SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 21-də “Şeraton” otelində Qafqaz Universitetlər Birliyinin üçüncü illik konqresi keçirilmişdir.
Konqresdə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin milli təhsil naziri Nabi Avcı, Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Qafqaz Universitetləri Birliyinin sədri Ramazan Korkmaz, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, ali məktəb rektorları, təhsil işçiləri iştirak etmişlər.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov tədbir iştirakçılarını salamlayaraq konqresin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Qafqaz bölgəsinin geostrateji əhəmiyyətindən bəhs edən nazir regionda fəaliyyət göstərən ali məktəblər arasındakı əməkdaşlığın genişləndirilməsinin zəruriliyini nəzərə çatdırmışdır. Mikayıl Cabbarov Qafqaz Universitetlər Birliyinə üzv olan ali təhsil müəssisələrinin sayının 50-dən çox olduğunu söyləmiş, universitetlərarası əlaqələrin qarşılıqlı təcrübə mübadiləsinə əlverişli zəmin yaratdığını vurğulamışdır.
Təhsil naziri Azərbaycanın ali məktəblərində dünyanın bir çox ölkələrindən olan əcnəbi tələbələrin müxtəlif ixtisaslar üzrə təhsil aldığını bildirmişdir. Ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlardan söz açan nazir ali məktəblərin fəaliyyətinin müasir dövrün və qloballaşan dünyanın tələblərinə cavab verən səviyyədə təşkil olunması üçün qarşıda duran vəzifələrə toxunmuşdur.
Azərbaycanda gənclərin xaricdə təhsil alması işinin kütləviləşməsinin ötən əsrin 70-80-ci illərinə təsadüf etdiyini nəzərə çatdıran Mikayıl Cabbarov həmin dövrdə ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən qabaqcıl ali məktəblərində oxuması üçün şərait yaradıldığını söyləmişdir. Təhsil naziri ölkəmiz müstəqilliyinə qovuşduqdan sonra da bu siyasətin davam etdirildiyini bildirmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əhəmiyyətinə diqqət çəkmişdir. Dövlət Proqramı çərçivəsində 1200-dən artıq azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərinə göndərildiyini qeyd edən nazir onların bütün xərclərinin Azərbaycan dövləti tərəfindən ödənildiyini vurğulamışdır.
Türkiyənin milli təhsil naziri Nabi Avcı dünyanın ən həssas bölgələrindən olan Qafqazda sülhün və əmin-amanlığın təşəkkül tapmasında qarşılıqlı əlaqələrə ciddi ehtiyac duyulduğunu, bölgənin xoşbəxt gələcəyinə gedən yolun səmərəli əməkdaşlıqdan keçdiyini qeyd etmişdir. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinin əhəmiyyətli olacağına əminliyini ifadə edən Nabi Avcı Türkiyənin elm, təhsil sahəsində əməkdaşlığa və tələbə mübadiləsi məsələlərinə xüsusi önəm verdiyini nəzərə çatdırmışdır. Qafqaz Universitetlər Birliyinin daha da genişlənməsində bugünkü konqresin əhəmiyyətinə toxunan nazir tədbirə verdiyi yüksək dəyərə görə Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova minnətdarlığını bildirmişdir.
Daha sonra çıxış edən Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Gökhan Çetinsaya, Gürcüstanın elm və təhsil nazirinin müavini David Zurabişvili, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin əsas məqsədinin müxtəlif ölkələrin ali məktəbləri arasında birgə əməkdaşlığı genişləndirməkdən, dünyanın qabaqcıl universitetləri ilə əlaqələrin qurulması işinə təkan verməkdən ibarət olduğunu, həmçinin müəllim və tələbə mübadiləsini dəstəklədiyini nəzərə çatdırmışlar. Qonaqlar qloballaşan dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs etmiş, ali məktəblər arasındakı əlaqələrin inkişafının zəruriliyini vurğulamışlar.
Sonra Qafqaz Universitetlər Birliyinin gələcək inkişaf perspektivləri ilə bağlı müvafiq sənədlər imzalanmışdır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl