SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 6-da təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərindəki Tarix Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinlərini qəbul edib.
Qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, müxtəlif səbəblərdən təhsildən kənarda qalmış məktəbyaşlı uşaqların təhsilinin davam etdirilməsi, təhsil sənədlərinin tanınması, təhsil müəssisələrində çalışmanın yaş həddi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər. 114 vətəndaşın müraciəti dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Dekabrın 9-da 18 nömrəli Bakı Peşə Liseyində Azərbaycanda ilk peşə-ixtisas təhsilinin inkişaf perspektivlərinə həsr olunmuş brifinq keçirilib.
Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, nazirliyin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və 18 nömrəli Bakı Peşə Liseyinin direktor müavini Rəsmiyyə Allahverdiyeva iştirak ediblər. İlk öncə mətbuat nümayəndələri Təhsil Nazirliyinin yerli və xarici şirkətlərlə əməkdaşlığına uyğun olaraq, Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində yaradılmış “BOSCH” Resurs Mərkəzi və “Bərbər” ixtisası üzrə müasir tələblərə cavab verən tədris emalatxanası ilə yaxından tanış olublar. Media təmsilçilərinə ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilən islahatların əsas məqsədləri barədə məlumat verilib. Brifinqi giriş sözü ilə açan Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov kütləvi informasiya vasitələri ilə əlaqələrin səmərəliliyinin artırılması üçün belə tədbirlərin vaxtaşırı keçiriləcəyini bildirib. C.Valehov Təhsil Nazirliyi tərəfindən Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində görülmüş işlər və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ilk peşə-ixtisas təhsilinin inkişafına dair nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat verib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müasir peşə mərkəzlərinin yaradılması və şəbəkənin optimallaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçiriləcəkdir. Xarici və yerli şirkətlərin iştirakı ilə nəinki Bakıda, hətta regionlarda yeni müasir tipli peşə təhsili komplekslərinin yaradılması işinin davam etdiriləcəyini söyləyən şöbə müdiri ehtiyac duyulan bütün istiqamətlər üzrə ixtisaslı mütəxəssislərin hazırlanacağını nəzərə çatdırıb. N.Məmmədov bildirib ki, ilk peşə-ixtisas təhsili müəssisələrində məzmunun təkmilləşdirilməsi ilə yanaşı, kadr potensialının gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Şöbə müdiri, həmçinin peşə məktəbləri məzunlarının işlə təminatı, əmək qanunvericiliyinə müvafiq düzəlişlərin həyata keçirilməsi ilə əlaqədar təkliflərin hazırlanması, işəgötürənlərlə əməkdaşlıq, formal peşə təhsili, peşə təhsili üzrə dünya təcrübəsi, peşə təhsilinin nüfuzunun yüksəldilməsi və digər vacib məqamlardan söhbət açıb. Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
08/07/2015 16:52
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 130 illik yubileyinə həsr olunmuş mərasim keçirilib.
Yubiley mərasimində AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, dövlət rəsmiləri, millət vəkilləri, elm adamları və mərhum akademikin ailə üzvləri iştirak ediblər. İlk öncə mərasim iştirakçıları Fəxri xiyabanda mərhum akademikin məzarı önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıblar. Sonra AMEA-nın əsas binasında görkəmli akademikin həyat və yaradıcılığını əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisinə baxış keçirilib. AMEA-nın prezidenti Akif Əlizadə giriş sözü ilə çıxış edərək tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, əməkdar elm xadimi, akademik M.Mirqasımovun şəxsiyyəti, elmi, elmi-təşkilati, pedaqoji və tibbi-nəzəri istiqamətləri özündə birləşdirən çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev akademik M.Mirqasımovun tibb elminin inkişafı sahəsindəki xidmətlərindən bəhs edib. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarının salamlayıb. Nazir qeyd edib ki, AMEA-nın ilk prezidenti, ilk azərbaycanlı alim-cərrah və əməkdar elm xadimi Mirəsədulla Mirqasımovun yubiley tədbiri ölkəmizin elm-təhsil tarixinin ən əlamətdar hadisələrindən biridir. Təhsil naziri bu günün həm də digər əlamətdar təqvimlə üst-üst düşdüyünü bildirib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev 10 il bundan əvvəl Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində «Qara qızılı insan qızılına çevirək» tezisini səsləndirməklə ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi. Bu, həm də təhsil və elmin qarşısında qoyulan yeni çağırışlar idi. Nazir M.Mirqasımovun həyatının mill-mənəvi-əxlaqi dəyərlərlə ümümbəşəri idealların vəhdətinə həsr olunduğunu nəzərə çatdıraraq deyib: “XX əsr Azərbaycan milli intibahının inkişaf xətti idi. Milli intibahın şəxsiyyət qalereyasında – Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mustafa Topçubaşov, Mirəsədulla Mirqasımov, Heydər Hüseynov, Mirzə İbrahimov, Mirəli Qaşqay kimi insanlar var idi. Bu insanlar həm də Azərbaycanın milli simvollarından biri olan Elmlər Akademiyasının yaradıcıları idi. Akademikin həm də böyük müəllim olduğunu vurğulayan təhsil naziri onun 1919-cu ildə yaradılan Azərbaycanın ilk universitetinin həm tələbəsi, həm də ilk elmlər doktorlarından biri olduğunu söyləyib. Nazir bildirib ki, bu gün dünyada baş verən qlobal transformasiyalara təhsil və elmin birgə əməkdaşlığı fonunda hazır olmalıyıq. Bu əməkdaşlığı bizə akademik Mirqasımov kimi elm-təhsil fədailəri miras qoyublar. Bu gün biliklər cəmiyyətinin qurulması Azərbaycan təhsili və elminin əsas hədəflərindən biridir. Bu hədəflər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da əks olunub. Biz düşünürük ki, ali təhsil müəssisələrinin təhsil–tədqiqat–innovasiya mərkəzlərinə çevrilməsi təhsil və elmin vəhdətinə xidmət edəcək. Təhsil naziri deyib ki, biz Azərbaycan təhsili və elminin şərəfli tarixinə nəzər yetirərək gələcəyə baxırıq. Azərbaycan tarixində bir çox ilklərin müəllifi olan akademik M.Mirqasımov həm də Azərbaycanın ilk ixtisaslı müəllimlərindən idi. Bu ad isə ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, dünyada ən uca addır. Onun atası da müəllim olub, özü də müəllim idi, övladları da müəllimdir. Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov böyük alimin elmi fəaliyyəti və yüksək təşkilatçılıq keyfiyyətləri barədə söhbət açıb. Akademiklər İsmayıl İbrahimov, Böyükkişi Ağayev və Vasim Məmmədəliyev M.Mirqasımovla bağlı xatirələrini danışıb, onun yüksək insani keyfiyyətlərindən bəhs ediblər. Tədbirin sonunda akademik M.Mirqasımovun oğlu professor Oqtay Mirqasımov yubiley mərasiminin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Tədbirdən sonra M.Mirqasımovun vaxtilə yaşadığı binada yeni xatirə lövhəsinin açılışı olub.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri
Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsi və bu məqsədlə geniş ictimaiyyətin məlumatlandırılması üçün təhsilin bütün pillələri - məktəbəqədər, ümumi, ilk-peşə ixtisas, orta ixtisas, ali təhsil və diplomdan sonrakı təhsillə bağlı hər il növbəti il üçün prioritetləri elan edəcək. Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində həyata keçiriləcək islahatların əsas prioritetləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanmışdır. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir. İslahatların çoxməqsədliliyinin onların eyni vaxtda və keyfiyyətlə həyata keçirilməsinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq, bu tədbirlərin bəziləri ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində keçiriləcəkdir. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunmuşdur. Şagirdlərin sayı, idarəetmə heyətinin və müəllimlərin nisbi peşəkarlığı, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu həmin yeniliklərin tətbiqi üçün Bakı şəhərinin seçilməsini şərtləndirmişdir. Qeyd olunanlara əsasən Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 1. Məktəb rəhbərlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə onlar üçün peşə standartları əsasında təlimlərin keçirilməsi; 2. Keyfiyyət sertifikatı almış məktəb direktorlarının əmək haqqına əlavələrin edilməsi; 3. Hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə məktəblərin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılması; 4. Korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması, korrupsiya halları ilə mübarizə nəticəsində cəmiyyət və məktəb, cəmiyyət və müəllim arasında sağlam münasibətlərin bərqərar olunması; 5. Təhsil sahəsində innovativ ideyaların, o cümlədən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrindən qaynaqlanan müasir yanaşma və layihələrin dəstəklənməsinə şəraitin yaradılması; 6. Dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin təkmilləşdirilməsi ilə bağlı onların müəlliflərinə təlimlərin keçirilməsi; 7. Fənn kurikulumlarının mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi; 8. Şagirdlərin tədris proqramlarını səmərəli mənimsəməsi məqsədilə ilə illik dərs müddətinin 2 - 3 həftə artırılması (2014-2015-ci tədris ilində bütün ölkə ərazisini əhatə etməklə); 9. Yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, onların meyl və maraqlarını nəzərə alaraq, məcburi və seçmə fənləri əhatə edən tədris planlarının tətbiqi; 10. Ümumi təhsil müəssisələrinin dövlət standartlarına cavab verən qida məhsulları və iaşə xidməti ilə təmin edilməsinə nail olunması; 11. Məktəblilərin sağlamlığının qorunmasına və fiziki tərbiyəsinə diqqətin artırılması yolu ilə onların pis vərdişlərdən çəkindirilməsinə və sağlam böyümələrinə şəraitin yaradılması.
08/07/2015 16:52
Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.
Səfərin məqsədi İstanbulda YUNİSEF və Türkiyə hökuməti tərəfindən təşkil olunmuş “Bütün uşaqların keyfiyyətli təhsilə cəlb olunması” mövzusunda təhsil nazirlərinin regional konfransında iştirak etməkdən ibarətdir. Nazir müavini konfrans çərçivəsində “Yeniyetmələr, bərabərlik və təhsil” mövzusunda keçirilmiş işgüzar iclasda məruzə ilə çıxış edib. C.Bayramov Azərbaycanda həyata keçirilən təhsil islahatları, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və uşaqların təhsilə cəlb edilməsi sahəsində atılan addımlarla bağlı konfrans iştirakçılarına geniş məlumat verib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində minlərlə azərbaycanlı uşağın keyfiyyətli təhsildən kənarda qaldığını nəzərə çatdıran nazir müavini bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlərin uğurlu nəticələrindən söhbət açıb. Tədbirin ekspertlər səviyyəsində keçirilmiş müzakirələrində Təhsil Nazirliyinin məsul əməkdaşları müxtəlif mövzular üzrə təqdimatlarla çıxış ediblər.
08/07/2015 16:52
Son aylar ərzində Təhsil Nazirliyinə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə filialı tərəfindən hüquqi əsası olmadan diplomların verilməsi barədə çoxsaylı məlumat daxil olmuşdur.
Bəzi hallarda vətəndaşlar həqiqətən həmin təhsil müəssisəsində dərslərə gəlmiş, imtahan sessiyalarında iştirak etmiş və dövlət imtahanı verərək diplom almışlar. Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bir hissəsinin təhsil sənədlərinin yoxlanılması zamanı AMİ-nin Gəncə filialı tərəfindən verilmiş dövlət nümunəli olmayan diplomlar aşkar edilmişdir. Qeyd olunan faktların ciddiliyi nəzərə alınaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 noyabr 2013-cü il tarixli 899 nömrəli əmrinə əsasən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının tədris və maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılmışdır. Yoxlama nəticəsində filialda ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilmişdir. Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filialının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmişdir. AMİ-nin Gəncə filialının fəaliyyətində aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Respublika Baş Prokurorluğuna göndərilmişdir.
08/07/2015 16:52
Dekabrın 13-də 132-134 saylı təhsil kompleksində Təhsil Nazirliyi və “Samsung Electronics” şirkətinin dəstəyi ilə «Samsung Smart School» proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinifin açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəsi xanım Kim İn-suk, “Samsung Electronics” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan iştirak ediblər. Qeyd edək ki, 132-134 saylı təhsil kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə və printerlə təchiz olunub. Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından Koreya hökumətinə, Koreyanın Azərbaycandakı Səfirliyinə və “Samsung Electronics” şirkətinə təşəkkür edib. Elektron lövhə və planşetlərlə təmin olunmuş sinfin açılmasını yüksək dəyərləndirən nazir müavini korporativ sosial məsuliyyətə xüsusi önəm verən “Samsung Electronics” şirkətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib. C.Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. İnnovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayının ölkə üzrə 100 000 nəfərdən çox olduğunu söyləyən nazir müavini bildirib ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərindəndir. Bu baxımdan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompüter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və “Samsung Electronics” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sanq Pil Çan «Samsung Smart School» proqramının əhəmiyyətindən söhbət açıb, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə minnətdarlıqlarını bildiriblər.
08/07/2015 16:52
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib.
İlk öncə qurultay iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi XIV qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərubaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, millət vəkilləri, işəgötürən təşkilatların təmsilçiləri, QHT nümayəndələri, ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin, yerli təhsil qurumlarının rəhbərləri, nüfuzlu müəllimlər və ziyalılar iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə nəzərə çatdırıb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov qurultay iştirakçılarını salamlayaraq Azərbaycan müəllimlərinin XIV qurultayının işinə uğurlar arzulayıb. Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, millət vəkili Bəxtiyar Əliyev, Bakı Ali Neft Məktəbinin prorektoru Ramiz Hümbətov, Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə, Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Bakı şəhəri 43 nömrəli məktəb-lisey kompleksinin direktor müavini Kəmalə Bədəlova, Zəngi liseyinin tarix müəllimi Taleh Şahbazov, Şuşa Rayon Təhsil Şöbəsi metodkabinetinin müdiri Rəsmiyyə Məmmədova və “Ernst & Yanq Holdinqs” Şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı İlqar Vəliyev Azərbaycan müəllimlərinin XIV qurultayının təhsil sisteminin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Müasir dövrdə Azərbaycan təhsilinin dünyanın qlobal təhsil ənənələrinə uyğunlaşması və insan resurslarının inkişafı baxımından qurultayda müzakirə edilən məsələlərin dəyərləndirilməsinin vacibliyi vurğulanıb. Qurultayda “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr təhlil olunub, Dövlət Strategiyasında nəzərdə tutulmuş əsas istiqamət və hədəflərin reallaşdırılması yolları haqqında maraqlı fikirlər səsləndirilib. Bundan əlavə, təhsilin bütün pillə və səviyyələri üzrə islahatların həyata keçirilməsi, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Çıxışlarda, həmçinin, müəllim nüfuzu, idarəetmə, yeni maliyyələşdirmə mexanizminin tətbiqi, səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və digər vacib məqamlardan söhbət açılıb. Müzakirələr zamanı müvafiq təkliflər səsləndirilib, qarşıda duran vəzifələrin həllinə dair mülahizələr irəli sürülüb. Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sistemləri sırasında yer tutması üçün həyata keçiriləcək islahatların yeni mərhələsinin müvafiq hədəflərə çatmağa imkan verəcəyinə əminlik ifadə olunub. Sonda qurultayın qətnaməsi oxunub. Azərbaycan müəllimlərinin XIV qurultayında Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun məruzəsi
08/07/2015 16:52
Dekabrın 16-da “Kempinski Badamdar” otelində Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birgə layihəsi olan «Dərslik portalı»nın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, TQDK-nın sədri Məleykə Abbaszadə, müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri və digər müvafiq qurumların əməkdaşları iştirak ediblər. Təhsil naziri Mikayıl CabbarovAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli fərmanına əsasən, yaradılmış «Dərslik portalı»nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinə xidmət etdiyini bildirib. Nazir qeyd edib ki, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi olaraq aydınlıq gətirəcəklər. Təhsil naziri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda yeni dərsliklərin yaradılmasına, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunmasına böyük diqqət ayrılması haqqında məlumat verib. Eyni zamanda, müasir tələblər təhsilverənlər qarşısında təkcə dərsliyin məzmununu təhsilalanlara mənimsətməyi deyil, həmçinin və bəlkə də daha vacib - lazımi bilikləri necə və haradan əldə etmək yollarını onlara öyrətməyi tələb edir. Ona görə də dərsliklərlə yanaşı təfəkkürün və şəxsiyyətin inkişafına yönəlmiş, yeni kurikulum və İKT əsasında təhsilverənlər üçün təlim metodologiyaları, metodiki vəsaitlər, didaktik materiallar və digər təlim vasitələrinin hazırlanmasını stimullaşdıran mexanizmlər də yaradılmalıdır. Tərəfimizdən dərsliklərin keyfiyyətini yüksəltmək məqsədi ilə dərslik müəlliflərinə kurikulumun tələblərinin dərindən öyrədilməsinin təşkili nəzərdə tutulmuşdur. Bu işin əsas məqsədi kurikulumun əsas tələblərinin, standart və alt-standartların dərsliyin məzmununa çevrilməsi yollarının öyrədilməsi, dərsliklərin qiymətləndirilməsi meyarlarının izah edilməsindən ibarətdir. Nazir qeyd edib ki, dərsliklərin keyfiyyəti mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətinin və cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir: “Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertləri və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar məqsədlərin fərqli görünməsi anlamına gətirib çıxarır. Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərslik təhsil sisteminə gətirilsin. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu baxımdan portal böyük ümidlər yaradır”. Təhsil naziri nəzərə çatdırıb ki, hər zaman dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir. Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işlə məşğul olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun tələbləri, standartlarla tanışlığı, dərsliklərin təhlili prosesində təhsilalanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir. Azərbaycanın ali təhsil müəssisələrində çalışan mütəxəssislərin orta məktəb dərsliklərinin hazırlanması prosesində iştiraka cəlb olunmasının əhəmiyyətinə toxunan nazir bununla bağlı ali məktəblərin rəhbərləri ilə ətraflı müzakirələr aparıldığını bildirib: “Dərsliklərin hazırlanmasında iştirak etməklə, ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər”. Daha sonra tədbirdə «Dərslik portalı»nın yaranma zərurəti, mahiyyəti, strukturu, istifadə qaydaları haqqında fikirlər bildirilib və müvafiq müzakirələr aparılıb.
08/07/2015 16:52
Dekabrın 16-da T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində uşaq və gənclərin əl işlərinin Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin 3 sentyabr 2013-cü il tarixli, 797 nömrəli əmri ilə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsinin təşkili məqsədilə keçirilmiş müsabiqədə uşaq yaradıcılıq mərkəzlərinin 6-18 yaşlı dərnək üzvləri iştirak ediblər. Dekorativ tətbiqi sənət (tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya-oriqami, metal üzərində oyma, muncuqla işləmə), dizayn (biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı) və floristika-nəbatat aləmi (müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması) nominasiyaları üzrə təşkil edilmiş müsabiqənin rayon-şəhər mərhələsində hər yaradıcılıq növündə I və II yerə layiq görülmüş əl işləri respublika mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqəyə təqdim olunmuş 800-dən çox əl işindən 556-sı T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Uşaq təsviri və tətbiqi sənət mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilib. Respublika mərhələsində hər növ üzrə I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. Qaliblərin mükafatlandırılması mərasimində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov, İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, uşaq yaradıcılıq mərkəzlərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı