SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 3-də təhsil naziri Misir Mərdanov Türkiyənin Hacəttəpə Universitetinin rektoru Uğur Erdenerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Hacəttəpə Universitetinin prorektoru Sevil Gürgan, həmin ali məktəbin iqtisadiyyat fakültəsinin dekanı Ahmed Burcen, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə attaşesi Nəcibə Nəsibova, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev iştirak ediblər. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Misir Mərdanov Azərbaycanla Türkiyə arasında təşəkkül tapmış qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılan əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Təhsil naziri Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından biri olan Hacəttəpə Universitetinə marağın böyük olduğunu, gənclərin xüsusilə iqtisadiyyat, tibb və mühəndislik ixtisaslarına üstünlük verdiyini bildirib. Hacəttəpə Universitetinin rektoru Uğur Erdener səmimi münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən, mövcud sahədə müvafiq işlərin həyata keçirilməsindən danışıb. Qonaq rəhbəri olduğu ali məktəb haqqında məlumat verib, Hacəttəpə Universitetində dünyanın 70 ölkəsindən 800 əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Qəbul planı həddinə görə əcnəbi tələbələrin sayını istədikləri həddə qədər qaldıra bilmədiklərini söyləyən rektor bütün bunlara baxmayaraq, Azərbaycandan daha çox tələbənin Hacəttəpə Universitetində təhsil almasında maraqlı olduqlarını qeyd edib. Azərbaycanda daha yaxşı tanınmaq üçün müvafiq təhsil sərgilərində təmsil olunmağın zəruriliyinə toxunan Misir Mərdanov Hacəttəpə Universitetinin digər nümayəndələrinin də ölkəmizə səfərlərinin təşkilini əhəmiyyətli hesab etdiyini bildirib.
08/07/2015 16:52
Mayın 4-də Akademik Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “İstedada diqqət və qayğı gələcəyə yönəlik sərmayədir” adlı müsabiqənin yekunlarına həsr edilmiş konfrans keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, millət vəkilləri Məlahət Həsənova, Gülər Əhmədova, Valideyn-Müəllim Assosiasiyasının (VMA) icraçı direktoru Təranə Şərifova, paytaxtın icra hakimiyyətlərinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilmiş müsabiqə istedadlı şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə ədəbi–bədii və kompüter layihələri üzrə məktəb, rayon və şəhər mərhələlərində keçirilib. Konfransı giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva qeyd edib ki, müsabiqəyə minlərlə şagird qatılıb. Balaca istedadların müsabiqə vasitəsilə həm öz bacarıqlarını nümayiş etdirdiyini, həm də ümummilli liderimiz haqqında dəyərli fikirlər söyləmək imkanı qazandıqlarını bildirən N.Rzaquliyeva ölkə Prezidentinin həyata keçirdiyi gənclər siyasətini, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın hər zaman uşaqlara göstərdiyi diqqəti cəmiyyətimizin gələcəyi naminə atılmış mühüm addımlar kimi səciyyələndirib. N.Rzaquliyeva Bakı təhsilinə xüsusi qayğı ilə yanaşan təhsil naziri Misir Mərdanova, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə və müsabiqəyə təqdim edilmiş hər bir işə obyektiv qiymət vermiş münsiflər heyətinin üzvlərinə dərin təşəkkürünü bildirib. Sonra müsabiqə qalibləri mükafatlandırılıb və şagirdlərin ifasında musiqi nömrələri dinlənilib. Bildirilib ki, birinci yerə layiq görülmüş şagirdlərə il ərzində hər ay 50 manat məbləğində təqaüd təqdim olunacaq. Təhsil naziri Misir Mərdanov müsabiqədə iştirak etmiş və qalib adını qazanmış şagirdlərə uğurlar arzulayıb, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə maraqlı tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Ulu öndərin istedadlı uşaqları milli sərvət adlandırdığını, daim istedadların qayğısına qaldığını vurğulayan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara misilsiz qayğısından söz açan Misir Mərdanov qeyd edib ki, bugünkü istedadları qorumaq hər kəsin borcudur. İstedadlı şagirdlərin aşkar edilməsinin əhəmiyyətinə toxunan təhsil naziri bu baxımdan məktəb rəhbərlərinin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.
08/07/2015 16:52
Mayın 5-də Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbirdə millət vəkilləri, universitet rektorları, bir sıra dövlət qurumlarının rəhbərləri, məktəb direktorları, müəllim, şagird və valideynlər iştirak edib. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov istedadlı gənclərin aşkar edilməsi, onlara xüsusi diqqətlə yanaşılması istiqamətində görülən işləri qeyd edib. Nazir istedadlı gənclərin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin uğurlarından söz açıb. Təhsil naziri bildirib ki, fənn olimpiadaları istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, məktəblilər arasında sağlam rəqabətin yaranmasına, keyfiyyətli təhsil almağa marağın güclənməsinə geniş imkanlar açır. Sonra Misir Mərdanov məktəblilərin fənn olimpiadalarının mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunduğunu, sonuncu respublika mərhələsinin isə cari ilin mart ayında keçirildiyini deyib. Nazirin verdiyi məlumata görə, olimpiadada ölkə üzrə 347052 nəfər IX-XI sinif şagirdindən 29322 nəfəri I turda, 11123 nəfəri II turda, 1132 nəfəri isə respublika turunda iştirak edib. Qeyd olunub ki, məktəblilərin fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 233 iştirakçıdan I yerə 4, II yerə 9, III yerə 12, IV yerə 66, Azərbaycan tarixi fənni üzrə 214 iştirakçıdan I yerə 3, II yerə 8, III yerə 11, IV yerə 31, riyaziyyat fənni üzrə 168 iştirakçıdan I yerə 4, II yerə 7, III yerə 12, IV yerə 35, fizika fənni üzrə 121 iştirakçıdan I yerə 4, II yerə 2, III yerə 9, IV yerə 17, kimya fənni üzrə 142 iştirakçıdan I yerə 7, II yerə 8, III yerə 11, IV yerə 30, biologiya fənni üzrə 216 iştirakçıdan I yerə 4, II yerə 3, III yerə 6, IV yerə 72 və informatika fənni üzrə 38 iştirakçıdan I yerə 4, II yerə 3, III yerə 5, IV yerə 5 nəfər layiq görülüb. Eyni zamanda nazir ümumilikdə 1132 iştirakçıdan 30 nəfərin I yer, 40 nəfərin II yer, 66 nəfərin III yer, 256 nəfərin isə IV yer üzrə qalib olduğunu diqqətə çatdırıb. Tədbirdə nazir Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Aslanlı Emil Əflan oğlunun Azərbaycan dili və ədəbiyyat fənnindən IX sinif şagirdləri ilə birgə iştirak etdiyi və yüksək nəticə göstərərək II yeri tutduğu barədə məlumat verib və onun uğurunun xüsusilə təqdirəlayiq olduğunu söyləyib. Təhsil naziri olimpiadanın yekun turunda Naxçıvan Muxtar Respublikasının, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, Qazax rayonlarının, Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Türk Özəl Liseyləri şagirdlərinin daha fəal iştirak etdiyini açıqlayıb. Misir Mərdanov Təhsil Nazirliyinin nəzdindəki Heydər Əliyev adına liseyin, Akademik Zərifə Əliyeva adına tam orta məktəbin, Bakı Avropa Liseyinin, Fizika-riyaziyyat və informatika təmayüllü liseyin, 6 nömrəli məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziyanın, “Zəngi” liseyinin, “Elitar” gimnaziyanın, “Tərəqqi” liseyinin, 132-134 nömrəli təhsil kompleksinin və Kimya-biologiya təmayüllü liseyin şagirdlərinin də yekun turda müsbət nəticələr göstərdiyini bildirib. Çıxışının sonunda nazir tanınmış alim və ziyalılardan ibarət olan münsiflər heyətinin istedadlı uşaqların aşkara çıxarılması sahəsində böyük əmək sərf etdiklərini diqqətə çatdırıb, təhsilimizin inkişafı naminə əsl vətəndaş təəssübkeşliyi göstərən bu şəxslərə dərin təşəkkürünü bildirib, eləcə də olimpiada qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, millət vəkili Rəbiyyət Aslanova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu tədbirin məhz ulu öndərin 88-ci ildönümü ərəfəsində keçirilməsini diqqətəlayiq hal kimi dəyərləndirib, intellektual potensialın möhkəmləndirilməsinə, istedadlı şagirdlərin aşkara çıxarılmasına xidmət edən bu ənənənin yüksək əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Çıxış edənlər olimpiada qaliblərini böyük zəhmət və intellektlə əldə etdikləri nailiyyət münasibətilə təbrik ediblər. Sonda fənn olimpiadaları qaliblərinə diplom və hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt”inə yanvarın 5-dən bugünədək 79 müraciət daxil olub. Onlardan 25-i anonim, digərləri ünvanlıdır. Araşdırmalar zamanı bir sıra müraciətlərin də anonim olduğu aşkarlanıb.
79 müraciətdən 36-sı ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı olub. Onlardan 24-ü dövlət, 12-si özəl ali və orta ixtisas təhsili müəssisələrinə aiddir. Ali və orta ixtisas təhsili müəssisələrinə dair müraciətlərin 15-i anonim xarakterlidir. Müraciətlər məzmunca şikayət, təklif və sorğu xarakterli olub. Bütün müraciətlər araşdırılıb, sorğular cavablandırılıb, təkliflər isə müraciətlər ümumiləşdirilərkən təhlil olunaraq nəzərə alınacaq. Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyası dövründə “Qaynar xətt”ə daxil olan müraciətlər və görülmüş tədbirlər barədə məlumatlar cari ilin fevralında ictimaiyyətə çatdırılacaq.
08/07/2015 16:52
Mayın 6-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında təşkil olunmuş inşa yazı müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.
Mərasimdə millət vəkilləri, universitet rektorları, bir sıra dövlət qurumlarının rəhbərləri, məktəb direktorları, müəllim, şagird və valideynlər iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müasir dövlətçiliyimizin qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün ölkəmizin hər yerində geniş qeyd olunduğunu bildirib, Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq fəaliyyət planının ardıcıl həyata keçirildiyini nəzərə çatdırıb. Nazir qeyd edib ki, Təhsil Nazirliyinin Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə gerçəkləşdirdiyi kompleks tədbirlərdən biri olan müsabiqəyə ümumtəhsil məktəbi və peşə liseylərinin 700 minədək şagirdi qatılıb. Müsabiqənin 3 mərhələdə – məktəb, rayon (şəhər) və yekun (respublika) mərhələlərində keçirildiyini söyləyən Misir Mərdanov bu bilik yarışmasına şagirdlərin böyük maraq göstərməsini əlamətdar hal kimi dəyərləndirib, bunun ulu öndərin xatirəsinə ehtiramın parlaq ifadəsi olduğunu bildirib. Müsabiqənin eyni şərtlər daxilində Naxçıvan Muxtar Respublikasında da keçirildiyini nəzərə çatdıran təhsil naziri inşa yazıların müvafiq ekspert qrupu tərəfindən qiymətləndirildiyi, 3 nəfərin I, 4 nəfərin II, 6 nəfərin III, 65 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyü haqda məlumat verib, bütün təşkilatçılara və bilik yarışmasının keçirilməsində zəhməti olanlara təşəkkür edib. Artıq hər il təşkil olunan müsabiqəni ölkəmizdə gənc istedadların aşkara çıxarılmasına yönəlmiş genişmiqyaslı tədbirlərin tərkib hissəsi kimi səciyyələndirən nazir, bu baxımdan ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. Müsabiqə qaliblərinin inşa yazılarından ibarət kitabın çap olunduğunu söyləyən Misir Mərdanov fərqlənən məktəbliləri səmimi qəlbdən təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Sonra çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov müsabiqənin əhəmiyyəti barədə fikirlərini bildirib, ulu öndərin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onların dövlətçilik təfəkkürünün formalaşmasına olduqca müsbət təsir göstərdiyini qeyd ediblər. Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Mayın 6-da təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyasının üzvləri, təhsil üzrə baş mütəxəssis Meskerem Mulatu, təhsil mütəxəssisi Nino Kutateladze və proqram yardımçısı Səbinə Cəfərova ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamladıqdan sonra missiyanın ölkəmizdə olduğu müddətdə Təhsil Nazirliyində keçirdiyi görüşlərin, apardığı müzakirələrin nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə müsbət təsir edəcəyinə inandığını bildirib. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində görülən işlərdən söz açan nazir xüsusilə kurikulumun tətbiqi istiqamətində atılmış uğurlu addımlardan danışıb, bu sahədə əldə olunmuş nailiyyətləri və bir sıra məsələləri diqqətə çatdırıb. Təhsil naziri ibtidai siniflərdə kurikulumun tətbiqinin monitorinqinin keçirildiyini, bununla bağlı maarifləndirmə işlərinin aparıldığını deyib. Bu məqsədlə xüsusi vəsaitlərin, valideynlər üçün tövsiyələrin hazırlanmasının zəruriliyini vurğulayan nazir, eyni zamanda ixtisasartırma təhsili üzrə keyfiyyətin yüksəldilməsinə dair reallaşdırılan tədbirləri də nəzərə çatdırıb. Misir Mərdanov müəllimlərin işə qəbulu üzrə yeni qaydalarının hazırlanmasının, məktəb kitabxanalarının zənginləşdirilməsinin, təhsil müəssisələrinin akkreditasiyasının aparılmasının və digər həyata keçirilən tədbirlərin TSİİL çərçivəsində görülən işlər kimi əhəmiyyətini qeyd edib, habelə bu layihəyə uyğun olaraq rasionallaşdırma və adambaşına maliyyələşmə sahəsinin də diqqət mərkəzində olduğunu bildirib. Dünya Bankının təhsil üzrə baş mütəxəssisi Meskerem Mulatu səmimi qəbul və görülən işlər haqqında ətraflı məlumat verdiyi üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. TSİİL çərçivəsində komponent koordinatorları ilə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadiləsi barədə danışan qonaq, eyni zamanda Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi ilə Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin işinin təkmilləşdirilməsi üçün dəstək göstərilməsi, ixtisasartırma təhsili üzrə təlimlərin keçirilməsi məsələlərinə toxunub. Çıxışının sonunda layihənin gedişindən razılığını ifadə edən qonaq TSİİL üzrə digər komponentlərdən də söz açıb. Sonda təhsil naziri Misir Mərdanov Dünya Bankının nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşılıqlı əməkdaşlığın bundan sonra da səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
08/07/2015 16:52
Aprelin 19-dan 21-dək Qazaxıstanın Almatı şəhərində “Təhsil mühitində QİÇS-in profilaktikası və sağlam həyat tərzinin formalaşması” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Ukrayna, Özbəkistan, Qırğızıstan respublikalarından və Rusiya Federasiyasından nümayəndələr iştirak edib. Azərbaycan Respublikasını bu konfransda Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, Təhsil Nazirliyində fəaliyyət göstərən BMT-nin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondunun layihə əlaqələndiricisi Aysel Hacıyeva, Təhsil Problemləri İnstitutunun şöbə müdiri Piralı Əliyev, Bakı şəhəri 248 nömrəli tam orta məktəbin biologiya müəllimi, “Həyati Bacarıqlara Əsaslanan Təhsil” fakültativ kursun dərs vəsaiti həmmüəllifi Gülarə Hüseynova təmsil edib. Konfransın işi 8 sessiyada 37 məruzə dinləməklə 6 qrupda davam edib. Konfransda YUNİSEF-in layihə üzrə məsləhətçisi Brayan Dobson “Həyati Bacarıqlara Əsaslanan Təhsil” layihəsinin hazırlanması, tətbiqi, bu sahədə meydana çıxan çətinliklər barədə fikirlərini bildirib və digər ölkələrdə aparılan işlərdən bəhs edib. Azərbaycan, Makedoniya və Moldovanın bu baxımdan qazandıqları təcrübənin əhəmiyyətini vurğulayan B.Dobson, habelə layihənin uğurla həyata keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Məruzəçi əldə olunmuş nailiyyətləri valideynlərin, müəllimlərin, səhiyyə və ictimaiyyət nümayəndələrinin istəyinin sorğu vasitəsi ilə öyrənilməsi, milli xüsusiyyətlərin nəzərə alınması, müvafiq konsepsiyanın hazırlanması, yetərli hüquqi-normativ bazanın olması, müəllimlərin treninqlərə cəlb edilməsi ilə əlaqələndirib. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə “Azərbaycanda profilaktik təhsilin ümumi vəziyyəti” mövzusunda təqdimat-məruzə edib, bununla bağlı 2008-2010-cu illərdə görülmüş işlər haqqında danışıb. Konfransda profilaktik proqramın məzmun və formasının yeniyetmə və gənclərin sağlam həyat tərzinin formalaşmasında rolu, təhsil müəssisələrinin bu sahədə lazımi qədər tədris və metodiki vəsaitlərlə təmin olunması, orta ixtisas və ali təhsil müəssisələrində profilaktik təhsilə diqqətin artırılması, müvafiq proqram mövzularının yeni nəslin reproduktiv sağlamlığının qorunması məsələlərini əhatə etməsinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, bu məsələlərin həllinə beynəlxalq təşkilatlar, pedaqoji və səhiyyə işçiləri, valideynlər dəstək göstərməlidir. Tədbirin keçirildiyi ilk gündə konfransın işinə Azərbaycandan olan nümayəndələrdən Elnur Əlizadə, sonrakı günlərdə isə üçüncü və səkkizinci sessiyaların işinə Piralı Əliyev və Aysel Hacıyeva sədrlik ediblər. Gülarə Hüseynova isə konfransın yekun qətnaməsinin hazırlanması üçün üç nəfərdən ibarət yaradılmış işçi qrupunun tərkibində fəal iştirak edib.
08/07/2015 16:52
Mayın 7-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının «Uşaq dünyası» rəsm qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88–ci ildönümünə həsr olunmuş «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil edilmiş rəsm müsabiqəsinin nəticələrinə dair mərasim keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Elmar Qasımov, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Uşaq Yaradıcılıq mərkəzlərinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Elmar Qasımov bildirib ki, rəsm müsabiqəsinin əsas məqsədi uşaq və gəncləri ulu öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etmək, istedadlı gəncləri aşkara çıxarmaqdır. Nazir müavini qeyd edib ki, müsabiqəsinin şəhər, rayon mərhələsinə 10 minə yaxın məktəbli qatılıb. Müsabiqənin respublika mərhələsinə 350 rəsm işinin təqdim edildiyini söyləyən E.Qasımov peşəkar rəssamlardan ibarət münsiflər heyətinin seçimi əsasında 18 rəsm müəllifinin qalib elan olunduğunu nəzərə çatdırıb. Tədbirin sonunda müsabiqə qaliblərinə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim olunub.
08/07/2015 16:52
İyulun 1-dən 3-dək Bakıda Türk Dünyası Riyaziyyat Cəmiyyətinin IV konqresi keçiriləcək.
Konqresin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə qərar qəbul edib. Qərara əsasən, konqresin təşkili və keçirilməsi üçün Beynəlxalq Proqram Komitəsi, Məsləhət Şurası və İşçi Qrupu yaradılıb. Konqresin Təşkilat Komitəsinin sədri təhsil naziri Misir Mərdanovdur. Artıq konqresin saytında dünyanın 20-yə yaxın ölkəsindən 800-dək alim qeydiyyatdan keçib və 500-dək məruzə təqdim olunub. Qeyd edək ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunub. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir. Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), II konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), III konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilib. Təşkilatın fəaliyyətinin əsas məqsədi türk əsilli alimlərin bütün dünya üzrə inteqrasiyasına nail olmaq, onların qabaqcıl elmi mərkəzlərlə əlaqələrinin qurulmasına və möhkəmlənməsinə yardım etmək, yeni elmi nəticələri ölkələrimizin iqtisadiyyatının inkişafına yönəltmək, eyni zamanda, türksoylu alimlərin dünya miqyasında tanınmasına dəstək verməkdir.
08/07/2015 16:52
Mayın 10-da təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerlə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanla Almaniya arasında mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir iki ölkənin təhsil sahəsi üzrə səmərəli əlaqələrinin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin əhəmiyyətini xüsusi qeyd edib. Təhsil naziri Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə yaradılmış uğurlu əməkdaşlıqdan söz açıb, bu layihənin Azərbaycan və Almaniya tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir bildirib ki, bu günədək 70-dən çox azərbaycanlı gənc məhz bu proqram çərçivəsində Almaniya universitetlərində təhsil alıb. Almaniya ilə peşə təhsili sahəsində əməkdaşlığın yaradılması baxımından artıq ilkin addımların atıldığını vurğulayan nazir bununla bağlı namizədlərin seçilməsi, onların qeyd olunan ölkəyə göndərilməsi məqsədilə dil kurslarında təhsil alması barədə qonağa məlumat verib. Misir Mərdanov bu günlərdə bir qrup peşə təhsili mütəxəssisinin Almaniyanın Baden-Vürttenberq Torpağının peşə təhsili sistemi ilə yaxından tanış olması məqsədilə bu ölkədə səfərdə olduqları və qazandıqları təcrübə haqqında danışıb. Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdəki əlaqələrdən bəhs edən qonaq, xüsusilə təhsil sahəsində əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili üzrə ən çox ehtiyac duyulan istiqamətlərdə kadrların hazırlanması, Azərbaycanda dual peşə təhsili sisteminin yaradılması təklifi ilə çıxış edib. Almaniya tərəfinin həyata keçiriləcək işlərdə daim dəstək göstərməyə hazır olduğunu vurğulayan qonaq dual peşə təhsili sisteminin üstünlüklərini sadalayıb. Təhsil naziri Misir Mərdanov Almaniyada peşə təhsili sisteminin inkişaf etdiyini qeyd edərək bu ölkənin təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb. Ölkə Prezidentinin son zamanlar aqrar sahəyə xüsusi diqqətlə yanaşdığını vurğulayan nazir bu gün ölkəmizdə kadrların daha çox kənd təsərrüfatı, tikinti sahələri üzrə təkmilləşdirilməsinin zəruriliyini bildirib, habelə bu istiqamətdə müvafiq qurumlarla birgə iş aparılmasının əhəmiyyətini qeyd edib. Nazir, həmçinin dual peşə təhsili sisteminin Azərbaycanda tətbiq olunması istiqamətində təkliflər irəli sürüb və ötən tədris ilində istifadəyə verilən İsmayıllı Peşə Təhsili Mərkəzinin yaradılmasında Avropa Komissiyası ilə birgə görülmüş işləri diqqətə çatdırıb. Görüşdə peşə təhsili üzrə bir qrup almaniyalı mütəxəssisin bu ilin yayında Azərbaycana səfəri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün əhəmiyyətli olan “Almaniyada kənd təsərrüfatının əsasları” adlı iki kitabın Azərbaycan dilinə tərcümə edilməsi, dual peşə təhsili mərkəzinin yaradılması üzrə layihənin hazırlanması və bununla bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı