• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Sentyabrın 15-də Bakının Nəsimi rayonundakı elitar gimnaziya əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva elitar gimnaziyaya gəliblər. Məktəblilər Mehriban xanıma gül dəstəsi təqdim ediblər. Dövlətimizin başçısı və xanımı müasir standartlara uyğun şəkildə bərpa edilmiş və yenidən qurulmuş gimnaziya ilə tanış olublar. Təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda son illər ərzində məktəb binalarının tikintisi və təmiri geniş vüsət alıb və təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə möhkəmlənib. Ölkə Prezidentinin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış gimnaziyada tədris üçün hər cür şərait yaradıldığını qeyd edən nazir burada 70-ə yaxın sinif otağının olduğunu nəzərə çatdırıb. 1000 şagird yeri olan gimnaziyada yeni dərs ilində 958 məktəblinin təhsil alacağını söyləyən Misir Mərdanov onların təlim-tərbiyəsi ilə 93 müəllimin məşğul olacağını vurğulayıb. Onu da qeyd edək ki, 2007-2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Cari ildə bu məktəbin 76 məzunu respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul imtahanlarında iştirak edib, onlardan 70-i tələbə adını qazanıb. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb. Gimnaziya binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb. Dövlətimizin başçısı ikinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxıb, tədris prosesi, dərs vəsaitləri ilə maraqlanıb. Yeni kompüterlərlə təmin olunub kompüter otağında dərs keçən V sinfin 24 şagirdinə ölkə rəhbəri tərəfindən fərdi noutbuklar hədiyyə edilib. Prezident İlham Əliyev VI sinif şagirdlərinə riyaziyyat fənninin elektron lövhədə tədrisi prosesini izləyib. Müəllimlər otağında yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev pedaqoqları yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra gimnaziyanın kitabxanası, kimya kabineti, idman salonu və həyətində yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə ölkədə təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğıya, pedaqoq əməyinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edən müəllimlər bildiriblər ki, bütün bunlar tədrisin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”ı çərçivəsində Təhsil Nazirliyinin internetdən istifadə məsələləri üzrə Şurası yaradılıb.

Qurumun əsas məqsədi təhsil ocaqlarında zərərli informasiyaya çıxışı məhdudlaşdırmaqdır. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi əlaqələndirəcək. Şuranın tərkibinə valideyn, müəllim, mədəniyyətşünas, habelə Dövlət Proqramının reallaşdırılmasında Təhsil Nazirliyinin tərəfdaşları olan “Mədəd” humanitar təşkilatı, ULTRA şirkəti, Azedunet təşkilatı, Microsoft Azərbaycan şirkəti, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları daxildir. Qurumun əsas fəaliyyət istiqamətləri təhsildə məzmunun filtrasiyası və tədris ocaqlarında təhsil alan məktəblilərin və tələbələrin zərərli informasiyaya çıxışını məhdudlaşdırmaq üzrə tövsiyələr və praktik təkliflər hazırlamaqdır. Bu prosesi təmin etmək üçün şura Böyük Britaniyanın, ABŞ-ın, Rusiyanın və Estoniyanın təcrübəsindən geniş istifadə edəcək. Qeyd edək ki, hazırda ABŞ-da geniş tətbiq olunan veb-senz Filtrasiya Şurası tərəfindən nəzərdən keçirilir. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Boloniya prosesində ali təhsildə keyfiyyətin idarəolunması» mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin müvafiq şöbə və struktur bölmə rəhbərləri, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin nümayəndələri, tanınmış alimlər və tələbələr iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayıb və tədbirə qatılan türkiyəli qonaqları təqdim edib. Bu konfransın Azərbaycan Dövlət Pedaqoji və Qafqaz universitetlərinin təşəbbüsü ilə keçirilməsinin təsadüfi olmadığını vurğulayan nazir bildirib ki, son illər bu ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret işlər görülüb, tədris prosesində informasiya texnologiyalarının tətbiqi, şəffaflığın təmin edilməsi yönündə müsbət təcrübə qazanılıb. Misir Mərdanov ölkəmizdə ali təhsil sahəsində aparılan islahatların əsas məqsədlərindən bəhs edib, ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası, informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, keyfiyyətli və səmərəli ali təhsil sisteminin formalaşdırılması məsələlərindən söz açıb. Ölkəmizdə ali təhsilin Boloniya prosesi çərçivəsində yenidən formalaşdırılması işinə Təhsil Nazirliyi ilə bərabər universitetlərin də təşəbbüskar və yaradıcı yanaşmasının vacibliyini vurğulayan təhsil naziri bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Daha sonra konfransın plenar iclasında Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim Kurulunun (YÖK) icraçı heyətinin üzvü Şaban Çalış, Mərmərə Universitetinin rektoru Zafer Gül, Sakarya Universitetinin rektoru Muzaffer Elmas, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov və Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Kaya Bakkalbaşı çıxış ediblər.

2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir.

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2010-2011-ci dərs ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin III turu başa çatıb və "Ən yaxşı müəllim" müsabiqəsi isə davam edir. Builki "Ən yaxşı müəllim" müsabiqəsində iştirak üçün 425 müəllim sənəd təqdim edib. Onlardan 10-nun sənədi müvafiq tələblərə cavab vermədiyi üçün baxılmayıb, 415 müəllimin sənədi isə ekspertizadan keçirilib. Sənəd verənlərdən 156 nəfər (37,5 faiz) Bakının, 42 nəfər (10 faiz) Təhsil Nazirliyinin nəzdindəki məktəblərin, 39 nəfər (9,3 faiz) Sumqayıtın, 178 nəfər isə digər rayon və şəhərlərin müəllimləridir. Bu il Naftalan şəhəri, Ağdam, Qobustan, Daşkəsən, Yardımlı, Kəlbəcər, Neftçala, Gədəbəy, Laçın, Tərtər, Saatlı, Sabirabad, Xocavənd, Xocalı rayonlarının məktəblərindən heç bir müəllim müsabiqəyə sənəd təqdim etməyib. "Ən yaxşı müəllim" müsabiqəsinə sənədləri qəbul edilmiş müəllimlərin göstəricilərinin ekspertizasının nəticələrinə görə, 415 nəfərdən 217-si (52,2 faiz) 1,3–3,8 civarında bal toplayaraq müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazanıb ki, bu da ötən ildəkindən 13 nəfər çoxdur. Müsabiqənin ikinci mərhələsində iştirak edən 217 nəfərdən 57-si ibtidai sinif, 35-i ingilis dili, 25-i Azərbaycan dili və ədəbiyyat, 23-ü tarix, 20-si riyaziyyat, 12-si coğrafiya, 11-i biologiya, 9-u fizika, 6-sı fransız dili, 5-i kimya, 4-ü informatika, 2-si alman dili, 2-si musiqi, 2-si rus dili (rus bölməsi), 1-i fiziki tərbiyə, 1-i gənc­lərin çağırışaqədərki hazırlığı, 1-i rus dili (Azərbaycan bölməsi), 1-i təsviri incəsənət müəllimidir. Müsabiqədə iştirak edən 217 müəllimdən 55–nin təqdimatı müvafiq komissiya tərəfindən qiymətləndirilib. Gələn ayın sonunadək qalan müəllimlərin təqdimatlarının da dinlənilərək qiymətləndirilməsi nəzərdə tutulur. Yekun nəticələrə görə onlardan ən yaxşı 95-i müsabiqənin qalibi adına layiq görüləcəkdir. "Ən yaxşı müəllim" müsabiqəsinin 5 qalibi isə hər il olduğu kimi, Naxçıvan Muxtar Respublikasının müəllimləri arasından seçiləcəkdir. Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikamızın əksər bölgələrini təmsil edən 145 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu isə keçən illə müqayisədə 22 məktəb çoxdur. Onlardan 63-ü (43 faiz) Bakının, 82-si (57 faiz) digər rayon və şəhərlərin məktəbləridir. İştirak üçün sənədləri qəbul edilmiş məktəblərin göstəriciləri əvvəlki illərdə olduğu kimi, 10 ballıq sistem üzrə qiymətləndirilib. Ekspertizanın nəticələrinə görə, 145 məktəbdən 108-i (74 faiz) 2,3–7,8 arasında bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Onlardan 4 məktəbin direktoru üzrlü səbəblərdən üçüncü mərhələdə – təqdimat mərhələsində iştirak etməyib. Müvafiq qaydalara görə, 104 məktəb üzrə ikinci mərhələnin nəticələri isə IX və XI sinif şagirdlərinin yoxlama imtahanlarında fənlər üzrə əldə etdikləri keyfiyyət faizi əsasında müəyyənləşdiriləcəkdir (hazırda bu istiqamətdə iş aparılır). Artıq III turu başa çatmış müsabiqənin hər üç mərhələsinin nəticələrinə Təşkilat Komitəsində baxılaraq qalib olan 47 ümumtəhsil məktəbi müəyyən ediləcək. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 3 qalibi isə ötən illərdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasının tədris ocaqları arasından seçiləcəkdir.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin martında 1707 müraciət daxil olub.

Müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib. Əksəriyyəti (1490 müraciət) sorğu və məlumat xarakterli olan müraciətlər əsasən ümumtəhsil məktəblərinə, məktəbəqədər təhsil müəssisələrinə, ali və orta ixtisas təhsili ocaqlarına aiddir. Məktəbdənkənar və texniki peşə təhsili müəssisələri, eləcə də xaricdə təhsil məsələləri ilə bağlı müraciətlər də daxil olub. Ölkə təhsilinin inkişafına yönəlmiş proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, maliyyələşdirmə, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Təhsil sənədlərinin alınması və nostrifikasiyası, buraxılış imtahanlarının, fənn olimpiadalarının təşkili və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, birinci siniflərə şagird qəbulu ilə əlaqədar müraciətlərin sayı da artıb. Həmçinin müəllimlərin dərs yükünün bölünməsi, məktəbli formasının tətbiqi, birinci siniflərdə əlifba bayramının təşkili və digər məsələlər barədə sorğular qeydə alınıb və cavablandırılıb. Şikayət xarakterli müraciətlərin təhlili göstərir ki, onların böyük əksəriyyəti ümumtəhsil məktəbləri ilə əlaqədardır. Belə ki, Bakı şəhər ümumtəhsil məktəblərindən 78, digər şəhərlərin ümumtəhsil məktəblərindən 15 (Gəncədən 7, Sumqayıtdan 6, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Abşeron rayonundan 10, Şəki və Qusar rayonlarının hər birindən 4 , Lənkəran, Lerik, Tərtər rayonlarının hər birindən 3, Ağdaş, Neftçala, Saatlı, Şamaxı, İmişli, Göygöl, Qobustan, Beyləqan, Sabirabad, Ağcabədi, Goranboy, Masallı, Qəbələ rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 2 və Şabran, Şəmkir, Cəlilabad, Samux, Xocavənd, Gədəbəy, Ağsu, Daşkəsən, Tovuz, Siyəzən, Quba, Bərdə, Laçın, Kürdəmir, Ağdam, Biləsuvar, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1 şikayət xarakterli müraciət daxil olub. Ümumtəhsil məktəbləri ilə bağlı müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarətdir. Müraciətlərin araşdırılması zamanı 35 faiz müraciətdə ad, soyad, telefon nömrəsi göstərilsə də, onların anonim olduğu aşkarlanıb, 40 faiz müraciətdə qeyd olunan faktlar isə öz təsdiqini tapmayıb. Dəqiq və ünvanlı müraciətlər üzrə aparılmış araşdırma nəticəsində qaldırılmış məsələlər öz həllini tapıb, iki ümumtəhsil məktəbinin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib. Belə ki, müvafiq müraciət əsasında İ.Əfəndiyev adına Elitar gimnaziyanın informatika müəllimi Əliyar Baxışovun şagirdlərin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyi müəyyənləşdirilib və tədris ocağının rəhbərliyi tərəfindən ona töhmət verilib. Digər bir müraciətin araşdırılması nəticəsində isə şagirdlərə 1 manat fond pulu gətirmək tapşırığı vermiş Xəzər rayonundakı 183 nömrəli məktəbdə V sinfin rəhbəri İ.Hacıyevaya ciddi xəbərdarlıq edilib. “Qaynar xətt”ə məktəbəqədər təhsil müəssisələrindən 9, lisey tipli məktəblərdən 5, internat məktəblərdən 2, məktəbdənkənar tərbiyə müəssisələrindən 2 şikayət qəbul edilib. Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 12, özəl ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar 24 müraciət qeydə alınıb. Məktəbəqədər müəssisələrlə bağlı şikayətlərin böyük əksəriyyəti bu təhsil ocaqlarına qəbul və iş rejimi ilə əlaqədardır. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan şikayətlərdə imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, müxtəlif növ nəşrlərin satışı və digər məsələlər əks olunub. Dekanlıq tərəfindən külli miqdarda vəsait tələb olunduğunu bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu fakültəsinin V kurs tələbəsi Sənan Yusifovun müraciəti ilə əlaqədar aparılmış araşdırma nəticəsində fakt təsdiqini tapmayıb və müvafiq materiallar araşdırılmaq üçün hüquq mühafizə orqanlarına göndərilib. Ötən ay özəl ali təhsil müəssisələri ilə bağlı 24 şikayət daxil olub. Onlardan 1-i Azərbaycan Kooperasiya Universiteti, 2-si Odlar Yurdu Universiteti, 21-i isə Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədardır. Azərbaycan Kooperasiya Universitetində kitab satışının təşkili, Odlar Yurdu Universitetində diplomlara görə rüsum tələb olunması, Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin sənədlərinin verilməsi zamanı çoxsaylı problemlərin yaradılması ilə bağlı müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb. Beləliklə, martda “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 91,5 faizi müsbət cavablandırılıb və qaldırılmış məsələlər müvafiq qaydada həllini tapıb.

Aprelin 21-də Gəncə şəhərindəki 27 nömrəli məktəb–liseydə "Müasir təhsilin davamlı inkişafı: reallıqlar, perspektivlər" mövzusunda zona elmi–praktik konfransı keçirilib.

Konfransda təhsil naziri Misir Mərdanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil Problemləri İnstitutunun əməkdaşları, Gəncə Şəhər Təhsil İdarəsinin, Naftalan şəhər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy rayon təhsil şöbələrinin müdirləri, metodistlər, məktəb direktorları iştirak ediblər. Təhsil naziri Misir Mərdanov və konfrans iştirakçıları öncə məktəbin foyesində təşkil edilmiş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sonra nazir riyaziyyat müəllimləri Yeganə Səfərovanın III sinifdə, Nabat Qasımovanın IX sinifdə apardıqları açıq dərslərdə iştirak edib. Konfransı giriş sözü ilə açan Misir Mərdanov son illər respublikamızda aparılan təhsil islahatları haqqında məlumat verib. Təhsil naziri bildirib ki, ölkənin davamlı inkişafı üçün daim təhsilin səviyyəsinin yüksəldilməsinə diqqət yetirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir. Son illər Gəncədə müşahidə olunan dinamik inkişafdan söz açan nazir ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirdiyini vurğulayıb, bu məqsədlə qəbul olunmuş  proqram çərçivəsində görülən misilsiz işlər haqqında danışıb. Təhsil sahəsinin inkişaf perspektivlərinə həsr olunmuş belə tədbirlərin keçirilməsinin vacibliyini söyləyən Misir Mərdanov konfransın əhatə etdiyi 11 rayonda təhsilin mövcud durumu haqqında aydın təsəvvür yaradan məlumatları iştirakçıların nəzərinə çatdırıb.

Aprelin 23-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, maliyyə nazirinin müavini Azər Bayramov, Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin sədri Novruzəli Orucov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Səbail rayon icra hakimiyyəti başçısının müavini Xalidə Bayramova iştirak ediblər. Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8-18 yaşlı uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 185 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb. Sonra qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimindən sonra iştirakçılar uşaqların əl işlərindən ibarət sərgidə nümayiş etdirilən eksponatlara baxıblar.

Aprelin 24-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin yekun mərhələsinə həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, təhsil nazirinin müavinləri və Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının ildönümlərinə həsr edilmiş inşa yazı müsabiqəsinin Azərbaycanda həyata keçirilən ən kütləvi tədbir olduğunu qeyd edib. Müsabiqənin keçirilməsinə 2007-ci ildən başlandığını diqqətə çatdıran nazir ictimaiyyətin bu ənənəni dərin rəğbətlə qarşıladığını bildirib. Təhsil naziri qeyd edib ki, hər il bir qayda olaraq, ümumtəhsil məktəblərinin VII-XI sinif və peşə liseyləri şagirdlərinin qatıldığı müsabiqə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 3 mərhələdə – məktəb, rayon (şəhər) və yekun (respublika) mərhələlərində keçirilir. Nazirin verdiyi məlumata görə, ötən illərdə olduğu kimi, bu il də müsabiqənin məktəb və rayon (şəhər) mərhələlərində 700 minədək məktəbli iştirak edib. Müsabiqənin yekun mərhələsində 97 məktəblinin iştirak etmək hüququ qazandığını vurğulayan Misir Mərdanov müsabiqəyə şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə hədsiz hörmət və ehtiramın parlaq ifadəsi olduğunu bildirib. İnşa müsabiqəsinin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran nazir qaliblərə mükafat və müxtəlif hədiyyələrin təqdim ediləcəyini, ən yaxşı işlərin toplu şəklində nəşr olunacağını söyləyib. Təhsil naziri Misir Mərdanov çıxışının sonunda bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb. Sonra müsabiqənin yekun mərhələsinin mövzusu elan edilib və məktəblilər «İnsanlara və insanlığa nümunə olan dahi şəxsiyyət» adlı inşa yazmağa başlayıblar.

Aprelin 29-da Təhsil Nazirliyində “Şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin hər zaman idmanın inkişafına xüsusi qayğı göstərdiyini vurğulayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətində də bu sahəyə xüsusi önəm verildiyini nəzərə çatdırıb. Azərbaycanda sevilən idman növlərindən biri olan şahmatın inkişaf yolu, müstəqillik illərində qazanılan uğurlar haqqında ətraflı məlumat verən təhsil naziri bu dövrdə idmançılarımızın Dünya və Avropa birinciliklərində 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazandığını qeyd edib. Azərbaycanın Beynəlxalq Şahmat Federasiyasının (FİDE-nin) reytinq cədvəlinə görə 159 ölkə arasında 9-cu yerdə qərarlaşdığını söyləyən nazir dünyanın 20 ən güclü şahmatçıları sırasında Şəhriyar Məmmədyarovun 8-ci, Vüqar Həşimovun 11-ci, Teymur Rəcəbovun isə 12-ci yerə yüksəldiyini bildirib. Xalqın intellektual səviyyəsini nümayiş etdirən idman növü kimi ölkəmizin beynəlxalq səviyyədə tanınmasında şahmatın rolundan bəhs edən Misir Mərdanov bu baxımdan 2002-ci ildə Bakıda gənclər arasında Avropa, 2003-cü ildə isə Naxçıvanda keçirilən Dünya çempionatları və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mötəbər Beynəlxalq turnirlərin əhəmiyyətinə toxunub. Ölkə Prezidentinin 5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirləri nəzərə çatdıran təhsil naziri son illər nəinki paytaxtımızda, eləcə də regionlarda şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların müasir inventar və kompüter avadanlıqları ilə tam təmin olunması istiqamətində görülmüş işləri sadalayıb. Bütün bunların şahmatçılarımızın beynəlxalq yarışlarda daha parlaq uğurlara imza atmasına zəmin yaratdığını bildirən nazir məktəblilərin 2009-cu ildə Avropa və Dünya birinciliklərində 5, 2010-cu ildə isə 15 medal qazandıqlarını diqqətə çatdırıb. Misir Mərdanov şahmat sahəsində formalaşmış ənənənin davam etdirilməsi üçün görülən işlərdən biri kimi “Şahmat dünyası” multimedia sisteminin hazırlanmasını yüksək dəyərləndirib, dünya təcrübəsinə əsaslanan bu tədris vəsaitinin sanballı əyani bir vəsait olacağına inamını ifadə edib. Elektron vəsaitə Azərbaycan şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, taktika və kombinasiyalar, şahmat praktikasında rast gəlinən mübahisəli hallar, dünya çempionlarının 101 miniatürü və digər bölmələrin daxil edildiyini söyləyən nazir bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib, “Şahmat dünyası” multimedia sisteminin II hissəsinin də hazırlanacağı barədə məlumat verib. Azərbaycan şahmatçılarının hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq dünya arenasında tanındığını qeyd edən təhsil nazirinin müavini Elmar Qasımov son illər məqsədyönlü dövlət qayğısı sayəsində bu istiqamətdəki nailiyyətlərimizin daha da artdığını nəzərə çatdırıb. Nazir müavini bildirib ki, həyata keçirilən möhtəşəm tədbirlərin nəticəsidir ki, Azərbaycanda şahmatın kütləviliyi artıb, şahmat məktəbləri müasir texnologiyalarla təmin olunub və elektron vəsaitlər hazırlanaraq gənc şahmatçıların istifadəsinə verilib. Daha sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, “Çaşıoğlu-Multimedia” Şirkətinin direktoru Rəhilə Səfərəliyeva, Şamaxı Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif Ağayev çıxış edib, “Şahmat dünyası” multimedia sisteminin istifadəyə verilməsinin şahmatın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Sonda təhsil naziri Misir Mərdanov “Şahmat dünyası” multimedia sisteminin ilk nüsxələrini gənc şahmatçılara təqdim edib və onlara yeni-yeni uğurlar arzulayıb.

Aprelin 30-da Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ətraf mühiti qoruyaq” mövzusunda məktəblilər arasında təşkil edilmiş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektorunun müdiri Qənirə Sultanova, məktəbdənkənar və orta təhsil müəssisələrinin müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Elmar Qasımov qonaqları və məktəbliləri salamlayaraq Təhsil Nazirliyi tərəfindən məktəblilərin ekoloji təhsili və tərbiyəsi işinin daha da təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib. Son illərdə uşaqların ekoloji təhsilinin yaxşılaşdırılması baxımından əldə edilmiş uğurlardan bəhs edən nazir müavini məktəblilərin ekoloji biliklərin tətbiqinə böyük həvəslə yanaşmasını yüksək dəyərləndirib. Elmar Qasımov deyib ki, respublikamızın müxtəlif regionlarından 3 yaş qrupu üzrə 2000-dən artıq məktəblinin qatıldığı müsabiqədə nümayiş etdirilən rəsmlərdə ana yurdumuzun zəngin təbiəti, misilsiz təbii sərvətləri, ekoloji məsələlər və ətraf mühitin qorunması məqsədilə görülən işlər böyük məhəbbətlə əks etdirilib. Mərasimdə çıxış edən qonaqlar məktəblilərə ekoloji təhsildə yeni-yeni nailiyyətlər arzulayıb, ətraf mühitin qorunması məqsədilə keçirilən aylıqlarda, ekoloji aksiyalarda və digər müvafiq tədbirlərdə daha yaxından iştirak etməyi tövsiyə ediblər. Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim olunub. Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı