SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 5-də Azərbaycan Milli Konservatoriyasında IV Respublika Muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi və digər qonaqlar iştirak ediblər. Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçirilən IV Respublika Muğam müsabiqəsi “Xanəndə” və “İnstrumental muğam ifaçılığı” nominasiyaları üzrə 2 turda təşkil olunub. Müsabiqəyə qatılmış 68 iştirakçıdan “İnstrumental muğam ifaçılığı” üzrə I, II və III yerlərin hər birinə 2 iştirakçı layiq görülüb. 4 iştirakçı isə fəal iştiraka görə seçilib. “Xanəndə” nominasiyası üzrə isə I, II və III yerlərin hər birinə 1 iştirakçı layiq görülüb, fəal iştiraka görə 2 iştirakçı fərqləndirilib. Mərasimin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Nazir bildirib ki, bütün bunlar Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir. YUNESKO-nun Bəşəriyyətin Şifahi və Qeyri-maddi İrsinə dair Şah Əsərlərin Dünya Siyahısına Azərbaycan muğamının daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir. Çıxışdan sonra Mikayıl Cabbarov müsabiqədə I, II və III yerləri tutmuş ifaçılara mükafatları təqdim edib. Müsabiqənin fəal iştirakçılarına mükafatlarını təqdim edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxışında muğam müsabiqəsinin ölkəmizin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Mərasim müsabiqə qaliblərinin iştirakı ilə keçirilən yekun konsertlə davam etdirilib.
08/07/2015 16:52
Martın 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının əsaslı təmirdən sonra açılışı olub.
Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Bildirilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanılıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb. Ümümi sahəsi 4 min kvadratmetrdən çox olan yeni binada 20 auditoriya, kompüter otağı, kitabxana, elektron oxu zalı, konfrans otağı yaradılıb. Binaya baxış keçirən qonaqlar üçün elektron kitabxananın təqdimatı keçirilib. Pedaqoji heyət və tələbələr üçün yaradılan şəraitlə maraqlanan mərasim iştirakçıları auditoriyalara və kafedra otağına baxıb, “Nadir kitablar Fondu”ndakı əyani vəsaitləri nəzərdən keçiriblər. Sonra yeni binanın akt zalında elmi şura ilə görüş keçirilib. Mərasim iştirakçılarını salamlayan Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova təhsil ocaqlarının infrastrukturunun yaxşılaşdırılmasının, maddi-texniki bazanın müasirləşdirilməsinin təlim-tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil müəssisələrinin yenidən qurulması, onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlərin genişləndiyini qeyd edən nazir təhsilalanlar üçün yaradılan şəraitin ölkəmizin müasir kadrlara olan tələbatının ödənilməsinə, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verdiyini vurğulayıb. Nazir bildirib ki, tədris ocaqları üçün yeni binalar inşa olunarkən və ya mövcud tikililər əsaslı təmir edilərkən həmin təhsil müəssisələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə imkan verən infrastrukturun yaradılması prioritet hədəf kimi qarşıya qoyulur.
08/07/2015 16:52
Martın 9-da Qusar rayonunun Hil və Bədirqala kəndlərində Təhsil Nazirliyi tərəfindən yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılışı mərasimləri keçirilib.
Yeni məktəblərin açılış mərasimlərində təhsil naziri Mikayıl Cabbarov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, təhsil ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Öncə təhsil naziri Mikayıl Cabbarov Qusarın mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub, ruhuna hörmət və ehtiramını bildirib. Sonra Qusar rayonu Hil kənd ümumtəhsil məktəbinin yeni binasının açılış mərasimi keçirilib. Məktəbin rəmzi açılışını bildirən qırmızı lent kəsilib və qonaqlar təhsil müəssisəsi ilə tanış olublar. Yeni istifadəyə verilən 180 şagird yerlik Hil kənd ümumtəhsil məktəbinin 11 sinif otağı, 2 laboratoriya, 2 əmək təlimi otağı, gənclərin çağırışaqədər hazırlığı otağı, kompüter otağı, müəllimlər otağı, tibb məntəqəsi, bufet, kitabxana, akt zalı və idman zalı var. Məktəbin binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana istifadəyə verilib. Məktəbin akt zalında müəllim, valideyn və kənd sakinləri ilə görüş keçirilib. Yeni inşa olunmuş məktəblə bağlı pedaqoji kollektivi və yerli sakinləri təbrik edən təhsil naziri Mikayıl Cabbarov görüş iştirakçılarına ölkəmizdə aparılan təhsil islahatları haqqında məlumat verib. Nazir bildirib ki, son 11 il ərzində Azərbaycanda 3000-ə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə ölkə rəhbərinin təhsilə olan xüsusi qayğısını əks etdirir. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışında yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini vurğulayıb. Şair Alxasov ölkəmizdə bu sahədə aparılan işlərin rayon sakinləri tərəfindən təqdir edildiyini bildirib. Sonra çıxış edən məktəbin müəllimləri yeni inşa olunmuş tam orta məktəbin kənd ictimaiyyəti üçün böyük hədiyyə olduğunu və buna görə ölkə rəhbərliyinə təşəkkür etdiklərini bildiriblər. Növbəti açılış mərasimi Qusar rayonunun Bədirqala kəndində ümumtəhsil məktəbinin yeni binasında keçirilib. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar məktəb binası ilə tanış olublar. Məlumat verilib ki, 1947-ci ildə tikilmiş əvvəlki birmərtəbəli məktəb binası uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Ötən il Təhsil Nazirliyi tərəfindən köhnə məktəb binasının yerində yenisinin inşasına başlanılıb və tikinti nəzərdə tutulan müddətə başa çatdırılıb. Mərasim iştirakçıları məktəbdə şagirdlər üçün yaradılan şəraitlə tanış olub, siniflərə, idman zalına, laboratoriyaya baxıblar. Yeni məktəbdə 11 sinif otağı, 1 ümumi laboratoriya, kompüter otağı, müəllimlər otağı, texniki otaq, bufet, akt zalı, idman zalı mövcuddur. Binada videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib, qazanxana tikilib. Sonra akt zalında müəllimlər, valideynlər və yerli sakinlərlə görüş keçirilib. Təhsil naziri Mikayıl Cabbarov bu bayram günlərində ikiqat sevinc hissi yaşayan kənd sakinlərini təbrik edib. Məktəbin müəllim kollektivi və kənd sakinləri yeni məktəb binasının tikintisini kəndin ictmai həyatında əlamətdar tarixi hadisə adlandıraraq dövlətimizin təhsilə qayğısını yüksək qiymətləndiriblər.
08/07/2015 16:52
Martın 10-da Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə təşkil etdiyi məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən F.Qurbanov bildirib ki, ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatlar təşkil olunur. Hazırda təhsil sistemində 2 ixtisaslaşmış uşaq-gənclər futbol məktəbi və 60 uşaq-gənclər idman məktəbində futbol bölməsi fəaliyyət göstərir. Həmin məktəblərdə 11 mindən çox yeniyetmə və gənc futbolla məşğul olur, 400-ə yaxın məşqçi-müəllim çalışır. Nazir müavini yeni idman meydançalarının salınması istiqamətində də əhəmiyyətli işlər görüldüyünü vurğulayıb. Eyni zamanda uşaq-gənclər futbol məktəblərinin və idman məktəblərində fəaliyyət göstərən futbol bölmələrinin məşqçi-müəllimlərinin peşəkarlıq səviyyəsini artırmaq, ehtiyat futbolçu hazırlığına təkan vermək məqsədilə AFFA ilə birgə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında “C” kateqoriyalı məşqçi kurslarının təşkil olunması planlaşdırılır. Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin ümumilikdə təhsilə marağının artmasına səbəb olduğiunu deyib. İdman yarışları həm də məktəblilərin asudə vaxtlarını daha faydalı keçirməsinə stimul yaradır. Rəsmi açılış mərasimindən sonra məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının 2-ci mərhələsinin oyunlarına start verilib. Bu mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunub. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq. Qeyd edək ki, çempionatın birinci mərhələsi Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilib. Bu mərhələdə paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edib. Çempionat aprelin 6-dək davam edəcək. Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.
08/07/2015 16:52
Martın 10-da təhsil naziri Mikayıl Cabbarov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 50 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Respublika Ekoloji Mərkəzində “Müasir dövrdə məktəblilərin ekoloji təhsili və tərbiyəsi” mövzusunda işçi seminar keçirilib.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin, turizm və diyarşünaslıq mərkəzlərinin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin direktorları, metodistlər və dərnək rəhbərləri iştirak edib. Seminarın keçirilməsində məqsəd məktəblilərin ekoloji təhsil və tərbiyəsi sahəsində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyət perspektivlərinin, bu sahədə QHT-lərin iş təcrübəsinin, ictimaiyyətin maaarifləndirmə tədbirlərində iştirakının müzakirəsindən ibarətdir. Tədbirdə eyni zamanda ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri əməkdaşlarının dərnək məşğələlərində yeni təlim üsullarının, müasir metodikanın tətbiqi, kütləvi ekoloji tədbirlərin, ekskursiyaların və ekoturizm səyahətlərinin təşkili sahəsində metodistlərin və dərnək rəhbərlərinin iş təcrübəsi açıqlanıb. Çıxış edənlər ekoloji biliklərin tədrisinin müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, ətraf mühitn qorunması, təbii sərvətlərin davamlı istifadəsi sahəsində ekoloji bilik və bacarıqların inkişaf etdirilməsi məsələlərinə diqqət yönəldiblər. Seminarda ekoloji təhsil sahəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi, ekoloji təhsil və tərbiyə sahəsində beynəlxalq təcrübədən istifadə kimi məsələlər də müzakirə olunub. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov çıxış edərək, ekoloji təhsilin inkişaf perspektivləri barədə fikirlərini bildirib, müasir təlim üsulları və texnologiyalarının tətbiqinin zəruriliyini qeyd edib. Eyni zamanda V.Məmmədov beynəlxalq “GİZ” təşkilatının əməkdaşlığı ilə hazırlanacaq ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin yeni inkişaf konsepsiyası haqqında məlumat verib. Sonra Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM) direktor müavini Lalə Dadaşova bu sahədə görülən işlərin təqdimatını keçirib. RETTM-in direktoru Firuzə Sultan-zadə ekoloji təhsil və tərbiyə sahəsində “Ekosfera” təşkilatının iş təcrübəsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilən 60-a qədər ekoloji layihə barədə ətraflı məlumat verib. O, bu sahədə Avropanın qabaqcıl ölkələrində aparılan işlərin müsbət təcrübəsindən faydalanaraq Azərbaycanda ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində yenidən qurulmasını təklif edib. Seminar müzakirələrlə davam etdirilib.
08/07/2015 16:52
47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin respublika mərhələsi başa çatıb.
Bu mərhələdə X və XI siniflər üzrə ümumilikdə 215 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Qazax, Masallı və Balakən məktəblərindən 13 şagird namizəd olaraq seçilib. Aprel ayından başlayaraq namizəd şagirdlərlə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professorları və bu təhsil ocağının Bakı filialının mütəxəssisləri tərəfindən beynəlxalq olimpiadaya hazırlıq məşğələləri keçiriləcək. Eyni zamanda şagirdlərin nəzəri və praktiki bilikləri artırılacaq. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçiriləcək. Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən Azərbaycanda keçirilməsi nəzərdə tutulan olimpiadada dünyanın 80-ə yaxın ölkəsi iştirak edəcək.47-ci Beynəlxalq Kimya Olimpiadasının yüksək səviyyədə keçirilməsi barədə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib. 47-ci Beynəlxalq Kimya Olimpiadası ilə bağlı ətraflı məlumat olimpiadanın rəsmi internet saytında (http://icho2015.msu.az/) yerləşdirilib.
08/07/2015 16:52
Martın 12-də Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına liseydə şagirdlərin mütaliə vərdişlərini möhkəmləndirmək məqsədilə müxtəlif fənlər üzrə debat dərslər keçirilib.
Debat dərslərdən öncə qonaqlar tədris ocağının foyesində təşkil olunmuş sərgiyə baxıb və şagirdlərin mütaliə etdikləri bədii əsərlər əsasında hazırlanmış səhnəciklərə tamaşa ediblər. Həmçinin, liseyin şagirdləri “Ən yaxşı oxucu mənəm” və “Gənc yazarlar” nominasiyaları üzrə müsabiqədə də fəal iştirak ediblər. Müsabiqənin nəticələrinə görə, “Ən yaxşı oxucu mənəm” nominasiyası üzrə 10a1 sinif şagirdi Nicat İsmayılov, “Gənc yazarlar” nominasiyası üzrə 10a1 sinif şagirdi Orxan Əhmədov və 9r1 sinif şagirdi Ayşən Əliyeva I yerə layiq görülüblər. Eləcə də təhsil müəssisəsinin şagirdləri “Yalnız mütaliə etmirəm, həm də mütaliəyə cəlb edirəm” adlı layihəni uğurla davam etdirirlər. Belə ki, şagirdlər uşaq evlərinə gedərək, mütaliəyə olan marağı daha da artırmağa və məktəblilərdən ibarət oxucu auditoriyasını genişləndirməyə çalışırlar. Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə uyğun olaraq, liseydə “Şəxsiyyət tərbiyəsində, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında mütaliənin rolu” mövzusunda hazırlanmış silsilə tədbirlər davam etdirilir.
08/07/2015 16:52
Martın 12-də Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi açılış mərasimində dövlət başçısına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “ASAN məktəb” layihəsi barədə məlumat verilib. “ASAN xidmət” mərkəzinin tərkibində yaradılan “ASAN məktəb” Bərdə rayonunun ümumi təhsil məktəblərinə I sinif şagirdlərinin qəbulunu təşkil edəcək və bu prosesdə vaxt itkisini aradan qaldıracaq, şəffaflığı artıracaq. “ASAN məktəb” bölməsinə müraciət edən valideynlər Bərdə rayonunun ümumi təhsil məktəbləri ilə interaktiv lövhədə tanış olur və seçdiyi məktəbdə I sinifə qəbulla bağlı vəziyyəti öyrənir. Uşaqların məktəbə hazırlığı və psixoloji durumunun yoxlanılması da “ASAN məktəb”də yerindəcə həyata keçiriləcək. Komissiyadan keçdikdən sonra uşağın məktəbə qəbul olunması ilə bağlı bildiriş həm valideynə, həm də yerli təhsil şöbəsinə təqdim olunacaq. “ASAN məktəb” layihəsi çərçivəsində digər xidmət ümumi təhsil məktəblərində pedaqoji və texniki sahədə çalışanlara iş yeri haqqında elektron arayışın verilməsidir. Bu xidmət hazırda ölkənin dövlət və özəl ümumi təhsil məktəblərində çalışan 225 minədək əməkdaşı əhatə edir. Hər bir əməkdaş çalışdığı təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə, öz iş yeri haqqında elektron arayış əldə edir və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərir. “ASAN məktəb” layihəsi çərçivəsində növbəti xidmət ümumi təhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında elektron arayışın verilməsidir. Dövlət və özəl ümumi təhsil məktəblərində oxuyan 1 milyon 325 mindən artıq şagirdi və onların valideynlərini əhatə edən bu xidmət valideynə təhsil müəssisəsinə getmədən “ASAN” xidmət mərkəzlərinə müraciət etməklə, yaxud “Elektron Hökumət” portalında qeydiyyatdan keçməklə övladının oxuduğu məktəb, sinfi, tədris dili və öyrəndiyi xarici dil haqqında elektron arayış əldə etmək və həmin arayışı elektron poçt vasitəsilə tələb olunan yerə göndərmək imkanı verir. Mərkəzdə yaradılmış “ASAN kadr” karyera mərkəzi “ASAN məktəb” könüllülük proqramını bitirmiş gənclərə iş tapmaq üçün xüsusi imkanlar verir. Bunun üçün hazırlanmış www.asankadr.az portalı işaxtaranların məşğulluğuna və işəgötürənlərin müvafiq kadrlarla təmin olunmasına şərait yaradır.
08/07/2015 16:52
Məktəb direktoru: Əsas məqsəd psixoloji sağlam mühit qurmaqdır
Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı tam orta məktəbin direktoru Könül Həsənova “Məktəb direktorunun bir iş günü” layihəsinin qonağı olub. "Report" xəbər verir ki, məktəb 2008-ci ildə ilk elektron layihəyə qoşulan məktəblərdən biridir. Məktəbin bütün siniflərində ingilis dilinin intensiv tədrisi həyata keçirilir. Könül Həsənova bu vəzifəyə təhsil naziri Mikayıl Cabbarovun 2014-cü il 18 avqust tarixli əmri ilə təyin olunub. O, 780 nəfər arasından seçilən 14 nəfərdən biridir. Həmin 14 nəfərdən biri olmaq üçün Təhsil Nazirliyinin keçirdiyi təlimlərdə iştirak edərək müxtəlif mərhələləri adlayıb və nəticədə direktor olmağa nail olub. Könül Həsənova bildirib ki, 2013-cü ilin avqustundan məktəbin təlim-tərbiyə üzrə direktor müavini, müəyyən müddətdən sonra isə direktor əvəzi təyin olunub: "Özüm İngilis dili müəlliməsiyəm. Əvvəl ali məktəblərdə işləsəm də, uşaqlarla işləməyə daha çox həvəsim var". O qeyd edib ki, məktəbdə 980 şagird, 104 müəllim var: "Məktəbdə 42 sinif mövcuddur. Dərslər həftənin 5 günü bir növbəli sistemlə keçirilir. Ancaq III siniflər 2 növbəli sistemdə dərs keçirlər. Müəllimlərimiz xüsusi olaraq seçilib, ildə bir dəfə treninqlərdə olurlar. M.Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası, Milli Azərbaycan Tarixi Muzeyi ilə əlaqələrimiz var. Məktəbdə "bir şagird, bir kompüter" layihəsi tətbiq olunur. Bu elektron dərsliklərin istifadəsi üçün çox önəmlidir". "Sabahın alimləri" IV beynəlxalq olimpiyadasında məktəbin biologiya nominasiyası üzrə II yerin qalibi olduğunu deyən direktor həmçinin bildirib ki, məktəb Avropa oyunları çərçivəsində "ən surətli məktəb" adına layiq görülüb, I yeri qazanıb: "Şagirdlərimiz voleybol üzrə qızlar arasında XXVII rayon yarışmasında ikinci yeri qazanıblar". Direktor, həmçinin şagirdlərlə qarşılıqlı hörmət şəraitində münasibət saxladığını qeyd edib: "Əsas məqsəd məktəbdə psixoloji sağlam mühit qurmaqdır. Mən hər gün psixoloqla görüşürəm. Psixoloqlar dərslərdə mütəmadi otururlar, problemli uşaqlarla söhbətlər aparılır. Məktəb şagirdi fiziki cəhətdən yetgin və psixi cəhətdən sağlam formalaşdırmalıdır. Bunun üçün də sağlam əməkdaşlıq, sağlam psixoloji mühüt olmalıdır və milli-mənəvi dəyərlər aşılanmalıdır". www.report.az
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı