SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 24-də Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində dərs prosesini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olub, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşüblər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
İlk öncə KİV nümayəndələri Aslanbəyli kəndində olublar. 2013-cü ildə qəhrəmancasına həlak olmuş gənc pilot Yaşar Əhmədovun qəbrini ziyarət ediblər. Sonra qonaqlar Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kənd tam orta məktəbində Gənclərin çağırışaqədərki hazırlığı dərslərini izləyiblər. Şagirdlər hərbi avadanlıq və silah-sursatla davranış bacarıqlarını nümayiş etdiriblər.
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Elxan Əliyev şagirdlərin hərbi hazırlıq dərsinə ciddi münasibət bəslədiklərini deyib: “Şagirdlər bir sıra silahlar və hərbi avadanlıqlar haqqında məlumatları, onlardan necə istifadə etməyi öyrənməyə böyük həvəs göstərirlər. Bu dərsdə istər oğlanlar, istərsə də qızlar fəal iştirak edirlər”.
Məktəbin direktoru Dilqəm Məmmədov bildirib ki, təhsil müəssisəsində 412 şagirdin təlim-tərbiyəsi ilə 44 nəfər müəllim məşğul olur. Məktəbi bitirmiş məzunlardan 24 nəfəri Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizədə həlak olub. Müntəzəm olaraq düşmən tərəfindən atəşkəs pozulsa da, bu şagirdlərin dərsə davamiyyətinə ciddi təsir etmir və təhsil müəssisəsi normal fəaliyyət göstərir.
Rəhbərlik etdiyi məktəbin uğurlarından söz açan D.Məmmədov ötən tədris ilində məzunların 20 faizdən çoxunun yüksək bal toplayaraq müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə, o cümlədən də hərbi ali məktəblərə qəbul olunduğunu söyləyib. Təsadüfi deyil ki, təhsil müəssisəsinin məzunları arasında 36 hərbiçi vardır.
Bütün bunlara baxmayaraq kənd sakinləri əzmkarlığını itirmir, şəxsi təhlükəsizlik qaydaları çərçivəsində normal həyat və fəaliyyətlərinə davam edirlər.
Daha sonra media nümayndələri Çaylı kəndindəki Elşən Cəfərov adına 2 saylı tam orta məktəbdə olublar. Məktəbin girişində tədris ocağının şəhid olmuş 29 nəfər məzunu haqqında məlumat verilib.
Məktəbin direktoru Abbas Carçıyev bildirib ki, təhsil müəssisəsi cəbhəyanı ərazidə yerləşdiyi üçün şagirdlərdə hərbi hazırlıq vəziyyəti yüksəkdir: “Şagirdlərdə vətənpərvərlik hissləri yüksək olduğundan onlar hər an torpaqlarımızı azad etməyə hazır vəziyyətdədirlər. Bununla yanaşı, təhsillərində də yüksək nəticələr nümayiş etdirirlər. Hər il məktəbin bir neçə məzunu 500-600-dən çox bal toplayaraq ali məktəblərə daxil olurlar”.
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi 66 yaşlı Yusif Qocayev məktəblilərin hərbi biliklərə sonsuz maraq göstərdiklərini qeyd edir: “31 ildir bu məktəbdə dərs deyirəm. Bundan sonra da hər zaman gənclərin hərbi hazırlığı işində yaxından iştirak etməyə hazıram. Çünki mən şagirdlərimizin hər birində orduya olan həvəsi, onlarda olan ruh yüksəkliyini görürəm”.
Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə KİV nümayəndələrinin cəbhəyanı yaşayış məntəqələrinə ikigünlük səfəri başa çatıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl