SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 7-də təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) İdarə Heyətinin üzvləri ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının son illər təhsilin inkişafı və valideyn-müəllim münasibətlərinin səmərəli təşkilində gördüyü işləri qeyd edib. Misir Mərdanov əsas məqsədi valideynlərlə müəllimlərin sıx əməkdaşlığının və faydalı ünsiyyət mühitinin yaradılmasından ibarət olan bu təşkilatın qeyd olunan istiqamətdə həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında, təhsilin keyfiyyətinin artırılmasında, müəllim və məktəbin nüfuzunun yüksəldilməsində Valideyn-Müəllim Assosiasiyasının (VMA) üzərinə mühüm vəzifələr düşür. Sonra təhsil naziri VMA-nın fəaliyyətinin daha səmərəli təşkil olunmasının önəminə diqqət çəkib və bununla bağlı dünya ölkələrinin təcrübəsindən bəhrələnməyin məqsədəuyğunluğunu bildirib. VMA-nın fəaliyyətinin möhkəmləndirilməsini və genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən Misir Mərdanov görülmüş işlərlə bağlı təbliğat işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Nazir bu qurumun gördüyü işlərə lazımi dəstək göstəriləcəyini vurğulayaraq bir sıra cari məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Milli Valideyn Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova bu görüş və göstərilən dəstək üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Son illər VMA-nın üzvlərinin sayının artdığını deyən T.Şərifova cari ildə Bakı şəhəri üzrə 100-ə yaxın orta məktəb və məktəbəqədər tərbiyə müəssisəsinin məhz bu məsələ ilə bağlı müraciət etdiyini vurğulayıb. Valideynlərin mərkəzləşdirilmiş buraxılış imtahanlarında iştirakının səmərəli nəticələrindən söz açan T.Şərifova rəhbəri olduğu qurumun bir sıra layihələrdə iştirakı və keçirdikləri tədbirlər barədə məlumat verib. Daha sonra icraçı direktor öz çıxışında VMA-nın filiallarının yaradılması, valideyn məsuliyyətinin artırılması üzrə mexanizmin hazırlanması, müəllimlərin ünsiyyət və təcrübə mübadiləsinin aparılması üçün Azərbaycanda Müəllimlər Evinin təşkili təşəbbüsü ilə çıxış edib, digər bu kimi məsələlərə toxunub. T.Şərifova, həmçinin qarşılaşdıqları bəzi problem və çətinlikləri diqqətə çatdırıb. Görüşdə iştirak edən Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvlərindən Bakı şəhəri 46 nömrəli tam orta məktəbin direktoru Sevinc Budaqova, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, 291 nömrəli “Araz” Ekologiya liseyinin direktoru Südabə Mikayılova, Bakı şəhəri 18 nömrəli tam orta məktəbin direktoru Vaqif Hüseynov, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru Vəfa Məmmədova, Bakı şəhəri Bağça-məktəb-lisey kompleksinin direktor müavini Kəmalə Bədəlova, Bakı şəhəri 20 nömrəli məktəb-liseyin valideyni Rafiq Ramazanov və Bakı şəhəri 152 nömrəli tam orta məktəbin direktoru Gülarə Verdiyeva valideynlərlə müəllim və məktəbin daha səmərəli əlaqəsinin təşkili, valideynlər arasında maarifləndirmə işinin aparılması, müəllimin cəmiyyətdə nüfuzunun artırılması, habelə bu kimi digər məsələlərlə bağlı təkliflərini bildiriblər. Sonda Valideyn-Müəllim Assosiasiyasının mətbuat orqanının fəaliyyət göstərməsi, ictimaiyyətin mövcud istiqamətdə görülmüş işlərə dair məlumatlandırılması üçün təbliğat işinin və valideyn-müəllim-məktəb əməkdaşlığının gücləndirilməsi qərara alınıb.
08/07/2015 16:52
Aprelin 21-də Yasamal rayonundakı 60 saylı məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Təhsil müəssisələri və media: qarşılıqlı münasibətlər” mövzusunda dəyirmi masa keçirilib.
Təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın idarə heyətinin üzvləri, qəzet redaktorları, paytaxtın bəzi məktəb direktorlarının iştirak etdiyi tədbirdən öncə qonaqlar 60 saylı məktəblə tanış olub, müasir metodlar üzrə tədris edilən dərslərdə iştirak ediblər. Daha sonra təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı təmsil olunduğu idarənin mətbuatla sıx əməkdaşlıq etdiyini və bu sahədə görülən işləri diqqətə çatdırıb, mövcud problemlərdən söz açıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov təhsil müəssisələri ilə media arasında əlaqələrin daha da genişləndirilməsinin, təhsildən yazan jurnalistlərin bu sahədəki problemlərin həllinə yardımçı olmalarının vacibliyinə toxunub, həmçinin, rəhbəri olduğu təşkilatın Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlığından danışıb. Sonra Mətbuat Şurasının sədri ölkənin və cəmiyyətin inkişafı üçün əsas strateji istiqamətlərdən biri olan təhsil sahəsinə xüsusi önəm verilməsini media rəhbərlərinə və jurnalistlərə tövsiyə edib. Azərbaycan təhsilində görülən işləri yüksək dəyərləndirən Ə.Amaşov ictimaiyyətin bu istiqamətdə mütəmadi olaraq məlumatlandırılmasının zəruri olduğunu bildirib. Təhsil naziri Misir Mərdanov müzakirə edilən məsələnin əhəmiyyətinə diqqəti çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə ictimaiyyətin düzgün məlumatlandırılmasının vacibliyini vurğulayıb. Nazir onu da qeyd edib ki, mətbuatla əməkdaşlıq bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların müsbət nəticələnməsinə təkan verir. Belə müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edən nazir mətbuat nümayəndələri və qəzet redaktorlarının ucqar kənd məktəblərinə getmələri, buradakı təhsil şəraiti ilə yaxından tanış olmaları təklifi ilə çıxış edib. “Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov Azərbaycan jurnalistikasının bugünkü durumu haqqında iştirakçılara geniş məlumat verib, Mətbuat Şurasının “qara siyahı”sında olan kütləvi informasiya vasitələrinə qarşı mübarizədə dövlət qurumları və jurnalistlərin birgə mübarizə aparmasının məqsədəuyğun olduğunu bildirib. Daha sonra B.Sadıqov ziyalıları, təhsil müəssisəsi rəhbərlərini ictimai fəallığın artırılmasına və sıx əməkdaşlığa dəvət edib, rəhbərlik etdiyi qəzetin təhsil sahəsinə diqqət göstərdiyini və bu işin davamlı olacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış edərək, rəhbərlik etdiyi qurumun kütləvi informasiya vasitələri ilə birgə gördüyü işlərdən danışıb, fondun təsdiq etdiyi proqram və layihələrdə təhsil sahəsinə xüsusi önəm verildiyini və müvafiq istiqamətdə görülən işlərin bundan sonra da gücləndiriləcəyini diqqətə çatdırıb. Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurasında “reket qəzet”lərlə mübarizə üzrə işçi qrupuna rəhbərlik etdiyini, istər təmsil olunduğu qəzetdə, istərsə də Mətbuat Şurasında təhsil sahəsinə yüksək diqqətlə yanaşıldığını qeyd edib. Dəyirmi masada çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə nazirliklə kütləvi informasiya vasitələri arasındakı münasibətlərdən söz açıb, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması üçün rəy və təkliflərini bildirib. Tədbirdə çıxış edən məktəb direktorları bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri ətrafında danışıblar. Sonda təhsildən yazan jurnalistlərin ixtisasının artırılması, Təhsil Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə müsabiqə təşkil etməsi barədə müzakirələr aparılıb və tədbirlər planı hazırlamaq məqsədilə işçi qrup yaradılıb. Tədbirdə iştirakçılara Mətbuat Şurasının “reket mətbuat” elan etdiyi və 94 qəzetin yer aldığı “qara siyahı” təqdim edilib.
08/07/2015 16:52
Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin yaranmasının 50 illik yubileyi qeyd olunub.
Yubiley mərasimindən əvvəl ali təhsil ocağının kollektivi, dəvət olunmuş qonaqlar Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən yubiley tədbirində təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Türkiyə Respublikasının Yüksək Öyrətim Kurumunun məsul şəxsləri, Hacəttəpə Universitetinin əməkdaşları, millət vəkilləri, ölkəmizin tanınmış alim və pedaqoqları, bir sıra dövlət və qeyri-dövlət ali məktəblərinin rəhbərləri, universitetin müəllim və tələbələri iştirak ediblər. Mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov açaraq iştirak edən qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnunluq hissi keçirdiyini bildirib. Rektor ölkəmizdə yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ilə yaxın şərəfli inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sahəsindəki xidmətlərindən danışıb. Ali təhsil ocağında fəaliyyət göstərən fakültələr arasında pedaqoji fakültənin xüsusi yeri və rolu olduğunu qeyd edən Y.Məmmədov 1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə yaradılmış bu fakültənin 50 il ərzində 15 minə yaxın məzunu olduğunu diqqətə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, tətbiq edilən yeniliklərdən, universitetin beynəlxalq əlaqələrindən ətraflı söz açıb. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ölkə təhsilinin, elminin uğurlu inkişafından danışaraq, ümummilli liderimiz Heydər Əliyevin hər zaman müəllimlik sənətinə yüksək dəyər verdiyini, onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də Azərbaycan təhsilinə, elminə diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğulayıb. Müəllimin təhsildə əsas sima, ən nüfuzlu şəxs olduğunu deyən təhsil naziri onların hər zaman cəmiyyət tərəfindən hörmətlə qarşılandığını qeyd edib. Nazir yubileyi qeyd olunan pedaqoji fakültənin səmərəli fəaliyyətini müsbət qiymətləndirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin bir qrup əməkdaşına yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və fakültənin 50 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını və Fəxri fərmanlar təqdim edib. Misir Mərdanov çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyini, pedaqoji fakültənin müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Yubiley mərasimində pedaqoji fakültənin dekanı Fərrux Rüstəmov “Şərəfli 50 il” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə pedaqoji fakültənin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açılıb. Çıxış edənlərdən Türkiyə Respublikası Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı Buket Akkoyunlu, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 50 il şərəfli ömür yolu keçmiş pedaqoji fakültənin kollektivini təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar. Yubiley tədbiri ali təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.
08/07/2015 16:52
Aprelin 23-də Azərbaycan Müəllimlər İnstitutunda tanınmış alim və ictimai xadim, bu ali məktəbin professoru Ramiz Məmmədzadənin 80 illik yubileyi qeyd olunub.
Yubiley mərasimində təhsil naziri Misir Mərdanov iştirak edib. Tədbiri institutun rektoru Aqiyə Naxçıvanlı açaraq Ramiz Məmmədzadə təbrik edib, onun şəxsiyyətini səciyyələndirən keyfiyyətlərdən söz açıb və institutun kollektivi adından yubilyara hədiyyə təqdim edib. Azərbaycan Müəllimlər İnstitutunun dosenti Rəşid Cabbarov R.Məmmədzadənin zəngin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov 80 yaşının tamam olması münasibətilə R.Məmmədzadəni təbrik edib. Yubilyarı “müəllimlər müəllimi” adlandıran nazir onun cəmiyyətdə böyük nüfuz sahibi, bütün ömrünü şərəflə yaşamış az-az insanlardan olduğunu vurğulayıb. Nazir R.Məmmədzadəni çalışdığı bütün vəzifələrdə işinə məsuliyyətlə yanaşması, daim yenilik hissi ilə yaşaması, səmimiliyi, sadəliyi, alicənablığı və s. kimi keyfiyyətləri ilə böyüməkdə olan nəslə örnək olduğunu diqqətə çatdırıb. Yubiley mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Əbdül Əlizadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakıdakı 177 saylı məktəbin direktoru Həqiqə Məmmədova və başqaları çıxış edərək, R.Məmmədzadəyə təbriklərini çatdırıblar. Sonda yubilyara gül dəstələri və hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Aprelin 27-də Avropa İttifaqının maliyyə dəstəyilə Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.
İclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilib, ötən 6 ayda layihə üzrə həyata keçirilmiş işlər və növbəti 6 ay ərzində planlaşdırılmış tədbirlər müzakirə edilib. İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin məqsədləri barədə məlumat verib. Birgə əməkdaşlıq nəticəsində İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində görülən işlərdən söz açan nazir layihənin uğurla icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsində Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, Avropa Komissiyasının Nümayəndəliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İqtisadi İslahatlar Elmi Tədqiqat Mərkəzi nümayəndələrinin təmsil olunduğunu nəzərə çatdırıb. “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin əsas məqsədinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı olduğunu bildirən əməliyyatlar üzrə rəhbər Jan Lui Lavroff gələcəkdə digər layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib. “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin rəhbəri Ann Castis layihə üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə təqdimat-məruzə edib. Pilot məktəbin işçi heyətinə və rəhbərliyinə bilik və bacarıqların inkişaf üzrə müvafiq təlimlərin keçiləcəyini bildirən qonaq məktəbə Turizm İnstitutu və Mingəçevir Turizm Kollecindən kadrlar cəlb etməyin məqsədəuyğun olduğunu vurğulayıb. Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov İsmayıllı Turizm Peşə Təhsili Kompleksinin tikintisinin başa çatmaq üzrə olduğunu və müvafiq avadanlıqların yaxın gələcəkdə tədris ocağına veriləcəyini bildirib. Şöbə müdiri qeyd edib ki, pilot məktəbdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi aparılıb və müvafiq hesabat hazırlanıb. Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmalmasının vacibliyini önə çəkən təhsil naziri işçilərin və müasir idarəetmə qabiliyyətinə malik rəhbərliyin seçiminin əhəmiyyətini qeyd edib. Texniki peşə təhsilinin inkişafı məsələlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğunu vurğulayan nazir son illər bu sahədə bir sıra uğurların qazanıldığını bildirib. İclas iştirakçılarına öz təşəkkürünü bildirən Misir Mərdanov layihə üzrə hesabatın qəbul olunduğunu nəzərə çatdırıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə daha yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
08/07/2015 16:52
Aprelin 27-də “Hyatt Regency” otelinin “Quba” zalında “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfransın yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, millət vəkili Məlahət İbrahimqızı, tanınmış alim və pedaqoqlar, paytaxt məktəblərinin direktorları, müəllimlər iştirak ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na müvafiq olaraq görülən işlərdən danışıb. Nailə Rzaquliyeva bu ayın əvvəllərində keçirilmiş “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunan konfrans haqqında məlumat verərək bildirib ki, paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi, siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyətdə gənclərin rolu, ekoloji problemlər və digər məsələlərlə bağlı hazırladıqları yaradıcılıq işlərini təqdim ediblər. Münsiflər heyətinin rəyinə əsasən yüksək qiymətləndirilən məruzə, təqdimat materiallarının seçildiyini və qaliblərin müəyyənləşdirildiyini söyləyən N.Rzaquliyeva qabiliyyət və istedadın üzə çıxarılmasına imkan verən bu müsabiqənin qaliblərinə uğurlar arzulayıb. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində gördükləri işlərlə bağlı ayrı-ayrı məqamları əks etdirən “Azərbaycan-dünyam mənim” adlı sənədli filmə tamaşa ediblər. Sonra ən yaxşı yaradıcılıq işi ilə fərqlənmiş I, II, III yerlərin sahibləri olan 50 şagirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplom və hədiyyələri təqdim olunub. Mərasimdə, həmçinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən inşa müsabiqəsinin Bakı şəhəri üzrə qalibləri olan paytaxt məktəblərinin 11 şagirdi də mükafatlandırılıb. AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev son illər Azərbaycan təhsilinin uğurlu inkişafından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğıdan, orta ümumtəhsil məktəblərində çoxsaylı istedadlı və bacarıqlı uşaqların olmasından, aparılan uğurlu işlərdən və bu sahədə müsbət nəticələrin əldə edilməsindən söz açıblar. Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətləri diqqətə çatdırılıb. Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ulu öndərimiz Heydər Əliyevin müəllimlərə hər zaman xüsusi hörmətlə yanaşdığını, onların əməyini yüksək qiymətləndirdiyini qeyd edib. Dahi şəxsiyyətin müəllim haqqında söylədiyi dəyərli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdıran təhsil naziri ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına daim diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb. Misir Mərdanov istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişafında belə tədbirlərin keçirilməsinin müstəsna əhəmiyyəti olduğunu bildirib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
08/07/2015 16:52
Aprelin 28-də “Crescent Beach” otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib.
Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimindən öncə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə müdirləri, olimpiadanın təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin, olimpiadanın təşkilat komitəsinin üzvləri, məktəblilər və digər qonaqlar Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər. Olimpiadanın açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Olimpiadanın Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, dünyanın 14 ölkəsindən beynəlxalq bilik yarışına gəlmiş şagirdlər, onların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Qonaqları və məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının bütün iştirakçılarını salamlamaqdan məmnunluq duyduğunu bildirən təhsil naziri Misir Mərdanov qeyd edib ki, bu mötəbər elm və intellekt yarışının ikinci dəfə Azərbaycanda keçirilməsi azərbaycanlıları hədsiz qürurlandırır. Nazir olimpiadanın keçirilməsi üçün yenidən Bakı şəhərinin seçilməsini təsadüfi hesab etmədiyini, bu əlamətdar hadisənin hər şeydən əvvəl Azərbaycanın təhsil və elm potensialına, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərə inamın real təzahürü kimi qiymətləndirdiyini söyləyib. Misir Mərdanov Beynəlxalq Mendeleyev Olimpiadasının say etibarı ilə 44-cü olmasını bu mötəbər bilik yarışmasının uzunömürlülüyünü təsdiq edən ən parlaq fakt kimi dəyərləndirib. Olimpiadanın davamlı keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirən təhsil naziri bunu bilik yarışmasının əsas qayəsinin təhsilin inkişafına, elmi nailiyyətlərin təbliğinə, istedadlı gənclərin üzə çıxarılmasına və ən nəhayət, müxtəlif xalqların nümayəndələri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması kimi nəcib amallara təmənnasız xidmətdən ibarət olması ilə əlaqələndirib. Nazir Beynəlxalq Mendeleyev Olimpiadasının müasir dünyamızda müstəsna əhəmiyyət daşıyan sülhməramlılıq və müxtəlif mədəniyyətlərə tolerant münasibət kimi mənəvi missiyanı ləyaqətlə yerinə yetirdiyini diqqətə çatdırıb. Təhsil naziri Beynəlxalq Mendeleyev Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə marağın olmasında dövlət başçısı cənab İlham Əliyevin xüsusi qayğısından söz açıb. Hər bir ölkədə tərəqqi tempinin elm və təhsilin inkişaf səviyyəsi ilə ölçüldüyünü deyən nazir elm və təhsili inkişafın mənbəyi, aparıcı qüvvəsi, istedadlı insanları hər bir xalqın ən qiymətli sərvəti, tükənməz kapitalı kimi səciyyələndirib. Elmli, təhsilli, istedadlı insanlara bütün cəmiyyətlərdə həmişə hörmət və ehtiram göstərildiyini bildirən nazir bütün müqəddəs kitablarda da elmə, təhsilə həmişə müstəsna qiymət verildiyini söyləyib. Son illər təhsil və elm sahəsinin inkişafı istiqamətində Azərbaycanda görülmüş islahatyönümlü işlər haqqında məlumat verən Misir Mərdanov bildirib ki, həyata keçirilən islahatların əsasını maddi dəyərlərin yüksək intellektə malik olan insan potensialına çevrilməsi ideyası təşkil edir. Nazir mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, son 12 il ərzində Azərbaycanda 1600-dən çox yeni məktəb binası tikilib, 500-dən çox məktəb binası təmir olunmaqla müasir avadanlıqlarla təchiz edilib. Təhsil naziri dövlət səviyyəsində ümumtəhsil məktəblərinin dərsliklər, dərs vəsasitləri, əlavə vəsaitlərlə təmin edildiyini, təhsilin informasiyalaşdırılması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı, Azərbaycan gənclərinin xaricdə təhsili və digər sahələr üzrə ayrıca Dövlət Proqramlarının və layihələrin həyata keçirildiyini vurğulayıb, bütün bunların iştirakçılarda ölkəmizdə təhsil sahəsində aparılan işlər barədə aydın təsəvvür yaradacağına əmin olduğunu söyləyib. Təhsil naziri Misir Mərdanov Beynəlxalq Mendeleyev Olimpiadasının nüfuzunun yüksəlməsi üçün son 20 il ərzində gərgin əmək sərf etmiş görkəmli kimyaçı alim və elm təşkilatçısı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Luninin və onun həmkarlarının xidmətini xüsusi qeyd edib. Nazir Azərbaycan məktəblilərinin bu olimpiadada iştirakına hərtərəfli imkanların yaradılmasını və olimpiada qaliblərindən indiyədək 21 nəfərin dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahan vermədən qəbul olunmasını və orada təhsillərini uğurla davam etdirməsini məhz V.V.Luninin Azərbaycana və azərbaycanlılara səmimi münasibətinin təzahürü kimi dəyərləndirib, olimpiadanın şöhrətinin və uğurunun ilbəil daha da artacağına əmin olduğunu vurğulayıb. Misir Mərdanov eyni zamanda bu olimpiadanın təşkilində Azərbaycanın böyük kimyaçı alimi, AMEA-nın müxbir üzvü professor Vaqif Abbasovun xüsusi rolu olduğunu nəzərə çatdırıb. Nazir olimpiadada iştirak edən gənclərin simasında gələcəyin görkəmli alimlərini, tədqiqatçılarını, müasir biliklərlə silahlanmış mütəxəssislərini gördüyünü bildirib. Qloballaşan dünyada mütəxəssisə verilən ən başlıca tələbin rəqabətə davamlılıq olduğunu vurğulayan Misir Mərdanov bu gün Avropada vahid təhsil məkanının yaradılması ideyasının gerçəkləşməsinin həmin tələbi daha da aktuallaşdırdığını diqqətə çatdırıb. Olimpiadanın proqramında bir sıra digər tədbirlərin, o cümlədən şəhərlə tanışlıq məqsədi ilə tarixi yerlərə, görməli məkanlara ekskursiyaların təşkilinin və konsert proqramlarının nəzərdə tutulduğunu vurğulayan nazir müxtəlif ölkələri təmsil edən şagirlərin bütün bunlardan faydalanacağına, özlərinə yeni dostlar tapacağına əmin olduğunu qeyd edib. Misir Mərdanov çıxışının sonunda zala toplaşanları 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı münasibətilə təbrik edib, olimpiadanın işinə və iştirakçılara uğurlar arzulayıb. Təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin olimpiadanın son 10 ildə ikinci dəfə Bakıda keçirilməsindən məmnun olduğunu, bu müddət ərzində paytaxtımızın çox dəyişdiyini, inkişaf etdiyini diqqətə çatdırıb. Qonaq ölkəmizdə baş vermiş bu inkişaf və tərəqqidə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb. Beynəlxalq Mendeleyev Olimpiadası qaliblərinin ali məktəblərin kimya təmayüllü ixtisaslarına müsabiqədənkənar qəbul olunduqlarını söyləyən V.V.Lunin olimpiadanın keçirilməsi üçün hər cür şərait yaradılmasından məmnunluqla söhbət açıb. Olimpiada üçün seçilmiş yerin əla olduğunu deyən qonaq bu mötəbər bilik yarışının təşkilinə göstərdiyi böyük köməyə görə təhsil naziri Misir Mərdanova, münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasova və Lomonosov adına MDU-nun professoru Valentin Georgiyeviç Nenaydenkoya minnətdarlığını bildirib, məktəblilərə uğurlar arzulayıb. 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Vaqif Abbasov iştirakçılara qələbə sevinci, bu mötəbər bilik yarışında böyük alim, Bakı neftinin tərkibinin tədqiqatçısı olmuş D.İ.Mendeleyevin şəkli əks olunmuş medalları əldə etməyi arzulayıb. Vaqif Abbasov Beynəlxalq Mendeleyev Olimpiadasının təşkili və keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Maraqlı bilik yarışması izləyə biləcəyindən məmnun oluğunu deyən münsiflər heyətinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Valentin Georgiyeviç Nenaydenko olimpiadanın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib. Qonaq iştirakçılara uğurlar diləyib və bu elm, bilik sınağının onların yaddaşında xoş xatirə kimi daim qalacağına inandığını söyləyib.
08/07/2015 16:52
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) 1 sentyabr 2010-cu il tarixdən ləğv olunub.
Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) ləğv olunub. 1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış (2007-ci ildə təkrar lisenziyalaşdırılıb) Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 19 noyabr 2007-ci il tarixli 031973 №-li xüsusi razılıq (lisenziya) verilib. Qeyd edək ki, ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın müvafiq bəndinə və Təhsil Nazirliyinin əmrinə əsasən təhsil müəssisələrində mütəmadi olaraq lisenziya tələblərinə və şərtlərinə riayət olunması vəziyyətinin araşdırılması nəzərdə tutulub. Buna uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmri ilə Moskva Dövlət Açıq Universitetinin Bakı filialında tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən aparılan araşdırmalar zamanı lisenziya verilən vaxtdan sonra Moskva Dövlət Açıq Universitetinin Bakı filialının maddi-texniki bazasının və tədris-metodiki təminatının inkişaf etdirilmədiyi, əksinə daha da zəiflədiyi məlum olub. Eyni zamanda filialda tədris prosesinin təşkili, o cümlədən fənlərin proqramlara və dərs cədvəlinə uyğun tədrisi, kafedraların işinin təşkili, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsi və dərs yükünün planlaşdırılması, sənədləşmə işinin aparılması, tədris qrupları, birləşmələrin komplektləşdirilməsi və s. tədris-təşkilati məsələlərdə ciddi pozuntulara yol verildiyi, mövcud normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkar olunub. Sadalanan və digər pozuntu, çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks edilib, bu məsələ Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında filial rəhbərliyinin iştirakı ilə müzakirə olunub. Yekun olaraq Lisenziya Komissiyası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19 noyabr 2007-ci il tarixli 031973 №-li xüsusi razılığın (lisenziya) ləğv olunması barədə qərar qəbul edib. Qeyd olunanlarla bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyinin İşçi qrupunun arayışı və Lisenziya Komissiyasının iclasının qərarı nəzərə alınıb. Əmrə əsasən cari tədris ilinin başa çatmasına az müddət qaldığı nəzərə alınaraq, tələbələrin təhsil hüquqlarını, imtahan-məqbul sessiyalarının və buraxılış yekun attestasiyasının başa çatdırılmasını, bu il filialı bitirəcək məzunlara Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən diplomların verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi lisenziya 1sentyabr 2010-cu il tarixdən ləğv olunub. Bu təhsil müəssisəsinin rəhbərliyinə həmin tarixədək tələbə qəbulunun aparılması, tələbələrin bərpa və köçürülməsi halları istisna olmaqla qanunvericiliyə uyğun tədrisin təşkilinin təmin olunması, filialda təhsil alan, təhsilini başa vuran, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın və onların qiymət kitabçalarından çıxarışların Təhsil Nazirliyinə təqdim edilməsi barədə tapşırıq verilib. Eyni zamanda Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərlərinə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən lisenziyanın ləğv olunması barədə aidiyyəti dövlət orqanlarına və həmin universitetin rəhbərliyinə məlumat verilməsi, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlanması tapşırılıb. Təhsil Nazirliyinin Mətbuat xidməti
08/07/2015 16:52
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyənin Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək və Qazi Universitetinin rektoru Rza Ayxanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqələrində təhsil sahəsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib, qardaş ölkədə çoxsaylı azərbaycanlı tələbənin təhsil aldığını nəzərə çatdırıb. Türkiyədə xüsusilə tibb və mühəndislik ixtisasları üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanması, ali təhsil sahəsində dərsliklərin, tədris proqramlarının uyğunlaşdırılması, daha çox ehtiyac duyulan ixtisaslar üzrə müəllimlərin Türkiyədən Azərbaycana səfərlərinin intensiv təşkilinə diqqətin artırılması barədə fikirlərini söyləyən nazir bütün bunların Azərbaycan ali təhsil sisteminin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Türkiyənin Qazi Universitetinin rektoru Rza Ayxan xalqlarımızın ortaq milli, mədəni və tarixi köklərə bağlı olduğunu, bunun dövlətlərarası əlaqələrdə, eləcə də təhsil sahəsində əməkdaşlıqda müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Azərbaycanlı tələbələrin Türkiyə universitetləri ilə daha yaxından tanış olması üçün qardaş ölkəyə səfərlərin təşkili məsələsinə toxunan Rza Ayxan bunun gənclər arasında daha sıx münasibətlərin qurulması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Təhsil sahəsində əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu söyləyən Yıldız Texniki Universitetinin rektoru İsmayıl Yüksək ölkələrimizin gələcəyi baxımından münasibətlərimizin dərinləşməsinin zəruri olduğunu vurğulayıb. Ölkəmizdə təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tibb Universitetinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə imzaladığı sərəncamın təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandığını bildirib. Həmçinin nazir Azərbaycanın Boloniya prosesinə qoşulmasının ali təhsil müəssisələrinin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyduğunu, son illər ölkəmizdə yüksək ixtisaslı mütəxəssis hazırlığı işinin səmərəliliyinin artığını nəzərə çatdırıb. Azərbaycandan xarici ölkələrə göndərilən tələbələrin sayına görə Türkiyənin ilk pillədə olduğuna diqqət çəkən təhsil naziri gələcəkdə qarşılıqlı əməkdaşlığın ən yüksək səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib. Görüşdə Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov iştirak ediblər. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
Aprelin 29-da “Palace Hotel”də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Azərbaycanda himayədar qayğı sisteminin yaradılması” mövzusunda konfrans keçirilib.
Tədbirdə ayrı-ayrı nazirliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Qurban Əmirov tədbirin mühüm məsələyə həsr olunduğunu qeyd edərək müzakirələrin maraqlı və səmərəli keçəcəyinə inandığını bildirib. Q.Əmirov əsas məqsədi pilot seçilmiş Əzizbəyov rayonunda alternativ qayğı növü kimi himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulması olan “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində görüləcək işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib. YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard və Avropa Komissiyasının ölkəmizdəki nümayəndəsi Məryəm İsmayılova öz çıxışlarında layihənin uğurla icra olunacağına inamlarını ifadə edib və bu işin bütün tərəfdaşlarına təşəkkürlərini bildiriblər. Sonra bir neçə təqdimat dinlənilib. “Ümidli gələcək” təşkilatının rəhbəri Nabil Seyidov “Azərbaycanda uşaq müdafiə sisteminin islahatında alternativ qayğı xidmətləri olan himayədar qayğı və kiçik qrup evi xidmətlərinin əhəmiyyəti”, “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Qafqaz və Orta Asiya üzrə koordinatoru Brigita Ştöpler “Himayədar qayğı kimi alternativ xidmətlərin göstərilməsində Avstriya təcrübəsi” və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aytəkin Hüseynli “Əzizbəyov rayonunda müdafiəyə möhtac olan uşaqların ehtiyaclarının müəyyən edilməsi məqsədilə keçirilən sorğunun nəticələri” mövzusunda təqdimatlarla çıxış ediblər. Konfransın sonunda təqdim olunan məruzələrlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı