SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.
Ölkəmizdə yeni dərs ili başlayıb. “Bilik Günü”ndə orta və ali məktəblər qapılarını şagirdlərin, tələbələrin üzünə açıb. Bu il bir çox yeni məktəblər və yenidən qurulub, əsaslı təmir olunan təhsil ocaqları istifadəyə verilib. Belə təhsil müəssisələrindən biri də Bakının Şağan qəsəbəsində yeni inşa edilmiş Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdir. “Bilik Günü” bu məktəbin müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbin açılışında iştirak etdilər. Prezident İlham Əliyev əvvəlcə məktəbin rəmzi açılışını bildirən qırmızı lenti kəsdi. Sonra dövlətimizin başçısı və xanımı məktəbin yeni binasında yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, məktəbin 1961-ci ildə inşa edilmiş əvvəlki binası istifadəyə yararsız vəziyyətdə idi. Yeni tikilən 1560 şagird yerlik binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev yeni dərs ili münasibətilə şagirdləri və müəllimləri təbrik etdi. Məktəbin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar. Sonda xatirə şəkli çəkdirildi. www.president.az
08/07/2015 16:52
Sentyabrın 16-da Bakı şəhərində 194 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva və digər rəsmi qonaqlar iştirak edib. Təhsil nazirinin müavini Ceyhun Bayramov “Bilik Günü” və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətdən danışan Ceyhun Bayramov son illər ölkəmizdə çoxlu sayda məktəblərin tikildiyini, əsaslı təmir olunduğunu vurğulayıb. Tədbirdə çıxış edən Xətai Rayonu İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva məktəb binalarının əsaslı təmir olunmasını, müasir standartlara uyğun yeni məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb. Valideynlər adından çıxış edən Ləman Şamilova təhsil sahəsində görülən işləri alqışlayıb və övladlarının yaradılan bu imkanlardan istifadə edərək Vətənə layiqli insan kimi yetişməsinə çalışacaqlarını bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəbin açılışı münasibətilə lenti kəsib. Qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar, şagird və müəllimlərlə söhbət edərək fikir mübadiləsi aparıblar. Məktəbdə “Çağırışaqədərki hərbi hazırlıq” fənninin tədrisi üçün müasir tələblərə cavab verən hərbi kabinet də yaradılıb. Bakı şəhəri 194 saylı 1176 şagird yerlik tam orta məktəb binası, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərancamı ilə təsdiq edilmiş «2011-2014-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən Təhsil Nazirliyi tərəfindən inşa edilib.
08/07/2015 16:52
Son 10 il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib.
Bu tədris ilində təhsil müəssisələrində linqafon kabinetlərinin yaradılması və xüsusi avadanlıqlarla təchiz edilməsi, ilkin hərbi hazırlıq otaqlarının təmiri və müvafiq olaraq tam komplektləşdirilmiş hərbi avadanlıqlarla maddi-texniki bazanın gücləndirilməsi istiqamətində iş aparılacaq. Təhsil müəssisələrindəki laboratoriya və idman zallarının xüsusi avadanlıqlar ilə təchiz olunması, müasir trenajor inventarlarının quraşdırılması da müvafiq sahədə görüləcək işlərdəndir. Qeyd edək ki, bu tədris ilində bir çox məktəblərdə yanğından mühafizənin gücləndirilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinin ixtisasa uyğun trenajorlarla təmin edilməsi də gözlənilir. Yeni tədris ilində ümumi təhsil sahəsində bir sıra islahatların həyata keçirilməsi qarşıda durur. Bakı şəhərinin seçilmiş məktəblərində pilot qaydasında məktəbəhazırlıq təhsilinin təşkili, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq edilməsi, rusdilli məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin monitorinqinin aparılması belə tədbirlərdəndir. Cari dərs ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq. Şagirdlərin ibtidai təhsil səviyyəsindən sonrakı səviyyəyə keçidinin diferensiallaşdırma əsasında aparılması üzrə təkliflərin müəyyənləşdirilməsi, habelə 12 illik təhsilə keçidlə bağlı müvafiq mexanizmlərin və təşkilati işlərin görülməsi üzrə təkliflərin hazırlanması bu tədris ilində reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir. Onu da qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunacaq. Yeni tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. 2015-2016-cı tədris ilindən ölkəmizin 50-dək ümumi təhsil müəssisəsində yeni tipli valideyn-müəllim komitəsinin formalaşdırılması nəzərdə tutulur. Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb. Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə dərsliklərin qəbulu bu il oktyabrın sonunda başa çatır. Təqdim edilən dərslik maketləri noyabr–dekabr aylarında qiymətləndiriləcək. Qalib elan edilən dərsliklər məhdud sayda çap edilərək 2015–ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edillib dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır. Növbəti tədris ili üzrə həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilində tətbiq olunacaq. Ölkə Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncama əsasən regional təhsil idarələri gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq. “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib. Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən ilk dəfə olaraq bu tədris ilində yeni işə qəbul olunanlar “Müəllim andı” içərək fəaliyyətə başlayıblar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, strateji idarəetmənin tətbiqi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi hədəflər müəyyənləşdirilib. Həmin hədəflərə nail olunması istiqamətində ilk dəfə olaraq məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət edib, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunub. Təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə təyin edilməsidir. Təlimlərdə uğur qazanmış şəxslərdən 14 nəfər Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilib. Yeni mexanizm daha da təkmilləşdirilərək geniş səviyyədə tətbiq olunacaq. Ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan 28758 müəllimin 20 fənn üzrə sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti maliyyə ilindən müəllimlərin əmək haqlarında dəyişiklik olması nəzərdə tutulur. Sınaq qiymətləndirilməsi ölkəmizin bütün regionlarını əhatə edəcək. Ümumtəhsil məktəblərinin ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərə 60 akademik saatlıq təlim kursları keçirilir. Təlim kursları Naxçıvan MR-də yerli mütəxəssislər tərəfindən aparılır. Digər şəhər və rayonlarda isə bunu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar aparır. Təlimlərin keçirilməsinə bu ilin avqustundan başlanılıb. Noyabr ayınadək 20 min müəllimin təlimlərdən keçirilməsi nəzərdə tutulur. 2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilib. Belə ki, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib. İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci və ikinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbəyə hər ay 100 manat həcmində əlavə təqaüd müəyyənləşdirilib. Yeni tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi nəzərdə tutulur. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq. Bu ildən elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsinə başlanılacaq. Belə ki, “Labdisc” laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və “Bulud” sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir. “Elektron məktəb” layihəsi çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir. Cari ildə bunlardan 11-i kağız jurnal əvəzinə tam olaraq elektron jurnaldan istifadəyə keçəcək. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31 olacaq. Son 30 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilib. Peşə təhsilinin inkişafının əsas prioritet olduğunu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib. Cari ildə 118 ixtisas üzrə kadr hazırlığı aparılacaq. 2014-2015-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 16070 nəfər qəbul planı təsdiq edilib. Bunlardan 11310-ü dövlət hesabına, 4760 nəfəri isə ödənişli əsaslarladır. İlk peşə-ixtisas təhsili sahəsində əsas yeniliklərdən biri də yerli və beynəlxalq təşkilatların dəstəyi ilə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə rəhbər kadrların hazırlanması üzrə xüsusi kursların təşkilidir. Həmin kursların təşkilində əsas məqsəd peşə təhsili müəssisələri üçün idarəetmə sahəsində müasir tendensiyalar haqqında bilik və bacarıqlara sahib olan gələcək menecerlərin hazırlanmasıdır. “Azərbaycan Respublikası Höküməti və Koreya Respublikası Höküməti arasında Peşə Tədris Mərkəzinin Yaradılması Layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan Kreditə dair Razılaşma” çərçivəsində layihəni idarə edən şirkətin seçilməsi prosesi başa çatmaq üzrədir. Bundan əlavə, növbəti bir neçə ay ərzində peşə təhsili kompleksinin inşasına başlanacaqdır. Bu ilin oktyabrında Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” üçün Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əsaslı təmirdən sonra fəaliyyətini davam etdirəcək 5 nömrəli Bakı Peşə Liseyində ilk dəfə olaraq “mühafizəçi” ixtisası üzrə də kadrların hazırlanmasına başlanacaq. Eyni zamanda müasir emalatxanalar yaradılaraq, iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazırlanması da həyata keçiriləcəkdir. “Eldar Studio” ilə əməkdaşlıq çərçivəsində yeni tədris ilində daha 2 məktəbdə müasir tədris emalatxanaları yaradılacaq. Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə bu il ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan 10 müəllim və usta üçün Türkiyənin Mazhar Anadolu Liseyində avtomatika və informatika üzrə təlimlər təşkil ediləcək. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və buna müvafiq Təhsil Nazirliyinin əmrinə uyğun olaraq 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alacaqlar. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib. “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Masallı Dövlət Regional Kolleci yaradılıb və bu tədris ilindən fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamına uyğun olaraq 102 nəfər ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü verilib. Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini yeni qruplarda davam etdirəcək. 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramları və buna müvafiq hazırlanmış tədris planları tətbiq ediləcək. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyinin yaradılması nəzərdə tutulur. Agentlik təhsil müəssisələrinin akkreditasiyasını və təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi işini həyata keçirəcək. Bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir. Bu günədək xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq üçün göndərilib. Ötən il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb. Bu il seçim prosesində daha çox üstünlük bakalavrdan sonrakı təhsil səviyyələrinə verilib və proqramın təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib.
08/07/2015 16:52
Son günlər bəzi kütləvi informasiya vasitələrində Abşeron Rayon Təhsil Şöbəsində anti-korrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı bir sıra məlumatlar yer almışdır.
Bu məlumatlarda hüquqa zidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır. Bildiririk ki, istər birinci, istərsə də ikinci hal Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilmiş və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilmişdir. Həmçinin, Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiya yaradıb. Təhsil Nazirliyi görülən işlərlə bağlı ictimaiyyətin daha düzgün məlumatlandırılması, şəffaflıq və qərəzsizlik prinsipinə riayət edilməsi məqsədilə informasiyanın dürüst yayılmasını və mənbəyə dəqiq istinad edilməsini təqdir edir.
08/07/2015 16:52
Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların nəzərinə!
22 sentyabr 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 17, 18 və 19 sentyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Sentyabrın 18-də media nümayəndələri “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə Bakının 214 nömrəli tam orta məktəbində olublar.
Media nümayəndələrinə bildirilib ki, “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan vəzifələrin icrasına nail olunmasında şagirdlərin psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna əhəmiyyət daşıyır. Müvafiq sənədə əsasən Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib. “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə “Coca-Cola” şirkətinin dəstəyi ilə 10000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Hazırda aparılan araşdırmalar əsasında Təhsil Nazirliyinin təşəbbüsü ilə mütəxəssislər tərəfindən təhsilalanların sağlamlığı baxımından müstəsna əhəmiyyət daşıyan normativ sənədlər hazırlanır. Həmin normativ sənədlər ümumi təhsil müəssisələrinin maddi-texniki bazası, mebellər, sinif tərtibatı, avadanlıqlar, ləvazimatlar, otaqların işıqlandırılması, habelə qida məhsulları ilə bağlı vahid standartları əhatə edir. Bütün bunlar təhsilalanların sağlamlığının qorunması istiqamətində atılmış həlledici addımlardır. Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib, dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb. ABŞ, Avropa Birliyi, Yaponiya, Finlyandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarnının təhsilalanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim ölkəmizə dəvət olunub. Cari ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyəti, fiziki tərbiyə və “Sağlam təhsil sinfi” müəllimləri üçün seminarlar keçirilib. Layihə çərçivəsində artıq Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayıb. “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir.
08/07/2015 16:52
Sentyabrın 18-də Təhsil Nazirliyinin dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Marionet” teatrı Bakının Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində “Arşın mal alan” operettasını nümayiş etdirib.
“Milli Musiqi Günü” münasibətilə hər il ənənəvi olaraq keçirilən və sentyabrın 20-dək davam edən bu aksiyada internat məktəbinin şagirdlərinə hər gün iki tamaşa göstəriləcək. Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin şagirdləri ilə yanaşı Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 nömrəli tam orta internat məktəbləri, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi və 1 nömrəli Ailə tipli kiçik qrup evinin şagirdləri iştirak edir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən başlayaraq 18 sentyabr ölkəmizdə “Üzeyir musiqi günü” kimi qeyd edilir. Həmin dövrdən başlayaraq musiqi xəzinəmizin dünyada tanıdılması istiqamətində aparılan işlər artıq öz bəhrəsini verməkdədir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər öz miqyası ilə seçilir. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettasının 100 illik yubileyinin YUNESKO-nun 2012-2013-cü illər üçün “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi bunun bariz nümunəsidir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının ikinci seçim oyunu keçirilib.
“AzTV” telekanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir. 4-cü mövsümün ikinci seçim oyununun keçirildiyini xatırladan aparıcı DJ Fateh oyunun keçirilməsində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, həmçinin sponsorlara təşəkkürünü bildirib. Sentyabr ayının ikinci seçim oyunu “Kapital bank” və “Qafqaz Universiteti” komandalarının qarşılaşması ilə başlayıb. “Kapital bank” rəqibinə bir xal üstünlüyü – 5-4 hesabı ilə qalib gəlib. “Orion” və “Romantik” komandaları arasında baş tutan ikinci seçim görüşü də birincinin qələbəsi ilə başa çatıb. Sonrakı iki finalda “Kapital bank”la “Orion” komandaları birincilik uğrunda mübarizə aparıblar. 2 oyunda hesab bərabər olduğundan üçüncü – həlledici oyun oynanılıb. Burada “Kapital bank” üstünlük qazanaraq sentyabr ayının finalında oynamaq hüququ əldə edib. Oyunlar ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.
08/07/2015 16:52
Sentyabrın 19-da Bakı şəhər 23 nömrəli tam orta məktəbdə “Ağıllı tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və Koreya Respublikasının “SK Telekom” şirkətinin nümayəndələri iştirak edib. Bakı şəhər 23 nömrəli tam orta məktəbdə yaradılmış tədris otağı 30 planşet, 1 proyektor, 1 desktop server və 1 noutbukla təchiz olunub. “Ağıllı tədris otağı”nda dərs deyən müəllimlər “Microsoft Azərbaycan” şirkəti tərəfindən “1 şagird : 1 komputer” modeli üzrə təlimdən keçib. “Microsoft Azərbaycan” şirkəti layihə çərçivəsində təqdim olunan avadanlıqları müvafiq proqramlarla da təmin edib. Bununla yanaşı Təhsil Nazirliyi tərəfindən təqdim olunmuş elektron versiya əsasında 6-cı sinif şagirdləri üçün nümunə kimi ingilis dili rəqəmsal dərsliyi və elektron məzmun hazırlanıb. Mərasimdə məktəbin direktoru Yuliya Kərimova qonaqları salamlayaraq yeni tədris otağının yaradılmasının təhsil müəssisəsinin həyatında əlamətdar hadisə olduğunu deyib. Daha sonra söz təhsil nazirinin müavini Ceyhun Bayramova verilib. Nazir müavini mərasim iştirakçılarını salamlayaraq Təhsil Nazirliyi adından layihəni ölkəmizdə reallaşdıran “SK Telekom” şirkətinə və Sunqşin Universitetinə təşəkkürünü bildirib. Ceyhun Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət daşıyır. Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-in layihənin əhəmiyyətini vurğulayıb və qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Qonaqlar “Ağıllı tədris otağı”nda məktəbin müəllimi Vəfa Zeynalovanın 6-cı sinif şagirdlərinə keçdiyi dərsi izləyiblər.
08/07/2015 16:52
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırıldı.
Məlumat verildiyi kimi, Təhsil Nazirliyinin ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialındaapardığı araşdırma nəticəsində ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, tədrisin təşkilində, maliyyə intizamında, təhsil sənədlərinin saxlanılması və verilməsində ciddi nöqsanlara yol verildiyi müəyyən edilmiş, bu təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar edilmişdir. Qeyd olunan pozuntu hallarına yol verdiyinə görə, təhsil nazirinin müvafiq əmri ilə AMİ-nin Gəncə filiailının direktoru Ramiz Məmmədov vəzifəsindən azad edilmiş və aşkarlanan pozuntuların kütləvi xarakter daşıdığı nəzərə alınaraq, onlara hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11.09.2014-cü il tarixli 284 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli Fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılmışdır. Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən İşçi Komissiyası yaradılmışdır. Artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilmiş və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı