• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi açıqlaması

11 saylı İnteqrasiya təlimli internat məktəbində baş vermiş hadisə ilə bağlı onu deyə bilərik ki, 30 oktyabr 2014-cü il tarixində həmin məktəbin şagirdi Surxay çay içmək istəyərkən internat yoldaşı Fateh Quluzadə onun əlinə toxunduğundan Fatehin çiyin nahiyəsində yüngül yanıq əmələ gəlib. Hadisə ani zamanda baş verib, dərhal tərbiyəçi və dayə Fatehə ilk tibbi yardım göstəriblər. Yanıq kəskin dərəcəli olmadığından uşağın xəstəxanaya aparılmasına ehtiyac qalmayıb. Hazırda uşağın səhhəti tam normaldır, dərslərdə iştirak edir və sinif yoldaşları ilə oynayır, eyni zamanda internat məktəbinin tibb bacısının gündəlik diqqət və qayğısı ilə əhatə olunub. Uşağın valideyni dərhal internat məktəbinin rəhbərliyi tərəfindən məktəbə dəvət olunub və məsələ ilə bağlı məlumatlandırılıb. Bəzi kütləvi informasiya vasitələrinin hədsiz həssaslığı və ajiotaj yaratmaq həvəsi ilə məsələnin miqyasının şişirdilməsi cəhdləri qeydə alınır. Fateh Quluzadənin anası, ixtisasca həkim olan Məhsəti Səfərova da uşağının adından piar vasitəsi kimi istifadə edilməsi əməllərini pisləyib. Qeyd olunan məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri internat məktəbində olub, Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşı ilə birlikdə araşdırma aparılıb. Səhlənkarlığa yol verdiklərinə görə aidiyyəti şəxslər barəsində  inzibati cəza tədbiri görülüb.

Azərbaycan Dövlət İqtisad Universitetinin komandası “Breyn Rinq” intellektual yarışmasının qalibi olub.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Paşa Bank”-ın dəstəyi ilə keçirilən intellektual yarışmada ölkənin qabaqcıl ali məktəblərinin komandaları iştirak edib. Yarışda Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət İqtisad Universiteti, Dövlət Neft Akademiyası, Dillər Universiteti, Bakı Ali Neft Məktəbi və Turizm İnstitutunun tələbələri bilik və bacarıqlarını sınayıblar. İntellektual yarışma Azərbaycan Dövlət İqtisad Universiteti tələbələrinin qələbəsi ilə nəticələnib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası ikinci, Bakı Dövlət Universitetinin tələbələri isə üçüncü yerə layiq görülüblər. Qaliblərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nümayəndələri rəsmi səfər çərçivəsində Paris Sorbonna Abu Dabi (PSAD) Universitetində olublar.

PSAD-da keçirilən tədbirdə BŞTİ–nin müdir əvəzi Elnur Əliyev Azərbaycan təhsil sisteminə dair təqdimatla çıxış edib. Çıxışı zamanı Elnur Əliyev Azərbaycanda təhsil sahəsində qazanılan uğurları, bu sahədə gedən inkişaf proseslərini, son illərdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən mühüm işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından bəhs edən Elnur Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışıb. Azərbaycan təhsilinin son illər yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Elnur Əliyev təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlərdə ilk növbədə milli-mədəni dəyərlərin, ənənələrin qorunub saxlanıldığını, eyni zamanda qabaqcıl ölkələrin təhsil sistemlərinin təcrübəsinin öyrənildiyini və müasir tələblərin nəzərə alındığını qeyd edib. Səfər çərçivəsində ADEC (Abu Dhabi Education Council) nümayəndələri ilə müxtəlif mövzularda müzakirələr aparılıb və müəllim hazırlığı və məktəb idarəedicilərinin hazırlanmasında əməkdaşlıq məsələlərinə toxunulub.

Noyabrın 6-da Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Həsən Həsənli iştirak edib. Elektron dərslik portalı barədə məlumat verən Emin Əmrullayev bildirib ki, indiyədək bu resurslardan 5 mindən çox insan istifadə edib. Bunların yarısından çoxu Bakıda yaşayanlardır. İstifadəçilərin 1000 nəfərə yaxını Azərbaycan dili dərsliyinə aid resursdan yararlanıb. Sektor müdiri xatırladıb ki, hələlik Azərbaycan bölməsinin yalnız 6-cı sinif üzrə elektron dərslikləri portala yerləşdirilib. Yaxın zamanda VII sinif üzrə 10, II və III siniflər üzrə isə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcək. 2014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə barədə məlumat verən Həsən Həsənli prosesin yekunlaşdığını bildirib. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış 572 tələbənin adı proqram təqaüdçüləri siyahısına daxil edilib. Ümumilikdə, indiyədək proqram çərçivəsində 3183 tələbə xaricə oxumağa göndərilib. Sektor müdiri bildirib ki, gələn il də azərbaycanlı gənclərin xaricdə təhsili “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən həyata keçiriləcək. Lakin 2015-ci ildə Dövlət Proqramı başa çatdığı üçün hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Təhsil Nazirliyinin müxtəlif istiqamətdə həyata keçirdiyi layihələr barədə məlumat verən Cəsarət Valehov isə bildirib ki, noyabrın 8-də Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək. Yürüşdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ümumi təhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir. Cəsarət Valehov Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirilən ikinci layihə müsabiqəsi barədə də məlumat verib. Artıq yekunlaşan müsabiqəyə QHT və ayrı-ayrı təşəbbüs qrupları tərəfindən 100-dən çox layihə təqdim olunub. Qiymətləndirmə komissiyasının qərarına əsasən, onların arasında təhsil sahəsində icrası məqsədəuyğun hesab edilən 21 layihə seçilib. Digər bir layihə “Gələcək - müəllimin əsəridir” mövzusunda keçirilən telesüjet müsabiqəsidir. Jurnalistlər arasında keçirilən bu müsabiqənin məqsədi kənd məktəblərində işləyən gənc müəllimlərin fəaliyyətini işıqlandırmaq, ictimaiyyət arasında müəllim nüfuzunu yüksəltməyə töhfə verməkdən ibarətdir. Müsabiqəyə həm respublika miqyaslı, həm də regionlardakı telekanallarda nümayiş edilmiş süjetlər təqdim olunub.    Tədbirdə telesüjet müsabiqəsinin qalibləri mükafatlandırılıb. Konfransda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

Noyabrın 6-da Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin  rektorları iştirak ediblər. Kollegiya iclasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının yaradılması, tələbə kreditləri və qrantları layihəsi,  ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun nəticələri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə olunub. Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edib. Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən bir il ərzində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları haqqında fikirlərini bildirib. Sonra çıxış edən məruzəçilər müvafiq məsələlər haqqında ətraflı məlumat verib, bütün bu sahələrdə görülən işlərin əhəmiyyətindən bəhs ediblər. Məruzələrdən sonra müzakirə olunan məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq istiqamətlər üzrə həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edən təkliflər verilib.

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının noyabr ayı üzrə ilk oyunu keçirilib.

“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan bilik mübazirəsində ölkəmizin 15 bölgəsini təmsil edən 30 komandadan daha dördü qüvvələrini sınayıb. İlk seçim görüşündə “Bərdə” və “Bakı Ali Neft Məktəbi” qarşılaşıblar. Bərabər səviyyədə keçən oyunda qalibi sonuncu sual müəyyənləşdirib. Bu suala düzgün cavab verən “Bakı Ali Neft Məktəbi” 5:4 hesabı ilə irəli çıxıb. İkinci seçim görüşü “Gəncə” və “Xızı” arasında olub. 2 xal üstünlüklə “Xızı” rəqibini üstələyib. Beləliklə, 2 oyundan ibarət final görüşündə “Bakı Ali Neft Məktəbi” və “Xızı” qarşılaşıb. Ümumi hesab bərabər olduğundan final qalibi əlavə sualın köməyilə müəyyənləşdirilib. “Bakı Ali Neft Məktəbi”nin kamandası suala düzgün cavab verərək finala çıxıb. Bununla, breyn-rinqin noyabr ayı üzrə ilk qalibi “Bakı Ali Neft Məktəbi” olub.  Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq. Finalda sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar. Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni dərs ilindən təşkil edilən "Ustad dərsləri" layihəsi çərçivəsində Gürcüstan Dövlət İlia Universitetinin İncəsənət üzrə Tədqiqat İnstitutunun direktoru, professor Levan Xetaquri ustad dərsi verib.

Teatrşünas, rejissor, aktyorluq fakultəsində təhsil alan tələbələr üçün "Müasir teatr və özünü ifadə üçün yeni dil" mövzusunda təşkil edilmiş ustad dərsi maraqla qarşılanıb. Professor çıxışında mərhələli şəkildə teatrın yaranması, tarixi, XX əsrdə teatr, yeni aktyorların hazırlanması, teatrın müxtəlif cərəyanlarda keçdiyi inkişaf yolu, onun müxtəlif formalarından, müasir rejissorların yetişməsi haqda ətraflı söhbət açıb. Xatırladaq ki, "Ustad dərsləri" layihəsində ilk məşğələ sentyabr ayında, İngiltərədə yaşayan həmvətənimiz, caz ifaçısı Səbinə Hacıyeva ilə olub. Növbəti "Ustad dərs"ləri noyabrın 6-da ABŞ-ın Beynəlxalq Teatr İnstitutunun Treninq və Təhsil Komitəsinin vitse-prezidenti Piter Qoldfard, İspaniyanın Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Pastor, noyabrın 7-də isə Böyük Britaniyanın tanınmış teatr rejissoru, yazıçı və bəstəkar Patrik Kunen tərəfindən keçiriləcək.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin noyabrında 27 müraciət daxil olub.

Qeyd edək ki, müraciətlərin əksəriyyəti (17-si) sorğu, məlumat və anonim xarakterlidir. Müraciətlərin 18-i Ba­­­kı şəhərinin ümumtəhsil məktəb­lərindən daxil olub. Sor­ğu­lar əsasən olimpiadaların keçirilməsi, imta­hanlara hazırlıq, uşaq bağ­­çaları, müəllimlərin işə qəbulu ilə bağ­­lı­dır. Şikayətlər isə da­ha çox mək­təblərin istilik sistemi ilə təchizatı barədədir. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araş­dırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni za­man­­da noyabr ayında “Qaynar xətt” xidmətinə daxil olan çox­saylı sorğular Nazirli­yin əməkdaşları tərəfindən cavablandırılıb. Ötən ay ərzində “qaynar xətt” xidmətinə 151 saylı orta məktəbdə məktəbli for­masının məcburi şəkildə satılması ilə bağlı iki anonim şikayət daxil olub. Şikayət edən valideynin kimliyi müəyyənləşdirildikdən sonra məktəbdə araşdırma aparılıb və şi­ka­yətin doğru olduğu aydınlaşdırılıb. Bununla bağlı məktəbin direktoruna Bakı Şə­həri üzrə Təh­sil İdarəsi tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Noyabrın 8-də saat 14:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

Yürüşdə Bakı və Sumqayıt  şəhərləri, eləcə də Abşeron rayonundakı ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının və “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir. “Bayraq yürüşü”nün Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək davam etməsi nəzərdə tutulur.

Dekabrın 9-da Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları AMİ-də yeni yaradılmış Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişlər. Rəmzi açılışı bildirən lent kəsildikdən sonra mərkəzlə tanış olan mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara maraqla baxmışlar. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə həyata keçirdiyi nəhəng layihələrə, elmin və təhsilin inkişafı məqsədi ilə atdığı addımlara həsr olunmuş film nümayiş etdirilmişdir. Sonra mərkəzdə ümummilli liderin büstünün açılışı olmuşdur. Mərasim iştirakçıları adından büstün önünə əklil qoyulmuş, xatirə şəkli çəkdirilmişdir. İnstitutun idman zalında tələbələrin hazırladıqları “İdman həyəcanı” proqramı nümayiş olunmuşdur. AMİ-nin akt zalında davam edən mərasimdə təhsil naziri Misir Mərdanov yubiley münasibətilə iştirakçıları təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycanda son illər elmin, təhsilin inkişafı məqsədi ilə həyata keçirilən çoxsaylı dövlət proqramları, layihələr, inşa olunan yeni məktəb binaları, nəşr edilən dərslik və tədris vəsaitləri dövlətimizin başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Nazir buna görə bütün təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərə toxunan nazir qeyd etmişdir ki, bu gün respublikamızda əldə edilən nailiyyətləri görən ulu öndərin ruhu şaddır. Çünki onun arzuları, istəkləri Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində böyük sürətlə reallığa çevrilir. AMİ-nin yubileyinin Azərbaycanın bütün müəllimlər ordusu üçün bayram olduğunu vurğulayan nazir, son 4 ildə institutda böyük yenidənqurma və abadlıq işlərinin aparıldığını, burada təhsilin müasir tələblər səviyyəsinə qaldırılması, bu ali məktəbin qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün gərəkli işlər görüldüyünü qeyd etmişdir. Mərasimdə Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Sərəncamları oxunmuş, bu mükafatların AMİ-nin Elmi Şurasında təqdim olunacağı bildirilmişdir. İnstitutun bir qrup əməkdaşlarının Təhsil Nazirliyinin mükafatlarına layiq görüldüyünü qeyd edən nazir Misir Mərdanov bu mükafatları sahiblərinə təqdim etmişdir. AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı institutun əməkdaşlarının əməyinin yüksək dövlət mükafatlarına layiq görülməsinə görə dövlətimizin başçısına kollektivin dərin minnətdarlığını çatdırmışdır. Yarandığı vaxtdan bu günədək xalqımız üçün çox gərəkli olan bir missiyanın kollektiv tərəfindən şərəflə həyata keçirildiyini vurğulayan rektor, bu təhsil ocağının tarixinə nəzər salmış, bütün Azərbaycan elmi və təhsili kimi, Müəllimlər İnstitutunun da ən böyük uğurlarının ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərə təsadüf etdiyini bildirmişdir. Rektor bildirmişdir ki, ötən əsrin 20-ci illərinin sonlarından fəaliyyətə başlayan və bu gün də öz işini uğurla davam etdirən, ölkəmizin pedaqoji kadr potensialının gücləndirilməsində, onun elmi-metodiki səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan Azərbaycan Müəllimlər İnstitutu şərəfli yol keçərək, təhsilimizin inkişafında özünəməxsus yer tutmuşdur. Qeyd olunmuşdur ki, dövrün tələblərinə uyğun olaraq Azərbaycan Xalq Maarifi Komissarlığının 13 iyul 1929-cu il tarixli qərarı ilə həmin il oktyabrın 1-də Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması İnstitutu yaradılmışdır. Müxtəlif adlar altında fəaliyyət göstərən Müəllimlər İnstitutu həmişə öz vəzifələrinin öhdəsindən şərəflə gəlmiş və respublikamızda gedən maarifçilik hərəkatının öncüllərindən biri olmuşdur. Azərbaycan Müəllimlər İnstitutunun kollektivi ötən əsrdə burada işləmiş görkəmli elm və maarif xadimlərindən Yusif Məmmədəliyevin, Mikayıl Rəfilinin, Fatma İsmayılovanın, Mirəli Axundovun, Yusif Zeynalın, İsa Seyidovun, Şamil Məmmədbəylinin, Midhət Bineyevin, Əlisəftər Şirinovun, Sədi Əfəndiyevin, Həsən Sadıqlının, Saleh Hüseynovun, Süleyman Məmmədovun, Əsəd Dilbazinin, Emin Abdullayevin, İbrahim Əfəndiyevin, Yahya Qarabağlının, Bağır Axundovun və başqalarının əziz xatirəsini hörmətlə yad edir, onların işini layiqincə davam etdirirlər. Bu ali məktəbin əsl çiçəklənmə dövrünün, müasir tələblərə cavab verən təhsil müəssisəsinə çevrilməsinin 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri seçildiyi dövrdən başladığını vurğulayan rektor bildirmişdir ki, ümummilli liderimiz istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik illərində bu institutun fəaliyyətinə xüsusi qayğı göstərmiş, onun problemlərinin dövlət səviyyəsində həllini diqqət mərkəzində saxlamışdır. Məhz görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2000-ci ildə respublikamızın 11 bölgəsində Müəllimlər İnstitutunun filiallarının açılması barədə Fərman imzalanmışdır. Hazırda bu təhsil ocağının çox geniş profilli ali məktəbə çevrildiyini diqqətə çatdıran rektor qeyd etmişdir ki, institut bir tərəfdən respublikanın böyük müəllimlər ordusunun təkmilləşdirilməsi və yenidən hazırlanması işini həyata keçirir, digər tərəfdən müxtəlif ixtisaslar üzrə ilkin pedaqoji kadrlar hazırlayır. A.Naxçıvanlı qürur hissi ilə qeyd etmişdir ki, bu gün respublika məktəblərinin ibtidai sinif müəllimlərinə, uşaq bağçalarının tərbiyəçilərə ehtiyacının 60-70 faizini məhz Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ödəyir. Hazırda filiallarla birlikdə institutda bakalavr pilləsində 8 minə yaxın tələbənin və 100 nəfərdən artıq magistrin təhsil aldığı və onlara 21 fakültə, 56 kafedra, 42 kabinet, 21 kompyuter zalı, 12 kompyuter mərkəzi, çoxsaylı fənn kabinetlərinin xidmət göstərdiyi bildirilmişdir. Bütün kafedra və kabinetlər öz işlərini Avropa təhsil sistemi ənənələrini mənimsəmək, yeni təlim texnologiyaları və İKT vasitələrindən geniş istifadə etməklə müasir təlim metodlarına yiyələnmək, onun yerlərdə tətbiqinə nail olmaq istiqamətində qurur. Bu istiqamətdə fəaliyyət göstərən 700 nəfərdən artıq professor-müəllim heyətinin 47 nəfəri elmlər doktoru, professor, 223 nəfəri elmlər namizədi, dosentdir. Bu gün Azərbaycan Müəllimlər İnstitutu və onun filialları əlavə təhsil sistemində də respublikada aparıcı təhsil müəssisəsi sayılır. İnstitutda milli fənn kurrikulumlarının orta məktəblərdə tətbiqini, təhsilin idarə edilməsini, məktəb rəhbərlərinin idarəçilik fəaliyyətinin elmi əsaslara söykənməsini təmin etmək məqsədilə ixtisasartırma kurslarının tədris proqramlarının yeniləşdirilməsi, onların məzmununa elmi yeniliklərin daxil edilməsi sahələrində məqsədyönlü işlər aparılır. Qeyd olunmuşdur ki, bu problemlərin həlli yolunda görüləcək işlərin mərkəzində ulu öndər Heydər Əliyevin təhsil strategiyası dayanır. Bu strategiya müstəqil dövlətimizdə təhsilin müasirləşməsinə güclü təkan vermiş, onun inkişaf xəttini və istiqamətlərini müəyyənləşdirmişdir. Rektor vurğulamışdır ki, AMİ ən böyük uğurlarını son beş ildə Azərbaycan elm və təhsilinin dünya səviyyəsində ucalması üçün yorulmaz əməli və yaradıcı fəaliyyəti ilə hamını heyrətləndirən Prezident İlham Əliyevin xüsusi qayğısı sayəsində əldə edə bilmişdir. Məhz dövlətimizin başçısının şəxsi göstərişi ilə bu təhsil ocağına ayrılmış maliyyə vəsaiti hesabına burada əsaslı təmir-tikinti və abadlıq işləri aparılmışdır. A.Naxçıvanlı institutun professor-müəllim heyəti və bütün əməkdaşları adından Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü çatdırmış, dövlətimizin başçısının uğurla həyata keçirdiyi daxili və xarici siyasətin institut kollektivi tərəfindən daim dəstəkləndiyini vurğulamışdır. Rektor bildirmişdir ki, AMİ-nin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına qoşularaq, məktəblərdə təhsilin müasir standartlar səviyyəsinə qaldırılması istiqamətində də var gücü ilə çalışır, bu proqramın uğurla davam etdirilməsi üçün əməyini əsirgəmir. Mərasimdə çıxış edən Nərimanov rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı Fəttah Heydərov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev ölkəmizdə elmin və təhsilin inkişafında son illər əldə olunan uğurlardan danışmış, bu nailiyyətlərin qazanılmasında xüsusi əməyi olan AMİ-nin kollektivini yubiley münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulamışlar. Mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.  AzərTAc

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı