəmiyyətli rol oynayır. Xüsusilə X, XI siniflər demək olar ki, mənim şəxsi nəzarətim altındadır. İştirak etdiyim dərslərin sonra nəticələrini müəllimlər ilə müzakirə etmək, onların dərs haqqında fikirlərini öyrənmək, bəzi metodiki tövsiyələr vermək mənim gündəlik gördüyüm işlərdəndir. Bilirsiniz, bəzi məsələlər var ki, onlar dərhal həllini tapmalıdır, bəzi məsələlər isə uzunmüddətli planlaşmanı və komanda tərkibində iş tələb edir. Belə məsələlər üçün mən çərçivəli plan tuturam. Belə çərçivələr hər həftə üzrə olur, həllini tapan məsələlər çox olanda, görürəm ki, istədiyimə nail ola bilmişəm və məktəbdə işlər öz axarı ilə gedir. - Gün ərzində müxtəlif işlərlə məşğul olursunuz. Valideynlərlə ünsiyyətdə olmağa imkan tapırsınızmı? - Əvvala onu deyim ki, məktəbin həyatında, onun idarə olunması prosesində valideynlərin istirakı olduqca vacibdir. Mənim otağımın qapısı şagirdlər və müəllimlər üçün daim açıqdır. Səhər tezdən müəllimlər, şagirdlər və valideynlər müxtəlif sorğular ilə müraciət edə bilərlər. Onların suallarına cavab vermək, fərdi görüşlər üçün vaxt təyin etmək, bəzən vacib qərarları yerindəcə vermək - bunlar hamısı hər günün səhər saatlarında baş verir. Valideynlərin mənə müraciətləri təbii ki, övladları ilə bağlı olur. Bu müraciətlər yazılı də ola bilər, şifai də. Yazılı surətdə mənə ünvanlanan müraciətlərdən elələri olur ki, elə yerindəcə həllini tapır, bəzilərinin isə araşdırılması müəyyən vaxt tələb etdiyindən onun həlli 2 gündən 1 həftəyə kimi çəkə bilər. Çalışıram ki, mənə edilən müraciətlə bağlı obyektivliyi qorumaq şərtilə sonda şagirdin xeyrinə qərar çıxarım. Həftədə bir dəfə mən sinif rəhbərləri ilə iclas keçirirəm. Belə iclaslar mənim üçün məktəbdə oxuyan hər bir şagird və hər bir sinif haqqında vaxtı-vaxtında məlumat almağa imkan yaradır. - Günün ikinci yarısını necə planlaşdırırsınız? - Günün ikinci yarısı daha çox müxtəlif təsərrüfat işləri, sosial yönümlü məsələlərlə məşğul olmaq üçün vaxt ayırmağa çalışıram. Bilirsiniz ki, bizim məktəb bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən əsaslı yenidənqurmadan sonra şagird və müəllimlərin ixtiyarına verilib. Məktəbimizin məzunu olan, Azərbaycan təhsil sisteminin inkişafına öz mühüm töhfələrini verən Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu məktəbin yenidən qurulması prosesini hər zaman diqqətdə saxlayıb.Məktəbimizdə istər müəllimlərin fəaliyyəti, istərsə də şagirdlərin yüksək təhsil almaları üçün hərtərəfli imkan, şərait yaradılıb, lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub. Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Onlardan səmərəli istifadə, avadanlıqlardan səliqə ilə rəftar etmək məktəbimizdə hər bir kəs tərəfindən riayət edilməsi vacib olan ciddi qaydalardan biridir. Bilirsiniz, hər günün özünəməxsus vəzifələri, çətinlikləri və uğurları var. - Yuliya xanım, hər günün özünəməxsus vəzifələri, çətinlikləri və uğurları var deyəndə nələri nəzərdə tutursunuz? - Məktəbin hər günü çətin və maraqlı, gərginlik yaradan və eyni zamanda rahatlıq gətirən olur. Bütün bunlar müəyyən hazırlığı, çevikliyi və birlikdə iş görmək bacarıqlarını tələb edən məsələlərdir. Məktəb bir müəssisə olaraq, canlı orqanizmdir, daim dəyişir, bəzən isə sabit qalır. Məktəbimizdə Təhsil Nazirliyinin təşəbbüsü və tapşırığı ilə bir sıra layihələr həyata keçirilir. Həftə ərzində bir neçə dəfə həmin layihələrlə bağlı bu işə cavabdeh olan müəllimlər ilə danışmaq, işlərində rast gəlinən problem və çətinlikləri öyrənmək, layihənin gedişatını izləmək, əldə olunan nəticələrlə müntəzəm tanış olmaq da diqqət göstərdiyim işlərdən biridir. Həftə ərzində planlaşdırılmış işlərdən əlavə digər mühüm işlərimiz olur. Belə ki, tez-tez məktəbimizə qonaqlar gəlir, mühüm tədbirlər həyata keçirilir. Təhsil müəssisəmizdə Təhsil Nazirliyinin iclasları keçirilir. Məsələn, bu ilin sentyabr ayının sonunda Rusiya Federasiyanın Dövlət Dumasının deputatı V.V.Jirinovski məktəbimizə səfər etmişdi.V.V.Jirinovski dərsdə iştirak etmiş, daha sonra yuxarı sinif şagirdləri ilə görüşərək onların suallarını cavablandırmışdı. Digər bir tədbirimiz yenə də sentyabr ayının sonuna təsadüf edən, məktəbimizin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirə günü ilə bağlı olub. Bu ilin 10-13 oktyabr tarixlərində isə məktəbimizdə Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü ilə IV Bakı Humanitar Forumun iştirakçısı, Almaniyada fəaliyyət göstərən psixoloq Qalina Xanzelmanın təqdimatı keçirilib. - İş gününüz adətən neçədə bitir? Bu qədər gərgin iş qrafiki ilə çalışan bir xanım ailədə övladları ilə məşğul olmağa vaxt tapa bilirmi? - İş günüm adətən saat 7-də bitir. Təbii ki, övladlarıma vaxt ayırmaq mənim analıq borcumdur və bundan xüsusi zövq alıram. Böyük oğlum 7-ci sinifdə oxuyur və artıq məni gözləmədən sərbəst olaraq ev tapşırıqlarını yerinə yetirir. Mən işdən qayıdanda o, dərsləri və aldığı qiymətlər haqqında məlumat verir, məktəbdə baş verən maraqlı hadisələr barəsində danışır. Kiçik oğlum 1-ci sinif şagirdidir. Onun dərsləri ilə şəxsən özüm məşğul oluram. Mən hesab edirəm ki, məktəb təhsilinə yeni başlayan uşağın evdə anası və digər ailə üzvləri ilə birlikdə dərslərinə hazırlaşması təhsilə motivasiyanı artırmaq üçün çox vacib bir amildir. Buna görə övladlarım ilə özüm məşğul oluram, böyük oğlumun nailiyyətləri göstərir ki, belə yanaşmanın nəticəsi çox yaxşıdır. - Mütaliəyə böyük maraq göstərdiyinizi də bilirik. Bəlkə özünüz bu haqda danışasınız... - Boş vaxtlarımda (bu, əsasən istirahət günləri olur) övladlarımla kitab mağazasına getmək bizim ailədə bir bayram əhvali-ruhiyyəsi yaradır. Biz ailəlikcə mütaliə və oxuduqlarımızı birlikdə müzakirə etməyi çox sevirik. Mən ədəbiyyat üzrə Nobel mükafatı alan bütün yazıçıların əsərlərini oxumağı özüm üçün məqsəd qoymuşam. Dünya təhsil sistemində baş verən yenilikləri, ayrı-ayrı inkişaf etmiş ölkələrın təhsillə bağlı maraqlı təcrübələrini öyrənmək, internetdə təhsil sahəsində aparılan beynəlxalq tədqiqatlarla tanış olmaq mənim üçün olduqca maraqlıdır. Mən hesab edirəm ki, peşəkar insan daima öz üzərində işləməli, müxtəlif inkişafetdirici proqramlarda, görüşlərdə, konfranslarda iştirak etməli, peşəkarlığın inkişafı üçün geniş imkanlardan istifadə etməyə çalışmalıdır. Biz ömürboyu öyrənmə dövründə yaşayırıq, özümüz peşəkarlığımızı inkişaf etdirmək üçün qarşımıza məqsədlər qoymalıyıq və onları reallaşdırmalıyıq. Qərb ölkələrində deyirlər ki, əsl lider düzgün qərarları düzgün vaxtlarda verməyi bacaran yox, başqalarına düzgün qərarları düzgün vaxtlarda verməyi öyrədəndir. Mənim üçün səmərəli liderlik iki mərhələdən ibarətdir: mühüm qərarları verməyi bacarmaq və birlikdə iş zamanı həmin bacarığı komandamın üzvləri arasında inkişaf etdirmək. ”Azərbaycan müəllimi” qəzeti
08/07/2015 16:52
V “Elektron Təhsil” Respublika müsabiqəsinin I mərhələsi başa çatıb.
Qeyd edək ki, müsabiqə İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, “Dr.Web”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir. Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub. Bunlardan 127-si müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib. İkinci mərhələyə buraxılmış 978 layihə qiymətləndirilmək üçün müvafiq Ekspert Komissiyasına təqdim olunub. Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaqdır.
08/07/2015 16:52
Oktyabrın 24-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində dərs prosesini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olub, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşüblər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. İlk öncə KİV nümayəndələri Aslanbəyli kəndində olublar. 2013-cü ildə qəhrəmancasına həlak olmuş gənc pilot Yaşar Əhmədovun qəbrini ziyarət ediblər. Sonra qonaqlar Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kənd tam orta məktəbində Gənclərin çağırışaqədərki hazırlığı dərslərini izləyiblər. Şagirdlər hərbi avadanlıq və silah-sursatla davranış bacarıqlarını nümayiş etdiriblər. Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Elxan Əliyev şagirdlərin hərbi hazırlıq dərsinə ciddi münasibət bəslədiklərini deyib: “Şagirdlər bir sıra silahlar və hərbi avadanlıqlar haqqında məlumatları, onlardan necə istifadə etməyi öyrənməyə böyük həvəs göstərirlər. Bu dərsdə istər oğlanlar, istərsə də qızlar fəal iştirak edirlər”. Məktəbin direktoru Dilqəm Məmmədov bildirib ki, təhsil müəssisəsində 412 şagirdin təlim-tərbiyəsi ilə 44 nəfər müəllim məşğul olur. Məktəbi bitirmiş məzunlardan 24 nəfəri Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə həlak olub. Müntəzəm olaraq düşmən tərəfindən atəşkəs pozulsa da, bu şagirdlərin dərsə davamiyyətinə ciddi təsir etmir və təhsil müəssisəsi normal fəaliyyət göstərir. Rəhbərlik etdiyi məktəbin uğurlarından söz açan D.Məmmədov ötən tədris ilində məzunların 20 faizdən çoxunun yüksək bal toplayaraq müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunduğunu söyləyib. Təsadüfi deyil ki, təhsil müəssisəsinin məzunları arasında 36 hərbiçi vardır. Bütün bunlara baxmayaraq kənd sakinləri əzmkarlığını itirmir, şəxsi təhlükəsizlik qaydaları çərçivəsində normal həyat və fəaliyyətlərinə davam edirlər. Daha sonra media nümayndələri Çaylı kəndindəki Elşən Cəfərov adına 2 saylı tam orta məktəbdə olublar. Məktəbin girişində tədris ocağının şəhid olmuş 29 nəfər məzunu haqqında məlumat verilib. Məktəbin direktoru Abbas Carçıyev bildirib ki, təhsil müəssisəsi cəbhəyanı ərazidə yerləşdiyi üçün şagirdlərdə hərbi hazırlıq vəziyyəti yüksəkdir: “Şagirdlərdə vətənpərvərlik hissləri yüksək olduğundan onlar hər an torpaqlarımızı azad etməyə hazır vəziyyətdədirlər. Bununla yanaşı, təhsillərində də yüksək nəticələr nümayiş etdirirlər. Hər il məktəbin bir neçə məzunu 500-600-dən çox bal toplayaraq ali məktəblərə daxil olurlar”. Gənclərin çağırışaqədərki hazırlığı müəllimi 66 yaşlı Yusif Qocayev məktəblilərin hərbi biliklərə sonsuz maraq göstərdiklərini qeyd edir: “31 ildir bu məktəbdə dərs deyirəm. Bundan sonra da hər zaman gənclərin hərbi hazırlığı işində yaxından iştirak etməyə hazıram. Çünki mən şagirdlərimizin hər birində orduya olan həvəsi, onlarda olan ruh yüksəkliyini görürəm”. Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə KİV nümayəndələrinin cəbhəyanı yaşayış məntəqələrinə ikigünlük səfəri başa çatıb.
08/07/2015 16:52
Türkmənistanın Türkmənbaşı şəhərində “Avaza” Milli turizm ərazisində MDB-yə üzv dövlətlərin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib.
Festivalda Azərbaycan “Təhsil” Respublika İdman Mərkəzinin 23 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Festivalın açılış mərasimində Türkmənistanın idman naziri və festivalın Təşkilat Komitəsinin sədri, fiqurlu konkisürmə üzrə dəfələrlə Avropa və dünya çempionu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı İrina Rodnina çıxış edərək idmançıları festival münasibətilə təbrik ediblər. Tədbir çərçivəsində mini futbol, çimərlik voleybolu, stolüstü tennis, şahmat və basketbol idman növləri üzrə yarışlar keçirilib. Azərbaycan nümayəndə heyətində təmsil olunan Mətin Həsənzadə stolüstü tennis üzrə fərdi yarışda 3-cü yeri tutub. Tanınmış şahmat ustalarının qatıldığı yarışda isə Azərbaycan komandası 5-ci yerə yüksələ bilib.
08/07/2015 16:52
Fizika–riyaziyyat və informatika təmayüllü liseydə İnformatika üzrə Olimpiada Mərkəzinin açılışına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra orta məktəb və liseylərin rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, eyni zamanda Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev, İnformatika üzrə olimpiadanın münsiflər heyətinin sədri Ramin Mahmudzadə, Nazirlər Kabineti İşlər şöbəsinin İnformasiya təminatı sektorunun məsləhətçisi Zöhrab Məcid Qulam iştirak ediblər. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Tariyel Talıbov qonaqları salamlayıb. Sonra Ramin Mahmudzadə İnformatika üzrə Olimpiada Mərkəzində görüləcək işlər haqqında geniş məlumat verib. R.Mahmudzadə mərkəzin əsas məqsədi olan şagirdlərin olimpiadalara hazırlanma mexanizmini izah edərək, əsasən, olimpiadaçıların 3 səviyyədə hazırlanacağını bildirib: 1. Olimpiadalara ilk dəfə hazırlaşanlar, başqa sözlə, proqramlaşdırmanı ilk dəfə öyrənənlər; 2. Proqram yazmaq təcrübəsi olanlar və informatika məsələlərini həll etməyi bacaranlar; 3.Yüksək səviyyədə proqram yazmağı bacaranlar və olimpiada tipli məsələləri həll edə bilənlər. Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edib. F.Qarayev bildirib ki, İnformatika üzrə Olimpiada Mərkəzinin ilk dəfə olaraq bu cür mütəşəkkil təşkil olunması ümid verir ki, olimpiadalara hazırlıq davamlı xarakter daşıyacaqdır. Bu məqsədlə mərkəz əlavə olaraq İKT avadanlıqları ilə təchiz ediləcəkdir. Liseyin müəllimləri Nazim Süleymanov və Valid Məhərrəmov bu günə qədər liseydə görülmüş işlər haqqında məlumat verməklə İnformatika üzrə Olimpiada Mərkəzinin işini yüksək səviyyədə qurulacağına əminliklərini ifadə ediblər. V.Məhərrəmov liseydə “Alqoritm” dərnəyinin fəaliyyət göstərdiyini və dərnək üzvlərinin beynəlxalq olimpiadalarda Respublikamızı təmsil etdiyini söyləyib. Dərnəyin rəsmi veb saytı (www.alqoritm.ucoz.org) fəaliyyət göstərir, “Alqoritm” adlı jurnalı dərc olunur. Tədbirdə liseyin məzunu, Respublikamızı Cənubi Koreya, ABŞ və Yunanıstanda təmsil etmiş keçmiş olimpiadaçı, Almaniyanın Zigen Universitetinin məzunu Fərid Əhmədov proqramçılığın müasir dövrdə əhəmiyyətli bir peşə olduğunu nəzərə çatdırıb.
08/07/2015 16:52
Oktyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov iştirak ediblər. İlk öncə qonaqlar İnnovativ Biznes-İnkubatorunun ofisi ilə tanış olublar. Qeyd edək ki, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində yaradılmış İBİ-nin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdən ibarətdir. Həmçinin, İBİ çərçivəsində ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması da nəzərdə tutulub. Onlar innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi digər məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları startap layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov mərasim iştirakçılarını salamlayıb, İnnovativ Biznes-İnkubatorunun fəaliyyətinin uğurlu olacağına inandığını bildirib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatorunun yaradılmasının digər müvafiq layihələrin həyata keçirilməsinə yaxşı bir örnək olacağını qeyd edib. Tələbələr asudə vaxtlarından qazanc əldə etmək məqsədilə daha səmərəli istifadə edə biləcəklər. Tələbələrin işəgötürənlərlə əlaqələrinin əsası qoyulacaq, tərəfdaşlıq münasibətləri təşəkkül tapacaq və onlar birgə əməkdaşlıq təcrübəsi qazanacaqlar. Eyni zamanda tələbələr əldə etdikləri nəzəri bilikləri tətbiqi bacarıqlarına yiyələnəcək və gələcəyin sahibkarı kimi formalaşacaqlar. Ali məktəblərdə tətbiq olunan tədris proqramları və SABAH qruplarının yaradılması haqqında fikirlərini söyləyən nazir yaxın perspektivdə universitetlərin texnoparklarının yaradılmasının zəruriliyi məsələsinə də toxunub. Gənclər və idman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunu həm gənclərin məşğulluğunun təmin olunması, həm də onların ilkin sahibkarlıq fəaliyyətinə başlaması üçün gərəkli olduğunu nəzərə çatdırıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev sosial layihələrin həyata keçirilməsinə xüsusi önəm verir. Bu baxımdan gənclərin praktik inkişafına təkan verən İnnovativ Biznes-İnkubatorunun yaradılması təqdir olunmalıdır. İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə ilk dəfə ADİU-nun nəzdində yaradılmış İBİ-nin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra ADİU-nun tələbələri İBİ çərçivəsində hazırlanmış startap layihələrini təqdim ediblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı