SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.
Xatırladaq ki, ötən tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərindən 118 206, XI siniflərindən 86 797, qiyabi və axşam məktəblərinin XII siniflərindən isə 754 şagird məzun olub. Bütün məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.
08/07/2015 16:52
28 may Respublika Günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta internat və 8 nömrəli Sanatoriya tipli internat məktəblərin təşkilatçılığı ilə “Vətənimi tərənnüm edirəm” adlı tədbir keçirilib.
Tədbirdə internat məktəblərinin uşaqları özlərinin intellektual, idman, incəsənət və kulinariya sahəsində istedadlarını nümayiş etdiriblər. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissi formalaşdırmaq, birliyi, dostluğu möhkəmləndirmək, onların istedadlarını üzə çıxarmaq və sağlam rəqabət aparmaq bacarığını inkişaf etdirmək, layiqli bir vətəndaş kimi yetişdirməkdən ibarətdir. Tədbirdə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimov, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sahəsində İnstitusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin sədri Kəmalə Məmmədova, 11 nömrəli internat məktəbin direktoru Gülnarə Abdullayeva və şagirdlər iştirak ediblər. Tədbirdə 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş internat məktəbin “Xəzər” komandası, 8 nömrəli Sanatoriya tipli internat məktəbin “Qarabağ” komandası arasında şən startlar yarışı təşkil edilib. Vətən mövzusunda rəsmlər çəkilib, bilik yarışması, şeir, rəqs və kulinariya müsabiqələri keçirilib. Müsabiqələrdə iştirak edən komandalara və uşaqlara kuboklar və diplomlar təqdim edilib. 8 nömrəli Sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva və 2 nömrəli Valideyn himayəsindən məhrum olunmuş ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva bildiriblər ki, valideyn himayəsindən məhrum olmuş, ailə qayğısı görməyən bu uşaqların dünyagörüşünün artırılması, müvafiq bilik və bacarıqlara yiyələnməsi, bir-biri ilə düzgün münasibət qurması, ünsiyyət keyfiyyətlərinə yiyələnməsi, gələcəkdə öz yerlərini tutması və hər hansı peşəyə sahib olması istiqamətində görülən işlər davam etdiriləcəkdir.
08/07/2015 16:52
"Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində Bakı şəhərində badminton və voleybol idman növləri üzrə zona yarışı keçirilib.
Bakı Slavyan Universitetnin idman zalında keçirilən badminton yarışına Bakı şəhərinin rayonları üzrə 100 nəfərə yaxın 7-17 yaş arası məktəbli qız və oğlan qatılıb. Tədbirin açılış hissəsində idmançılar badmintonun müxtəlif növləri üzrə nümunəvi çıxışlar ediblər. Yarışın nəticələrinə əsasən, komanda hesabında 1-ci yeri Yasamal, 2-ci yeri Xətai, 3-cü yeri Binəqədi rayonunun komandaları tutub. Daha bir idman yarışı Azərbaycan Dövlət İqtisad Universitetnin idman zalında baş tutub. Burada məktəblilər arasında voleybol idman növü üzrə zona yarışı keçirilib. Qalib adı uğrunda mübarizəyə Bakı şəhərinin rayonları üzrə 12 komanda qatılıb. Komanda hesabında 1-ci yeri Səbail, 2-ci yeri Suraxanı, 3-cü yeri Xəzər rayonunun komandaları tutublar. Yarışların açılış mərasimlərində Təhsil Nazirliyinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin diplom və medalları ilə təltif olunub.
08/07/2015 16:52
Mayın 29-da Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayon təhsil ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər. Qonaqlar əvvəlcə məktəbin yaxınlığında, Sabirabad şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış üçün söz təhsil naziri Mikayıl Cabbarova verilib. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dunyagörüşün formalaşdırılması olduğunu bildirib. Azərbaycanda təhsilin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Mikayıl Cabbarov bu baxımdan həyata keçirilən işlər barədə danışıb. Nazir məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq, ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə edib. Bu məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmüş III sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd edib. Çıxışının sonunda “Son zəng” münasibətilə məzunları təbrik edən nazir onlara gələcək təhsillərində və həyatda uğurlar arzulayıb. Daha sonra məktəbin məzunları onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərə təşəkkürlərini bildiriblər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da, məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz veriblər. Mərasim şagirdlərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Qeyd edək ki, Nizami Gəncəvi adına 5 nömrəli tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsi ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilib. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümumilli lider 1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərib. Məktəbdə hazırda 1271 şagird təhsil alır. 2013-2014-cü tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olunub. Müasir tədris inventarları və avadanlıqları ilə təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs mərkəzidir. Məktəbin iki məzunu Azərbaycan Respublukası Prezidentinin təqaüdinə layiq görülüb. 2015-ci ilin aprel ayında keçirilən Respublika Fənn Olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olub. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının ”Qizil kitab”ına yazılıb və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdinə layiq görülüb. Sonra təhsil naziri Mikayıl Cabbarov rayonun Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşüb, onlara başsağlığı verib.
08/07/2015 16:52
Dekabrın 16-da Odlar Yurdu Universitetində ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı öz işinə başlayıb.
İki gün davam edəcək konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək dövlət başçımızın ali təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib və son illər müvafiq istiqamətdə həyata keçirilən mühüm tədbirlər, imzalanmış fərman, sərəncam və digər sənədlər haqqında məlumat verib. Nazir əlavə edib ki, aparılan işlər sırasında xüsusi istedada malik gənclərin aşkar edilməsi mühüm yer tutur. Eyni zamanda Misir Mərdanov qeyd olunan məqsədlə Təhsil Nazirliyinin müxtəlif müsabiqə, elmi konfrans və fənn olimpiadaları keçirdiyini vurğulayıb. Nazir ali məktəb tələbələrinin elmi konfranslarının keçirilməsində əsas məqsədin onların elmi tədqiqat işinə maraqlarının artırılması, gənclərə elmi araşdırılmaların nəticələri üzrə fikir mübadiləsi aparmaq üçün imkan yaradılması olduğunu diqqətə çatdırıb. Misir Mərdanov çıxışının sonunda konfransın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirərək iştirakçılara uğurlar arzulayıb. Tədbirdə eyni zamanda ali məktəb tələbələrinin XIII Respublika fənn olimpiadası qalibləri mükafatlandırılıb. Misir Mərdanov diqqətə çatdırıb ki, cari il oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində 10 fənn üzrə olimpiada keçirilib, münsiflər heyətinin qərarına görə 82 tələbə mükafata layiq yer tutub. Mərasimin sonunda qaliblərə diplomlar, Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi pul mükafatları və hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən 2014-2015-ci tədris ili ərzində həyata keçirilmiş islahatlar, tədbirlər və yeniliklər
İlk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” verilib. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənilir. Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar. Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub. 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb. 2014-2015-ci tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 573 nəfər təhsil almaq üçün xaricə göndərilib. 2014-2015-ci tədris ilindən ölkəmizin 7 baza ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyətə başlayıb. Bu qruplarda 34 ixtisas üzrə 755 tələbə təhsil alır. 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb. Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib. Ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib. 2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və riyaziyyat-informatika, kimya-biologiya və tarix-coğrafiya ixtisasları üzrə müəllim hazırlığına başlanılıb. “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Liderlik və idarəetmə” təlimləri keçirilib. Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı çərçivəsində təlim kursu təşkil edib. Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb. Bu il riyaziyyat və təbiət elmləri üzrə fənn olimpiadaları yeni qaydalar əsasında keçirilib. Sumqayıtda və Bakıda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb. Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanıb. Bu olimpiadada 80-ə yaxın ölkədən məktəbli iştirak edəcək. Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə istiqamətlənmiş silsilə tədbirlər həyata keçirilib. Şagirdlərdə mütaliə mədəniyyətinin və oxu motivasiyasının yüksəldilməsi, təhsil müəssisələrinin nəzdində mütaliəni təşkil edən icmanın yaradılması məqsədilə ümumtəhsil məktəblərində mütaliə klubları yaradılıb. Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə mobil arabalar, Biochem və Physio Labdiskləri, İntel planşetləri verilib. Təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalı (www.e-derslik.edu.az) istifadəyə verilib. Elektron təhsil resurslarını bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər. Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb. Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2014-2015-ci tədris ilindən məktəbəhazırlıq qrupları yaradılıb. Bu qruplara cəlb olunan və 6 yaşı sentyabrın 15-dən dekabrın 31-nədək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar. Müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşmiş qaydada yeni sistem əsasında həyata keçirilir. “Bakı 2015” I Avropa Oyunlarının təbliği məqsədilə məktəblilər arasında Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri üzrə zona yarışları keçirilir. Yarışlar bütün bölgələri əhatə edir. “Bakı 2015” 1-ci Avropa Oyunlarında könüllü kimi iştirak etmək məqsədilə SABAH qruplarının tələbələrinin “SABAH-ın könüllüsü” proqramı həyata keçirilir. 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.
08/07/2015 16:52
Bu gün məktəblərdə “Son zəng” qeyd olunur
Bu gün tədris həftəsi 5 günlük olan ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün “son zəng” çalınıb. 2014-2015-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin XI sinfini 20501 şagird bitirib. Son zəng ilə bağlı bir çox Bakı məktəblərində tədbirlər keçirilib. Son zəng münasibətilə Qaradağ rayonu 228 nömrəli tam orta məktəbdə böyük bayram proqramı təşkil edilib. Tədbirdə nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov, Qaradağ rayonun icra başçısının müavini Təranə İsmayılova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, məktəbkollektivi və valideynlər iştirak ediblər. Son zəng tədbirində Ceyhun Bayramov çıxış edərək 2014-2015-ci tədris ilində baş verən yeniliklərdən söz açıb. O, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin keçirilməsi, bununla əlaqədar cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının iki dəfə artırılması və sərəncamın müəllimlərin sosial rifahı baxımından önəmi, müəllimlərin işə başlayarkən andiçmə mərasiminin keçirilməsi kimi önəmli yenilikləri öz çıxışında xüsusilə vurğulayıb. Ceyhun Bayramov məzunlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində onun nailiyyətlərini daha da artırmağı arzulayıb. Tədbirdə məktəbin məzunlarının iştirakı ilə mahnılar, rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib və səhnəciklər göstərilib. Qeyd edək ki, tədris həftəsi 6 günlük olan məktəblərin məzunları üçün "Son zəng” tədbiri isə mayın 30-da təşkil olunacaqdır.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Milli rəqs” dərnəyinin 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Bizim rəqs dünyamız” adlı hesabat konserti keçirilib.
Azərbaycan Dövlət Rus Dram Teatrında təşkil olunan tədbirdə Mərkəzin rəhbərliyi, valideynlər və dərnək üzvləri iştirak ediblər. Ənənəvi hesabat konsertini keçirməkdə məqsəd şagirdlərin 1 il ərzində əldə etdiyi bacarıqları nümayiş etdirmək, onlarda bu sahəyə olan meyili və həvəsi artırmaqdan ibarətdir. Konsertdə mərkəzin dərnək üzvləri “Qaval”, “Vağzalı”, “İncəlik”, “Yallı” və Azərbaycanın digər milli rəqslərini, eyni zamanda dünya xalqlarının rəqslərini ifa ediblər. Mərkəzin “Mahnı teatrı”nın vokal qrupunun üzvləri də ecazkar ifaları ilə tədbir iştirakçılarının zövqünü oxşayıblar.
08/07/2015 16:52
İyunun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
Azərbaycan Respublikası təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 29 aprel 2015-ci il tarixli, 511 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 3511 vakant yer çıxarılıb. Həmin yerlərdən 3202-i (91%) Azərbaycan bölməsi, 309-u (9%) isə rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13%), ibtidai sinif (440 yer, 13%), biologiya (387 yer, 11%), fizika (359 yer, 10%), coğrafiya (341 yer, 10%) fənləri üzrə elan edilib. Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13%), Cəlilabad rayonu (205 yer, 6%), Lerik rayonu (202 yer, 6%), Laçın rayonu (197 yer, 6%) və Quba rayonunun (184 yer, 5%) ümumi təhsil müəssisələrindədir. 2400 (68%) vakant yerə həvəsləndirmə tədbirləri tətbiq edilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər, www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olmaqla qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün video təlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar. Müəllimlərin işə qəbulu sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi və Daxili İşlər Nazirliyinin İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi (İAMAS) ilə inteqrasiya olunması vətəndaşların qeydiyyatı prosesinin sürətləndirilməsinə, məlumatların düzgünlüyünün təmin edilməsinə və təhlil imkanlarının avtomatlaşdırılmasına xidmət edir. Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbulu 10 iyun 2015-ci il tarixdə saat 23:59-da başa çatacaqdır. Qeyd edək ki, müəllimlərin yerdəyişməsi yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə iyulun 1-dən müəllimlərin işə qəbulu üzrə sənəd qəbuluna başlanacaqdır.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8285 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4326 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 757 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1346 sənəd (394 ərizə, 829 məktub, 123 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu, gənclərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramında iştirakı, qriflərin verilməsi və attestatların alınması ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (1863 zəng) və cümə (2060 zəng) günləri əsasən, saat 11:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1037 müraciət) və cümə (1052 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı