• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Futbol üzrə ali təhsil müəssisələri arasında keçirilən “Təhsil Kuboku” yarışının 1/4 mərhələsinin oyunları başa çatıb.

29 ali məktəbin futbol komandalarının mübarizə apardığı Kubokun finalına 2 komanda çıxıb. Bunlar Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasıdır. 3-cü və 4-cü yerlər uğrunda Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft Akademiyası mübarizə aparacaqlar. Final oyunu mayın 28-də “Bayıl Arena” stadionunda keçiriləcək. Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” çərçivəsində oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda baş tutub. “Təhsil Kuboku” futbol yarışını keçirməkdə məqsəd tələbələr arasında futbolun kütləviliyini artırmaq, Azərbaycanın tələbə yığma komandasını formalaşdırmaq, Avropa, dünya çempionatlarında və beynəlxalq turnirlərdə tələbələrdən ibarət futbol komandalarının iştirakını təmin etməkdir.  İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunacaq və onlara hədiyyələr veriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edəcək. 

Noyabrın 16-da Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrin “Konstitusiya günü”nə həsr olunmuş 58-ci elmi-texniki konfransı öz işinə başlayıb.

Konfransdan öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin akademiyanın girişindəki büstünün qarşısına gül dəstələri qoyublar. Tədbiri giriş sözü ilə ADNA-nın rektoru Siyavuş Qarayev açaraq bugünkü konfransın əhəmiyyətindən, tələbə elmi cəmiyyətinin akademiyadakı fəaliyyətindən və elmi-tədqiqat işlərinə cəlb olunan tələbələrin işindən ətraflı danışıb. Konfransda iştirak edən təhsil naziri Misir Mərdanov bildirib ki, ötən illərdə olduğu kimi, 2009-cu il də ölkə rəhbərliyinin elm və tədrisin inkişafına yönəlmiş mühüm qərarları ilə yadda qalacaq. Nazir təhsil işçilərinin və tələbələrin ümdə borcunun ölkə rəhbərliyinin diqqət və qayğısına cavab olaraq, səylə çalışmaq, tədrisdə, təhsildə və elmi-tədqiqat işlərində yeni uğurlar əldə etmək olduğunu qeyd edib. Misir Mərdanov akademiyanın professor-müəllim heyətini və tələbələri konfrans münasibətilə təbrik edib, uğurlar arzulayıb. Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarından AMEA-nın Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İbrahim Quliyev, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, tələbələrdən Mehriban Məlikova, Kamal Quliyev və başqaları çıxış ediblər. Konfrans öz işini ayrı-ayrı bölmələr üzrə davam etdirəcək.

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyasının üzvləri Müasir İncəsənət Muzeyində “Bizim rəngarəng dünyamız” mövzusunda rəsm sərgisi təşkil ediblər.

Tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Sərgidə “Rəsm” studiyasının 5-18 yaşlı dərnək üzvlərinin rəsm işləri nümayiş etdirilib. Dərnək üzvləri arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar da var. Rəsm işləri milli üslubda olan kompozisiyalar, təbiət rəsmləri, sualtı aləm, nağıllara illüstrasiyalar və s. kimi mövzularda çəkilib. Peyzaj, miniatür, qrafika, abstrakt, portret və batika kimi janrlarda çəkilən rəsmlər sulu boya, akvarel, quaş, pastel, tuş, akril ilə işlənib. Sərgini giriş sözü ilə Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti açaraq tədbirin yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qonaqlar gənc rəssamlara yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıblar.  Tədbirdə mərkəzin “Çiçəyim” uşaq teatr studiyasının üzvləri Nərmin Abdullayevanın müəllifi olduğu geyim kolleksiyasını nümayiş etdiriblər. Gənc rəssamlar isə qonaqları sərgidəki rəsm əsərləri ilə ətraflı tanış edərək onların çoxsaylı suallarını cavablandırıblar.

Mayın 28-də “Bayıl Arena” stadionunda Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATTF) birgə təşkilatçılığı ilə keçirilən “Təhsil Kuboku” uğrunda futbol yarışının final mərhələsi keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandaları arasında  final görüşü başlayıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb. Hakimlərin qərarı ilə ayrılmış əlavə vaxtda da qalibi müəyyən etmək  mümkün olmayıb. Qapılara təyin edilmiş 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandası 4:1 hesabı ilə Bakı Dövlət Universitetinin komandasına qalib gələrək  yarışın qalibi olub. Aprelin 5-dən başlayaraq 29 ali məktəbin futbol komandaları arasında keçirilən futbol yarışının nəticələrinə görə,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası I yerə -“Təhsil Kuboku”na layiq görülüb. Bakı Dövlət  Universitetinin futbol komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası III,  Azərbaycan Dövlət Neft Akademiyasının komandası isə IV yeri tutub.  Daha sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyi, ATTF, AFFA rəsmilərinin  və idman ictimaiyyətinin  nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandasına “Təhsil Kuboku” təqdim edilib. İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub və onlara hədiyyələr verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edib.

Mayın 29-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin nümayəndələri, festival iştirakçıları və digər qonaqlar iştirak ediblər.              Qaliblərə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomları verilib, həmçinin qiymətli hədiyyələr təqdim olunub. Artıq bir neçə ildir ki, ənənəvi olaraq, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir. Festivalın keçirilməsində məqsəd tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənətin və mədəniyyətin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır. Festivalda Təhsil Nazirliyi sistemindəki ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq kollektivləri, xor, xalq çalğı alətləri ansamblları, tək ifaçılar, aşıq musiqisi ifaçıları, müğənni, rəqqaslar, bədii qiraətçilər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr edilmiş builki festivalda Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Univeriteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universitetinin bədii özfəaliyyət kollektivləri iştirak edib. Münsiflər heyəti festivalda iştirak edən kollektivlərin və tək ifaçıların arasından 33 qalib və 22 fəal iştirakçını müəyyənləşdirib. Festivalın yekun konserti mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında qaliblərin iştirakı ilə baş tutub. Konsertdə Təhsil Nazirliyinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Bəstəkarlar İttifaqınin rəhbər şəxsləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bu il XI sinifləri 86797 şagird bitirəcək.

Təhsilimizdə iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü tədris ili başa çatır. Bu münasibətlə bu gündən başlayaraq bütün tədris ocaqlarında məzunlara ən kövrək anlar yaşadacaq və onların yaddaşında ömürlük qalacaq "Son zəng" tədbirləri keçiriləcək. Məktəb həyatına əlvida deyəcək gənclər doğma, əziz müəllimlərindən son məsləhət və tövsiyələr eşidəcək, müstəqil həyatlarının astanasında onlara ünvanlanmış təbrikləri qəbul edəcəklər. Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək. Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq. 2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdir. Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.  “Azərbaycan müəllimi” qəzeti

Valideynlər müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı nə düşünürlər?

 Hazırda icra mərhələsində olan Təhsil Nazirliyinin müəllimlərin sınaq qiymətləndirilməsi barədəki layihəsi geniş ictimmaiyyət arasında güclü rezanons doğurub. Müxtəlif kollektivlərdə, xüsusən də tədris ocaqlarında mövzu ətrafında müzakirələr gedir, tanınmış təhsil ekspertləri, mütəxəssislər yeniliyə münasibət bildirirlər. Təhsil ekspertləri və mütəxəssislər tərəfindən müsbət qarşılanan, dəyərləndirilən və dəstəklənən bu məsələ - müəllimlərin sınaq qiymətləndirilməsi barədə bəs valideynlər nə düşünürlər? Sualımıza cavab almaq üçün bir neçə valideynlə görüşüb onların fikirlərini öyrəndik. Aşağıda cavabları təqdim edirik.     "Müəllimlərin sınaq qiymətləndirilməsini doğru addım hesab edirəm"   İradə ƏLİYEVA   - Mənim iki nəvəm Bakıdakı 23 nömrəli məktəbin III və X siniflərində oxuyur. Bütün valideynlər kimi mən də nəvələrimə peşəkarlıq səviyyəsi yüksək olan, təlim prosesini müasir tələblər səviyyəsində quran, yenilikləri öz iş təcrübəsində tətbiq etməyi bacaran qabiliyyətli müəllimlərin dərs deməsini arzulayıram. Çünki övladlarımızın gələcəyi, həyatda tutacaqları mövqe məhz orta məktəb müəllimlərindən asılıdır. Buna görə də müəllimlərin sınaq qiymətləndirilməsini çox doğru addım hesab edirəm. Mən də müəlliməm. Müəllimlərin əməyi danılmazdır. Ona görə də hesab edirəm ki, sınaqdan sonra zəif nəticə göstərmiş müəllimlərin gözdən düşməsi, işlərinin yarıtmaz sayılması düzgün yanaşma olmazdı. Əsas məsələ odur ki, hər bir müəllim öz zəif cəhətlərini biləcək, çətinlik çəkdiyi sahələr haqqında müəyyən məlumatı olacaq və yəqin ki, gələcəkdə bu çatışmazlıqları aradan qaldırmaq üçün təkmilləşməyə çalışacaq, öz peşəkarlığı ilə fərqlənən həmkarlarının səviyyəsinə çatmağa can atacaq. Fikrimcə, müəllimlər müntəzəm olaraq treninqlərdən keçməli, təhsil sahəsində baş verən yeniliklərdən xəbərdar olmalı, qabaqcıl iş təcrübələri ilə tanış olmalıdırlar. Müəllimlərin peşəkarlığının artmasında "açıq dərs"lər mühüm əhəmiyyət kəsb edir. Belə dərslər, hazırda olduğu kimi, müəllimlərin istəyindən asılı olmayaraq, tez-tez təşkil edilməlidir. Bütün bu prosesləri məktəb rəhbərliyi nəzarətində saxlamalı və tənzimləməlidir.        "Qiymətləndirmə hər bir müəllim üçün çox böyük əhəmiyyət kəsb edir"     Qabil HÜSEYNOV    - Düşünürəm ki, sınaq qiymətləndirmə hər bir müəllim üçün çox böyük əhəmiyyət kəsb edir. Təhsilin keyfiyyətinin yüksəlməsində maraqlı tərəf kimi bu biz valideynlər, son nəticədə isə övladlarımız üçün daha çox faydalı olacaq. Belə ki, müəllimlər zəif cəhətləri haqda məlumat əldə edəcək və öz üzərlərində işləməyə məcbur olacaqlar. Bu amil müəllimlərin əksəriyyətinin peşəkarlıq səviyyəsinin yüksəlməsinə və gələcəkdə keçiriləcək attestasiyada daha yaxşı nəticələr əldə edilməsinə səbəb olacaq. Müəllimlərin qiymətləndirilməsindən danışarkən bir məsələyə də toxunmaq istərdim. Son vaxtlar müəllimlərin əməkhaqqının az olmasından, maddi durumunun aşağı olmasından çox danışılır. Bildiyimə görə, rəsmi olaraq bu qiymətləndirmənin nəticələrinə əsasən heç bir inzibati tədbir görülməyəcək. Sınaqdan alnıaçıq, üzüağ çıxanlar, pedaqoji ustalığı, qabiliyyəti, bilik və bacarığı ilə fərqlənənlər öz layiqli qiymətlərini alacaqlar. Belə müəllimlərin hər hansı bir formada rəğbətləndirilməsi digər həmkarları üçün gözəl nümunə olar və onları daha yaxşı işləməyə ruhlandırar. Yəqin ki, müəllimlərin sınaq qiymətləndirilməsindən sonra müəyyən işlər görüləcək. Təklif edərdim ki, zəif nəticə göstərən müəllimlər üçün xüsusi təlimlər təşkil edilsin. Yaxşı cəhətdən seçilənlər isə dünyanın inkişaf etmiş ölkələrində keçirilən treninqlərdə iştirak etsinlər, beynəlxalq təcrübələrdən yararlanaraq öz səriştələrini daha da artırsınlar.         "Öz işinə ciddi yanaşmayan müəllimlərin arxayınçılığına son qoyulacaq"     Tusiyə ABDULLAYEVA   - Məlum olduğu kimi, ötən il ölkə başçısının sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq olunub. Strategiyada təhsilə tam yeni baxış nəzərdə tutulub. Məhz bu baxımdan mən təhsil nazirinin müəllimlərin biliyinin qiymətləndirilməsi ilə bağlı əmrini çox düzgün qərar və vaxtında atılmış addım kimi dəyərləndirirəm. Yaxşı müəllimlərimiz həmişə olub, indi də var, gələcəkdə də olacaq. Müəllim peşəsi fədakarlıq tələb edir. Yəni heç bir maddi, mənəvi problem onun fəaliyyətinə təsir etməməlidir. Sinifdə bütün bunlar yaddan çıxmalıdır. Mənə elə gəlir ki, bu sınaq qiymətləndirmə öz işinə ciddi yanaşmayan müəllimlərin arxayınçılığına, passivliyinə son qoyacaq, onların canlanmasına səbəb olacaq. Yeri gəlmişkən, qeyd edim ki, qiymətləndirmədə balın olmamasını çox müsbət amil kimi dəyərləndirirəm. Bu çox vacib məsələdir. Çünki müxtəlif istiqamətlərdə keçiriləcək sınaq müəllimin özü üçün də yenilikdir. Qoy o, hansı məsələlərdə daha zəif olduğunu öyrənsin və ruhdan düşmədən növbəti mərhələdə - hər hansı yoxlama, sınaq, attestasiya və s. - bunu aradan qaldırmaq üçün vaxt qazansın. Mənim övladım 132-134 nömrəli təhsil kompleksində oxuyur. Mən deyə bilmərəm ki, bu gün bütün müəllimlərdən tam razıyıq. Amma valideyn kimi bir məqamı xüsusi vurğulamaq istərdim: əgər hansısa bir müəllimi gözəl pedaqoq kimi illərdən bəri tanıyıramsa, sınağın nəticəsinə görə ona münasibətim dəyişməyəcək.       "Müəllimləri hərəkətə gətirən güclü vasitə"     Həcər PAŞAYEVA   - Doğrusu, mən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı əmri haqqında eşidəndə çox sevindim. Heç kimə sirr deyil ki, bir məktəbdə çalışan müəllimlərin bilik səviyyələri, davranışları eyni deyil. Bir məktəbdə eyni fənni tədris edən bir neçə müəllim olur. Onların heç biri eyni dərsi eyni cür aparmır. Yəni öz üzərində çalışmayan, mövcud metodik ədəbiyyatlardan səmərəli istifadə etməyən müəllimlə yeniliyə can atan, hər dərsə yaradıcı yanaşan müəllim arasında fərq böyükdür. Mən övladlarımın təhsil aldığı Bakıdakı 158 nömrəli tam orta məktəbdə bunun əyani şahidi olmuşam. Oğlum Namiq Paşabəyli dərs əlaçısıdır. Tez-tez dərslərdə oturub dərsin nə dərəcədə keyfiyyətli keçməsini müşahidə edirəm. Sinif müəllimi Sərmayə Gülmalıyeva uşaqlarla elə məşğul olur ki, evdə məşğul olmağa ehtiyac qalmır. Amma müəllimlərin hamısımı belədir? Əlbəttə ki, belə deyil. Mənim fikrimcə, təhsilin səviyyəsi, keyfiyyəti bilavasitə müəllimdən, onun səviyyəsindən asılıdır. Müəllimin səviyyəsini üzə çıxaran attestasiya, yoxlama qiymətləndirilməsi uzun illər aparılmadığından müəllimlər arasında bir arxayınlıq, passivlik yaranıb. Onların heç də hamısı öz üzərlərində müntəzəm çalışmağı, bilik və bacarıqlarını təkmilləşdirməyi lazım bilmir. Bundan isə təhsilimiz, övladlarımız ziyan çəkir. Sınaq qiymətləndirmə məhz belələrini hərəkətə gətirmək üçün güclü vasitə olacaq, onları öz üzərlərində işləməyə sövq edəcəkdir. Əlbəttə, yaxşı müəllimlərimiz də çoxdur və mən əminəm ki, onlar sınaq qiymətləndirməsindən yüksək nəticələrlə çıxacaq. Mən çox istərdim ki, sınaq qiymətləndirməsinin nəticələri təkcə məktəblərə deyil, geniş ictimaiyyətə də açıqlansın. Çünki biz valideynlər həmişə yaxşı məktəb, yaxşı müəllim axtarışında oluruq. Belə halda yaxşı məktəb və müəllimi tapmaq bizim üçün də asan olar, axı yaxşı müəllim və məktəb seçmək bizim haqqımızdır.         "Sınaqdan uğurla çıxmış müəllim sinfə qürurla girəcək"     Şərəf CƏLİLLİ    - Respublikamız müstəqillik qazandıqdan sonra təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində bir sıra uğurlar əldə olunub. Mən inanıram ki, təhsildə növbəti bir yenilik- müəllimlərin sınaq qiymətləndirilməsi onların intellektual potensialının, eyni zamanda təhsilimizin inkişafı üçün bir təkan rolunu oynayacaq. Aydındır ki, hər bir məsələyə müxtəlif aspektlərdən yanaşmaq olar. Mənim qiymətləndirmə ilə bağlı mövqeyimə gəlincə, bu tədbirin bəzilərinin fikirləşdiyi kimi, "pisləri" müəyyən etmək məqsədilə həyata keçiriləcəyini düşünmürəm. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya hər hansı başqa ali təhsil müəssisəsini bitirərək sinif otaqlarına buraxılmış müəllimlərin əməyini, savadını, bilik səviyyəsini danmaq tamamilə yanlış bir yanaşmadır. Çünki hər müəllim müəyyən bir səviyyəyə malikdir. Bu sınaq isə, sadəcə, onların ayrı-ayrı istiqamətlər üzrə bacarıq və səriştələrini, mənəvi keyfiyyət və psixoloji durumlarını ortaya qoymaq şansı yaradacaq. Sınaqdan uğurla çıxan müəllim özünü təsdiq edərək sinfə ürəklə, qürurla girəcək. Şagirdlərinin ona inamı artacaq. İnam olan yerdə isə mütləq nailiyyət də, inkişaf da olur. Mən əminəm ki, əsl müəllimə xas olan bütün keyfiyyətlərə, müəllim adına layiq olanlar bu sınaqdan mütləq üzüağ çıxacaq, böyük uğur qazanacaq. Ola bilər ki, belə müəllimlərdən bəziləri psixoloji cəhətdən öz qabiliyyətlərini tam göstərməkdə çətinlik çəksinlər.       "Təhsil Nazirliyinin təşəbbüsünü bəyənir və təqdirəlayiq hadisə kimi dəstəkləyirəm"     Əli KƏRİMOV   - Övladlarım Nigar və Fəxri 23 nömrəli tam orta məktəbdə oxuyurlar. Yadımdadır ki, onların hər birinin məktəb yaşı çatanda ailəmizdə çox narahatlıq yaşandı. Bir neçə ay öncədən dost-tanışla, qohumlarla məsləhətləşir, yaxşı məktəb, yaxşı müəllim sorağı ilə arayıb-axtarırdıq. Buna görə də müəllimlərin sınaq qiymətləndirilməsinin keçiriləcəyini eşidəndə çox sevindim. Fikirləşdim ki, bundan sonra valideynlər övladlarının əlindən tutub elm və bilik məbədi olan məktəblərə daha inamla daxil olacaq, onların təlim-tərbiyəsini etibar etdikləri müəllimlərin biliyindən, peşəkarlığından daha arxayın olacaqlar. Bu baxımdan Təhsil Nazirliyinin təşəbbüsünü bəyənir və təqdirəlayiq hadisə kimi dəstəkləyirəm. Bizim çox gözəl müəllimlərimiz var. Gözlərinin nurunu əridib uşaqlarımıza bilik-savad verirlər, eyni zamanda həyat yollarında müstəqil addımlamağı öyrədirlər, kamil şəxsiyyət kimi formalaşmaları üçün əllərindən gələni əsirgəmirlər. Biz onlara inanırıq. Amma inkar etmək olmaz ki, müəllimlərin hamısı eyni səviyyədə fəaliyyət göstərmir, işinə can yandırmır. Məncə, sınaq belə müəllimlərin aşkar edilməsi və onların öz işlərində dönüş yaratmasına səbəb olacaq. Məlum olduğu kimi, bu tədbir yalnız Bakının ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərə şamil edilir. Mən təklif edərdim ki, gələcəkdə mərhələlərlə bütün bölgələrin müəllimləri də bu sınaqda iştirak etsin.     "Qiymətləndirmə müəllimlərin müasir müəllimə verilən tələblərə uyğunluq səviyyəsini müəyyənləşdirəcək"     Nicat DAĞLAR   - Təhsil nazirinin müəllimlərin sınaq qiymətləndirilməsi barədəki əmri təhsil ictimaiyyəti, eləcə də biz valideynlər tərəfindən yüksək qiymətləndirilir. Çünki sınaq qiymətləndirmə, mənim fikrimcə, hazırda məktəblərdə çalışan müəllimlərin müasir müəllimə verilən tələblərə uyğunluq səviyyəsini müəyyən etməyə imkan yaradacaqdır. Yaxşı haldır ki, sınaq qiymətləndirmədə müəllimin fəaliyyətini şərtləndirən bütün cəhətləri - həm akademik bilikləri, həm metodik hazırlıq, həm də kommunikativ bacarıqları əhatə olunur. Elə müəllim var ki, ona ayrılan 45 dəqiqə ərzində vaxtdan səmərəli istifadə edə bilmədiyindən mövzunu mənimsədə bilmir. Mövzunu yüksək səviyyədə mənimsətmək üçünsə, müəllim tədrisin metodikasını mükəmməl bilməli, dərs prosesində interaktiv təlim metodlarından məharətlə istifadə etməklə keçilən hər mövzunu şagirdlərə öyrətməlidir. Bəzən ya təcrübəsizlikdən, ya da səriştəsizlikdən müəllim buna nail ola bilmir. Məncə, müəllim öyrənmək istəmədiyindən yerində sayır və nəticədə onun şagirdləri məktəbdə kifayət qədər bilik ala bilmədiklərindən repetitora üz tutmağa məcbur olurlar. Ümid edir və inanıram ki, sınaq qiymətləndirmə müəllim əməyinin səmərəliliyinin artmasına və təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi təsir edəcək. Bir neçə kəlmə də müəllimin əxlaq kodeksi barədə söyləmək istəyirəm. Təhsil ocaqlarının ümdə vəzifəsi ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməkdirsə, müəllim sinifdə, dəhlizdə, küçədə, hər hansı bir yerdə öz müsbət davranışı ilə nəinki şagirdlərinə, ümumiyyətlə, ətrafdakılara nümunə olmalıdır. Çox təəssüflər olsun ki, bunun əksi olan hallara da az rast gəlmirik. Buna görə düşünürəm ki, sınaq qiymətləndirmə zamanı müəllimlərin şəxsi keyfiyyətləri, tədris etdikləri fəndən, onların metodiki bacarıqlarından da dərin öyrənilməli və qiymətləndirilməlidir. Müəllim-şagird münasibətləri zəminində bəzi hallarda baş verən neqativ hadisələr bizi bu qənaətə gəlməyə məcbur edir.       "Valideynlərə də övladlarının müəllimlərinin bilik səviyyəsi ilə bağlı məlumat verilsin"     Fidan TAĞIZADƏ   - Biz həmişə övladlarımızın sınağa çəkilməsini, biliyinin yoxlanılmasını adi hal kimi qarşılamışıq və fikirləşmişik ki, bu belə də olmalıdır. Təlim-tərbiyə prosesində iştirak edən ikinci tərəfin - müəllimlərin səriştəsi, peşəkarlıq qabiliyyəti haqqında isə heç bir məlumatımız olmayıb. Buna görə də mən müəllimlərin sınaq qiymətləndirilməsini son dövrlərdə təhsil sahəsində həyata keçirilən ən əhəmiyyətli tədbirlərdən biri hesab edirəm. Ümumiyyətlə, hər bir insanın sahəsinin seçilən mütəxəssisi olması üçün öz üzərində daim işləməsi mütləqdir. Oxumaq, öyrənmək insana həmişə lazımdır. Xüsusən indiki dövrdə müəllim neçə il əvvəl aldığı biliklə kifayətlənirsə, öz ixtisası üzrə informasiyaları izləməyə, yenilikləri tətbiq etməyə can atmırsa, o yaxşı mütəxəssis sayıla bilməz və informasiya bolluğu əsrində müəyyən sahələrdə şagirdlərindən daha az biliyə malik olar. Mənə elə gəlir ki, sınaq qiymətləndirmə müəllimlərin hazırlıq səviyyəsinin artmasına, son nəticədə isə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bildiyimə görə, sınağın nəticələri haqqında məlumat müəllimlərin işlədiyi təhsil müəssisələrinə göndəriləcək. İstərdik ki, valideynlərə də övladlarının müəllimlərinin bilik səviyyəsi ilə bağlı müəyyən məlumat verilsin. Mən elə fikirləşirəm ki, insani, mənəvi keyfiyyətləri yüksək olan şəxs kimi tanıdığım bir müəllimə böyük hörmətlə yanaşsam da, sınaqda yaxşı nəticə əldə etməsə, övladımı ona etibar etmək istəmərəm. Çünki onların təhsili, eyni zamanda gələcəyi məhz müəllimlərdən asılıdır.     "Azərbaycan müəllimi" qəzeti

Mayın 31-də Fövqəladə Hallar Nazirliyi Təhsil Nazirliyi ilə birgə “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin sərgisini keçirib.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbirdə təhsil naziri Mikayıl Cabbarov ,fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak edib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunan sərgidə martın 15-dən mayın 10-dək məktəblilər arasında keçirilən “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsində iştirak etmiş məktəblilərin əl işləri nümayiş olunub. Qonaqlar sərgi ilə tanış olublar. Sərgi çərçivəsində müsabiqənin qalibləri elan edilib. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yumşaq oyuncaq”, “Yanğın qəza-xilasetmə texnikasının modeli”, “Şeir” nominasiyaları üzrə işlər təqdim olunub. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə müsabiqənin təşkilat komitəsinə 345 rəsm, 211 plakat, 127 əl işi, 81 model , 67 yumşaq oyuncaq, 63 şeir göndərilib. Bu işlər Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. İştirakçıların 23-ü I yer, 32-si II yer, 28-i III yeri tutub, 26 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. 2011-ci ildən keçirilən ənənəvi müsabiqədə on minlərlə məktəbli və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri fəal iştirak edirlər. Bu il təşkil olunan müsabiqənin fərqli cəhəti Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən internat məktəblərinin şagirdlərinin də bu yarışmada iştiraka cəlb edilməsi olub. Həmin məktəblərin şagirdləri müsabiqədə uğurla iştirak edərək mükafatlılar sırasına düşüblər. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılmasıdır. 

Mayın 31-də Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada “Son zəng” tədbiri keçirilib.

 Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər iştirak edib. “Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşünün formalaşdırılması olduğunu bildirib. Bu gündən məzunların həyatında yeni mərhələnin açıldığını xatırladan təhsil naziri onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb. “Son zəng” münasibətilə məzunları təbrik edən nazir onlara gələcək həyatlarında uğur və nailiyyətlər qazanmağı arzulayıb. Sonra məzunları təbrik edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bugünün hər bir insanın həyatında əlamətdar hadisə olduğunu və təhsil yolunun vacib pilləsini təşkil etdiyini qeyd edib.  Daha sonra gimnaziyanın məzun və şagirdləri çıxış edərək onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər. Mərasim gimnaziya şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Qeyd edək ki, Gimnaziya 1946-cı ildə Bakı şəhəri Abşeron rayonunun 145 nömrəli məktəbi kimi fəaliyyətə başlayıb. 1990-cı ildən isə məktəbə Təbiət Elmləri Təmayüllü Gimnaziya adı verilib. Hazırda gimnaziyada 730 şagird təhsil alır və 61 müəllim çalışır. Hər il bu məktəbin məzunlarının 94-100 faizi ali məktəblərə qəbul olur. Gimnaziya şagirdləri hər il respublika və beynəlxalq səviyyəli olimpiadalarda yer tuturlar. İki dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülən gimnaziyanın müəllimləri arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri olanlar da var. 

Təhsil Nazirliyi hazırda işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb.

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi iyun ayı ərzində aparılacaq. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının  “Müəllimlərin işə qəbulu” səhifəsində “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsahibə proqramı”, “Elektron ərizə” və “Şəxsi səhifə” bölmələri yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlər “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olub elektron ərizə (http://82.194.5.15/erize14/erizeqeyd.aspx) doldurmalıdırlar. Elektron ərizələrin qəbulu iyunun 1-dən 10-dək aparılacaq. Elektron ərizə doldurularkən məlumatların düzgünlüyü təmin edilməli, bütün vacib sahələr doldurulmalıdır. Yerdəyişmə üçün elektron ərizə verən müəllim ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər. Qarşısında (H-1) və (H-2) işarəsi olan vakant yerlər kənd məktəblərində həvəsləndirmə tədbirlərinin tətbiqi nəzərdə tutulan yerlərdir. Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra yerdəyişmədə iştirak edən müəllimlərlə müsahibə keçiriləcək, nəticələr qeydə alınacaq və proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq. Müsahibə barədə məlumatları “Müsahibə proqramı”ndan əldə etmək mümkündür.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı