SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 5-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən nazir Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluq, qardaşlıq münasibətlərindən söz açıb. İki ölkənin təhsil sahəsində çoxtərəfli və inkişaf etmiş əlaqələrinin mövcudluğunu önə çəkən nazir yaradılmış əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sonra Misir Mərdanov bu günlərdə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna ezam olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyətinin uğurlu səfəri və onların səmərəli təcrübə mübadiləsi apardıqları barədə danışıb. Səfərin dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədi daşıdığını qeyd edən nazir nümayəndə heyətinin keçirdiyi görüşlərin gələcəkdə bu istiqamətdə aparılacaq işlərdə mühüm rolu olacağını diqqətə çatdırıb. Nazir, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin müvafiq qurumlarının dərsliklərin hazırlanması proseduru və onların qiymətləndirilməsi ilə bağlı son 3 il ərzindəki əməkdaşlığından razı qaldığını bildirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun rəhbəri Merdan Tufan səmimi qəbula və münasibətə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərində təhsil sahəsinin xüsusi yeri olduğunu qeyd edən qonaq bu görüşün qarşılıqlı əməkdaşlığa töhfə verəcəyini inamla vurğulayıb. Rəhbəri olduğu qurumun fəaliyyət istiqamətləri, burada çalışan əməkdaşların vəzifələri, müxtəlif fənlər üzrə komissiyalar barədə məlumat verən Merdan Tufan, eyni zamanda birgə işlərin davam etdirilməsi istiqamətində bundan sonra da lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb. Görüşdə o da qeyd olunub ki, Türkiyə Respublikası nümayəndə heyəti ilə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi və bu kimi digər məsələlərlə bağlı müvafiq iş aparılacaq.
08/07/2015 16:52
Fevralın 7-də akademik Zərifə Əliyeva adına orta məktəbə İKT avadanlıqları təqdim olunub.
Bu münasibətlə keçirilən təqdimat mərasimində təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və paytaxtın bir sıra məktəblərinin direktorları iştirak edib. Məlumat üçün qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2008-ci il tarixli Sərəncamına əsasən təsdiq olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq məktəbə 4 noutbuk, 4 proyektor dəsti və 5 elektron lövhə verilib. Məktəbin sinif otaqlarında quraşdırılmış İKT avadanlıq dəstləri vasitəsilə keçirilən dərslərdə iştirak edən nazir şagird və müəllimlərin hazırlıq səviyyəsi, bu avadanlıqlardan necə istifadə etmələri ilə yaxından tanış olub. Misir Mərdanov qeyd edib ki, son illər müasir cəmiyyətdə təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin təmin olunması sahəsində xeyli iş görülüb və müvafiq Dövlət Proqramı çərçivəsində daha bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulub. Nazir əlavə edib ki, həyata keçirilən layihələrdən biri də “Elektron məktəb” layihəsidir və Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə bu layihənin icrasına başlanılıb. Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin də həmin məktəblər sırasında olduğunu diqqətə çatdırıb. Eyni zamanda nazir təhsil müəssisəsində quraşdırılmış İKT avadanlıqlarından müəllim və şagirdlərin səmərəli istifadəsi üçün texniki baxımdan hər cür şərait yaradıldığını vurğulayıb. Onu da qeyd edək ki, hazırda Zərifə Əliyeva adına məktəbdə İKT avadanlıqları ilə bərabər yüksək sürətlə internet və internet bağlantısı vasitəsilə videogörüntünü təmin edən fibrooptik kabel çəkilməkdədir. Bu işlər “Elektron məktəb” layihəsində iştirak edən digər məktəblərdə də həyata keçiriləcək. Həmin məktəblər həm Təhsil Nazirliyi, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə video bağlantılar yaratmaq imkanı əldə edə biləcək. Sonda məktəbin direktoru Məhəbbət Vəliyeva rəhbərlik etdiyi təhsil müəssisəsində aparılan işlər barədə təhsil naziri Misir Mərdanova məlumat verib.
08/07/2015 16:52
Aprelin 6-da Təhsil Nazirliyində “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və onlara olimpiadada uğurlar qazanmağı arzulayıb. “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının keçirilməsinin məqsədini açıqlayan nazir bu olimpiadanın dünyada və Azərbaycanda mövcud olan ekoloji problemlərin həllində, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəslin məlumatlandırılması, ekoloji biliklərin inkişaf etdirilməsində mühüm əhəmiyyəti olacağını qeyd edib. Ölkə Prezidenti cənab İlham Əliyevin önəm verdiyi sahələrdən birinin məhz ekologiya olduğunu qonaqların diqqətinə çatdıran Misir Mərdanov son illər bu prioritet istiqamət üzrə görülmüş işlər barədə danışıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Çağ” Öyrətim İşlətmələri Şirkəti, “İNEPO-AVRASİYA” İctimai Birliyi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Təhsil naziri Azərbaycan məktəblilərinin də bu olimpiadaya maraqlı layihələrlə qatıldığını nəzərə çatdırıb. Nazir, həmçinin ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını və bu il dünyanın 35 ölkəsindən 300-dək iştirakçının biliklərini sınayacağını qeyd edib. Misir Mərdanov olimpiadanın keçirilməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib və bilik yarışının yüksək səviyyədə keçəcəyinə əmin olduğunu vurğulayıb. Daha sonra nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmağı, öz ölkələrinə bu barədə lazımi məlumatlar çatdırmağı tövsiyə edib. Tədbirdə aprelin 8-də açılış mərasimi olacaq olimpiadaya Azərbaycandan daxil olan 193 layihədən 58-nin, digər ölkələrdən təqdim edilən 235 layihədən isə 57-nin seçilməsi barədə məlumat verilib. Eyni zamanda həmin layihələrin münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi qeyd olunub. Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən və “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının Təşkilat Komitəsinin sədri Arif Gömleksiz iştirak edib. Sonda bir sıra ölkələrin nümayəndələri bu görüşdən məmnun olduqlarını vurğulayıb və onlara göstərilən yüksək münasibətdən razı qaldıqlarını bildiriblər.
08/07/2015 16:52
Aprelin 6-da təhsil naziri Misir Mərdanov Almaniyanın Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva-Mariya Aux ilə görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində təşəkkül tapmış əlaqələrdən söhbət açıb, bu əlaqələrin son illər daha da inkişaf etdiyini vurğulayıb. Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasındakı mühazirələrdə bu günədək 45 tələbənin iştirak etdiyini bildirən Eva-Mariya Aux onlardan 12 nəfərin imtahanlardan uğurla keçdiyini nəzərə çatdırıb. Azərbaycan tarixi və mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq cari ilin sentyabrında 15 tələbənin ölkəmizə səfərə göndəriləcəyini söyləyib. Eva-Mariya Aux bu səfərin təşkili məsələlərinə toxunub, habelə tələbələrin Azərbaycanla daha yaxından tanış olmasının əhəmiyyətindən bəhs edib. Doktorantların mübadiləsindən söz açan kafedra müdiri texniki peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikirlərini də bildirib. Humbolt Universitetinin “Azərbaycan tarixi” kafedrasının fəaliyyəti üçün bundan sonra da müvafiq köməkliyin göstəriləcəyini bildirən təhsil naziri Misir Mərdanov cari ilin sentyabrında Azərbaycana gələcək 15 tələbənin müxtəlif regionlara səfərlərinin təşkilini tövsiyə edib. Humbolt Universitetinə Azərbaycandan mühazirəçi müəllimlərin göndəriləcəyini söyləyən nazir kafedranın istər dərslik, istərsə də əlavə tədris vəsaitləri ilə təmin olunacağını vurğulayıb. Texniki peşə təhsili sahəsində də Almaniya ilə əməkdaşlığın genişləndirilməsinin zəruriliyini nəzərə çatdıran Misir Mərdanov müvafiq təkliflərin həyata keçirilməsi baxımından Təhsil Nazirliyinin hərtərəfli dəstək verəcəyini bildirib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib.
Akademik Zərifə Əliyeva adına məktəbdə “Məktəb liderliyinin inkişafı” mövzusunda ikigünlük seminar keçirilib. Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi-Açıq Cəmiyyət İnstitutunun birgə keçirdiyi ikigünlük seminar fevralın 6-dan öz işinə başlayıb. Tədbirdə bir sıra qabaqcıl məktəblərin direktorları iştirak edib. Seminarı Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə açaraq məktəb liderliyinin inkişafı ilə bağlı öz fikir və mülahizələrini iştirakçılarla bölüşüb, məktəb direktorlarının üzərinə düşən vəzifələrə toxunub. Çıxış üçün söz alan ABŞ-ın Cənubi Konnektikut Universitetinin professoru Ketrin Maqno seminarın keçirilməsinin əsas məqsədindən danışıb. Xanım Ketrin məktəb liderliyinin inkişafından, bu sahədə dünya təcrübəsindən söz açıb. Seminarda liderlik nədir, liderlik və idarəetmə, liderliyin növü, liderlik və dəyişiklik, eləcə də digər məsələlər mövzusunda iştirakçılar tərəfindən geniş müzakirələr və fikir mübadiləsi aparılıb. Sonra T.İsmayılov adına “İntellekt” məktəb-liseyin direktoru Ceyran Kuliyeva, Sumqayıt şəhərindəki 11 saylı məktəbin direktoru Ofeliya Babayeva və Bakıdakı 220 saylı məktəbin direktoru Almaz Ələsgərovanın rəhbərlik etdikləri təhsil müəssisələrində gördükləri işlərə həsr olunan təqdimatlar keçirilib. Təqdimatlardan sonra seminar iştirakçıları tərəfindən liderlik yanaşmaları mövzusunda müzakirələr davam etdirilib. Seminarın birinci iş günü iştirakçılara özünü qiymətləndirmənin təhlili mövzusunda tapşırıqlar verilib. Fevralın 7-də seminar öz işini davam etdirib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov belə bir mövzuda keçirilən seminarın aktuallığına toxunub və məktəb direktorları üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil naziri “Məktəb liderliyinin inkişafı” mövzusunda geniş məruzə-təqdimatla çıxış edib. Cəmiyyətin inkişafında təhsilin rolundan söz açan nazir seminar iştirakçılarına ilk öncə son illər bu sahədə ölkəmizdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini bildirən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artığını qeyd edib. Təhsilin maliyyələşdirilməsinin inkişaf dinamikasını əks etdirən cədvəllər, statistik rəqəmlər iştirakçıların diqqətinə çatdırılıb. Ölkədə təhsillə bağlı 14 inkişafyönümlü Dövlət Proqramının həyata keçirildiyini söyləyən nazir bununla bağlı görülən işlər, həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, perspektivlər haqqında ətraflı məlumat verib, təhsilin son illər uğurla inkişaf etdiyini, onun məzmununun getdikcə yeniləşdiyini, keyfiyyət göstəricilərinin artması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nazir çıxışında ölkəmizdə geniş vüsət tapmış məktəb tikintisindən və onların müasir avadınlaqlarla təchiz edilməsindən danışıb, İKT ilə təminatı vəziyyətinə toxunaraq bu istiqamətdə görülən işlərdən söz açıb. Təhsil naziri daha sonra orta ümumtəhsil məktəbləri üçün çap olunan dərsliklərdən, əlavə tədris materiallarından, 2008-2009-cu dərs ilindən etibarən I siniflərdə yeni kurrikulumlarla tədrisə başlanılmasından, şagird nailiyyətlərinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılmasından, bu sahədə tətbiq edilən yeniliklərdən və digər məsələlərdən ətraflı danışıb. Təhsil müəssisələrində əlverişli mühitin yarandığını qeyd edən nazir təhsil işçilərinin üzərinə düşən vəzifələrə toxunub, təhsilin keyfiyyətinə təsir edən amilləri diqqətə çatdırıb. Təhsil müəssisələrinə rəhbərlik edənlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarının, yüksək idarəçilik və hərtərəfli dünyagörüşünə malik olmalarının vacibliyinə toxunan nazir bununla bağlı seminar iştirakçılarına bir sıra tövsiyələr verib. Məruzə-təqdimat başa çatdıqdan sonra nazir Misir Mərdanov seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
08/07/2015 16:52
Aprelin 8-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadənin Təhsil Nazirliyi əməkdaşlarının və təhsildən yazan jurnalistlərin Fransa Respublikasına tədris səfərinə dair təqdimat–məruzəsi dinlənilib.
Səfərin martın 27-dən aprelin 3-dək davam etdiyini bildirən Bayram Hüseynzadə öncə Fransa Respublikası haqqında qısa məlumat verib və bu ölkənin təhsil sisteminin strukturundan söz açıb. Şöbə müdiri qeyd edib ki, Fransada məktəbəqədər təhsil müəssisələri müxtəlif qurumların nəzdində fəaliyyət göstərir. Ölkədə ümumi təhsilin üç pillədən - ibtidai, əsas və tam orta təhsil pillələrindən ibarət olduğunu vurğulayan B.Hüseynzadə peşə təhsilinin 2 il davam etdiyini, ali təhsil pilləsinin isə lisans (3 il), master (2 il) və doktor (3 il) mərhələlərinə bölündüyünü nəzərə çatdırıb. Fransada təhsilin idarəolunması ilə bağlı 2 qurumun - Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin fəaliyyət göstərdiyini bildirən şöbə müdiri büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə hər iki nazirliyin bir neçə struktur bölməsinin ortaq olduğunu deyib. B.Hüseynzadə qeyd edib ki, nazirliklərin departament direktorları nazirlərin təqdimatı əsasında Baş nazir, departamentlərin nəzdindəki şöbələrin rəhbərləri isə hökumətlə razılaşdırıldıqdan sonra müvafiq nazirlər tərəfindən təyin olunur. Ali məktəb rektorlarının (prezidentlərinin) seçki əsasında müəyyənləşdirildiyini söyləyən B.Hüseynzadə Fransada təhsilin idarəolunması üzrə fəaliyyət göstərən 30 Akademiya (yerli təhsil idarəetmə orqanları) rektorunun təyinatının isə ölkə prezidentinin səlahiyyətində olduğunu nəzərə çatdırıb. 2010-cu ildə Fransada dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 60 milyard avro olduğunu qeyd edən şöbə müdiri ölkədə fəaliyyət göstərən 66172 orta ümumtəhsil məktəbində 12 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 852902 müəllimin məşğul olduğunu bildirib və özəl ümumtəhsil məktəblərində çalışan müəllimlərin əmək haqlarının da dövlət tərəfindən ödənildiyini söyləyib. Orta məktəblərdə çalışan müəllimlərin əməkhaqqının onların iş stajına, diplomunun dərəcəsinə və hansı yaşlı uşaqlara dərs deməsinə görə 1500-2300 avro arasında dəyişməsinə diqqət çəkən B.Hüseynzadə tam orta təhsilin sonunda məzunlara verilən bakalavriat diplomu (attestat) ilə ali məktəblərə imtahansız qəbul olunmağın mümkünlüyü barədə məlumat verib. 83 universitetin, 215 ali mühəndislik, 220 ali ticarət, idarəetmə və maliyyə institutunun fəaliyyət göstərdiyi Fransanın dövlət ali məktəblərində təhsilin pulsuz olduğunu vurğulayan şöbə müdiri özəl ali məktəblərdə təhsil haqqının 9000-30000 avro arasında dəyişdiyini bildirib. B.Hüseynzadə Fransada iqtisadiyyat, kompüter mühəndisliyi və mühəndislik ixtisaslarına daha çox üstünlük verildiyini qeyd edib. B.Hüseynzadə Fransanın təhsili idarəetmə orqanlarının KİV-lə qarşılıqlı əməkdaşlıq təcrübəsinin öyrənilməsi məqsədi ilə reallaşdırılan səfər çərçivəsində keçirilən görüşlər haqqında ətraflı məlumat verib. Şöbə müdiri, daha sonra Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin Xarici nümayəndə heyətlərinin qəbulu şöbəsində, Təhsil, Gənclər və Assosiativ Həyat Nazirliyinin, Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyinin Qiymətləndirmə, Planlaşdırma və Səmərəliliyin Təhlili İdarəsində, Kommunikasiya İdarəsində, “Le Monde” qəzetinin redaksiyasında, TV5 Monde telekanalında və Paris Təhsil İdarəsi Regional Pedaqoji Sənəd Mərkəzində aparılan müzakirələrdən söhbət açıb. Qarşılıqlı təcrübə mübadiləsi baxımından səfərin üstün cəhətlərindən bəhs edən B.Hüseynzadə, sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb. İctimai Televiziyanın Gənclər, elm və təhsil departamentinin direktoru Cəsarət Valehov Fransa səfərində iştirak etmiş jurnalistlər adından minnətdarlığını bildirib və səfər təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
08/07/2015 16:52
Aprelin 11-də Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Respublika müsabiqəsinə başlanılıb.
Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir. Müsabiqədə iştirak üçün www.musabiqe.edu.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək və buradan ətraflı məlumat almaq mümkündür. “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunan müsabiqə üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından istifadənin əhəmiyyətini önə çəkmək, bununla bağlı təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Qeyd edək ki, “Təhsildə internet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları, bloqlar və digər internet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə internet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqdır. “Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron resursların tədris prosesində əməli tətbiqinə dair metodiki materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyən olunacaq. İki mərhələdə keçiriləcək səsvermədə qaliblər peşəkarlardan və mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən müəyyənləşdiriləcək. Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq. Məlumat üçün bildiririk ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqəyə 810 layihə təqdim edilib və qaliblər isə 89 nominant arasından seçilib.
08/07/2015 16:52
Sentyabrın 14-də təhsil naziri Misir Mərdanov Dünya Bankının Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin tapşırıq qrupunun rəhbəri Elizabet Vanq ilə görüşüb.
Qonaqları salamlayan nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasındakı əməkdaşlığın səmərəli nəticələr verdiyini, indiyə qədər imzalanan layihələrin nəzərdə tutulan qrafik üzrə uğurla reallaşdırıldığını qeyd edib. Misir Mərdanov artıq imzalanmaq ərəfəsində olan Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin gerçəkləşdirilməsi üçün həyata keçiriləcək zəruri tədbirlərə toxunub, müvafiq məsələlərlə bağlı fikirlərini bildirib. Aparılan danışıqların uğurla başa çatdığını, Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin Dünya Bankının Direktorlar Şurası tərəfindən iyun ayının sonlarında təsdiq edildiyini bildirən Elizabet Vanq layihənin başlanması ilə əlaqədar seminar keçirməyi planlaşdırdıqlarını nəzərə çatdırıb. Layihə çərçivəsində görüləcək işlərdən söhbət açan qonaq qarşıdakı müddət üçün kifayət qədər zəngin tədbirlər proqramının olmasına baxmayaraq nəticənin uğurlu olacağına əminliyini ifadə edib.
08/07/2015 16:52
Aprelin 11-də Masallı rayonundakı 4 nömrəli Digah tam orta məktəbində “Müasir dövrdə innovativ təhsil ideyalarının tətbiqi təcrübəsindən” mövzusunda zona elmi-praktik konfransı keçirilib.
Konfransda təhsil naziri Misir Mərdanov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun rəsmiləri, Masallı, Lənkəran, Astara, Lerik, Salyan, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının təhsil şöbələrinin işçiləri iştirak edib. Öncə qonaqlar məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib. Təhsil naziri Misir Mərdanov yeni istifadəyə verilən Digah tam orta məktəbinin idman zalı, kitabxana və sinif otaqları ilə tanış olub. Açıq dərslərdə iştirak edən nazir həm uşaqların, həm də müəllimlərin bilik səviyyəsindən razı qaldığını bildirib. Elmi-praktik konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizin təhsil sistemində həyata keçirilən islahatlardan, son zamanlar xeyli sayda yeni məktəb binasının tikilərək istifadəyə verilməsindən və bütün ümumtəhsil müəssisələrinin ən zəruri avadanlıqlarla, o cümlədən kompüter texnologiyaları ilə təchiz olunmasından bəhs edib. Qeyd edilib ki, təhsil sahəsində aparılan islahatlar artıq öz bəhrəsini verməkdədir. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara və müvafiq göstərişlərinə əsasən hazırda ölkə üzrə qəza vəziyyətində olan 525 məktəb 2013-cü ilə kimi təmir olunaraq müasir tələblər səviyyəsinə çatdırılacaq. Son illər yeni kurikulumun tətbiqi məsələlərindən söz açan Misir Mərdanov mövcud istiqamətdə görülən işlərin davamlı olacağını və onun səmərəliliyini nəzərə çatdırıb. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, rəhbərlik etdiyi rayonda təhsil sahəsində qazanılan uğurlardan danışıb. Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Ali təhsil müəssisələrində mövcud olan istedad potensialının müəyyənləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edən Tələbələrin ХVI Respublika fənn olimpiadasının keçirilməsinə start verilib.
Olimpiadanın I turu 2011-ci ilin 5-30 aprel tarixlərində ali təhsil müəssisələrində, II turu isə cari ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcəkdir. Qeyd edək ki, riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dili fənlərini əhatə edən olimpiada qaliblərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən diplomlar, hədiyyələr və pul mükafatları veriləcəkdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı