SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqədə uğurla çıxış ediblər.
25-30 avqust 2014-cü il tarixlərində Sankt-Peterburqda görkəmli opera müğənnisi Yelena Obraztsova adına gənc vokalçıların V Beynəlxalq müsabiqəsi və ispan vokal ustadı Konçita Badianın xatirəsinə həsr olunmuş Kamera Musiqisi Beynəlxalq Müsabiqəsi keçirilib. Dünyanın 11 ölkəsindən 147 gənc vokalçının qatıldığı bu nüfuzlu müsabiqədə Azərbaycanı Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Çinarə Əzimova və Sona İsgəndərli təmsil ediblər. Müsabiqənin münsiflər heyətinə görkəmli musiqiçilər Xuan Pons (İspaniya), Beatris Parra (Ekvador), Bruno Pratiko (İtaliya), Miqel Lerin (İspaniya), Makvala Kasraşvili (Rusiya), Qalina Pisarenko (Rusiya), Ruzanna Lisisian (Rusiya) dəvət olunublar. Azərbaycanlı ifaçılar müsabiqədə böyük uğura imza atıblar. Belə ki, VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Çinarə Əzimova münsiflər heyətinin qərarı ilə II yeri tutub. VIII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Sona İsgəndərli isə müsabiqənin diplomantı adına layiq görülüb. Sentyabrın 1-də D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında keçirilən qaliblərin təltifolunma mərasimində və yekun konsertində Çinarə Əzimovanın çıxışı böyük maraqla qarşılanıb. Hər iki vokalçının müəllimi sənətşünaslıq namizədi İradə Xəlilovadır.
08/07/2015 16:52
Dekabrın 3-də “Buta” sarayında VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.
Öncə iştirakçı dövlətlərin bayraqları səhnəyə gətirilib. Qeyd edilib ki, 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilən olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edir. Olimpiada Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilir. Mərasim Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb. Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək, olimpiada haqqında ətraflı məlumat əldə edilməsi məqsədi ilə rəsmi internet səhifəsinin (www.ijso2009.az) hazırlanıb istifadəyə verildiyini bildirib. Azərbaycan Diplomatik Akademiyasının rektoru, olimpiadaya hazırlıq məqsədilə yaradılmış Elm Komitəsinin rəhbəri Hafiz Paşayev qeyd edib ki, savadlı və intellektli yeniyetmələrin iştirakı ilə keçirilən belə möhtəşəm bilik yarışı xalqlar arasında dostluq əlaqələrinin inkişafına təkan verir. Hafiz Paşayev Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqlarının hazırlandığını, alimlərimiz tərəfindən 500-ə yaxın çalışma tərtib edildiyini diqqətə çatdırıb. Təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadanın Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud olan sabitlik və dinamik iqtisadi inkişafın, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən elm və təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Misir Mərdanov eyni zamanda qeyd edib ki, olimpiadada çoxsaylı nümayəndələrin iştirak etməsi Azərbaycanda gedən inkişaf proseslərinin bütün dünyada yayılması baxımından əhəmiyyətli rol oynayacaq. VI Beynəlxalq Elm Olimpiadasının prezidenti Masna Gintinq ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına, eləcə də gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov çıxış edərək bildirib ki, elm olimpiadası iştirakçılara öz biliklərini nümayiş etdirməyə imkan yaradır və onların gələcəkdə ixtisaslı kadrlar kimi yetişməsinə təkan verir. Tədbirdə gənc musiqiçilər geniş konsert proqramı ilə çıxış ediblər. Mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və xarici ölkələrdən gəlmiş alimlər iştirak edib. Olimpiadaya dekabrın 11-də yekun vurulacaq.
08/07/2015 16:52
Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.
7-11 oktyabr 2014-cü il tarixlərində keçiriləcək təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına öz CV-lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. http://www.edu.gov.az/view.php?lang=az&menu=228&id=9159
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdən ibarətdir. 20 oktyabr 2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərində keçiriləcək təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcəkdir. İştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil olunacaqdır. Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər. http://www.edu.gov.az/view.php?lang=az&menu=228&id=9157
08/07/2015 16:52
Dekabrın 4-də Azərbaycan Dillər Universitetində Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu tədbirin mühüm əhəmiyyətindən danışaraq qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı üçün də lazımi şərait yaradılıb. Qeyd olunub ki, 2 gün davam edəcək bu konfransda 19 bölmə üzrə 300-ə yaxın məruzə dinləniləcək. Misir Mərdanov ölkəmizdə gənclərin təhsili, onların elmi-tədqiqat fəaliyyətləri istiqamətində yaradılan şəraitdən bəhs edib. Nazir Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransının nəticələrindən də söz açıb və bildirib ki, həmin konfransın fəal iştirakçılarına Təhsil Nazirliyinin sertifikatları verilib. Sonra Misir Mərdanov ən yaxşı elmi işə görə 3 doktoranta hədiyyə olaraq noutbuk təqdim edib və konfransın işinə uğurlar arzulayıb. Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov və başqaları konfransla əlaqədar çıxış ediblər. Təhsil nazirinin müavini İradə Hüseynova konfransın gedişi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki, konfrans bölmələr üzrə iki gün davam edəcək.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq yarışlarının növbəti - üçüncü oyunu keçirilib.
“Baku Crystal Hall”da təşkil olunan və “AzTV” kanalı ilə yayımlanan oyun sentyabr ayının üçüncü finalçısını müəyyənləşdirib. Üçüncü seçim oyununun ilk görüşü “Şəki” və “Ağdaş” komandaları arasında olub. Ağdaşlılar daha güclü çıxış edərək şəkililəri 5:1 hesabı ilə üstələyiblər. İkinci görüşdə “Naxçıvan” və “Siyəzən” komandaları yarışıblar. Oyuna uğursuz başlayan komandalar bir neçə sualı cavablandıra bilmədiklərindən yarışdan kənarlaşdırılıblar. Final görüşlərində “Ağdaş”ın rəqibini müəyyənləşdirmək üçün müxtəlif komandaların oyunçularının iştirakı ilə şans oyunu keçirilib. “Parabellum” komandası şans oyununun qalibi olub. İlk final görüşündə “Ağdaş” birinci rəqibinə 5:1, ikinci final görüşündə isə 5:4 hesabı ilə qalib gəlib və sentyabr ayının final oyununda iştirak etmək hüququ qazanıb. Beləliklə, “Bilik kuboku” uğrunda breyn-rinq yarışları çərçivəsində keçirilən 3 oyun nəticəsində sentyabr ayının final görüşündə oynayacaq 3 komanda müəyyənləşib. Bunlar birinci oyunun qalibi olan “Norm sement”, ikinci oyunun qalibi “Kapital bank” və üçüncü oyunun qalibi “Ağdaş”dır. Ölkəmizin 15 bölgəsini təmsil edən 30 komandanın iştirak etdiyi yarışa Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin sponsorlar dəstək göstərir. Oyunlar ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.
08/07/2015 16:52
SABAH qruplarına müraciət edən tələbələrin üçdə biri ADİU-nu seçib.
Azərbaycan Dövlət İqtisad Universiteti Elmi Şurasının 2014/2015-ci tədris ili üçün ilk iclası keçirilib. İclasda universitetin rektoru, professor Ədalət Muradov ölkədə ilk dəfə yaradılan SABAH qruplarında 7 baza ali təhsil müəssisəsi arasında ADİU-nun I yerdə dayandığını bildirib. SABAH qruplarına müraciət edən tələbələrin üçdə birinin Azərbaycan Dövlət İqtisad Universitetini seçdiyini deyən rektor əlavə edib ki, bu, ali təhsilin sabahıdır. Buna görə də ADİU SABAH gənclərinin təhsil alacağı auditoriyalara fərqli yanaşıb. Rektor bildirib ki, universitetimizi necə görmək istəyiriksə, o modeli ilk olaraq "SABAH"da yaratmışıq. SABAH üçün yaradılan şərait bütün universitetə şamil olunacaq. Elmi Şurada ADİU-da kadr potensialını artırmaq məqsədilə görülən işlərdən də danışılıb. Bildirilib ki, universitetin "İşçilərin işə qəbulu və yerdəyişməsi" komissiyasına 309 nəfər müraciət edib. Onlardan 75 nəfərinin vəzifəsi artırılıb, 20 nəfərə yaxın xaricdə təhsil almış ərizəçi işə götürülüb. Bu sahədə işin davam etdiriləcəyi qeyd olunub. İclasda oktyabrın 1-dən etibarən ADİU əməkdaşlarının əməkhaqqlarının 15% artırıldığı bildirilib. Universitetin maliyyə bazası artdıqca əməkhaqlarının daha da yüksələcəyi vurğulanıb. 10 nəfər 75-80 yaşlı dosentin könüllülük prinsipi əsasında təqaüdə çıxacağı təqdirdə, birillik əməkhaqlarının həmin gün onlara təqdim olunacağı bildirilib. Şura üzvləri Xüsusi İstedadlar fakültəsinin 74 tələbəsinin 275 min manat həcmində yığılmış təhsil haqqı borcunu da müzakirə ediblər. Qərara alınıb ki, bu borc ADİU-nun vəsaiti hesabına ödənilsin. Tədbirdə ümumi iqtisadiyyat fakültəsinin adının dəyişdirilərək iqtisadiyyat və sənaye fakültəsi adlandırılması təklif olunub. Təklif səsə qoyularaq qəbul edilib. İclasda iyun ayından tələbələrin və universitet əməkdaşlarının müzakirəsinə verilən "İşçilərin universitetdaxili intizam qaydaları" ilə "Tələbələrin universitetdaxili intizam qaydaları" qəbul edilib. Bu qaydalar sentyabrın 22-dən qüvvəyə minib. Elmi Şurada həmçinin ilin sonuna qədər universitetin ştat cədvəlinin hazırlanması, vətəndaşlarla işin daha da təkmilləşdirilməsi müzakirə olunub. Qərara alınıb ki, prorektorların qəbul günləri müəyyən olunaraq universitetin saytında yerləşdirilsin. Şurada MBA-nın Magistratura Mərkəzindən ayrılaraq departament kimi fəaliyyət göstərməsi səsə qoyularaq qəbul edilib. ”Azərbaycan müəllimi” qəzeti
08/07/2015 16:52
Kitab oxumağın şagirdlərin inkişafına təsiri haqqında mütəxəssis fikirləri.
Əjdər AĞAYEV, pedaqoji elmlər doktoru, professor Bədii ədəbiyyat uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm vasitələrdən biridir. Kiçik yaşlardan onların yaşlarına və maraqlarına uyğun ədəbiyyatla tanış olmaları onlarda həyat hadisələrinə, insanlara, təbiətə böyük maraq yaradır. Bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünü genişləndirdiyi kimi, məlumatlarını da artırır. Şagirdlər təlim prosesində öyrəndiklərini bədii ədəbiyyatı oxuyub təhlil edərkən bir daha təsdiqləyirlər. Ona görə də uşaqların kamilləşməsinə, bədii-estetik zövqünün inkişafına təsir edən bədii ədəbiyyatın oxunması tədris proqramlarına daxil edilməli, sistemli və müntəzəm şəkildə həyata keçirilməlidir. * * * Ənvər ABBASOV, Təhsil Problemləri İnstitutunun direktor müavini Şifahi və yazılı ünsiyyət şəxsiyyətin mühüm atributlarından olan mədəniyyətlərdir. Bunlar özündə dinləyib- anlama, danışma, oxu, yazı mədəniyyətlərini ehtiva edir. Biz gələcəkdə cəmiyyəti irəliyə apara bilən övladlarımıza bu mədəniyyətləri aşılamalıyıq. Bu mədəniyyətin aşılanması yollarından və vasitələrindən biri də mütaliədir. Təbii ki, müasir insan üçün son dərəcə zəruri olan bu bacarıqların formalaşdırılmasının ağırlıq mərkəzi daha çox məktəbin, təhsil müəssisələrinin üzərinə düşür. Təhsil islahatları dövründə bu məsələlərin müzakirəsi həmişə gündəmdə olub və yeni təhsil proqramlarının (kurikulumların) hazırlanmasında metodoloji əsas kimi nəzərə alınıb. İstər Nazirlər Kabinetinin təsdiq etdiyi milli səviyyəli səriştələrdə (kompetensiyalarda), istərsə də siniflər üzrə standartlarda şagirdlərin oxu və yazı bacarıqlarını inkişaf etdirməklə onu dəyərə (oxu mədəniyyətinə, yazı mədəniyyətinə) çevirmək başlıca hədəf kimi müəyyənləşdirilib. Azərbaycan dili fənni üzrə "Oxu" və "Yazı", ədəbiyyat fənni üzrə "Ədəbiyyat və həyat", "Şifahi nitq", "Yazılı nitq" məzmun xətləri üzrə qruplaşdırılmış standartların başlıca funksiyası, məhz oxu və yazı bacarıqlarının formalaşdırılmasına xidmət göstərməkdən ibarətdir. Əgər digər fənlərin təlimi prosesindəki oxu və yazı fəaliyyətləri və şagirdlərin özlərinin müstəqil mütaliəsi də buraya əlavə edilmiş olarsa, o zaman yalnız ümumi təhsildə oxu və yazı mədəniyyətlərinin formalaşması üçün xeyli əlavə imkanların yaradıldığı aydın görünər. Standartların reallaşdırılması, oradakı tələblərin yerinə yetirilməsi səviyyəsi müəllimin özünün tədris fəaliyyətini planlaşdırmasından, fəaliyyət kurikulumunu hazırlamasından çox asılıdır. O, buna nail olmaq üçün kurikulum və dərslik komplektini nəzərdən keçirməli, şagirdlərini standartların tələbinə uyğun inkişaf etdirmək üçün planlaşdırma aparmalı, oxu və yazı üzrə, o cümlədən mütaliə üçün zəruri hesab etdiyi müxtəlif üslublarda olan ədəbiyyatları müəyyənləşdirməlidir. * * * Asif CAHANGİROV, əməkdar müəllim, təhsil eksperti Mütaliənin əhəmiyyətini, vacibliyini daim mütaliə edənlər dərk edir və başa düşür. Bir çox gəncimizin, eləcə də, açığını deyək, sayı o qədər də az olmayan pedaqoji işçilərin bədii ədəbiyyata, müxtəlif növ elmi-kütləvi, elmi-pedaqoji kitablara maraq göstərməməsi məni həmişə narahat etmişdir. İstər müəllimlər, istər valideynlərlə görüşlərdə, istərsə də ictimaiyyət arasında vurğulamışam ki, mütaliə inkişaf, öz üzərində daim işləmək deməkdir və mütaliə edənlər öz erudisiyası, geniş bilik və mükəmməl kompetensiyaları, karyera inkişafı ilə həmişə ətrafdakılardan seçilir. Bəziləri düşünür ki, indiki kompüter, informasiya dövründə mütaliədən danışanda söhbət yalnız nəşr olunmuş kitablardan gedir. Əslində elektron vasitələri mütaliə üçün daha geniş imkanlar açmış, əlverişli şərait yaratmışdır. Sözsüz ki, məktəblilərimizin mütaliəyə şüurlu və sistemli şəkildə yanaşması üçün Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun dəstəyinə ehtiyac vardır. İlk növbədə, mövcud çap məhsulları və elektron resurslarının dərin təhlili aparılmaqla, müxtəlif yaş qrupları üzrə tövsiyə edilən ədəbiyyatın siyahısı hazırlanmalıdır. Məsələn, elektron resursları, bədii ədəbiyyatın əhəmiyyətliliyini nəzərə almaqla fənlər üzrə sinifdənxaric oxu üçün 250-300 kitab müəyyənləşdirib 2-3 illik proqram hazırlamaq olar. İnformasiyanın daim çoxaldığını nəzərə alsaq hər il üçün hər bir fənn üzrə 10-15 adda ən mühüm sayılan bədii, elmi-kütləvi ədəbiyyatı, mütəfəkkir və alimlərin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında olan kitabları, bioqrafik əsərləri seçib mütaliə üçün tövsiyə etmək məqsədəuyğun olardı. Yalnız mütaliə deyil, həmin prosesin məktəb rəhbərliyi və müəllimlər, eləcə də təhsili idarəetmə orqanları tərəfindən sistemli idarəolunmasının, onun monitorinqinin vacibliyini də vurğulamaq istərdim. Yəni, əgər biz məsələnin əhəmiyyətini dərk ediriksə, ona bir kampaniya kimi, formal yanaşılmamalıdır. Bunu, məsələn, hər bir əsər üzrə inşaların yazdırılması, diskussiyaların təşkil olunması, valideynlər də cəlb olunmaqla hansısa kütləvi tədbirlərin keçirilməsi və ya başqa şəkildə etmək olar. Bununla biz nə qazanırıq? İlk növbədə, şagirdlərdə oxu zövqünü formalaşdırmaqla bərabər özlərinin inkişafına marağı artırırıq. İkincisi, müxtəlif sahələrdə biliklərini dərinləşdiririk, tədqiqat fəaliyyətini yüksəldir və inkişaf etdiririk. Biz onlarda elə zövq formalaşdırırıq ki, sonralar özləri kitab seçərkən artıq müqayisələr aparmaq onlara asan olur. Məsələn, Nizamini, Şekspiri, Heminqueyi, Tolstoyu, Hüseyn Cavidi, Çingiz Aytmatovu oxuyan, onların əsərləri əsasında formalaşan gənc hansısa eybəcər və bayağı əsərləri artıq vərəqləməyəcək, ciddi məna kəsb etməyən elektron saytlarına daxil olmayacaq. Bu dahilərin əsərləri ilə tanış olan adam primitiv ədəbiyyatı oxumayacaqdır. Eyni zamanda biz internet resurslarından elm, bədii ədəbiyyat sahəsində saytları uşaqlara verəndən və onlar bu internet saytlarından istifadə edəndən sonra onların lüzumsuz saytlara meyli də azalacaqdır. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Ali məktəblərə 700 balla qəbul olmuş məzunlar harada çalışırlar?
Artıq bir neçə ildir ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar. Ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı 42 nəfərdir. 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə isə 9 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb. Həmin abituriyentlərdən bir çoxu hazırda təhsillərini davam etdirsə də, bəziləri artıq təhsillərini başa vurublar. Bəs, görəsən ali təhsil müəssisələrini bitirən həmin məzunlar hazırda nə işlə məşğuldurlar? Cəmiyyətdə öz layiqli yerlərini tutublarmı? Yəqin ki, təhsildə ən yüksək nəticə göstərməklə cəmiyyətin diqqətini özlərinə çəkməyi bacaran bu insanların indi hansı işlə məşğul olduqlarının hamı üçün maraq doğuracağını nəzərə alıb həmin şəxslərdən bir neçəsi ilə əlaqə saxladıq. Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Hazırda təhsilini davam etdirir. *** Rüfət Babayev 2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mancester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur. Almaniya və Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən birində doktorantura təhsili almağı qarşısına məqsəd qoyan Rüfət ixtisası üzrə mükəmməl bir mütəxəssis olmaq istəyir. *** Nurlan Əhmədov 2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub. 2012-ci ildə universiteti yaxşı qiymətlərlə bitirib. Sonra İngiltərənin Royal Hollovey Universitetinə daxil olsa da müəyyən səbəblərdən orada təhsil ala bilməyib. Lakin buna baxmayaraq ruhdan düşməyən Nurlan Qafqaz Universitetində biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. Hazırda Universal Az LLC şirkətində xarici təchizat və logistika üzrə mütəxəssis işləyir. *** Emil Əliyev 2008-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə səhhətiylə bağlı problemi olduğu üçün 2 il akademik məzuniyyət götürüb, ona görə də təhsil müddəti uzanıb. 2014-cü ildə ali məktəbi bitirən Emil hazırda hərbi xidmətə getmək üçün hazırlaşır. Vətənə xidməti borcunu verdikdən sonra Dövlət Qulluğuna keçirilən imtahanlara hazırlaşmağı qarşısına məqsəd qoyduğunu bildirir. Arzusu dövlət qulluqçusu olmaqdır. *** Fəridə Musayeva 2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçir. Bəli, araşdırmalarımızdan məlum oldu ki, istedadlı və çalışqan insanlar daim cəmiyyətdə öz layiqli yerlərini tuturlar. Biz də gənclərimizə gələcək həyatlarında uğurlar arzulayır, əmin olmaq istərdik ki, bu gənclərimiz ölkəmizin inkişafı naminə var gücləri ilə çalışacaq və istedadlarından maksimum dərəcədə istifadə edəcəklər. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Təhsildə uğur qazanan tələbə və şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib.
Sentyabrın 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2013-2014-cü tədris ilində təhsildə uğurlu nəticələr qazanan ali məktəb tələbələrinə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdü verilib. Bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, təhsildə uğur qazanan tələbə və şagirdləri təbrik edib. Dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində həmkarlar ittifaqı təşkilatlarının reallaşdırdıqları tədbirlərdən bəhs edən S. Mehbalıyev bildirib ki, rəhbərlik etdiyi Komitə tərəfindən gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatlarının yaxşılaşdırılması ilə bağlı işlər görülür. Qeyd edilib ki, hər il Komitə tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində bu işin təşkil ilə bağlı 55 min 500 manat vəsait ayrılıb. Diqqətə çatdırılıb ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü tələbələrin elmə, təhsilə marağını artırmaq məqsədi ilə 1995-ci ildə təsis edilib. İndiyədək 1700-dən artıq tələbə bu təqaüdə layiq görülüb. Təhsil nazirinin müavini Ceyhun Bayramov təhsildə fərqlənən tələbə və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb. Ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayan nazir müavini ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Yay imtahan sessiyasında uğurlu nəticələr qazanan və həmkarlar ittifaqı təşkilatlarının işində fəallıq göstərən 60 tələbəyə və Bakı şəhərinin məktəbliləri arasında keçirilmiş fənn olimpiadasının qalibi olan 20 şagirdə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim olunub. AzərTAc
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı