SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 28-də “Crescent Beach” otelində məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimi keçirilib.
Beynəlxalq Mendeleyev Olimpiadasının açılış mərasimindən öncə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə müdirləri, olimpiadanın təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin, olimpiadanın təşkilat komitəsinin üzvləri, məktəblilər və digər qonaqlar Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Olimpiadanın açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Olimpiadanın Təşkilat Komitəsinin və münsiflər heyətinin üzvləri, dünyanın 14 ölkəsindən beynəlxalq bilik yarışına gəlmiş şagirdlər, onların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Qonaqları və məktəblilərin kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının bütün iştirakçılarını salamlamaqdan məmnunluq duyduğunu bildirən təhsil naziri Misir Mərdanov qeyd edib ki, bu mötəbər elm və intellekt yarışının ikinci dəfə Azərbaycanda keçirilməsi azərbaycanlıları hədsiz qürurlandırır. Nazir olimpiadanın keçirilməsi üçün yenidən Bakı şəhərinin seçilməsini təsadüfi hesab etmədiyini, bu əlamətdar hadisənin hər şeydən əvvəl Azərbaycanın təhsil və elm potensialına, ölkəmizin bu sahədə qazandığı nailiyyətlərə inamın real təzahürü kimi qiymətləndirdiyini söyləyib.
Misir Mərdanov Beynəlxalq Mendeleyev Olimpiadasının say etibarı ilə 44-cü olmasını bu mötəbər bilik yarışmasının uzunömürlülüyünü təsdiq edən ən parlaq fakt kimi dəyərləndirib. Olimpiadanın davamlı keçirilməsini əlamətdar hadisə kimi səciyyələndirən təhsil naziri bunu bilik yarışmasının əsas qayəsinin təhsilin inkişafına, elmi nailiyyətlərin təbliğinə, istedadlı gənclərin üzə çıxarılmasına və ən nəhayət, müxtəlif xalqların nümayəndələri arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaradılması kimi nəcib amallara təmənnasız xidmətdən ibarət olması ilə əlaqələndirib. Nazir Beynəlxalq Mendeleyev Olimpiadasının müasir dünyamızda müstəsna əhəmiyyət daşıyan sülhməramlılıq və müxtəlif mədəniyyətlərə tolerant münasibət kimi mənəvi missiyanı ləyaqətlə yerinə yetirdiyini diqqətə çatdırıb.
Təhsil naziri Beynəlxalq Mendeleyev Olimpiadasına Azərbaycanda belə yüksək səviyyədə marağın olmasında dövlət başçısı cənab İlham Əliyevin xüsusi qayğısından söz açıb. Hər bir ölkədə tərəqqi tempinin elm və təhsilin inkişaf səviyyəsi ilə ölçüldüyünü deyən nazir elm və təhsili inkişafın mənbəyi, aparıcı qüvvəsi, istedadlı insanları hər bir xalqın ən qiymətli sərvəti, tükənməz kapitalı kimi səciyyələndirib. Elmli, təhsilli, istedadlı insanlara bütün cəmiyyətlərdə həmişə hörmət və ehtiram göstərildiyini bildirən nazir bütün müqəddəs kitablarda da elmə, təhsilə həmişə müstəsna qiymət verildiyini söyləyib.
Son illər təhsil və elm sahəsinin inkişafı istiqamətində Azərbaycanda görülmüş islahatyönümlü işlər haqqında məlumat verən Misir Mərdanov bildirib ki, həyata keçirilən islahatların əsasını maddi dəyərlərin yüksək intellektə malik olan insan potensialına çevrilməsi ideyası təşkil edir. Nazir mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, son 12 il ərzində Azərbaycanda 1600-dən çox yeni məktəb binası tikilib, 500-dən çox məktəb binası təmir olunmaqla müasir avadanlıqlarla təchiz edilib. Təhsil naziri dövlət səviyyəsində ümumtəhsil məktəblərinin dərsliklər, dərs vəsasitləri, əlavə vəsaitlərlə təmin edildiyini, təhsilin informasiyalaşdırılması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı, Azərbaycan gənclərinin xaricdə təhsili və digər sahələr üzrə ayrıca Dövlət Proqramlarının və layihələrin həyata keçirildiyini vurğulayıb, bütün bunların iştirakçılarda ölkəmizdə təhsil sahəsində aparılan işlər barədə aydın təsəvvür yaradacağına əmin olduğunu söyləyib.
Təhsil naziri Misir Mərdanov Beynəlxalq Mendeleyev Olimpiadasının nüfuzunun yüksəlməsi üçün son 20 il ərzində gərgin əmək sərf etmiş görkəmli kimyaçı alim və elm təşkilatçısı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Luninin və onun həmkarlarının xidmətini xüsusi qeyd edib. Nazir Azərbaycan məktəblilərinin bu olimpiadada iştirakına hərtərəfli imkanların yaradılmasını və olimpiada qaliblərindən indiyədək 21 nəfərin dünyanın ən nüfuzlu ali məktəblərindən biri olan Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahan vermədən qəbul olunmasını və orada təhsillərini uğurla davam etdirməsini məhz V.V.Luninin Azərbaycana və azərbaycanlılara səmimi münasibətinin təzahürü kimi dəyərləndirib, olimpiadanın şöhrətinin və uğurunun ilbəil daha da artacağına əmin olduğunu vurğulayıb.
Misir Mərdanov eyni zamanda bu olimpiadanın təşkilində Azərbaycanın böyük kimyaçı alimi, AMEA-nın müxbir üzvü professor Vaqif Abbasovun xüsusi rolu olduğunu nəzərə çatdırıb.
Nazir olimpiadada iştirak edən gənclərin simasında gələcəyin görkəmli alimlərini, tədqiqatçılarını, müasir biliklərlə silahlanmış mütəxəssislərini gördüyünü bildirib. Qloballaşan dünyada mütəxəssisə verilən ən başlıca tələbin rəqabətə davamlılıq olduğunu vurğulayan Misir Mərdanov bu gün Avropada vahid təhsil məkanının yaradılması ideyasının gerçəkləşməsinin həmin tələbi daha da aktuallaşdırdığını diqqətə çatdırıb.
Olimpiadanın proqramında bir sıra digər tədbirlərin, o cümlədən şəhərlə tanışlıq məqsədi ilə tarixi yerlərə, görməli məkanlara ekskursiyaların təşkilinin və konsert proqramlarının nəzərdə tutulduğunu vurğulayan nazir müxtəlif ölkələri təmsil edən şagirlərin bütün bunlardan faydalanacağına, özlərinə yeni dostlar tapacağına əmin olduğunu qeyd edib.
Misir Mərdanov çıxışının sonunda zala toplaşanları 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının açılışı münasibətilə təbrik edib, olimpiadanın işinə və iştirakçılara uğurlar arzulayıb.
Təşkilat komitəsinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Valeri Vasilyeviç Lunin olimpiadanın son 10 ildə ikinci dəfə Bakıda keçirilməsindən məmnun olduğunu, bu müddət ərzində paytaxtımızın çox dəyişdiyini, inkişaf etdiyini diqqətə çatdırıb. Qonaq ölkəmizdə baş vermiş bu inkişaf və tərəqqidə ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük xidmətləri olduğunu vurğulayıb.
Beynəlxalq Mendeleyev Olimpiadası qaliblərinin ali məktəblərin kimya təmayüllü ixtisaslarına müsabiqədənkənar qəbul olunduqlarını söyləyən V.V.Lunin olimpiadanın keçirilməsi üçün hər cür şərait yaradılmasından məmnunluqla söhbət açıb. Olimpiada üçün seçilmiş yerin əla olduğunu deyən qonaq bu mötəbər bilik yarışının təşkilinə göstərdiyi böyük köməyə görə təhsil naziri Misir Mərdanova, münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasova və Lomonosov adına MDU-nun professoru Valentin Georgiyeviç Nenaydenkoya minnətdarlığını bildirib, məktəblilərə uğurlar arzulayıb.
44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının münsiflər heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Vaqif Abbasov iştirakçılara qələbə sevinci, bu mötəbər bilik yarışında böyük alim, Bakı neftinin tərkibinin tədqiqatçısı olmuş D.İ.Mendeleyevin şəkli əks olunmuş medalları əldə etməyi arzulayıb. Vaqif Abbasov Beynəlxalq Mendeleyev Olimpiadasının təşkili və keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Maraqlı bilik yarışması izləyə biləcəyindən məmnun oluğunu deyən münsiflər heyətinin həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Valentin Georgiyeviç Nenaydenko olimpiadanın yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib. Qonaq iştirakçılara uğurlar diləyib və bu elm, bilik sınağının onların yaddaşında xoş xatirə kimi daim qalacağına inandığını söyləyib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl