SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 13-də Təhsil Nazirliyində “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdləri ilə görüş keçirilib.
Qeyd edək ki, həmin şagirdlər 1-10 dekabr 2012-ci il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Beynəlxalq təbiət elmləri olimpiadasında (İJSO) 4 bürünc, 13-20 yanvar 2013-cü il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilmiş Beynəlxalq Jautikov fizika-riyaziyyat və informatika olimpiadasında 1 gümüş, 3 bürünc medal qazanıb və 2 həvəsləndirici sertifikat əldə ediblər. Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Nazir ölkəmizdə istedadlı uşaq və gənclərin aşkar olunması, onlara xüsusi diqqət və qayğı göstərilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bu işin respublikamızda müxtəlif proqramlar çərçivəsində həyata keçirildiyini deyən Misir Mərdanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin Azərbaycanda müvafiq sahədəki fəaliyyətini yüksək dəyərləndirib. Daha sonra Azərbaycan məktəblilərinin beynəlxalq bilik yarışlarında, müsabiqə və olimpiadalarda iştirakının əhəmiyyətindən söz açan nazir hər bir olimpiadaya xüsusi proqram əsasında ən azı bir il öncədən hazırlaşmağın vacibliyini qeyd edib. Təhsil naziri belə yarışlarda uğur qazanılması məqsədilə ali təhsil müəssisələrinin, AMEA-nın elmi-tədqiqat institutlarının ümumi təhsil məktəbləri ilə əlaqələrinin yaradılmasının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Çağ” Öyrətim İşlətmələri Şirkəti liseylərinin yetirmələrinin bilik yarışlarında əldə etdikləri nailiyyətlərlə daim nümunə olduqlarını vurğulayan Misir Mərdanov çıxışının sonunda bu qurumun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib. Nazir beynəlxalq olimpiadalarda fərqlənmiş şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edib, şagirdlərə gələcəkdə keçiriləcək ən nüfuzlu bilik yarışlarında böyük uğurlar qazanmağı arzulayıb. Tədbirdə beynəlxalq olimpiadalarda uğur qazanmış şagirdlərə hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Fevralın 13-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin akkreditasiyasının nəticələri müzakirə olunub. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının tədris ocaqlarının fəaliyyət səviyyəsinin yüksəldilməsi və tədrisin keyfiyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib. Bakı şəhər 225 nömrəli tam orta məktəbdə aparılmış akkreditasiyanın nəticələri barədə məlumat verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Fikrət Xəlilov bu təhsil ocağının ümumi fəaliyyəti barədə məlumat verib. F.Xəlilov 225 nömrəli tam orta məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların ali məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən söz açıb. Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Novruz Dəmirov qeyd olunan müəssisədə aparılmış araşdırma barədə məlumatı nəzərə çatdırıb. N.Dəmirov məktəb-liseyin fəaliyyətinin ayrı-ayrı istiqamətlər üzrə göstəriciləri, pedaqoji kollektivi, maddi-texniki bazası haqqında danışıb, habelə təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğu göstəricilərini qeyd edib. Mingəçevir şəhər 10 nömrəli tam orta məktəb üzrə aparılmış araşdırmanın nəticələrini nəzərə çatdıran Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev təqdimat-məruzəsində liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin maddi-texniki təminatı haqqında məlumat verib. H.Zərbəliyev məktəbdə təhsilin səmərəli təşkili baxımından yaradılmış şərait, təhsilin məzmunu, məzunların ali məktəblərə qəbul göstəricilərindən bəhs edib və Akkreditasiya Komissiyasının təkliflərini nəzərə çatdırıb. Qeyd olunan təhsil müəssisələri üzrə aparılmış akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Təhsil naziri Misir Mərdanov ümumi təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı qarşıda duran vəzifələrə dair fikirlərini bildirib, müvafiq tövsiyə və tapşırıqlarını verib. İclasda Bakı şəhər 225 nömrəli tam orta məktəb, Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü məktəb-lisey, Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbin fəaliyyətinin “kafi” qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin akkreditə olunması barədə qərar qəbul edilib.
08/07/2015 16:52
Fevralın 14-də Təhsil Nazirliyində “Yeni ixtisasartırma modelinə keçid” mövzusuna həsr olunmuş müşavirə keçirilib.
Təhsil naziri Misir Mərdanov müasir dünyada ixtisasartırma təhsilinə mühüm əhəmiyyət verildiyini nəzərə çatdıraraq son illər ölkəmizdə bu istiqamətdə görülmüş işlərə diqqət çəkib. “Yeni ixtisasartırma modelinə keçid” mövzusunda təqdimat-məruzə ilə çıxış edən nazir ixtisasartırma təhsilində modul-kredit sisteminin tətbiqinin hüquqi-normativ əsasları və müsbət cəhətləri barədə məlumat verib. Yeni modelə əsasən ixtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulmasının nəzərdə tutulduğunu bildirən Misir Mərdanov həmin modulların tərkib hissələrindən söhbət açıb. Təhsil naziri yeni ixtisasartırma modelinin üstünlüklərinə və ənənəvi modeldən fərqli cəhətlərinə diqqət çəkib. İxtisasartırma təhsili sahəsində modul-kredit sisteminin tətbiqi istiqamətində son illər ərzində əldə olunmuş uğurlara toxunan nazir ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsinin hazırlandığını bildirib. Misir Mərdanov qeyd edib ki, ixtisasartırma sahəsində modul-kredit sisteminə keçidlə əlaqədar Təhsil Nazirliyinə təqdim edilmiş proqramlar müvafiq müsabiqə əsasında seçilib. Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Əlavə Təhsil Mərkəzi tərəfindən təqdim olunmuş proqramların modullar üzrə bölgüsünə diqqət çəkən nazir həmin müəssisələrin sayının artmasının mümkünlüyünü nəzərə çatdırıb. Təqdim olunmuş ixtisasartırma proqramlarının müvafiq qiymətləndirmə meyarları əsasında dəyərləndiriləcəyini söyləyən təhsil naziri ixtisasartırma aparacaq qurumların kadr potensialının da qiymətləndiriləcəyini vurğulayıb. Misir Mərdanov qeyd edib ki, yeni ixtisasartırma modeli ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin pedaqoji və digər işçilərinin bilik, bacarıq və peşəkarlıq səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsinə daha mütərəqqi üsullarla nail olmaq məqsədilə hazırlanıb. Daha sonra yeni ixtisasartırma modelinin tətbiqi üçün həyata keçiriləcək digər tədbirlərdən söhbət açan nazir qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib. Sonda yeni ixtisasartırma modelinə keçidlə bağlı müxtəlif fikirlər səsləndirilib, müvafiq təkliflər verilib və qarşıya çıxan suallara aydınlıq gətirilib.
08/07/2015 16:52
Fevralın 15-də təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban, İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman ilə görüşüb.
Misir Mərdanov qonaqları Təhsil Nazirliyində görməkdən məmnun olduğunu bildirib. Ötən ilin dekabrında rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfərinin uğurlu olduğunu deyən nazir keçirilən görüşlərdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıldığını və əlaqələrin inkişafı üçün səmərəli imkanların olduğunu bildirib. Səfər barədə ətraflı məlumat verən təhsil naziri İsveçrəninTəhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi ilə görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin yaradılması, İsveçrədə təhsil alan azərbaycanlı gənclərin sayının artırılması, tələbə, müəllim və tədqiqatçıların mübadiləsi, ümumi orta, habelə peşə təhsili müəssisələri arasında əlaqələrin qurulması barədə söhbət aparıldığını vurğulayıb. Misir Mərdanov İsveçrənin Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibinin Azərbaycana dəvət olunduğunu da qeyd edib. Rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrənin bir neçə ali və orta təhsil müəssisələri ilə tanış olduğunu, bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərlə görüşdüyünü nəzərə çatdıran təhsil naziri ümumilikdə səfərdən razılığını bildirib. Nazir bu səfərin təhsil sahəsində təşəkkül tapmış ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyinə inamını ifadə edib. Təhsil Nazirliyinin nəzdindəki 6 saylı məktəb-liseydə Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisə başlanıldığını söyləyən Misir Mərdanov bu işin Berndəki müvafiq qurumun dəstəyi ilə həyata keçirildiyini və isveçrəli mütəxəssislərin bununla bağlı Azərbaycanda olduqlarını bildirib. İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. İsveçrə ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan səfir təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin önəminə diqqət çəkib. Qonaq, həmçinin təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfərinin uğurlu olmasından məmnunluğunu ifadə edib. Sonra xanım Sabine Ulmann Şaban təhsilin doktorantura səviyyəsi üzrə təqaüd proqramı haqqında məlumat verib və azərbaycanlı tələbələrin bu proqramdan istifadə imkanlarının olduğunu bildirib. Səfir tələbələrin müvafiq proqram haqqında məlumatlandırılması üçün ölkəmizin ali məktəblərində görüşlər keçirilməsinin nəzərdə tutulduğunu deyib. İki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsini müsbət hal kimi dəyərləndirən səfir peşə təhsili sahəsində əməkdaşlığın yaradılması məsələsinə də toxunub. İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman peşə təhsili üzrə əlaqələrin qurulması, xüsusilə kənd təsərrüfatı sahəsində peşə təliminin təşkili istiqamətində əməkdaşlığın yaradılması təklifi ilə çıxış edib. Qonaq müvafiq işin fermerlərin xidmət səviyyəsinin artırılmasına, kənd təsərrüfatı sektorunda çalışan insanların təhsilə cəlb edilməsinə, ümumilikdə kənd təsərrüfatı sahəsinin inkişafına təkan verəcəyini açıqlayıb. Misir Mərdanov səfirin qeyd etdiyi təqaüd proqramının əhəmiyyətini vurğulayaraq öncə bununla bağlı ilkin hazırlıq işinin aparılmasının və daha sonra Təhsil Nazirliyində təqdimat keçirilməsinin önəminə diqqət çəkib. Nazir peşə təhsili sahəsinin ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətdə prioritet təşkil etdiyini bildirərək mövcud istiqamətdə görülən işlər barədə qonaqlara məlumat verib. Bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə dəstək veriləcəyini nəzərə çatdıran Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin nəzdindəki 6 saylı məktəb-liseylə İsveçrənin müvafiq ümumi təhsil müəssisəsi arasında “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində əlaqələrin yaradılması təklifini irəli sürüb. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Fevralın 16-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.
«İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili» mövzusunda aparılmış araşdırmaların nəticələrinin müzakirə olunduğu seminarda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə və struktur bölmələrinin rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər işçiləri və əməkdaşları, bir sıra ümumi təhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri iştirak ediblər. Seminarda Təhsil Problemləri İnstitutu İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova mövzu üzrə aparılmış araşdırmaların nəticələrinə dair geniş məruzə-təqdimatla çıxış edib. Öncə tədqiqatla bağlı görülmüş işləri diqqətə çatdıran məruzəçi müvafiq işçi qrupunun yaradıldığını, tədqiqata cəlb olunacaq rayon və məktəblərin müəyyənləşdirildiyini, Ağstafa, İmişli, İsmayıllı, Masallı, Qax, Göyçay rayon təhsil şöbələrindən statistik məlumatların alındığını nəzərə çatdırıb. B.İbadova iclas iştirakçılarına məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlərlə anket sorğularının keçirildiyi, dərslərin dinlənildiyi, beynəlxalq məsləhətçilərin dəstəyi ilə bir sıra ölkələrin təcrübəsinin öyrənildiyi barədə məlumat verib, respublikanın ali və orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı ilə bağlı müəyyən pedaqoji sənədlərin araşdırıldığını bildirib. Problemlə bağlı mövcud vəziyyətin bir neçə parametr üzrə öyrənildiyini qeyd edən B.İbadova həmin araşdırmalar nəticəsində tədqiqata cəlb olunmuş 6820 nəfər ibtidai sinif müəllimindən 4693-nün xarici dil və informatika fənlərindən başqa bütün fənləri tədris etdiklərini söyləyib. Şöbə müdiri ibtidai siniflərdə Azərbaycan dili və riyaziyyatın tədrisinin bir, həyat bilgisi, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya fənlərinin digər ibtidai sinif müəllimləri, xarici dil və informatika fənlərinin isə ixtisaslı müəllimlər tərəfindən tədrisi vəziyyətinin araşdırılmasının nəticələrini də nəzərə çatdırıb. Bir çox tədris ocaqlarında ibtidai siniflərdə xarici dil və informatika fənlərindən başqa Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimləri, musiqi və fiziki tərbiyə fənlərinin isə ixtisas müəllimləri tərəfindən aparılması faktlarının olduğunu vurğulayan şöbə müdiri “yığma fənlər”i yaradan səbəblərdən söz açıb. Təhsil naziri Misir Mərdanov seminarda çıxış edərək mövzunun aktual olduğunu, tədqiqatın əhatəli aparıldığını bildirib və onun nəticələri barədə hazırlanmış məruzə-təqdimatın metodik vəsait kimi çap olunmasını tövsiyə edib. İbtidai siniflərdə tədrisin bir müəllim, yoxsa, fənn müəllimləri tərəfindən aparılması üsullarından hansının daha yaxşı olmasını birmənalı deməyin mümkün olmadığını söyləyən nazir bu işin müəllimin hazırlığından asılı olduğunu qeyd edib. Ümumilikdə təhsil-təlim işində müəllimin şəxsiyyətinin aparıcı rol oynadığını vurğulayan təhsil naziri müasir müəllimdən tələb olunan keyfiyyətlər barədə fikirlərini bildirib. Misir Mərdanov bir və ya bir neçə müəllimin dərs dediyi ibtidai siniflərin təxminən 10 ildən sonrakı vəziyyətinin müqayisəli təhlili üzrə aparılacaq tədqiqatların bu üsullardan daha yaxşısının müəyyənləşdirilməsinə kömək edə biləcəyini nəzərə çatdırıb. Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənilib, müvafiq təkliflər irəli sürülüb.
08/07/2015 16:52
Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb. Nazir Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə imzalanmış “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlərdən bəhs edib. Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkəmizin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, daha sonra yerlərdə təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər və qarşıda duran vəzifələr müzakirə olunacaq. Yeni tədris ilindən etibarən Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsinin nəzərdə tutulduğunu söyləyən nazir işə qəbul olunmaq istəyən müəllimlərin elektron ərizə ilə müraciət etməsinin qərara alındığını diqqətə çatdırıb. Müşavirədə Təhsil Nazirliyi ilə beynəlxalq qurumların həyata keçirdiyi birgə layihələr, tədris prosesində keyfiyyətin daha da yüksəldilməsi, dünyada tanınmış azərbaycanlı elm adamları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.
08/07/2015 16:52
Oktyabrın 14-də təhsil naziri Misir Mərdanov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemlə görüşüb.
Qonağı səmimi salamlayan nazir öncə Azərbaycanla İsrail arasında mövcud olan əlaqələrdən, ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb, ölkəmizdə yəhudi xalqına və dilinə böyük hörmətlə yanaşıldığını qonağın nəzərinə çatdırıb. Son illər Azərbaycanda təhsil sahəsi üzrə aparılan islahatlar, dövlətimizin bu sahəyə ayırdığı diqqət və qayğı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə gördüyü işlər barəsində səfirə məlumat verən nazir Dünya Bankı və bir sıra digər beynəlxalq qurumlarla həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib. Nazir Azərbaycanla İsrail arasında təhsil sahəsi üzrə əlaqələrin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini və İsrailin təhsil sistemi, bu ölkənin Təhsil Nazirliyi ilə sıx əlaqələrin qurulmasında maraqlı olduğunu qeyd edib. Universitetlər və məktəblərarası əlaqələrin yaradılması, birgə elmi-tədqiqat işlərinin və müvafiq təcrübə mübadiləsinin aparılması, eləcə də bu istiqamətdə bir sıra digər təkliflərlə çıxış edən Misir Mərdanov təhsil sahəsində davamlı əməkdaşlığın tərəfdarı olduğunu bildirib. Sonra təhsil naziri ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanması barədə məlumat verib. Misir Mərdanov çıxışının sonunda səfir Mixael Lavon Lotemin fəaliyyəti dövründə Azərbaycan-İsrail təhsil əlaqələri sahəsində müsbət irəliləyişlər olacağına inamını ifadə edib. İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Təhsil nazirinin iki ölkənin təhsil əlaqələrinin inkişaf etdirilməsi fikrini yüksək dəyərləndirən və onunla həmrəy olduğunu bildirən səfir müvafiq istiqamətdə lazımi işlərin aparılmasının vacibliyini önə çəkib. Səfir öz çıxışında Azərbaycanın təhsil nazirinin İsrailə səfər etməsi məsələsinə də toxunub. İsrail universitetləri, ali təhsil müəssisələri haqqında nazirə ətraflı məlumat verən səfir bu tədris ocaqlarının beynəlxalq əməkdaşlığından, onların İsraildə fəaliyyət göstərən və təhsil sahəsinə aidiyyəti olan şirkətlərlə əlaqələrindən danışıb. Qonaq, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin İsraildə mühəndislik, tibb, informasiya-kommunikasiya texnologiyaları və başqa ixtisaslar üzrə təhsil alması təklifini irəli sürüb. Təhsil naziri Misir Mərdanov da öz növbəsində bu təklifi dəstəklədiyini qeyd edib və müvafiq istiqamətdə müəyyən işlər aparılmasının zəruriliyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Fevralın 21-də Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Excelsior” otelində “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr olunmuş seminar keçirilib.
Avropa İttifaqının TAIEX proqramı çərçivəsində keçirilən seminarda təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin Ali təhsil və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Belçikanın Hasselt Universitetinin Elmi-tədqiqat Əlaqələndirmə İdarəsinin direktoru Ann Peters, ali təhsil müəssisələrinin prorektorları, doktorantura şöbələrinin müdirləri və digər rəsmi şəxslər iştirak edib. Seminar iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov doktorluq proqramlarının müzakirəsinin önəmini nəzərə çatdıraraq Avropa İttifaqının yardımı ilə təşkil olunmuş bu tədbirə Belçika, Finlandiya, İsveç və İtaliyadan olan beynəlxalq ekspertlərin də qatılmasının əhəmiyyətini qeyd edib. Nazir bildirib ki, seminarın əsas məqsədi Avropa İttifaqına üzv olan ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasətin, doktorluq proqramlarının konsepsiyasının və prosedurlarının Boloniya prosesinin tələbləri baxımından müzakirə olunmasıdır. Təhsil naziri fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsi və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlərin də müzakirə ediləcəyini söyləyib. Misir Mərdanov, həmçinin Təhsil Nazirliyinin Avropa İttifaqının Tvininq və TAIEX proqramlarında 2009-cu ildən etibarən iştirak etdiyi haqqında məlumat verib. Nazir 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda doktoranturanın ali təhsilin ən yüksək səviyyəsi kimi təsbit olunduğunu bildirib. Hazırda Azərbaycanda doktorantura üzrə təhsil proqramlarının həm universitetlərdə, həm Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, həm də sahəvi elmi tədqiqat institutlarında və elmi təşkilatlarda həyata keçirildiyini qeyd edən təhsil naziri elmi dərəcələrin və elmi adların təsdiq edilməsinin Ali Attestasiya Komissiyasının səlahiyyətinə daxil olduğunu söyləyib. Misir Mərdanov bildirib ki, ölkəmizdə doktorantura təhsili verən müəssisələrin sayı artaraq 2011-ci ildə 177-yə yüksəlib. Həmin müəssisələrdə mindən artıq doktorantın təhsil aldığını nəzərə çatdıran təhsil naziri doktorantura təhsili sahəsində yeni normativ-hüquqi bazanın yaradıldığını qeyd edib. Misir Mərdanov Azərbaycanda aparılan təhsil islahatlarında əsas məqsədin ənənəvi təcrübə əsasında Boloniya prosesinin tələblərinə cavab verən yeni, demokratik və mütərəqqi təhsil sistemi qurmaqdan ibarət olduğunu bildirərək bu baxımdan belə tədbirlərin, qarşılıqlı fikir mübadiləsinin vacibliyinə diqqət çəkib. Respublikamızda doktorantura təhsili sahəsində bu və ya digər məsələlərin həllində yaxından və davamlı olaraq köməklik edən Avropa İttifaqının ekspertlərinin əməyini yüksək qiymətləndirən təhsil naziri mövcud əməkdaşlığın səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, Təhsil Qanunvericiliyi və Siyasəti üzrə Avropa Assosiasiyasının prezidenti, Belçikanın Universitetlər üzrə Dövlət Müvəkkili Jan De Qruf, Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyinin Ali təhsil və elm şöbəsinin baş məsləhətçisi İva Kaunisma, İsveçin Ali Təhsil İdarəsinin məsləhətçisi Lennart Stel, İtaliyanın Degli Studi di Trento Universitetinin Müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Belçikanın Hasselt Universitetinin Elmi-tədqiqat Əlaqələndirmə İdarəsinin direktoru Ann Peters və başqaları doktorantura təhsilinin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsindən söhbət açıb, doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər haqqında fikirlərini bildiriblər. Təhsil naziri Misir Mərdanov seminarın faydalı əməkdaşlıq və açıq müzakirə şəraitində keçməsindən məmnunluğunu bildirərək iki gün müddətində aparılacaq fikir mübadiləsinin ölkəmizdə doktorantura təhsilinin normativ hüquqi bazasının təkmilləşdirilməsinə kömək edəcəyinə və mövcud problemlərin həll yollarının axtarılıb tapılacağına əminliyini ifadə edib. Tədbir iştirakçılarını daha fəal olmağa səsləyən təhsil naziri seminarın işinə uğurlar arzulayıb.
08/07/2015 16:52
Fevralın 21-də təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının 1968-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradıldığını bildirib. Nazir hazırda dünyanın 144 ölkəsinin 3529 ümumi təhsil müəssisəsində Beynəlxalq Bakalavriat Proqramı üzrə iş aparıldığını qeyd edərək bu proqramın əsas məqsədinin şagirdlərin intellektual, sosial, emosional, tədqiqat, müstəqil öyrənmə və mədəniyyətlərarası anlaşma bacarıqlarının inkişaf etdirilməsi olduğunu nəzərə çatdırıb. Beynəlxalq Bakalavriat Proqramının ölkəmizdə 15 ildir tətbiq olunduğu haqqında məlumat verən Misir Mərdanov 2010-cu ildən Təhsil Nazirliyinin nəzdindəki 6 saylı məktəb-liseydə də bu proqramın tətbiqi istiqamətində iş getdiyini, hazırda müvafiq proqram üzrə I, X və XI siniflərdə tədris aparıldığını söyləyib. Nazir Beynəlxalq Bakalavriat Proqramı üzrə orta təhsilini başa vuran məzunların müvafiq təhsil sənədlərinin Azərbaycanda tanınacağını bildirərək bu proqramın tətbiq edildiyi məktəblərin həm maddi-texniki, həm də pedaqoji heyətin hazırlığı baxımından yüksək tələblərə cavab verməli olduğunu vurğulayıb. Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerney səmimi qəbula görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Qonaq Beynəlxalq Bakalavriat Proqramı haqqında ətraflı məlumat verib və bu proqram üzrə orta təhsilini başa vuran məzunların dünyanın nüfuzlu universitetlərinə imtahansız qəbul olunmaq imkanı qazandıqlarını bildirib. Beynəlxalq Bakalavriat Proqramının peşə təhsili və müəllim hazırlığı sahələrində də tətbiqinin mümkünlüyünə diqqət çəkən A.Kerney bu proqramın üstün cəhətlərini sadalayıb. Regional direktor Beynəlxalq Bakalavriat Proqramının dünya üzrə 1 milyondan artıq təhsil alanı əhatə etdiyini nəzərə çatdırıb və müvafiq proqramın ilk növbədə tədrisin keyfiyyətli təşkilinə zəmin yaratdığını vurğulayıb. Daha sonra görüşdə Beynəlxalq Bakalavriat Proqramı üzrə təhsilin Azərbaycanda gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
08/07/2015 16:52
Fevralın 22-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə birgə həyata keçirilən Dövlət Proqramı çərçivəsində indiyə qədər 1824 nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildiyini qeyd edib. Nazir Dövlət Proqramının əsas məqsədinin rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olduğunu nəzərə çatdırıb. Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə yeni qəbul olunanların, təhsil alanların, xaric edilənlərin və məzun olanların məlumatlarının idarəolunması işinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi, seçim, icra və maliyyələşdirilmə prosedurunda çoxtərəfli nəzarət vasitəsilə tam şəffaflığın daha da artırılması məqsədi ilə Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın istifadəyə verildiyini söyləyən təhsil naziri bu sistemin geniş elektron xidmət imkanlarına malik olduğunu vurğulayıb. Misir Mərdanov Məlumat İdarəetmə Sisteminin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən elan edilmiş “İnformasiya-kommunikasiya texnologiyaları ili”ndə fəaliyyətə başlamasının xüsusilə əlamətdar olduğunu bildirib. Təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimat-məruzə ilə çıxış edib. Dövlət Proqramının icrası ilə bağlı görülmüş işləri nəzərə çatdıran təhsil nazirinin müavini 2012-2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq hüququ qazananların ölkələr, ixtisaslar və təhsil səviyyələri üzrə statistik göstəricilərini söyləyib. Məlumat İdarəetmə Sisteminin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2011-ci il 23 may tarixli, 429 saylı fərmanın tələblərinə cavab verdiyini bildirən Q.Novruzov 2011-2012-ci tədris ilindən etibarən xaricdə təhsil üzrə Dövlət Proqramına ərizələrin qəbulunun və digər müvafiq prosedurların elektron şəkildə həyata keçirildiyini söyləyib. Bundan sonra Dövlət Proqramı çərçivəsində xaricə göndərilmiş bütün tələbələr haqqında zəruri məlumatları vahid elektron mənbədən əldə etməyin mümkünlüyünü vurğulayan nazir müavini Məlumat İdarəetmə Sisteminin yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri kimi səciyyələndirib. Q.Novruzov qeyd edib ki, beynəlxalq təcrübədən istifadə edilərək hazırlanmış elektron ərizənin digər elektron ərizələrdən üstün cəhəti məhz ondadır ki, bu sistemdə ərizəçilər sənədləri Təhsil Nazirliyinə təqdim etmək məqsədilə onlara münasib olan vaxtı özləri seçirlər və doldurulan elektron ərizənin bir nüsxəsi isə onların ərizədə göstərdiyi elektron poçt ünvanına göndərilir. Məlumat İdarəetmə Sisteminin Dövlət Proqramının icrasının daha şəffaf şəkildə yerinə yetirilməsini təmin edəcəyini bildirən nazir müavini, həmçinin hökumətin elektron xidmətlər strategiyasına, Dövlət Proqramı çərçivəsində oxuyan tələbələrin təhsilinin maliyyəşləşdirilməsi prosedurlarının sadələşdirilməsinə və operativliyin təmin olunmasına cavab verdiyini nəzərə çatdırıb. Qulu Novruzov Məlumat İdarəetmə Sisteminin əsas xüsusiyyətləri və üstünlükləri haqqında ətraflı məlumat verib, bu sistemə Dövlət Neft Fondunun, habelə digər müvafiq qurumların da qoşulmaq imkanının olduğunu və müvafiq sənədlərin elektron dövriyyəsinin mümkünlüyünü bildirib. Daha sonra Dövlət Proqramına dair yeni veb-saytın (www.xaricdetehsil.edu.gov.az) mövcud imkanlarından söhbət açan nazir müavini saytda informasiyaların sosial şəbəkələr vasitəsilə paylaşılmasının təmin olunması, müvafiq normativ-hüquqi bazanın və təlimat xarakterli zəruri məlumatların yerləşdirilməsi, təqaüdə layiq görülənlərlə daha operativ ünsiyyət yaradılması və digər bu kimi məsələlərin nəzərə alındığını vurğulayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin müasir tələblər baxımından üstün imkanlara malik olduğunu bildirən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov həyata keçirilən tədbirləri ilk növbədə şəffaflığa xidmət etdiyini vurğulayıblar. Xaricdə təhsil üzrə Dövlət Proqramını ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə qayğısının təzahürü kimi səciyyələndirən qonaqlar, həmçinin bu proqram çərçivəsində bir sıra prosedurların sadələşdirilməsi məsələlərinə toxunublar. Təhsil naziri Misir Mərdanov hər il ölkə Prezidenti tərəfindən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına ayrılan vəsaitlərin artırıldığını bildirib. Azərbaycan bugünkü və gələcək inkişafına yönəlmiş bu siyasətin layiqli nəticələr verməsi üçün xarici ölkələrdə təhsil alan gənclərlə daim əlaqə saxlanıldığını söyləyən nazir Dövlət Proqramının bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı