SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olunub.
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq E.Hüseynova həvalə edilib. Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə təhsil nazirinin müşaviri vəzifəsində işləyib.
08/07/2015 16:52
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunan hədəflərə dair kütləvi informasiya vasitələrində bəzən əsassız yanaşmalara və fikirlərə rast gəlinir. Bu isə ictimaiyyətdə çaşqınlığa səbəb olur və yanlış fikirlərin formalaşmasına gətirib çıxarır.
Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi məsələsi bəzi mətbuat orqanlarında yanlış olaraq ali məktəblərdə ödənişli təhsilin ləğv edilməsi kimi əks olunub. Əslində isə Təhsil Nazirliyinin saytında, həm də facebook səhifəsində yerləşdirilmiş Dövlət Strategiyasının elektron versiyasında və təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan müəllimlərinin XIV qurultayındakı çıxışında da qeyd olunan məsələ ilə bağlı məqamlar öz əksini tapıb. Həmin müddəa, həmçinin Dövlət Strategiyasında qeyd olunduğu kimi, ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi ilə bağlıdır. Qeyd olunan məsələni həll etməklə təhsil müəssisələrində sağlam rəqabətin formalaşdırılmasına, ali təhsil müəssisələrinin illik büdcəsinin kifayət qədər artmasına nail olmaq mümkündür. Adambaşına maliyyələşmə prinsipini tətbiq etməklə, ilk olaraq vəsait tələbənin seçiminə görə ali təhsil müəssisələrinə yönəldilir. Bununla da ali təhsil müəssisələrinin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır. Həmin təhsil müəssisələrində tələbələrin sayı artır. Lakin bir sıra ali təhsil müəssisələrində isə qəbul faizi tam ödənilmir. Qəbul planı tətbiq edilən zaman maksimal qəbul həddi müəyyənləşmədiyindən belə müəssisələrdə rəqabət mühiti yaranmır. Ödənişli təhsil üzrə qəbul planının ləğv olunması nəticəsində ali təhsil müəssisəsi imkanlarını - maddi texniki bazasını və elmi-pedaqoji kadr potensialını nəzərə alaraq, tələbə qəbul edə biləcək. Bu da o zaman baş verir ki, ödənişli qəbulla bağlı qoyulmuş plan sayı aradan qaldırılır.
08/07/2015 16:52
Oktyabrın 24-də Təhsil Nazirliyində “2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ötən dərs ilində ilk dəfə ölkəmizin bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini və nəticələrin qənaətbəxş olduğunu qeyd edib. İmtahanların mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilməsinin əhəmiyyətinə toxunan nazir bildirib ki, burada əsas məqsəd təhsil işçilərinin, məktəb rəhbərlərinin müəllim, şagird və valideynlərlə əlaqəsini möhkəmlətmək, məktəbin və müəllimin nüfuzunu qaldırmaqdır. Nazir mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanlar zamanı nəzarətçilərin fəaliyyətində ciddi nöqsanlara yol verildiyini, imtahanlara şagirdlər tərəfindən mobil telefon gətirilməsini, bəzi yerlərdən şagirdlər barədə baza məlumatların vaxtında çatdırılmamasını, variantlar, test tapşırıqları ilə bağlı problemlər yarandığını diqqətə çatdırıb, onların aradan qaldırılması məqsədilə tapşırıq və tövsiyələrini verib. Təhsil naziri 2009-2010-cu dərs ilində IX siniflərdə də buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi barədə qərar qəbul olunduğunu kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, gələn il XI sinfi bitirənlər 8, IX sinif şagirdləri isə 2 fəndən imtahan verəcək. Nazir bununla əlaqədar təhsil işçilərinin qarşısında mühüm vəzifələr durduğunu bildirib, məktəb rəhbərləri və təhsil şöbə müdirlərinin qeyd olunan məsələyə daha məsuliyyətlə yanaşmasının vacibliyini vurğulayıb. Nazir öz çıxışında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imatahanlarının daha da təkmilləşdirilməsinin təmin edilməsi ilə bağlı atılacaq addımlardan da danışıb. Kollegiya iclasında Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva 2008-2009-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və qarşıda duran vəzifələr mövzusunda təqdimat edib. T. Hacıyeva təqdimatında buraxılış imtahanlarının müxtəlif parametrlər üzrə aparılmış təhlilləri ilə kollegiya iştirakçılarını tanış edib, imtahanların nəticələrinə əsasən reytinq cədvəlində ən yüksək və ən aşağı 50 yer tutan məktəblərin adlarını açıqlayıb. Təqdimatda imtahanlarda yol verilən nöqsanlardan danışılıb, habelə qarşıda duran vəzifələrdən bəhs olunub.
08/07/2015 16:52
Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Yubiley mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Timuçin Əfəndiyev və digər ali məktəb rektorları iştirak ediblər. İlk öncə ADMİU-nun 90 illik yubileyinin keçirilməsi və universitet əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları oxunub. ADMİU-nun rektoru Timuçin Əfəndiyev mərasim iştirakçılarını salamlayıb və rəhbərlik etdiyi ali məktəbin 90 illik yubileyinin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini çatdırıb. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov 90 illik yubiley münasibəti ilə ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Nazir Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təltif olunmuş və Təhsil Nazirliyinin Fəxri fərmanına, eləcə də «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanına layiq görülmüş universitet əməkdaşlarını təbrik edib. Yubiley münasibəti ilə təbriklərini çatdıran mədəniyyət və turizm nazirinin müavini Ədalət Əliyev ADMİU-nun səmərəli fəaliyyəti sayəsində ölkəmizin mədəniyyət müəssisələri üçün ixtisaslı mütəxəssislərin hazırlandığını nəzərə çatdırıb. Sonra çıxış edən Avropa İncəsənət Universitetləri Liqasının (ELİA) baş direktorunun müavini Şelte van Ruyten, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Tatyana Kuznetsova, Türkiyənin Harran Universitetinin rektoru İbrahim Xəlil Mutlu, Gürcüstan İncəsənət Universitetinin rektoru Levon Xetakuri, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ADMİU-nun kollektivini təbrik edib, təhsil müəssisəsinə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar. Sonda ADMİU-nun kollektivi adından ölkə Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciət oxunub. Daha sonra isə yubiley mərasimi bədii hissə ilə davam etdirilib.
08/07/2015 16:52
Dekabrın 19-da Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektorları, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Gültəkin Hüseynova, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər. İki gün davam edəcək kоnfransa ali təhsil müəssisələrindən və Azərbaycan Milli Elmlər Akademiyasından 400-ə yaxın tezis təqdim еdilib. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün yaradılmış 19 bölməyə tanınmış alimlər rəhbərlik edəcəklər. Təhsil nazirinin müavini Ceyhun Bayramov mərasimi giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının əhəmiyyətindən söz açan nazir müavini bu konfransın doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə həyata keçirilən növbəti tədbirlərdən biri olduğunu söyləyib. Elmi-pedaqoji kadrların yaş həddi məsələsinə toxunan nazir müavini bildirib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir. Ulu öndər Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanın istedadlı uşaq və gənclərinə göstərdiyi qayğıdan bəhs edən təhsil nazirinin müavini bu işlərin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Nazir müavini vurğulayıb ki, son illər Azərbaycan elmi nümayəndələrinin beynəlxalq jurnallarda nəşr edilən məqalələrin sayı artıb: “2009-cu ildə 159, 2010-cu ildə 229, 2011-ci ildə 242, 2012-ci ildə 322 məqalə beynəlxalq jurnallarda dərc edilib”. Təhsil nazirinin müavini deyib ki, müasir sivil cəmiyyətdə iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyi bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır. Konfransın materiallarının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər siyahısına daxil edildiyini nəzərə çatdıran nazir müavini, bunu nəzərə alaraq, konfransa təqdim olunan tezislərə tələblərin daha da ciddiləşdirildiyini vurğulayıb. Sonra çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov və doktorantlar konfransın əhəmiyyətindən bəhs edib, Azərbaycan ali təhsil müəssisələrinin elmi infrastrukturu, eləcə də elmi potensialı haqqında fikirlərini bildiriblər. Qeyd edək ki, konfransın materialları kitab şəklində çap olunaraq iştirakçılara təqdim olunub.
08/07/2015 16:52
“Azərbaycanda ödənişli təhsil ləğv olunmur”
“Savadsız müəllim heç vaxt savadlı qrupa dərs deməyə getməyə razı olmaz” Təhsil Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyevin “Qafqazinfo”ya müsahibəsi: - Ödənişli təhsil üzrə tələbə qəbulu planının ləğv olunması ilə bağlı cəmiyyətdə müəyyən fikir ayrılıqları yaranıb. Bu məsələni bir daha izah etmənizi istərdim. - Azərbaycan təhsilinin inkişafı ilə bağlı Dövlət Strategiyasına müvafiq olaraq ölkənin siyasi və iqtisadi inkişafının real tələblərini nəzərə almaqla yüksək ixtisaslı kadr hazırlığını təmin etmək məqsədilə təhsil sistemində dövlət sifarişinin formalaşdırılımasına yenidən baxılması, ali və orta ixtisas məktəblərində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi nəzərdə tutulub. Ödənişli əsaslarla tələbə qəbulu üzrə planın ləğv edilməsi ilə əlaqədar ali təhsil müəssisələri qəbul planını istədiyi qədər deyil, kadr hazırlığını təmin etmək imkanını nəzərə alınmaqla müəyyənləşdirir. Başqa sözlə ödənişli təhsil ləğv olunmur, ödəniş fakt olaraq inkişaf etmiş ölkələrdə olduğu kimi ali məktəblərdə qalacaq. - Ödənişli planın ləğv edilməsi nəyə xidmət edəcək? - Ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsinə imkan yaradır ki, bu da öz növbəsində təhsil müəssisələrinin maliyyə imkanlarını artıracaq. Yəni ödənişli təhsil üzrə qəbul planında tələbə sayının artırılması hesabına onların maliyyə imkanları yaxşılaşacaq. Bu da ali təhsil müəssisələrinin maddi-texniki, tədris laboratoriya bazasının möhkəmləndirilməsinə, müasirləşdirilməsinə, genişləndirilməsinə imkan yaradacaq. Professor-müəllim heyətinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla onların əmək haqları differensiallaşdırılacaq. Başqa sözlə, keyfiyyətli təhsil stimullaşdırılacaq və müəllimlərin maddi durumu yaxşılaşacaq. Lakin bütün bunlar onu deməyə əsas vermir ki, ali məktəblər ödənişli əsaslarla istədiyi sayda tələbə qəbul edə biləcək. - Bəs bu proses necə həyata keçiriləcək? - Ödənişli təhsil üzrə ali məktəblərə qəbul planı əsasən onların maddi-texniki bazası,tədris laboratoriyası və elmi-pedaqoji kadr potensialı ilə müəyyənləşdiriləcək. Belə ki, ali təhsil müəssisələri üçün müəyyən olunmuş müəllim-tələbə nisbəti norması onun müvafiq imkanlarına uyğun olmalıdır. Bizim ali təhsil müəssisələrində bu normalar 1:8-1:10-dır, yəni bir müəllimə 8-10 tələbə düşür. Avropa ölkələrində isə bu norma 1:15, Türkiyənin ən inkişaf etmiş universitetlərində isə bu rəqəm 1:15, 1:20 nisbətindədir. Bizdə elə ali təhsil müəssisələri var ki, orada müəllim tələbə nisbəti daha az, yəni 1:1,5 - 1:2-yə təşkil edir. Ali təhsil müəssisələrində yeni maliyələşmə mexanizminin tətbiqi imkan yaradır ki, universitetlər müasir dövrün tələblərinə uyğun inkişaf etmək üçün özləri vəsait qazansınlar. - Bu zaman tələbə qəbulu üçün hansısa limit müəyyənləşdiriləcəkmi? - İxtisas seçimi tələbənin özü tərəfindən aparılacaq və ödənişli təhsil üzrə qəbul üçün müəyyən minimum bal müəyyənləşdiriləcək. Burada ali məktəblər yuxarıda qeyd etdiyim şərtləri də mütləq nəzərə almalıdırlar. - Müəllim tələbə nisbətindən başqa, universitetlərin maliyyə bazasının yaxşılaşması üçün hansı vasitələr tapılmalıdır? - Ali məktəblərin maliyyə imkanlarının artırılmasını yalnız ödənişli tələbələr hesabına deyil, müasir iqtisadiyyatın inkişafına yönəlmiş və təhsil Strategiyasında qeyd olunmuş istiqamətlərə uyğun müxtəlif maliyyə mənbələrini axtarmalıdırlar. Yəni, müasir dövrdə universitetlərin inkişafı yalnız tələbənin ödədiyi pul əsasında olmamalıdır. Ali təhsil müəssisələri elmi potensialın iqtisadiyyatın müxtəlif sahələrinə tətbiq oluna biləcək real nəticələrə malik elmi tədqiqat və təsərrüfat hesablı işlər hesabına, müxtəlif qrantlar və birgə beynəlxalq layihələrdə iştirak etməklə əlavə vəsait əldə etməlidir. Xaricdə elə təhsil müəssisələri var ki, onların maliyyələşməsinin yalnız 18-20 faizi ödənişli təhsil alan tələbələrin hesabınadır. Qalan maliyyə vəsaiti isə təhsilin inkişafı üçün yaradılmış xüsusi məqsədli fondlar hesabına əldə edilir. - Azərbaycanda da belə fondlar yaradılması nəzərdə tutulurmu? - Strategiyada büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun və məqsədli kapital fondlarının yaradılması nəzərdə tutulub. - Müəllimlərin əmək haqları hansı meyarlara əsasən hesablanacaq? - Strategiyda müəllimlərin əmək haqlarının diferensiallaşdırılması nəzərdə tutulub. Başqa sözlə, müəllim innovativ, savadlı, bacarıqlı və kreativ düşüncəyə malik olmalıdır. Müəllimlərin əmək haqqının differensiallaşdırılması onun tədris, elmi metodiki və elmi tədqiqat işləri nəzərə alınmaqla olmalıdır. Müəllimlər öz bilik və bacarıqlarını daim yüksəltməli və fəaliyyətini dövrün tələblərinə müvafiq qurmalıdır. - Ödənişli təhsil üzrə tələbə qəbulu planı ləğv edildikdən sonra, prosesə nəzarəti necə həyata keçiriləcək? - Respublikada təhsil siyasətini aparan və formalaşdıran mərkəzi orqan kimi Təhsil Nazirliyi tərəfindən bu prosesə nəzarət olunacaq. - Belə olan halda abituriyent universiteti hansı xüsusiyyətlərinə əsasən seçməlidir? - Hazırda abituriyent tərəfindən Azərbaycanın ali təhsil müəssisəsinin seçilməsi prinsipi əmək bazarında rəqabətə davamlığı təmin etmə və işlə təmin olunma imkanıdır. İxtisas seçimində abituriyentlər əsasən ölkədə daha çox inkişaf etmiş sahələr üzrə işlə təmin olunma imkanını və perspektivini, yəni əmək bazarının mövcud tələblərini nəzərə alırlar. - Strategiyanın nə vaxt həyata keçməsi planlaşdırılır? - Hal-hazırda Strategiyanın həyata keçirilməsi ilə bağlı geniş fəaliyyət planı hazırlanır və artıq təhsilin inkişafı üzrə bir sıra müddəaların həyata keçirilməsinə başlanılıb. - Növbəti tədris ilində universitetlərdə «SABAH» qruplarının yaradılması nəzərdə tutulur. Bu qrupların yaradılmasında məqsəd nədir? - Cənab nazir müəllimlərin XIV qurultayında çıxış edərkən bu qruplar haqqında danışdı. Bu qruplar növbəti tədris ilindən başlayaraq yaradılacaq. Savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplar formalaşdırılacaq. Bunlar da ali təhsil müəssisələrində təhsil mühitini tamamilə dəyişəcək. Tələbələr I kursu bitirdikdən sonra II kursdan etibarən bu qrupa daxil ola biləcəklər. Qrupların yaradılmasında məqsəd savadlı kadrların hazırlanmasıdır. - Qrupa tələbələr necə seçiləcək? - Bura qəbul olan tələbələr tədris, təlim, dünyagörüşü üzrə yüksək göstəricilərinə malik olmalıdır. Seçim yəqin ki, iki turdan ibarət olacaq. Yazılı imtahan və müsahibə turları nəzərdə tutulur. Deyə bilərəm ki, bu qrupların yaradılması tədrisin keyfiyyətinin yüksəlməsinə və yüksək səviyyəli kadr hazırlığına birmənalı şəkildə öz müsbət təsirini göstərəcək. - “SABAH” qrupunda təhsil alacaq tələbənin universiteti bitirdikdə hansısa imtiyazları ola bilərmi? - Onların tədris planları mövcud standartın tələbləri nəzərə alınmaqla müəyyən qədər fərqli ola bilər. Xarici dil bilmək tələbi zəruri şərt kimi qoyulacaq. Çünki müasir dövrdə dünyaya sürətlə inteqrasiya edən ölkəmizin əmək bazarında işləmək üçün çox vaxt xarici dili bilmək tələb olunur. Bu qrupun tələbələrinin aldığı təqaüd də fərqli ola bilər. Həmçinin gələcəkdə onlar iş yeri ilə təmin olunacaq. Bu gün əmək bazarında iş yerləri həddindən artıq çoxdur. Lakin nəzərə almaq lazımdır ki, əmək bazarı tərəfindən müasir kadrlara qoyulan ciddi tələblərlə ali təhsil müəssisələrindəki təhsilin səviyyəsi adekvat olmalıdır. Bu baxımdan “SABAH” qruplarının tələbələri həmin tələblərə cavab verəcək. Bir məsələni də qeyd edim ki, bu qruplar yalnız paytaxt ali məktəblərində deyil, ölkənin müxtəlif bölgələrindəki ali məktəblərdə də yaradılacaq. -“Sabah” qruplarına dərs deyən müəllimlərin seçimi hansı yolla aparılmalıdır? - Respublikanın bütün ali məktəblərində savadlı, səriştəli, təcrübəli müəllimlərimiz var. Bu qruplarda dərs deyəcək müəllimlər onlardan seçiləcək. Bu müəllimlərin əmək haqqı digərlərdən fərqlənəcək və diferensiallaşdırılacaq. Başqa sözlə, onların fəaliyyəti və əməyi stimullaşdırılacaq ki, bu da onların motivasiyasını artıracaq. Burada bir məqamı da vurğulamaq istəyirəm. Düşünürəm ki, savadsız müəllim heç vaxt savadlı qrupa dərs deməyə getməyə razı olmaz, çünki, savadlı tələbələrin tələbləri də ciddi olur. - “Sabah” qruplarının harada yaradılması nəzərdə tutulur? - “SABAH” qrupları ixtisas qruplarına görə elmi-pedaqoji, maddi-texniki bazası yaxşı olan universitetlərdə yaradılacaq. - Bu qrupların yaradılması prosesində şəffaflığa nəzarət necə təmin olunacaq? - Strategiyanın əsas istiqamətlərindən biri şəffaflıqdır. Yəqin ki, bu prosesdə də şəffaflıq birinci amil olacaq. Günel Türksoy “Qafqazinfo.az” informasiya agentliyi 23.12.2013-cü il
08/07/2015 16:52
Dekabrın 24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin İsmayıllı rayonuna səfəri təşkil olunub.
Səfərdə Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və təhsil mütəxəssisləri də iştirak ediblər. Səfər çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib. İsmayıllı rayonundan 200 nəfərə yaxın təhsil işçisinin və ictimaiyyət nümayəndələrinin də qatıldığı “Dəyirmi masa”da Dövlət Strategiyası çərçivəsində təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin məzmun islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgə müəllimlərinin karyera inkişafı, səciyyəvi problemləri və digər məsələlərə toxunulub. Dövlət Strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyəti qeyd olunub, bölgələrdəki məktəblərdə çalışanların müvafiq islahat və yeniliklərə hazır olmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, Dövlət Strategiyasının qəbulundan ötən 2 ay ərzində təşkil olunmuş bütün “Dəyirmi masa”lar strategiyanın təhsil ictimaiyyəti və valideynlər tərəfindən daha düzgün dəyərləndirilməsi məqsədlərinə xidmət edir. İsmayıllı şəhər 1, 2 və 3 saylı, Lahıc qəsəbə, Cülyan, İvanovka, Talıstan, Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərin direktorları və müəllimlər çıxış edərək Dövlət Strategiyasında qarşıya qoyulmuş ümdə vəzifələrin yerlərdə daha dolğun izahı baxımından belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Müzakirələrin sonunda müəllimləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. “Dəyirmi masa”da irəli sürülmüş bütün təkliflər ümumiləşdirilərək Təhsil Nazirliyinə təqdim olunacaqdır. Sonra İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi Ruhiyyə Mahmudovanın VI sinifdə, İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə Azərbaycan dili müəllimi Eminə Orucovanın VI sinifdə, fizika müəllimi Şəkər Hacıyevanın VIII sinifdə, İsmayıllı şəhər 3 saylı tam orta məktəbdə ədəbiyyat müəllimi Çingiz Muradlının X sinifdə, Cülyan kənd tam orta məktəbdə ingilis dili müəllimi Şərafət Bayramovun V sinifdə, İvanovka kənd tam orta məktəbdə Həyat bilgisi müəllimi Lamiyə Əhmədovanın II sinifdə, ibtidai sinif müəllimi Məhbubə Allahverdiyevanın I sinifdə, Təzəkənd kənd tam orta məktəbdə coğrafiya müəllimi Elşad Vahabovun VI sinifdə və Lahıc qəsəbə tam orta məktəbdə fizika müəllimi Rövşən Əliyevin VI sinifdə tədris etdiyi “Açıq dərs”lər izlənilib. Qeyd edək ki, Lahıc qəsəbə tam orta məktəbi 2013-cü ildə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Elektron təhsil” Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb. VI sinif üzrə “Fizika” dərsliyinin həmmüəllifi R.Əliyev tədris etdiyi “Açıq dərs”də fəal interaktiv təlim metodlarından səmərəli istifadə etməklə olduqca maraqlı və məzmunlu dərs təşkil etməyə nail olub. Media nümayəndələri orta məktəblərin fəaliyyəti, müəllimlərin müasir tədris üsullarına dair düşüncələri və təhsil islahatlarına münasibəti ilə yaxından tanış olublar.
08/07/2015 16:52
Dekabrın 25-də təhsil naziri Mikayıl Cabbarov kimya, riyaziyyat və rus dili üzrə 2013-cü ildə keçirilmiş beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.
Təhsil naziri beynəlxalq fənn olimpiadalarının qaliblərini əldə etdikləri uğurlara görə təbrik edib. Nazir onların gələcəkdə daha böyük uğurlara nail olacağına və yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləyib. Olimpiada qaliblərinin belə möhtəşəm nailiyyət əldə etməsində təhsil aldıqları məktəblərin və müəllimlərin mühüm rolunu qeyd edən nazir, xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirib. Beynəlxalq olimpiadaların qalibləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, təhsil aldıqları məktəblər və müəllimləri haqqında məlumat veriblər. Onlar beynəlxalq bilik yarışmalarında Azərbaycanı yüksək səviyyədə təmsil etməkdən qürur hissi keçirdiklərini söyləyiblər. Görüşün sonunda beynəlxalq fənn olimpiadalarının qaliblərinə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda 2009-cu il - “Uşaq ili” çərçivəsində “Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq qonaqları salamlayıb və sözü təhsil nazirinin müavini Elmar Qasımova verib. Elmar Qasımov keçirilən konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib və hazırda qlobal bəlaya çevrilən narkomaniyanın geniş yayılmasından, onun müasir dövrdə ciddi problemə çevrilməsindən bəhs edib. E.Qasımov mövcud problemə qarşı mübarizə aparılması işində təhsil müəssisələrinin rolunu diqqətə çatdıraraq, gənclərin asudə vaxtlarının səmərəli təşkilinin, onların digər zərərli vərdişlərdən xilas olması üçün müxtəlif elmi-kütləvi tədbirlərə cəlb edilməsinin, ali məktəblərdə də bu istiqamətdə müvafiq iş aparılmasının vacibliyini vurğulayıb. Problemin aradan qaldırılması yollarından danışan nazir müavini yeniyetmələrə yaş dövrləri ilə əlaqədar təhsil müəssisələrində və ailədə daha artıq diqqət göstərilməsi məsələsinə də toxunub. Sonra Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri Ruhəngiz Rzayeva “Narkomanlığın profilaktikasında yeni pedaqoji üsulların tətbiqi” mövzusunda məruzə edib. Tədbirdə Milli Məclisin üzvü Fuad Muradov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri Araz Əliquliyev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev və başqaları bu qlobal bəlanın qarşısının alınmasında dövlət orqanlarının, təhsil ocaqlarının gördüyü işlərdən, pedaqoji kollektivlərin və valideynlərin qarşısında duran vəzifələrdən danışıblar. Konfransda yeniyetmə və gənclər arasında narkotik maddələrə, narkotiklərə qarşı kütləvi təbliğat işinin aparılması və orta məktəblərdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin təsir gücünün artırılması yollarından söhbət açılıb, konkret təkliflər irəli sürülüb.
08/07/2015 16:52
Dekabrın 26-da təhsil naziri Mikayıl Cabbarov Gəncə şəhərində yeni inşa edilmiş və əsaslı təmir olunmuş təhsil müəssisələrinin açılış mərasimlərində iştirak edib.
Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 16 nömrəli tam orta məktəbdə ibtidai siniflər üçün 500 şagird yerlik əlavə tədris korpusu inşa edilib. Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzi üçün yeni bina inşa olunub, müəssisədə uşaqların asudə vaxtının səmərəli təşkili və yaradıcılıq potensialının inkişafı üçün müvafiq şərait yaradılıb. Açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, millət vəkilləri Asəf Hacıyev, Xanlar Fətiyev, Musa Quliyev, təhsil işçiləri, şagirdlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimlərində çıxış edən təhsil naziri Mikayıl Cabbarov müəssisələrdə yaradılmış şəraitin təhsilalanları yeni tədris mühiti ilə əhatə edəcəyini və bunun da məktəblərin nəticələrinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb. Nazir şagirdlərin təhsil nailiyyətləri ilə yanaşı, onların məktəbdənkənar müəssisələrə cəlb olunması baxımından yeni inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin müsbət rol oynayacağına ümidvar olduğunu söyləyib. Tədbirlərdə iştirak edən digər qonaqlar da çıxışlarında tədris ocaqlarının pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzulayıblar. Sonra isə qonaqlar təhsil müəssisələrinin açılışını bildirən qırmızı lenti kəsib və məktəblərdə yaradılmış şəraitlə tanış olublar.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı