SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 21-də “Şeraton” otelində Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir.
Konqresdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nabi Avcı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, ali məktəb rektorları, təhsil işçiləri iştirak etmişlər. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayaraq konqresin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Qafqaz bölgəsinin geostrateji əhəmiyyətindən bəhs edən nazir regionda fəaliyyət göstərən ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini nəzərə çatdırmışdır. Mikayıl Cabbarov Qafqaz Universitetlər Birliyinə üzv olan ali təhsil müəssisələrinin sayının 50-dən çox olduğunu söyləmiş, universitetlərarası əlaqələrin qarşılıqlı təcrübə mübadiləsinə əlverişli zəmin yaratdığını vurğulamışdır. Təhsil naziri Azərbaycanın ali məktəblərində dünyanın bir çox ölkələrindən olan əcnəbi tələbələrin müxtəlif ixtisaslar üzrə təhsil aldığını bildirmişdir. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlardan söz açan nazir ali məktəblərin fəaliyyətinin müasir dövrün və qloballaşan dünyanın tələblərinə cavab verən səviyyədə təşkil olunması üçün qarşıda duran vəzifələrə toxunmuşdur. Azərbaycanda gənclərin xaricdə təhsil alması işinin kütləviləşməsinin ötən əsrin 70-80-ci illərinə təsadüf etdiyini nəzərə çatdıran Mikayıl Cabbarov həmin dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərində oxuması üçün şərait yaradıldığını söyləmişdir. Təhsil naziri ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra da bu siyasətin davam etdirildiyini bildirmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətinə diqqət çəkmişdir. Dövlət Proqramı çərçivəsində 1200-dən artıq azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərinə göndərildiyini qeyd edən nazir onların bütün xərclərinin Azərbaycan dövləti tərəfindən ödənildiyini vurğulamışdır. Türkiyənin milli təhsil naziri Nabi Avcı dünyanın ən həssas bölgələrindən olan Qafqazda sülhün və əmin-amanlığın təşəkkül tapmasında qarşılıqlı əlaqələrə ciddi ehtiyac duyulduğunu, bölgənin xoşbəxt gələcəyinə gedən yolun səmərəli əməkdaşlıqdan keçdiyini qeyd etmişdir. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinin əhəmiyyətli olacağına əminliyini ifadə edən Nabi Avcı Türkiyənin elm, təhsil sahəsində əməkdaşlığa və tələbə mübadiləsi məsələlərinə xüsusi önəm verdiyini nəzərə çatdırmışdır. Qafqaz Universitetlər Birliyinin daha da genişlənməsində bugünkü konqresin əhəmiyyətinə toxunan nazir tədbirə verdiyi yüksək dəyərə görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmişdir. Daha sonra çıxış edən Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin əsas məqsədinin müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirməkdən, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan verməkdən ibarət olduğunu, həmçinin müəllim və tələbə mübadiləsini dəstəklədiyini nəzərə çatdırmışlar. Qonaqlar qloballaşan dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs etmiş, ali məktəblər arasındakı əlaqələrin inkişafının zəruriliyini vurğulamışlar. Sonra Qafqaz Universitetlər Birliyinin gələcək inkişaf perspektivləri ilə bağlı müvafiq sənədlər imzalanmışdır.
08/07/2015 16:52
Mayın 22-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Sonra Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Türkiyənin milli təhsil naziri Nabi Avçının birgə mətbuat konfransı keçirilmişdir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov ölkəmizlə Türkiyə arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirmişdir. Nazir Türkiyənin milli təhsil naziri Nabi Avçnın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs etmişdir. Türkiyənin milli təhsil naziri Nabi Avçının rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdən söz açan təhsil naziri Mikayıl Cabbarov müzakirələr zamanı qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsinin aparıldığı barədə məlumat vermişdir. Nazir Azərbaycanla təhsil sahəsində əlaqələrin daha da inkişafına verdiyi dəyərə görə Nabi Avçıya təşəkkürünü bildirərək qeyd etmişdir ki, xalqlarımızın doğmalığı ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafına zəmin yaradır. Türkiyənin milli təhsil naziri Nabi Avçı səmimi qəbula görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmiş və Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmişdir. Qonaq Azərbaycan-Türkiyə təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı fikirlərini ifadə etmiş, ölkələrimiz arasında təcrübə mübadiləsi istiqamətində bir sıra əhəmiyyətli addımların atılmasının vacibliyini nəzərə çatdırmışdır. Daha sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının milli təhsil naziri Nabi Avçı media nümayəndələrini maraqlandıran sualları cavablandırmışlar.
08/07/2015 16:52
“Azərbaycan Respublikasının Prezidenti Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyərək bir daha nümayiş etdi ki, o hər bir Azərbaycan vətəndaşının Prezidenti, hər bir məzun üçün bərabər imkanların yaradılmasının tərəfdarıdır”- Mikayıl Cabbarov
“Azərbaycan Respublikasının Prezidenti Təhsil Nazirliyinin təşəbbüsünü dəstəkləyərək bir daha nümayiş etdi ki, o hər bir Azərbaycan vətəndaşının Prezidenti, hər bir məzun üçün bərabər imkanların yaradılmasının tərəfdarıdır”- Mikayıl Cabbarov Təhsil nazirinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti əsasında ölkə Prezidenti tərəfindən orta məktəbləri bitirən şagirdlərin hamısına attestatların verilməsi ilə bağlı Nazirliyin təklifinin araşdırılması prosesinin sürətləndirilməsi üçün tapşırıq verilmişdir. Tapşırıq əsasında müvafiq dövlət orqanları qısa müddət ərzində məsələnin araşdırılması prosesini yekunlaşdıraraq öz təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli Qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilmişdir. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar. 11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir. Bu qərar nəticəsində məzunların böyük əksəriyyəti üçün ölkənin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək və sosial həyata aktiv şəkildə qoşulmaq imkanları yaranacaqdır. Qeyd edilməlidir ki, 2010, 2011 və 2012-ci illərdə attestat almayan şagirdlərin sayı müvafiq olaraq məzunların ümümi sayının 22, 24 və 10.5%-i qədər olmuşdur.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mayın 31-də Bakı şəhərindəki Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir.
Müəllimlər, şagirdlər, məzunlar və onların valideynləri qarşısında çıxış edən nazir qeyd etmişdir ki, məzunlar indi böyük həyata qədəm qoyurlar. Mikayıl Cabbarov ali, orta ixtisas və ilk peşə məktəblərinə qəbul imtahanlarında abituriyentlərə uğurlar və inkişaf üçün yorulmaq bilmədən səy göstərməyi arzu edərək bildirmişdir ki, Azərbaycan onlara ümidlə baxır. Müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli gənclərin yetişdirilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdıran təhsil naziri məktəb-valideyn əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir. Məktəbdə təhsil üçün yaradılmış yüksək şəraitdən söz açan Mikayıl Cabbarov bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir. Cari ildə məktəblərin buraxılış – 9-cu və 11-ci siniflərini 216 mindən çox şagird bitirəcəkdir. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edəcəkdir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.
08/07/2015 16:52
Təhsil Nazirliyində kadr təyinatları aparılmışdır.
Təhsil nazirinin müvafiq əmrinə əsasən 30 may tarixindən etibarən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilmişdir. Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olmuşdur. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilmişdir. Təhsil nazirinin digər əmrinə əsasən İlham Pirməmmədov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilmişdir. Təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilmişdir. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışmışdır. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
08/07/2015 16:52
İyunun 4-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa Respublikası və Macarıstan Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak etmişlər. Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir.
08/07/2015 16:52
İyunun 5-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak etmişlər. Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası İyunun 6-da Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi arasında 2 fevral 2002-cü il tarixində imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında” protokola əsasən tərəflərin qarşılıqlı olaraq ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil almaq məqsədilə hər il müəyyən sayda kvota ayırması nəzərdə tutulur. Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi 2013-2014-cü tədris ili üçün Rusiyanın ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarına 49 yer ayırmışdır. Təhsil Nazirliyinin Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi ilə apardığı müzakirələr nəticəsində 2013-2014-cü tədris ili üçün namizədlərin seçim prosedurlarının öncəki illərdə olduğu kimı saxlanılması barədə razılıq əldə olunmuşdur. Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Namizədlərin qeydiyyatı 2013-cü il iyunun 10-dan 13-dək aparılacaq. Qeydiyyatdan keçən abituriyentlər 2013-cü il iyunun 16-da TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edəcəklər. Qəbul olunanların sənədləri Rusiya tərəfinə çatdırılmaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilməlidir. Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödəniləcək. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə 250 ABŞ dolları müəyyənləşdirilib) və ildə bir dəfə Rusiyaya pulsuz gediş-gəliş bileti ilə təmin olunacaqlar. Təhsil Nazirliyi Azərbaycan və Rusiya arasındakı təhsil əlaqələrinin genişləndirilməsinə yönəlmiş bu təşəbbüsü yüksək dəyərləndirərək gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazırdır.
08/07/2015 16:52
İyunun 11-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin başçısı Mark Herevard ilə görüş keçirmişdir.
Görüş zamanı ölkəmizdə təhsil sahəsində görülən işlər, YUNİSEF ilə hazırda həyata keçirilən layihələr və gələcək əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir.
08/07/2015 16:52
Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşların nəzərinə!
22 iyun 2013-cü il tarixində saat 10:30-da təhsil naziri Mikayıl Cabbarov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı