SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yanvarın 18-də Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil Nazirliyində görüş keçirilib.
Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə qonaqları səmimi salamlayıb və Türkiyə Ali Təhsil Şurasının sədri G.Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda keçirdiyi bir sıra görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən nazir iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkib. Misir Mərdanov Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verib, ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını bildirib. Hazırda Türkiyə ali məktəblərində 4000-dən çox azərbaycanlı gəncin təhsil aldığını nəzərə çatdıran nazir ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Bu baxımdan Qafqaz Universitetlər Birliyinin fəaliyyətinə diqqət çəkən təhsil naziri birgə elmi-tədqiqat layihələrinə xüsusi diqqət yetirilməsinin vacibliyini söyləyib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd edib. Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirib. Belə görüşlərin ikitərəfli əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən G.Çetinsaya bildirib ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qonaq müasir dünyada elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilməsinin əhəmiyyətindən bəhs edib, ali məktəblərimiz arasındakı münasibətlərin inkişafının zəruriliyini vurğulayıb. Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edilib. Sonra çıxış edən Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçak, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev universitetlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və nəzərdə tutulmuş əməkdaşlıq sahələrindən söhbət açıblar. Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində günbəgün inkişaf edən əlaqələrin daha da möhkəmləndirilməsi və birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşıda duran vəzifələrə toxunub, həlli vacib olan bir sıra məsələləri nəzərə çatdırıb. Hər iki ölkə universitetlərini daha sıx əməkdaşlıq yolunda fəal olmağa səsləyən nazir bunun üçün mövcud olan zəngin potensialdan səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.
08/07/2015 16:52
Yanvarın 22-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirən Misir Mərdanov türkdilli ölkələrin əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən söz açıb. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin zəruriliyini nəzərə çatdırıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib. Qonaq hər bir millətin intellektual potensialının inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin zəruri olduğunu bildirib. Türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı, həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərin hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetlərarası əlaqələrin inkişafı barədə fikirlərini bildirən baş katib tədris proqramlarının uyğun hazırlanması, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib. Baş katib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin müvafiq mütəxəssislərinin görüşünün keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, müvafiq təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd edib. Təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığımızın inkişafı üçün konkret müddəaların müəyyənləşdirilməsinin daha səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib. Nazir Azərbaycanla Türkiyə arasında mövcud olan əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində sürətlə inkişaf etdiyini nəzərə çatdırıb. Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunan təhsil naziri birgə konfransların təşkilinin mümkünlüyünü söyləyib. Ali məktəblərin tədris proqramlarının uyğunluğu və diplomların tanınması məsələsinin əhəmiyyətini qeyd edən nazir ilk növbədə müvafiq mütəxəssislər arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirib. Misir Mərdanov, həmçinin türkdilli ölkələrin ortaq təhsil telekanalının yaradılmasının gərəkli olduğunu vurğulayıb. Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə qonaqları səmimi salamlayıb. Son illər Azərbaycanla Koreya arasında təhsil sahəsində əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdıran nazir Azərbaycana dost ölkə olan Koreya ilə müvafiq istiqamətdə əməkdaşlığın genişləndirilməsini yüksək dəyərləndirib. Nazir Koreyanın ölkəmizdə təhsillə bağlı çoxsaylı layihələr həyata keçirildiyini qeyd edərək bu sahədə görülən işlərdən söz açıb. Sonra Misir Mərdanov Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin mühüm əhəmiyyətindən danışıb. Qeyd olunan sazişin ölkəmizin bu günü ilə səsləşdiyini vurğulayan təhsil naziri qonaqların diqqətinə çatdırıb ki, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub. Nazir son illər informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. Daha sonra təhsil naziri imzalanacaq sazişin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib. Misir Mərdanov, həmçinin Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnə gələcək fəaliyyətində uğurlar arzulayıb, iki ölkənin təhsil sahəsindəki əlaqələrinin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, təhsil sahəsi üzrə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətindən söhbət açıb. Səfir 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını yüksək dəyərləndirib. Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edən səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın 80-dən çox universiteti ilə əməkdaşlıq əlaqələrinin olduğunu nəzərə çatdırıb. Mövcud əməkdaşlıqda Koreya ilə əlaqələrin xüsusi yer tutduğunu vurğulayan rektor onu da əlavə edib ki, hazırda universitetdə dünyanın 10 ölkəsindən 324 tələbə təhsil alır. Rektor Naxçıvan Dövlət Universitetində təhsilin hər üç səviyyəsi üzrə 7 koreyalı tələbənin oxuduğunu söyləyib. Ali məktəbin rektoru Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Cənubi Koreya Dil Tədrisi Mərkəzində dili ən yaxşı öyrənən tələbənin Koreyaya Yay Məktəbinə göndərilməsinin nəzərdə tutulması, Koreya ilə tələbə mübadiləsi çərçivəsində görülən işlər, Qrant Sazişi çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib və digər bu kimi məsələlərdən söz açıb. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn imzalayıb. Qeyd olunub ki, sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır. Mərasimdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk da iştirak edib.
08/07/2015 16:52
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin yetirmələri 2012-ci ildə respublika yarışlarında, dünya birinciliyi, Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar.
Ötən il məktəblilər ümumilikdə 654 medal əldə ediblər. Onlardan 274-ü qızıl, 189-u gümüş, 191-i bürünc medaldır. Respublika birincilik, çempionat və kubok yarışlarında müxtəlif idman növləri üzrə qazanılmış 557 medalın 219-u qızıl, 172-si gümüş, 166-sı bürünc, beynəlxalq yarışlarda əldə olunmuş 97 medalın isə 55-i qızıl, 17-si gümüş, 25-i isə bürüncdür.
08/07/2015 16:52
Fevralın 7-də Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Yunanıstanda keçirilmiş “5-ci Biennale” Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi olub.
Qeyd edək ki, Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində mərkəzin yetirmələrindən 18 gənc rəssam yüksək yerlər tutmağa nail olub. Onlardan 7 nəfər I yerə (qızıl medala), 4 nəfər II yerə, 7 nəfər isə III yerə layiq görülüb. Mərasimdə Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas da iştirak edib. Səfir Mərkəzin fəaliyyəti ilə tanış olub, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıb. Sonra Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi qaliblərinə medal və diplomlar təqdim edilib. Tədbirin sonunda Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivləri konsert proqramı ilə çıxış edib.
08/07/2015 16:52
Fevralın 8-də Təhsil Nazirliyində «Səmərəli məktəb» layihəsinin hesabat iclası keçirilib.
Təhsil naziri Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı «Səmərəli məktəb» layihəsi haqqında ətraflı məlumat verib. Nazir 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu bildirib. Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran Misir Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. Təhsil naziri həmin komponentlərə uyğun olaraq görülmüş işlərdən danışıb, keçirilmiş təlim-seminarlar, layihə iştirakçısı olan məktəb direktorlarının təlim səfərləri, müvafiq maarifləndirmə tədbirləri və bir sıra əyani vəsaitlərin hazırlanaraq məktəblərə çatdırılmasının əhəmiyyətindən bəhs edib. Hazırkı informasiya əsrində məktəbin missiyasının əsaslı şəkildə dəyişdiyini vurğulayan nazir dünyanın inkişaf tendensiyalarından geri qalmamaq üçün müasir məktəbin iş üsullarının təkmilləşdirilməsinin vacibliyini önə çəkib. «Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi» İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, «Səmərəli məktəb» layihəsinin rəhbəri Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verib. E.Kazımzadə bildirib ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir. Hələlik 12 təhsil müəssisəsinin layihədə iştirak etdiyini söyləyən E.Kazımzadə «Səmərəli məktəb» layihəsinin elektron multimedia diskindən və hazırlanmış müvafiq elektron vəsaitlərdən digər məktəblərin də istifadəsinin mümkünlüyünü vurğulayıb. «Səmərəli məktəb» layihəsinin əlaqələndiricisi Vəfa Yaqublu layihə çərçivəsində görülmüş işlər və onların nəticələri haqqında ətraflı məlumat verib. Sonra Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin direktoru Çingiz Şirəliyev, “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, Lənkəran şəhəri 6 nömrəli tam orta məktəbin direktoru Akif Xalıqov, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov məktəb daxilində müəllimlərin fəaliyyəti və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin səmərəli idarə edilməsi və birgə rəhbərlik, məktəb mühitinin inkişaf etdirilməsi və inkluziv tədris üsulları, «Səmərəli məktəb» layihəsinin akkreditasiya prosesində rolu mövzularında çıxış ediblər. Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən «Səmərəli məktəb» layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Layihədə iştirak etmiş məktəblərin əldə etdikləri təcrübədən digər təhsil müəssisələrinin də yararlanmasının əhəmiyyətinə toxunan nazir bunun həm tədrisin keyfiyyətcə yüksəldilməsi, həm də məktəb idarəçiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib. Sonda layihənin yekunlarına dair müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Fevralın 8-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri qatılıblar. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (ABŞ) göndərilməsini təmin etməkdən ibarətdir. Səkkiz kateqoriya üzrə keçirilən müsabiqədə 116 şagird 73 elmi layihə ilə iştirak edir. Fevralın 9-da yekun vurulacaq müsabiqənin qalibləri hər kateqoriya üzrə alimlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və mükafatlandırılacaqlar. Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb. “Sabahın alimləri” müsabiqəsinin dünyada ən nüfuzlu müsabiqələrdən biri olan İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirildiyini nəzərə çatdıran nazir Azərbaycan məktəblilərinin parlaq nəticələr qazanacağına ümidvar olduğunu bildirib. Ölkəmizin İntel İSEF müsabiqəsinə qoşulmasının təsadüfü olmadığını söyləyən Misir Mərdanov Azərbaycanın güclü elmi potensialı olduğunu və bu potensialı qoruyub saxlamağın, ondan səmərəli istifadə etməyin vacibliyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və başqaları müsabiqənin əhəmiyyətindən söz açıblar.
08/07/2015 16:52
2012-ci ildə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146; elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) 15463 müraciət daxil olub.
Müraciətlərin 14678-i sorğu, 785-i isə şikayət xarakterlidir. Ötən il “Qaynar xətt” xidmətinə yanvarda 1441, fevralda 1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda 1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla geniş ictimaiyyət yaxından maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular isə təhsil sənədlərinin alınması, nostrifikasiyası, məktəblilərin fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır. Bir sıra sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün sorğular cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb. 2012-ci ildə “Qaynar xətt” xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələrindəndir. Belə ki, əsasən Bakı, qismən isə Sumqayıt, Gəncə və Şirvan şəhərlərindən daxil olan şikayət xarakterli müraciətlər çoxluq təşkil edir. Eyni zamanda Abşeron, Goranboy, Xaçmaz, Gədəbəy, Şəki, Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Saatlı, Beyləqan, Ağdam, Göygöl, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb. Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əmək haqqının gecikdirilməsi, habelə digər məsələlərdən bəhs olunur. Ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci tədris ilinin qış və yay imtahan sessiyalarında tələbələrin biliyinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması məqsədilə “Qaynar xətt” xidmətinə müraciətlər edilib. Müvafiq məsələlərlə əlaqədar “Qaynar xətt” xidmətinə və Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna 2012-ci ilin yanvar və iyun aylarında daxil olan müraciətlər nazirliyin əməkdaşları tərəfindən, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının könüllülərinin iştirakı ilə araşdırılıb. Ali təhsil müəssisələrindən daxil olan şikayət xarakterli müraciətlərdə daha çox məzunların diplom ala bilməməsi, imtahanların təşkili, tələbələrin təqaüdünün gecikdirilməsi, imtahan üçün pul tələb edilməsi, imtahan nəticələrindən narazılıq, diplomun gecikdirilməsi, diplom üçün rüsum tələb olunması, tələbələrin imtahana buraxılmaması, tədrisin düzgün təşkil edilməməsi, tələbənin biliyinin düzgün qiymətləndirilməməsi, imtahan suallarının tələbələrə verilməməsi, tələbələrə tədris ədəbiyyatının satışı, dekanlardan, kafedra müdirlərindən şikayət, tələbə bileti üçün rüsum tələb olunması, kurs işinin düzgün qiymətləndirilməməsi, imtahana buraxılma üçün pul tələb olunması, diplomun düzgün yazılmaması və digər məsələlərdən bəhs olunur. Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti xüsusilə qış və yay imtahan sessiyaları dövründə ali təhsil müəssisələrində yaradılmış imtahan qərargahları və "Qaynar xətt" xidmətləri ilə birgə işləyib, aşkarlığı və şəffaflığı təmin etmək üçün imtahanların gedişi prosesinə QHT və KİV nümayəndələri dəvət olunub. İmtahan sessiyalarında həyata keçirilən tədbirlər nəticəsində imtahanlarda əvvəlki illərə nisbətən, şəffaflıq və obyektivlik xeyli artıb, şikayətlərin sayı isə azalıb. Şikayət xarakterli müraciətlərin sayına görə ali təhsil müəssisələri üzrə - Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarından 14, Bakı Dövlət Universitetindən 13, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 9, Sumqayıt Dövlət Universitetindən 9, Azərbaycan Dillər Universitetindən 8, Azərbaycan Dövlət İqtisad Universitetindən 3, Azərbaycan Texnologiya Universitetindən 3, Azərbaycan Dövlət Neft Akademiyasından 2, Gəncə Dövlət Universitetindən 2, Azərbaycan Turizm İnstitutundan 2, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Slavyan Universitetindən 2, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 1, Lənkəran Dövlət Universitetindən 1, Azərbaycan Texniki Universitetindən 1, Azərbaycan Rəssamlıq Akademiyasından 1, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından 1, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetindən 7, Qafqaz Universitetindən 4, Bakı Avrasiya Universitetindən 3, Bakı Asiya Universitetindən 3, Qərb Universitetindən 3, Təfəkkür Universitetindən 3, Bakı Biznes Universitetindən 2, Odlar Yurdu Universitetindən 1, Azərbaycan Kooperasiya Universitetindən 1, Azərbaycan İctimai-Siyasi Universitetindən 1 olmaqla ümumilikdə 102 müraciət daxil olub. Bu isə 2011-ci ildə ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərlə müqayisədə 35 faiz azdır. Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə, ali təhsil müəssisələrinin "Qaynar xətt" xidmətlərinə və imtahan qərargahına daxil olan müraciətlərə baxılması nəticəsində AMİ-nin Qazax, Şamaxı, Salyan, Quba, Ağcabədi filiallarının direktorları vəzifələrindən azad edilib, Bakı Dövlət Universitetində 11 nəfər, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3 nəfər, Sumqayıt Dövlət Universitetində 4 nəfər, Azərbaycan Dövlət İqtisad Universitetində 20 nəfərdən çox, Azərbaycan Kooperasiya Universitetində isə 4 nəfər əməkdaşa intizam tənbehi tətbiq olunub. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində nöqsanı aşkar edilən vəzifəli şəxslər tənbeh edilib, vəzifəsindən azad olunub, onlara töhmət verilib, eləcə də digər inzibati cəzalar tətbiq edilib. İşində nöqsan aşkarlanmış təhsil müəssisəsi rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Belə ki, araşdırma aparılan bir sıra ümumi təhsil müəssisələrinin direktorlarına rəhbərlik etdikləri məktəblərdə mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, əmək intizamına nəzarətin artırılması tövsiyə olunub. Ötən il “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər və aparılan araşdırmaların nəticələri barədə məlumatlar və xülasələr Təhsil Nazirliyinin internet saytında, “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində və digər mətbu orqanlarda dərc olunub. Televiziya və radio kanallarında, müxtəlif xəbər portallarında və qəzetlərdə il ərzində "Qaynar xətt" xidmətinin fəaliyyəti ilə əlaqədar çoxsaylı xəbərlər verilib. Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti
08/07/2015 16:52
Fevralın 9-da Təhsil Nazirliyində “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” mövzusunda Təhsil Problemləri İnstitunun əməkdaşları tərəfindən aparılan tədqiqatların müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitunun nümayəndələri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və digər şəxslər iştirak ediblər. Tədbirdə məruzə ilə cıxış edən Təhsil Problemləri İnstitunun Məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış araşdırmaların nəticələrini nəzərə çatdırıb. L.Cəfərova beşyaşlıların təhsilə hazırlanmasının təmin olunması üçün məktəblərin müvafiq ləvazimatlar, əyani vəsait və didaktik materiallarla təchiz olunma vəziyyəti barədə məlumat verib. Qısamüddətli təlim qruplarında beşyaşlıların məktəbə hazırlanması məsələsinə toxunan L.Cəfərova məktəbəqədər təhsil müəssisələri ilə məktəb arasında varisliyin gözlənilmə səviyyəsindən söz açıb. Şöbə müdiri aparılan tədqiqatların nəticələrini, müvafiq statistik məlumatları və bunlarla əlaqədar bir sıra təkliflərini nəzərə çatdırıb. Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək respublikamızda məktəbəqədər təhsilin real vəziyyəti, əsas problemlər və bu sahə ilə bağlı həlli vacib olan məsələlər haqqında danışıb. Nazir məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailələrdə uşaqlarla aparılan təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Məhz məktəbəqədər yaş dövrünün uşağın psixi inkişafı və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığına diqqət çəkən Misir Mərdanov bu səbəbdən də dünyanın əksər ölkələrində məktəbəqədər təhsil müəssisələrinin inkişafına xüsusi diqqət yetirildiyini söyləyib. Təhsil naziri məktəbəqədər təhsillə bağlı bir sıra qabaqcıl ölkələrin təcrübəsindən söz açıb və bu təcrübədən yararlanmağın zəruriliyini bildirib. Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənilib, müvafiq təkliflər irəli sürülüb.
08/07/2015 16:52
Fevralın 9-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” II Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin və "Mədəd" təşkilatının birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri qatılıblar. İki gün davam edən müsabiqənin yekununda münsiflər heyəti tərəfindən müəyyən olunmuş qaliblərə pul mükafatı, diplom və medallar təqdim edilib. Mükafatlandırma mərasimindən sonra münsiflər heyəti tərəfindən qaliblər arasından 5 şagird cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün seçilib. Mükafatlandırılma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov müsabiqənin gərgin mübarizə şəraitində keçdiyini və ötən ilki müsabiqə ilə müqayisədə şagirdlərin daha fəal iştirak etdiyini nəzərə çatdırıb. Gələcək illərdə müsabiqənin daha da gərgin rəqabət şəraitində keçəcəyinə ümidvar olduğunu bildirən təhsil naziri müsabiqəni izləmək məqsədilə Bakıya gəlmiş İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayevaya və müsabiqənin təşkilində zəhməti keçən digər şəxslərə minnətdarlığını bildirib. Nazir qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı