• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Fevralın 14-də Təhsil Nazirliyində «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin iclası keçirilib.

İclas iştirakçılarını salamlayan təhsil naziri, «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin Təşkilat Komitəsinin sədri Misir Mərdanov təhsil işçiləri arasında sağlam rəqabətə, yaradıcı təşəbbüskarlığın artırılmasına yol açan müsabiqələrin əhəmiyyətindən söhbət açıb və Təşkilat Komitəsinin işinə uğurlar arzulayıb. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq 5 ildir ki, ölkəmizdə müvafiq müsabiqələr keçirilir. Misir Mərdanov müsabiqələrin Təşkilat Komitəsinin tərkibində müəyyən dəyişikliklər edildiyini nəzərə çatdırıb. Təhsil naziri «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsinə 2011-ci ildə 145, 2012-ci ildə isə 151 məktəbin sənəd təqdim etdiyini nəzərə çatdırıb. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən müvafiq bal toplamış 111 məktəbin II mərhələyə buraxıldığını bildirən Misir Mərdanov onların ayrı-ayrı rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. Nazir “Ən yaxşı müəllim” müsabiqəsinə 2011-ci ildə 425, bu il isə 464 nəfərin sənəd təqdim etdiyi, onlardan 456-nın sənədinin ekspertizadan keçdiyi barədə məlumat verib. Misir Mərdanov bildirib ki, iştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimləri üstünlük təşkil edir. Ekspertizanın nəticələrinə görə sənədləri qəbul olunmuş 456 müəllimdən 229 nəfərin II mərhələyə buraxıldığını söyləyən təhsil naziri onların rayon və şəhərlər, eləcə də fənlər üzrə bölgüsünü nəzərə çatdırıb. “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının nümunə dərslərinin təşkil olunacağı məktəblərin adlarını sadalayan nazir II mərhələyə fevralın 20-də başlanılmasının nəzərdə tutulduğunu qeyd edib. Sonra «Ən yaxşı ümumtəhsil məktəbi» və «Ən yaxşı müəllim» müsabiqələrinin keçirilməsi ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 16-da "Park inn" otelində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin təşəbbüsü ilə "Azərbaycan–2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "Dəyirmi masa" keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Təhsil Nazirliyinin mərkəzi aparatının əməkdaşları, nazirliyin struktur bölmələrinin rəhbərləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, tanınmış ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Təhsil Nazirliyinə birbaşa tabe olan ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər. "Dəyirmi masa"nı Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov açaraq Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib, ölkə həyatının bütün sahələrini əhatə edən islahatların, yeniləşmə və modernləşmə proseslərinin Azərbaycanın gələcək inkişafının əsaslarının formalaşdırılması kimi nəzərdən keçirildiyini diqqətə çatdırıb. Əli Əhmədov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması ilə əlaqədar ötən il imzaladığı sərəncama əsasən, növbəti illərdə inkişafın əsas istiqamətlərinin və qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulur. Həmin inkişaf konsepsiyasında təhsil sahəsinin də əhəmiyyətli yer tutduğunu vurğulayan icra katibi bildirib ki, son illər ərzində təhsilin inkişafı baxımından mühüm işlər görülüb, təhsilə qayğı Azərbaycanda dövlət siyasətinin və hökumətin fəaliyyətinin prioritetinə çevrilib. Təhsil sahəsində əldə olunan uğurların cəmiyyətdə bu sahəyə münasibətin ciddi şəkildə dəyişilməsinə səbəb olduğunu deyən Ə.Əhmədov indiki mərhələdə təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsi və bununla bağlı fikirlərin aydın ifadə edilməsinə ehtiyac duyulduğunu söyləyib. Ə.Əhmədov təhsil sahəsində çalışan, onun inkişafında mühüm xidmətləri olan insanların iştirakı ilə keçirilən "Dəyirmi masa"nın bu baxımdan faydalı olacağına, burada aparılacaq diskussiya və müzakirələrdə dəyərli fikirlər səsləndiriləcəyinə əmin olduğunu bildirib. Təhsil naziri Misir Mərdanov "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda təqdimat–məruzəsində ilk öncə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin təhsilin əhəmiyyəti və  cəmiyyət  həyatında aparıcı roluna dair fikirlərini diqqətə çatdırıb, ölkəmizdə təhsil sahəsinin inkişaf mərhələlərindən söz açıb. Azərbaycanın 2003-2011-ci illərdə keçdiyi dinamik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdən bəhs edən Misir Mərdanov bu illər ərzində sosial-iqtisadi inkişaf üzrə 60-dan çox Dövlət Proqramının qəbul olunduğunu, yoxsulluq səviyyəsinin 40 faizdən 7,6 faizə, 1 milyon yeni iş yerinin açılması sayəsində işsizlik səviyyəsinin 5,4 faizə endiyini bildirib. Təhsil naziri dünyada yaxın və uzaq perspektivlər üçün ölkələrin, təhsil sistemlərinin inkişaf strategiyalarının işlənməsi və həyata keçirilməsi təcrübəsinin geniş yayıldığını diqqətə çatdırıb. Təhsilin inkişafında mühüm rol oynayan əsas meyarları sadalayan nazir bir sıra xarici ölkələrlə Azərbaycandakı müvafiq göstəriciləri müqayisə edib. Misir Mərdanov təhsilin tərəqqinin hərəkətverici qüvvəsi olduğunu, insan kapitalının və intellektual potensialın formalaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yoxsulluğun aradan qaldırılması və sosial rifahın yüksəlməsində, hüquqi cəmiyyətin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Ölkəmizdə təhsil sahəsində aparılan islahatların əsasını təşkil edən inkişafyönlü layihələr haqqında məlumat verən təhsil naziri 1999-2003-cü illəri əhatə edən öyrədici innovasiya layihəsinin, 2003-2008-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinin, 2009-2014-cü illəri əhatə edən və məqsədi ümumi təhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi, ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin artırılması olan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin uğurla həyata keçirildiyini bildirib. Ölkəmizdə təhsilə böyük dövlət qayğısı olduğunu deyən nazir bu qayğının ən bariz ifadəsi kimi dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclərin və investisiya xərclərinin ilbəil artımını əks etdirən diaqramı diqqətə çatdırıb. Ölkəmizdə inkişafın yeni modeli olan proqramlarla idarəetmə nəticəsində təhsilin ayrı-ayrı pillələri üzrə görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında məlumat verən Misir Mərdanov ümumilikdə təhsilin inkişafına xidmət edən bütün tədbirlərdən bəhs edib. Heydər Əliyev Fondunun təhsil sahəsinə verdiyi dəstəyi nəzərə çatdıran nazir son illərdə bu qurumun köməkliyi ilə həyata keçirilən işlərdən söhbət açıb. Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələr çərçivəsində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov, Bakıdakı akademik Zərifə Əliyeva adına tam orta məktəbin direktoru Məhəbbət Vəliyeva, Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil nazirinin təqdimatını yüksək qiymətləndirib, müzakirə olunan məsələ barədə fikirlərini bildirib və müvafiq təkliflərini nəzərə çatdırıblar.

Fevralın 17-də təhsil naziri Misir Mərdanov Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsilli və intellektual inkişaf etmiş nəslin yetişdirilməsi – ölkənin davamlı inkişafı və modernləşdirilməsinin mühüm amili kimi” adlı beynəlxalq konfransda iştirak edib.

Konfransın əsas məqsədi müstəqillik illərində Özbəkistanda təhsil sahəsində əldə olunan nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasından, rəqabət qabiliyyətli, yüksək ixtisaslı kadrların hazırlanmasında dövlətin rolu və  fasiləsiz təhsilin gələcək perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub. Konfransda dünyanın 40-dan çox ölkəsindən gəlmiş nümayəndələr, o cümlədən bir sıra ölkələrin təhsil nazirləri, BMT-nin yüksək səlahiyyətli nümayəndəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının rəhbərləri iştirak ediblər. Beynəlxalq konfransın plenar iclasını Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov açıb. İslam Kərimov Özbəkistanda təhsil sahəsində əldə olunmuş nailiyyətlər, o cümlədən təhsil islahatları üzrə dövlət proqramının nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Açılış mərasimində daha sonra Asiya İnkişaf Bankının Prezidenti Xaruhiko Kurodanın çıxışı dinlənilib. Özbəkistanın Baş nazirinin müavini A.Aripov “Özbəkistanda təhsil sisteminin islahatları və inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Konfransda çıxış edən BMT baş katibinin müavini Noylin Heyzer, Böyük Britaniyanın Beynəlxalq Vestminister Universitetinin rektoru Cefri Pets, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, İslam İnkişaf Bankının Prezidenti Əhməd Məhəmməd Əli, ABŞ-ın Vebster Universitetinin prorektoru, Universitet nəzdində Biznes və Texnologiya Mərkəzinin direktoru Nensi Hellerud, Sinqapur Menecmentin İnkişafı İnstitutunun rektoru Erik Kuan, Yaponiyanın Hosey Universitetinin rektoru Toşio Masuda, Dünya Bankının Avropa və Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələr üzrə direktoru Teodor Alers, Seul Milli Universitetinin rektoru Sin Hanq Qiunun fikirləri də maraqla qarşılanıb. Sonra konfrans 6 seksiyada işini davam etdirib. Seksiyalar “Məktəb təhsili intellektual inkişaf etmiş nəslin tərbiyəsinin əsası kimi”, “Peşə təhsili və müasir əmək bazarının formalaşması”, “Ali təhsilin inkişafının prioritetləri və ölkənin modernləşdirilməsində onun rolu”, “Müasir informasiya-kommunikasiya texnologiyaları təhsil prosesində”, “Təhsil və elm–fasiləsiz əlaqə”, “Təhsil və mədəniyyətin inkişafı” mövzularına həsr olunub. Təhsil naziri Misir Mərdanov konfransda çıxış edib. Nazir çıxışında dünyada təhsilin inkişaf strategiyalarının işlənməsi təcrübəsi, Azərbaycanda ölkə Prezidentinin sərəncamı ilə hazırlanmaqda olan “Azərbaycan–2020: gələcəyə baxış” Konsepsiyası və onun tərkib hissəsi olan təhsil strategiyası, eləcə də son illərdə aparılan təhsil islahatları və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Konfrans zamanı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Özbəkistanın ali və orta ixtisas təhsil naziri Bahodir Xodiyev, xalq təhsili naziri Temir Şirinov, Qırğızıstanın təhsil naziri Nuriddin Saidov, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və digər şəxslərlə görüşüb, təhsilin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar. Konfransdan sonra təhsil naziri Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, mərkəzin nəzdində fəaliyyət göstərən Azərbaycan tarixi və Heydər Əliyev muzeyləri ilə tanış olub.

Fevralın 21-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov müsabiqənin növbəti mərhələlərində iştirak edəcək müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında» 2007-ci il 4 sentyabr tarixli sərəncamına əsasən, artıq beşinci ildir ki, müvafiq müsabiqələrin keçirildiyini vurğulayan nazir maddi stimullaşdırma ilə müşayiət olunan bu müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimlərin üzə çıxarılması olduğunu bildirib. Təhsil naziri bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II və III mərhələdə iştirak etmək hüququ qazandığını bildirib. İştirakçıların sayına görə ibtidai sinif (67 nəfər), Azərbaycan dili və ədəbiyyat (35 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini söyləyən Misir Mərdanov müsabiqə iştirakçılarının sınaq dərslərinin təşkil olunacağı məktəblərdə müvafiq şəraitin yaradılacağını vurğulayıb. Nazir dərs mövzusunun müəyyənləşdirilməsi qaydaları haqda məlumat verib, dərslərin 12 meyar üzrə qiymətləndiriləcəyini, bir müəllimə digərinin dərsində iştirak etmək imkanının veriləcəyini diqqətə çatdırıb. Əvvəlki illərdən fərqli olaraq, iştirakçıların sayı çox olan fənlər üzrə bir ekspert komissiyasının təşkil edildiyini söyləyən təhsil naziri bunun müəllimlərin şəffaf seçimi baxımından daha səmərəli üsul olduğunu vurğulayıb. Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalanlara 3 gün müddətinə nazirliyə ərizə ilə müraciət etmək imkanı veriləcəyini nəzərə çatdıran Misir Mərdanov müəllimlərin bu mərhələyə də məsuliyyətlə hazırlaşmalarının əhəmiyyətindən söhbət açıb. Nazir onu da qeyd edib ki, II mərhələ başa çatdıqdan sonra hər bir müəllim müəyyən olunmuş vaxtda Təşkilat Komitəsinin iclasında fəaliyyətinin əsas istiqamətlərini, uğurlarını, təkliflərini əks etdirən 10 dəqiqəlik təqdimatla çıxış edəcək və hər bir mərhələnin nəticələrinə əsasən, iştirakçı müəllimlərin yekun balı müəyyən olunacaq. Sonra sınaq dərsləri dinləniləcək müəllimləri maraqlandıran suallar cavablandırılıb, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 21-də Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspert komissiyalarının üzvləri ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, artıq beşinci ildir ki, “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin uğurla nəticələnməsində ekspertlərdən ibarət fənn komissiyalarının səmərəli fəaliyyətinin əhəmiyyətinə toxunan nazir bu il “Ən yaxşı müəllim” müsabiqəsinə 456 nəfərin sənəd verdiyini, onlardan 229 müəllimin II mərhələdə iştirak etmək hüququ qazandığını nəzərə çatdırıb. Müsabiqə iştirakçıları olan müəllimlərin fənlərə görə təsnifatından bəhs edən təhsil naziri bu il iştirakçıların sayı çox olan fənlər üzrə də yalnız bir ekspert komissiyasının təşkil olunduğunu söyləyib. Misir Mərdanov Təhsil Nazirliyi nümayəndəsinin hər bir ekspert komissiyasında müşahidəçi qismində iştirak edəcəyini və təşkilati məsələlərin onlar tərəfindən həll olunacağını bildirib. Nazir sınaq dərslərinin qiymətləndirilməsi üçün müəyyən olunmuş 12 meyar üzrə ekspertlərin verəcəkləri balların yazılı şəkildə əsaslandırılmasının vacibliyini diqqətə çatdırıb. Təhsil naziri deyib ki, bütün sınaq dərslərinin videoçəkilişi aparılacaq və ekspert komissiyası dərsin təhlilindən sonra iştirakçıları eyni yanaşma və kollegial müzakirənin nəticələrinə əsasən qiymətləndirəcək. Qiymətləndirmənin nəticəsindən narazı qalan müəllimlərə 3 gün müddətində nazirliyə ərizə ilə müraciət etmək imkanının verildiyini vurğulayan Misir Mərdanov bildirib ki, sınaq dərsinin müzakirəsi yalnız müəllimin iştirakı ilə aparılacaq. İştirakçı müəllimlərin dərslərinin dinlənilməsi qrafikinin artıq hazır olduğunu nəzərə çatdıran nazir qeyd edib ki, sınaq dərsləri Bakı şəhərindəki 21 ümumi təhsil müəssisəsində təşkil olunacaqdır. Təhsil naziri həmin məktəblərin rəhbərlərinə müvafiq təşkilati işlərin görülməsi üçün zəruri tapşırıqların verildiyini vurğulayıb. Misir Mərdanov istedadlı müəllimlərin və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılması kimi nəcib məqsədlərə xidmət edən bu müsabiqənin təşkilində iştirak edən hər kəs tərəfindən obyektivlik və ədalət prinsiplərinin başlıca amil kimi qəbul olunmasının zəruriliyini nəzərə çatdırıb. Sonda “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının dərslərini dinləyib qiymətləndirəcək ekspertlərə uğurlar arzulayan nazir, həmçinin onlara bir sıra müvafiq tövsiyələrini də verib.

Fevralın 22-də “Gülüstan” sarayında Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Uşaqlar və müharibə” mövzusunda Respublika rəsm sərgisi keçirilib.

Dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təhsil ictimaiyyəti və ziyalıların iştirak etdiyi tədbirdə ilk öncə Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Qeyd edək ki, Təhsil Nazirliyinin tədbirlər planına əsasən, respublikanın rayon və şəhərlərində Xocalı soyqırımına həsr olunmuş 10 mindən çox rəsm işindən ibarət sərgilər təşkil edilib. Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi sərginin Respublika mərhələsinə 60-dan artıq rayon və şəhərin ümumi təhsil məktəblərinin və peşə liseylərinin şagirdləri tərəfindən işlənmiş 1200-dən çox rəsm işi təqdim olunub. Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərgi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, məktəblilərdə Vətənə məhəbbət hissini gücləndirmək məqsədlərinə xidmət edir. Xocalı qətliamının hər il bütün təhsil müəssisələrində qeyd olunduğunu və yüz minlərlə məktəblinin bu tədbirlərdə iştirak etdiyini söyləyən nazir sərginin respublika mərhələsində qalib adına layiq görülən 100 rəsm işinin Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı keçiriləcək sərgidə nümayiş etdiriləcəyini nəzərə çatdırıb. Təhsil naziri qeyd edib ki, rəsm sərgisi 6-10, 11-14 və 15-18 yaş qrupları üzrə keçirilib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətindən söz açan Misir Mərdanov Xocalı faciəsindən sonra doğulmuş uşaqların təxəyyülündə həmin müdhiş hadisələrin əksini tapmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Xocalı soyqırımının dəhşətlərindən bəhs edən təhsil naziri bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri tərəfindən Xocalıda misli görünməmiş, xüsusi amansızlıqla törədilmiş faciə nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca işgəncələrlə öldürülüb. 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirildiyini diqqətə çatdıran nazir 1275 uşaq, qadın və qocanın girov götürüldüyünü, səkkiz ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə bir valideynini itirdiyini vurğulayıb. Misir Mərdanov yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi–hüquqi qiymət verildiyini qeyd edib. Təhsil naziri işğal olunmuş ərazilərimizin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə azad olunacağına, Xocalı soyqırımını törədənlərin layiqli cəzalarını alacaqlarına əminliyini bildirib. Sonra çıxış edən Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Milli Məclisin deputatı Bəxtiyar Əliyev bu qanlı faciənin xalqımız tərəfindən daim yad olunduğunu, Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində zəruri addımlar atıldığını, bir çox ölkələrdə faciənin ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini vurğulayıblar. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş “Uşaqlar və müharibə” mövzusunda Respublika rəsm sərgisi ilə tanış olublar.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 2012-ci ilin yanvarında 1441 müraciət daxil olub.

Müraciətlərin 1300-ü telefonla, 141-i elektron poçt vasitəsilə qəbul edil­ib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb. Müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində sınaq imtahanları, müəllimlərin işə qə­bulu, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi, təhsil müəssisələrində adambaşına maliyyələşmə mexanizminin tətbiqi, özəl ali təhsil müəssisələrində tələbələrin biliyinin kredit sistemi üzrə qiymətləndirilməsi, ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının təşkili formaları, dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü ilə təminatı, müəllimlərin əmək haqqının he­sab­lan­ması, təhsil sənədlərinin verilməsi və digər mə­sə­lə­lər­lə bağlı olub. Şikayət xarakterli müraciətlərin ümumi sayı 71 olub. Həmin müraciətlər ümumi təhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərlə əlaqədardır. Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ilə bağlı 39 şikayət daxil olub. Belə ki, ötən ay “Qaynar xətt” xidmətinə Bakı (14), Gəncə (3), Sumqayıt (1) və Şirvan (1) şəhərlərindən, Abşeron, Ağdam, Cəlilabad, Ağcabədi, Şəki rayonlarından 2, Göygöl, Şəmkir, Yardımlı, Lənkəran, Samux, Şamaxı, İmişli, Tovuz, Biləsuvar, Bərdə rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyətində tədris müəssisələrinin istilik sistemlərindəki problemlər, məktəblərdə texniki avadanlıqlar üçün pul yığılması və digər bu kimi məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Həmin müraciətlərin araşdırılması ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2011-2012-ci dərs ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan 200-dən artıq müraciətin çoxu sorğu xarakterlidir. Şikayət və nöqsanlardan bəhs edilən 32 müraciətdən 22-si  dövlət, 4-ü özəl ali, 6-sı orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının yazılı və test üsulu ilə keçirilməsi, imtahanlarda Boloniya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya İnstitututu, Azərbaycan Müəllimlər İnstitututu, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, qiymətlərinin apelyasiya qaydasında yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bununla əlaqədar Təhsil Nazirliyinin əməkdaşları Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə müraciət daxil olmuş ali təhsil müəssisələrində müvafiq araşdırmalar aparıb və həmin tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən, obyektiv qiymətləndirilməsi təmin olunub. Özəl ali təhsil müəssisələri ilə əlaqədar müraciətlər Təfəkkür və Bakı Asiya Universitetləri ilə bağlı olub. Həmin müraciətlərdə qaldırılan məsələlər adı qeyd edilən təhsil müəssisələrində şikayətçi şəxslərin iştirakı ilə araşdırılıb. Orta ixtisas təhsili müəssisələri ilə bağlı Azərbaycan Maliyyə-İqtisad,  Bakı Dövlət Sosial-İqtisad, Bakı Texniki, Ağcabədi Pedaqoji və 2 №-li Bakı baza Tibb kolleclərindən müraciətlər daxil olub. Həmin müraciətlərdə imtahanlarda verilmiş qiymətlərdən narazılıq və digər məsələlər əks olunub. Müvafiq qaydada araşdırmalar aparıldıqdan sonra bu barədə müraciət müəlliflərinə məlumat verilib. Müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün struktur bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların qarşısının alınması tövsiyə olunub. Yanvar ayında "Qaynar xətt" xidmətində daxil olan müraciətlər və onların araşdırılması barədə məlumat və şərhlər AzTV-nin “Xəbərlər” proqramı (11.01.2012-ci il), Azərbaycan Dövlət radiosu (09.02.2012-ci il), “Azadlıq” radiosu (03.02.2012-ci il), “Kaspi”, “Üç nöqtə”, “Mərkəz” qəzetləri və digər KİV-lərlə ictimaiyyətin diqqətinə çatdırılıb.

Fevralın 23-də “Park-İnn” otelinin “Dan ulduzu” zalında "Sabahın alimləri" Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq keçirilən müsabiqənin əhəmiyyətindən bəhs edib. Ölkəmizdə ilk dəfə təşkil olunan bu tədbirin əsas məqsədinin yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək və onlardan 5 nəfərini seçib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə–İNTEL ISEF-ə göndərmək olduğunu söyləyən nazir belə bir mötəbər yarışda azərbaycanlı şagirdlərin uğurla iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Hər bir ölkənin tərəqqisinin həmin ölkədə elmin və təhsilin inkişafından asılı olduğunu bildirən təhsil naziri Azərbaycanda güclü elmi potensialın mövcud olduğunu nəzərə çatdırıb. Elm və təhsilin inkişafına və gənclərə qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən Misir Mərdanov bu məsələlərin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını xüsusi qeyd edib. Nazir İntel ISEF müsabiqəsi barədə fikirlərini söyləyib, 2011-ci ildə bu müsabiqəyə qatılmış ölkələrin sayının 65-ə çatdığını vurğulayıb. Misir Mərdanov respublikamızda təhsil sahəsində aparılan islahatların, ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumların yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin yetişdirilməsinə xidmət etdiyini, şagirdlərin tədqiqat aparması, yeni informasiya texnologiyalarından bəhrələnməsi üçün geniş imkanların yaradıldığını söyləyib. Nazir bildirib ki, ölkəmizin bir sıra orta ümumi təhsil müəssisələrində fəaliyyət göstərən Kiçik Akademiyalar şagirdləri məktəb illərindən elmi tədqiqatlara cəlb edərək onları yeni elmi axtarışlara sövq edir. Azərbaycanda ilk dəfə keçirilən «Sabahın alimləri» müsabiqəsi barədə ətraflı məlumat verən təhsil naziri müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin təqdim olunduğunu bildirib. Misir Mərdanov onu da deyib ki, müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetirib, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarında müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqatlar aparmaq imkanı yaradılıb. Nazir qeyd edib ki, müsabiqəyə təqdim olunmuş 47 elmi layihədən 18-i kollektiv, 29-u isə fərdi şəkildə hazırlanıb. Şagirdlərin elmi layihələrinin riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri kateqoriyaları üzrə qiymətləndiriləcəyini söyləyən Misir Mərdanov müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramı vasitəsilə tərtib olunmuş layihələrin qəbul edildiyini vurğulayıb. Daha sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarov, İntel korporasiyasının MDB-də korporativ məsələlər üzrə direktoru Tatyana Nanayeva və başqaları son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş tədbirlərdən söhbət açıblar. Onu da qeyd edək ki, fevralın 24-də keçiriləcək mükafatlandırılma mərasimində qaliblərə pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin mayında ABŞ-ın Pitsburq şəhərində keçiriləcək İntel ISEF müsabiqəsində iştirak etmək hüququ qazanacaq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyun 2008-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanmasından ötən müddətdə təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində xeyli işlər görülüb.

Belə ki, Dövlət Proqramı çərçivəsində yaradılan, geniş funksionallığı ilə fərqlənən Məlumat və Resurs Mərkəzi ən müasir texnologi standartlara cavab verir. Təhsil Portalının yaradılması üzrə işlərin birinci mərhələsi artıq başa çatıb. Azərbaycanda indiyədək 20 minə yaxın müəllim təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərdə iştirak edib. “Elektron məktəb” pilot layihəsinə əsasən 20 məktəb nümunəsində informasiya-kommunikasiya texnologiyalarının orta təhsil sistemində sistemli tətbiqi nəzərdə tutulur. Hələlik “Elektron məktəb” layihəsində Bakı və Sumqayıt şəhərlərinin orta təhsil müəssisələri iştirak edir. “Elektron məktəb” layihəsinin reallaşdırılması ilə kompüterlər nəinki informatika dərslərində, həmçinin digər dərslərdə də geniş istifadə ediləcəkdir.

Martın 2-dən 5-dək Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində rus dili və ədəbiyyatı fənni üzrə “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV Olimpiada keçirilib.

Martın 2-dən 5-dək Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzində Təhsil Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Rus dilinin intensiv tədrisi” layihəsi çərçivəsində rus dili və ədəbiyyatı fənni üzrə “Rusiyanın tarixi ili”nə həsr olunmuş IV Olimpiada keçirilib. Olimpiadanın ilk günü VI sinif, sonrakı günlərdə isə VII sinif şagirdləri bilik yarışına qoşulublar. Olimpiadada Bakı və Sumqayıtın ümumi təhsil müəssisələrinin şagirdləri iştirak ediblər. Olimpiadanın fevralın 29-da keçirilmiş açılış mərasimində Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru, Təhsil Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları çıxış edərək şagirdlərə uğurlar arzulayıblar. Daha sonra şagirdlərin ifasında mahnı və şeirlər dinlənilib. Olimpiadanın növbəti mərhələsi 13-15 mart və 2-4 aprel 2012-ci il tarixlərində keçiriləcəkdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı