SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun 1, 2, 7 nömrəli və Cülyan kənd tam orta məktəblərin evdə fərdi təhsil alan şagirdləri ilə görüşüb.
Təhsil nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbulu ilə bağlı İsmayıllı şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşdə evdə fərdi təhsil alan şagirdlərin valideynləri, müəllimlər və distant təhsil üzrə mütəxəssislər də iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması məsələsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Təhsil Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan nazir İsmayıllı rayonunda məsafədən təhsil layihəsinin uğurla icra edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir qeyd edib ki, məsafədən təhsilin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və elektron resurslardan istifadə bacarıqlarını artırmaqdan ibarətdir. Distant təhsil üzrə mütəxəssis Maral Vəliyeva evdə təhsilin təşkili ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Valideyn Bayram Rzayev sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün evdə təhsilin təşkili istiqamətində Təhsil Nazirliyinin apardığı məqsədyönlü tədbirlərə görə minnətdarlığını bildirib.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır və nəzarətə götürülür.
08/07/2015 16:52
Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin rəhbərlərindən şikayət, tələbələrin təqaüdü, xaricdə təhsil və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 54 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmr imzalayıb.
Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları”, “Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu” və digər müvafiq sənədlər təsdiq edilib. “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Aprelin 22-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti arasında “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Coca-Cola şirkətinin meneceri Qabil Əhmədov, MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Azərbaycanda olimpiya hərəkatı və onun inkişaf tarixindən, təqdim olunan proqramın sağlam və fəal həyat tərzininin təbliğindəki əhəmiyyətli rolundan danışıb. Vitse-prezident bu kimi sosial idman layihələrinin geniş əhali kütləsinin 2014-cü və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına diqqətinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Vitse-prezident Təhsil Nazirliyinin bədən tərbiyəsi və idmanın inkişafı, o cümlədən olimpiya hərəkatının genişlənməsi sahəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və təhsil sahəsində idmanın inkişafı üçün son zamanlar həyata keçirilən təşəbbüsləri alqışladığını bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulunun təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında, təhsilalanların sağlamlığının mühafizəsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi zərurətə çevrilib. Ceyhun Bayramov qeyd edib ki, 2014-cü ildə şagird və tələbələr arasında müxtəlif idman növləri üzrə 16 respublika yarışı keçirilib. Həmin yarışlarda 5 min nəfərdən çox şagird və tələbə iştirak edib. “Fəal Ailəm, Sağlam Aləm” proqramının da bu kimi vacib vəzifələrə xidmət etdiyini vurğulayan nazir müavini onun icrasının uğurla yerinə yetirilməsindən məmnunluğunu bildirib. Coca-Cola şirkətinin meneceri Qabil Əhmədov çıxışında şirkətin Olimpiya Oyunlarının əsas ümumdünya tərəfdaşı kimi fəaliyyətindən, müvafiq sahədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə olan uğurlu əməkdaşlığından danışıb. “Fəal Ailəm, Sağlam Aləm” proqramının 2013-cü ildəki fəaliyyətinin uğurlu nəticəsindən məmnunluğunu söyləyən meneceri, Təhsil Nazirliyinin proqramın rəsmi tərəfdaşı olmağa razılıq verməsini növbəti uğurun zəmanəti kimi səciyyələndirib. “Fəal Ailəm, Sağlam Aləm” proqramının 2014-cü il üçün seçilmiş yeni milli olimpiya səfiri, əməkdar artist Tünzalə Ağayeva çıxışında ailələri bu proqramın icrasında fəal iştirak etməyə çağırıb. Qeyd edək ki, olimpiya çempionu Fərid Mansurov da milli olimpiya səfiri kimi 2013-cü ildən fəaliyyət göstərir və bu ictimai vəzifəsini 2014-cü ildə də davam etdirəcəyinə razılıq verib. Rəsmi çıxışlardan sonra “Fəal Ailəm, Sağlam Aləm” proqramı çərçivəsində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Coca-Cola şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
08/07/2015 16:52
Əlavə 1 «Nə? Harada? Nə zaman?» oyunu üzrə 2014-cü ilin regional məktəb çempionatının Respublika Təşkilat Komitəsinin tərkibi 1. Ceyhun Bayramov Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr 2. Balaş Qasımov Azərbaycan İntellektual Klublar Assosiasiyasının prezidenti 3. Hüseyn Əliyev Azərbaycan Respublikası təhsil nazirinin müşaviri, Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir əvəzi; 4. Aydın Əhmədov Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri 5. Vasif Məmmədov Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini 6. Nailə Rzaquliyeva Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri 7. Elnur Əlizadə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi 8. Hüseyn Məmmədyarov Naxçıvan Şəhər Təhsil İdarəsinin müdiri 9. Zakir Hüseynov Gəncə Şəhər Təhsil İdarəsinin müdiri 10 Paşa Nəbiyev Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri 11. Vaqif Ələkbərov Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdir əvəzi 12. Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri 13 Məcid Şıxlinski Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri 14. Şəhanə Əhmədova Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri 15. Loğman Müslimov Quba Rayon Təhsil Şöbəsinin müdir əvəzi 16. Ramiz Əmirov İmişli Rayon Təhsil Şöbəsinin müdiri 17. Asif Nəbiyev Göyçay Raon Təhsil Şöbəsinin müdiri 18. Habil Qurbanov Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri
08/07/2015 16:52
Aprelin 24-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri və Tətbiqi Sənət Salonunda “Hollandiya – güllər ölkəsinə səyahət” mövzusunda keçirilən rəsm sərgisinə yekun vurulub.
Azərbaycanda Hollandiya günləri çərçivəsində təşkil olunan sərgidə Bakı şəhər məktəblilərinin ümumilikdə, 300-ə yaxın rəsm işi nümayiş etdirilib. Tədbirdə Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielse, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Holland rəssamlarının da iştirak etdiyi yekun mərasimində məktəblilərə Niderland Krallığının ölkəmizdəki səfirliyinin sertifikatı və xatirə hədiyyələri təqdim olunub. Rəsm işləri arasında ən yaxşı 3 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılıb. Xüsusi qabiliyyəti ilə seçilən şagirdlərə isə holland rəssamları tərəfindən ustad dərsləri keçiriləcəkdir. Qeyd edək ki, sərgidə seçilmiş 26 rəsm işi “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunda təşkil olunacaq “Avrokənd” mədəni-kütləvi tədbirində nümayiş olunacaqdır.
08/07/2015 16:52
"Ən böyük arzum xaricdə təhsil almaq idi"
Birləşmiş Krallığın Queens Universitetində təhsil alan Fəridə Əsədullayeva ilə söhbət Fəridə Alim qızı Əsədullayeva 1989-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Mehman və Müşfiq Nəbiyev qardaşları adına 51 nömrəli tam orta məktəbdə alıb. 2007-ci ildə 645 balla Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub. Bakalavr pilləsində oxuduğu dövrdə müxtəlif kurslarda xarici dili yüksək səviyyədə mənimsəyib. 2011-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra ADİU-nun beynəlxaq iqtisadi münasibətlər fakültəsində xüsusi istedadlar qrupu (XİQ) bölməsi üzrə ingilis dilində magistr təhsilini davam etdirib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş Krallığın Belfast şəhərindəki Queens Universitetində mühasibat uçotu və maliyyə işi ixtisası üzrə ikinci magistr təhsili alır. Artıq ilk semestr imtahanlarını uğurla vermiş Fəridə ilə söhbətimizə orta məktəb illərindən başladıq: - Orta məktəb illərində bütün fənlərdən əla qiymətlərlə oxumuşam. Dərslərimlə yanaşı, məktəbin bir sıra ictimai tədbirlərində də fəal iştirak etmişəm. Təhsil dövründə rayon və şəhər üzrə keçirilən müxtəlif fənn olimpiadalarında iştirak edərək dəfələrlə birincilik qazanmışam. Orta məktəb illərində ən böyük arzum xaricdə təhsil almaq idi. - 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb? Proqrama qəbul olunmağınız barədə xəbəri necə qarşıladınız? - Deyə bilərəm ki, tələbələrin seçim prosesi yüksək obyektivlik şəraitində, şəffaf keçdi. Müsahibə mərhələsinin əvvəlki illərə nisbətən daha təkmilləşdirilmiş formada aparılması, tələbələrin çoxsaylı sual və müraciətlərinə Təhsil Nazirliyinin nümayəndələri tərəfindən təmkinlə yanaşılmasını xüsusi qeyd edərək seçim prosesini çox müsbət qiymətləndirirəm. Mənim fikrimcə, əgər göstəriciləriniz müsabiqə şərtlərinə kifayət qədər uyğundursa və müsahibə zamanı öz maraq və hədəflərinizi düzgün şəkildə ifadə edə bilirsinizsə, onda prosesin nəticələri ilə bağlı hər hansı narahatçılıq keçirmək üçün heç bir əsas yoxdur. Müsabiqənin sonuncu mərhələsindən sonra istər-istəməz insanda proseslə bağlı müsbət fikir formalaşır. 2013-cü il sentyabrın 13-də "Azərbaycan müəllimi" qəzetində Dövlət Proqramına qəbul olunmuş tələbələrin siyahısında öz adımı görəndə sevincimin hədd-hüdudu yox idi. Əlbəttə ki, ailəmizin, eləcə də mənə dərs demiş müəllimlərimin də sevinci böyük idi. Bu xoşbəxtliyə görə mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Təhsil Nazirliyinə, müəllimlərimə və valideynlərimə minnətdaram. - Artıq bir müddətdir ki, vətəndən uzaqdasınız. Birləşmiş Krallıqdan baxdıqda təhsilimizin vəziyyətini necə görürsünüz? - Birləşmiş Krallığın təhsil sistemi ən son texnologiya və avadanlıqlarla təmin olunub. Hər iki ölkənin təhsil sistemlərinin müqayisəsini aparmaq mənim üçün bir az çətindir. Lakin son illərdə Azərbaycanın təhsil sistemində Avropaya inteqrasiya yolunda bir sıra ciddi islahatlar həyata keçirilir, keyfiyyət dəyişiklikləri baş verir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" kimi proqramlar, eləcə də Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bir çox yeniliklər, Avropanın müxtəlif təhsil müəssisələri ilə aparılan tələbə mübadiləsi və sıx əməkdaşlıq sayəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində uğurlu addımlar atılmaqdadır. - Bir qədər oxuduğunuz ali məktəb və seçdiyiniz ixtisas barədə... - Universitet seçimi ərəfəsində çox qərarsız olmağıma və çətinliklərlə üzləşməyimə baxmayaraq indi düşünürəm ki, verdiyim ən düzgün qərarlardan biri elə məhz bu universitetdə təhsil almağımdır. Təhsil aldığım Queens Universitetinin əsası 1845-ci ildə qoyulub. Ali məktəb seçdiyim ixtisas, yəni mühasibat uçotu və maliyyə üzrə Birləşmiş Krallığın ən qabaqcıl universitetlərindən biridir. Universitet "QS World Rankgins" jurnalının 2013-cü il dünya reytinq cədvəli üzrə ilk sıralarda yer alıb. Həmçinin dünya üzrə ən çox beynəlxalq tələbəsi olan ilk 100 universitet sırasında 23-cü yerdədir. Məhz buna görə şəhərdə gəzərkən bəlkə də yerli əhalidən daha çox başqa millətlərin nümayəndələrinə rast gəlmək olur. Öz sahəsində kifayət qədər yüksək biliyə və təcrübəyə malik professorlar tələbələri müvafiq iş imkanlarından yararlanmaq üçün məlumatlandırır və onlar üçün hər cür şərait yaratmağa səy göstərirlər. Seçdiyim ixtisasa gəldikdə, deməliyəm ki, mühasibat uçotu və maliyyə ixtisasını müvəffəqiyyətlə bitirməyim mənə beynəlxalq səviyyəli ACCA mühasibatlıq imtahanlarının ilk fundamental səviyyələrindən ("F1"-"F4") və "P4" imtahanından avtomatik azad olma şansı verir. - Universitetdə imtahan sessiyası necə təşkil olunur? - Universitetdə imtahanlar ildə iki dəfə, məsələn, magistratura pilləsində yanvar və aprel (may) ayları təşkil olunur. İmtahan sessiyasının başlanmasından xeyli əvvəl imtahanın keçiriləcəyi yer və vaxtı universitetin saytında elan olunur ki, bu da öz növbəsində tələbələrin öz vaxtlarını səmərəli bölüşdürməsi və planlaşdırması məqsədi daşıyır. İmtahan prosesinin gedişinə anonimlik məqsədilə tamamilə fərqli sahə üzrə təcrübəyə malik şəxslərdən ibarət qrup nəzarət edir. İmtahan kodlaşdırılma vasitəsilə həyata keçirilir. Bu kod vasitəsilə hər bir tələbə öz imtahan nəticələrini öyrənə bilir. Həmçinin keçmiş imtahan suallarının və bəzən də cavablarının onlayn əldə edilməsinin mümkünlüyü də imtahana hazırlaşma prosesini müəyyən qədər rahatlaşdırır. - Birləşmiş Krallığın ali təhsil sistemində hansı maraqlı məqamları qeyd edə bilərsiniz? - Təhsil aldığım bu bir il ərzində Britaniya ali təhsil sisteminin bir sıra üstünlükləri ilə tanış oldum. İlk növbədə, qeyd etmək istərdim ki, professorlar və tələbələr arasında müəyyən hüdud çərçivəsində çox gözəl dialoq mövcuddur. İstər professorlar, istər universitetin digər heyəti hər bir tələbənin fikir və təkliflərini nəzərə almağa çalışır ki, bu da sağlam qarşılıqlı münasibətin təməlini qoyur. Bununla yanaşı, öyrəndiklərinin real hadisələr üzərində tətbiq etmə imkanının yaradılması və təhsil sisteminin əsasən akademik esse üzərində qurulması tələbələrin analiz etmə bacarıqlarını daha da təkmilləşdirir. Bundan başqa, təqdimat işlərinə və kiçik qruplarla layihə işlərinə üstünlük verilməsi bizim həm akademik, həm də sosial cəhətdən inkişafımızı təmin edir. - Tələbə həyatınız necə keçir? - Tələbə həyatım kifayət qədər maraqlı keçir. Bəzən isə maraqlı olduğu qədər gərgin və yorucu olur. Çox zaman, xüsusən də sessiya müddəti ərzində günümüzün əksər hissəsini kitabxanada keçirməli oluruq. Onu da etiraf etməliyəm ki, qrupda demək olar ki, hər kəsin daha çox çalışmağa və öyrənməyə can atması biz tələbələrdə istər-istəməz məsuliyyət hissi yaradır. Asudə vaxtımı da maksimum dərəcədə səmərəli keçirməyə çalışıram. Boş vaxtlarımızda bəzən yaxın dostlarımızla bir araya gəlib qonaqlıq təşkil edir, kinoteatra və ya muzeylərə baş çəkir, müxtəlif şəhərdaxili və ya şəhərətrafı məkanları gəzirik. Daha çox musiqiyə qulaq asmağa, kitab oxumağa və ya təmiz havada gəzməyə üstünlük verirəm. Həmçinin idmanla məşğul olmağı sevirəm. - Yaşadığınız şəhər haqqında nə deyə bilərsiniz? - Təhsil aldığım universitet Şimali İrlandiyanın paytaxtı sayılan Belfast şəhərində yerləşir. İnsanlarının istiqanlılığı və öz yaşıllığı ilə hər kəsi valeh edən Belfast Birləşmiş Krallığın ən təhlükəsiz və sakit şəhərlərindən biri sayılır. Xüsusən də, əgər tələbəsənsə, o zaman yaşayış üçün bura ən ucuz şəhərlərdən biridir. Təbiətlə şəhər həyatının tam harmoniyasını təcəssüm etdirən Belfast nisbətən soyuq olmasına baxmayaraq insanlarının xoş davranış və mülayimliliyi ilə hamını isidir. Bununla belə, şəhərin kiçik və komfortlu olması paytaxtın istənilən vacib nöqtəsinə qısa müddət ərzində çatmağa, biz tələbələrə vaxt itkisinə yol verməməyə kömək edir. - Azərbaycan diasporası ilə əlaqələriniz varmı? - Əlbəttə ki, burada təhsil alan digər azərbaycanlı tələbələrlə birlikdə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. İstər tariximizi, ölkəmizlə bağlı həqiqətləri, istərsə də milli mətbəximizi, bayramlarımızı həm yerli, həm də digər ölkələrdən olan tələbələrə çatdırmaq üçün əlimizdən gələni edir, müxtəlif tədbirlər keçiririk. - İrlandiyalıların ölkəmizə, mədəniyyətimizə münasibəti barədə nə deyə bilərsiniz? - Azərbaycan kiçik və nisbətən yeni müstəqillik əldə etmiş bir ölkə olmasına baxmayaraq müşahidə edirəm ki, irlandiyalılar ölkəmiz haqda daha çox məlumat əldə etməyə, mədəniyyətimizlə daha yaxından tanış olmağa can atırlar. Təbii olaraq biz də istər adət-ənələrimizin, istərsə də tarixi gerçəkliklərimizin dünyaya çatdırılması istiqamətində bacardığımızı əsirgəmirik. Hətta bu il Bakıda Novruz bayramı ilə əlaqədar keçirilən beynəlxalq festivalda Şimali İrlandiyadan bir neçə tələbə iştirak etdi ki, bu da ölkəmizə, mədəniyyətimizə olan marağı göstərir. - Gələcək planlarınız? - Gələcək planlarıma gəldikdə isə ilk növbədə buradakı təhsilimi müvəffəqiyyətlə başa çatdırıb vətənə qayıtmaq və əldə etdiyim bu uğurlu təcrübəni karyera həyatımda tətbiq etməyə çalışıb uğurla irəliləməkdir. - Biz də sizə təhsilinizdə uğurlar arzulayırıq. Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
08/07/2015 16:52
Futzal üzrə UEFA kubokunun final mərhələsində iştirak etmək üçün Bakıya səfər edən komandaların məşqçi və futbolçu heyətinin məktəblilərlə görüşləri keçirilib.
İspaniyanın "Barselona" klubunun təmsilçiləri "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində, Rusiyanın "Dinamo" klubunun üzvləri Keşlə qəsəbəsindəki 201 saylı orta məktəbdə, təmsilçimiz "Araz" komandasının üzvləri Xətai rayonundakı 269 saylı orta məktəbdə, Qazaxıstanın “Kayrat” komandasının oyunçuları 189 saylı orta məktəbdə olublar. Şagirdlərlə görüşən futbolçular onlara avtoqraf veriblər, topla davranış bacarıqlarını nümayiş etdiriblər, həvəskar oyunçulara ustad dərsi keçiblər. AFFA-nın təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən bu görüşlərdə məqsəd futzalın kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsindən ibarətdir.
08/07/2015 16:52
Lisey və gimnaziyalarda istiqamət (təmayül) üzrə təhsil özünü doğruldurmu?
Ali məktəblərə qəbul imtahanlarının və beynəlxalq olimpiadaların nəticələrinin təhlili nələri üzə çıxardı? Ümumi təhsil sistemində təlimin təmayüllər üzrə təşkili müxtəlif fənlər üzrə xüsusi istedad və qabiliyyətə malik uşaqların daha da inkişaf etdirilməsi, onlara seçilmiş istiqamətlər üzrə dərin biliklərin verilməsi məqsədinə xidmət edir. Təmayül fənləri üzrə dərinləşdirilmiş proqramlarla tədrisin aparıldığı belə təhsil ocaqları adi ümumtəhsil məktəblərindən bir sıra üstünlüklərə malikdir. Belə ki, təmayüllü lisey və gimnaziyalara şagirdlər xüsusi seçim prosedurları vasitəsi ilə qəbul olunur, onların maddi-texniki bazası daha yüksəkdir, təmayül fənlərinin tədrisinə çox vaxt (saat) ayrılır. Eyni zamanda belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur. Təbii ki, bu üstünlüklərinə görə cəmiyyətin təmayüllü məktəblərdən gözləntiləri də çoxdur. Onların məzunları daha hazırlıqlı, seçilmiş təmayül fənləri üzrə yüksək bilikli olmalıdırlar. Bəs, görəsən, bizim lisey və gimnaziyalarda vəziyyət necədir? Onlar öz profillərini doğrulda bilirlərmi? Suallarımıza cavab tapmaq üçün son 5 ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının həyata keçirdiyi qəbul kampaniyalarının və beynəlxalq fənn olimpiadalarının nəticələri ilə bağlı açıqlanmış rəsmi statistik təhlillər əsasında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan iki lisey və bir gimnaziya üzrə araşdırma apardıq. Fizika, riyaziyyat, informatika, yoxsa coğrafiya, ingilis dili təmayüllü lisey?! Araşdırmalarımızdan məlum oldu ki, fizika, riyaziyyat, informatika təmayüllü liseydə vəziyyət xüsusilə acınacaqlıdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə apardığı və bu qurumun İnternet saytında da yerləşdirilmiş statistik təhlilə əsasən demək olar ki, son 5 ildə liseyin məzunları bilavasitə təmayül fənləri hesab olunan fizika və riyaziyyatdan heç də yüksək nəticələr göstərməyiblər. Əksinə olaraq, onların digər fənlərdən, xüsusən də coğrafiya və ingilis dilindən nəticələri daha yüksək olub. Fikrimizin sübutu üçün qəbul kampaniyasının nəticələri ilə bağlı bu liseyin məzunlarının imtahan fənlərindən cavablarını əks etdirən cədvəllərə nəzər salmaq kifayətdir. Məzunların ayrı-ayrı fənlər üzrə bilik səviyyələrini xarakterizə edən və onların sayını, liseyin ortastatistik məzununun verdiyi düzgün cavablarının faizi və cari qəbul kampaniyasında liseyin fənlər üzrə reytinqi haqqında məlumatı özündə əks etdirən həmin cədvəllərdən aydın olur ki, liseyin 2009-cu il məzunları ən yaxşı nəticələri coğrafiya fənnindən göstəriblər: bu fəndən ortastatistik məzun test tapşırığının 63,42 faizinə düzgün cavab verib. Liseyin əsas profil fənni olan riyaziyyat və fizikadan isə göstəricilər müvafiq olaraq 51,24 və 52,04 faiz olub. 2010-cu və 2011-ci illərdə də liseyin məzunları analoji olaraq, ən yaxşı nəticələri coğrafiya fənnindən göstərmişlər. 2012-ci ilin qəbul kampaniyasında məzunların ən yüksək nəticələr göstərdikləri fənn dəyişsə də (ingilis dili - 64,14%), əsas profil fənlər olan riyaziyyat və fizika üzrə göstəricilər əvvəlki ildəkindən xeyli azalaraq müvafiq şəkildə 50,14 və 46,34 % olub. 2013-cü ilin qəbul kampaniyasını isə məzunlarının qəbul imtahanlarında əldə etdikləri nəticələrə görə bu liseyin tarixində bəlkə də, ən uğursuz il hesab etmək olar. Belə ki, ötənilki qəbul imtahanlarında liseyin məzunlarının ən pis nəticələri riyaziyyat fənni üzrə qeydə alınıb (45,55%). Fizika üzrə göstərici də son 5 ilin ən aşağı göstəricilərindən olub (47,75%). Məzunların ən yüksək nəticələri isə yenə də, qeyri-ixtisas fənni olan ingilis dili fənnindən olub. Bu göstəriciləri nəzərə alsaq, lisey fizika-riyaziyyatdan daha çox coğrafiya, ingilis dili təmayüllü lisey təsiri bağışlayır. Bəlkə, ana dili, biologiya və coğrafiya təmayüllü lisey? Təhsil Nazirliyinin tabeliyindəki kimya və biologiya təmayüllü liseyin analoji göstəricilərinə nəzər saldıqda isə bir qədər fərqli mənzərənin şahidi olduq. Belə ki, araşdırma apardığımız 5 illik müddətin son 3 ilində (2011-2013-cü illər) liseyin məzunlarının biologiya fənni üzrə nəticələri qənaətbəxş olsa da, onlar kimya fənnindən olduqca aşağı nəticələr göstəriblər. 2009 və 2010-cu illərdə isə lisey məzunlarının ən yaxşı nəticələri coğrafiya və ana dili fənlərindən olub. Lakin burada da düşündürücü məqam var. Axı bu lisey, adından göründüyü kimi, həm də kimya təmayüllüdür. Liseyin son 5 ildəki nəticələrinə nəzər salsaq görərik ki, məzunlar kimya fənnindən, konkret desək, heç bir nailiyyət əldə edə bilməyiblər. Ötən il isə liseyin məzunları kimya fənni üzrə 50,79 faiz nəticə göstəriblər. Hətta bu nəticə müəssisənin profilindən uzaq olan bir fəndən - ana dilindən (51,42 faiz) də aşağı olub. Məncə, bu məsələ üzərində də düşünmək lazımdır. Coğrafiya yenə də birincidir Araşdırmaya cəlb etdiyimiz üçüncü təhsil ocağının - Təhsil Nazirliyinin tabeliyindəki S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın müvafiq göstəriciləri də bizi məyus etdi. Belə ki, gimnaziyanın məzunları son 5 ildə qəbul imtahanlarında profil fənni üzrə yalnız bir dəfə ən yaxşı nəticə göstəriblər: 2012-ci ildə ortastatistik məzun ingilis dili fənni üzrə test tapşırığının 61,83%-nə düzgün cavab verib. Qalan illərdə isə məzunlar ən yaxşı nəticələri iki dəfə ana dilindən və hərəsi bir dəfə olmaqla tarix və coğrafiya fənlərindən göstəriblər. Hər üç müəssisənin imtahan nəticələrinin təhlili göstərir ki, bu məktəblərin məzunlarının qəbul imtahanlarında təmayül fənlərindən orta göstəriciləri hətta nadir hallarda belə 70 faizə çatıb. Son 5 ilin statistikasına baxsaq, bu göstəriciləri ölkənin ucqar bölgələrində yerləşən, lazımi təhsil şəraiti olmayan yüzlərlə adi məktəbin nəticələrində də görə bilərik. Bəs onda bu fənn təmayüllü liseylər nə üçündür? Beynəlxalq olimpiadaların nəticələrinin təhlili daha acınacaqlıdır Hər üç tədris ocağının fənn olimpiadaları üzrə nəticələri ilə də maraqlandıq. Beynəlxalq fənn olimpiadalarının obyektivliyinə heç kimin şübhə etmədiyini əsas götürüb son 5 ildəki nəticələri nəzərdən keçirdik. Təhsil Nazirliyinin rəsmi saytından əldə etdiyimiz məlumatdan aydın oldu ki, burada da nəticələr acınacaqlıdır. Belə ki, "istedadlarla" işləyən, öz profilləri üzrə ən istedadlı şagirdləri seçib götürən və bu istedadları daha da "inkişaf" etdirən hər üç təhsil ocağı üzrə bir şagirdin belə adı beynəlxalq olimpiadaların qalibləri sırasında yoxdur. Nəticələrə baxdıqca bizdə maraq doğuran suallar yarandı. Əgər Sumqayıtda yerləşən adi bir məktəbin (22 nömrəli məktəbin) 2 şagirdi beynəlxalq olimpiadanın qalibi olursa, onda istedadlarla işləyən bu lisey və gimnaziyaların heç bir yetirməsinin bu mühüm yarışlarda nəticə əldə edə bilməməsini necə qiymətləndirmək olar? Əgər ölkənin təhsil infrastrukturunun paytaxtla müqayisədə aşağı olduğu Lənkəran, Quba, Şəki kimi bölgələrindəki məktəblərdən son 5 ildə beynəlxalq olimpiadaların 20-yə yaxın qalibi olursa, ölkənin mərkəzində, hər cür maddi-texniki avadanlıqlarla təchiz olunmuş təmayüllü məktəblərin bu istiqamətdə fəaliyyətsizliyini nə ilə izah etmək olar? Nəzərə alsaq ki, təhlil kifayət qədər böyük müddət (son 5 il) üzrə aparılıb və bu müddət ərzində lisey və gimnaziyalarda təmayül fənlərindən göstəricilər yüksək olmayıb, onda onların profili üzərində düşünməyə əsas yaranır. Əlbəttə, bu nəticələr hər birimizi məyus edir. Xüsusilə də, övladlarını fizika, riyaziyyat, kimya, biologiya və xarici dil fənləri üzrə yetişdirmək istəyi ilə bu təhsil müəssisələrinə üz tutacaq valideynləri. Amma yəqin ki, mütəxəssislər bu barədə düşünməli, müəyyən tədqiqat, təhlillər aparmalı, bunun əsil səbəblərini aydınlaşdırmalıdırlar. Bu gün Təhsil Nazirliyinin ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə genişmiqyaslı iş apardığı, keyfiyyətə ciddi nəzarət olunduğu bir dövrdə təhsil müəssisələri öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməli, yüksək təlim nəticələri əldə etməlidirlər. Riyaziyyat, fizika, informatika, kimya, biologiya fənləri üzrə beynəlxalq olimpiadalara, bilik yarışlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərməli olan bu liseylərin hazırkı durumu və nəticələri isə yalnız təəssüf doğurur. Yəqin ki, təhsilimizin inkişafı ilə bağlı Təhsil Nazirliyinin atdığı sərt və cəsarətli addımlar bu müəssisələrə rəhbərlik edənləri də qəflət yuxusundan ayıldacaq. Axı dövlət bu müəssisələrdə istedadlı uşaqların inkişafı üçün hər il milyonlarla vəsait xərcləyir! Yusif ƏLİYEV, "Azərbaycan müəllimi"
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı