SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) 2010-cu ilin may ayında aparılmış akkreditasiyasının nəticələrinə dair iclas keçirilib.
İclasda çıxış edən Azərbaycan Dövlət Neft Akademiyası üzrə Akkreditasiya Кomissiyasının sədri Xalid Yahudov bildirib ki, ADNA-da tədrisin təhsil proqramlarına uyğun təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Ali məktəbin Elmi Şurasının qərarı ilə attestasiyaya buraxılış kursundan bakalavriat səviyyəsi üzrə 62, magistratura səviyyəsi üzrə 60 ixtisaslaşma təqdim olunduğunu nəzərə çatdıran X.Yahudov tələbələrin müvəffəqiyyət göstəricisi, professor-müəllim heyətini sayı, yaş tərkibi haqqında da məlumat verıb. O, eləcə də ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəricilərini qeyd edib, komissiyanın tövsiyə və təkliflərini sadalayıb. Bu yaxınlarda Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladan təhsil naziri Misir Mərdanov Akkreditasiya Komissiyasının qərarının ADNA-nın Elmi Şurasında müzakirə edilməsinin zəruriliyini bildirib. Nazir Akkreditasiya Komissiyasının bir sıra təkliflərinin nəzərə alınmasının Azərbaycan Dövlət Neft Akademiyasında tədrisin səviyyəsinin daha da yüksəlməsinə təkan verəcəyini vurğulayıb. Misir Mərdanov gələcəkdə ali məktəblərin akkreditasiya olunması işinə beynəlxalq ekspertlərin cəlb olunmasının mümkünlüyünü də nəzərə çatdırıb. Sonra iclasda müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
08/07/2015 16:52
Fevralın 11-də Bakı şəhərindəki 1 saylı məktəbdə Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə tədbiri keçirilib.
Təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, tanınmış alimlər, ekspertlər, məktəb direktorları və müəllimlər tədbirdə iştirak edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva çıxış edərək 2007-2008-ci tədris ilində paytaxt məktəblərinin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələrdən söz açıb. Sonra TQDK-nın sədri M. Abbaszadə “Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr” mövzusunda təqdimat edib, 2009-cu ildə ali məktəblərə qəbulda aparılacaq yeniliklər barədə danışıb. Tədbirdə əlaçı məzunların illər üzrə göstərdiyi nəticələr müqayisəli təhlil olunub, şagird biliyinin qiymətləndirilməsindən söz açılıb, habelə bununla bağlı statistik rəqəmlər diqqətə çatdırılıb. Təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğısından danışıb. Nazir verilən məlumatların vacib və əhəmiyyətli olduğunu, qeyd edilən məsələlərin zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda hər bir təhsil işçisinə işlərində daha ciddi və məsuliyyətli olmağı tövsiyə edib.
08/07/2015 16:52
Fevralın 11-də Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatı Təhsil Nazirliyi ilə birgə proqram cərçivəsində ölkəmizin ümumtəhsil məktəblərində “Canlı hüquq” proqramının həyata keçirilməsi ilə əlaqədar tədbir keçirilib.
Tədbirin əsas məqsədi məktəb rəhbərlərinə proqramın gedişi və növbəti mərhələ barədə bu layihəyə yeni qoşulan məktəblərə istiqamət vermək, beş il ərzində əldə edilmiş təcrübə haqqında məlumat çatdırmaqdan ibarət olub. ABA-CEELİ təşkilatının əməkdaşlarının təqdimatından sonra görülən işlərlə bağlı diskussiya keçirilib. Məlumat üçün qeyd edək ki, “Canlı hüquq” proqramı 2004-cü ildən Təhsil Nazirliyi ilə birgə ABA-CEELİ təşkilatı tərəfindən ümumtəhsil məktəblərində həyata keçirilir. Proqramın yeni mərhələsinin cari il fevralın 16-dan başlanması nəzərdə tutulub. Qeyd edək ki, proqramın əhatə dairəsi daha da genişləndirilib və daha bir neçə məktəb bu layihəyə qoşulub. Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və bir sıra bölgələrin təhsil şöbələrinin əməkdaşları, məktəb direktorları və direktor müavinləri, ABA/CEELİ təşkilatının və “Hüquqi təhsil” proqramının nümayəndələri iştirak edib.
08/07/2015 16:52
Yanvarın 24-də Təhsil Nazirliyində Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin müzakirəsinə dair iclas keçirilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycanda texniki peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və digər dövlət qurumlarının verdikləri dəstəkdən söz açıb. Nazir bildirib ki, 2007-ci ildə Cənubi Koreya tərəfinin təklifi ilə respublikamızda Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin reallaşdırılması üzrə razılığa gəlinib, bununla bağlı mütəxəssislərin qarşılıqlı səfərləri təşkil olunub və bir sıra təşkilati məsələlər həllini tapıb. Layihə haqqında məlumat verən Misir Mərdanov Peşə Tədris Mərkəzinin yaradılması üçün Cənubi Koreya hökumətinin 22 milyon dollar ayıracağını nəzərə çatdırıb və qeyd edib ki, mərkəzdə 8 ixtisas üzrə il ərzində 800 nəfər peşə təlimi ala biləcək. Təhsil naziri 4 nömrəli Bakı peşə liseyinin bazasında yaradılması nəzərdə tutulan mərkəzdə 2 illik ümumi və qısa müddətli kursların təşkil ediləcəyini söyləyib. Ölkə Prezidentinin texniki peşə təhsilinin inkişafına prioritet məsələlərdən biri kimi yanaşdığını vurğulayan nazir qarşıda duran işlərin uğurla yerinə yetiriləcəyinə əminliyini ifadə edib. Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirən Cənubi Koreya İnsan Resursları Departamentinin nümayəndəsi Can Cey Mun çıxışında layihənin əsas məqsədləri barədə məlumat verib. Layihə çərçivəsində əsas və orta, eləcə də ali məktəbləri bitirmiş şəxslərin peşə təhsili almasının mümkün olacağını söyləyən qonaq mərkəzdə ən yüksək tələblər səviyyəsində tədris şəraitinin yaradılacağını, şagirdlərin yataqxana ilə təmin ediləcəyini nəzərə çatdırıb. Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci-Ha Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması layihəsinin əhəmiyyətindən bəhs edib. Ölkəsinin Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirən səfir bu layihənin də uğurla reallaşdırılacağına inandığını söyləyib. Sonda məsələ ətrafında fikir mübadiləsi aparılıb, layihənin həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
08/07/2015 16:52
Fevralın 10-da “Avropa” mehmanxanasında məktəbəqədər təhsil müəssisələri üçün hazırlanmış müxtəlif təlim vəsaitlərinin təqdimat mərasimi keçirilib.
Qeyd edək ki, metodik vəsaitlər, nümayişetdirici materiallar, uşaqlar üçün masaüstü oyunlar, illüstrasiyalı nağıl kitabları Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”çərçivəsində Təhsil Nazirliyinin sifarişinə əsasən “Çaşıoğlu” nəşriyyatı tərəfindən hazırlanıb. Mərasimdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və bir sıra ali təhsil müəssisələrinin əməkdaşları, Bakı və Sumqayıt şəhərlərinin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodist və tərbiyəçiləri iştirak edib. Mərasimdə öncə çıxış edən təhsil naziri Misir Mərdanov ölkəmizdə məktəbəqədər təhsilin mövcud vəziyyəti, problemləri və eyni zamanda müvafiq Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Nazir nümayiş etdirilən təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu işin gələcəkdə də davam etdiriləcəyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Misir Mərdanov bir il ərzində hazırlanmış materialların artıq məktəbəqədər təhsil müəssisələrinə çatdırıldığını, tərbiyəçilər və uşaqlar tərəfindən bəyənildiyini deyərək bu layihədə əməyi olan hər kəsə, alim və mütəxəssislərə təşəkkür edib. Təqdimat mərasimində hazırlanmış təlim vəsaitləri haqqında reklam çarxı nümayiş etdirilib. Çıxış üçün söz alan millət vəkillərindən Şəmsəddin Hacıyev, Nizami Cəfərov, Qənirə Paşayeva, Gülər Əhmədova, Beynəlxalq Təhsil Kompleksinin direktoru Sara Xanlarova, uşaq bağçalarının müdirləri bu təlim vəsaitlərinin məktəbəqədər təhsil müəssisələri üçün böyük töhfə olduğunu xüsusi qeyd ediblər. Tədbirin rəsmi hissəsindən sonra Nizami rayon Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri xalq oyunları və mahnılardan ibarət bədii proqramla çıxış ediblər.
08/07/2015 16:52
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın 2.3 bəndinə əsasən 2008-2009-cu tədris ilində orta təhsil kursu üzrə buraxılış imtahanlarının respublikanın bütün ümumtəhsil sistemində mərkəzləşdirilmiş qaydada aparılması nəzərdə tutulub.
İmtahan mərkəzləri üzrə hər sinif otağında 18 şagird imtahan verəcək və buna müvafiq olaraq şagirdlər üçün 18 variantda test sual kitabçası hazırlanıb. Bir bölgədə keçirilən yoxlama imtahanında tətbiq olunan test sual kitabçaları digər bölgələrdə istifadə olunmayacaq, yəni test sual kitabçaları hər bölgə üzrə müxtəlif olacaqdır. Hər bir şagirdin cavab kartı üzərində onun şəkli çap olunacaq. Cari tədris ilindən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarına ilk dəfə cəlb olunmuş bütün ümumtəhsil məktəblərinə test bankı paylanmışdır, keçən illərdən mərkəzləşdirilmiş qaydada keçirilən yoxlama və buraxılış imtahanlarında iştirak edən məktəblər isə ötən tədris ilində onlara verilmiş test bankından istifadə edə bilərlər. Bölgələr üzrə mərkəzləşdirilmiş qaydada yoxlama imtahanları aşağıdakı qaydada keçiriləcəkdir: - 22.02.2009-cu il tarixində peşə liseyləri üzrə 29 imtahan mərkəzində 4495 şagird; - 01.03.2009-cu il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Qobustan rayonları üzrə 78 imtahan mərkəzində 30579 şagird; - 15.03.2009-cu il tarixində Quba, Qusar, Xızı, Siyəzən və Dəvəçi rayonları üzrə 15 imtahan mərkəzində 5847 şagird; - 29.03.2009-cu il tarixində ölkənin mərkəzi aran və cənub rayonları üzrə 76 imtahan mərkəzində 24952 şagird; - 05.04.2009-cu il tarixində ölkənin şimal-qərb rayonları üzrə 40 imtahan mərkəzində 14046 şagird; - 12.04.2009-cu il tarixində qərb rayonları üzrə 55 imtahan mərkəzində 20997 şagird; Müvafiq təlimata uyğun olaraq, şagird imtahana gələrkən mobil telefon gətirməməlidir, əks halda o, imtahan otağından kənarlaşdırılacaq və imtahan nəticələri ləğv olunacaqdır.
08/07/2015 16:52
Yanvarın 25-də Təhsil Nazirliyində “Elektron Təhsil” layihəsinin təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil sisteminin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 20 orta təhsil müəssisəsinin “Elektron Məktəb” pilot layihəsinə qoşulduğunu, yaxın müddətdə isə daha 30 tədris ocağında bu yeniliyin tətbiq olunacağını nəzərə çatdırıb. Təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə görə Azərbaycanın MDB məkanında öncül yerlərdən birini tutduğunu qeyd edən “Ultra” şirkətinin prezidenti Tahir Mirkişili “Elektron Təhsil” layihəsi haqqında məlumat verib. Artıq ölkə üzrə 1000 məktəbdə elektron dərslərdən istifadə imkanının olduğunu vurğulayan T.Mirkişili Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsinin məlumatları əsasında 4500 məktəbin şagird və müəllim kontingenti barədə məlumatların Data Mərkəzə daxil edildiyini söyləyib. “Elektron Təhsil” layihəsinin həyata keçirilməsi istiqamətində görülmüş işlərə nəzərə çatdıran “Ultra” şirkətinin şöbə müdiri Sərxan Məmmədov layihənin üstün cəhətlərini sadalayıb. “Elektron Təhsil” layihəsinin Təhsil Portalı (www.edu.az), “Elektron Məktəb” İdarəetmə Proqramı (ASM), Elektron Dərsləri İdarəetmə Proqramı (AeL), Elektron Dərslər (SCORM standartları) və Milli Təhsil Məlumat Bazasını (NED) özündə birləşdirdiyinə diqqət çəkən S.Məmmədov layihənin məktəb idarəetməsi, qiymətləndirmə, tədrisin səviyyəsinin yüksəldilməsi, valideyn-məktəb münasibətləri, təhsil sahəsinə dair müxtəlif statistik göstəricilərin vahid bazada toplanması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, “Elektron Təhsil” layihəsinin gözlənilən nəticələri verməsi üçün həyata keçiriləcək tədbirlər müzakirə olunub.
08/07/2015 16:52
Fevralın 6-da Təhsil Nazirliyində “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsi çərçivəsində seminar keçirilib.
Məlumat üçün bildirək ki, Beynəlxalq Miqrasiya Təşkilatı, Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığı ilə həyata keçirilən bu layihəyə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir. Seminarda insan alverinin qarşısının alınması məqsədilə orta məktəblərdə şagirdlər, onların müəllim və valideynləri tərəfindən insan alveri təhlükələrinin, miqrasiya reallıqlarının qarşısı alınma təşəbbüslərinin dəstəklənməsi üçün hazırlanacaq mexanizmlər və dərs vəsaitləri vasitəsilə maarifləndirmə tədbirlərinin keçirilməsi müzakirə olunub. Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov seminarı giriş sözü ilə açaraq qeyd olunan layihə üzrə tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. İ. Pirməmmədov ölkəmizdə insan alverinin qarşısının alınması, bu problemin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparılmasının vacibliyini qeyd edib. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasiliy Yujanin birgə həyata keçirilən “Azərbaycanda insan alverinin qarşısının alınmasına töhfə vermək üçün orta məktəb təhsili” layihəsində nəzərdə tutulan məsələlərdən söz açıb. Qeyd olunub ki, 2 il müddətində həyata keçiriləcək bu layihə çərçivəsində ümumtəhsil məktəblərində şagird, müəllim və valideynlərlə maarifləndirmə işinin aparılması, təlim və seminarların keçirilməsi, dərs vəsaitinin hazırlanması, eyni zamanda bu mövzunun orta təhsil üzrə tədris proqramına daxil edilməsi və digər məsələlər planlaşdırılır. Sonra çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəis müavini İmran Nəcəfov, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin milli proqram rəhbəri Oqtay Gülmalıyev, eləcə də digər aidiyyəti qurumları təmsil edən şəxslər qeyd olunan layihə ilə əlaqədar rəy və təkliflərini bildiriblər. Seminardan sonra Təşkilat Komitəsinin iclası keçirilib.
08/07/2015 16:52
Yanvarın 27-də Təhsil Nazirliyində “2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclası keçirilib.
Kollegiya iclasında ötən il ərzində görülmüş işlər barədə geniş təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2010-cu ilin ölkəmizin inkişafı üçün əhəmiyyətli il olduğunu, qazanılmış nailiyyətləri diqqətə çatdırıb. Dövlətimizin başçısının təhsilə olan yüksək diqqət və qayğısından söz açan nazir qeyd edib ki, 2010-cu il ərzində ölkə Prezidenti cənab İlham Əliyev və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 16 yeni inşa olunmuş, əsaslı təmir edilmiş təhsil müəssisəsində olub, müəllim və şagirdlərlə görüşüb. Misir Mərdanov bildirib ki, ötən il ölkə Prezidenti tərəfindən təhsillə bağlı 37 sərəncam və 2 fərman imzalanıb, təhsil sahəsində çalışan 411 nəfərə dövlət təltifləri verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyətində də təhsilin inkişafının əsas prioritetlərdən biri olduğunu vurğulayan təhsil naziri Hökumət tərəfindən bu istiqamətdə 32 qərarın imzalandığını nəzərə çatdırıb. Daha sonra nazir 2010-cu ildə təhsil sahəsinə ayrılan xərclər, həyata keçirilən Dövlət Proqramları və layihələr, məktəbəqədər təhsil sahəsində atılan addımlar, problemlər və nəzərdə tutulan məsələlər barədə məlumat verib. Nazir bildirib ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə 3 yeni uşaq bağçası tikilərək istifadəyə verilib, 7 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, 31 müəssisədə cari təmir işləri aparılıb, 151 müəssisə isə avadanlıqlarla təmin olunub. Təhsil naziri Misir Mərdanov ümumi təhsil sahəsində aparılan islahatlar, məktəb infrastrukturunun inkişafı, ötən il ərzində tikilmiş yeni məktəb və əlavə korpuslar, məktəblərin avadanlıqlarla və laboratoriyalarla təminatı, məktəb kitabxanalarının təchizatı, kurikulum islahatı üzrə həyata keçirilən tədbirlər, xarici dillərin intensiv tədrisi layihələri, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər haqqında danışıb. Misir Mərdanov bildirib ki, bu il yoxlama və buraxılış imtahanlarının 7 bölgə üzrə keçirilməsi nəzərdə tutulub. Fənlər üzrə imtahan suallarının sayının optimallaşdırıldığını qeyd edən nazir şagirdlər üçün imtahana buraxılış vərəqələrinin hazırlandığını diqqətə çatdırıb. 2010-cu ildə ali məktəblərə qəbulun nəticələrini, istedadlı şagirdlərlə aparılan işləri iclas iştirakçılarının nəzərinə çatdıran Misir Mərdanov de-institutlaşdırma sahəsində əldə olunmuş nailiyyətləri, dərslik siyasətinin həyata keçirilməsi istiqamətindəki tədbirləri, kadr təminatı və müəllimlərin işə qəbulu üzrə görülmüş işləri sadalayıb. Nazir ötən il təhsil sisteminin informasiyalaşdırılması, məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil sahəsində reallaşdırılan işlər, əsas fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, azərbaycanlı gənclərin dünya universitetlərində, əcnəbi tələbələrin isə ölkəmizdə təhsili, eləcə də əlavə təhsil sahəsində işlərin təşkili və digər bu kimi məsələlər barəsində geniş məruzə edib. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması məsələsindən də söz açan Misir Mərdanov bildirib ki, 2010-cu ildə Təhsil Nazirliyinə 51552 sənəd daxil olub. Onlardan 23600-ü ərizə və şikayətlər, 27952-si isə məktublardır. Qeyd edilib ki, ötən il “Qaynar xətt” xidmətinə 13232 müraciət daxil olub. Azərbaycan Respublikası Prezident Administrasiyası, Nazirlər Kabineti və bəzi dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin, millət vəkillərinin, ali məktəb rektorlarının, tanınmış ziyalıların, rayon, şəhər təhsil şöbə müdirlərinin, orta ixtisas, ilk peşə ixtisas və məktəb direktorlarının iştirak etdiyi kollegiya iclasında təqdimatın yüksək əhəmiyyəti barədə fikirlər səsləndirilib. İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkə Prezidentinin təhsil sahəsinə olan yüksək qayğısını vurğulayıb, təhsil siyasətinin həyata keçirilməsində Təhsil Nazirliyinin gördüyü işləri müsbət dəyərləndiriblər. Çıxış edənlər müvafiq istiqamətdə aparılan islahatların uğurla davam etdiriləcəyinə və mövcud problemlərin həllini tapacağına ümidvar olduqlarını nəzərə çatdırıblar. Təhsil naziri Misir Mərdanovun “2010-cu ilin yekunları və 2011-ci ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş kollegiya iclasında təqdimat-məruzəsi
08/07/2015 16:52
Yanvarın 28-də Təhsil Nazirliyində II Respublika Muğam Müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov Respublika Muğam Müsabiqəsinin ilk dəfə 2009-cu ildə keçirildiyini qeyd edib və bildirib ki, bu ilki müsabiqə Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və Muğam Birliyinin təşəbbüsü ilə təşkil olunub. E.Qasımov son illər muğam sənətinin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışıb, belə müsabiqələrin yüksək əhəmiyyəti olduğunu nəzərə çatdırıb. Nazir müavini bildirib ki, 18-35 yaşlı ifaçıların iştirak edə biləcəyi müsabiqəyə yanvarın 29-dan start veriləcək və sənəd qəbulu fevralın 20-dək davam edəcək. Seçim turunun iki mərhələdə keçiriləcəyini qeyd edən nazir müavini Münsiflər Heyətinin tərkibinə ustad sənətkarların daxil olduğunu bildirib. E.Qasımov xarici ölkələrdən iştirakçıların və II Respublika Muğam Müsabiqəsi qaliblərinin bu ilin mart ayında keçiriləcək II Beynəlxalq Muğam Festivalına qatılacağını nəzərə çatdırıb. Sonra Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi müsabiqənin keçirilməsinin əsas məqsədi, eləcə də II Beynəlxalq Muğam Festivalı barədə məlumat verib. Mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı