• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Melburn Universitetinin fəxri professoru “Yeni çağırışlar”da

2 aprel saat 12:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Həttidir. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı izləyə bilərsiniz.   Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılacaq.   Con Həttinin bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 3 yüz milyondan çox şagirdin qatıldığı 100 mindən çox tədqiqatı əhatə edir. Bu, dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır. Con Hətti 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə, öyrətmə və ölçmə modellərini əks etdirir. O, həmçinin Hətti Ailə Fondunun prezidentidir.   Qeyd edək ki, “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.

Peşə təhsili üzrə teledərslərin 30 mart cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 30 mart tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq.     Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

V qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu davam edir. Proses www.grants.edu.az  saytı üzərindən aprelin 1-dək həyata keçiriləcək.   Fərdi və ümümi təhsil kateqoriyaları üzrə təşkil edilən müsabiqənin əsas iştirak şərtləri aşağıdakılardır: - “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər; - “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər; -  Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər; -  Təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış, yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.   Müsabiqə “İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması”, “Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması”, “Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması”, “Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği” və “Məktəb idarəetməsinin təkmilləşdirilməsi” mövzularını əhatə edir.

Teledərsləri televiziyadan kənar izləmək imkanı

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramına televiziya ekranı qarşısında baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir.   Belə ki, teledərslərə ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri 29 mart tarixindən etibarən video.edu.az portalından və "Dərs vaxtı"nın rəsmi "Facebook" səhifəsindən izləyə bilərlər.    Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanalları ilə yanaşı "Dərs vaxtı"nın "Facebook" səhifəsi (www.facebook.com/dersvaxti.edu.az) üzərindən canlı yayımlanacaq. Daha sonra isə siz həmin dərsləri səhifənin “Videolar” bölməsindən tapa bilərsiniz. Əlavə olaraq, video.edu.az portalı da sizin xidmətinizdədir. Burada videodərslər bütün siniflər üzrə yerləşdirilib. Həmçinin, məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də portalda mövcuddur.   Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir”

“Yeni çağırışlar”da növbəti qonaq Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlçuq Pəhlivanoğlu olub   “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlçuq Pəhlivanoğlu gördüyü işlərdən gəldiyi nəticələri və 35 illik idarəçilik təcrübəsini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramın 17 mart 2021-ci il tarixində yayımlanan bölümündə Türkiyyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılıb.   Təhsilə inşaatçı gözü ilə baxsaq...   Görüşün aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsimi qonağı salamlayaraq onu izləyicilərə yaxından təqdim edib. C. Mənsimi bildirib ki, Səlçuq Pəhlivanoğlu Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti, həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə heyətinin və Qəyyumlar Şurasının sədridir.    Qeyd olunub ki, Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyniadlı universiteti, Ali Təhsil Fondu, “tedmem” düşüncə qurumu, eləcə də simfonik orkestri və digər qurumları ilə fəaliyyət göstərir.   Qonaq öz növbəsində dəvət üçün təşəkkürünü bildirib və torpaqlarını işğaldan azad etməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.   Aparıcının “Siz təhsilə inkişaat mühəndisliyindən gəlmisiniz. Təhsilə inşaatçı gözü ilə baxsaq, qlobal çağırışlar fonunda neçə mərtəbəli binaya ehtiyac var və binanın ən çox harasında təmirə ehtiyac hiss edilir”  sualına cavab olaraq Pəhləvanoğlu söyləyib ki, binanın neçə mərtəbəli olacağını heç kim bilmir, çünki gələcəyin peşələrinin nə olacağı ilə bağlı müzakirələr və mübahisələr davam edir.  Bir önəmli məsələ odur ki, binanın təməlini möhkəm, sağlam tiksək, şagird və tələbələrin bacarıqlarını artırsaq binanın mərtəbələri də yüksələr.   XXI əsrin tələbləri   S.Pəhlivanoğlu qeyd edib ki, XXI yüzillikdə ən çətin məsələ təhsil işçilərinin üzərinə düşür, çünki gələcək tam məlum deyil. Əslində gələcək üçün necə bir  şagird yetişdirəcəyimizi də tam bilmirik amma bir məsələ dəqiqdir ki, təhsil binasının qlobal çağırışlara cavab verməsi üçün birinci binanın planını çəkmək, zəlzələyə qarşı dayanıqlılığına diqqət yetirmək lazımdır.   XXI əsrin doğru təhsili nədir sualını S. Pəhlivanoğlu belə cavablandırıb ki, 10, 20 il öncə akademik bacarıqlar, imtahan nailiyyətləri çox önəmli idi. Lakin sonra məlum oldu ki, imtahan nəticələrinin heç bir əhəmiyyəti yoxdur. Bir sıra tədqiqat zamanı imtahanlarda yüksək nəticə əldə etmiş tələbələrin sonradan yaşam səviyyəsini, xoşbəxtliyini nəzərdən keçirdikdə məlum olub ki, 100 tələbədən cəmi 28-i xoşbəxtdir. Yəni dünya bir məqamı başa düşdü ki, insani dəyərlər olmadan iqtisadi nailiyyətlərin heç bir önəmi yoxdur. Bunun üçün XXI əsrdə yetişən nəsil tənqidi və yaradıcı düşünmə, liderlik bacarığı, həmçinin xarici dil bilmə (xüsusi ilə ingilis dili) kimi xüsusiyyətlərə sahib olmalıdır.   TED-in prezidenti həmçinin qeyd edib ki, XXI əsrin tələbləri uşaqları sıxmaq deyil, onlara sərbəst seçim vermək, təhsilə maraq oyatmaq, tənqidi düşüncəyə və tədqiqatçılığa cəlb etməkdir: “Məsələn, biz sinif müəllimliyi peşəsini belə ingilis dilində tədris edirik. Bu onlara dil öyrətmək üçün deyil, onların yaxşı müəllim, təhsil verən insan, tədqiqatçı olmaları üçün edilir. İndiki zamanda bu baxımdan ingilis dilini bilmək çox vacibdir”.   Təhsildə rəqabət şərtləri dəyişir   TED-in Türkiyədə rəqabət şərtlərini dəyişdiyini qeyd edən Pəhlivanoğlu bununla bağlı fikirlərini belə əsaslandırıb: “TED-də təhsilin, imtahanın məqsədi fərqlidir. Bizim imtahanlar biliyin qiymətləndirilməsini deyil, yetkinliyi, şəriştəni ölçmək məqsədi daşıyır. Çünki təhsil imtahan etmək üçün verilməməlidir, xoşbəxt insan yetişdirmək üçün verilməlidir. Türkiyədəki məktəblər TED-in qoyduğu rəqabət şərtlərinə görə dəyişməli olur. Onlar müəllimlərinə daha artıq maaş vermək, daha yaxşı müəllim və müdir seçmək, müəllimlərinin təhsil səviyyəsini qaldırmaq məcburiyyətində qalırlar.TED 93 illik təcrübəyə malik olaraq siyasətin, təhsil idarəçilərinin təhsilə baxış nöqtəsini də dəyişir, siyasi partiyalar arasında təhsillə bağlı rəqabətin yaranmasına səbəb olur. Beləliklə, məktəblər arasında daha yüksək təhsil vermək üçün rəqabət güclənir.   Yetkinlik və bilgi imtahanı arasında fərqi Pəhlivanoğlu belə izah edib: “Bilgini ölçən imtahanlar əzbərçiliyə söykənir, yetkinliyi, yəni, səriştəni ölçmək məqsədi ilə keçirilən imtahanlar isə mühakiməni, yaradıcılığı dəyərləndirir. PISA kimi qiymətləndirmə proqramları da səriştəni, təməl bacarıqları ölçür. Bizim məqsədimiz uşaqları imtahana hazırlamaq yox, həyata hazırlamaq olmalıdır”.   Həyati bacarıqlar   S.Pəhlivanoğlunun liseydən qovulması və bunu necə izah etməsi sualına verdiyi cavab da diqqətçəkicidir: “Mən həyatımı 3 hissəyə ayırıram: lisey həyatımın sonunadək olan hissə, teatrda oynama, millət vəkili oğlu olub küçədə noxud sataraq, televiziyada səsləndirmə edərək pul qazandığım hissə və bugünkü vəziyyətim. Mən TED Ankara Kollecindən iki dəfə qovulma həddinə gəldim, lakin müəllimlərim məni əfv etdilər. Biz qardaşımla hər ikimiz TED Kollecini üçüncülüklə bitirdik. Amma qardaşım başdan, mən sondan üçüncü idim. O tibb professoru, mən inşaat mühəndisi oldum.  Yəni həyati bacarıqlar çox önəmlidir. Yaşamaq kriteriyası təkcə dərslərdə bacarıqlı olmaq deyil, həyatda sizi xoşbəxt edə biləcək təcrübəyə sahib olmaqdır. Təhsil insana həyatdan zövq almaq və axtarışlarına cavab tapmaq məqsədi daşımalıdır”.   Müəllim akademik biliyə sahib olmalıdır   Aparıcı Atatürkün müəllim haqqında söylədiyi“Müəllim şam kimidir, əriyərkən ətrafı işıqlandırar” sözlərini yada salaraq, necə etmək lazımdır ki, müəllim bu müqəddəs missiyanın fərqində olsun sualını ünvanladıqda qonaq bildirib: “Tanrıdan sonra gələcəyi dəyişdirə biləcək yeganə məxluq müəllimdir. Müəllim tək bir qığılcımla gələcəyi işıqlandıra bilər. Bunun üçün müəllim yetərli dərəcədə akademik biliyə sahib olmalıdır, öyrətməməli- necə öyrənməyi izah etməlidir.  Müəllim ölkəsinin gələcəyinə xidmət etdiyini bilməli, başa düşməlidir ki, ölkəsinin gələcəyi ondan asılıdır. Bütün bu xüsusiyyətlər olmasa müəllim peşəsinə yiyələnmək mümkünsüzdür. Müəllim seçimində müsahibəyə diqqət yönəlməlidir, müəllimlə ətraflı söhbət aparılmalıdır. Məsələn, o qeyd edib ki TED təcrübəsində müəllimlərin bilik səviyyəsi yoxlanılır. Yoxlamadan uğurla keçən müəllimlər tədqiqat planları həyata keçirir, öz üzərlərində işləyirlər. Bütün bu sadalanan bacarıqlara sahib olmayan şəxslərə başqa peşələrdə özlərini sınamaları məsləhət görülür”.   Milli təhsil proqramı   Pəhlivanoğlu 2015-ci ildə TED-in təqdim etdiyi “Milli təhsil proqramı” haqqında da danışıb: Milli proqramda məktəb müdiri yox, təhsil lideri, il boyu açıq məktəblər, müstəqil monitorinq mərkəzləri kimi təkliflər yer alıb. Çünki məktəblərin yay tətilində tamamilə bağlanması düzgün deyil. Müəllimlər tətildə olmalıdır, lakin təhsili inkişaf etməkdə olan ölkələrdə bunu etmək cinayətdir. Yay tətillərində yoxsul uşaqlar üçün kurs təşkil etmək olar. Məktəb idarəçiliyi bir karyera, peşədir və həmin şəxs mütləq liderlik bacarığına malik olmalıdır.   Türkiyənin təhsil sahəsində hansı təcrübəsi Azərbaycana örnək ola bilər sualına Səlçuq Pəhlivanoğlu cavab verib ki “Milli təhsil proqramı”nın müəllimləri necə hazırlamaq, müdiri necə seçmək, imtahanları necə təşkil etmək, büdcəni necə yönəltmək və digər bunu kimi hədəfləri var. Dünyanın müxtəlif inkişaf etmiş ölkələrinin təhsilinin təcrübəsi öyrənilməli, amma ölkənin təhsil ehtiyaclarına uyğun bir milli proqram qəbul edilməlidir.   Türk təhsil tarixində “Kənd institutları” barədə məlumat verən TED-in prezidenti söyləyib ki, Atatürk top səsləri altında şura toplamış, millətin ayağa qalxması üçün təhsilin şərt olduğunu hər kəsə başa salmışdı və beləcə “Kənd institutları” yaradıldı. “Türkiyə təhsilinin inkişafında “Köy institutunun” ruhu və inancı yatar” deyən Pəhləvanoğlu  bu ruhu yaşatmağın zəruri olduğunu bildirib.   Məktəblər necə olmalı   Səlçuq Pəhlivanoğlu vurğulayıb ki, məktəbi səhər çıxıb, axşam geri dönəcəyimiz yerə deyil, inkişaf məkanına çevirməliyik. Bunun üçün məktəblər dərs əzbərləmə yeri yox, bacarıqların önə çıxmasına səbəb olan təhsil ocağına çevrilməlidir. Məktəblərdə idman, musiqi, incəsənət kimi fənləri riyaziyyat qədər dəstəkləməliyik. Mədəni intellektə malik tələbələr yetişdirməliyik.   Atatürkdən daha bir sitat gətirərək Pəhlivanoğlu qeyd edb ki, “Sağlam vücud olmayan yerdə sağlam gələcək olmaz. Sənəti və idmanı olmayan toplum qolları və ayaqları kəsik kimidir. Biz uşaqlara uğurlu yox, xoşbəxt olmaları üçün təhsil veririk. Çünki uğur imtahan nəticələri ilə ölçülür. Xoşbəxtlik isə insanın özünü tanıması, özü ilə barışıq olması ilə əlaqəlidir. Buna görə bizim təhsil prosesində incəsənət və sosial fəaliyyət də mərkəzdə yer alır”.   8 guşəli yeni çağırışlar   Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Səlçuq Pəhlivanoğlu belə cavablandırıb: “Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir. Bunu nəzərə alsaq 1-ci guşə qlobal şüuru, 2-ci guşə yaradıcılığı, 3-cü tənqidi düşüncəni, 4-cü liderliyi təmsil etməlidir. 5-ci guşə isə sosial və mədəniyyətlərarası şəriştəni, 6-cı guşə öhdəlik götürməyi və təşəbbüskarlığı, 7-ci media savadlılığını, 8-ci guşə isə maliyyə və rəqəmsal savadlılığı əks etdirməlidir. Bu guşələri işıqlandırsanız günəşə ehtiyacınız olmayacaq. Ulduzlar özü ışıq saçacaq”.   TED-in prezidenti Səlçuq Pəhlivanoğlu sonda yaradılmış fürsətə görə görüşün təşkilatçılarına, eləcə də izləyicilərə təşəkkür edib.   "Azərbaycan müəllimi"

Təhsil texnologiyaları məktəbi dəyişəcək

Onlayn təhsil prosesinin inkişafının sürətlənməsi milyonlarla tələbənin həyatını sadələşdirə bilər   Dünyanı  bürümüş pandemiya Avropanın ayrı-ayrı ölkələrində  təhsil sistemləri üçün ciddi problemlər yaratmaqdadır. Görünən budur ki,  bir sıra ölkələr pandemiyanın yaratdığı tam təcrid zamanı təhsil sistemində tətbiq edilən onlayn təlimin üstünlükləri və mənfi cəhətləri ilə ciddi məşğul olmaq məcburiyyətində qalacaq. Amerikanın “Chegg” texnologiya şirkətinin apardığı sorğunun nəticələrinə əsasən, universitetlərdə onlayn təhsil prosesinin inkişafının sürətlənməsi milyonlarla tələbənin həyatını sadələşdirə, eyni zamanda, bir sıra problemlərə səbəb ola bilər.   Məlum olub ki, Böyük Britaniyadan olan tələbələr pandemiyadan özlərini daha çox,  Almaniyadan olan tələbələr isə ən az zərər çəkənlər kimi hiss edirlər. Əksər italiyalı tələbələr təcrid dövrünün üstünlüklərindən istifadə edə biliblər, eyni zamanda onlar gələcəyə bədbin baxırlar. “Universitetin divarları arasında  təhsil almaq və kampusda yaşamaq gözəl təcrübədir. Mən özüm universitetdə oxudum və yaxşı vaxt keçirdim. Distant təhsil və auditoriyada keçilən dərsləri niyə birləşdirməyəsiniz? Düşünürəm ki, bu gün elmi-texniki tərəqqi insanlara seçim imkanı yaradır”, - deyə “Chegg” şirkətinin nümayəndəsi Mark Bogser bildirir.M.Bogser onlayn təhsil texnologiyaları ilə əyani təhsil formalarının sıx inteqrativliyinin tərəfdarıdır.   Ölkələr rəqəmsal təhsilə sürətli keçməyə hazır deyillər   Pandemiyadan sonra təhsilini onlayn olaraq davam etdirilməsini ən az Almaniyadan olan tələbələr istəyirlər, əksinə italiyalı gənclərdə bu məsələdə daha çox həvəs var. Ekspertlər qeyd edirlər ki, ölkələr rəqəmsal təhsilə sürətli keçməyə hazır deyillər. “Təəssüf ki, bir çox  təhsil qurumları  onlayn təlimin reallıqlarına uyğunlaşa bilməyib. Bəzi təhsil müəssisələri bunu etdi, yaxşı proqramlar hazırladı.Amma mənə elə gəlir ki, çoxları tamamilə fərqli istiqamətə meyillidirlər.Pandemiya 10 və ya 20 il çəkə biləcək bir prosesi sürətləndirdi. Əminəm ki, pandemiyadan sonra ali təhsil fərqli olacaq “, - deyə “Chegg” şirkətinin nümayəndəsi qeyd edir.   Əsas tendensiyalar   Texnologiyalar 2020-ci ildə təhsil sahəsində tam hökmranlıq etdi.  Amerikada hazırlanmış “State of Technology in Education Report”-un illik hesabatına əsasən, tam sosial təcrid zamanı  müəllimlər tədris prosesini məsafədən yaradıcı şəkildə şaxələndirmək üçün mövcud olan bütün cihazlar və proqramlardan  istifadə etməyə çalışdılar. 10 müəllimdən 9-u sonralar da bunu tətbiq etmək niyyətindədir. Bu baxımdan 2021-ci ildə  təhsil texnologiyalarında müşahidə edəcəyimiz əsas tendensiyalar bunlar olacaq:   İnformasiya daha əlçatan olacaq   Yeni texnologiyalar tələbə və məktəblilərə yeni məlumatları daha asan əldə etməyə imkan verdi. Xüsusilə, böyük şəhərlərdə yaşayanlar üçün əlverişli oldu.Mütəxəssislər gələcəkdə məlumatlarla işləməyin daha da asan olacağını gözləyirlər. Məsələn, disleksiya və digər pozuntuları olan şagirdlər üçün xüsusilə aktual olan səsin mətnə uyğunlaşdırılması vasitələri sürətlə inkişaf edəcək.   Texnologiyalara ayrılan vəsaitlərin həcmi artacaq   Məktəblər təhsil texnologiyalarına (Edtech) daha fəal şəkildə vəsait qoyacaqlar.Lakin heç də hər təhsil müəssisəsi texniki bazanı yeniləyə bilməyəcək. Mütəxəssislər  maliyyə problemlərinin hər yerdə aradan qalxmayacağını gözləyirlər. Amma bütün rəqəmsal işlərə diqqət yetirmək müəllimləri artıq əldə etdikləri alətlərdən daha geniş istifadəyə sövq edəcək. İstifadəçilər köhnə cihazı dəyişmədikdə, işlərini davam etdirmək üçün onları modernləşdirdikdə qadjetlərdən təkrar istifadə modeli aktual olacaq. Ümumiyyətlə, məktəblər yeni qadjetlər əldə etməklə yanaşı, həm də onları ümumi IT infrastrukturuna - qapalı iqtisadiyyatın yaradılması tendensiyasına daxil etməyə çalışacaqlar.   Müştərilər daha mükəmməl olacaqlar   Gözlənilir ki, 2021-ci ildə məktəblər texnikanın alınması ilə bağlı daha əsaslı qərarlar qəbul edəcəklər: təhsil müəssisələri artıq səmərəliliyini təsdiqləyən və məktəbin pedaqoji vəzifələrinə mümkün qədər uyğun olan texnologiyalara daha çox pul yatıracaqlar.   Satınalma büdcəsi həmişə məhdud olduğundan rəhbərlər əldə etdikləri cihazların  səmərəliliyinə diqqət yetirəcəklər. Bundan başqa, yeni texnikaya daha bir tələb əlavə ediləcək: o, artıq qurulmuş IT infrastrukturuna asanlıqla daxil olmalıdır.   Birgə iş resursları TOP-da olacaq   Hesabata görə, birgə işləməyi nəzərdə tutan (interaktiv panellər, planşetlər, çoxməqsədli tətbiqlər və s.) ən çox tələb olunan texnologiyalar olaraq qalacaq. Onlar artıq ən yüksək istifadə göstəricilərinə malikdirlər və il ərzində öz mövqelərini əldən verməyəcəklər. Müəllimlər gözləyirlər ki, komanda işini və əməkdaşlığı təşviq edən alətlər tələbələr və onların həmyaşıdları arasında peşəkar əlaqələrin qurulmasına  və uşaqlara yumşaq bacarıqlar (soft skills) əldə etməyə kömək edəcək.   Metodika texnologiyadan daha vacib olacaq   Son 10 ildə yaradıcı texnologiyalar təklif edən bir çox startap yaranıb, lakin onların çoxu tələb olunmur, çünki tərtibatçılar öz məhsullarını pedaqoqların ehtiyacları və metodik nüanslarla əlaqələndirməyi unudublar.   Qabaqcıl qərarlar tez-tez məktəbdə uzun müddət qalmır, çünki onların yaradıcıları nəzərə almırlar ki,  qərarlar sadəcə orijinal və qeyri-standart olmalıdır, həm də müəllimin gündəlik rutin işinə - planlaşdırma, qiymətləndirmə, təlimə uyğunlaşmalıdır. Distant təcrübəsi seçim etmək imkanı yaratdı, 2021-ci ildə müəllimlər mürəkkəb və qeyri-adi texnologiyaları deyil, işləmək üçün əlverişli və metodik tapşırıqlara uyğun olanları seçəcəklər.   Ümumiyyətlə, 2021-ci ildə “texnoloji bumu”qabaqlayan qadjet istehsalçıları çoxlu sayda təhsil alətləri təklif edəcəklər. Lakin mükəmməl alıcılar artıq yalnız orijinallığı kor-koranə təqib etməyəcəklər. Bütün müxtəlifliklərdən, əsasən, məktəbin infrastrukturuna yaxşı uyğunlaşacaq, sınaqdan keçirilmiş  və iş üçün daha asan həllər ilə maraqlanacaqlar.   Onlayn təhsil bazarının inkişafı  sürətləndi   Koronavirus pandemiyası onlayn təhsil bazarının inkişafını sürətləndirdi - bütün dünyada məktəblilərin və tələbələrin 90%-dən çoxu karantin zamanı uzaqdan oxumağa məcbur oldu. “Renub Research” konsaltinq şirkətinin analitiklərinin məlumatına görə, artıq 5 ildən sonra onlayn təhsil bazarının həcmi 350 milyard dollara çatacaq. Artıq uzaqdan təhsil sənayesi ən sürətli və perspektivli sənayelərdən birinə çevrilib.   Onlayn təhsilin daha keyfiyyətli olması üçün yeni tədris formatları və fərdiləşdirilmiş yanaşma lazımdır ki, bu zaman hər bir şagirdin bilik qiymətləndirmə sistemi ilə fərdi təlim trayektoriyalarını qurmaq mümkün olacaq.   Yaxın gələcəkdə onlayn təhsil də dəyişəcək. Hər şeydən əvvəl müəllimlərin rolu dəyişəcək, onlar yalnız müəyyən məzmun yaratmaqla yanaşı, mentor kimi çıxış etməyə başlayacaq, şagirdlərə psixoloji dəstək göstərəcəklər. Onlayn təlim prosesi özü daha maraqlı, həyəcanverici olmalıdır və onun fokusu hər tələbənin yüksək bacarıqlarının inkişafı üçün bütün informasiyanı hər kəsə ötürmək istəyinə əsaslanmalıdır.   Düşünmək olar ki, gələcəkdə onlayn təhsil həyatımıza getdikcə daha çox daxil olmağa başlayacaq, ona tələbat artacaq və qiymət siyasətini artım istiqamətində irəliləməyə məcbur edəcək. Burada ənənəvi təhsildə olduğu kimi, hər şey keyfiyyətdən asılıdır. Keyfiyyətli onlayn təhsil bahalı olacaq, çünki bu, həm kompüter əldə etməyi, həm də yüksək sürətli fasiləsiz internetin mövcudluğunu, həm də təsdiqlənmiş pullu təhsil resurslarının əldə olunmasını tələb edir.   EdTech bazarı   “TalentTech”-in araşdırmalarına əsasən, 2019-cu ildə dünyada onlayn təhsil bazarının həcmi 6,5 trilyon dollarla  ölçülüb.  2025-ci ilin proqnozu 8, 2030-cu ilin proqnozu isə 10 trilyon dollardır. Rusiyada onlayn təhsil bazarı  2019-cu ildə 38,5, 2023-cü ilə qədər isə 60 milyard rubla çata  bilər. Lakin artıq 2020-ci ildə pandemiya səbəbindən artım 60% təşkil etmişdir.   “HolonQ”un məlumatına görə, dünya onlayn təhsil bazarı sürətlə artır. Bu gün Hindistanda, Çində və ABŞ-da yerləşən 19 şirkət onlayn təhsil bazarında hökmranlıq edir. Son on ildə bu şirkətlər 9 milyard dollardan çox investisiya cəlb ediblər.   2020-ci ildə ən böyük 42 EdTech şirkəti ümumi məbləği 16 milyard dollardan çox olan 58 meqa-vençur sövdələşməsi (yəni, şirkətin inkişafının final mərhələsində 100 milyon dollardan çox investisiya cəlb etmişdir) keçirmişdir. Məsələn, Çinin Zouyebang şirkəti 750 milyon dollar cəlb etdi, Hindistanın Byju şirkətinin 10 milyard dollardan çox dəyəri olan ilk Edtech layihəsi olub.  Çinin Yuanfudao şirkəti isə 1 milyard dollarlıq investisiya seriyasını başa vurub - bu, təhsil şirkəti üçün dünyanın ən böyük fandrayzinqidir.   "Azərbaycan müəllimi"

Direktorların işə qəbulu imtahanı nəticələrinin təhlili şəxsi səhifələrə göndərilib

Direktorların işə qəbulu üzrə test imtahanı nəticələrinin ətraflı təhlili namizədlərin şəxsi səhifələrinə göndərilib.   Namizədlər şəxsi səhifələrinə daxil olaraq ümumi imtahan nəticəsi, respublika və işlədiyi şəhər (rayon) üzrə imtahan iştirakçıları arasında yeri, həmçinin özləri ilə eyni imtahan nəticəsi toplamış namizədlərin sayı ilə tanış ola bilərlər. Namizədlər eyni zamanda “Test tapşırıqlarına bax” xanasına daxil olub “İmtahanlar” bölməsindən “Köhnə imtahanlar” xanasını, daha sonra “Təfsilata bax” butonu klikləyərək onlara təqdim olunan test tapşırıqları və cavabları ilə tanış ola bilərlər. Qeyd edək ki, test imtahanı zamanı toplanılan bal yalnız müsahibә mәrhәlәsindә iştirak üçün keçәrlidir. Müsahibə mərhələsi üçün keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək və şəxsi səhifələrə bu barədə məlumat göndəriləcək.

Direktorların işə qəbulu üzrə test imtahanları başa çatıb

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə ilk dəfə rekord sayda 2683 namizəd iştirak edib.   İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim edilib. Namizədlər bütün mərkəzlərdə hər imtahan seansı başa çatdıqdan sonra 10 dəqiqə ərzində onlara təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar.   Namizədlər arasında ən yüksək nəticəni (55 bal) Şəki rayon Köndələn kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Yusifova əldə edib.   Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində “Test tapşırıqlarına bax” xanasına daxil olmaqla fin kod və iş nömrəsini yazdıqdan sonra onlayn sınaq imtahanında olduğu kimi onlara təqdim olunan test tapşırıqları və cavablarla tanış ola bilərlər. Yaxın günlərdə namizədlərin imtahan nəticələrinin ətraflı təhlili ilə bağlı şəxsi səhifələrinə məlumat göndəriləcək.   Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.   Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Martın 19-da təhsil nazirinin müavini, Nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.   “Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Xocalı Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Qönçə Nurəddinovanın və Ucar Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə namizəd Fizuli Ələsgərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb.   İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 1 nəfərin şikayətinin  təmin olunması,  1 nəfərin  şikayətinin təmin edilməməsi barədə Şura tərəfindən qərar qəbul olunub.

Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib.   İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar 319 müraciət daxil olub, müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 188 müraciət müsbət həllini tapıb.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı