SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı bugün Nazirliyə daxil olmuşdur.
Təhsil Nazirliyi təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaqdır. Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatçılığa əsas yoxdur. Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaqdır.
08/07/2015 16:52
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarovun Goranboy rayonunda keçirilmiş qəbulu zamanı təhsil müəssisələrinin fəaliyyətində yol verilmiş nöqsanlarla bağlı daxil olmuş bir sıra müraciətlər operativ araşdırılıb və müvafiq tədbirlər görülüb.
Belə ki, dövlət qulluqçusunun vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirmədiklərinə görə, Göygöl Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayevə, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynova, Samux RTŞ-ın baş mühasibi Ərəmxan Məmmədova töhmət verilib. Həmçinin, Samux rayonu Sərkar kənd tam orta məktəbin direktoru Esmira Həsənova üzərinə düşən öhdəlik və vəzifə funksiyalarını kobud şəkildə pozduğuna görə, onunla bağlanmış əmək müqaviləsi ləğv edilib. Göygöl rayonu Əlimədədli kənd ümumi orta məktəbin direktoru Abduşükür Mustafayev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd tam orta məktəbinin müəllimi Zabitə Zeynalovanın əmək hüquqlarını pozduğuna görə, təhsil müəssisəsinin direktoru Ulduz Mayılovaya töhmət verilib. Göygöl rayonu 4 nömrəli tam orta məktəbdə nöqsanlar aşkar olunduğuna görə, direktor Aişə İsgəndərovaya, direktor müavinləri Sabir Qafarova və Durna Quliyevaya RTŞ tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Təhsil Nazirliyi tərəfindən vətəndaşların müraciət və şikayətlərinin bundan sonra da operativ araşdırılması və müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
08/07/2015 16:52
“Şagirdlər yay tətilində kitaba qapanmamaq şərtilə ondan uzaq düşməməlidirlər”
Artıq yarım aydan çoxdur ki, şagirdlər yay tətilindədirlər. Bildiyiniz kimi, onların tətil müddəti 3 ay yarımdır. Tətil müddətinin bu qədər uzun olmasına təhsil işçilərinin münasibəti isə birmənalı deyil. Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbin direktoru Yuliya Kərimovanın sözlərinə görə, müasir təhsil sistemləri fasiləsiz təhsil və ya ömürboyu öyrənmə paradiqması (təməl şərt) çərçivəsində inkişaf edir: “Bu o deməkdir ki, hər bir şəxs daima oxuyur, özünün inkişafı üçün çalışır, dayanmadan yenilikləri izləyir, biliklərini dərinləşdirir, tətbiq edir, yeni təcrübə toplayır və s. Artıq bu, tək təhsil sisteminin prioriteti yox, cəmiyyətin özünün prioritetidir. Ona görə də təhsil müəssisələri çalışır ki, bu tələbatı ödəsinlər. Bu məqsədlə çoxlu sayda yay məktəbləri, müxtəlif kurslar təşkil olunur və s.” ABŞ təhsil sistemində müşahidə etdiklərini dilə gətirən Yuliya Kərimova bunları dedi: “Mən ABŞ-da olanda gördüm ki, balaca uşaqlar artıq may ayında bilirlər ki, yay tətilini necə keçirəcəklər, hansı müəllimin yanına gedəcəklər, hansı kitab klublarına yazılacaqlar. Bundan başqa, onların demək olar ki, hamısının oxumaq üçün kitab siyahıları var idi”. “Uzunmüddətli tətillərin tərəfdarı deyiləm” Müsahibimiz onu da bildirdi ki, uzunmüddətli tətillərin tərəfdarı deyil: “Mən uzun tətillərin tərəfdarı deyiləm. Müşahidələrim əsasında bu qənaətə gəlmişəm ki, bizim cəmiyyətdə uşaqların erkən yaş dövrlərində valideynlər onların əyləncələrinə daha çox diqqət yetirirlər, nəinki inkişafına və təhsilinə. Cəmiyyətin bu məsələyə yanaşması isə belədir: “Qoyun uşaqlar uşaqlıqlarını yaşasınlar”. Bəyəm, kitab oxumaq, onu müzakirə etmək, müxtəlif kurslara, dərnəklərə getmək uşaqlığa aid deyil?” Yuliya xanım onu da qeyd etdi ki, Azərbaycan ailələrində mütaliə mədəniyyəti zəifdir: “Əgər ailələrdə kitab oxumağa vaxt ayrılmırsa, bu, təhsil sisteminə təsirsiz ötüşmür”. Müsahibimizin sözlərinə görə, tətillər il ərzində bərabər paylanılsa, daha yaxşı olar: “Hesab edirəm ki, yay tətilləri 6-7 həftə olsa kifayət edər”. O, dünya təhsil sistemində yay tətilləri ilə bağlı apardığı araşdırmanın nəticələrini də bizimlə bölüşdü: “Almaniyada şagirdlərə verilən yay tətili 6 həftədir. Amma bu qısa tətil tədris ili ərzində kompensasiya olunur. Belə ki, payız, qış və yaz tətilləri kifayət qədər uzundur. Avstriyada isə tədris ili sentyabrın ilk bazar ertəsi başlanır, iyun ayının sonuncu cümə günü isə bitir. Böyük Britaniya məktəblərində yay tətili 6-9 həftədir. Tədris ili 3 trimestrə (üçaylıq dövr) bölünür və hər bir trimestr arasında eynimüddətli tətil verilir. Bundan başqa, tədris ili 195 gün müəyyən olunub. Özəl məktəblərdə isə bu müddət 175 gün də ola bilər. Şimali İrlandiyada tədris ili sentyabrın əvvəlindən başlayıb, iyulun ortalarına kimi uzanır”. Y. Kərimovadan onu da öyrəndik ki, Yaponiyada da məktəblilərə verilən tətillər tədris ili daxilində paylanılır: “Yaponiyada tədris ili 200 gündür. Tədris ili 3 trimestrə bölünür. 1-ci trimestr aprelin 1-də başlayır və iyulun sonunda bitir. Bundan sonra şagirdlərə 6 həftəlik tətil verilir. Bu, havadan asılıdır. Belə ki, çox isti olmayan vilayətlərdə həmin tətilin müddəti 4 həftə olur. 2-ci trimestr sentyabr-dekabr aylarını əhatə edir. Sonra 2 həftəlik tətil verilir. 3-cü trimestr isə yanvar-mart aylarını əhatə edir. Bundan sonra da 1 həftəlik tətil verilir və yeni tədris ili başlayır. Gördüyünüz kimi, tətil günlərinin tədris ili ərzində paylanılmasına daha çox üstünlük verilir. Cənubi Koreyada isə tədris ili martın 2-də başlayır və iyulun ortalarına kimi uzanır. Yay tətilləri iyulun ortasından avqustun sonuna kimidir. 2-ci semestr avqustun sonunda başlayır və fevralın sonuna kimi uzanır. Dekabrın sonundan yanvarın sonuna kimi yeni il tətilləri verilir. Fevralda 2 həftə tədris, 2 həftə isə tətil günləridir. Martda yeni tədris ili başlayır. Finlandiyada tədris ili avqustun ortasında başlayır və iyunun əvvəlində bitir. ABŞ-da isə ştatlarda tətil günləri fərqlidir. Amma ümumi yanaşma belədir ki, məktəblərdə tədris ili avqustun sonu başlayır, iyunun ortası bitir. Universitetlərdə isə tədris ili avqustun son həftəsi və ya sentyabrın ilk həftəsi başlayıb, may ayının əvvəli bitir. Daha sonra imtahanlar başlayır”. “Yay tətillərinin uzunmüddətli olması aqrar epoxasından gələn tendensiyadır” “Gördüyünüz kimi, yanaşmalar fərqlidir”, - deyən Yuliya Kərimova əlavə etdi ki, yay tətillərin uzun olması və tədris ili ərzində qısamüddətli tətillərin verilməsi sistemi yalnız postsovet ölkələrində tətbiq olunur. O bunun səbəblərini belə izah etdi: “Bəzi tədqiqatçılar deyir ki, sənaye dövründə uzun yay tətillərinin olması aqrar epoxasından gələn tendensiyadır. Çünki aqrar dövründə uşaqlar tarlalarda işləyən valideynlərinə kömək edirdilər. Ona görə dövlət tərəfindən qurulan təhsil sistemi buna uyğunlaşmağa çalışırdı. Sənaye əsrində isə bu yanaşma bir qədər dəyişib. Artıq sənaye ölkələri tədris ilində şagirdlərə veriləcək tətillərin bərabər bölünməsinə üstünlük verirlər”.
08/07/2015 16:52
İyunun 19-da Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, YUNİSEF və BP-nin iştirakı ilə “Təhsil sahəsində tərəfdaşlar” adlı layihənin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə prezidenti Qordon Birel, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard və digər qonaqlar iştirak ediblər. Qeyd edək ki, layihə çərçivəsində yeni, yüksək effektivliyə malik hərtərəfli, “uşaqların mənafeyini düşünən” məktəb modelləri hazırlanacaq. Həmin məktəblərdə erkən dövrdə inkişaf, inkluziv təhsil, fəlakət riskinin azaldılması, sanitariya və gigiyena sahələrində müxtəlif nümunəvi modellər hazırlanaraq sınaqdan keçiriləcəkdir. Həmçinin, yaradılması nəzərdə tutulan Ailə Təhsil Mərkəzləri vasitəsilə bir sıra zəruri sosial xidmətlər ailələrə çatdırılacaqdır. Layihəyə uyğun olaraq, infrastrukturun inkişafı, kurikulumların ehtiyaclara uyğunlaşdırılması, normativ-hüquqi bazanın təhlilinin aparılması və digər zəruri dəyişikliklərin edilməsi də nəzərdə tutulub. Mərasimin sonunda Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və YUNİSEF arasında “Təhsil sahəsində tərəfdaşlar” layihəsi çərçivəsində əməkdaşlığa dair birgə Fəaliyyət Planı imzalanıb.
08/07/2015 16:52
Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı
10 - 13 iyun 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı. Nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərsiniz. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş “Müraciət forması”nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcəkdir. Qeyd: • Yuxarıdakı məlumatları şəxsi “Buraxılış vərəqi”nizdən əldə edə bilərsiniz. • Üç dəfədən artıq yalnış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır. Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri
08/07/2015 16:52
İyunun 20-də Təhsil Nazirliyinin təşəbbüsü ilə Şəki şəhərində “Fənn kurikulumunun tətbiqi: yeni yanaşmalar və perspektivlər” mövzusunda konfrans-müşavirə keçirilib.
Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz rayonlarının təhsil şöbə müdirləri, müəllimlər, metodkabinet rəhbərləri, valideynlər, Azərbaycan Müəllimlər İnstitutunun Şəki və Zaqatala filiallarının tələbələri, təhsil ekspertləri və təlimçilərin iştirak etdiyi tədbirə qatılmaq üçün Təhsil Nazirliyinin məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, həmçinin 50-dək kütləvi informasiya vasitəsinin nümayəndəsi rayona səfər edib. Konfransda nazirliyin şöbə müdiri Aydın Əhmədov ümumtəhsil sahəsində həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib, yeni fənn kurikulumlarının təhsildə bir istiqamət olduğunu vurğulayıb. Ekspert Asif Cahangirov isə təhsildə yeni yanaşmalar mövzusunda məruzə ilə çıxış edib. Nazirliyin sektor müdiri Cəsarət Valehov Bakı məktəblərində işləyən müəllimlər üçün keçirilən sınaq qiymətləndirmə barədə məlumat verərək onun yaxın zamanlarda bölgələri də əhatə edəcəyini bildirib. Cəsarət Valehov belə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə də danışıb və burada məqsədin dialoq mühiti yaratmaqdan ibarət olduğunu deyib. Tədbirdə təlimçilərin təqdimatları dinlənilib, kurikulum islahatlarına dair müzakirələr aparılıb. Müəllimlər kurikulumun tətbiqi prosesində qarşıya çıxan məsələlər, ümumilikdə, təhsildə baş verən yeniliklər barədə fikirlərini açıqlayıblar. Qax şəhər 4 nömrəli məktəbin müəllimi Nurlanə Əzimova kurikulumlarla bağlı müəllimlər üçün keçirilən kursların müddətinin uzadılmasını təklif edib. Təlimçi Rubail Əfəndiyeva da kursların davamlı olmasına tərəfdar olduğunu bildirib. Qax şəhər 1 nömrəli məktəbin müəllimi Mədinə Heydərova isə təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsini, həmçinin müəllimlərin İKT biliklərinin artırılması üçün səylərin artırılmasını vacib hesab edib. Müzakirələrdə çıxış edən Oğuz rayon 2 saylı məktəbin direktor müavini Təranə Zəkəriyyəyeva, Qəbələ rayon təhsil şöbəsinin metodkabinet rəhbəri Arifə Bayramova, Zaqatala rayon Humanitar Kollecin müəllimi İradə Əlizadə, AMİ-nin Şəki filialının metodkabinet rəhbəri Əsmayə Əkbərova və digərləri təhsil sahəsində baş verən yenilikləri müsbət qiymətləndirdiklərini vurğulayıblar. Onların fikrincə, gözlənilən nəticələrə çatmaq üçün müəllimlərin bu sahədə maarifləndirilməsi işləri davamlı olmalıdır. Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova belə tədbirlərin böyük əhəmiyyəti olduğunu qeyd edərək müəllimlərlə maarifləndirici görüşlərin tez-tez keçirilməsini arzuladığını deyib. Müzakirələrdən sonra media nümayəndələri 100-dən artıq yaşı olan ümumtəhsil məktəblərinin tanıdılması kampaniyası çərçivəsində bölgənin ən qədim məktəbi olan, 1831-cü ildən fəaliyyət göstərən Şəki şəhər 5 nömrəli tam orta məktəblə tanış olublar. Məktəbdə həmin tədris ocağının yetirməsi, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovla görüş keçirilib.
08/07/2015 16:52
Noyabrın 17-də Bakı Dövlət Universitetində Beynəlxalq Tələbə Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə paytaxtın müxtəlif ali məktəblərində təhsil alan 500-ə yaxın tələbə, habelə professor-müəllim heyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, bu gün həm tələbələr, həm də müəllimlər üçün tarixi bir gündür. Rektor bu tədbirin ölkəmizin bütün ali məktəblərində təntənəli şəkildə qeyd olunduğunu vurğulayaraq Beynəlxalq Tələbə Gününün yaranma tarixindən söz açıb. Milli Dirçəliş Günü və Beynəlxalq Tələbə Günü münasibətilə tələbələri təbrik edən təhsil naziri Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin gənclər siyasəti və onlara qayğısından söz açaraq bildirib ki, ölkəmizdə təhsil daim inkişaf edir, müasir məktəblər tikilir və yeni təhsil strategiyası tətbiq olunur. Möhtərəm Prezidentimizin bu sahəyə diqqət və qayğısından bəhs edən nazir təhsillə bağlı olduqca əhəmiyyətli fərman və sərəncamların imzalandığını, Dövlət Proqramlarının uğurla həyata keçirildiyini qeyd edib. Azərbaycan gəncləri qarşısında duran bir sıra ümdə vəzifələrə toxunan Misir Mərdanov onların müasir informasiya texnologiyalarından istifadə imkanlarına yiyələnmələrinin və dünya təcrübəsindən bəhrələnmələrinin zəruriliyini vurğulayıb. Misir Mərdanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gəncləri həmişə yüksək qiymətləndirdiyini, onlarla mütəmadi olaraq görüşdüyünü, qabiliyyət və bacarıqlarına xüsusi dəyər verdiyini bildirib. Nazir bu siyasətin hazırda dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsini, tələbələrə adlı təqaüdlərinin verilməsini, gənclərin xarici ölkələrə ali təhsil almağa göndərilməsini buna nümunə olduğunu bildirib. Təhsil naziri eyni zamanda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işləri diqqətə çatdırıb. Bayram tədbirində Milli Məclisin üzvü Rəbiyyət Aslanova çıxış edib. Tədbir ali məktəb tələbələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzi yarışlarda növbəti uğurları ilə fərqlənib.
Qəbələ İcra Hakimiyyəti ilə “Qəbələ” İdman Klubunun uşaq və yeniyetmələr arasında təşkil etdiyi cüdo üzrə açıq turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri komanda hesabında fəxri kürsünün ilk pilləsinə çıxıblar. Yerli “Qəbələ” İdman Klubunun təmsilçiləri medal sayına görə ikinci yerə sahib olublar. Zaqatala rayonunun komandası isə III yerlə kifayətlənib. Ümumilikdə, yarışda 187 cüdoçudan ibarət 17 komanda mübarizə aparıb. Turnirdə “Təhsil” Respublika İdman Mərkəzinin 13-16 yaşlı idmançılarından Murad Abuşov (38 kq), 11-12 yaşlı uşaqlar arasında Təyyub Abdullayev (27 kq), Nahid İsmayılov (34 kq), Murat Əlizadə (46 kq), Mətin Rzazadə (42 kq), 7-10 yaşlılar arasında Nicat Vəliyev (30 kq) , Məhəmməd Hacılı (25 kq), İbrahim Paşayev (+42 kq) I pillənin sahibi olublar.
08/07/2015 16:52
İyunun 21-də Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərdən ibarət komandalar və onların rəhbərləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran müvafiq məsələləri aydınlaşdırmaqdan ibarətdir. Qeyd edək ki, hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcəkdir. Beynəlxalq olimpiadalar müvafiq olaraq, riyaziyyat üzrə 3-13 iyul 2014-cü il tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul 2014-cü il tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul 2014-cü il tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul 2014-cü il tarixində İndoneziyada və informatika üzrə 13-20 iyul 2014-cü il tarixində Tayvanda təşkil olunacaqdır. Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini qeyd edib. Nazir müavini beynəlxalq olimpiadalarda iştirak edəcək şagirdlərin həmin bilik yarışlarında Azərbaycanı təmsil edəcəyini bir daha xatırladaraq, onların uğur qazanacağına və yüksək nəticələr əldə edəcəyinə ümid bəslədiyini bildirib. Sonda tədbirdə iştirak edən mütəxəssislər çıxış edərək şagirdlərin beynəlxalq olimpiadalara hazırlaşması üçün Təhsil Nazirliyi tərəfindən yaradılan şəraiti yüksək dəyərləndiriblər.
08/07/2015 16:52
1 iyul 2014-cü il tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (Xan Şuşinski küçəsi, 17) Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı şəhərinin ümumi təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaqdır.
Qəbul zamanı seçim məqsədi ilə Bakı şəhərinin ən yaxşı məktəbləri barədə ətraflı məlumat veriləcəkdir. Azərbaycanda ilk dəfə olaraq dövlət ümumtəhsil məktəbləri arasında Beynəlxalq Bakalavriat Proqramının (BBP) tətbiq edildiyi 6 nömrəli məktəb-lisey yeni tədris ili üzrə ingilis bölməsinə şagird qəbulu elan edir. Tədris ingilis dilində olan Beynəlxalq Bakalavriat Proqramı (www.ibo.org) çərçivəsində təhsil bir neçə mərhələyə - PYP-ibtidai, MYP-V-IX siniflər, DP-diplom proqramı X-XI siniflər üzrə bölünür. Ibtidai və diplom proqramı üzrə təhsilin tətbiq olunduğu 6 nömrəli məktəb-liseydə bu ildən etibarən MYP-V-IX siniflər üzrə də qəbul aparılacaqdır. Təhsil müəssisəsini bitirən məzunlara BBP diplomu ilə bərabər, Azərbaycanın ümumtəhsil məktəblərinin məzunlarına verilən sənəd – attestat da təqdim olunur. BBP diplomu alan məzunlar dünyanın 130-dan çox ölkəsinin ən nüfuzlu universitetlərinə qəbul olunmaq hüququ qazanırlar. Təhsil müəssisəsində BBP çərçivəsində xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Məktəb-lisey MDB ölkələri üzrə BBP Məktəbləri Assosiasiyasının üzvüdür. 6 nömrəli məktəb-liseydə tətbiq olunan kurikulum milli kurikuluma inteqrasiya olunub. Təhsil müəssisəsinə sənədlərin qəbulu və müsahibə prosesi 27 iyun 2014-cü il tarixindən -15 iyul 2014-cü il tarixinədək həftənin I-V günləri saat 09:00-dan 13:00-dək aparılacaqdır.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı