SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 17-də Təhsil Nazirliyində ötən il idman sahəsi üzrə keçirilən respublika müsabiqəsi qalibləri mükafatlandırılıb.
Qeyd edək ki, bu müsabiqə “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı idmançısı”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə keçirilib. Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə idmanın inkişafı üzrə atılan müsbət addımlar barədə məlumat verib. Bu işin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən nazir ölkə Prezidentinin mövcud sahənin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Misir Mərdanov Azərbaycanda idman sahəsi üzrə qazanılan qələbələrdən, Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə gördüyü işlərdən və nəzərdə tutulan digər tədbirlərdən danışıb. Sonra nazir əlavə edib ki, qeyd olunan müsabiqədə 148 idman məktəbi iştirak edib. Onlardan 81-i Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 56-sı Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi olub. Eyni zamanda nazir müsabiqədə hər nominasiya üzrə I, II və III yerlər olmaqla münsiflər heyəti tərəfindən 18 qalibin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir.Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 8-i İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 62-si Uşaq-Gənclər Şahmat Məktəbi, 3-ü İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. 157 idman məktəbində 27 idman növü inkişaf etdirilir. 421 bölmədə 8079 qrupda 100511 uşaq, yeniyetmə və gənc gündəlik olaraq idmanla məşğul olurlar. İdman məktəblərində 4876 nəfər məşqçi-müəllim işləyir ki, onlardan 2913 nəfəri ixtisaslı, 444-ü isə müxtəlif kateqoriyalı məşqçi-müəllimlərdir. Tədbirdə 6 nominasiya üzrə keçirilmiş müsabiqə qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Millət vəkillərinin və müvafiq qurumların əməkdaşlarının iştirak etdiyi mərasimdə çıxış edənlər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında idmanın böyük rolu olduğunu və qazanılan nailiyyətləri xüsusi qeyd ediblər. Mərasimdə həmçinin Təhsil İdman Mərkəzinin direktor müavini İbrahim Məmmədov şahmat sahəsindəki xidmətlərinə görə və 50 illik yubileyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
08/07/2015 16:52
Yanvarın 15-də Təhsil Nazirliyində Ümumi şöbənin və Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.
Ümumi şöbənin müdir müavini Hicran Məmmədova şöbənin əsas fəaliyyət istiqamətləri, strukturu, əməkdaşlar arasındakı vəzifə bölgüsü haqqında məlumat verib. H.Məmmədova bildirib ki, 2010-cu ildə Təhsil Nazirliyinə ümumilikdə 51552 sənəd daxil olub. Onlardan 23600-nün ərizə və şikayət, 27952-nin məktub olduğunu qeyd edən şöbə müdirinin müavini ərizə və məktubların təşkilatlar üzrə bölgüsü, ərizələrin struktur bölmələr üzrə paylanması, şəhər və rayonlar üzrə daxilolma göstəriciləri, 2010-cu ildə icra olunan nəzarət xarakterli məktublar haqqında məlumatları nəzərə çatdırıb. Vətəndaşların qəbulu məsələsinə diqqət çəkən Hicran Məmmədova ötən il Təhsil Nazirliyində 7251 nəfərin qəbul edildiyini, 4758 müraciətin cavablandırıldığını söyləyib. O, bildirib ki, sorğular və yazılı müraciətlər əsasən diplomların verilməsi, işlə təminat, ali məktəblərə köçürülmə və bərpa, ümumtəhsil məktəblərində şagirdlərin yerdəyişməsi, xaricdə təhsil alan tələbələrə hərbi komissarlığa təqdim etmək üçün arayışın verilməsi, diplomların təsdiq edilməsi, xaricdə təhsil üçün pasport verilməsinə razılıq və digər məsələlərlə bağlı olub. Ümumi şöbənin müdir müavini daha sonra qarşıda duran məsələləri diqqətə çatdırıb. Ötən il ərzində görülən işlərə dair hesabatla çıxış edən Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi Allahverdi Dəmirov qeyd edib ki, idarənin əsas vəzifələri təhsil müəssisələrində monitorinq aparmaq, yeni məktəb və əlavə korpus tikintisinə, bərpa-gücləndirmə və əsaslı təmir işlərinə ehtiyacı müəyyənləşdirərək təkliflər hazırlayıb müvafiq qurumlara təqdim etmək, tikinti işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasına texniki nəzarəti həyat keçirmək, tikintinin layihə işlərini maliyyələşdirmək, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyərinin ödənilməsini təmin etməkdən ibarətdir. Allahverdi Dəmirov bildirib ki, ötən il idarə tərəfindən 27 yeni məktəb, 1 məktəbdə 840 şagird yerlik əlavə korpus tikilib istifadəyə verilib, 7 tədris müəssisəsində bərpa-gücləndirmə və əsaslı təmir işləri aparılıb. 2010-cu ildə ümumtəhsil məktəblərinin və uşaq bağçalarının təmiri və yenidənqurulması işləri üçün 20,65 milyon manat vəsait ayrıldığını, 388 obyekt, o cümlədən 356 məktəb və 32 uşaq bağçasının təmir edildiyini nəzərə çatdıran A.Dəmirov 2011-ci ildə təhvil veriləcək 24 yeni tədris ocağının və 1 məktəbdə 560 şagird yerlik korpusun tikintisinin uğurla davam etdirildiyini vurğulayıb. Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti İdarəsinin rəisi ümumtəhsil məktəblərinin tədris avadanlıqları ilə təminatı, məktəbəqədər təhsilin yeniləşdirilməsi, şahmatın və texniki-peşə təhsilinin inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində görülmüş işlər, qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verib. Hər iki hesabatda səslənən fikirlərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Yanvarın 17-də Təhsil Nazirliyində nazirlik Aparatının hesabatı dinlənilib.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov öncə Aparatın əsas fəaliyyət istiqamətləri, strukturu, əməkdaşların vəzifə bölgüsü barədə məlumat verib. İ.Pirməmmədov bildirib ki, ötən il Təhsil Nazirliyinin struktur bölmələri arasında qarşılıqlı əlaqələrin qurulması, nazirlik üzrə sənədlərin, qərar layihələrinin hazırlanması, onların müzakirəsinin və ümumiləşdirilməsinin təşkili, özəl təhsil müəssisələrində vahid dövlət təhsil siyasətinin həyata keçirilməsinə və təhsil qanunvericiliyinin icrasına nəzarət, qanunsuz təhsil müəssisələrinin aşkar olunması və onların fəaliyyətinin dayandırılması üzrə müvafiq iş aparılıb. İ.Pirməmmədov “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən il 40-a yaxın normativ-hüquqi sənədin hazırlanması, müzakirəsi və digər aidiyyəti nazirliklərlə razılaşdırılması işinin həyata keçirildiyini diqqətə çatdırıb. Aparat rəhbərinin verdiyi məlumata görə, hesabat ilində Təhsil Nazirliyinin 6 kollegiya iclası keçirilib, hər bir kollegiya qərarının icrası ilə bağlı müvafiq əmr hazırlanıb və yerlərə çatdırılıb. Özəl ali, orta ixtisas, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin mövcud vəziyyəti, tələbə kontingenti, professor-müəllim və pedaqoji heyəti haqqında iştirakçılara məlumat verən Aparat rəhbəri 2010-cu ildə özəl ali məktəblərdə tələbə qəbulu planının yerinə yetirilmə vəziyyəti, saxta təhsil sənədlərinin aşkar olunması və onların mövcud qaydada ləğvi istiqamətində reallaşdırılan tədbirlərdən söz açıb. İ.Pirməmmədov Aparatın ötən il ərzində təhsil müəssisələrinin dövlət nümunəli təhsil sənədlərinə tələbatının öyrənilməsi, ümumiləşdirilməsi və sifarişin təşkili, eləcə də “Təhsil tarixi” kitabının yazılması, “Azərbaycan milli maarifinin korifeyləri” layihəsinin icrası ilə bağlı görülən işlər və 2011-ci ildə qarşıda duran vəzifələr haqqında danışıb. Sonra İ.Pirməmmədov Aparatın nəzdində fəaliyyət göstərən Təhsil sənədlərinin tanınması işi üzrə, Məktəbəqədər təhsil, Hüquq sektorları, eləcə də Xüsusi şöbə tərəfindən 2010-cu ildə görülmüş işlərə dair hesabatla çıxış edib. Aparat rəhbəri öz çıxışında Təhsil sənədlərinin tanınması işi üzrə sektorun ümumi fəaliyyəti, sektora daxil olan sənədlərin ekspert qrupu tərəfindən araşdırılması, təhsil sənədlərinin tanınması ilə bağlı xüsusi kompüter proqramının hazırlanması, diplomların tanınması üzrə ümumi vəziyyət, Məktəbəqədər təhsil sektorunun vəzifə və funksiyaları, yeni inşa olunmuş, əsaslı və cari təmir edilmiş uşaq bağçaları barədə iclas iştirakçılarına məlumat verib. Təhsil Nazirliyinin sifarişinə əsasən hazırlanmış 39 adda müxtəlif təlim vəsaitinin ölkənin məktəbəqədər təhsil müəssisələrinə paylanması, müvafiq proqram və layihələrin icrası, eləcə də nəzərdə tutulan işlərdən bəhs edən İ.Pirməmmədov Xüsusi şöbənin və Hüquq sektorunun 2010-cu ildə sənədlərin icrası, müvafiq məsələlərin yerinə yetirilməsi üzrə həyata keçirdiyi tədbirləri nəzərə çatdırıb. Sonda hesabatla bağlı suallar cavablandırılıb.
08/07/2015 16:52
Yanvarın 18-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.
İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə rəhbərlik etdiyi şöbənin vəzifələri, fəaliyyət istiqamətləri, strukturu, əməkdaşların vəzifə bölgüsü və 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Hesabat ili ərzində İctimaiyyətlə əlaqə şöbəsinin yerinə yetirdiyi işlərə diqqət çəkən Bayram Hüseynzadə bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb. Şöbə müdiri Təhsil Nazirliyi və Mətbuat Şurasının 2010-cu ildə imzaladığı KİV-lə əməkdaşlığın daha da təkmilləşdirilməsinə dair Fəaliyyət Planına əsasən Bakıdakı 60 nömrəli məktəbdə Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə “Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda keçirilmiş dəyirmi masa haqqında ətraflı məlumat verib. Füzuli rayonunun Horadiz şəhərində Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Təhsil və mətbuat” mövzusunda regional konfrans barədə söz açan B.Hüseynzadə tədbirdə ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, Füzuli, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirlərinin iştirak etdiyini söyləyib. Bayram Hüseynzadə qeyd edib ki, Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar jurnalistlər arasında “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” mövzusunda keçirilən yazı müsabiqəsinin nəticələrinə əsasən 1 nəfər I, 2 nəfər II, 3 nəfər III yerin qalibi olub, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin ictimaiyyətin məlumatlandırılması alt komponenti çərçivəsində görülmüş işlər, Təhsil Nazirliyinin rəsmi internet saytının məzmunu, istifadə rahatlığı və məlumat bazasının zənginliyi haqda söz açan B.Hüseynzadə nəinki ölkəmizdə, eləcə də xarici ölkələrdə nazirliyin saytına yüksək maraq olduğunu nəzərə çatdırıb. O, Təhsil Nazirliyinin saytının “Milli Net-2010” müsabiqəsinin qalibi olduğunu vurğulayıb. Ötən il “Azərbaycan müəllimi” qəzetinin tərtibatında, forma və məzmununda edilən əhəmiyyətli dəyişikliklərə toxunan şöbə müdiri bu mətbu orqanın A3 formatda, rəngli, 16, 24 və 32 səhifə həcmində nəşr olunduğunu söyləyib. Rəhbərlik etdiyi qəzetin yeni internet saytının istifadəyə verildiyini bildirən Bayram Hüseynzadə “Azərbaycan müəllimi”nin çapa hazırlanmasında İKT-nin imkanlarından geniş istifadə olunduğu haqda məlumat verib və qarşıda duran vəzifələri diqqətə çatdırıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva rəhbərlik etdiyi qurumun strukturu, fəaliyyət istiqamətləri barədə danışıb, təhsildə idarəetmənin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən, müəllim, məktəb və şagirdlərin sayı barədə statistik göstəricilərdən bəhs edib. N.Rzaquliyeva bildirib ki, müəllimlər müsabiqə yolu ilə işə götürülərkən məktəbdə həmin ixtisas üzrə işləyən müəllimlərin orta dərs yükünün ən azı 18 saat olması ciddi tələb kimi qarşıya qoyulub. İdarə müdiri BŞTİ-nin tabeliyindəki məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərində tədrisin vəziyyəti, aparılan təmir-tikinti işləri barədə göstəriciləri nəzərə çatdırıb, Bakıdakı ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsil alan 21 şagirdə bir kompüter nisbətinin təmin edildiyini söyləyib. Nailə Rzaquliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 264-ü genişzolaqlı internet şəbəkəsinə, bütün məktəblər lokal şəbəkəyə, bir sıra tədris ocaqları isə “Elektron məktəb” layihəsinə qoşulub. Audiovizual dərs vəsaitlərinin tətbiqi yönündə görülən işlərə toxunan N.Rzaquliyeva paytaxtın əksər məktəblərində biologiya, fizika, Azərbaycan tarixi və kimya fənlərinin artıq elektron dərsliklər əsasında tədris edildiyini nəzərə çatdırıb. Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarında Bakı məktəblərini bitirənlərin 44,83 faizinin tələbə adı qazandığını önə çəkən idarə müdiri xarici ölkələrin ali məktəblərinə və xüsusi təyinatlı ali məktəblərə qəbul olunanlarla birlikdə bu göstəricinin 48 faizə yüksəldiyini deyib. Hesabat ilində müxtəlif bilik yarışları, konkret mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat müsabiqələri, baxış-sərgilər və idman turnirlərinin keçirildiyini söyləyən Nailə Rzaquliyeva qazanılan uğurları nəzərə çatdırıb. O qeyd edib ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarına cəlb olunub. Daha sonra metodik xidmətin yaxşılaşdırılması sahəsində görülmüş işlər, müəllimlərin dərs yükü barədə məlumat verən N.Rzaquliyeva vahid məktəbli formasına keçilməsi üçün atılan addımlardan bəhs edib. O, idarəyə daxil olan ərizə və müraciətlər, vətəndaşların qəbulu ilə bağlı göstəriciləri sadalayıb, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün irəli sürülmüş müvafiq təklifləri nəzərə çatdırıb. Sonda təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.
08/07/2015 16:52
2010-cu il ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 13232 müraciət daxil olub.
Müraciətlərin 11861-i telefonla, 1371-i elektron poçt vasitəsilə qəbul edilib ki, onların da 75 faizi sorğu və məlumat xarakterlidir. Ümumilikdə, müraciətlərin 60 faizdən çoxu ümumtəhsil məktəbləri, 5 faizə qədəri məktəbəqədər tərbiyə müəssisələri, 1 faizə qədəri məktəbdənkənar tərbiyə müəssisələri, 5 faizi texniki-peşə təhsili müəssisələri, 20 faizi ali məktəblər, 7 faizi orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. “Qaynar xətt” xidmətində yanvar-fevral aylarında 143, martda 356, apreldə 1003, mayda 958, iyunda 4200, iyul-avqust aylarında 1871, sentyabrda 2083, oktyabr-noyabr aylarında 1854, dekabrda isə 764 müraciət qeydə alınıb. Hər ay daxil olan müraciətlərin 60-70 faizi Bakı şəhərindəki ümumtəhsil məktəbləri ilə bağlı sorğulardan ibarət olub ki, həmin müraciətlər də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb. Şikayət xarakterli müraciətlərin araşdırılması zamanı məlum olub ki, onların 108-i (34,5 faiz) anonimdir. 99 (31,6 faiz) şikayətdə yazılan faktların doğru olmadığı, 8 şikayətdə qeyd edilənlərin tam və ya qismən doğru olduğu müəyyənləşdirilib. Aparılan araşdırmalar nəticəsində Bakıdakı 26, 37, 61, 79, 110, 141, 192, 208, 228 və 321 nömrəli məktəblərin direktorları işdə yol verdikləri nöqsanlara görə vəzifədən azad olunub, 38, 94, 139, 151, 176, 270 nömrəli məktəblərin direktorlarına müxtəlif dərəcəli töhmət verilib, 146 məktəb direktoruna isə xəbərdarlıq edilib. Paytaxtın 18, 76, 119 və 258 nömrəli məktəblərindən daxil olan məlumatlara əsasən ayrı-ayrı fənn müəllimləri, sinif rəhbərləri məktəb müdiriyyəti tərəfindən inzibati tənbeh olunublar. Məktəb ərazilərinin zəbt olunmasının qarşısının alınması, istilik sistemlərinin olmaması ilə əlaqədar şikayətlər yerində araşdırılıb, bunlarla bağlı müvafiq təşkilatlara müraciətlər edilib. Ümumtəhsil məktəbləri ilə əlaqədar Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən və Abşeron, Yardımlı, Daşkəsən, Zaqatala, Xaçmaz, Tovuz, Tərtər, Lənkəran, Şabran, Lerik, rayonlarından daha çox müraciət daxil olub. Abşeron rayonundan daxil olan müraciətlərin böyük əksəriyyəti şikayət xarakterli olub. Belə ki, müraciətlərin əksəriyyətində həmin rayonun ümumtəhsil məktəblərində bir neçə dəfə məcburi qaydada məktəbli formasının, lüzumsuz kitabların satışının təşkil edildiyi, fond pulu toplandığı bildirilib. Qeyd olunan məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, həmin araşdırmaların nəticələri Təhsil Nazirliyində müzakirə edilib. Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə yaranmış problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, təlimata zidd olaraq məktəbli formasının satışında iştirak etdiyinə görə bir orta məktəb müəllimi isə işdən azad olunub. Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu, dərs bölgüsü, dərsliklərin şagirdlərə çatdırılması, habelə ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi və bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması və digər çoxsaylı sorğulara xidmət əməkdaşları və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən aydınlıq gətirilib. Ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə əlaqədar sorğular bütün sorğuların 45 faizini təşkil edib. Bir sıra sorğular isə Beynəlxalq və respublika fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini təmin etmək, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər iş günləri fasiləsiz qəbul edilib. Eləcə də “Qaynar xətt” xidmətinə və nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna yanvar və iyun aylarında daxil olan müraciətlər Təhsil Nazirliyinin əməkdaşları və bir sıra Qeyri Hökumət Təşkilatlarının könüllüləri tərəfindən araşdırılıb. 2009-2010-cu tədris ilinin qış və yaz imtahan sessiyaları dövründə özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin sayı dövlət ali və orta ixtisas məktəblərindən daxil olan ünvanlı şikayətlərdən daha çox olub. Fəaliyyəti dayandırılmış iki özəl ali təhsil müəssisəsi tələbələrinin köçürülməsi ilə əlaqədar 2010-2011-ci tədris ili ərəfəsində daha çox müraciət qəbul edilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində nöqsanı olanlar tənbeh edilib, onlara irad bildirilib və töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq olunub. Təhsil müəssisəsində şagirdlərə təqaüdlərin, sosial ödəmələrin, işçilərin əmək haqlarının vaxtında verilməməsi barədə “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərə əsasən Dəniz Balıq Sənayesi Kolleci və 6 nömrəli Bakı peşə liseyində noyabr ayında araşdırmalar aparılıb. Aparılmış araşdırmalara müvafiq olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Dəniz Balıq Sənayesi Kollecinin və 6 nömrəli Bakı peşə liseyinin direktorlarına xəbərdarlıq edilib, həmin təhsil müəssisələrinin mühasiblərinə isə töhmət verilib. Ötən il ərzində “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər və araşdırmaların nəticələri barədə məlumatlar müntəzəm olaraq Təhsil Nazirliyinin internet saytında, “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində və digər mətbu orqanlarda dərc edilib.
08/07/2015 16:52
Yanvarın 19-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun hesabatları dinlənilib.
Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov rəhbəri olduğu bu təhsil müəssisəsinin yaranma tarixi, strukturu barədə məlumat verərək bildirib ki, institutda Təhsildə Nəzəri Tədqiqatlar, Kurikulum, Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə, İlkin Peşə İxtisas Təhsilinin İnkişaf mərkəzləri fəaliyyət göstərir. A.Mehrabov Təhsildə Nəzəri Tədqiqatlar Mərkəzinin fəaliyyəti və tədqiqat istiqamətləri haqqında məlumat verib. Təhsil Problemləri İnstitutunun direktoru Kurikulum Mərkəzində məktəbəqədər təhsilin kurikulumunun hazırlanması və bu sahədə əldə olunmuş nailiyyətlər, yeni fənn kurikulumlarının tətbiqi vəziyyətinin öyrənilməsi, ümumtəhsil kurikulumlarının tətbiqi istiqamətində aparılan araşdırmaları diqqətə çatdırıb. O, Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” və şagird nailiyyətlərinin qiymətləndirilməsi problemi üzrə yerinə yetirdiyi işləri qeyd edib və istedadlı uşaqlarla bağlı mərkəzdə aparılan tədqiqatın nəticələrinin yoxlanılmasından bəhs edib. İlkin Peşə İxtisas Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasına diqqət çəkən Abdulla Mehrabov onu da əlavə edib ki, mərkəzin əsas tədqiqat sahələri ilkin peşə təhsili sahəsində kadr hazırlığı prosesinin proqnozlaşdırılması, yeni standartların hazırlanması, müxtəlif peşələrin kurikulumlarının işlənilməsi, peşə təhsili müəssisələrinin strukturu, idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və digər bu kimi istiqamətlərdir. Mərkəzin beynəlxalq əlaqələrindən söz açan A.Mehrabov, eyni zamanda ötən il institut əməkdaşları tərəfindən aparılan tədqiqat işlərinin nəticələri əsasında nəşr olunan əsərləri, Təhsil Tədqiqatlarının Koordinasiya Şurasının fəaliyyəti, elmi-pedaqoji kadr hazırlığı, institutun kadr potensialı barədə geniş məruzə ilə çıxış edib. A.Mehrabovun verdiyi məlumata görə, 2010-cu ildə institutda 13 problem sahəni əhatə edən 71 mövzu üzrə araşdırmalar aparılıb, onlardan 4 problem sahəni əhatə edən 8 mövzu üzrə işlər tamamlanıb və bu işlərin hamısının nəticələri ümumiləşdirilərək tətbiq üçün təhsil müəssisələrinə göndərilib. İnstitut direktoru öz çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinə daxil olmuş müraciətlər barədə də məlumat verib. Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov 2010-cu ildə görülmüş işlərə dair hesabat-məruzə ilə çıxış edib. Müasir şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi və onların ixtisasının artırılması sisteminin təhsilin keyfiyyətinin yüksəldilməsində böyük rolu olduğunu vurğulayan Asəf Zamanov bildirib ki, bu sistem müasir tədris metodologiyasını, yeni texnologiyaları öyrənmək, qabaqcıl təcrübəni yaymaq, müəllimin bilik səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir. İnstitut rektoru qeyd edib ki, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional səviyyəsini, peşə ustalığını artırmaq ixtisasartırma müəssisələrinin əsas vəzifəsidir. İclas iştirakçılarına institutun strukturu, professor-müəllim heyəti, Elmi Şuranın fəaliyyəti haqqında məlumat verən A.Zamanov rəhbəri olduğu təhsil müəssisəsində Təhsildə innovasiyalar kafedrasının yaradılması zərurətini diqqətə çatdırıb. İnstitut rektorunun verdiyi məlumata görə, təhsilin idarəolunması sistemində dəyişikliklərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, bu prosesin optimal təşkili üzrə metodik xidmətin göstərilməsi məqsədilə institutda Təhsilin təşkili və idarəedilməsi kafedrası yaradılıb. Bildirilib ki, kurslarda mühazirə oxumaq üçün Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, elm və təhsil ocaqlarının tanınmış professor-müəllim heyəti cəlb edilir. A.Zamanov ötən il institutda ən yaxşı şöbə, ən yaxşı kafedra, ən yaxşı müəllim, ən yaxşı tədqiqatçı nominasiyaları üzrə müsabiqənin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini nəzərə çatdırıb. İnstitut rektoru vurğulayıb ki, 2010-cu ildə ixtisasartırma kurslarında iştirakçıların tələbatını nəzərə alaraq mühazirəçilərin tərkibinə xüsusi diqqət yetirilib. Belə ki, ölkənin aparıcı elm xadimləri, ömrünü təhsilimizin inkişafına həsr etmiş mütəxəssislər bu kurslara mühazirəçi kimi dəvət edilib, onların təcrübəsindən müdavimlər, həmçinin gənc mühazirəçilər də faydalanıblar. Qeyd olunub ki, il ərzində institutla əməkdaşlıq etmiş 200-dən çox mühazirəçi-müəllimin 30-u elmlər doktoru, 70-i elmlər namizədidir (fəlsəfə doktoru). A.Zamanovun verdiyi məlumata görə, 2010-cu ildə ixtisasartırma və yenidənhazırlanma işinə xüsusi diqqət yetirilib, əvvəlki çatışmazlıqların aradan qaldırılması istiqamətində əsaslı irəliləyişlərə nail olunub. A.Zamanov təşkil olunmuş ixtisasartırma kurslarına 10 minə qədər pedaqoji kadrın cəlb olunduğunu və onlardan 7728-nin kursları bitirdiyini bildirib, həmçinin yenidənhazırlanma sahəsində görülən işləri, elmi-tədqiqat işlərinin aparılmasını, institutun beynəlxalq əlaqələrini, eləcə də qarşıda duran vəzifələri diqqətə çatdırıb. İclasda hər iki hesabatla bağlı suallar cavablandırılıb, konkret rəy və təkliflər irəli sürülüb. Təhsil naziri Misir Mərdanov hər iki institutun rəhbərinə həyata keçirilməsi nəzərdə tutulan məsələlərlə əlaqədar tövsiyələrini verib, bu ayın əvvəlindən dinlənilən hesabatların artıq başa çatdığını qeyd edib.
08/07/2015 16:52
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə təhsil şəbəkəsi yaradılır.
Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramı AzNET layihəsinin bazasında yaradılıb və AZEDUNET təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksək sürətli intranet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Qeyd edək ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkəmizdə təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradacaq. Bu isə milli elektron təhsil şəbəkələrinin inkişafına təkan verəcək. Eyni zamanda təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsilə təhsil ocaqlarının internetə çıxışı mütəmadi təmin olunacaq. Qeyd olunan təhsil şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edəcək. Hazırda Dövlət Proqramı çərçivəsində məktəblərdə lokal şəbəkələrin yaradılması da həyata keçirilməkdədir. Sözügedən lokal şəbəkələr kompüter siniflərini, direktor və müəllimlər otağını birləşdirəcək. Məlumat üçün bildirək ki, bu təhsil şəbəkəsinə ölkənin 200 təhsil müəssisəsinin qoşulması prosesi yekunlaşmaqdadır.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Dünya Bankı arasında Ali Təhsil Layihəsinin hazırlanması üçün Yaponiya Qrantına dair Saziş imzalanıb.
Saziş 460 min ABŞ dolları dəyərindədir. Qrant Sazişinin əsas məqsədi Ali Təhsil Layihəsinin hazırlanması üçün tələb olunan texniki-iqtisadi əsaslandırmaların tərtibi, ekoloji, sosial, iqtisadi və digər araşdırmaların aparılması, icra planlarının hazırlanması, maraqlı tərəflər arasında məsləhətləşmələrin, ölkə daxili təlimlərin, tədqiqatların, seminarların və sorğuların təşkili, texniki məsləhət xidmətlərinin təmin edilməsidir. Bu layihəyə əsasən ali təhsildə keyfiyyətin təminatı və bununla bağlı mərkəzin, müəssisələrdə isə qurumların yaradılması, ali təhsildə maliyyə islahatları, islahatların idarə olunması və icrası üçün potensialın gücləndirilməsi, eləcə də digər komponent və alt komponentlər üzrə müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.
08/07/2015 16:52
Yanvarın 21-də Bakı Avropa Liseyində “Təlimdə innovativ yanaşmalar” mövzusunda seminar keçirilib.
Seminarda iştirak edən təhsil naziri Misir Mərdanov liseyin müəllimləri Xumar Əhmədbəylinin fənlərarası təlim proqramı üzrə 5 “a1” sinfində “İzlər keçmişi bərpa etməyə imkan verir”, İlhamə Abdullayevanın 4 “a1” sinfində “Birrəqəmli ədədə bölmə” mövzularında apardıqları dərsləri dinləyib. Seminarda 6 müəllimin dərsi dinlənilib. Dərslər başa çatdıqdan sonra nazir liseyin bir sıra sinif otaqlarına baş çəkərək, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı liseyin direktoru Zülfiyyə Veysova və həmin siniflərdə dərs aparan müəllimlər siniflərdəki vəziyyət, onların tərtibatı haqqında nazirə ətraflı məlumat veriblər. Tərtibatlarda və yüksək təlim mühitinin yaradılmasında valideynlərin yaxından iştirak etdikləri vurğulanıb. Təhsil naziri liseydə gördüklərindən razı qaldığını bildirib, ayrı-ayrı siniflərdə yaradılmış əlverişli təlim şəraitini, onların tərtibatını yüksək qiymətləndirib və siniflərdə müşahidə etdiyi müsbət cəhətləri xüsusi qeyd edib. Misir Mərdanov müəllimlərlə valideynlər arasında daha sıx əlaqələrin yaradılmasının vacibliyini də diqqətə çatdırıb. Sonra dinlənilmiş dərslərin müzakirəsi aparılıb. Təhsil naziri və digər iştirakçılar dinlədikləri dərslərin yüksək səviyyədə qurulduğunu, müəllimlərin metodik məharət nümayiş etdirdiklərini, şagirdlərin fəal iştirakını, sərbəstliyini, dərslərdə müasir təlim metodlarına geniş yer verildiyini qeyd edib və bu işi yüksək qiymətləndiriblər. Seminarda Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova rəhbərlik etdiyi kollektivin yaradıcı və innovativ fəaliyyətinin nəticəsi kimi tədris ocağında artıq neçə illərdir ki, uğurla tətbiq olunan fənlərarası təlim (FAT) proqramı haqqında geniş təqdimat edib, seminar iştirakçılarının təqdimatla bağlı çoxsaylı suallarını cavablandırıb. Tədbirdə seminar iştirakçılarına FAT-la bağlı liseyin hazırladığı metodik vəsaitlər paylanıb. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, bəzi ali təhsil müəssisələrinin əməkdaşları və bir sıra məktəblərin direktorları seminarda iştirak ediblər.
08/07/2015 16:52
7 saylı Bakı peşə liseyində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələri rəhbərlərinin iştirakı ilə iclas keçirilib. İclasda Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2008-ci ilin yekunlarına dair təqdimat edib.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 2008-ci ilin yekunlarına dair təqdimat edib. O öz təqdimatında Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” nın icrasının ilk ilində əldə edilmiş nəticələr barədə iclas iştirakçılarına məlumat verib. N. Məmmədov bildirib ki, 2008-ci ildə bu sahədə müəyyən dəyişikliklər aparılıb. Belə ki, son 20 ildə yeni bir peşə təhsili kompleksi- “Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi” istifadəyə verilib, Avstriyanın Hilsferk təşkilatı ilə birgə həyata keçirilən layihə çərçivəsində Cəbrayıl rayonu 131 saylı peşə məktəbinin fəaliyyəti bərpa edilib. Eyni zamanda N.Məmmədov qeyd edib ki, peşə təhsili müəssisələri 5 günlük iş rejiminə keçib və bununla əlaqədar olaraq tədris planları yeniləşdirilib. İclasda şöbə müdiri ötən il peşə təhsili müəssisələrindən olan 10 nəfər gənc mütəxəssisin Türkiyənin İzmir şəhərində yerləşən peşə təhsili müəssisəsinə 1 aylıq ixtisasartırma kursuna göndərilməsi, 9 məktəbin əsaslı təmir və müasir avadanlıqlarla təchiz edilməsi, peşə təhsili müəssisələrinin əyani vəsaitlərlə təmin edilməsi və s. kimi nailiyyətlərlə yanaşı, bir sıra problemlərin mövcud olduğundan da söz açıb. Sonra 2009-cu ildə qarşıya qoyulan məqsədlər haqqında danışan şöbə müdiri Təhsil nazirinin müvafiq əmri ilə yaradılmış “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi” barədə də iclas iştirakçılarına məlumat verib. Daha sonra məktəb rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb və belə iclasların mütəmadi olaraq keçirilməsi qərara alınıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı