SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 16-da "Park inn" otelində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin təşəbbüsü ilə "Azərbaycan–2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda "Dəyirmi masa" keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Təhsil Nazirliyinin mərkəzi aparatının əməkdaşları, nazirliyin struktur bölmələrinin rəhbərləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, tanınmış ziyalılar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Təhsil Nazirliyinə birbaşa tabe olan ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
"Dəyirmi masa"nı Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi Əli Əhmədov açaraq Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib, ölkə həyatının bütün sahələrini əhatə edən islahatların, yeniləşmə və modernləşmə proseslərinin Azərbaycanın gələcək inkişafının əsaslarının formalaşdırılması kimi nəzərdən keçirildiyini diqqətə çatdırıb. Əli Əhmədov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın 2020-ci ilə istiqamətlənmiş inkişaf konsepsiyasının hazırlanması ilə əlaqədar ötən il imzaladığı sərəncama əsasən, növbəti illərdə inkişafın əsas istiqamətlərinin və qarşıya qoyulan hədəflərin konsepsiya şəklində müəyyənləşdirilməsi nəzərdə tutulur.
Həmin inkişaf konsepsiyasında təhsil sahəsinin də əhəmiyyətli yer tutduğunu vurğulayan icra katibi bildirib ki, son illər ərzində təhsilin inkişafı baxımından mühüm işlər görülüb, təhsilə qayğı Azərbaycanda dövlət siyasətinin və hökumətin fəaliyyətinin prioritetinə çevrilib. Təhsil sahəsində əldə olunan uğurların cəmiyyətdə bu sahəyə münasibətin ciddi şəkildə dəyişilməsinə səbəb olduğunu deyən Ə.Əhmədov indiki mərhələdə təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsi və bununla bağlı fikirlərin aydın ifadə edilməsinə ehtiyac duyulduğunu söyləyib.
Ə.Əhmədov təhsil sahəsində çalışan, onun inkişafında mühüm xidmətləri olan insanların iştirakı ilə keçirilən "Dəyirmi masa"nın bu baxımdan faydalı olacağına, burada aparılacaq diskussiya və müzakirələrdə dəyərli fikirlər səsləndiriləcəyinə əmin olduğunu bildirib.
Təhsil naziri Misir Mərdanov "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda təqdimat–məruzəsində ilk öncə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin təhsilin əhəmiyyəti və cəmiyyət həyatında aparıcı roluna dair fikirlərini diqqətə çatdırıb, ölkəmizdə təhsil sahəsinin inkişaf mərhələlərindən söz açıb. Azərbaycanın 2003-2011-ci illərdə keçdiyi dinamik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdən bəhs edən Misir Mərdanov bu illər ərzində sosial-iqtisadi inkişaf üzrə 60-dan çox Dövlət Proqramının qəbul olunduğunu, yoxsulluq səviyyəsinin 40 faizdən 7,6 faizə, 1 milyon yeni iş yerinin açılması sayəsində işsizlik səviyyəsinin 5,4 faizə endiyini bildirib.
Təhsil naziri dünyada yaxın və uzaq perspektivlər üçün ölkələrin, təhsil sistemlərinin inkişaf strategiyalarının işlənməsi və həyata keçirilməsi təcrübəsinin geniş yayıldığını diqqətə çatdırıb. Təhsilin inkişafında mühüm rol oynayan əsas meyarları sadalayan nazir bir sıra xarici ölkələrlə Azərbaycandakı müvafiq göstəriciləri müqayisə edib.
Misir Mərdanov təhsilin tərəqqinin hərəkətverici qüvvəsi olduğunu, insan kapitalının və intellektual potensialın formalaşdırılmasında, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, yoxsulluğun aradan qaldırılması və sosial rifahın yüksəlməsində, hüquqi cəmiyyətin qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Ölkəmizdə təhsil sahəsində aparılan islahatların əsasını təşkil edən inkişafyönlü layihələr haqqında məlumat verən təhsil naziri 1999-2003-cü illəri əhatə edən öyrədici innovasiya layihəsinin, 2003-2008-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinin, 2009-2014-cü illəri əhatə edən və məqsədi ümumi təhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi, ümumi təhsilə ayrılmış xərclərin səmərəliliyinin artırılması olan Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin uğurla həyata keçirildiyini bildirib. Ölkəmizdə təhsilə böyük dövlət qayğısı olduğunu deyən nazir bu qayğının ən bariz ifadəsi kimi dövlət büdcəsinin tərkibində təhsilə ayrılan ümumi xərclərin və investisiya xərclərinin ilbəil artımını əks etdirən diaqramı diqqətə çatdırıb.
Ölkəmizdə inkişafın yeni modeli olan proqramlarla idarəetmə nəticəsində təhsilin ayrı-ayrı pillələri üzrə görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında məlumat verən Misir Mərdanov ümumilikdə təhsilin inkişafına xidmət edən bütün tədbirlərdən bəhs edib. Heydər Əliyev Fondunun təhsil sahəsinə verdiyi dəstəyi nəzərə çatdıran nazir son illərdə bu qurumun köməkliyi ilə həyata keçirilən işlərdən söhbət açıb.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilov, Bakıdakı akademik Zərifə Əliyeva adına tam orta məktəbin direktoru Məhəbbət Vəliyeva, Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil nazirinin təqdimatını yüksək qiymətləndirib, müzakirə olunan məsələ barədə fikirlərini bildirib və müvafiq təkliflərini nəzərə çatdırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl