SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Martın 16-da Bakının Nəsimi rayonundakı 76 nömrəli və Xətai rayonundakı 288 nömrəli körpələr evi-uşaq bağçalarının əsaslı təmirdən sonra açılış mərasimi olub.
İlk öncə Nəsimi rayonundakı 76 nömrəli körpələr evi-uşaq bağçasında olan təhsil naziri Misir Mərdanov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və digər rəsmi şəxslər bağçanın musiqi, məktəbə hazırlıq, yataq, kompüter otaqlarına baxıb, görülmüş işlərdən razılıqlarını ifadə ediblər. Təhsil naziri Misir Mərdanov bağçanın açılışı münasibətilə tədris ocağının pedaqoji kollektivini, uşaqları və valideynləri təbrik edib. Azərbaycan təhsilinin inkişaf yolundan söz açan nazir həyata keçirilən bütün bu quruculuq işlərinin ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olduğunu bildirib. Daha sonra Xətai rayonundakı 288 nömrəli körpələr evi-uşaq bağçasına gələn təhsil naziri Misir Mərdanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini İslamxan Əliyev və digər qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olub, bağçanın əsaslı təmirində zəhməti olanların əməyini yüksək qiymətləndiriblər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin fevral ayında 2107 müraciət daxil olub.
Müraciətlərin 1881-i telefonla, 226-sı elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən müraciətlər aidiyyəti qurumlara göndərilib, müvafiq araşdırmalar aparılıb, ünvanlı müraciətlər yazılı şəkildə cavablandırılıb. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğular ümumtəhsil məktəblərində IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının, Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, keçirilməsi və xaricdə təhsillə bağlı olub. Digər sorğular müəllimlərin dərs yükü ilə təmin olunması və əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması və sair məsələlərlə bağlıdır. Müraciətlərin bir qismində məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Həmin müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. “Qaynar xətt” xidmətinə daxil olan şikayət xarakterli müraciətlər 10 faizdən çox olub. Bu müraciətlərin böyük əksəriyyəti Bakının ümumtəhsil məktəblərindən (75 müraciət), Abşeron (15 müraciət), Lerik (8 müraciət), Ağdaş (7 müraciət), Ağdam, Quba, Bərdə (hər birindən 5 müraciət), Gədəbəy, Ağcabədi, Sabirabad, Cəlilabad, Neftçala, Qusar (hər birindən 3 müraciət), Yardımlı, Laçın, Zaqatala (hər birindən 2 müraciət), Qəbələ, Şabran, Şəki, Ağsu, Daşkəsən, Yevlax, Qax, Biləsuvar, Salyan, Siyəzən, Xaçmaz, Göyçay, Göygöl, Şamaxı, Beyləqan, İsmayıllı, Ağstafa, Lənkəran rayonlarından (hər birindən 1 müraciət), Sumqayıt, Gəncə (hər birindən 3 müraciət) və Mingəçevir şəhərlərindən (1 müraciət) daxil olub. Beləliklə, ümumtəhsil məktəbləri barədə qeydə alınmış 173 müraciət araşdırmaya yönəldilib. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sistemlərinin fasilələrlə işləməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri, və digər məsələlər öz əksini tapıb. Məktəbəqədər təhsil müəssisələri ilə bağlı daxil olan 8 müraciətdə uşaqların bu müəssisələrə qəbulu, sanitar-gigiyenik qaydaların pozulması, yeməklərin müvafiq normalara uyğun olmaması və digər nöqsanlardan bəhs olunur. Bu müraciətlər də araşdırılıb və müvafiq tədbirlər görülüb. Ali təhsil müəssisələri ilə əlaqədar daxil olan 34 şikayət xarakterli müraciətin 11-i dövlət, 23-ü isə özəl tədris ocaqları ilə bağlıdır. Bu müraciətlər dövlət ali təhsil müəssisələrində və dövlət sifarişi üzrə özəl məktəblərdə təhsil alan tələbələrin təqaüdlərinin gecikdirilməsi və yaxud düzgün hesablanmaması, təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə əlaqədar apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin bir neçə gün ləngiməsi və digər məsələləri əhatə edir. Özəl ali təhsil müəssisələri ilə əlaqədar daxil olan müraciətlərin böyük əksəriyyəti fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. 20-dən çox şikayət xarakterli müraciətdə bu məsələdən bəhs olunur. Kolleclərdən daxil olmuş 4 müraciət müəllimin işinin öhdəsindən gələ bilməməsi, özəl orta ixtisas məktəbindən təhsil sənədinin verilməsinə kömək göstərilməsi və digər məsələlərlə bağlı olub. Həmin müraciətlərə də baxılıb və müvafiq qaydada cavablandırılıb. Fevral ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə uyğun olaraq Ağcəbədi rayonu Qiyamadinli kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomlarının saxta olduğu müəyyənləşdirilib, sənədlər müvafiq qaydada tədbir görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Həmin müəllimlər tutduqları vəzifədən azad ediliblər. Eləcə də Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
08/07/2015 16:52
Martın 18-də cari ilin yanvar və fevral aylarında Təhsil Nazirliyinə daxil olmuş müraciətlərə baxılması vəziyyəti ilə bağlı iclas keçirilib.
İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, “Qaynar xətt” xidmətinə cari ilin yanvarında 910, fevralında 2107 olmaqla, ümumilikdə 3017 müraciət qəbul edilib. Telefonla 2670, elektron poçt vasitəsilə 347 müraciətin daxil olduğunu söyləyən nazir qeyd edib ki, bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Təhsil naziri ümumtəhsil məktəblərində IX və XI siniflərdə keçirilən mərkəzləşdirilmiş yoxlama imtahanları, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi, Respublika fənn olimpiadalarının, Beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin təşkili, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi, özəl ali təhsil məktəblərində dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması, təhsil müəssisələrində adambaşına maliyyələşməyə keçilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü ilə təmin olunması, əmək haqqının hesablanması, təhsil sənədlərinin tanınması və digər məsələlərlə bağlı müraciətlərin çoxluq təşkil etdiyini, həmin müraciətlərin 90 faizinin müxtəlif sorğulardan ibarət olduğunu vurğulayıb. Ümumi müraciətlərin 10 faizinin şikayət xarakterli olduğunu bildirən Misir Mərdanov bu müraciətlərdə məktəbəqədər, ümumi, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrində baş verən müxtəlif problemlərdən bəhs edildiyi haqda məlumat verib. Nazir qış imtahan sessiyası dövründə ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı qəbul edilmiş 200-dən çox müraciətin 69-da şikayət və nöqsanlardan bəhs olunduğunu vurğulayıb. İmtahan sessiyasının gedişi ilə əlaqədar Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Tibb, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Azərbaycan Dillər, Sumqayıt Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələrin daha çox apelyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş etdiklərini nəzərə çatdıran Misir Mərdanov bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq şöbə əməkdaşlarının ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar apardıqlarını və tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə əsasən obyektiv qiymətləndirildiyini bildirib. Təhsil naziri özəl ali təhsil müəssisələrindən daxil olmuş müraciətlərin isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti, Bakı Biznes Universiteti və Qafqaz Universiteti ilə bağlı olduğunu söyləyib. Nazir bu müraciətlərdə imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali təhsil müəssisəsində təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranmış problemlərlə əlaqədar şikayətlərin öz əksini tapdığını qeyd edib. Misir Mərdanov orta ixtisas təhsili müəssisələri ilə əlaqədar Bakı Dövlət Sosial-İqtisadi, Bakı Dövlət Rabitə və Nəqliyyat, Ağcabədi Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərindən daxil olmuş müraciətlərdə imtahan qiymətlərindən narazılıq, tələbələrin imtahanlara buraxılmaması və digər məsələlərin əks olunduğunu diqqətə çatdırıb. Fevral ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılmasının nəticələrinə toxunan nazir bildirib ki, Ağcabədi rayonu Qiyamadınlı kənd tam orta məktəbinin müəllimi N.Qəmbərovanın və Ağdaş rayonu Abad kənd tam orta məktəbinin müəllimi A.Əmrahovanın diplomları saxta olduğu üçün onlar tutduqları vəzifədən azad edilib, müvafiq sənədlər Respublika Baş Prokurorluğuna göndərilib. Misir Mərdanov onu da deyib ki, Bakı şəhərindəki 37 nömrəli məktəbin direktor müavini N.Əliyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət, həmin məktəbin direktoru İ.Əliyevə xəbərdarlıq, 153 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ş.Musayevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Eləcə də 2011-ci ilin ilk iki ayı ərzində Təhsil Nazirliyinə daxil olmuş məktub və ərizələrə ayrı-ayrı şöbələrdə baxılması ilə əlaqədar göstəriciləri nəzərə çatdıran nazir müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, müvafiq tövsiyələrini verib. İclasda, daha sonra təhsil nazirinin müavini Elmar Qasımov ötən ilin 5-6 dekabr tarixində Azərbaycanın Fransadakı səfirliyində və London şəhərində bu ölkələrin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə dövlət rəsmilərinin keçirdiyi görüşlər, 2011-ci ilin 11-12 mart tarixində Fransanın Strasburq şəhərində təşkil edilmiş Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) barədə təqdimat-məruzə edib. Belə tədbirlərin əhəmiyyətinə toxunan nazir müavini bildirib ki, görüşlərdə azərbaycanlı tələbələri düşündürən problemlər ətrafında fikir mübadiləsi aparılıb, diaspor işinin daha səmərəli təşkili məsələlərindən söhbət açılıb. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumuna dünyanın 30-a yaxın ölkəsində təhsil alan 400 azərbaycanlı tələbənin qatıldığını nəzərə çatdıran E.Qasımov forumun bölmə iclaslarında tələbələri maraqlandıran bir sıra məsələlərin açıq müzakirə olunduğu və problemlərin həlli ilə bağlı müvafiq təkliflərin irəli sürüldüyü haqda məlumat verib.
08/07/2015 16:52
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair beşillik dövrü əhatə edən (2005-2009-cu illər) İnkişaf Proqramı bu il başa çatır.
Proqram çərçivəsində indiyədək yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə 506 məktəb Təhsil Nazirliyi tərəfindən müasir avadanlıqlarla təmin olunub. Təkcə ötən ildə 180 məktəbə şagird masası, yazı lövhəsi, müəllim stolu və stulları verilib. Bu il daha 200 məktəbin müasir avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Martın 29-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə görüşüb.
Öncə təhsil naziri qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. Səfir Metyu Brayzanı Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən nazir Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda təhsil sahəsinin də mühüm rolu olduğunu bildirib. Təhsil naziri Misir Mərdanov son illər ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin inkişafı istiqamətində mühüm addımların atıldığını xüsusi qeyd edib. Daha sonra Misir Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli təhsil əlaqələrinin müsbət nəticələrindən danışıb, bir sıra təhsil və mübadilə proqramları çərçivəsində görülən işləri diqqətə çatdırıb. Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir Metyu Brayza ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafı baxımından lazımi səy göstərəcəyini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar barədə məlumatlı olduğunu nəzərə çatdıran səfir öncə müvafiq mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ universitetlərində təhsili və bununla bağlı birgə işlərin aparılmasından söz açıb. Səfir Heydər Əliyev Fondunun iki ölkənin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi istiqamətində atdığı mühüm addımları da vurğulayıb. Metyu Brayza, həmçinin ölkəmizin regionlarında qızların peşə təhsilinə cəlb olunması təklifi ilə çıxış edib. Səfirin qeyd etdiyi məsələlərə münasibətini bildirən nazir ABŞ universitetlərində təhsil almış azərbaycanlı məzunların ölkəmizin ali məktəblərində akademik və elmi tədqiqata başlaması istiqamətində birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Sonda ikitərəfli əməkdaşlığın inkişafı baxımından belə görüşlərin əhəmiyyətindən bəhs olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Ölkəmizin ümumtəhsil sistemində tətbiq olunan mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları 2008-2009-cu dərs ilindən bütün ölkəni əhatə edəcək.
Orta məktəblərin XI (XII) sinif şagirdləri ilə yanaşı, peşə liseylərində məzun olmağa hazırlaşanlar da buraxılış imtahanlarını yeni qayda ilə verəcəklər. Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə bu ilin fevral-aprel aylarında mərkəzləşdirilmiş qaydada 1 yoxlama-sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Yoxlama imtahanlarının peşə liseylərində ayrıca, ümumtəhsil məktəblərində isə bölgələr üzrə mərhələlərlə keçirilməsi planlaşdırılıb. Ölkə üzrə 5 bölgə müəyyənləşdirilib. Bunlar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, şimal, şimal-qərb, qərb və cənub bölgələridir. Mərkəzləşdirilmiş qaydada ilk yoxlama imtahanı fevralın 22-də olacaq. Həmin gün peşə liseylərinin şagirdləri öz biliklərini sınayacaqlar. Peşə liseyləri üzrə yoxlama imtahanları üçün 29 mərkəz yaradılıb. Onların 7-si Bakıda, 22-si isə ölkənin digər şəhər və rayonlarında yerləşir. Bölgələr üzrə yoxlama imtahanlarına isə mart ayından başlanacaq. Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonu məktəblərinin bu sahədə artıq ikiillik təcrübəsinin olması nəzərə alınaraq ilk imtahan martın 1-də məhz bu bölgə üzrə keçiriləcək. Sonra şimal bölgəsinə daxil olan rayonların ümumtəhsil məktəblərinin XI sinif şagirdləri sınaq imtahanlarına qatılacaqlar. Bu bölgə üzrə yoxlama imtahanı martın 15-də aparılacaq. İmtahanlar ardıcıl olaraq şimal-qərb, qərb və cənub zonalarının rayonlarında keçiriləcək.
08/07/2015 16:52
Martın 30-da Təhsil Nazirliyində nazirliyin bir neçə struktur bölmə rəhbərinin təqdimat-məruzəsi dinlənilib.
Öncə Təhsil Nazirliyinin Hüquq sektorunun müdiri Elmir Həsənov ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi” mövzusunda təqdimat edib. E.Həsənov müvafiq qanuna uyğun olaraq hazırlanmış bir çox sənədin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirib və qeyd edib ki, daha 5 sənəd isə təsdiq olunma mərhələsindədir. Sektor müdiri ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Təhsil Nazirliyinin Əsasnaməsinə edilən əlavə və dəyişikliklər barədə məlumat verib. Həmin dəyişiklərin hər biri haqqında danışan E.Həsənov, eyni zamanda 21 dekabr 2010-cu il tarixdə təsdiq olunmuş “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan da bəhs edib. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı 13-19 fevral 2011-ci il tarixlərində 16 nəfərdən ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri barədə təqdimat-məruzə ilə çıxış edib. Nümayəndə heyətinin tərkibindən söz açan F.Şahbazlı bildirib ki, dərsliklərin qiymətləndirilməsi təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunda olublar. Təlim-Tərbiyə Kurulunun əsas fəaliyyət istiqamətləri, keçirilmiş görüşlər barədə məlumat verən şöbə müdiri daha sonra nümayəndə heyəti üzvlərinin ixtisaslarına uyğun olaraq müvafiq komissiyalar üzrə bölünməklə iş apardıqlarını vurğulayıb. F.Şahbazlı Türkiyədə olduqları müddətdə dərslik komplektlərinin hazırlanma proseduru, onların qiymətləndirilməsi, qiymətləndirmə üçün daxil olmuş kitabların kodlaşdırılması və bu kimi digər məsələlər üzrə zəngin təcrübə qazandıqlarını nəzərə çatdırıb. Ümumtəhsil məktəblərinin III sinifləri üçün hazırlanmış bir neçə dərslik komplektinin rəy bildirilməsi məqsədilə Təlim-Tərbiyə Kuruluna təqdim edildiyini açıqlayan şöbə müdiri bu kitablar haqqında müsbət fikirlər söylənildiyini, eləcə də bir sıra qeydlərin vurğulandığını deyib. F.Şahbazlı səfər çərçivəsində Türkiyədə müəllim və şagirdlərlə keçirilmiş görüşlər, aparılmış təcrübə mübadiləsi haqda məlumat verib. Səfərin sonunda heyət üzvlərinin hər birinə sertifikat verildiyini bildirən şöbə müdiri görülən işlərin davamlılığı və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından Təlim-Tərbiyə Kurulunun bir qrup əməkdaşının cari ilin aprelində ölkəmizə səfər edəcəyini nəzərə çatdırıb. Tədbirdə Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bu günlərdə Almaniya Federativ Respublikasına etdikləri səfər çərçivəsində keçirilmiş görüşlər və əldə olunmuş təcrübədən danışıb. “Almaniya Federativ Respublikası Baden-Vürttenberq Torpağının peşə təhsili sisteminin strukturu” mövzusunda təqdimat edən N.Məmmədov bu torpaq haqqında ümumi məlumat verib, burada peşə hazırlığı istiqamətində görülən işləri, dual peşə təhsili sisteminin mövcudluğunu və onun əsas məqsədlərini diqqətə çatdırıb. N.Məmmədov səfərin yekunu olaraq rəhbərlik etdiyi sahə üzrə bir sıra təkliflər irəli sürüb. Təhsil naziri Misir Mərdanov hər üç təqdimatda qeyd olunan məsələlər barədə fikirlərini bildirib və görülmüş işlərin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
08/07/2015 16:52
Aprelin 1-də Qubada “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuş konfransda Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, eləcə də “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Mədəd, Azedunet və Ultra şirkətlərinin nümayəndələri iştirak ediblər. Konfransa, həmçinin Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində əldə olunmuş müsbət təcrübəni bölüşmək üçün Bakıdakı məktəblərdə çalışan İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də qatılıblar. Konfransın açılış mərasimində çıxış edən Quba rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov təhsilin həyatımızdakı vacib rolunu və müasir texnologiyaların tətbiqi vasitəsi ilə tədrisin daha yüksək səviyyədə təşkilinin mümkünlüyünü vurğulayıb. Onun sözlərinə görə, Quba rayonunda təhsildə İKT-nin tətbiqinə xüsusi diqqət yetirilir. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramının komponentləri və bu sahədə görülmüş işlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu istiqamətdə həyata keçirilən çoxşaxəli tədbirlər təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə yönəlib. Reallaşdırılan tədbirlərin məhz kadr potensialının inkişafına xidmət etdiyini bildirən S.Məmmədov ölkəmizdə təhsil sisteminin informasiyalaşdırılması məsələsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. S.Məmmədov müasir texnologiyaların tədris prosesində tətbiqi ilə bağlı məlumatların təhsil işçilərinə daha dolğun çatdırılması üçün digər regionlarda da belə konfransların keçiriləcəyini nəzərə çatdırıb. “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edən “Mədəd” təşkilatının direktoru Elbrus Zərbəliyev Dövlət Proqramı çərçivəsində müəllimlərin cəlb olunduğu təlimlərə toxunub. E.Zərbəliyev Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və 33 rayon üzrə 100-ə yaxın təlim mərkəzinin yaradıldığını bildirib. O, 250 təlimçinin apardığı bu təlimlərdə 55980 pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçildiyini qeyd edib. Konfrans çərçivəsində “İnternet tədris vəsaiti kimi”, “Təhsildə elektron resurslar”, “Elektron təhsil resursların yaradılması”, “Elektron məktəb layihəsi”, “Tədrisdə baş verən dəyişikliklər və öyrənmə imkanları” mövzularında seminarlar keçirilib.
08/07/2015 16:52
Aprelin 2-də təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyinin tabeliyindəki «Zəngi» liseyində bu tədris ocağının Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (AMVMA) icraçı direktoru Təranə Şərifova, AMVMA-nın İdarə Heyətinin üzvləri iştirak ediblər. Nazir öncə liseylə tanış olub, burada yaradılmış təhsil mühiti ilə maraqlanıb. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq AMVMA-nın İdarə Heyətinin üzvləri, valideynlərlə görüşlərin mütəmadi xarakter aldığını bildirib. «Zəngi» liseyinin direktoru Bayram Heydərov tədris ocağının fəaliyyəti haqqında geniş təqdimat edib. Təqdimatına liseyin tarixinə dair qısa arayışla başlayan direktor əldə edilən uğurlardan danışıb. B.Heydərov hər il «Zəngi» liseyini bitirən gənclərin əksər hissəsinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazandığını vurğulayıb, eyni zamanda əlavə edib ki, 2004-cü ildə qəbul imtahanlarında yüksək bal topladığına görə Prezident təqaüdünə layiq görülmüş 25 tələbədən 5-i, 2005-ci ildə isə 4-ü «Zəngi» liseyinin məzunudur. Direktor liseydə yaradılmış təhsil şəraitindən, tədris ocağının iştirak etdiyi pilot layihələrdən söz açıb, təhsilin idarəedilməsi, tərbiyəvi işlərin aparılması ilə bağlı bəzi mülahizə və təkliflərini söyləyib. Sonra liseydə hazırlanmış elektron dərs cədvəli haqqında cədvəlin tərtibçisi, «Zəngi» liseyinin Valideyn-Müəllim Assosiasiyası (VMA) İdarə Heyətinin üzvü, «Azsoft» şirkətinin rəhbəri Elman Məcidovun təqdimatı dinlənilib. E.Məcidov elektron dərs cədvəli hazırlanarkən nəzərə alınması vacib olan amillərdən danışıb, layihənin icrası zamanı müvafiq tələblərin, müəllimlərin arzu və istəklərinin diqqətdə saxlanıldığını bildirib. «Zəngi» liseyi VMA-nın prezidenti, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tədbirdə assosiasiyanın fəaliyyəti barədə təqdimatla çıxış edib. Təhsil ocaqlarında VMA-ların yaradılmasının əhəmiyyətindən danışan V.Rəhimzadə məktəblərin idarə olunmasında, təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində, valideynlərin təhsil müəssisələrinin işinə daha yaxından cəlb olunmasında bu qurumların böyük rol oynadığını bildirib. «Zəngi» liseyi VMA-nın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ərəstun Mehdiyev ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımları yüksək dəyərləndirib. Ə.Mehdiyev valideyn-məktəbə əlaqələrinin möhkəmləndirilməsi barədə fikirlərini bildirib, şagirdlərin tədrisə marağının daha da artırılması üçün zəruri hesab etdiyi bir sıra məsələlərə toxunub. Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova VMA-ya göstərdiyi diqqət və qayğıya, irəli sürülən təkliflərə sayğı ilə yanaşdığına, vaxtaşırı qurumun İdarə Heyətinin üzvləri ilə görüşdüyünə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Hazırda ölkə üzrə təxminən 1500 məktəbdə VMA-nın fəaliyyət göstərdiyini diqqətə çatdıran icraçı direktor bu qurumların öz nizamnamə vəzifələrini uğurla yerinə yetirdiyini, onların fəaliyyəti nəticəsində son illər məktəblərin valideynlərlə əlaqəsinin, müəllim-valideyn əməkdaşlığının daha da gücləndiyini bildirib. T.Şərifova «Zəngi» liseyi VMA-nın fəaliyyətini xüsusilə yüksək qiymətləndirib və qurumun müsbət təcrübəsinin digər məktəblərin VMA-ları üçün örnək olduğunu vurğulayıb. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbirdə çıxış edərək VMA üzvləri ilə növbəti görüş üçün onların rayonundakı təhsil ocağını seçdiyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirib. Nizami rayonunun təhsil sahəsindəki uğurlarından söz açan T.Budaqov ötən il ali məktəblərə qəbul zamanı yüksək bal topladıqlarına görə Prezident təqaüdünə layiq görülmüş 111 tələbədən 11-nin Nizami rayonunu təmsil etdiyini və bu uğurların qazanılmasında «Zəngi» liseyinin mühüm rolu olduğunu vurğulayıb. Təhsil naziri Misir Mərdanov belə görüşlərin faydalı olduğunu, liseydə gördüklərindən məmnun qaldığını bildirib. Təhsil naziri liseyin Valideyn Müəllim Assosiasiyasının fəaliyyətini müsbət qiymətləndirib, qurumun işinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Misir Mərdanov liseydə müasir tələblərə cavab verən akt və idman zallarının tikilməsinin, eyni zamanda istilik sisteminin qaydaya salınmasının vacibliyini vurğulayıb. Gələn il liseyin fəaliyyətinin 20 ilinin tamam olacağını söyləyən təhsil naziri bununla bağlı təntənəli tədbir keçirilməsini, liseyin fəaliyyəti haqqında kitab hazırlanmasını tövsiyə edib, tədris ocağının kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşün sonunda iştirakçılar liseyin xor kollektivinin çıxışlarını dinləyiblər. «Azsoft» şirkətinin köməyi ilə İKT üzrə liseydə təşkil olunmuş «Biləyən» kursunun ilk məzunlarına sertifikatlar və hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
Aprelin 5-də təhsil naziri Misir Mərdanov “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirən nazir Azərbaycanda tədris ocaqlarının kompüter texnologiyaları ilə təminatı məsələsinə xüsusi diqqət yetirildiyini, məktəblərin internetə çıxış imkanlarının artdığını və daxili şəbəkələrin internet təhlükəsizliyinin qorunması üçün antivirus proqramlarından istifadə edildiyini nəzərə çatdırıb. Rəhbərlik etdiyi qurumun internet təhlükəsizliyi texnologiyaları üzrə ixtisaslaşdığını qeyd edən “Kasperski Laboratoriya” antivirus kompaniyasının baş direktoru Yevgeni Kasperski kompüter viruslarına qarşı lisenziyalı müdafiənin üstünlükləri haqqında fikirlərini söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri layihələrdən söz açan qonaq “Kasperski Laboratoriya”nın təqdim etdiyi xidmət növləri barədə ətraflı məlumat verib və Azərbaycanda ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayıb. “Kasperski Laboratoriya” antivirus kompaniyasının göstərdiyi xidmətlərin maraq doğurduğunu qeyd edən Misir Mərdanov Təhsil Nazirliyinin İKT üzrə müvafiq mütəxəssisləri ilə müzakirələr aparılmasının gələcək əməkdaşlığa müsbət təsir göstərəcəyinə inandığını bildirib. Azərbaycanda məktəblərin internet şəbəkələrinin təhlükəsizliyinin daha etibarlı təmin olunmasının vacibliyini vurğulayan nazir ölkəmizin orta məktəblərində bu baxımdan görülmüş işlər haqqında da məlumat verib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı