SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 7501 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən eyni) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4724 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 639 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1179 sənəd (748 məktub, 377 ərizə, 54 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul və ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1875 zəng) və çərşənbə axşamı (2027 zəng) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1127 müraciət) və çərşənbə axşamı (1178 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə aparılması barədə
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının tələblərini əsas tutaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara almışdır. Sənədlərin qəbuluna sərf ediləcək zaman və insan resurslarına qənaət, şagird kontingentinin uçotunun sistemləşdirilməsi, məktəb haqqında məlumat əldə etmək imkanları elektron sistemin üstünlüklərindəndir. Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaqdır. Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər. 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır. İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla). Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur. İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaqdır. 2015-2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem ƏMR Sual - cavab www.bakuedu.gov.az
08/07/2015 16:52
Noyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiya iclası 2007-2008-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının yekunlarına və cari dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuşdu. Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov öncə 2006-ci ildən başlayaraq mərkəzləşdirilmiş qaydada aparılan imtahanlar, onun təhsilin keyfiyyətinin artmasında müsbət rolu barədə danışıb. Nazir bildirib ki, bu imtahanlar qiymətləndirmədə obyektivliyin təmin olunmasına real zəmin yaradır. Sonra nazir ötən tədris ilində keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri, imtahanlar zamanı yol verilən saxtakarlıq və nöqsanlar haqqında danışıb, işə məsuliyyətsiz yanaşan bəzi məktəb direktorlarının, müvafiq təlimata əməl etməyən nəzarətçilərin adlarını açıqlayıb. Nazir həmçinin bu istiqamətdə fəallıqları ilə seçilən nəzarətçilərə təşəkkür elan edilməsinin məqsədəuyğunluğunu bildirib. Misir Mərdanov cari tədris ilində mərkəzləşdirilmiş imtahanların Naxçıvan MR istisna olmaqla ölkəmizin bütün bölgələrini əhatə edəcəyini, sınaq-yoxlama imtahanlarının 2008-2009-cu dərs ili üzrə 1 dəfə keçiriləcəyini, ümumilikdə aparılacaq yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir əvəzi Təranə Hacıyeva qeyd olunan sahə üzrə aparılan təhlillər, mövcud problemlər və qarşıda duran vəzifələrə dair ətraflı məruzə edib. Sonda müzakirə olunan mövzu üzrə təkliflər səsləndirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Kollegiya iclasında Nazirlər Kabineti şöbə müdirinin müavini Qurban Əmirov iştirak edib.
08/07/2015 16:52
İyulun 2-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda növbəti dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunmasına həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin baş məsləhətçisi Əhliyət Adıgözəlov, təhsil ekspertləri – Şahlar Əsgərov, Əjdər Ağayev, Etibar Əliyev, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. Tədrisin təmayüllər üzrə təşkilinə dair müzakirələrdə qeyd olunub ki, təhsil nazirinin 8 iyun 2015-ci il tarixli əmrinə əsasən, 2015-2016-cı dərs ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin 10-11-ci siniflərində tədrisin təmayüllər üzrə təşkil olunması nəzərdə tutulub. Bununla bağlı 4 təmayül istiqamət (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) üzrə tədris planları təsdiq edilib. Tədrisin təmayüllər üzrə təşkilinin əhəmiyyətinə toxunan mütəxəssislər bildiriblər ki, bunun əsas məqsədi tam orta təhsil səviyyəsində təhsilin təmayüllərə görə təşkilini sınaqdan keçirməkdən və gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı müvafiq hazırlıq işləri aparmaqdan ibarətdir. Təcrübə göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edir. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9-dək, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8-dək, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılacaq. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılacaq. Sonra müəllim, valideyn və şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
08/07/2015 16:52
İyulun 3-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının Ali İqtisad Məktəbi Milli Tədqiqat Universitetinin rektoru professor Yaroslav Kuzminovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası barədə qonaqlara ətraflı məlumat verib. Y.Kuzminov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, artıq bu istiqamətdə praktiki fəaliyyətin aparıldığını və hazırkı səfərin bu əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi daşıdığını bildirib. Qonaq rəhbərlik etdiyi ali təhsil müəssisəsinin 15 ilə yaxındır Rusiya Federasiyasında böyük nüfuza malik olduğunu və dünyanın qabaqcıl universitetləri ilə ikili diplom proqramlarına malik olduğunu qeyd edib. Görüş zamanı Ali İqtisad Məktəbi ilə Azərbaycanın ali təhsil müəssisələri arasında birgə tədris və araşdırma proqramlarının təşkil olunması imkanları müzakirə olunub. Ali İqtisad Məktəbi Azərbaycan Dövlət İqtisad Universiteti ilə sıx əməkdaşlıq edir və iki ali təhsil müəssisəsi arasında bakalavriat və magistratura səviyyələrində rus dilində ikili diplom proqramları həyata keçirilir.
08/07/2015 16:52
İyulun 6-da Qəbələdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının bağlanış mərasimi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə dəstəyi ilə keçirilən yarışların bağlanış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər. Əvvəlcə yarışın keçirildiyi ərazidə komandaların üzvlərinin sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı, qidalanması üçün yaradılan şərait, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə tanış olunub. Komandalar şərti olaraq “Yeddi Gözəl” otelində baş verən yanğının söndürülməsi, oteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə boğulmaq təhlükəsi ilə üzləşən uşağın xilas edilməsi, dərin quyuya düşən insanın oradan çıxarılması əməliyyatlarını uğurla başa vurublar. Gənc yanğınsöndürən və xilasedicilər hündür binanın fasadına çıxaraq üçrəngli dövlət bayrağını dalğalandırıblar, gənc boksçu və taekvondoçular isə döşək üzərində öz bacarıqlarını nümayiş etdiriblər. Sonra Qəbələ Mədəniyyət Mərkəzində yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyi və gənc xilasedicilərin 3-cü beynəlxalq yarışının final mərhələsi haqqında videoçarx nümayiş etdirilib. Yerli və xarici komandaların öz milli rəqs və mahnılarını ifa etmələri mərasimə xüsusi rəng qatıb. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Təhsil naziri qeyd edib ki, yarışların keçirilməsinin məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir. Mikayıl Cabbarov fövqəladə hallar naziri Kəmaləddin Heydərovu və nazirliyin bütün kollektivini 10 illik yubiley münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalibləri təbrik edib və belə tədbirlərin əhəmiyyəti haqqında fikirlərini bildirib. Tədbirdə məlumat verilib ki, FHN-nin yaradılmasının 10 illik yubileyi münasibətilə əvvəlcə Azərbaycanın müxtəlif bölgələrində gənc xilasedicilərin və yanğınsöndürənlərin 4-cü respublika birinciliyinin zona yarışları keçirilib, yüksək nəticə əldə edən komandalar finala vəsiqə qazanıblar. Bu yarışın iştirakçısı olan 17 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Polşa, Belarus, Gürcüstan, Qazaxıstan və Moldovadan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıblar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi adını qazanan Siyəzən rayon komandasına və beynəlxalq yarışın qalibi olan Rusiya komandasına mükafatları təqdim edib, gənc yanğınsöndürən və xilasedicilərə uğurlar diləyib. Beynəlxalq yarışda ikinci yeri Azərbaycan, üçüncü yeri Belarus komandaları tutublar. Respublika yarışlarında isə Bakının Nizami rayon komandası ikinci, İsmayıllı komandası üçüncü yerə çıxıb.
08/07/2015 16:52
Noyabrın 5-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər və mövcud problemlərə dair müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri və Dövlət Neft Fondunun bir neçə əməkdaşı iştirak edib. Tədbirdə Misir Mərdanov çıxış edərək müvafiq proqram üzrə dünyanın bir sıra nüfuzlu təhsil qurumları ilə yaradılan əlaqələr, bu təşkilatlarla imzalanan müqavilələr, 2 il ərzində qazanılan uğurlar barədə məlumat verib. Əldə olunan nailiyyətlərlə yanaşı bir sıra problemlərin mövcudluğundan da söz açan nazir onu da qeyd edib ki, xarici ölkələrin ali məktəblərində oxumaq üçün tələbələrin seçimi müvafiq sənədlər əsasında aparılmalıdır. Misir Mərdanov azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili üzrə xərcləri ilə bağlı məsələyə də toxunub və bu istiqamətdə normativ aktların təsdiq olunmasının əhəmiyyətini bildirib. Sonra Şahmar Mövsümov Dövlət Proqramının icrası istiqamətində qarşıya çıxan çətinliklərin müzakirə edilməsi baxımından birgə görüşlərin mütəmadi keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.Ş. Mövsümov həmçinin Dövlət Neft Fondunun bir sıra mühüm layihələr həyata keçirdiyini, o cümlədən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na da xüsusi önəm verdiklərini açıqlayıb, habelə bu proqram çərçivəsində xaricdə təhsil alan tələbələrin təhsil xərclərinin ödənilməsi məsələsindən söz açıb. Müşavirədə iştirakçılar müzakirə olunan məsələyə münasibət bildirib, eləcə də qeyd olunan Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı xərclərə dair sənəd təsdiq olunduqdan sonra tələbələrin təhsil və yaşayış xərclərinin daha operativ həll olunacağına ümid etdiklərini diqqətə çatdırıblar.
08/07/2015 16:52
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 2015-2016-cı tədris ili üçün tələbə qəbulu elan edir.
Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına müalicə işi ixtisası üzrə 100 nəfərin qəbul olunması nəzərdə tutulur. Tədris rus dilində olsa da, müsabiqə rus və Azərbaycan bölmələrindən olan abituriyentlər üçün birgə aparılacaq. Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın IV ixtisas qrupunda keçirdiyi test imthanlarında 350 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər. Qəbul olmaq istəyənlər rus dili və kimya fənləri üzrə test imtahanı verməlidirlər. Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı komissiyanın keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq. Filialın tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim ediləcəkdir. Qəbul olmaq istəyən şəxslər müvafiq sənədlərini 21-22 iyul 2015-ci il tarixlərində saat 10:00-dan 18:00-dək təqdim edə bilərlər. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu elanı Объявление о приеме студентов в Бакинский филиал Первого Московского Государственного Медицинского Университета имени И.М.Сеченова
08/07/2015 16:52
Azərbaycanın ali məktəbləri beynəlxalq akkreditasiyadan keçib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) MBA Departamenti İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna (EFMD) və həmin fondun Qlobal şəbəkəsinə (EFMD Qlobal) tam üzvlüyə qəbul edilib. Bu, ADİU üçün biznesin idarə edilməsi üzrə proqram heyəti və magistrant mübadiləsinə, akademik əməkdaşlığa və dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin inkişafına geniş imkanlar yaradır. 81 ölkədən 800-dən artıq akademik təşkilat, biznes və dövlət qurumlarının birləşdiyi EFMD idarəetmənin inkişafı sahəsində informasiya mübadiləsi, tədqiqatların aparılması, qabaqcıl təcrübə mübadiləsi, iqtisadiyyat təmayüllü təhsil müəssisələrinin rasionallaşdırılması üzrə yeganə təşkilatdır. EFMD dünyanın aparıcı təhsil sistemlərinin standartlarına cavab verən biznes məktəblərinin, biznes təhsili proqramlarının, korporativ universitetlərin və texnologiyalara əsaslanan tədris proqramlarının qiymətləndirilməsi üzrə akkreditasiya xidmətlərini həyata keçirir. İsveçrənin Cenevrə şəhərində yerləşən EFMD Qlobal isə Avropa və digər regionlarda 700-dən çox üzvü olan biznes məktəbləri, universitetlər və şirkətlər şəbəkəsidir. Eləcə də ilk dəfə olaraq, Azərbaycan Texniki Universitetinin 4, Sumqayıt Dövlət Universitetinin 3 və Dövlət Neft Akademiyasının 3 ixtisası Avropa akkreditasiya agentliyinin (ASİİN) sertifikatı ilə təmin edilib. Seçilmiş üç ali məktəbin beynəlxalq akkreditasiyadan keçirilmiş ixtisasları aşağıdakılardır: Bakalavr təhsili: a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası); b) Elektroenergetika mühəndisliyi; Magistr təhsili: a) Proseslərin avtomatlaşdırılması; b) Elektroenergetika; c) Neft sənayesi enerji menecmenti; d) Kimya sənayesi enerji menecmenti; Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmun Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara uyğun hazırlanıb. Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcəkdir.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı tədris ilində təhsil almaq üçün seçilmiş tələbələrin ilk qrupu ilə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin ilk qrupu təhsilini Böyük Britaniya, Türkiyə, ABŞ və Almaniyada bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Kembric, Con Hopkins, Edinburq, Köln, Bilkənd universitetləri, Massaçusets Texnologiya İnstitutu, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015-2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel – 15 iyul tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı