SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 10-da məktəblilərin 2014-cü ildə keçirilmiş respublika fənn olimpiadalarının nəticələri elan edilib.
08/07/2015 16:52
Aprelin 11-də təhsil naziri Mikayıl Cabbarov Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan kreditə dair razılaşma” və “Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üçün Kredit Sazişi” imzalanıb. Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanması və qeyri-neft sektorunun inkişafına dəstək vermək məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək səviyyəli peşəkar hazırlığın və iş imkanlarının yaradılmasını, yoxsulluğun azaldılmasına dair siyasətə dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi qüvvəsindən asılılığının azaldılmasını, həmçinin, xırda və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin etməkdən ibarətdir. Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir. Müasir peşə təhsili sisteminin yaradılmasına təkan verərəcək layihə çərçivəsində elektrik mühəndislyi, mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması, elektrik enerjisi, elektronika, avtomobil və inşaat sahələri üzrə kadrlar hazırlanacaqdır. Mərkəzdə 8 ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana, mühazirə və ümumi iclas zalları inşa olunacaqdır. Bakı şəhərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrindən birinin bazasında yaradılacaq məkrəzdə 800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər. Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin tikintisində, təchizatında, idarəolunmasında, eləcə də mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin hazırlanmasında iştirak edəcəklər.
08/07/2015 16:52
Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması
Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul proseduralarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər.
08/07/2015 16:52
Aprelin 12-də akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Builki inşa yazı müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin 26 fevral 2014-cü il tarixli, 229 nömrəli əmrinə müvafiq olaraq keçirilir. Müsabiqənin təşkilatçıları Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Respublika mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq. Onların inşa yazıları isə kitab şəklində çap ediləcək. Qeyd edək ki, müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşdırılıb. İnşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib. Respublika mərhələsi iştirakçılarının ümumi sayı 121 nəfərdir. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə-ixtisas təhsili müəssisələrini 15 nəfər, orta ixtisas məktəblərini isə 10 nəfər təmsil edir.
08/07/2015 16:52
İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşların nəzərinə!
21 aprel 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 17 və 18 aprel 2014-cü il tarixlərində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarovun çıxışı
- Hörmətli cənab Prezident! Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi tərəfindən ötən il 177 təhsil obyektində cari təmir işləri aparılmış, 370 fizika, kimya və biologiya laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər alınmışdır. Son bir il müddətində Təhsil Nazirliyi üzrə aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri avadanlığın alınması mümkün olmuşdur. İki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 18 şagirdə bir kompyuter nisbəti təmin olunmuş, məktəblərin 39 faizi internet şəbəkəsinə qoşulmuşdur. Təhsilin infrastrukturu ilə bağlı məsələlərin əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin artırılması, təhsilin məzmununun yenilənməsi, müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir. Şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil sistemində baş verir. Bu mənada Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın yeni təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin qısa müddət ərzində uğurla icra olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də mövcud problemlərin aradan qaldırılmasına əminik. Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, bu sahədə özəl sektorun payının artırılması da vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin 10 il müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilməsi özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə əhatə faizini artırmağa imkan yaradır. Ötən ildə nazirlik tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının səriştə baxımından gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat almışdır. Bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açdı. Hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir. Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanuna zidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaqdır. Əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Belə ki, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır. Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci və üçüncü yer tutan dərslik müəlliflərinə pul mükafatının verilməsini nəzərdə tutmuşuq. Yeni atılmış addımlardan biri də məktəb direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə təlimlərinə cəlbolunmasıdır. Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması cəhdləribaş verir. Bu isə məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə gətirib çıxarır. Göstərilən halların qarşısının alınması üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində təxirəsalınmaz və təcili tədbirlərin görülməsini həyata keçiririk. Son 25 ildə ilkdəfə olaraq peşə məktəbləri üçün 11 təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası sifariş olunmuş, habelə internatvə idman məktəbləri üçün yeni avtobuslar alınmışdır. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması üçün yerli və xarici tərəfdaşlarla birlikdə peşə təhsili sahəsində yeni layihələrin icrasına başlanmışdır. İki gün bundan əvvəl “Sənaye ili” çərçivəsində Koreya Hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, elektronika, avtomobil və inşaat sahələri üçün kadr hazırlayacaq Peşə Tədris Mərkəzinin yaradılması barədə saziş imzalanmışdır. Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın tanınmış universitetlərində ali təhsil almağa göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə təhsil hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənəni dövlətimizin başçısının davam etdirməsini xalqımızın gələcəyi üçün yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir. Bu gün Proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində iş gedir. Burada prioritet yalnız azərbaycanlı tələbələrin xarici universitetlərə göndərilməsi deyil, göstərişinizə uyğun olaraq, həmçinin xarici mütəxəssislərin elmi-pedaqoji kadrların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə çalışan elmi- pedaqoji kadrlarımız haqqında məlumat bazasının yaradılmasına başlanmışdır. Bugünkü dünya rəqabət dünyasıdır. Uşaqlarımızın gələcək rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən digər ölkədə böyüyürlər. Deməli bizim təhsil sistemimiz çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil alanların vətənində öz potensialını tam realizə etməsi və bununla ölkənin inkişafına töhfə verə bilməsini təmin edən təhsil sisteminin və təhsil mühitinin yaradılması vəzifəsini qarşımızda qoyur. Ali təhsil müəssisələrinin müasirləşdirilməsi istiqamətində bir sıra islahatların aparılması zəruridir. Ali məktəblərin nizamnamələri yenidən işlənməli, rektorların və digər idarəetmə strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin olunması baxımından irəli atılmış addım olacaq, digər tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən başlayaraq ali təhsil müəssisələri üzrə “sabah qrupları”nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına ali təhsildə pilot layihə kimi tələbə qrantları və kreditləri sisteminin işə salınmasını planlaşdırır. Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət proqramı hazırlanacaqdır. Möhtərəm cənab prezident! Təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilmişdir. Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilmişdir. Nəticədə aparılan statistika göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır. Bundan çıxış edərək bildirirəm ki, təhsil məsələlərində baş verən mənfi hallara qarşı Sizin tapşırığınıza əsasən Təhsil Nazirliyinin mövqeyi gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcəkdir. Möhtərəm cənab Prezident! Sizi əmin etmək istərdim ki, ölkəmizin tərəqqisi və davamlı inkişafı naminə həyata keçirdiyiniz strateji kurs respublikanın çoxmilli təhsil kollektivi tərəfindən dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir.
08/07/2015 16:52
Aprelin 16-da Təhsil Nazirliyi tərəfindən internat və idman məktəblərinə verilmiş avtobusların və ümumtəhsil məktəblərində müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş əmək kabinetlərinin təqdimat mərasimləri keçirilib.
Bununla əlaqədar olaraq, 11 nömrəli internat və 26 nömrəli tam orta məktəblərə çoxsaylı KİV nümayəndələrinin mediaturu təşkil olunub. Təqdimat mərasimlərində Təhsil Nazirliyinin nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər. İlk öncə 11 nömrəli internat məktəbdə Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınmış 7 ədəd “Hyundai County” nəqliyyat vasitəsi təqdim olunub. Nəzərə çatdırılıb ki, bu nəqliyyat vasitələrinin internat və idman məktəbləri şagirdlərinin ekskursiyaları, sərgi salonlarına və digər təhsil müəssisələrinə səfərləri zamanı istifadə olunması nəzərdə tutulub. Sonra 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınmış avadanlıqların təqdimat mərasimi keçirilib. İnternat və ümumtəhsil məktəbləri şagirdlərinin əmək kabinetlərində təşkil olunmuş inteqrativ dərsləri izlənilib. Həmçinin, qonaqlar şagirdlərin əmək kabinetlərində quraşdırılmış müasir avadanlıqlarla işləmək vərdişləri və yeni kabinetlərdəki dərs prosesi ilə yaxından tanış olublar. Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin maddi-texniki təchizatının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub. Ötən il 370 fizika, kimya və biologiya laboratoriyası müasir avadanlıqla təchiz edilib. Həmçinin, son 25 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili verilib və 37 kənd təsərrüfatı texnikası sifariş edilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
08/07/2015 16:52
Aprelin 18-də Bakı şəhərindəki 233 nömrəli tam orta məktəbdə biologiya fənni üzrə laboratoriyanın açılış mərasimi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Neft Şirkətinin nümayəndələri, Schlumberger şirkətinin təmsilçiləri, müəllimlər və valideynlər iştirak ediblər. Nəzərə çatdırılıb ki, məktəbin biologiya kabineti xüsusi laboratoriya cihazları və kompüter avadanlıqları ilə təchiz olunub. Sonra qonaqlar təhsil müəssisəsinin biologiya fənn lobaratoriyası və orada quraşdırılmış avadanlıqlarla yaxından tanış olublar. Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən Schlumberger şirkəti neft və qaz yataqlarının işlənməsi üzrə bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsində fəal iştirak edir. Şirkət gənc nəslin inkaşafına xidmət edən layihələrin gerçəkləşdirilməsinə xüsusi önəm verir. Schlumberger şirkətinin reallaşdırdığı SEED təhsilə dəstək proqramı çərçivəsində müxtəlif ölkələrin ümumtəhsil məktəbləri fənn laboratoriyaları, tədris ləvazimatları, kompüter və internetə çıxış imkanları ilə təmin olunur.
08/07/2015 16:52
Aprelin 19-da “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda elan olunan jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media qurumlarının rəhbərləri iştirak edib. Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı təqdim edilib. Yazılar təhsil sektorunu əhatə edən 5 istiqamət üzrə hazırlanıb. Ümumilikdə, 25 nəfər olmaqla hər istiqamət üzrə qaliblər və həvəsləndirici yerlərin sahibləri müəyyənləşdirilib. Mərasimdə qaliblərə diplom və mükafatlar təqdim olunub. Qeyd edək ki, müsabiqənin məqsədi ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarət olub.
08/07/2015 16:52
"Təhsil kuboku" uğrunda futbol yarışının qrup mərhələsi sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən oyunlarda komandalar ötən mövcümə nisbətən fərqli nəticələr göstərirlər.
Bu həftə baş tutacaq son oyunlardan sonra səkkizdə bir mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşəcək. Bundan sonra növbəti mərhələdə güclərini sınayacaq komandalar püşkatma yolu ilə seçiləcək. Qeyd edək ki, "Təhsil kuboku" uğrunda futbol yarışı Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən təşkil olunub. Tələbələr arasında keçirilən yarışa 29 ali məktəbin komandası qoşulub. Oyunlar Bakının Binə qəsəbəsində yerləşən stadionda, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbinin stadionunda və Olimpiya İdman Ehtiyatları Bazasının stadionunda keçirilir. KOMANDA HESAB KOMANDA Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 6-1 Azərbaycan Dövlət İdarəçilik Akademiyası Azərbaycan Dillər Universiteti 4-0 Təfəkkür Universiteti Azərbaycan Dövlət Pedoqoji Universiteti 1-3 Kooperasiya Universiteti Azərbaycan Memarlıq və İnşaat Universiteti 2-1 Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dövlət İqtisad Universiteti 6-3 Sumqayıt Dövlət Universiteti Bakı Dövlət Universiteti 7-1 Bakı Slavyan Universiteti Azərbaycan Texniki Universiteti 0-0 Xəzər Universiteti Avrasiya Universiteti 2-0 Qərb Universiteti Tibb Universiteti 0-1 FHN Akademiyası Gəncə Texnologiya Universiteti 2-0 Gəncə Dövlət Universiteti Azərbaycan Kooperasiya Universiteti 1-1 Azərbaycan Texniki Universiteti Azərbaycan Slavyan Universiteti 11-2 Qərb Universiteti Avrasiya Universiteti 0-1 Bakı Dövlət Universiteti Gəncə Texnologiya Universiteti 2-0 Gəncə Dövlət Universiteti Azərbaycan Dövlət İdarəçilik Akademiyası 4-2 Azərbaycan Dövlət Dəniz Akademiyası Qafqaz Universiteti 6-1 Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Azərbaycan Dövlət Pedoqoji Universiteti 0-1 Xəzər Universiteti Mingəçevir Politexnik İnstitutu 1-2 Gəncə Dövlər Aqrar Universiteti Gəncə Dövlət Universiteti 4-2 Mingəçevir Politexnik İnstitutu Gəncə Dövlət Aqrar Universiteti 2-2 Gəncə Texnologiya Universiteti
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı